Category: Ordu

  • Sabah hərbi qulluqçuların nizami yürüşü və orkestrlərin çıxışı təşkil ediləcək

    26 iyun – Silahlı Qüvvələr Günündə Bakı, Sumqayıt, Gəncə, Şuşa şəhərləri və Bərdə rayonunun mərkəzi küçə və prospektlərində hərbi qulluqçuların yürüşləri və orkestrlərin nümunəvi çıxışları təşkil olunacaq.

    Bu barədə Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, Hərbi qulluqçular iyunun 26-sı saat 10:00-dan 12:00-dək aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:

    – Heydər Əliyev sarayı – Bülbül prospekti – Nizami Kino Mərkəzi – Neftçilər prospekti – Azadlıq meydanı – “AMAY” ticarət mərkəzi;
    – Şəhidlər Xiyabanı – “Alov Qüllələri” Kompleksi – “İçərişəhər” metrostansiyası – Qala qapısı – Azərbaycan Dövlət Kukla teatrı – Azneft dairəsi – Bəhram Gur heykəli;
    – Qəzənfər Musabəyov parkı – Əbdürrəhim bəy Haqverdiyev küçəsi – Hüseyn Cavid prospekti – Hüseyn Cavid parkı – Parlament prospekti – Şəhidlər Xiyabanı;
    – “Olimpik Star” İdman və Əyləncə Mərkəzi – Səməd Vurğun küçəsi – Zabitlər parkı – Bakı Dövlət Sirki – Heydər Əliyev Sarayı – İmadəddin Nəsimi heykəli – Neftçilər prospekti;
    – Nəriman Nərimanov heykəli – Mərkəzi park – Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı – Qış parkı – Heydər Əliyev sarayı – Azərbaycan Respublikasının Mərkəzi Bankı – 28 Mall Ticarət Mərkəzi;

    – Sumqayıt Dənizkənarı Bulvar ərazisi;
    – Gəncə, Şuşa şəhərləri və Bərdə rayonunun mərkəzi küçə və prospektləri;
    Həmin gün saat 19:00-dan 21:00-dək müəyyən edilmiş yerlərdə orkestrlərin nümunəvi çıxışları olacaq:
    – Heydər Əliyev parkı (Heydər Əliyev sarayının qarşısı);
    – Azneft dairəsindəki Dövlət Bayrağı Meydanı;
    – Muzey Mərkəzi (Dənizkənarı Bulvar fontanının qarşısı);
    – Zabitlər parkı;
    – Koroğlu parkı;
    – Sumqayıt Dənizkənarı Bulvarda Bayraq meydanı;
    – Fəvvarələr meydanı.

  • Ordumuzun Kəlbəcərdəki mövqeləri atəşə tutuldu

    “İyunun 22-si saat 13:00-da Kəlbəcər rayonunun Mollabayramlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərimiz Ermənistan silahlı qüvvələrinin üzbəüz istiqamətdəki mövqelərindən atıcı silahlardan yenidən atəşə tutulub”.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    “Azərbaycan Ordusunun qeyd olunan istiqamətdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb”, – məlumatda deyilir.

  • Azərbaycan Ordusunun Kəlbəcərdəki mövqeləri atəşə tutulub

    İyunun 21-i saat 12:25-dən 15:35-dək Kəlbəcər rayonunun Mollabayramlı yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri Ermənistan silahlı qüvvələrinin üzbəüz istiqamətdəki mövqelərindən atəşə tutulub.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Qeyd olunub ki, Azərbaycan Ordusunun qeyd olunan istiqamətdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

  • Azərbaycan iki erməni hərbçinin qalıqlarını Ermənistana təhvil verib

    Azərbaycan iyunun 21-də 2022-ci ilin sentyabrında ölən iki Ermənistan hərbçisinin qalıqlarını İrəvana təhvil verib.

    Bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) Mətbuat Xidməti məlumat verib.

    “İyunun 21-də Azərbaycan tərəfi 2022-ci ilin sentyabrında iki günlük döyüşlər zamanı ölən iki erməni hərbçisinin qalıqlarını Ermənistan tərəfinə təhvil verib”, – deyə Ermənistan MTX-nin yaydığı mətndə qeyd olunur.

  • Azərbaycanın dörd hərbçisi Türkiyədə paraşütdən tullanma təlimlərini başa vurub

    Azərbaycan Ordusunun 4 hərbçisi Türkiyədə paraşütdən tullanma təlimlərini başa vurub.

