Category: Ordu

  • Helikopterlər havaya qalxdı: Şərti düşmən hədəflərinin məhvedilmə görüntüləri – VİDEO

    Cari ilin hazırlıq planına əsasən, Hərbi Hava Qüvvələrinin (HHQ) helikopter bölmələri ilə döyüş atışlı təlim keçirilib.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Uçuşdan əvvəl tapşırıqlar xəritə üzərində dəqiqləşdirilib, hədəf hesabatı aparılıb və şəxsi heyətə təhlükəsizlik qaydaları çatdırılıb.

    Plana uyğun olaraq, helikopter bölmələri qrup şəklində bazalanma aerodromundan uçuşlar edərək poliqonda şərti düşmənin yerüstü hədəflərinin məhv edilməsi üzrə tapşırıqları yerinə yetiriblər.

    Helikopter ekipajlarının döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədi ilə keçirilən təlimdə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.

  • Prezident İlham Əliyev: Cənubi Qafqazda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır

    Bütün Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır.

    APA xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə mətbuata bəyanatında səsləndirib.

    Dövlət başçısı bildirib: “…Məhdud tərkibdə görüşdə regional təhlükəsizliklə bağlı məsələləri geniş müzakirə etdik. Ötən ilin sentyabrından sonra regionda tamamilə yeni şərait yaranıb. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam şəkildə bərpa edib. Təbii ki, yeni şərait Cənubi Qafqazda möhkəm və uzunmüddətli sülhün bərqərar olması üçün yeni imkanlar açır. Bütün Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır”.

  • Ermənistanın hərbi təcavüzü nəticəsində itkin düşən vətəndaşlarımızın yeni sayı açıqlandı

    Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində itkin düşən vətəndaşlarımızın yeni sayı açıqlanıb.

    Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

    Bildirilib ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 3 967 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb.

    Onlardan 3 959 nəfəri birinci Qarabağ müharibəsində, 8 nəfər isə Vətən müharibəsi və sonrakı dövrdə itkin düşmüş şəxslərdir. Vətən müharibəsi və sonrakı dövrdə itkin düşmüş 8 nəfərdən 2-nin şəxsiyyəti eyniləşdirilib.

    Hazırda Vətən müharibəsində itkin düşənlərin sayı 6 nəfərdir.

    I Qarabağ müharibəsində itkin düşən 3 959 nəfərdən 3 193 nəfəri hərbçi, 766 nəfər (69 uşaq, 283 qadın, 334 qoca) mülki şəxsdir. İtkin düşən şəxslərdən 3 676 nəfər kişi, 283 nəfər isə qadındır.

    Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 151 nəfər itkin şəhidin şəxsiyyəti müəyyən edilib.

  • Azərbaycan Ordusu erməni kəşfiyyatının qarşısını aldı

    Avqustun 19-da saat 09:50-də Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter Gorus rayonunun Brun yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun üzbəüz mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb

    Bölmələrimizin sayıqlığı nəticəsində aşkar olunan pilotsuz uçuş aparatının fəaliyyətinə xüsusi texniki vasitələrlə müdaxilə edilib və ərazidən uzaqlaşdırılıb.

  • Kəlbəcərdə mövqelərimiz atəşə tutuldu

    Avqustun 18-i saat 23:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb

    Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

  • Naxçıvan istiqamətində mövqelərimiz növbəti dəfə atəşə tutulub

    Avqustun 16-sı saat 3:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

    Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

    Qeyd olunub ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

    Xatırladaq ki, avqustun 15-i saat 18:10-da Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Gənzə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atıcı silahlardan atəşə tutulmuşdu.

  • Kanalda axtarışları davam edən qazinin- FOTOsu

    Xəbər verdiyimiz kimi, Samur- Abşeron kanalının “Şəfəq” qəsəbəsindən keçən hissəsində avtomobil kanala düşüb, sürücü isə tapılmır.

    Median.Az “Xəzər TV”yə istinadən xəbər verir ki, avtomobilin sürücüsü Abusət Əliyev Vətən müharibəsi qazisidir.

    Qonşuların sözlərinə görə, o, maşını iki gün öncə alıb.

    Kanalda axtarışları davam edən qazinin fotosunu təqdim edirik:

  • Arazdəyən və Kərki ətrafı boşaldılır: Hərbçilərimiz bu nöqtələri tutacaq

    Zəngəzur istiqamətində Ermənistan sərhədindən rus hərbçilərinin çıxarılması müşahidə edilir. Görünən odur ki, rus hərbçilərini Ermənistandakı Zvartnots hava limanından sonra Azərbaycan-Ermənistan şərti sərhədindən çıxarıb İran-Türkiyə sərhədinə yerləşdiriblər. Bu da Ermənistanla Rusiya arasında birgə razılaşma əsasında həyata keçirilib.

