Category: Ordu

  • İki il əvvəl Laçında itkin düşən hərbçilərin meyitlərinin qalıqları tapıldı – FOTO

    Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında təmsil olunan aidiyyəti dövlət qurumları tərəfindən aparılmış axtarış-araşdırma işləri nəticəsində 3 iyul 2024-cü ildə Kəlbəcər rayonu, İstisu qəsəbəsindəki Yüzbulaq yaylağının ərazisində Azərbaycan Ordusunun iki hərbçisinə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb”.

    Bu barədə Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Baş Prokurorluğu və Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının birgə məlumatında bildirilib.

    “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsinin Genetik Araşdırmalar Mərkəzində həyata keçirilmiş ekspertizalar nəticəsində qalıqların 3 mart 2022-ci ildə Laçın rayonunda yüksək dağlıq və çətin relyefli ərazidə hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən istiqaməti itirərək itkin düşmüş Azərbaycan Ordusunun əsgərləri – 23.05.2003-cü il təvəllüdlü Fərid Əjdər oğlu Məmmədov və 09.02.2003-cü il təvəllüdlü Firdovsi Mais oğlu Abdullayevə aid olduğu müəyyən edilib.

    Həyata keçirilmiş kompleks istintaq tədbirləri, məhkəmə-tibb və kriminalistik tədqiqatlarla müəyyən edilib ki, həmin əsgərlər 3 mart 2022-ci ildə Laçın rayonunda yüksək dağlıq və çətin relyefli ərazidə hava şəraitinin qəfil dəyişməsi və çovğun olmasından istiqaməti itirərək itkin düşmüşlər, uzun müddət soyuq temperaturda qalmaqla donvurma səbəbindən ölmüşlər.

    Əsgərlərin nəşlərinin tapılması 5 avqust 2024-cü ildə Dövlət Komissiyasında keçirilmiş görüşdə itkin hərbçilərin ailələrinə elan edilib.

    Hazırda aidiyyəti dövlət qurumları ilə birlikdə əsgər Fərid Məmmədov və əsgər Firdovsi Abdullayevin dəfni ilə bağlı zəruri tədbirlər həyata keçirilir. Dəfn mərasimlərinin vaxtı və yeri barədə ictimaiyyətə əlavə məlumat veriləcək”, – deyə məlumatda bildirilib.

  • İki il əvvəl Laçında itkin düşən hərbçilərin meyitlərinin qalıqları tapıldı – FOTO

    2022-ci ilin martın 3-də Laçın rayonunda sərhəd istiqamətində itkin düşən hərbçilərin meyitləri aşkarlanıb.

    “Report”un xəbərinə görə, Firdovsi Mayis oğlu Abdullayev və Fərid Əjdər oğlu Məmmədovun Kəlbəcər rayonunun İstisu qəsəbəsində Yüzbulaq yaylağında meyit qalıqları aşkarlanıb.

    Məlumata görə, hərbçi Firdovsi Mayis oğlu Abdullayev avqustun 8-i Gəncə şəhəri Şəhidlər xiyabanında, digər hərbçi Fərid Əjdər oğlu Məmmədov Ağdam rayonu Orta Qərvənd kəndində dəfn ediləcək.

    Qeyd edək ki, 2022-ci ilin martın 3-də Laçın rayonu ərazisində yerləşən bir döyüş mövqeyindən digərinə hərəkət edən Azərbaycan Ordusunun əsgərləri – F.Məmmədovla F.Abdullayev hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən azaraq itkin düşüblər.

  • Ordumuzun artilleriya və zenit-raket qurğuları işə salındı – TƏLİMDƏN GÖRÜNTÜLƏR (VİDEO)

    Cari ilin hazırlıq planına əsasən, Quru Qoşunlarında keçirilən taktiki-xüsusi təlim davam edir.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, müasir döyüş üsullarından istifadə edilməklə keçirilən təlimdə aşkar olunan şərti düşmən hədəflərinin artilleriya və zenit-raket qurğularından, eləcə də zirehli döyüş texnikaları üzərinə quraşdırılmış silahlardan məhv edilməsi üzrə tapşırıqlar yüksək dəqiqliklə icra olunub.

    Bölmələrin qarşılıqlı əlaqədə fəaliyyətləri zamanı döyüş uzlaşmasının təmin edilməsi, hərbi qulluqçuların döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən təlimdə yüksək peşəkarlıq nümayiş etdirilib.

  • Bu gün Azərbaycan Hərbi Donanması Günüdür

    Azərbaycan Hərbi Donanması 1919-cu ildə Azərbaycan Xalq Cumhuriyyəti dövründə yaradılıb.

