Category: Ordu

  • Hərbi Polis İdarəsinin şəxsi heyəti ilə döyüş hazırlığı məşqləri keçirildi – VİDEO

    2024-cü ilin hazırlıq planına əsasən, Hərbi Polis İdarəsinin şəxsi heyəti ilə döyüş hazırlığı üzrə məşqlər keçirilib.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Ölkəmizdə səfərdə olan Gürcüstan Respublikası Müdafiə Nazirliyinin Hərbi Polis Departamentinin rəisi polkovnik Şalva Şenqelianın rəhbərlik etdiyi nümayəndə heyəti döyüş hazırlığı məşqlərini izləyib.

    Əvvəlcə hərbi qulluqçulara Müdafiə Nazirliyi rəhbərliyinin tədris dövrü ərzində, xüsusilə azad edilmiş ərazilərdə, hərbi polis bölmələrinin komendant xidməti fəaliyyətinin daha keyfiyyətli təşkili və sayıqlığın artırılması, həmçinin müvafiq dövlət qurumları ilə qarşılıqlı fəaliyyətin təşkilinə dair tələb və göstərişləri çatdırılıb.

    Döyüş hazırlığı məşqlərinə cəlb edilən hərbi polis bölmələri nəzarət-buraxılış məntəqələrində patrul xidmətinin təşkili, hərbi obyektlərin mühafizəsi, hərbi nəqliyyat vasitələrinin hərəkətinin istiqamətləndirilməsi, kolonların təhlükəsiz hərəkətinin təmin edilməsi barədə təlimatlandırılıb.

    Sonra həyəcan siqnalı ilə qaldırılan şəxsi heyət kolonla təyin edilmiş məntəqələrə doğru hərəkət edib.

    Təlimin planına əsasən, terrorçuların zərərsizləşdirilməsi və əsir götürülmüş mülki vətəndaşların azad edilməsi, yaralılara ilkin tibbi yardımın göstərilməsi və təxliyəsi üzrə tapşırıqlar yüksək peşəkarlıqla yerinə yetirilib.

    Təlim zamanı əsas diqqət döyüş əməliyyatları gedən ərazilərdə mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi, əsir və girovların azad edilməsi, həmçinin hərbi əsirlərlə davranış zamanı fəaliyyətlərin Cenevrə Konvensiyalarının tələblərinə uyğun təkmilləşdirilməsinə yönəldilib.

    Sonda döyüş hazırlığı məşqlərində fərqlənən bir qrup hərbi qulluqçu mükafatlandırılıb.

  • Hərbçilərin əmək pensiyasına buraxılması ilə bağlı YENİLİKLƏR GÖZLƏNİLİR

    Hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldığı gündən təyin oluna bilər.

    “Report” xəbər verir ki, bu, “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişiklik layihəsində öz əksini tapıb.

    Belə ki, “Əmək pensiyaları haqqında” qanunu ilə hərbi xidmətə yenidən qəbul edildiyi tarixdən ən azı 72 ay xidmət etmiş şəxslərin, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə hərbi xidmətə bərpa edilmiş şəxslərin, hərbi xidmət vəzifələrini yerinə yetirərkən həlak olmuş şəxslərin və ali zabit heyətinə aid şəxslərin əmək pensiyasının yenidən hərbi xidmətə qəbul edilməsi ilə əmək pensiyasının sonuncu təminat xərcliyinə görə yenidən hesablanması mümkün olmuşdur. Bu redaksiyanın Qanunda mətn üzrə aidiyyəti maddələrdə göstərilməməsi bu şəxslərin əmək pensiyasının yenidən hesablanmasında çətinlik yaradır. Odur ki, bu şəxslərin əmək pensiyasının yenidən hesablanmasnın dəqiqləşdirilməsi üçün dəyişiklik təklif olunur.

    Bundan əlavə, qanunun 9.5.2-ci və 20.14.2-ci maddələrində müvafiq olaraq “25 təqvim ili” ifadəsindən əvvəl “buraxıldığı günə” sözlərinin əlavə edilməsində məqsəd şəxsin hərbi xidmətdə qalmasını təşviq etmək, eləcə də daha çox xidmət edən hərbi qulluqçu ilə qeyd olunan maddələrə əsasən daha az xidmət edən və pensiya hüququ əldə edən hərbi qulluqçuların pensiya məbləğləri arasında ədaləti qorumaqdır.

    Belə ki, qanunun 20.14.1-ci maddəsinə əsasən hərbi xidmətdən buraxıldığı günə 20 təqvim ili hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin 50 faizi miqdarında pensiya verilir. Əgər, hərbi xidmətdən yaşa görə buraxılmış və buraxıldığı günə 12 il 6 ay hərbi xidmət keçmiş, həmin tarixə 25 il ümumi iş stajı olmayan, lakin sonradan işləyərək bu tələbi tamamlayan şəxslərə də hərbi qulluqçu kimi pensiya hüququ yaradılarsa, onda bu Qanunun 20.14.2-ci maddəsinə əsasən həmin şəxslərə də müvafiq təminat xərcliyinin 50 faizi miqdarında pensiya verilməli olduğu anlaşıla bilər.

