Category: Ordu

  • “Artilleriya atəşinin ustaları” müsabiqəsində uğurla iştirak edən hərbçilərimiz vətənə dönüblər

    “Beynəlxalq Ordu Oyunları – 2021” yarışları çərçivəsində Qazaxıstan Respublikasının Qvardiya qarnizonunda keçirilən “Artilleriya atəşinin ustaları” müsabiqəsində iştirak edən artilleriyaçılarımız avqustun 4-də Bakıya qayıdıb.

    Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

    Qeyd edək ki, doqquz ölkəni təmsil edən artilleriyaçıların iştirak etdiyi müsabiqədə komandamız üçüncü yerə layiq görülüb.

    Azərbaycan Ordusunun zabiti polkovnik-leytenant Əhmədov Namiq “Ən yaxşı məşqçi”, gizir Orucov Elşadın rəhbərlik etdiyi heyət isə “Ən yaxşı heyət” nominasiyalarının qalibləri olub.

  • Şuşa istiqamətində mövqeyimiz atəşə tutuldu: Ermənilər itki verdi – RƏSMİ

    Sentyabrın 3-ü saat 01:00-dan 02:15-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən Şuşa istiqamətində yerləşən bölmələrimizdən birinin mövqeyi intensiv atəşə tutulub.

    Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan ordusunun hərbi qulluqçularının sayıqlığı və dərhal görülən tədbirlər nəticəsində qarşı tərəf itki verib və susdurulub.

    “Hadisə ilə bağlı Rusiya sülhməramlılarının komandanlığı və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi məlumatlandırılıb.

    Bildiririk ki, bu qəbildən olan təxribata cəhd göstərildiyi hallarda tərəfimizdən Azərbaycan Respublikasının qanunları çərçivəsində adekvat tədbirlərin görülməsi bundan sonra da qəti şəkildə təmin olunacaq”, – məlumatda qeyd edilir.

  • “TurAz Şahini – 2021” təlimlərinə yola düşən heyət Türkiyədədir

    “TurAz Şahini – 2021” təlimlərində iştirak edəcək Azərbaycan Hərbi Hava Qüvvələrinin heyəti Türkiyə Respublikasının Konya şəhərinə çatıb.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Hazırda təlimlərə hazırlıq məqsədilə heyətin yerləşdirilməsi, planlama və digər təşkilati məsələlərlə əlaqədar müvafiq tədbirlər həyata keçirilir.

    Qeyd edək ki, birgə təlimlərin sentyabrın 17-dək davam edəcəyi planlaşdırılır.

  • Ermənistanın Azərbaycan əsgərləri tərəfindən otlaqların yandırılması iddiasına CAVAB – RƏSMİ

    Ermənistan Ombudsmanının Azərbaycan əsgərləri tərəfindən sərhədyanı ərazilərdəki otlaq sahələrinin qəsdən yandırılması xəbəri yalan və böhtandır.

    Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

    Məlumatda qeyd olunur ki, bu, Ermənistan tərəfinin növbəti informasiya təxribatıdır.

  • MN: “Azərbaycanın hərbi qulluqçusu intihar edib”

    Bəzi KİV-də və sosial şəbəkələrdə Şuşa şəhəri istiqamətində hərbi qulluqçumuzun şəhid olması ilə bağlı qeyri-dəqiq məlumat yayılıb.

    Bu barədə Müdafiə Nazirliyindən bildirilib:

    “Qeyd edirik ki, əsgər Həziyev Çingiz Ramin oğlu xidmət etdiyi hərbi hissədə baş vermiş bədbəxt hadisə nəticəsində həlak olub.

    İlkin araşdırmalara görə, hərbi qulluqçu intihar edib və buna səbəb ailə-məişət problemləri olub. Müdafiə Nazirliyi etik qaydalara riayət edərək hadisənin təfərrüatını açıqlamır.

    Hazırda faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

    Müdafiə Nazirliyi bildirir ki, bəzi KİV-lər həqiqəti kobud şəkildə təhrif edərək ictimaiyyəti çaşdırır və bununla da düşmənin maraqlarına xidmət etmiş olur.

    Bir daha dəqiqləşdirilməmiş məlumatların yayılmasının yolverilməzliyini diqqətə çatdırırıq”.

  • Erməni silahlı qüvvələri Tovuz istiqamətində mövqelərimizi atəşə tutub – RƏSMİ

    Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 26-sı saat 22:20-də Şəmşəddin rayonunun Çinarlı kəndi ərazisində yerləşən mövqelərindən Tovuz rayonunun Koxanəbi kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini avtomat və pulemyotlardan istifadə etməklə atəşə tutub.

    Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.

    Cavab atəşilə qarşı tərəf susdurulub.

    Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

    Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

  • Daha bir erməni hərbçisinin meyiti təhvil verilib

    Qarabağda Vətən müharibəsi zamanı itkin düşmüş daha bir erməni hərbçinin meyitinin qalıqları tapılıb.

    Qeyd edilir ki, hərbi qulluqçuların meyitinin qalıqları Cəbrayılda aşkarlanıb. Meyitlərin şəxsiyyətinin müəyyənləşdirilməsi ilə bağlı məhkəmə-tibb ekspertizası təyin edilib.

    Bununla da Qarabağda aşkarlanan erməni meyitlərinin sayı 1 649-a çatıb.

  • Hərbçilərimiz “Tank biatlonu” müsabiqəsində ilk yarışa başlayıblar

    Tankçılarımız Rusiya Federasiyasının Moskva şəhərində “Beynəlxalq Ordu Oyunları-2021” yarışları çərçivəsində keçirilən “Tank biatlonu” müsabiqəsində ilk yarışa başlayıblar.

    Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan tankçıları müsabiqənin “Fərdi sürmə” mərhələsində Qazaxıstan, Belarus və Serbiyadan olan komandalarla birlikdə güclərini sınayıblar.

    Şərti hədəfləri sərrast atəşlə məhv edərək marşrut üzrə müəyyənləşdirilmiş məsafəni qət edən tankçılarımız öz qrupunda ikinci olub.

  • Kəlbəcər rayonu istiqamətində mövqelərimiz atəşə tutulub – RƏSMİ

    Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 24-ü saat 13:40-da Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan ordusunun mövqelərini avtomat və snayper tüfəngindən istifadə etməklə fasilələrlə atəşə tutub.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Azərbaycan ordusunun şəxsi heyəti arasında itki yoxdur.

    Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

  • Ermənistanda polislərə hücum etmiş 7 nəfərə ittiham irəli sürülüb

    Ermənistanda polislərə hücum etmiş 7 vətəndaşa qarşı ittiham irəli sürülüb.

    Bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.

    Bildirilib ki, 14 avqustda baş vermiş insident zamanı polislərə hücum etmiş 7 nəfərə xuliqanlıq, hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə və digər maddələr üzrə ittiham irəli sürülüb.

    Onlardan 4 nəfəri təqsirli bilinərək həbs edilib, 3 nəfərdən isə heç yerə getməmək barədə iltizam alınıb və hazırda istintaq davam etdirilir.

    Qeyd edək ki, 14 avqustda Dağ Borçalısı bölgəsində “Ford” markalı avtomobil qəzaya uğrayıb, nəticədə 2 nəfər ölüb. Yerli sakinlər qəzanın polis əməkdaşlarına görə baş verdiyini iddia ediblər və əraziyə toplaşıblar. Polislə vətəndaşlar arasında qarşıdurma və toqquşma yaranıb. Bir qrup sakin polis əməkdaşlarına hücum edib. Polis isə iddiaları təkzib edib.