Category: Ordu

  • Azərbaycan Ordusunun Baş Qərargah rəisinin İtaliyaya rəsmi səfəri başlayıb

    Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin İtaliya Respublikasına rəsmi səfəri başlayıb.

    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, səfər çərçivəsində Azərbaycan Ordusunun Baş Qərargah rəisi İtaliyanın hərbi rəhbərliyi ilə bir sıra görüşlər keçirəcək və müdafiə sənayesi şirkətini ziyarət edəcək.

  • Müdafiə Nazirliyində struktur dəyişikliyi: Anar Eyvazov idarə rəisi oldu

    Müdafiə Nazirliyində Mətbuat Xidməti ləğv edilib.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu barədə müdafiə naziri general-polkovnik Zakir Həsənov əmr imzalayıb.

    Əmrə əsasən, Müdafiə Nazirliyinin kommunikasiya resurslarının mərkəzləşdirilmiş qaydada və Kommunikasiya Strategiyasının tələblərinə uyğun olaraq tətbiqi məqsədi ilə xidmətin əvəzinə Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi yaradılıb.

    İdarə rəisi vəzifəsinə isə polkovnik Anar Eyvazov təyin edilib.

    Qeyd edək ki, polkovnik Eyvazov bu təyinata kimi Mətbuat Xidmətinin rəisi idi.

  • Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində ölüb – FOTO

    Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Nurbala Asif oğlu Bağırov odlu silahdan açılmış atəş nəticəsində ölüb.

    Bu barədə hərbi prokurorun böyük köməkçisi – Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev məlumat verib.

    “Daxil olmuş məlumat əsasında Şəmkir Hərbi Prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülmüş və digər hərəkətlər icra edilib.

    Fakt üzrə Şəmkir Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilmiş, müxtəlif ekspertizalar təyin edilərək, icraya yönəldilmiş və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilmişdir.

    Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir əmələ və fakta hüquqi qiymət verilməsi təmin olunacaqdır. ALLAH hərbçimizə rəhmət eləsin”, – deyə məlumatda qeyd olunub.

  • Türkiyə Azərbaycana yeni hərbi attaşe təyin ETDİ

    Türkiyənin Azərbaycana yeni təyin edilən hərbi attaşesi general-mayor Gaffar Gören müdafiə naziri general-polkovnik Zakir Həsənova təqdim olunub.

    Bu barədə Müdafiə Nazirliyindən məlumat yayıb.

    Bildirilib ki, müdafiə naziri türkiyəli qonağı salamlayaraq onu Azərbaycanda fəaliyyətə başlaması münasibəti ilə təbrik edib.

    General-polkovnik Z.Həsənov iki qardaş ölkənin dövlət başçılarının səmimi münasibətlərinin digər sahələrə olduğu kimi hərbi əməkdaşlığa da müstəsna təsirini xüsusi vurğulayıb. Azərbaycan-Türkiyə əlaqələrinin dostluq, qardaşlıq və strateji müttəfiqliyə əsaslandığını bildirib.

    General-polkovnik Z.Həsənov türkiyəli hərbi attaşeyə Azərbaycan-Türkiyə arasında hərbi əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində gələcək fəaliyyətində uğurlar arzulayıb.

    General-mayor G.Gören isə öz növbəsində səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib, Azərbaycanda hərbi attaşe kimi fəaliyyətə başlamasından məmnunluğunu ifadə edib. Ölkələrimiz arasında hərbi əməkdaşlığın daha da inkişaf etdirilməsi naminə səylərini əsirgəməyəcəyini bildirib.

    Azərbaycanda hərbi attaşelik fəaliyyətini başa vuran general-mayor Soner Oruçoğlunun da iştirak etdiyi görüşdə hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın yeni perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlərlə bağlı geniş fikir mübadiləsi aparılıb.

  • Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

    Sentyabrın 12-si saat 00:15-dən 01:05-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Paşalı rayonunun Horadis yaşayış məntəqəsi istiqamətindəki mövqelərindən Ordumuzun Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yuxarı Buzqov yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini bir neçə dəfə atıcı silahlardan atəşə tutub.

    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

    Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

  • Baş leytenant vəfat etdi

    44 günlük Vətən müharibəsində yaralanan qazi Zaur Hacıbala oğlu Həsənov vəfat edib.

    Bu barədə “Unikal”a onun yaxınları məlumat veriblər.

    1974-cü il təvəllüdlü baş leytenant uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

    O, Füzuli və Xocavəndin azad olunmasına görə medalları ilə təltif olunub.

  • Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

    Sentyabrın 11-i saat 10:50-də Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən üzbəüz mövqelərdən atıcı silahlar vasitəsilə atəşə tutulub.

    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

  • Azərbaycan və Gürcüstan müdafiə nazirləri regiondakı vəziyyəti müzakirə ediblər

    Sentyabrın 10-da Batumi şəhərində Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Gürcüstanın müdafiə naziri İrakli Çikovani arasında ikitərəfli görüş keçirilib.

    Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, hər iki ölkə nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə İrakli Çikovani qonaqları salamlayaraq, Azərbaycan ilə Gürcüstan arasında əlaqələrin inkişafında dövlət başçılarının görüşlərinin mühüm rol oynadığını xüsusi vurğulayıb.

    Qonşu və qardaş ölkəyə səfərindən məmnunluğunu ifadə edən general-polkovnik Zakir Həsənov bir çox sahələrdə olduğu kimi, hərbi sahədə də əlaqələrin davamlı olaraq inkişaf etdiyini qeyd edib.

