Category: Ordu

  • Vətən Müharibəsində itkin düşmüş şəhidimizin meyiti tapılıb: Sabah Sabirabadda dəfn olunacaq

    44 günülük Vətən Müharibəsi dövründə itkin düşmüş Sabirabad rayonunun Poladtoğay kəndinin sakini Əhmədli Əhməd Anar oğlunun şəhid olması xəbəri gəlib.

    Bununla bağlı onun yaxınları sosial şəbəkələrdə paylaşım ediblər.

    Bildirilib ki, şəhidlik zirvəzisinə ucalan Əhməd Əhmədlinin meyiti tapılıb və dəfn olunması üçün yaşadığı kəndə gətirilib.

    Şəhidimiz sabah saat 12:00-da Sabirabad rayonunun Poladtoğay kəndində dəfn olunacaq.

    Allah rəhmət eləsin.

  • Azərbaycanda müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı VACİB AÇIQLAMA

    Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı məlumat yayıb.

    Qurumdan bildirilib ki, Prezident İlham Əliyevin 2020-ci il dekabrın 22-də imzaladığı “Azərbaycan Respublikası vətəndaşlarının 2021-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında” Sərəncama əsasən 2003-cü ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1986–2002-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşlarının müəyyən edilmiş qrafik əsasında xidmət yerlərinə göndərilməsinə başlanılıb.

    Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən çağırışçıların müddətli həqiqi hərbi xidmətə yola salınması yanvarın 30-dək davam edəcək.

  • Daşaltı uğrunda döyüşlərdə şəhid olan Şirxan Quliyevin döyüş yolu – FOTO

    Vətən müharibəsinin qəhrəmanlarından olan Şirxan Quliyev əslən Xocavənddəndir. Ailəsinin o torpaqlara qayıdacağına heç vaxt inamını itirməyən Şirxan Vətən müharibəsində son damla qanına qədər döyüşərək şəhid olub.

    Median.Az bildirir ki, AZƏRTAC-ın müxbiri şəhidin şərəfli döyüş yolu barədə məlumat almaq üçün Beyləqan rayonunda yerləşən Xocavənd rayon məcburi köçkün qəsəbəsində yaşayan Quliyevlər ailəsinə baş çəkib.

    1995-ci il sentyabrın 27-də məcburi köçkün ailəsində dünyaya göz açan Şirxanın bir zamanlar yaşadığı evdə ondan geriyə xatirələri qalıb. Çarpayısında şanlı üçrəngli bayrağımız, divarda isə Şirxanın hərbi geyimi var. Bir də onun çəkdirdiyi fotolar və bir neçə əşya. Bu gördüklərimizin hər birində Şirxanla bağlı minlərlə xatirə canlanır. Şəhidin ailəsi ilə həmsöhbət olduqca onun necə mərd, vətənə bağlı olduğunu daha dərindən öyrəndik. Şirxan dünyaya gələndə ailəsi üç il idi torpaq həsrəti ilə yaşayırdı. Böyüdükcə ata-baba yurdunun düşmən tapdağında olduğunu bilmək Şirxanın ürəyində bir hərbçi olmaq arzusunu formalaşdırır. Söylədiyi və vəd etdiyi söz isə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canımdan keçməyə hazıram ifadəsi olur. Bu istəklə Şirxan həqiqi hərbi xidməti bitirdikdən sonra müddətdən artıq hərbi xidmətçi olaraq vətən keşiyində dayanmağı özünə şərəfli yol olaraq seçir. Beş il o, cəbhənin müxtəlif istiqamətlərində xidmətdə olub. Gözlədiyi bir məqam isə döyüş əmrinin verilməsi idi. Bu arzu isə Şirxana sentyabrın 27-də nəsib olur. Ailəsi ilə danışan Şirxan deyib ki, “məqam həmin məqamdır, biz torpaqlarımızı azad edəcəyik”.

    Şəhidin atası İsmixan Quliyev Şirxan barəsində qürurla danışır. Doğma yurdu olan Xocavənd torpaqlarına qovuşmaqda övladının da payı olan şəhid atası fəxr hissi ilə deyir: “Şirxan ağlı kəsən gündən deyirdi ki, torpaqlarımızı gec-tez düşməndən azad edəcəyik, hər birimiz o gözəl, səfalı Qarabağımıza qayıdacağıq, o dağlarda bizim şanlı bayrağımız dalğalanacaq. Belə də oldu. Düzdür, o, şəhidlik zirvəsinə ucalsa da, özündən sonra şanlı bir tarix yazan qəhrəmanlarımızdan biri olaraq iz qoydu. Şirxanın döyüş yolundan danışan atası deyir ki, o, öncə Füzuli, Cəbrayıl istiqamətində gedən döyüşlərdə iştirak edib, bir çox ərazilərin azad edilməsində rolu olub. Oradan Qubadlı istiqamətinə yollanıblar. Həmin ərazidə də bir çox uğurlu tapşırıqlarda Şirxan da iştirak edib. Noyabrın 3-də Daşaltı uğrunda gedən döyüşlərdə Şirxan yaralansa da, döyüşə davam edib. Noyabrın 7-də isə Şirxan şəhidlik zirvəsinə ucalıb.