    Median.Az xatırladır ki, 1919-cu ilin yayında ingilislər Bakını tərk edərkən şəhər limanının idarəçiliyini və hərbi gəmilərin bir hissəsini Azərbaycan hökumətinə təhvil verdilər. Bu gəmilərin əsasında Azərbaycan Xəzər Hərbi Dəniz Donanması təşkil edildi. Azərbaycan hökumətinin bu tədbiri ölkənin dəniz sərhədlərinin qorunmasında mühüm addım oldu.

    1919-cu ilin sonlarında general İbrahim ağa Usubovun başçılıq etdiyi Azərbaycan hərbi missiyası donanma üçün xaricdən 6 birtoplu qırıcı kater, 12 qırıcı kater, 6 sualtı qayıq, 92 gəmi topu, 10 sahil topu, simsiz teleqraf qurğuları və s. aldı.

    Azərbaycan Hökuməti Rusiya donanmasının admiralı, Şimal qütbünə ekspedisiyanın iştirakçısı, türk əsilli İslamovu milli donanmanın yaradılması işinə kömək göstərmək üçün 1919-cu ilin yayında Azərbaycana dəvət etdi. “Astrabad”, “Qars” və “Ərdəhan” hərb gəmilərinin komandirliyi azərbaycanlı kapitanlara tapşırıldı.

    Hərbi donanmanın maddi-texniki bazasının və kadr təminatının gücləndirilməsi planları aprel işğalı nəticəsində həyata keçirilməmiş qaldı. Az sonra bolşeviklərin gəlişi ilə Azərbaycan hərbi donanması ləğv olundu.

    SSRİ dağıldıqdan sonra Azərbaycanda da hərbi-dəniz donanmasının təşkilinə şərait yarandı.

    1992-ci il aprelin 7-də Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələri Qərargahı, mühafizə və təminat rotası yaradıldı. Xəzər Hərbi Dəniz Donanmasının 25 %-i və Ali Hərbi Dənizçilik Məktəbi Azərbaycan Respublikasının ixtiyarına verildi.

    1992-ci il iyunun 26-da “Bakılı” keşikçi gəmisində Azərbaycan Respublikasının dövlət bayrağı qaldırıldı.

    Nazirlər Kabinetinin 1996-cı il 15 iyul tarixli qərarı ilə Bakı Dəniz Yolları Məktəbinin bazasında Azərbaycan təhsilinin yeni istiqaməti kimi ali təhsilli dənizçi kadrlar hazırlayan Azərbaycan Dövlət Dəniz Akademiyası yaradıldı.

    Ümummilli lider Heydər Əliyevin 1996-cı ildə imzaladığı Fərmana əsasən hər il avqustun 5-i ölkədə Hərbi Donanma Günü kimi qeyd olunur.

  • Laçında minaya düşən şəxs Xankəndiyə aparıldı

    Laçın rayonunda mina partlaması nəticəsində yaralanan şəxs Xankəndiyə təxliyə edilib.

    Median.Az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

    “03.08.2024-cü il tarixində Laçın rayonu Kalafalıq kənd sakini, 1959-cu il təvəllüdlü şəxsin (kişi cinsli) 15:05 minaya düşməsi səbəbilə Laçın Rayon Mərkəzi Xəstəxanasına çağırış daxil olub. Dərhal hadisə yerinə təcili yardım briqadası cəlb olunub. Piyadaəleyhinə minaya düşmə səbəbindən sol ayağından xəsarətlər alan şəxsə ilkin zəruri tibbi yardım göstərilib və Xankəndi Şəhər Xəstəxanasına təxliyə olunub”, – məlumatda diqqətə çatdırılıb.

    Bildirilib ki, hazırda yaralının vəziyyəti stabil qiymətləndirilir.

  • Hərbçilərə ŞAD XƏBƏR – FOTO

    Vətəndaş məmnunluğunun təmin olunması məqsədilə Azərbaycan Müdafiə Nazirliyinin rəsmi internet saytında “Mənzil növbəsi” adlı yeni bölmə yaradılıb.

    Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Anar Eyvazov məlumat verib.

    O bildirib ki, həmin bölməyə daxil olmaqla 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçular (hərbi xidmətdə olan, ehtiyata buraxılmış hərbi qulluqçular və ya onların varisləri) şəxsiyyət vəsiqəsinin FİN kodunu daxil edərək növbə sırası barədə məlumat əldə edə bilərlər.

  • Zakir Həsənov generalları topladı, döyüş hazırlığı ilə bağlı tapşırıq verdi

    Avqustun 3-də Azərbaycan Müdafiə Nazirliyində 2024-cü ilin birinci yarımilinin yekunlarına dair geniş tərkibli kollegiya iclası keçirilib.

    Median.Az qurumun Mətbuat Xidmətinin məlumatına istinadın bildirir ki, müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə videobağlantı formatında keçirilən iclasda nazir müavinləri, qoşun (qüvvə) növü komandanları, baş idarə, idarə, xidmət və müstəqil şöbə rəisləri, hərbi birlik və birləşmə komandirləri, həmçinin xüsusi təyinatlı təhsil müəssisələrinin rəisləri iştirak ediblər.

