Category: Ordu

  • “Caliber”: Zombi general Manvel Qriqoryan qəbirdən “çıxdı” – VİDEO

    Yanvarın 6-da Xocalı soyqırımını törədənlərdən biri, erməni general Manvel Qriqoryanın yaxınları onun məzarını ziyarət etmək istəyib, lakin məlum olub ki, onun ailə qəbristanlığında olan məzarı qazılıb və qəbir yeri boşdur.

    Bu barədə “Caliber” layihəsinin “Youtube” kanalında yerləşdirilən videoda məlumat verilir.

    Belə ki, M.Qriqoryanın qəbir daşı dağıdılıb, cəsədi tabutun içərisindən çıxarılaraq dəfn olunan ərazinin yaxınlığına atılıb.

    Baş vermiş hadisədən şoka düşən M.Qriqoryanın qohumları hadisəni mətbuatdan gizlədib.

    Dərhal onun üçün yeni məzar hazırlanıb və növbəti dəfə onun cəsədinin təhqir olunmaması üçün məzarın yanında 24 saatlıq nəzarət qurulub.

  • Cəbhədən qayıdan könüllü Ruslan Nuriyev: “Düşüncələrimdə hələ də özümü müharibənin içində hiss edirəm”

    32 yaşlı Ruslan Nuriyev Qubadlı, Cəbrayıl və Füzuli rayonlarının azadlığı üçün döyüşən Vətən müharibəsi iştirakçılarından biridir.

    Bu günlərdə ordu sıralarından tərxis olunaraq Bakıya – evinə qayıdan hərbi qulluqçumuz Media.Az-a öz döyüş yolundan danışıb.


    O, qeyd edib ki, ötən ilin iyul ayında ermənilərin Tovuz rayonu istiqamətində həyata keçirdikləri təxribatdan sonra könüllü olaraq ordu sıralarına yazılıb.

    “Vətən müharibəsinin ilk günü – 27 sentyabrda xidmətə çağırıldım. 28 sentyabrda Bakıdan çıxdıq, axşam Gorana çatıb kazarmada yerləşdik. 43 nəfərlik minaatan batareyasına yazıldım. Gərgin məşqlər başladı, döyüşə hazırlaşırdıq. Batareyamızın bir hissəsinin olduğu 391 nəfərlik taborumuzun komandiri Polkovnik Elman Nəzirov idi. O, bizə çox şeylər öyrətdi, ondan öyrəndiklərimizin nəticəsində bir çoxumuz evə sağ-salamat qayıda bildik”.


    Ruslan Nuriyev – fotoda sağda

    Müsahibimiz bildirdi ki, xidmətini Qubadlı, Cəbrayıl və Füzuli istiqamətlərində aparıb.

    “Ancaq ən çox Qubadlı uğrunda – Xanlıq kəndindən Çərəli kəndinin sərhədinə qədər olan ərazidə döyüşlərdə iştirak etmişəm. Ən çətini döyüş yoldaşlarımın yaralandığını, ölümünü görmək idi.

    Bir dəfə başqa bir dəstədən olan maşının böyük sürətlə bizə tərəf hərəkət etdiyini gördük. Maşından düşən komandir göz yaşları içərisində sanitara tərəf qaçdı. Biz yoldaşlarımızla maşına tərəf yaxınlaşdıq və qanı axan hərbi qulluqçunu gördük. Döyüşə getməmişdən əvvəl hamımıza sarğılar verilmişdi. Üç-dörd paketim var idi. Yaralı şəxsə kömək etmək qərarına gəldim. Sarğının biri ilə yaranı sıxıb, digəri ilə o hissəni sarıyaraq qanaxmanı birtəhər dayandırmağa çalışdım. Bəzilərinin yaxınlıqda qusduğunu gördüm. Çalışırdım, baş verənlərə sakit reaksiya verim. Bütün bunları müharibədə görməyə alışırsınız”.


    Dağıdılmış bulaqda

    R.Nuriyev bildirdi ki, minamyotların yerdəyişməsini özləri həyata keçiriblər.

    “Bir neçə hissəyə söküb çiyinlərimizdə daşıyırdıq. Güllə keçirməyən jileti, daraq qabını, əşyalar olan çantaları da həmçinin. Əlbəttə, çətin olurdu, 60-70 kiloqram yüklə hərəkət edirdik. Bir-iki kilometrə qədər hərəkət edib, sonra yenidən səngər qazıb mövqelər tutulurdu”.


