Category: Ordu

  • “YAŞAT” Fondu üç qazini əməliyyat etdirib – FOTO

    “YAŞAT” Fondu tərəfindən ağır yaralanan qazilərimizin səhhətinin bərpası ilə bağlı mühüm addımlar atılır.

    Bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.

    Bildirilib ki, ciddi fiziki travma alan qazilərimiz Şiraz Cəfərli, Qələndər Məmmədov və Rüfət İsmayılov “YAŞAT” Fondu tərəfindən zəruri tibbi müayinələrdən keçirilib və uğurla əməliyyat olunublar.

    “YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq.

    Allah qazilərimizə şəfa versin!

  • Azərbaycan Ordusunun şəhid hərbçisi dəfn edildi

    Vətən müharibəsində Murov istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Azərbaycan Ordusunun hərbçisi Afiq Həsənov dəfn edilib.

    Report-un verdiyi məlumata görə, Azərbaycan Ordusunun müddətdə artıq xidmət edən hərbi qulluqçusu, 1999-cu il təvəllüdlü Afiq Namiq oğlu Həsənovun nəşi Qusar rayonuna gətirilib. Şəhid doğulduğu Böyük Muruq kənd qəbiristanlığında torpağa tapşırılıb.

    Qeyd edək ki, şəhid A.Həsənov ötən ilin oktyabr ayında ailəsi ilə sonuncu dəfə telefon əlaqəsi saxlayıb. O, Vətən müharibəsində itkin düşən 64 hərbçidən biri idi.

  • Azərbaycan Ordusu atəşkəs rejimini pozmayıb – RƏSMİ

    Azərbaycan Silahlı Qüvvələrinin guya atəşkəsi pozması nəticəsində erməni işğalçı kontingentinin hərbi qulluqçusu Vardan Vaçaqanoviç Kirakosyanın (2000-ci il təvəllüdlü) yaralandığı barədə Ermənistan KİV-lərində bu gün yayılmış məlumatı Azərbaycan Müdafiə Nazirliyi qəti şəkildə rədd edir.

    Bu barədə Nazirliyin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib:

    “Azərbaycan Ordusu 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın tələblərinə ciddi şəkildə əməl edir. Azərbaycan Ordusu tərəfindən heç bir atəşkəsin pozulması halı olmayıb”.

  • Vətən müharibəsindən geri dönən əsgərə gözəl sürpriz (VİDEO)

    İkinci Qarabağ müharibəsindən geri dönən əsgərimiz Xəyal Kərimov Sumqayıta çatar-çatmaz sürprizlə qarşılaşıb. Valideynləri onu sevdiyi qızla elə avtomobildən düşən kimi nişanlayıblar.

    BAKU.TV xəbər verir ki, bu X.Kərimovun anasının istəyi olub.

    Qeyd edək ki, 27 sentyabrdan başlanan döyüşlərdə igidlərimiz böyük şücaətlər göstərib. 44 günlük “Dəmir yumruq” əməliyyatında Azərbaycan ordusu öz qüdrətini göstərdi və düşmənə layiqli cəzasını verdi.

    Ətraflı süjeti təqdim edirik:

  • Rusiya MN: “Dağlıq Qarabağda atəşkəs rejiminə riayət olunur”

    Rusiya sülhməramlıları Dağlıq Qarabağdakı vəziyyətin bütün sutka ərzində monitorinqini davam etdirir, atəşkəs rejimi bütün təmas xəttində gözlənilir.

    Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

    “Müşahidə məntəqələrində Rusiya sülhməramlıları bütün sutka ərzində vəziyyətin monitorinqini və atəşkəsə riayət olunmasına nəzarəti həyata keçirir. Bütün təmas xətti boyunca atəşkəs rejiminə riayət olunur”, – deyə Rusiya MN-dən bildirilib.

  • Hadrut və Cəbrayılda itkin düşmüş erməni hərbçilərin meyitləri aşkarlandı

    Ermənilərin bu gün Hadrut, Cəbrayıl rayonlarında və digər ərazilərdə apardıqları axtarışlar zamanı bu ölkənin ikinci Qarabağ müharibəsində həlak olmuş daha 10 hərbçisinin meyiti tapılıb.

    Bu barədə “Report” “News.am”a istinadən xəbər verir.

    Məlumata görə, bununla da Qarabağda aparılan axtarış işləri zamanı meyitləri aşkarlanan erməni hərbçilərinin sayı 1 222 nəfərə çatıb.

    Qeyd edək ki, itkin düşmüş erməni hərbçilərinin axtarışlarına hərbçilərlə yanaşı, əsgərlərin yaxınları, digər mülki şəxslər də cəlb edilib. Ermənistan rəhbərliyi ikinci Qarabağ müharibəsindəki itkilərinin sayını bu günə kimi açıqlamayıb. Lakin Səhiyyə Nazirliyi ekspertizadan keçirilən meyitlərin sayının 3 300-ü ötdüyünü açıqlayıb.