    Şəhid anası Raisə Quliyeva qəhrəman övladı haqqında indi qürurla danışır: “Müharibədən hələ əvvəl Şirxanla danışarkən deyirdim ailə qurmaq vaxtındı. O, deyərdi ki, torpaqlarımız azad edilsin, sonra ailə qurmaq haqqında düşünərəm. Şirxanın sevmədiyi ifadə qaçqın kəlməsi olub”. Sonuncu dəfə noyabrın 2-də ailəsi ilə əlaqə saxlayan Şirxan qələbə çox yaxındır, biz artıq Şuşanı da alacağıq, bayrağımızı orada dalğalandırıb gələcəyəm deyə söz verib. Lakin Şirxanın şəhidlik xəbəri Şuşanın azad edilməsindən bir gün öncə gəlib. Özü həyatda olmasa da, ailəsinə verdiyi vədlər gerçəkləşib.

    Şəhid bacısı İlkanə Quliyeva qardaşı ilə hər zaman fəxr etdiyini söyləyib: “Biz uşaq olarkən mənə deyirdi ki, biz niyə qaçqın olduq, niyə biz öz torpaqlarımızda deyilik. Ona görə də hələ balaca vaxtından arzusu böyüyəndə hərbçi olmaq idi. O, uşaq vaxtı hərbçi görəndə onlarla şəkil çəkdirərdi. Vətənə bağlılığı həddən çox idi. Onun ən böyük arzusu torpaqlarımızın azad edilməsi və bu yolda canından belə keçmək idi”.

  • Kəlbəcər rayonunun Zivel kəndi – VİDEO

    Azərbaycan Müdafiə Nazirliyi işğaldan azad olunmuş Kəlbəcər rayonunun Zivel kəndindən videogörüntülərini yayıb.

    Həmin görüntüləri təqdim edirik.

  • Şəhidimizin hərbçi olmasını vəsiyyət etdiyi oğlu dünyaya gəldi (VİDEO)

    Vətən müharibəsinin qəhrəmanlarından biri, Tovuzun Dondarquşçu kənd sakini şəhid Əmrah Əliyevin oğul övladı dünyaya gəlib.

    Median.Az “Azərtac”a istinadla xəbər verir ki, 23 yaşlı Əmrah Rüfət oğlu Əliyev Xocavənd uğrunda gedən döyüşlərdə şəhid olub. 2021-ci ilin ilk günündə – yanvarın 1-də onun ikinci övladı dünyaya göz açıb. Şəhidimizin ikinci övladı oğlandır. Əmrah 1 yaşlı Adəmdən sonra dünyaya gələn balaca igidin adının Rüfət qoyulmasını və hərbçi kimi yetişməsini vəsiyyət edib.

    Şəhidin həyat yoldaşı Leyla Əliyeva Rüfəti hərbçi kimi böyüdəcəyini, həyat yoldaşının vəsiyyətini yerinə yetirəcəyini deyir:
    “Yoldaşım demişdi ki, uşaq doğulanda atamın adını qoyarsan. Mən yoldaşımla fəxr edirəm, qürur duyuram. Vətən sağ olsun!”

    Balaca Rüfətin sağlamlığı da normaldır. Mütəmadi həkim müayinəsindən keçən körpənin doğulanda çəkisi 3 kiloqram 800 qram olub. Ana və övladın sağlamlığı qaydasındadır.

  • Bayrağımız Şurnuxa sancıldı – VİDEO

    Hərbçilərimiz Ermənistanla sərhəddə yerləşən Şurnux kəndinə Azərbaycan bayrağını sancıblar.

    Bu barədə görüntülər sosial mediada yayılıb.

    Həmin görüntüləri təqdim edirik:

  • Caliber: Ermənistan üçün yeni kredit boyunduruğu – VİDEO

    “Hayastan” Ümumerməni Fondunun sabiq icraçı direktoru Ara Vardanyan öz “Facebook” səhifəsində məlumat verib ki, Qarabağ müharibəsi zamanı Nikol Paşinyan hərbi toqquşmaların getdiyi dövrdə çoxlu sayda silah-sursat sifariş verib və Ermənistan tərəfi bunun ödənişini hələ də həyata keçirməyib.

    Bu barədə məlumat “Caliber”in “YouTube” kanalında yerləşdirilib.

    Ara Vardanyan iddia edir ki, N.Paşinyan Rusiyaya yanvarın 11-də gözlənilən səfərində yeni kredit müqaviləsinə imza atacaq və kreditə alınacaq silahların ümumi həcmi 500 milyondan 1,5 milyard ABŞ dollarına qədər məbləğdə ola bilər.

  • İğdırdan göndərilən yardım dolu yük maşını Müdafiə Nazirliyinin Mərkəzi Ərzaq Anbarında qəbul edilib – FOTO

    İğdır Alulbeyt Vəqfinin təşkil etdiyi “Azərbaycanla həmrəylik” kampaniyası çərçivəsində “Həmrəylik Tırı” adlanan yardımla dolu yük maşını Müdafiə Nazirliyinin Mərkəzi Ərzaq Anbarında qəbul edilib.