    Müsahibmiz bildirdi ki, müharibə bitəndən sonra Qubadlı rayonunda, sərhəd ərazidə xidmət aparıb. Onlar ərazinin sərhəd qoşunları tərəfindən nəzarətə götürülməsini gözləyiblər.


    Ruslan Nuriyev – fotoda sağdan birinci

    R.Nuriyev müharibədən sonra dinc həyata necə uyğunlaşmasından da söz açıb:

    “Nəfəs almaq bir az çətindi, elə bil daxilimdə soyuq qalıb, sinəmdə ağrı hiss edirəm, böyrəklərimə soyuq olub, müalicə olunacağam. Normal qidalana bilmirəm, əvvəllər yaxşı iştaham var idi, indi az yeyirəm. Evə gəldikdən sonra bir həftə gecə yatmadım – qulaqlarımda davamlı olaraq səslər eşidirdim. Düşüncəmdə hələ də özümü müharibənin içində hiss edirəm”.

  • “Şuşa sizindirsə, niyə barbarcasına dağıtmısınız?” – Ayvazyana CAVA

    Heç bir “gurultulu” bəyanat Şuşanı gerçək sahiblərinin tarixindən silə, öz övladlarının əlindən qoparıb ala bilməz

    Ermənistan indiyə qədər dünya tarixində misli görünməyən vandallığa imza ataraq, Azərbaycanın işğal etdiyi torpaqlarında əsl cəhənnəm yaradıb. 30 ilə yaxın müddətdə düşmən tapdağında qalan ərazilərimiz azad olunandan sonra gördüyümüz mənzərə insanı dəhşətə gətirir. Ermənilərdən geriyə qalmış xarabazarlıq!!!

    Daşları belə söküb aparan düşmən bütün tarixi abidələri dağıdıb, Azərbaycan xalqına məxsus nə varsa yerlə-yeksan edib. Rayonların bir çoxundan əsər-əlamət belə qalmayıb. Ermənilər tarixi torpaqlarımızda insanlığın ən alçaq nümunəsini yaradıblar.

    Qarabağın tacı, bəşəriyyətə məxsus ən qədim tarixi abidələrlə zəngin qədim Şuşa şəhəri də erməni vəhşiliyindən nəsibini alıb. Mədəni irsimiz, tarixi abidələr barbarcasına məhv edilib.

    Prezident İlham Əliyev ötən həftə Şuşaya səfəri zamanı buranın tarixi məkanlarını bir-bir gəzdi və ermənilərin bu yerləri hansı günə qoyduğunu bütün dünyaya nümayiş etdirdi.

    “Ermənistan saxtakarlıq edərək bütün dünyaya Şuşa haqqında uydurmalar çatdırırdı ki, guya Şuşa onların qədim şəhəridir. Pənahəli xanın saldığı şəhər necə erməni şəhəri ola bilər?! Axı bu, yaxın tarixin işidir, hadisələridir. Əgər onlar bu şəhəri öz şəhəri hesab edirdilərsə, nə üçün belə bərbad vəziyyətə qoydular, nə üçün bütün binaları dağıtdılar? Görün, nə gündədir bu şəhər?! Daş üstə daş qalmayıb 30 il ərzində, ancaq özləri üçün villalar tikdiriblər, özləri üçün şərait yaradıblar”- deyə, Prezident vurğulamışdı.

    Dövlət başçısı Şuşanın Azərbaycan dövlətinin mədəniyyət paytaxtı kimi dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcəyini də bəyan etmişdi: “Əslində, həmişə belə olub. Sadəcə olaraq, mənfur düşmən bütün tarixi abidələrimizi dağıdıb. Amma biz bərpa edəcəyik. Onların əsl simasını qaytaracağıq. Azərbaycan xalqı Şuşada bundan sonra əbədi yaşayacaq. Şuşa bizimdir! Qarabağ Azərbaycandır!”

    Görünən odur ki, Ermənistan Qarabağın bütün ərazilərində, həmçinin Şuşada törətdiyi vandalizmə görə xəcalət çəkmək, üzrxahlıq etmək əvəzinə, sərsəm açıqlamalar vermək xətti seçib. Bu ölkənin xarici işlər naziri Ara Ayvazyan utanmadam erməniyə xas həyasızlıqla bəyan edib ki, Şuşa ermənilərin mədəniyyət mərkəzidir.

