Bu gün vəfat edən 21 yaşlı hərbçi Xanlar Əhmədov əslən Sabirabad rayonunun Qalaqayın kəndindəndir.
Median.Az xəbər verir ki, o, doğulduğu kənddə torpağa tapşırılacaq.
2024-cü ilin tədris planı və proqramına uyğun olaraq, Milli Müdafiə Universitetinin nəzdində fəaliyyət göstərən Bakı Hərbi Kollecinin kursantları ilə səhra şəraitində praktiki məşğələlər keçirilir.
Müdafiə Nazirliyindən bildirilib ki, əvvəlcə təlim sahəsində silah və hərbi sursatların təyinatı, döyüş və texniki xassələri, istismar qaydaları və sıfırlanması üzrə kursantların bilikləri yoxlanılıb, havanın və ərazinin istənilən şəraitində atəş mövqeyinin tutulması və şərti düşmən hədəflərinin aşkar olunaraq düzgün nişanalma qaydalarına əməl etməklə məhv edilməsi üsulları izah olunub.
Sonra hədəflərin müşahidə olunması, silah ilə hərəkətdə, həmçinin yerindən əl qumbaralarının atılması, peyda olan və hərəkət edən yerüstü hədəflərə atəş açılması üzrə tapşırıqlar icra edilib.
Praktiki məşğələlər zamanı şəxsi heyət tərəfindən qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.
Məşğələlərin keçirilməsində məqsəd kursantların döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi, bilik və bacarıqlarının artırılması, o cümlədən silah və hərbi sursatlardan effektiv istifadə bacarıqlarının təkmilləşdirilməsidir.
İşğaldan azad olunan Xocavənd rayonu ərazisinə dislokasiya edilən Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunların müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) təlim zamanı tabel silahı ilə ehtiyatsız davranması nəticəsində xəsarət alıb.
Bu barədə DİN Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, 21 yaşlı Xanlar Əhmədova bir neçə gün göstərilən tibbi müdaxilələrə baxmayaraq, bu gün vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
Məhkəmə ekspertlərinin attestasiyasının keçirilməsi və ixtisas dərəcəsinin verilməsi qaydaları dəyişib.
Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən Müdafiə Nazirliyinə yeni səlahiyyət verilib.
Müdafiə Nazirliyi də tabeliyində olan məhkəmə ekspertizası idarələrinin ekspertlərinin attestasiyası və onlara ixtisas dərəcəsinin verilməsi üçün yaradılan ekspert-ixtisas komissiyalarında təmsil olunacaq.
İyulun 1-dən hərbi xidmətə çağırışla bağlı qüvvəyə minən yeni qaydalara görə, çağırışçılarla bağlı yekun tibbi müayinəyə dair qərarı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi verir.
Bu halda sual yaranır? Müddətli həqiqi hərbi xidmətə yararsız olanların aqibəti necə olacaq?
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sözçüsü Pərviz Sədrəddinov bildirib ki, 35 yaşı tamam olmayan və əvvəlki illərdə hərbi xidmətə yararsız olmaları barədə qərar qəbul edilən və möhlət hüququ bitən vətəndaşlar üzrə yekun qərarın verilməsi üçün altsistem vasitəsilə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə yönləndiriləcəklər:
“Müayinənin nəticələrindən asılı olaraq qərar qəbul ediləcək. Əgər vətəndaşın yararlı olması təsdiq edilərsə, həqiqi hərbi xidmətə göndəriləcək”.
Ətraflı Baku TV-nin süjetində:
Azərbaycan Ordusunun zabiti vəfat edib.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Azərbaycan Ordusunun zabiti Pərviz Əliqulu oğlu Şərbətov məzuniyyətdə olarkən səhhətində qəfil yaranan narahatlığa görə Goranboy Rayon Mərkəzi Xəstəxanasına aparılan zaman kəskin ürək-damar, ağciyər çatışmazlığı ilkin diaqnozu ilə vəfat edib.
Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.