    “Okuklu İnşaat” şirkətinin prezidenti, Türkiyəli iş adamı Yılmaz Okuklu məlumat verərək bildirib ki, yardımı Alulbeyt İğdır Şöbəsinin müdiri Ebülfez Kocadağ, İğdır “Alulbeyt Alimləri” dərnəyinin başqanı Veli Beder, İğdır Müftü yardımçısı Kudbettin Şen və “Alulbeyt Alimləri”nin üzvləri təşkil edib.

    İş adamı qeyd edib ki, Azərbaycan xalqı işğalçı Ermənistan qarşısında böyük bir dastan yazaraq ölkə torpaqlarını Ana Vətəninə qovuşdurdu. “Bu savaşda yüzlərcə vətən övladı şəhid oldu və yaralandı. Bütün türk xalqı, o cümlədən Alulbeyt Vəqfinin üzvləri də bu savaşda ən başından Azərbaycan xalqının yanında oldu və olmaqda davam edəcək. Böyük istəklər qarşısında Azərbaycan xalqının yanında olduğumuzu nümayiş etdirmək üçün yardımla dolu yük maşınını bu gün qəbul edir və Müdafiə Nazirliyinin Mərkəzi Ərzaq Anbarına təhvil veririk. Əlbəttə ki, Azərbaycanın, Azərbaycan Ordusunun bu yardıma ehtiyacı olmadığını bilirik, ancaq bu həmrəyliyimizin nümayişidir”.

    Yılmaz Okuklu bu yardımların davamlı olacağını və bunun qarşılığında yardım dolu bir yük maşınını İğdırda yaşayan yoxsul insanlar üçün göndərəcəyini qeyd edib.

    Polkovnik-leytenant Camal Kərimov göstərilən yardıma görə Alulbeyt Vəqfinin rəhbərliyinə, yardımı Müdafiə Nazirliyinin Mərkəzi Ərzaq Anbarına çatdıran nümayəndə heyətinə dərin təşəkkürünü bildirib. Zabit qeyd edib ki, bu tip yardımlar iki dövlət arasında olan əlaqələrin inkişafının, bütün sahələr üzrə əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunun göstəricisidir.

  • Ermənistan təşviş içində: Sədərəyin Kərki kəndi də Azərbaycana qaytarılacaq

    “Şurnux kəndindən sonra Ararat vilayətinin Tiqranaşen kəndi (Sədərək rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Kərki kəndi nəzərdə tutulur) də Azərbaycana qaytarılacaq”.

    “Vestnik Kavkaza”nın məlumatına görə, bu barədə erməni politoloqlarından Hrant Melik-Şahnazaryan özünün “Facebook” səhifəsində bildirib.

    “Bunu haradan öyrəndiyimi sourşmayın. Cavab internetdə var. Ay yarım əvvəl Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin məlumatını oxuyun. Orada yazılıb ki, Yerasxa ilə yanaşı Paruyr Syak kəndində blokpost quraşdırılacaq. Sonra xəritədə Paruyr Syakı tapın və hər şey aydın olacaq”, – deyə o, əlavə edib.

    O, həmçinin erməni silahlı qüvvələrinin Dağlıq Qarabağdan sistemli şəkildə çəkilməsi prosesindən də söz açıb.

    “Şurnuxun Sovet dövründə hansı ölkənin bir hissəsi olduğunu müzakirə etdiyimiz zaman, xain Nikol qoşunları Dağlıq Qarabağdan çıxarır. Uşaqları məzuniyyət bəhanəsi ilə Ermənistana gətirilir və sonra onlara deyilir ki, azərbaycanlılar əsgərlərin xidmət yerlərinə qayıtmasına icazə vermirlər. Və bu, mütəmadi olaraq təkrarlanır”, – deyə o, bildirir.

  • Rusiya FHN Ağdamı minalardan təmizləyəcək

    Rusiya Fövqəladə Hallar Nazirliyinin pirotexnikləri Ağdam rayonunda minalardan təmizləmə işləri aparacaq.

    Bu barədə TASS idarənin mətbuat xidmətinə istinadən məlumat verib.

    “Yanvarın 4-də Rusiya Fövqəladə Hallar Nazirliyinin İl-76 təyyarəsi göyərtəsində xilasedicilərlə birlikdə Dağlıq Qarabağda ərazilərin minalardan təmizlənməsi tapşırıqlarını yerinə yetirmək üçün Azərbaycan Respublikasına uçub. Humanitar missiyanın bir hissəsi olaraq, pirotexniklər Ağdam rayonunda işləyəcəklər”, – deyə məlumatda bildirilib.

    Minalardan təmizlənmədə “Lider” və Noqinsk Xilasetmə Mərkəzindən 20 pirotexnik, həmçinin robotlarla birlikdə üç kompleks də iştirak edəcək.