    Xeyr, Ara Ayvazyan! Şuşa artıq özündə erməni vandalizminin izlərini saxlayan bir şəhər kimi tarixə həkk olub! Sizin vəhşiyinizin sübutlarnı bütün dünya görəcək! Bu gün Şuşa yenidən doğulub, öz tarixi sahiblərinə qovuşub. Qədim, Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa, bütövlükdə Türk və İslam dünyasının da mədəniyyət paytaxtı olmağa tam layiqdir və belə də olacaq!!!

    Ermənilər Şuşanın, bütövlükdə Qarabağın onlara məxsus olmadığını yaxşı anlayır. Elə bu səbəbdən də keçmişə aid nə varsa, dağıdılıb, məhv edilib. Əgər A.Ayvazyan dediklərinə özü inanırsa, necə olur ki, onun təmsil etdiyi Ermənistan “ermənilərin mədəniyyət mərkəzi” olan bir şəhəri yerlə-yeksan edib, burada maddi və mədəni irsi barbarcasına dağıdıb?

    Azərbaycan Prezidenti İlham Əliyev Şuşaya səfər edərkən etdiyi çıxışında bu məsələnin üzərində ürək ağrısı ilə dayanmışdı. Bildirmişdi ki, ermənilərin “ürəyində nə qədər düşmənçilik hissi olmalı idi ki, bax, bu vəhşiliyi törətsinlər… erməni vandalları bizim bütün şəhərlərimizi yerlə-yeksan etdilər. İndi azad edilmiş torpaqlarda olarkən bunu öz gözümlə görürəm və bütün dünya görməlidir”.

    Qısası, heç bir “gurultulu” bəyanat, rəsmi açıqlama, davamlı iddia Şuşanı öz gerçək sahiblərinin tarixindən silə, öz övladlarının əlindən qoparıb ala bilməz!!!//oxu24.com/az

  • Vətən müharibəsinin 18 yaşlı şəhidi – VİDEO

    Gəncə şəhər sakini, 18 yaşlı şəhid Qismət Heydərov sentyabrın 27-də başlayan Vətən müharibəsində qəhrəmancasına döyüşüb və oktyabırın 3-də Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub.

    Şəhidin atası İsmayıl Heydərov “Report”un Qərb mərkəzinə bildirib ki, oğlu iyul ayının 23-də həqiqi hərbi xidmətə gedib:

    “Oğlumu yola salan zaman kiçik qardaşım onu qucaqladı, kövrəlib ağladı. Qismət ona dedi ki, əmi ağlama torpaqlarımızı işğaldan azad etməyə gedirəm. Oğlum könüllü olaraq döyüşə gedib. Oktyabırın 3-də Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

    Əmisi indidə o anı xatırlayıb deyir ki, onun dediyi oldu, torpaqlarımız işğaldan azad edildi. Yenə Allaha şükür ki, oğlumun qanı yerdə qalmadı, torpaqlarımız işğaldan azad edildi. Mən oğlumla, bütün şəhidlərimizlə fəxr edirəm. Allah hamsına rəhmət eləsin, qazilərimizə də can sağlığı versin”.

    Şəhidin anası Gülamdar Heydərova isə oğlunun hərbi xidmətə getməsini belə xatırlayır:

    “Oğluma hərbi komissarlıqdan çağırış kağızı gəlmişdi və yanıma gəlib – “Ana mən şəhid olsam nə edərsən?” dedi. Ona dedim ki, Qismət nə isə ürəyinə damıbsa, onda qoymaram gedəsən. Amma o, öz istəyi ilə müharibəyə getdi və şəhid oldu. Şəhidlik hər insana qismət olmur, amma mən onu bir dəfədə olsa hərbi formada görə bilmədim, kaş ki görə bilsəydim. O, mənim körpə şəhidimdir. Qismət balam mənim qismətim olmadı”.

    Şəhid Qismət Heydərov Gəncə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

  • Gürcüstanda 20 Yanvar şəhidləri anılıb – VİDEO

    Gürcüstanda 20 Yanvar şəhidləri anılıb.

    20 Yanvar hadisələrində şəhid olan soydaşlarımızın ailələri ilə görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Gürcüstan parlamentinin deputatları Zaur Darğallı və Savalan Mirzəyev və digər rəsmi şəxslər iştirak ediblər.

