Category: Ordu

  • Ermənilərin Naxçıvanı atəşə tutması nəticəsində mayorumuz yaralandı

    Bu gün Ermənistan silahlı qüvvələrinin bölmələri davamlı olaraq Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini və ətraf ərazilərini müxtəlif çaplı silahlardan atəşə tutduqdan sonra mövqelərin qarşısında və ətraf ərazilərdə yanğınlar baş verib.

    Bu barədə “Report”a Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

    Yanğın ocaqlarının söndürülməsinə cəlb olunan Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Sədərək rayon yanğınsöndürənlərinə qarşı saat 13.00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri müxtəlif çaplı silahlardan atəş açıb.

    Atəş nəticəsində Fövqəladə Hallar Nazirliyinin əməkdaşı, daxili xidmət mayoru Əhmədli Elvin Südeyif oğlu çiyin nahiyəsindən yaralanıb. Yaralıya ilkin tibbi yardım göstərilib.

    Qeyd edək ki, iyulun 14-ü saat 10.00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib ki, nəticədə Azərbaycan Ordusunun hərbi qulluqçusu Mərdanlı İbadulla Məhsud oğlu yaralanıb. Yaralıya ilkin tibbi yardım göstərilib və o, tibb müəssisəsinə təxliyə olunub.

    Cavab atəşi ilə düşmən susdurulub. Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

  • Şəhidin iki yaşlı qızı vəfat etdi

    Vətən müharibəsi şəhidi Orxan Əliyevin azyaşlı qızı vəfat edib.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, O.Əliyevin qızı, 2019-cu il təvəllüdlü Nur anadangəlmə qaraciyər serrozu xəstəliyindən əziyyət çəkib. Daimi müalicə olunub. Nurun xalası donor olub və qaraciyəri ona köçürülüb.

    Bir neçə gün öncə Nur ailəsi ilə Bakıdan Bərdəyə qayıdıb. Son günlər temperaturu mütəmadi olaraq yüksək olurmuş. İlkin qənaətə görə, xalasının qaraciyəri onun orqanizminə uyğun gəlməyib.

    Dünən 2 yaşlı Nur dünyasını dəyişib və şəhid atasının məzarı yanında dəfn edilib.

    Şəhid Orxan Əliyevin Nurdan başqa, 8 yaşlı oğlu Məhəmməd və 7 yaşlı qızı Yağmur ondan yadigar qalıb.

    Qeyd edək ki, Orxan Əliyev Prezidentin sərəncamı ilə “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

  • Vətən müharibəsi şəhidlərinin yeni – SİYAHISI

    Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların siyahısı təqdim olunub.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçularından iyulun 14-dək dəfn edilən 2 907 nəfərin, eləcə də itkin düşmüş hesab olunan yeddi nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat təqdim olunur.

    Qeyd edək ki, itkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və identifikasiyası üzrə işlər davam etdirilir.

    Siyahi ilə buradan tanış ola bilərsiniz.

  • Naxçıvanda hərbi hissələrdə müasir xidmət infrastrukturu yaradıldı (VİDEO)

    Muxtar respublikada ordu quruculuğu istiqamətində davamlı tədbirlər həyata keçirilir, xidmətin nümunəvi təşkili üçün kompleks layihələr icra olunur.

    Müdafiə Nazirliyindən verilən məlumata görə, bir neçə gün əvvəl Naxçıvan Qarnizonu Qoşunları və Türkiyə Silahlı Qüvvələrinin idarəetmə orqanları ilə keçirilən birgə taktiki-xüsusi təlimdə “Bayraktar-TB2” silahlı pilotsuz uçuş aparatının uğurla tətbiq edilməsi, Əlahiddə Ümumqoşun Ordunun hərbi hissələri üçün yeni yaşayış və xidmət kompleksinin, yeni xidməti avtomobillərin istifadəyə verilməsi qədim diyarın təhlükəsizliyinin təmin olunmasına töhfədir.

    Hərbi qurulluqçular üçün müasir xidmət infrastruktunun yaradıldığı yaşayış kompleksindən hazırlanan reportajı təqdim edirik.

  • Vətən müharibəsində itkin düşən zabitimizin nəşi tapıldı

    Azərbaycan Odusunun Vətən müharibəsində itkin düşən daha bir hərbi qulluqçusunun nəşi tapılıb.

    9 aydır itkin düşən kapitan Pənahov Əkbər Bəylər oğlunun torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olduğu təsdiqlənib.

    O, Murovdağ istiqamətində gedən döyüşlərdə itkin düşmüşdü.

    Şəhid iyulun 12-də Bakıda dəfn ediləcək.

    Qeyd edək ki, Ə.Pənahov 12 avqust 1990-cı ildə anadan olub.