    Göründüyü kimi, bu 20 təqvim ili və daha çox hərbi xidmət etmiş şəxs ilə 12 il 6 ay hərbi xidmət etmiş şəxsin pensiya təminatları fərqləndirilmiş və nəticə etibarı ilə hərbi qulluqçuların hərbi xidmətdə qalması təşviq edilmişdir. Bu dəqiqləşdirici düzəliş olduğundan maliyyə yükü yaranmayacaq.

    Həmçinin, “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişiklik layihəsində Azərbaycanda hərbi qulluqçulara müvafiq təminat xərcliyinin 70 faizi həcmində əmək pensiyasının ödənilməsi təklif olunur.

    Yeni dəyişikliyə əsasən, digər səbəbdən əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara müvafiq təminat xərcliyinin 70 faizi həcmində əmək pensiyasının ödənilməsi təklif olunur.

    Bu dəyişiklik 186 nəfəri əhatə edəcək və illik əlavə maliyyə yükü 112 min manat olacaq.

    Xatırladaq ki, əlilliyi olan hərbi qulluqçulardan xidməti vəzifələri yerinə yetirməklə bağlı olmayan əlilliyi olan şəxslərə orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə müvafiq təminat xərcliyinin – 60 faizi, orqanizmin funksiyalarının 61 – 80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 55 faizi, orqanizmin funksiyalarının 31 – 60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 35 faizi miqdarı həcmində əmək pensiyası ödənilir.

    Digər dərəcələr arasında 20 faiz fərq olduğu halda, orqanizmin funksiyalarının 61 – 80 faiz və 31 – 60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə pensiya məbləği hesablanan təminat xərcliyi arasında cəmi 5 faiz fərq mövcuddur. Eyni zamanda, müharibə ilə əlaqədar əlilliyi olan hərbi qulluqçuların orqanizmin funksiyalarının 81 – 100 faiz pozulmasına görə əlilliyi müəyyən edildikdə, müvafiq təminat xərcliyinin 100 faizi, 61 – 80 faiz pozulmasına görə 80 faizi həcmində əmək pensiyası ödənilir. Burada isə şəxslərə pensiya məbləği hesablanan təminat xərcliyi arasında 20 faiz fərq var.

    Ədalətin və analoji yanaşmanın tətbiq edilməsi məqsədilə digər səbəbdən əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara müvafiq təminat xərcliyinin 70 faizi həcmində əmək pensiyasının ödənilməsi təklif olunur.

  • Artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilir – VİDEO

    Quru Qoşunlarının 2024-cü il üçün hazırlıq planına əsasən, artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilir.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, təlimin planına uyğun olaraq, daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılan bölmələr atəş mövqelərinin tutulması, qurğuların döyüş tətbiqinə hazırlanması üzrə tapşırıqları yerinə yetiriblər.

    Həmçinin silahlanmada olan universal radiolokasiya komplekslərindən və pilotsuz uçuş aparatlarından istifadə etməklə şərti düşmən fəaliyyətinin izlənilməsi, ona məxsus artilleriya vasitələri ilə mübarizənin aparılması, eləcə də hava kəşfiyyat cihazlarının aşkar edilərək xüsusi texniki vasitələrlə endirilməsi üzrə tapşırıqlar da müvəffəqiyyətlə icra olunub.

    Təlimin keçirilməsində əsas diqqət hərbi qulluqçuların bilik və bacarıqlarının artırılmasına, komandir heyətinin artilleriya bölmələrinin idarəedilməsi vərdişlərinin təkmilləşdirilməsinə, döyüş əməliyyatları zamanı digər qoşun növləri ilə qarşılıqlı əlaqənin təşkilinə yönəldilib.

  • Bu gün vəfat edən hərbçimizin FOTOSU – YENİLƏNİB

    Azərbaycan Ordusunun hərbi qulluqçusu Sənan Kərəm oğlu Hüseynov vəfat edib.

    Oxu.az Sənan Hüseynovun fotosunu əldə edib.

    Həmin fotonu təqdim edirik:


    * * * * *

    Azərbaycan Ordusunun hərbi qulluqçusu Sənan Kərəm oğlu Hüseynovun kəskin ürək çatışmazlığı, ürəyin işemik xəstəliyi, miokard infarktından vəfat edib.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, xidmətdən kənarda baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.

    Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.

  • Baş nazirdən həqiqi hərbi xidmətə çağırışla bağlı QƏRAR

    Azərbaycan Respublikası vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırışı üzrə Mərkəzi Çağırış Komissiyasının tərkibi genişləndirilib.

    Baş nazir Əli Əsədov bununla bağlı müvafiq qərar imzalayıb.

    Qərara əsasən, Komissiyanın üzvləri sırasına aşağıdakı bəndlər əlavə edilib:

    – Azərbaycan Respublikası xarici işlər nazirinin müavini;

    – Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini;

    – Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini – Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini.

  • Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib – VİDEO

    Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2024-cü ilin hazırlıq planına uyğun olaraq, mayın 10-da Azərbaycan Ordusunda gənc əsgərlərin andiçmə mərasimləri keçirilib.