    F.Quliyev çıxışında bildirib ki, 20 Yanvar hadisələri Azərbaycan xalqının milli kimliyin və milli vətənpərvərliyin formalaşmasında vacib amil olmaqla yanaşı, həm də dövlət müstəqilliyimizin bərpasında dönüş nöqtəsinə çevrildi.

    Ətraflı Baku TV-nin süjetində:

  • Qürur və dərd: “Şəhidlər arasında adı olub, özü olmayan mənim qardaşımdır” – FOTO

    “Şəhidlər arasında adı var, amma özü yoxdur. Şuşa uğrunda gedən döyüşlərdə itkin düşüb. Buraya tez-tez gəlirəm. Buraya gələndə təsəlli tapıram”.

    20 Yanvar faciəsinin qurbanları Şəkidə də böyük ehtiramla yad edilibər. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, səhər saatlarından rayon sakinləri pandemiya qaydalalarını qorumaqla Şəhidlər xiyabanını ziyarət ediblər. Sakinlər əvvəlki illərdən fərqli olaraq bu il şəhid məzarlarını başıuca və alnıaçıq ziyarət etdiklərini bildiriblər. Buna səbəb kimi isə 44 günlük müharibədə şəhidlərimizin qisasının alınmasını göstərirlər.

    Rayon sakini Arifə Rəfiyeva Sputnik Azərbaycan-a bildirib ki, hər il Şəhidlər xiyabanını ziyarət edir: “Burada uyuyanlar bizim müstəqilliyimiz üçün canlarından keçiblər. Şəxsən mən hər il həyat yoldaşımla birgə buraaya gəlirəm. Şəhidləri yad etmək bütün vətəndaşların borcudur”.


    Qardaşı Birinci Qarabağ müharibəsində itkin düşən Lətafət Cabbarova isə hər il olduğu kimi bu gün də nəvələri ilə birlikdə Şəhidlər xiyabanına gəlib. O da buraya üz tutduqda xeyli təsəlli tapdığını deyir: “Buradakı şəhidlərin arasında adı olub, özü olmayan Etibar Səmədov mənim qardaşımdır. Şuşa uğrunda gedən döyüşlərdə itkin düşüb. Buraya tez-tez gəlirəm. Buraya gələndə təsəlli tapıram. Həmçinin, yeni salınmış şəhidliyə də tez-tez baş çəkirəm”.

    Havanın qeyri-sabit, şaxtalı və çovğunlu olması da sakinlərin Şəhidlər xiyabanını ziyarət etməsinə mane ola bilməyib. Rayon sakini Bəhram Nurəhmədoğlu da yağıntılı havada şəhidlərin uyuduğu bu yerə ziyarətə gələnlərdəndir: “Buradakı şəhidlər müstəqilliyimiz, azadlığımız üçün canlarından keçiblər. Onları daim yad eləmək hamımızın borcudur. Buna istər yağış, istər qar, istərsə də hər hansı vasitə mane ola bilməz. Allah bütün şəhidlərimizə rəhmət eləsin!”

    Hazırda da Şəhidlər xiyabanına axın davam edir.

  • Qarabağda daha bir erməni əsgərin cəsədi tapıldı: Axtarışlar dayandırıldı

    Ermənistan Silahlı Qüvvələrinin daha bir hərbi qulluqçusunun cəsədi aşkar olunub.

    Bu barədə “Sputnik Armenia” məlumat yayıb.

    Erməni hərbçinin cəsədi Cəbrayıl rayonunda axtarışlar zamanı tapılıb. Hərbçinin şəxsiyyətini təyin etmək üçün məhkəmə tibbi ekspertizaya göndərilib.

    Paralel olaraq axtarış işləri Hadrut, Füzuli, Zəngilan və Ermənistanın Sünik istiqamətindəki sərhədyanı bölgələrdə aparılıb.

    Hazırda bölgədə qar yağması səbəbindən axtarış işlərinin aparılması mümkün deyil. Bu səbəbdən axtarış işləri dayandırılıb.

    Bu günə qədər Qarabağda axtarışlar zamanı 1247 erməni hərbçinin qalıqları aşkar edilib.