    Əvvəlcə ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Havadarları tərəfindən silahlandırılan Ermənistanın regionda vəziyyəti gərginləşdirmək məqsədilə şərti sərhəddə törətdiyi təxribatlara qarşı bölmələrimiz tərəfindən həyata keçirilən təxirəsalınmaz tədbirlər və mövcud əməliyyat şəraiti təhlil edilib.

    Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqlar kollegiya iştirakçılarına çatdırılıb.

    Ölkə başçısının səsləndirdiyi “Dövlətin nə qədər gücü olsa, nə qədər silahı olsa, nə qədər düzgün hərbi əməliyyatlar planlaşdırılsa da, Qələbəni əldə edən əsgərdir, zabitdir” ifadəsini vurğulayan general-polkovnik Z.Həsənov Azərbaycan Ordusunun Ali Baş Komandanın istənilən tapşırığını yüksək peşəkarlıqla icra etməyə qadir olduğunu bildirib.

    Nazirliyin rəhbər heyəti geniş məruzələrlə çıxış edib.

    Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev cari ilin birinci yarımili ərzində qoşunların əməliyyat imkanlarının və qərargahların komanda idarəetmə qabiliyyətlərinin artırılması, mühəndis, kəşfiyyat və digər sahələrdə həyata keçirilən tədbirlər haqqında geniş məruzə ilə çıxış edib, ordu quruculuğu sahəsində aparılan uğurlu islahatların müsbət nəticəsindən danışıb.

    General-polkovnik K.Vəliyev Azərbaycan Ordusunun xidməti-döyüş fəaliyyətini təhlil edərək bildirib ki, müxtəlif qoşun növlərinin cəlb olunduğu beynəlxalq və müştərək təlimlərin keçirilməsi ilə hərbi qulluqçuların peşəkarlıq səviyyəsi daha da yüksəldilib.

    Sonra müdafiə nazirinin müavini – baş direktor Aqil Qurbanov cari ilin ilk altı ayı ərzində təminat sahəsində görülən işlər, qoşunların yeni silah və texnika ilə təchizatı, şəxsi heyətin psixoloji hazırlığı və hərbi təhsil sahəsində həyata keçirilən tədbirlər barədə məruzə edib.

    Baş direktor bildirib ki, dövlət başçısının müvafiq sərəncamlarına uyğun olaraq, hərbi təhsil sahəsində cəlbediciliyin artırılması istiqamətində görülən tədbirlər, o cümlədən respublikamızın 13 şəhərində yaradılmış 17 mərkəz vasitəsilə aparılan maarifləndirmə işləri nəticəsində Milli Müdafiə Universitetinin nəzdində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə müraciətlərin sayı 5500-dən artıq olub. Bu da yüksək keyfiyyətlərə malik namizədlərin seçilməsinə, qoşunların taktiki səviyyədə komplektləşdirilməsi, həmçinin kadr ehtiyatlarının yaradılmasında kəmiyyət və keyfiyyət göstəricilərinin artırılmasına geniş imkan verir.

    Qış mövsümünə hazırlıqla bağlı məsələlərə toxunan baş direktor Azərbaycan Ordusunda bu istiqamətdə həyata keçirilən tədbirlərin plana uyğun olaraq, yüksək səviyyədə təşkil edildiyini bildirib.

    Daha sonra müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı general-leytenant Hikmət Mirzəyev bölmələrin döyüş qabiliyyətinin artırılması və qoşun xidmətinin təşkili istiqamətində həyata keçirilən tədbirlər barədə məruzə edib.

    Müasir silah və texnikanın cəlb edilməsi ilə keçirilən təlim və məşğələlərin intensivliyinin artırıldığı, bölmələrdə döyüş növbətçiliyi və digər xidməti-döyüş fəaliyyətlərin yüksək səviyyədə təşkil edildiyi bildirilib.

    İclasda çıxış edən müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin Komandanı vəzifəsini icra edən general-leytenant Namiq İslamzadə HHQ bölmələrində şəxsi heyətin xidməti-döyüş fəaliyyətinin illik hazırlıq planına uyğun daha keyfiyyətli keçirilməsinə xüsusi diqqət yetirildiyini vurğulayıb.

    İclasda Əlahiddə Ümumqoşun Ordu Komandanı general-mayor Kənan Seyidov və digər qoşun (qüvvə) növü komandanları da çıxış edərək birinci yarımilin yekunlarına dair yerinə yetirilən tədbirlər barədə ətraflı məlumat veriblər.

    Müşavirənin yekununda çıxış edən müdafiə naziri silahlanmaya yeni qəbul edilən müasir silah və texnikanın düzgün istismarı və döyüşdə effektiv tətbiqinin öyrənilməsinin vacibliyini qeyd edib.