    Azərbaycanın müdafiə naziri bildirib ki, qarşılıqlı səfərlərin və müxtəlif formatda görüşlərin keçirilməsi ölkələr arasında əməkdaşlığın yüksək səviyyədə olduğunun bariz nümunəsidir.

    Görüşdə iki ölkə arasında hərbi əməkdaşlığın perspektivlərindən danışılıb, həmçinin birgə təlimlərin intensivliyinin artırılması barədə ətraflı fikir mübadiləsi aparılıb. Ölkələrin beynəlxalq səviyyədə qəbul olunmuş ərazi bütövlüyünün dəstəkləndiyi diqqətə çatdırılıb.

    Sonra tərəflər regionda sülhün və təhlükəsizliyin təmin olunması, hərbi, hərbi texniki, hərbi təhsil sahələrində əməkdaşlığın yeni perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

  • Xüsusi təyinatlılarımızın Qazaxıstandakı təlimindən GÖRÜNTÜLƏR (VİDEO)

    Sentyabrın 10-da Qazaxıstanın Türküstan vilayətində yerləşən Orda poliqonunda “Sonsuz qardaşlıq – III” çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təliminin təntənəli açılış mərasimi keçirilib.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Azərbaycan, Qazaxıstan, Türkiyə, Pakistan, Qətər və Özbəkistan xüsusi təyinatlılarının iştirakı ilə keçirilən təlimə İordaniya və Qırğızıstan müşahidəçi qismində dəvət olunublar.

    Təlimlərin keçirilməsində məqsəd idarəetmə orqanlarının və bölmələrin fəaliyyətində operativ uzlaşmanın təmin olunması, şəxsi heyətin praktiki vərdişlərinin artırılması, qarşılıqlı təcrübə mübadiləsi və peşə vərdişlərinin təkmilləşdirilməsidir.

    Plana uyğun olaraq xüsusi təyinatlı bölmələrlə taktika, atəş, dağ-paraşüt, snayper hazırlığı üzrə məşqlər keçiriləcək.

    Təlimin yekununda xüsusi təyinatlı bölmələr yaşayış məntəqəsində qeyri-qanuni silahlı dəstənin aşkar edilməsi və zərərsizləşdirilməsi üzrə təlim-döyüş əməliyyatı tapşırıqlarını yerinə yetirəcəklər.

    Zirehli texnika, ordu aviasiyası və PUA-ların cəlb edildiyi “Sonsuz qardaşlıq- III” çoxmillətli birgə təlimində 6 ölkənin 300-dək xüsusi təyinatlı hərbi qulluqçusu iştirak edir.

  • Antiterror əməliyyatının indiyədək açıqlanmayan DETALLARI

    Qarabağda keçirilən antiterror əməliyyatının indiyədək məlum olmayan bir sıra detalları açıqlanıb.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi polkovnik Anar Eyvazov danışıb.
    Onun sözlərinə görə, əməliyyat zamanı 310 seperatçı məhv edilib, 614 düşmən isə yaralanıb.

    Cəmi bir gün ərzində isə 406 km2 ərazi yad ünsürlərdən təmizlənərək tam nəzarətimiz altına alınıb:

    “19-20 sentyabr tarixlərində Ordumuzun dəqiq zərbələri nəticəsində düşmənin 8 tank, 22 artilleriya sistemləri, 14 minaatan, 3 zenit kompleksi, 8 REM vasitələri, 9 hərbi nəqliyyat vasitəsi olmaqla silah və texnikası məhv edildi. Həmçinin əməliyyatın nəticəsi olaraq 1731 müxtəlif döyüş texnikası, artilleriya vasitələri, zenit-raket  qurğuları, hərbi avtomobil, xüsusi texnika və digər döyüş vasitələri, eləcə də 18664 atıcı silah düşməndən müsadirə edilərək götürüldü”.

    Bundan başqa, bəlli olub ki, əməliyyat şimalda beş, cənubda isə səkkiz olmaqla 13 istiqamətdə həyata keçirilib.

    Vətən müharibəsindəki təcrübədən yararlanaraq və əməliyyatın keçirildiyi ərazinin relyefini nəzərə alaraq, bölmələrimiz əsasən kiçik qruplar halında hərəkət edib. Bu da həm sürətli hərəkəti təmin edib, həm də düşmən üçün qəfil yaxalanma effekti yaradıb. Bunun nəticəsidir ki, hücum istiqamətlərində bölmələrimiz az bir vaxtda Ağdərə-Əsgəran, Xankəndi-Xocavənd, Suqovuşan-Vəng, Təzəkənd-Sırxavənd, eləcə də Xankəndi-Xocalı istiqamətində düşmənin dərinliyinə 5-26 kilometr irəliləyərək həmin istiqamətlərdəki bütün yolları nəzarət altına alıb. 

    Artıq bir neçə saatdan sonra düşmən dərinliyinə sızan və 9,5 km irəliləyən xüsusi təyinatlı bölmələrimiz bütün istiqamətlərdə əraziyə giriş-çıxışa nəzarətin tam təmin olunması üzrə tapşırığı uğurla icra ediblər.
    Azərbaycan Ordusu yüksək peşəkarlıq nümayiş etdirərək, beynəlxalq humanitar hüququn norma və prinsipləri çərçivəsində, heç bir mülki şəxsi və ya obyekti hədəfə almadan antiterror əməliyyatı keçirib və 24 saatdan da az müddətdə 15-18 minlik hərbi qruplaşmanı təslim olmağa məcbur edib.