    Dünən ermənilərin Zəngilan rayonu istiqamətində apardıqları axtarışlar zamanı bu ölkənin daha 14 hərbi qulluqçusunun meyiti tapılıb.

  • Düşmənə qan udduraraq şəhidlərin qisasını alan qəhrəman

    Qırx dörd günlük Vətən Müharibəsində qəhrəmanlıq göstərərək şəhid olan hərbçilərimizdən biri də Məcid Məmmədovdur. Yaşasaydı bu gün 19 yaşını qeyd edəcəkdi. Müharibənin ilk günündən döyüşlərə qatılaraq düşmənə qan udduran igidimiz həlak olana qədər neçə-neçə şəhidimizin qısasını alıb. Məcid yoldaşları kimi, döyüşlərdə düşmənin bir addım da irəliləməsinə, göz açmasına imkan verməyib.

    “Report”un Muğan bürosu xəbər verir ki, Məcid Məmmədov 2002-ci ildə Cəlilabad rayonunun Hacıcavad kəndində dünyaya göz açıb. O, hələ uşaq yaşlarından Vətənə sevgisi ilə həmyaşıdlarından seçilib.

    Ötən il həqiqi hərbi xidmətə yollanan Məcid Məmmədov İkinci Qarabağ müharibəsi başlayanda Tərtər rayonunun N saylı hərbi hissəsində xidmət göstərib.

    Məcid Məmmədov Talış kəndinin və Suqovuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib. Suqovuşanın azadlığı uğrunda hərbi əməiyyat onun son döyüşü olub.

    Məcidin hərbçi yoldaşları bildirir ki, o, döyüş zamanı başlarının üstündən keçən mərmilərə fikir vermədən irəli atılırdı. Elə şiddətli döyüşlərin birində qəhrəman kimi döyüşərək şəhidlik zirvəsinə yüksəlib.

    Şəhidin anası Dürdanə Quliyeva deyir ki, bu, onsuz keçirdiyi ilk ad günüdür: “18 il balama xoş arzularla tort kəsdirmişəm. Bu gün isə yox. Bu il balam 19 yaşını cənnətdə qeyd edib”.

    Şəhidimizin qardaşı Emilin sözlərinə görə, Məcid ərazilərimizin işğaldan azad edilməsi uğrunda müharibə başlayanda çox sevinib: “Dedi axır ki, torpaqlarımızı azad edəcəyik. Ərazilərimiz daha düşmən tapdağında qalmayacaq.

    O, müharibə başa çatan kimi tikmək, ailə qurmaq arzusunda idi. Gözaltısı da vardı. Təəssüf ki, arzusuna çatmadı.

    Mən qardaşımla qürur duyuram. Çünki o, ən ağır döyüşlərdə iştirak edib, Vətəni qoruyub. Torpaqlarımızın azadlığa qovuşmasında yaxından iştirak edib”.

    Qeyd edək ki, Məcid Məmmədov “Vətən uğrunda və “Suqovuşanın azad olunmasına görə” medalları ilə (ölümündən sonra) təltif edilib.

    Allah rəhmət eləsin!

  • Müdafiə Nazirliyindən itkin düşmüş sayılan hərbçilərlə bağlı MƏLUMAT

    Müdafiə Nazirliyi itkin düşmüş hesab olunan 64 nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında siyahı yayıb.

    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, itkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və identifikasiyası üzrə işlər davam etdirilir.

    Vətən müharibəsində şəhid olmuş və itkin düşmüş hesab olunan hərbi qulluqçuların siyahısı

  • “Azərkosmos” Belçikanın “SatADSL” şirkəti ilə əməkdaşlığa başlayıb

    “Azərkosmos” ASC və Belçikanın internet və yayım xidmətləri təqdim edən “SatADSL” şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

    Bu barədə “Azərkosmos” məlumat yayıb.

    Müqaviləyə əsasən, “SatADSL” şirkəti özünün bulud əsaslı platformasından “Azerpsace-1” peykinin Mərkəzi Asiya yayım şüası vasitəsilə peyk internet xidmətləri təqdim edəcək. Bununla da şirkət Mərkəzi Asiyadan olan müştərilərini “Azerspace-1” peyki üzərindən hazır internet paketləri ilə təmin edəcək.

    Qeyd edək ki, “SatADSL” şirkəti dünyanın 45 ölkəsində peyk interneti xidmətləri göstərən platformaya malikdir və telekommunikasiya sahəsində bütün dünyaya etibarlı peyk həlləri təklif edir.