İyunun 27-də Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının “Volqodonsk” kiçik artilleriya və “Anatoli Qujvin” hidroqrafiya hərbi gəmiləri qeyri-rəsmi dostluq səfəri ilə Bakıya gəliblər.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, gəmi heyətləri Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin nümayəndələri tərəfindən qarşılanıb.
Gəmi heyətləri üçün səfər çərçivəsində mədəni və tarixi abidələrlə tanışlıq məqsədilə Bakı şəhərində gəzinti təşkil ediləcək, həmçinin hərbi dənizçilərin idman yarışı üzrə yoldaşlıq görüşü keçiriləcək.
Qeyri-rəsmi dostluq səfəri iyunun 30-dək davam edəcək.
Heydər Əliyev adına Hərbi İnstitutun rektoru vəzifəsinin icrası Vətən Müharibəsi Qəhrəmanı polkovnik Nizami Mövlanova həvalə edilib.
Nizami Bəydəmir oğlu Mövlanov 16.10.1976-cı ildə Qusar rayonunun Utuq qəsəbəsində anadan olub.
Uşaq yaşlarından hərbçi olmağı arzulayan Nizami Mövlanov 1991-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olub.
1994-98-ci illərdə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində (BABKM) təhsil alıb.
Ali hərbi təhsili başa vuran Nizami Mövlanov 1998-ci ildən Azərbaycan Ordusunun “N” saylı hərbi hissəsində leytenant hərbi rütbəsində xidmətə başlayıb.
O, 2014-cü ildə Ağdam istiqamətində Ermənistan silahlı qüvvələrinin hücumunun qarşısının alınması zamanı yaralanıb.
1998-2015-ci illərdə müxtəlif hərbi hissələrdə fərqli vəzifələrdə xidmət edən zabit N.Mövlanov 2015-ci ildən 2018-ci ilin aprelinə qədər Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində (TTM) baş müəllim işləyib.
2019-cu ildən isə ön cəbhədə müdafiə məqsədli əməliyyatlarda “N” saylı hərbi hissənin qərargah rəisi olaraq xidmət edib.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, Nizami Mövlanova “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib.
I, II, III dərəcəli “Qüsursuz xidmətə görə”, “Azərbaycan Silahlı Qüvvələri Veteranı” medalları, Azərbaycan Silahlı Qüvvələrinin 10, 90 və 95 illiyi, həmçinin “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalları ilə təltif edilib.
Nizami Mövlanov 2021-ci ilin iyunundan Heydər Əliyev adına Hərbi İnstitutun rəis müavini vəzifəsində xidmət edib.
//oxu.az
26 iyun Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə Prezident İlham Əliyevin Sərəncamına əsasən, general-mayor Namiq İslamzadəyə general-leytenant, polkovniklər Vilayət Quluyev və Həsən Əlövsədova general-mayor ali hərbi rütbəsi verilib.
Generalların üçü də Vətən müharibəsinin iştirakçısı olub.
Namiq İslamzadə Vətən Müharibəsi Qəhrəmanıdır. O, 44 günlük zəfər tariximizdə iştirakı ilə əlaqədar “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib. Bundan başqa, “Heydər Əliyevin 100 illiyi” (1923–2023) yubiley medalına layiq görülüb.
Bu gün general olan Vilayət Quluyev də Vətən Müharibəsinin gedişində ayağından qəlpə yarası alsa da, qısa müddət sonra döyüşlərə qayıdıb. Füzuli, Cəbrayıl, Hadrut və bir çox istiqamətlərdə yaşayış məntəqələrinin işğaldan azad edilməsində iştirak edib. O, Şuşanın azad edilməsində də iştirak edən zabitlərdəndir. V.Quluyev şücaətlərinə görə Prezidentin Sərəncamı ilə “Rəşadət” ordeni ilə təltif edilib.

Polkovnik Həsən Əlövsətov da Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarında yüksək peşəkarlıq nümayiş etdirib. Polkovnik Əlövsətov Hərbi Hava Qüvvələrində xidmət edib. Müharibədən sonra Prezidentin Sərəncamı ilə “Qarabağ” ordeni ilə təltif edilib. Əslən Şabran rayonundan olan H.Əlövsətov “Mi-17” vertolyot eskadrilyasının komandiri olub.