    Median.Az report-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.

    Qeyd olunub ki, İkinci Baş Reaktiv Baza Şəxsi Heyət Xilasetmə (PK) Təlim Komandanlığının məsuliyyəti altında keçən təlimləri həmçinin 31 kursant bitirib.

  • MN: “Yeni müharibəyə görə məsuliyyəti Ermənistan rəhbərliyi və Makron diktaturası daşıyacaq”

    Azərbaycan Müdafiə Nazirliyi media vasitələrində Fransa ilə Ermənistan arasında “Caesar” özüyeriyən artilleriya qurğularının alqı-satqısı barədə kontraktın imzalandığı haqqında yayılan məlumatlara münasibət bildirib.

    Müdafiə Nazirliyi bu barədə geniş məlumat yayıb.

    Açıqlamada deyilir ki, Azərbaycan tərəfinin xəbərdarlığına rəğmən Fransanın Ermənistanı öldürücü və hücum təyinatlı artilleriya qurğuları və digər silah növləri ilə təchiz etməsi Fransanın Cənubi Qafqaz regionunda təxribatçı fəaliyyət aparmasının növbəti sübutudur.

    MN qeyd edib ki, Fransa Müdafiə Nazirliyi keçən ilin oktyabrında verdiyi açıqlamasında Ermənistana tədarük edilən hərbi texnikanın müdafiə xarakteri daşıdığını iddia etsə də, hazırkı hərbi sövdələşmə ilə Ermənistanın öldürücü silahlarla təchiz edilməsi Fransa rəhbərliyinin riyakarlığının növbəti təzahürüdür:

    “Cənubi Qafqaz regionunda militarizasiya və geosiyasi intriqa siyasəti yürüdən Makron rejimi Ermənistan ilə Azərbaycan arasında normallaşmaya və regionda davamlı sülhün təmin olunmasına maneə olur. Bu kimi destruktiv və qərəzli siyasətinə görə normallaşma və regional proseslərdən kənarda qalan Fransanın indiki rəhbərliyi bunu Azərbaycana bağışlaya bilmir və ona görə də pozucu siyasətini davam etdirir.

    Ermənistan Azərbaycana qarşı hərbi təcavüz və işğal törətmiş dövlətdir. BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Fransa tərəfindən qanlı hərbi təcavüz törətmək təcrübəsi olan Ermənistanın yenidən silahlandırılması və Ermənistan rəhbərliyinin revanşizm siyasətini dəstəkləməsi siyasi məsuliyyətsizlik olmaqla bərabər yeni müharibəyə aparan yoldur.

    Müstəmləkəçi imperiya olaraq Fransanın tarixən dünyanın müxtəlif yerlərində müharibə və münaqişə ocaqları yaratmaq kimi ikrah doğuran zəngin təcrübəsi vardır. Yeni Kaledoniya və digər dənizaşırı müstəmləkə ərazilərində baş verən proseslər, yerli xalqların istismara məruz qoyulması, təbii sərvətlərinin talanması, irqçi siyasət nəticəsində həmin ərazilərin demoqrafik tərkibinin dəyişdirilməsi, etiraz aksiyalarının qan və silah gücünə yatırılması Makron rejiminin əsl mahiyyətinin göstəricisidir. Utancverici müstəmləkə irsinin qalığı olan bu kimi köklü problemləri həll etmək və neokolonializmə son qoymaq əvəzinə Fransa Azərbaycana qarşı çirkli təbliğat və dezinformasiya kampaniyası aparır”.

    “Bəyan edirik ki, Cənubi Qafqaz regionunda vəziyyətin gərginləşməsinə və yeni müharibə ocağının yaranmasına görə məsuliyyəti tam şəkildə revanşist siyasət yürüdən Ermənistan rəhbərliyi və Makron diktaturası daşıyacaqdır”, – Nazirlikdən bildirilib.

  • Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 14 il ötür

    Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun torpaqlarımızın müdafiəsi uğrunda canından keçərək şəhidlik zirvəsinə yüksəlməsinin növbəti ildönümüdür.

    Onun şəhidlik zirvəsinə yüksəlməsindən 14 il ötür.