    Mediani.Az
    xəbər verir ki, bunu teleqraf.com-a hərbi ekspert, polkovnik Üzeyir Cəfərov deyib.

    O qeyd edib ki, ABŞ hərbçilərinin Ermənistana gəlişi, birgə hərbi təlimlər və digər məsələlərdə atılan addımlarda intensivlik var: Sayt yaratmaq

    “Amerikanın Avropadakı hərbi bazalarından Ermənistana Zvartnotsa hərbi yük təyyarələri gəlir. Müəyyən hərbi yüklərin aparılıb-gətirilməsi prosesi həyata keçirilir. Bunun hərbi təlimlərlə bağlı olduğu deyilsə də görünən odur ki, Amerikanın Ermənistanla birgə “iş planları” çoxdur”.

    Polkovnik hesab edir ki, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının hərbi təlimlərindən ümumiyyətlə imtina etməsi də bu amillərlə bağlıdır:

    “Rus hərbçlərinin Zəngəzur, Arazdəyən, Kərki kəndləri ətrafından çıxarılması isə başqa amillərlə izah olunur. Faktiki olaraq Ermənistan Azərbaycanın anklav kəndlərinin təhvil verilməsi prosesini gecikdirir. Buna görə də, Azərbaycan müəyyən addımlar atmaq məcburiyyətində qala bilər. Sadəcə olaraq Azərbaycan hərbçiləri gedib müəyyən nöqtələrdə yerləşəcək. Ola bilsin ki, bu, bir qədər gərgin rejimdə keçsin. Hətta müəyyən müqavimət və narahatlığın olması da mümkündür”.
    Üzeyir Cəfərova görə, indiki gərginliyi Ermənistan real vəziyyətini bildiyi üçün daha da qəlizləşdirmək istəmir:
    “Son zamanlar Ermənistana dəstək verilsə də, bu, işin hamısı deyil. Amma bunun fonunda başqa narahatedici məqamlar ola bilməz”.

  • Quru qoşunlarında döyüş atışlı taktiki təlimlər: Zirehli texnikalarımızdan sərrast atəş – VİDEO

    Cari ilin hazırlıq planına əsasən, Quru Qoşunlarının mexanikiləşdirilmiş bölmələri ilə döyüş atışlı taktiki təlimlər keçirilir.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, ümumqoşun poliqonunda keçirilən təlimlərdə əsas diqqət ekipajların bilik və bacarıqlarının inkişaf etdirilməsinə yönəldilir.

    Azərbaycan Ordusunda bölmələrin döyüş hazırlığını və şəxsi heyətin peşəkarlığını daim yüksək səviyyədə saxlamaq məqsədilə keçirilən tədbirlər davam etdirilir.

  • Laçında itkin düşən hərbçilərdən birinin meyit qalıqları ailəsinə təhvil verildi – FOTOlar

    2022-ci ilin martın 3-də Laçın rayonunda sərhəd istiqamətində itkin düşən Azərbaycan Ordusunun əsgəri 2003-cü il təvəllüdlü Abdullayev Firdovsi Mais oğlunun meyit qalıqları Gəncə şəhərində ailəsinə təhvil verilib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, onun qalıqları Məhsəti qəsəbəsində yaşadığı evə gətirilib. Firdovsi Abdullayevin meyitinin qalıqlarının ailəsinə təhvil verilməsi mərasimində Goranboy Rayon İcra Hakimiyyətinin birinci müavini Seymur Nazarov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Hikmət Orucov, hüquq mühafizə orqanlarının rəhbər işçiləri, hərbçilər və qazilər iştirak ediblər.

    Firdovsi Abdullayevla sabah yaşadığı evdə vida mərasimi keçiriləcək. Onun meyitinin qalıqları sabah Gəncənin şəhidlər xiyabanında dəfn ediləcək.

    Qeyd edək ki 2003-cü il təvəllüdlü Abdullayev Firdovsi Mais oğlu Goranboy rayonun Qaradağlı kəndində anadan olub. Hazırda ailəsi Gəncə şəhərində yaşayır.

    Xatırladaq ki, 3 mart 2022-ci ildə Azərbaycan Ordusunun əsgərləri Məmmədov Fərid Əjdər oğlu və Abdullayev Firdovsi Mais oğlu Laçın rayonunda yüksək dağlıq və çətin relyefli ərazidə hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən istiqaməti itirərək itkin düşüb, uzun müddət soyuq temperaturda qalmaqla donvurma səbəbindən ölüblər. Onların meyit qalıqları 3 iyul 2024-cü ildə Kəlbəcər rayonu, İstisu qəsəbəsindəki Yüzbulaq yaylağının ərazisində aşkarlanaraq götürülüb.