Mənbə: “Qafqazinfo”
Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 106 ili tamam olur.
1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə – Əlahiddə Azərbaycan Korpusu yaradılıb.
Həmin il mayın 28-də qəbul edilmiş “İstiqlal bəyannaməsi”ndə qeyd edilirdi ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələrini zərərsizləşdirmək üçün nizami orduya malik olmalı, özünün silahlı qüvvələrini yaratmalıdır. Hökumət tərəfindən 25 min nəfərlik ordu yaratmaq vəzifəsi irəli sürüldü. Avqustun 1-də Azərbaycanın Hərb Nazirliyi təsis olundu, ilk müdafiə naziri isə Xosrov bəy Sultanov təyin edildi.
Azərbaycanda ilk hərbi parad 1919-cu ildə Bakıda, indiki Muzey Mərkəzinin yerləşdiyi ərazidə keçirilib. Qısa müddətdə Milli Ordu Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından azad edə bilmişdi. 1920-ci ildə Azərbaycan sovet işğalına məruz qaldıqdan sonra hərbi nazirlik ləğv olundu, ordumuzun 15 generalı bolşeviklər tərəfindən güllələndi.
1991-ci ildə dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan Ordusunun yaradılması haqqında qərar qəbul edildi. Ulu öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanına əsasən, 26 İyun Silahlı Qüvvələr Günü elan olundu. 2011-ci il iyunun 26-da Bakıda Silahlı Qüvvələrin Ali Baş Komandanı Prezident İlham Əliyevin iştirakı ilə Silahlı Qüvvələr Günü və müstəqilliyin bərpasının 20 illiyi münasibətilə müasir Azərbaycan Ordusunun hərbi paradı keçirildi. Daha sonra hərbi parad 2013-cü ildə Silahlı Qüvvələr Gününün yaranmasının 95 illiyinə həsr edildi. Növbəti parad isə 2018-ci ildə Ordumuzun 100 illiyinə həsr olundu.
Son illər ərzində Azərbaycanda ordu quruculuğuna kifayət qədər böyük məbləğ ayrılıb, Silahlı Qüvvələrimiz müasir silah növləri ilə təchiz edilib.
Azərbaycan Ordusu bu gücünü 2016-cı ilin aprel ayında sübut etdi. Aprelin 2-də Ermənistan ordusunun təxribatlarına cavab olaraq, Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2 000 hektardan çox hissəsini azad etdi. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçdi. Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə xalqımıza qələbə sevinci yaşatdı.
Ali Baş Komandanın daimi nəzarəti, diqqət və qayğısı, eyni zamanda, Müdafiə Nazirliyi rəhbərliyinin düzgün qurduğu fəaliyyət nəticəsində Ordumuzun üzüağ çıxdığı bu əməliyyatın ən böyük nəticələrindən biri odur ki, Azərbaycan Ordusu mənəvi-psixoloji, döyüş ruhu, sosial, ictimai, texniki-təchizat, silah-sursat, peşəkarlıq baxımdan Ermənistan ordusunu nə qədər qabaqladığını ortaya qoydu və düşmən də bu üstünlüyü tam anladı. Erməni ictimaiyyəti bu prosesdə gerilədiyini, uduzduğunu öz üzərində açıq-aydın hiss etdi.
Azərbaycan Ordusunun daha bir uğuru Aprel döyüşlərindən iki il sonra – 2018-ci ilin mayında Günnüt zəfəri ilə qazanıldı. Bu uğurlu əməliyyat nəticəsində Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq ərazisi və Şərur rayonunun Günnüt kəndi düşməndən azad edilərək dövlət sərhədi boyunca əlverişli mövqelər Azərbaycan Ordusunun nəzarəti altına keçdi. Beləliklə də, Əlahiddə Ümumqoşun Ordunun müdafiə zolağının ön xəttinin dövlət sərhədi boyu əlverişli mövqelərə irəli çəkilməsi əməliyyatı uğurla nəticələndi, qarşıya qoyulan məqsədə nail olundu.