  • “Yaralıyam, ermənilərin səsini eşidirik” – Əsgərimizdən tükürpədici ZƏNG GƏLDİ

    44 günlük Vətən müharibəsində itkin düşən və bu günə kimi xəbər gəlməyən əsgərin yaxınları saytımıza müraciət edib. 112 gündür ki, itkin düşən hərbçinin bacısı kömək istəyib.

    Oxu24.com məlumatına görə, İbrahimov Təbriz İsmayıl oğlu 1992-ci ildə Salyan rayonu,Çadırlı kəndində anadan olub. MAXE kimi orduda xidmət edən hərbçimiz sentyabrın 27-də Murov istiqamətində gedən döyüşlərdə ağır yaralanıb. Bu zaman yaralı əsgərimiz xalasıoğluna zəng edərək halallaşıb. O, bildirib ki, Murov yüksəkliyi yaxınlığında, “Ağdağ postunun” netralındadır. Telefon danışığı zamanı bildirib ki, ərazidə mina partlayışı baş verib. O və bir neçə hərbçi yaralı vəziyyətdə ərazidə qalıb. Telefon danışığı zamanı Təbriz İsmayılov bildirib ki, yaxınlıqda erməni postları var və onlar ermənilərin səsini asanlıqla eşidir. Bu sözləri dedikdən sonra ondan xəbər olmayıb. Yaxınları dəfələrlə telefona zəng etsə də cavab verən olmayıb.

    İtkin hərbçinin bacısı saytımıza açıqlamasında bildirib ki, qardaşının qarşı tərəfə əsir düşmə ehtimalı var. Bu barədə Qırmızı Xaç Komitəsinə də müraciət ediblər. Amma bu vaxta qədər xəbər ala bilməyib.

    Bu əsgərin döyüş yoldaşları onun haqqında məlumatı varsa,050 752 05 73 telefon nömrəsinə məlumat vermələrini xahiş edirik.

  • Vətən müharibəsinin ilk qələbə müjdəçisi olan qəhrəmanımız – VİDEO

    Əli Qəmbərov ailədə 3 qardaşdan yaşca ən kiçiyi idi. Arzusu elə orduda qalıb, hərbçi kimi xidmət göstərməkdən ibarət olub. Lakin 18 yaşında şəhidlik zirvəsinə ucalmaqla ali zirvəyə yüksəldi.

    Median.Az xəbər verir ki, “Report”un Muğan bürosu Cəlilabad rayonunun Uzuntəpə kəndindən olan şəhid Əli Qəmbərovun ailəsində olub, onun döyüş yoluna nəzər salıb.

    Ailə üzvlərinin sözlərinə görə, Əlinin ən böyük arzusu hərbçi olmaq idi.

    Vətən müharibəsi başlayanda Əli cəmi 6 ay idi ki, Füzuli istiqamətində hərbi xidmətdə idi. Sentyabrın 27-də xidmət etdiyi səngərdə “İrəli” əmrini alanlardan olub. Aylarla müşahidə etdiyi düşmən səngəri bir neçə saat sonra cəsur döyüşçülərimizin nəzarətinə keçib. Döyüşdəki ilk qələbəsindən sonra o, atasına zəng edərək zəfər qubanı kəsməsini xahiş edib.

    Əli Qəmbərov bir neçə gərgin döyüşdə şücaətləri ilə seçilib. O, hətta ağır əməliyyatlarda belə, daim öndə olub. Cəsur döyüşçümüz oktyabrın 6-da növbəti ağır döyüşlərdən birində şəhidlik zirvəsinə ucalıb.

    Allah rəhmət eləsin!

  • Azərbaycanda daha bir erməni terrorçu barəsində cinayət işi başlanıldı

    Qanunsuz silahlı birləşmə tərkibində Azərbaycan ərazisində terror əməlləri törətməkdə təqsirləndirilən Suriya əsilli erməni Keğart Ovanesyan barəsində Azərbaycanda cinayət işi başlanılıb.

    “Report”un xəbərinə görə, onun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə təqdimat verilib.

    Təqdimata Səbail Rayon Məhkəməsində hakim Şəhla Süleymanovanın sədrliyi ilə baxılacaq.

    K.Ovenasyana Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.3-cü (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və təkrar törədildikdə), 279.2-ci (Dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə, bu birləşmələrin və ya qrupların tərkibində müəssisələrə, idarələrə, təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etmə) 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, yaxud zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə törədildikdə) maddələri ilə ittiham verilib.