    Mübariz Ağakərim oğlu İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. 2005-ci ildə şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbində orta təhsilini başa vurmuş Mübariz həmin il həqiqi hərbi xidmətə çağırılıb. Həqiqi hərbi xidmətini Daxili Qoşunların “N” saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub. Bir müddət mülki işlərdə çalışdıqdan sonra 2009-cu ilin avqustunda yenidən gizir rütbəsində hərbi xidmətə başlayıb. Daha sonra könüllü olaraq cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmətini davam etdirib.

    M.İbrahimov 2010-cu ilin iyunun 18-dən 19-na keçən gecə Tərtərin Çaylı istiqamətində gedən qeyri-bərabər döyüşdə düşmənin xeyli canlı qüvvəsini məhv edib, bir neçəsini isə yaralayıb. O, bir kilometrlik minalanmış sahəni keçərək Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilmədən birinci həmlədə məhv edib. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək beş saat onlarla təkbətək döyüşüb. Düşməni ağır itkilərə məruz qoyub, onların zəif cinahlarını üzə çıxarıb. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə şəhid olub.

    Hərbçimizin meyitini qaytarmaqdan Ermənistan tərəfi uzun müddət boyun qaçırıb və 141 gün saxlayıb. Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Həştərxan görüşündən sonra Ermənistan noyabrın 6-da gizir Mübariz İbrahimovun, həmçinin şəhid baş leytenant Fərid Əhmədovun meyitlərini Azərbaycana təhvil verib.

    2010-cu ilin noyabrın 7-də Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində M.İbrahimovla vida mərasimi keçirilib. M.İbrahimov 7 noyabr 2010-cu ildə II Fəxri xiyabanda dəfn olunub.

    İgidimizin göstərdiyi rəşadət dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyev tərəfindən yüksək qiymətləndirilib.

    Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Milli Ordusunun giziri Mübariz Ağakərim oğlu İbrahimova Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün müdafiəsində müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə “Azərbaycanın Milli Qəhrəmanı” adının (ölümündən sonra) verilməsi və xatirəsinin əbədiləşdirilməsi barədə sərəncamlar imzalayıb.

  • Naxçıvan istiqamətində mövqelərimiz yenidən atəşə tutulub

    İyunun 14-ü saat 7:15-də Ermənistan silahlı qüvvələrinin bölmələri Soylan rayonunun Xaçik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Axura yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.

    Xatırladaq ki, iyunun 12-si və 13-də Naxçıvandakı mövqelərimiz atəşə tutulmuşdu.

  • Azərbaycan Ordusunun Naxçıvan istiqamətindəki mövqeləri atəşə tutulub

    İyunun 13-ü saat 19:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yuxarı Buzqov yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

    Median.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.

  • Azərbaycan və İran birgə antiterror təlimləri keçiriblər

    Azərbaycan və İran Silahlı Qüvvələrinin xüsusi təyinatlı bölmələri İranın Qərbi Azərbaycan əyalətində birgə antiterror təlimləri keçiriblər.

    Bu barədə İslam Respublikası Ordusunun Quru Qoşunları komandanının müavini, general-mayor Kərim Çeşak məlumat verib.

    “İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında əldə olunmuş razılaşmalara əsasən, terrorçu qruplar tərəfindən təhlükə altında olan Araz çayı bəndinin təhlükəsizliyini təmin etmək məqsədilə Qərbi Azərbaycan əyalətində xüsusi təyinatlılar batalyonunun iştirakı ilə bir günlük antiterror təlimi keçirilib”, – o bildirib.

    General-mayor qeyd edib ki, təlim pilotsuz uçuş aparatları və helikopterlərin iştirakı ilə kəşfiyyat əməliyyatı, sərhəd patrul əməliyyatları, pusquların təşkili, artilleriya və hava zərbələrinin tətbiqi ilə bağlı dörd mərhələdən ibarət olub.

    “Bu manevrlərin həyata keçirilməsi ikitərəfli münasibətlərin möhkəmlənməsinə və regionda təhlükəsizliyin təmin olunmasına kömək edir”, – o əlavə edib.

    Xatırladaq ki, mayın 19-da İran və Azərbaycan Prezidentləri İbrahim Rəisi və İlham Əliyevin iştirakı ilə İran-Azərbaycan sərhədində Araz çayı üzərində yerləşən “Xudafərin” və “Qız-Qalası” su elektrik kompleksləri istifadəyə verilib.

    Mənbə: TASS