2020-ci il Azərbaycan xalqı, Ordusu üçün xüsusi il oldu. Həmin ilin iyul ayında Ermənistan silahlı qüvvələri Tovuz istiqamətində təxribata cəhd etdilər. Bu zaman Azərbaycan Silahlı Qüvvələri təxribat cəhdinin qarşısını qətiyyətlə aldı. Düşmənə sarsıdıcı zərbə vuran ordumuz 2020-ci il sentyabrın 27-də ermənilərin növbəti təxribatından sonra Ali Baş Komandan İlham Əliyevin göstərişi ilə əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi nəticəsində 30 ilə yaxın işğal altında qalan torpaqlarımız düşmən tapdağından azad edildi. Vətən müharibəsi ilə qəhrəman əsgərlərimiz düşmən ordusunu tamamilə məhv etdilər. Bu qələbə ilə şəhidlərimizin qanı yerdə qalmadı, onların qisası alındı.
2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında Zəfər paradı keçirildi. Paradda Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev və qardaş Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan da iştirak etdilər. Paradda 3 000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, eləcə də hərbi gəmi və katerlərin nümayişi oldu.
Paradda, həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş etdirildi. Döyüşlərdə qənimət götürülmüş istifadəyə yararlı texnikalar – “KamAZ” markalı avtomobilin qoşqusunda “D-30”, “Ural” markalı avtomobilin qoşqusunda “D-20” topları, qoşqu üzərində zenit qurğuları, “ŞİLKA”, “OSA-1T”, “KUB” zenit-raket kompleksləri, piyadaların döyüş maşınları (PDM), “T-72” tankları, eləcə də istifadəyə yararsız texnikalar – zirehli “UAZ Patriot”, “UAZ Hunter” minik, “ZİL-131”, “Ural”, “KamAZ” markalı yük avtomobilləri, 122 millimetrlik “Qvozdika” özüyeriyən artilleriya qurğusu, BM-21 “Qrad” qurğuları, PDM-1 və PDM-2 texnikaları, “T-72” tankları qəhrəman Azərbaycan Ordusunun düşmənə sarsıdıcı zərbələr vurduğunun əyani təsdiqidir.
2021-ci il aprelin 12-də Bakıda Hərbi Qənimətlər Parkının açılışı oldu. Bu gün də Vətən müharibəsində ordumuzun ələ keçirdiyi düşmənə məxsus hərbi qənimətlər bu parkda nümayiş etdirilir.
2023-cü il sentyabrın 19-da Azərbaycan Üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə antiterror əməliyyatına başladı.
Bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində bölgədə qalan Ermənistan silahlı qüvvələri tam tərksilah edilərək Azərbaycan ərazisindən çıxarıldı, qondarma rejimin qalıqları isə onun ləğv olunduğunu elan etdi. Azərbaycan öz ərazisində separatçılığa, “boz zona”ya son qoydu. Bununla da Azərbaycan Respublikasının dövlət suverenliyi tam bərpa edildi.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndi şəhərində, Xocalı şəhərində, Xocalı rayonunun Əsgəran qəsəbəsində, Xocavənd şəhərində və Ağdərə şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı.
Hazırda Azərbaycan bayrağı Şuşada, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Laçında, Kəlbəcərdə, Ağdamda, Xankəndidə, Xocalıda – bütün Qarabağda və Şərgi Zəngəzurda dalğalanır.
2023-cü il noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirildi. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev paradda çıxış edərək dedi: “Bu günü bizə bəxş edən müzəffər Silahlı Qüvvələrimiz döyüş meydanında cəsarət, qəhrəmanlıq, fədakarlıq göstərərək düşməni bizim əzəli torpaqlarımızdan qovmuşdur. Bu, böyük tarixi hadisədir”.
Tarixi zəfərdən sonra Prezident İlham Əliyevin sərəncamı ilə noyabrın 8-i Azərbaycanda Zəfər Günü kimi qeyd edilir.
Hazırda maddi-texniki təchizat və döyüş qabiliyyəti baxımından Azərbaycan Silahlı Qüvvələri Cənubi Qafqazın ən güclü ordusudur.