    Müddətli həqiqi hərbi xidmətə yeni çağırılan gənc əsgərlərin fərdi-psixoloji xüsusiyyətlərinin öyrənilməsi, onların adaptasiya prosesinə həssaslıqla yanaşılması, eləcə də sağlamlıqlarının daim diqqət mərkəzində saxlanılması ilə bağlı müvafiq göstərişlər verib.

    Döyüş növbətçiliyi və gündəlik xidməti fəaliyyət zamanı yanğın və digər təhlükəsizlik qaydalarına əməl edilməsinə, həmçinin hərbi qulluqçuların psixoloji hazırlığına və maarifləndirilməsinə xüsusi diqqət yetirilməsinin vacibliyi vurğulanıb.

    Müdafiə naziri növbəti tədris ili bağlı görülən işlərin plana uyğun şəkildə və keyfiyyətli icrasına dair əlavə göstərişlər verib. Azad edilmiş ərazilərdə görülən mühəndis tədbirləri ilə bağlı aidiyyəti şəxslər qarşısında konkret tapşırıqlar qoyulub.

    Şəxsi heyətin sosial-məişət şəraitinin və tibbi təminatının yaxşılaşdırılması ilə bağlı görülən işlərin mütəmadi olaraq yoxlanılması və ciddi nəzarətdə saxlanılması barədə müvafiq tapşırıqlar verilib.

    Ali Baş Komandanın qeyd etdiyi fikirləri bir daha xatırladan general-polkovnik Z.Həsənov: “İstənilən təxribatlara qarşı hər an hazır olmaq, heç kimin bizimlə diktat və ultimatum dilində danışa bilməməsi üçün Azərbaycan Ordusu döyüş hazırlığını və peşəkarlığını daim yüksək səviyyədə saxlamalıdır”, – deyərək müşavirəyə yekun vurub.

  • Bu gün həlak olan hərbçilərimizin FOTOLARI

    Laçın rayonu ərazisində kükürd qazlı termal sularda çimərkən, ilkin ehtimala görə, zəhərlənən Azərbaycan Ordusunun hərbi qulluqçuları – kapitan Asif Qəhrəman oğlu Emnalıyev, gizir Fərid Famil oğlu Cəbrayılov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları – çavuş Tural Maşallah oğlu Səmədov və çavuş Emin Oqtay oğlu Şahmarlının meyitləri aşkar edilib.

    Median.Az vəfat edən iki hərbçinin fotolarını təqdim edir:

    Kapitan Asif Emnalıyev

    Gizir Fərid Cəbrayılov


  • Azərbaycan Ordusunun dörd hərbçisi faciəli şəkildə həlak oldu, araşdırma başladıldı (YENİLƏNİB)

    Laçın rayonu ərazisində Azərbaycan Ordusunun dörd hərbi qulluqçusunun – Asif Qəhrəman oğlu Emnalıyev, Tural Maşallah oğlu Səmədov, Emin Oqtay oğlu Şahmarlı və Fərid Famil oğlu Cəbrayılovun meyitlərinin aşkar edilməsi barədə Qubadlı Hərbi Prokurorluğuna məlumat daxil olub.

    Bu barədə respublika hərbi prokurorunun böyük köməkçisi, Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Firad Əliyev məlumat verib.

    “Daxil olmuş məlumat əsasında Qubadlı Hərbi Prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitlərə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, müvafiq ekspertizalar təyin edilərək, icraya yönəldilib, eləcə də izahatlar alınıb və digər hərəkətlər icra edilib.

    Hazırda Qubadlı Hərbi Prokurorluğunda araşdırma davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq”, – məlumatda deyilir.

    * * * * *

    İyulun 30-u xidmətdənkənar saatlarda Laçın rayonu ərazisində kükürd qazlı termal sularda çimərkən, ilkin ehtimala görə, zəhərlənən Azərbaycan Ordusunun hərbi qulluqçuları – kapitan Asif Qəhrəman oğlu Emnalıyev, gizir Fərid Famil oğlu Cəbrayılov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları – çavuş Tural Maşallah oğlu Səmədov və çavuş Emin Oqtay oğlu Şahmarlının meyitləri aşkar olunub.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçularımızın ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, səbir diləyib.

  • I Qarabağ müharibəsində itkin düşmüş hesab edilən iki şəhid dəfn olunacaq

    Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha iki şəhid dəfn olunacaq.

    “Report” xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

    Belə ki, hərbçi Surxay Rza oğlu Məmmədov avqustun 1-i Gəncə şəhəri Şəhidlər xiyabanında, digər hərbçi Camal Möhübbət oğlu Quliyev isə avqustun 2-si Laçın şəhəri Şəhidlər xiyabanında dəfn ediləcək.