    “SatADSL” ilə əməkdaşlığımız “Azərkosmos”un müştərilərinə və tərəfdaşlarına peşakarlıqla təqdim etdiyi keyfiyyətli xidmətin göstəricisidir. “SatADSL” şirkəti ilə işləməkdən məmnunuq və bu əməkdaşlıq çərçivəsində növbəti illər ərzində qarşılıqlı fayda gətirəcək yeni layihələrimizin olacağına inanırıq”, – deyə “Azərkosmos”un Baş kommersiya direktoru Mark Qusriye qeyd edib.

    “Azərkosmos” ilə qurduğumuz bu strateji tərəfdaşlıq bizə Şərqi Avropa regionunda və Rusiyada rabitə xidmətləri üzrə geniş imkanlar yaradacaq. Bu tərəfdaşlıq sayəsində rabitənin problemli olduğu bölgələrdə yüksək keyfiyyətli və etibarlı peyk xidmətləri təqdim edəcəyik”, – deyə “SatADSL” şirkətinin direktoru Tierri Eltges bildirib.

  • Amin Musayev: “Həkimlər gəzə biləcəyimi deyiblər”

    “Əsir düşdüyüm gün noyabrın ya 10-u, ya da 11-i idi. Müharibənin bitdiyi gün əsir düşmüşəm. Yalnız Azərbaycana qayıdanda bildim ki, müharibə bitib”.

    Bunu oxu.az-a açıqlamasında 33 gün əsirlikdə olmuş əsgər Amin Musayev deyib.

    Onun Rusiyanın ANNA (Analytical Network News Agency) Xəbər Agentliyinin çəkdiyi görüntülərdə necə əsir düşdüyü görünür. Amin həmin anları belə xatırlayıb:

    “Mən əsir düşərkən onlar məni videoya çəkməklə əsirlərə qarşı necə humanist olduqlarını göstərməyə çalışırdılar. Amma o qədər pis niyyət, qorxaq insanlardır ki, bunu göstərməyi bacarmadılar. Hətta o videogörüntülərdə məni başqa ölkənin vətəndaşı kimi qələmə vermək istədilər, alınmadı. Hətta mənim adımı soruşanda, istəmirdim ki, haqqımda düz məlumat əldə etsinlər. Əsirlikdə olduğum müddətdə də şiddətə məruz qaldım. Alın nahiyəmdən qundaqla vurdular (doğrudan da əsir kimi tapıldığı ilk görüntüdə qanın olmaması, daha sonrakı görüntüdə alnının sol hissəsindən qan axdığı görünür – S.M.). Bu, videoda da görünür. Sözün düzü, həmin videoya düz-əməlli baxmamışam. Çünki yadıma düşdükcə, mənə pis təsir edir, gecələr yata bilmirəm.

    Rus jurnalist (Aleksandr Xarçenkonu nəzərdə tutur – S.M.) sanitar maşınına mindirilənə kimi yanımda idi. Amma alnıma onun yanında avtomatla vurdular”.

    O, Bakıya qayıtmasını yalnız təyyarədə olarkən bildiyini qeyd edib. Amin onu da bildirib ki, həkimlər ona yeriyəcəyini deyib:

    “Ermənilərlə ünsiyyətim rus dilində qurulurdu. Mən də rus dilində “çut-çut” bilirəm. Əsirlərə olan rəftarları çox pisdir. Sol ayağımda əməliyyatı səhv etmişdilər. Burda dedilər ki, bu ayaqla yeriyə bilməyəcəksən. Bakıda yenidən məni əməliyyat etdilər, qan köçürdülər.

    Hazırda yalnız dizimin bükülməyində problem var. Bir də İrəvanda sağ ayağıma iynəni elə vurublar ki, həmin nahiyədə sinir sistemimə toxunduğundan, hissiyat zəifdir. Burada həkimlər tam gəzmə ehtimalımın olduğunu deyiblər.

    Azərbaycana qayıdacağıma dair ümidimi heç vaxt itirmirdim. Çünki prezidentimə güvənirdim. Bakıya aparılacağım deyilməmişdi. Səhər-səhər sarğımı dəyişəndə xərəyə qoyub məni apardılar, heç bilmədim hara gedirəm. Yalnız təyyarənin səsini eşitdim. Gözümü təyyarədə rus açıb dedi ki, Bakıya gedirsən. Onda da qəribə hiss yaşadım. Tam inanmağım gəlmirdi. Amma Bakıya düşəndə həyəcan və sevinc hissimi danışmaqla ifadə edə bilmərəm.

    Şükür olsun ki, bu gün Qarabağ azaddır. Şəhidlərimizin, qazilərimizin qanı yerdə qalmadı. Biz məğlub xalqdan qalibə çevrildik. Bunun da hamısı cənab Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti nəticəsində olub.

    Mən xalqın bizə sevgisini müharibə vaxtı gördüm. Bizə o qədər mülki insanlardan yeməklər gəlirdi ki, demək olar, hərbdən verilən yeməkləri yemirdik”.