  • “Bayraqdar” PUA-ları Qarabağda ermənilərin 90 tank və 400-dən çox hədəfini məhv edib

    “Türkiyənin “Bayraqdar-TB2” silahlı pilotsuz uçuş aparatları (PUA) hazırda kiçik, çoxyönümlü, ucuz pilotsuz döyüş təyyarələrinin düşmənin ağır silahlanmış canlı qüvvəsini necə aşkar etdiyinin və qarşıdurmaların nəticələrini necə qətiyyətlə formalaşdırdığının ən yaxşı nümunəsidir”.

    “Report” xəbər verir ki, bu fikirlər Böyük Britaniyanın “Drone Vars” nəşrində dərc olunan məqalədə qeyd olunub.

    Yazıda vurğulanıb ki, İkinci Qarabağ müharibəsində istifadədən sonra “Bayraqdar-TB2” və digər PUA-ların özlərini döyüşdə sübut etdiyi əksəriyyət tərəfindən qəbul olunur: “Qarabağdakı əməliyyatlarda “Bayraktar TB2” PUA-ları Ermənistana məxsus yüksək dəyərli hərbi obyektlərin və canlı qüvvənin yerini dəqiq müəyyənləşdirmək və onları sıradan çıxarmaq üçün istifadə edilib”.

    Məqalədə bildirilib ki, hesablamalara görə, İkinci Qarabağ müharibəsi zamanı “TB2”lər Ermənistana məxsus 90 tank da daxil olmaqla, 500-dən çox hərbi hədəfi məhv edib.

  • Erməni terrorçu: “44 günlük müharibədə 9000-dən çox itkimiz var”

    Ermənistanda hələ də II Qarabağ müharibəsindəki itkilərin sayı dəqiqliklə açıqlanmayıb.

    Ermənistan mətbuatına müsahibəsində “Aramo” terrorçu dəstəsinin komandiri Aram Torqomyan bildirib ki, erməni tərəfi 44 günlük müharibə dövründə sadəcə ölülərin sayı baxımından hökumətin açıqladığı rəqəmlərdən iki dəfə çox itki verib.

    “Müharibə dayananda Zəngəzurun müxtəlif yerlərində tam şəkildə erməni hərbçilərin cəsədləri ilə dolmuş “Spayk” şirkətinə məxsus soyuducular dayanırdı. Bizim Paşinyanın bildirdiyi kimi üç yox, doqquz mindən çox itkimiz var”, – deyə A.Torqomyan bildirib.

  • Azərbaycanda həqiqi hərbi xidmətə növbəti çağırış başlayır

    Bu gündən Azərbaycanda həqiqi hərbi xidmətə növbəti çağırış başlayır.

    Sərəncama uyğun olaraq, 2003-cü ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1986-2002-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2021-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılırlar.

    Eyni zamanda “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2021-ci il iyulun 1-dən 30-dək ehtiyata buraxılacaqlar.

    Artıq müddətli həqiqi hərbi xidmətə göndəriləcək çağırışçılar iyunun 25-30 tarixlərində Silahlı Qüvvələr üzrə xidmət yerlərinə təyinatla bağlı SHXÇDX tərəfindən SMS vasitəsilə məlumatlandırılıblar.

  • “Caliber”: Azərbaycan və Pakistan dağ poliqonlarından birgə istifadə barədə razılaşıb – VİDEO

    “Caliber”in “YouTube” kanalında yayımlanan növbəti süjet Azərbaycan və Pakistan hərbi əməkdaşlığına həsr olunub.

    “İyunun 22-də Moskvada IX Beynəlxalq Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Respublikası Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyevlə Pakistan Müdafiə nazirinin müavini general-leytenant Mian Məhəmməd Hilal Hüseyn arasında görüş baş tutub. Görüş zamanı tərəflər iki ölkə orduları arasındakı əlaqələrin genişləndirilməsi və hərbi əməkdaşlığın əsas istiqamətləri barədə fikir mübadiləsi aparıblar”, – deyə videomaterialda bildirilir.

    Süjetdə həmçinin, Pakistan ordusu Baş komandanının Azərbaycana səfərinin yekunları barədə də məlumat verilir.

    Daha ətraflı “Caliber”in yeni süjetində:

  • Azərbaycan və Türkiyə birgə hərbi təlimə başladı

    Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən iyunun 28-dən Bakıda “Mustafa Kamal Atatürk – 2021” birgə döyüş atışlı taktiki təlimi başlayıb.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən təlimin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı iki ölkə ordularının bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi, komandirlərin hərbi qərar qəbuletmə və bölmələri idarəetmə bacarıqlarının inkişaf etdirilməsidir.

    İyunun 30-dək davam edəcək təlimə 600 nəfərədək şəxsi heyət, 40-dək tank və digər zirehli texnika, 20-dək müxtəlif çaplı artilleriya qurğusu və minaatan, 7 ədəd döyüş və nəqliyyat helikopteri, 3 ədəd müxtəlif təyinatlı pilotsuz uçuş aparatı, 50-dək avtomobil texnikası cəlb olunub.