Category: Ordu

  • Üç rayonumuz atəşə tutuldu

    İyunun 12-si saat 10:05-dən 17:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Havuş, Ordubad rayonunun Nürgüt, Şahbuz rayonunun Güney Qışlaq yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini bir neçə dəfə atıcı silahlardan atəşə tutub.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətlərdə cavab tədbirləri görülüb.

  • Rusiya sülhməramlıları Xocalını tərk edir

    Xocalı hava limanında Rusiya sülhməramlı kontingentinin missiyasının başa çatmasına həsr olunmuş təntənəli mərasim keçirilib.

    “Report”un əldə etdiyi görüntülərə əsasən, mərasimdən sonra sülhməramlılara məxsus hərbi texnika bölgəni tərk edib.

    Xatırladaq ki, aprelin 17-də Azərbaycanın Qarabağ bölgəsindəki Rusiya sülhməramlı kontingentinin çıxarılmasına başlanılıb.

    Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib.

  • Nəşi tapılan hərbçimizlə bağlı RƏSMİ AÇIQLAMA (Yenilənib)

    Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Ceyhun Tofiq oğlu Hüseynovun ölüm faktı əsasında Naxçıvan hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, eləcə də izahatlar alınıb və digər hərəkətlər icra edilib.

    Bu barədə Hərbi Prokurorluqdan məlumat verilib.

    Bildirilib ki, fakt üzrə Naxçıvan hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilərək icraya yönəldilmiş və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.

    Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.

    * * * * *

    İyunun 9-da naməlum şəraitdə itkin düşmüş Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Ceyhun Tofiq oğlu Hüseynovun nəşi bu gün səhər saatlarında Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində aşkar edilib.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, hazırda faktla bağlı araşdırma aparılır.

  • Gürcüstanın müdafiə naziri Azərbaycanda səfərdədir

    Gürcüstanın müdafiə naziri İrakli Çikovani Azərbaycanda rəsmi səfərdədir.

    Bu barədə Gürcüstanın Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, səfər çərçivəsində o, azərbaycanlı həmkarı Zakir Həsənovla görüşəcək.

    Gürcüstanın müdafiə naziri Fəxri xiyabanda Azərbaycanın ümummilli lideri Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın xatirəsini ehtiramla yad edib, məzarları önünə əklil qoyub.

    Gürcüstan nümayəndə heyəti Bakıda Şəhidlər xiyabanını da ziyarət edib, “Əbədi məşəl” abidəsi önünə də əklil qoyub.

  • Naxçıvanda hərbi vəzifəlilərin təlim toplanışı keçirilir – VİDEO

    Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsi ilə birgə tədbirlər çərçivəsində hərbi hissələrdə bir qrup hərbi vəzifəlinin cəlb edildiyi təlim toplanışı keçirilir.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Qeyd olunub ki, ehtiyatdan çağırılan hərbi vəzifəlilər müvafiq qeydiyyatdan və həkim müayinəsindən keçdikdən sonra hərbi geyim və digər təminat növləri ilə təmin olunublar.

    Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışının əsas məqsədi hərbi hissələrin döyüş qabiliyyətinin daimi yüksək səviyyədə saxlanılması, səfərbərlik zamanı və müharibə (silahlı münaqişə) dövründə ordu sıralarına ehtiyatdan hazırlıqlı şəxsi heyətin çağırılması, eyni zamanda hərbi vəzifəlilərin döyüş vərdişlərini, hərbi ixtisas və təcrübələrini təkmilləşdirmək, habelə silahlanmaya qəbul edilmiş müasir silah və texnikanın istismar qaydalarını öyrətməkdən ibarətdir.

    Toplanış çərçivəsində hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin artırılması, eləcə də bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə müxtəlif ixtisaslar üzrə nəzəri və praktiki məşğələlər keçiriləcək.

  • Azərbaycan Ordusunun hərbi qulluqçusu itkin düşdü

    Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Hüseynov Ceyhun Tofiq oğlu iyunun 9-da Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində naməlum şəraitində itkin düşüb.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Hərbi qulluqçumuzun axtarışı ilə bağlı zəruri tədbirlər görülür.

  • Üç ölkənin xüsusi təyinatlılarının Bakıdakı təlimindən görüntülər – VİDEO

    Azərbaycan, Türkiyə və Gürcüstanın xüsusi təyinatlı qüvvələrinin iştirakı ilə Bakıda keçirilən “Qafqaz Qartalı – 2024” təlimində qarşıya qoyulan tapşırıqlar uğurla icra olunur.

    Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

    Qeyd edilib ki, təlimin ssenarisinə əsasən, həyəcan siqnalı ilə qaldırılan xüsusi təyinatlılar şərti düşmənin vacib strateji və hərbi obyektlərinə basqın məqsədilə təyin olunmuş məntəqələrə doğru hərəkət edib, əlverişli mövqelərin tutulması üzrə tapşırıqları yerinə yetiriblər.

  • Azərbaycan Ordusunda silah və texnika yay mövsümündə istismar rejiminə keçirilir – VİDEO

    Azərbaycan Ordusunun bütün qoşun növləri, hərbi hissə və bölmələrində silah, döyüş və xüsusi texnikanın yay mövsümünə keçirilməsi üzrə kompleks tədbirlər keçirilir.

    Bu barədə Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, hərbi hissələrdə fəaliyyət göstərən texniki xidmət məntəqələrində yay mövsümündə silah və texnikanın fasiləsiz, dayanıqlı istismarını təmin etmək məqsədilə iqlim şəraitinin xüsusiyyətləri də nəzərə alınmaqla yanacaq-sürtkü materialları dəyişdirilir, elektrik sistemlərinin vəziyyəti yoxlanılır, eləcə də onlara planlı şəkildə mövsümi qulluq göstərilir.

    Bundan başqa, şəxsi heyətə mövsümə uyğun texnikanın istismarı qaydaları öyrədilir və təhlükəsizlik tədbirləri üzrə tələblər çatdırılır.

  • Azərbaycan Ordusunun geyim forması dəyişdi – FOTO

    Azərbaycan Ordusunun səhra geyim forması dəyişib.

    “Report”un əldə etdiyi məlumata görə, yeni tətbiq olunan forma Quru Qoşunları, Hərbi Hava Qüvvələrinə şamil edilib.

    Müdafiə Nazirliyindən məlumatı təsdiqləyiblər.

  • Azərbaycan Ordusunun hərbçisi faciəvi şəkildə vəfat edib

    Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Elvin Daşdəmir oğlu Eyvazov Samur-Dəvəçi-Abşeron su kanalında boğularaq vəfat edib.

    Müdafiə Nazirliyindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.

    “Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir”, – məlumatda qeyd olunub.