    Müdafiə Nazirliyindən bildirilib ki, andiçmə mərasimlərində hərbi orkestrin müşayiəti ilə döyüş bayrağı təntənəli surətdə sıra meydanına gətirildikdən sonra tədbirlər açıq elan olunub.

    Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

    Gənc əsgərlər təntənəli surətdə Hərbi andı qəbul edərək Vətənə sadiq olacaqlarına söz veriblər.

    Tədbirlərdə çıxış edənlər gənc əsgərlərə Vətənə, dövlətə və Ali Baş Komandana, hərbi anda sadiq olmalarını, nümunəvi, nizam-intizamlı xidmət etməyi, silah və texnikanın sirlərini dərindən öyrənərək döyüş qabiliyyətlərini daim artırmalarını, komandir-rəis heyətinin əmr və sərəncamlarını dəqiq və vaxtında yerinə yetirmələrini, torpaqlarımızın müdafiəsi naminə döyüşə hər an hazır olmalarını tövsiyə ediblər.

    Sonda hərbi qulluqçular təntənəli marşla tribunaların önündən keçiblər.

  • Azərbaycan hərbçilərinin Türkiyədəki təlimindən görüntülər – VİDEO

    Türkiyənin Konya şəhərində keçirilən “Anadolu Ankası – 2024” beynəlxalq axtarış-xilasetmə təlimi davam edir.

    Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

    Bildirilib ki, təlimin növbəti günündə iştirakçılara təhlükəsizlik qaydaları, yerinə yetiriləcək tapşırıqlar və onların icra ardıcıllığı, axtarış-xilasetmə tədbirinin görüləcəyi ərazinin relyefi, quruluşu və iqlimi ilə bağlı zəruri məlumatları əks etdirən brifinq təqdim edilib.

    Təlimin planına əsasən, ərazinin vizual müşahidəsi aparılmaqla şərti düşmən obyekti qiymətləndirilib, daha sonra onun avtomobil kolonu pusquya salınıb və terror qruplaşmasının üzvləri ələ keçirilib.

    Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu və aviasiya vasitələrinin də iştirak etdiyi təlimin keçirilməsində əsas məqsəd hərbi qulluqçuların bilik və bacarıqlarının təkmilləşdirilməsi, o cümlədən iştirakçı ölkələrin hərbi qulluqçuları arasında qarşılıqlı uzlaşma və təcrübə mübadiləsinin təmin edilməsidir.

  • Hərbi vəzifəlilərin təlim toplanışı davam edir – VİDEO

    Müdafiə Nazirliyinin 2024-cü il üçün hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində hərbi hissələrdə bir qrup hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı davam edir.

    Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

    Toplanış məntəqəsinin qərargahında müvafiq qeydiyyatdan və həkim müayinəsindən keçən hərbi vəzifəlilər hərbi geyim, həmçinin digər təminat növləri ilə təmin olunurlar.

    Hərbi vəzifəlilərlə maarifləndirici söhbətlər aparılır, onlara təhlükəsizlik qaydaları çatdırılır, eləcə də sıra hazırlığı üzrə məşğələlər keçirilir.

    Təlim toplanışı çərçivəsində plana uyğun olaraq, hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin, bilik və bacarıqlarının artırılması, təlim sahəsində praktiki vərdişlərinin təkmilləşdirilməsi məqsədilə müxtəlif tapşırıqlar icra ediləcək.

  • Azərbaycanın hücum təyyarələri beynəlxalq təlimdə iştirak edəcək

    “Anatolian Phoenix – 2024” beynəlxalq axtarış-xilasetmə təlimlərində iştirak edəcək Azərbaycan Ordusunun hərbi qulluqçuları və aviasiya vasitələri Türkiyə Respublikasının Konya şəhərinə gediblər.

    Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

    Qeyd edilib ki, müxtəlif ölkələrin hərbçilərinin iştirakı ilə keçiriləcək təlimlərdə Azərbaycanı Hərbi Hava və Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçuları təmsil edəcək.

    Mayın 17-dək davam edəcək hərbi təlimlərdə Azərbaycan HHQ-nin 2 ədəd Su-25 hücum təyyarəsi də iştirak edəcək.

  • Tank bölmələrimizin döyüş hazırlığı yoxlanılır – VİDEO

    2024-cü ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunun tank bölmələri ilə intensiv döyüş hazırlığı üzrə məşğələlər keçirilir.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Ümumqoşun təlim poliqonunda keçirilən məşğələlər zamanı ərazidə təbii və süni maneələrin dəf edilməsi, döyüş maşınlarının idarə olunması, şərti düşmən üzərinə dərinlikdən irəliləməklə hücum üzrə çalışmalar yerinə yetirilib.

    Həmçinin zirehli texnikanın üzərinə quraşdırılmış silahdan aşkar olunan hədəflərin yerindən və hərəkətdə məhv edilməsi üzrə qarşıya qoyulan tapşırıqlar da icra olunub.

    Hərbi qulluqçuların döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən məşğələlərdə tankçılarımız yüksək peşəkarlıq nümayiş etdirirlər.