Category: Sağlamlıq

  • İdman həqiqətən cavanlaşdırırmı?

    Mütəmadi idmanın gücü təsirli olur: əzələləri möhkəmləndirir, xroniki xəstəliklərin qarşısını alır və bədən quruluşunu yaxşılaşdırır. Fiziki aktivliyin diqqətəlayiq daha bir faydası da var. Mütəxəssislərin sözlərinə görə, hətta orta miqdarda məşqlər sizi cavanlaşdırır. Əlbəttə ki, yaşınızı dəyişdirə bilməyəcəksiniz, ancaq özünüzü həm sağlam hiss edəcək, həm də cavan görünəcəksiniz.

    Median.Az arıqlamaq istəyən oxucuları idmanın əsas üstünlükləri ilə tanış edir.

    Dəri vəziyyətini yaxşılaşdırır

    Ontariodakı MakMaster Universitetinin tədqiqatçıları 20-84 yaş arasındakı kiçik bir qrup üzərində idmanın təsirləri barədə araşdırma aparıb. Məlum olub ki, tez-tez idman edən 40 yaşdan yuxarı insanların dərisi 20-30 yaşdakı qədər yumşaq və elastik olur. Tədqiqatçılar idmanın bədəndə dərinin qocalma prosesini ləngidən maddələr yaratdığını söyləyiblər. Alimlər hesab edir ki, idmanın dəri tərkibini necə dəyişdirdiyini öyrənmək üçün daha çox araşdırma aparmaq lazımdır.

    Enerji axını

    İdman təbii enerji içkisinə bənzəyir, beyninizi və vücudunuzu qidalandırır, buna görə özünüzü gümrah və canlanmış hiss edirsiniz. İdman bədəni gümrah vəziyyətə gətirir, gündəlik fəaliyyətlər sizi daha az yorur və daha az səy tələb edir. Bu gümrahlıq sayəsində hər addımda 1-2 yaş cavanlaşdığınızı hiss edirsiniz.

    Metabolizmanı sürətləndirir

    Yaşlandıqca maddələr mübadiləsi təbii olaraq yavaşlayır, odur ki, illər keçdikcə köklüyün qarşısını almaq daha çətin olur. İdman ümumi kalorini daha sürətlə yandırmağa və sabit sağlam çəkini saxlamağa kömək edir. Əzələ nə qədər çox olarsa, o qədər sürətli kalori yandırarsınız, buna görə güc məşqləri etməyi unutmayın. Üstəlik, günün əvvəlində idman edirsinizsə, maddələr mübadiləsi gün ərzində öz sürətini qoruyub saxlayacaq.

    İdman ömrü uzada bilər

    İdman xromosomlarınızın qocalma prosesini dayandıra bilər. Bunun səbəbi yaşlanmaya nəzarət edən xromosomların ucundakı telomerlərdir. Telomerlər yaşla qısalır, daha uzun telomerlər uzunömürlülüklə əlaqələndirilir. Son tədqiqatlar müntəzəm məşqlə telomerlərin uzanması arasında bir əlaqə olduğunu göstərir və idmanın ömrü uzada biləcəyi iddia olunur.

  • Bu çayı içənlər gec qocalır

    Çobanyastığı çayı qadınlarda ölüm riskini azaldır.

    Median.Az xəbər verir ki, Texas Universiteti tərəfindən aparılan araşdırmanın nəticələri zamanı bu qənaətə gəlinib.

    Qeyd edək ki, nəticələr yanlız qadınlar üçün keçərlidir.

    Araşdırmanın nəticələri Gerontoloq jurnalında dərc edilib.

  • 5 saatdan çox ac qalmaq olmaz – Həkimlər

    Rusiyalı endokrinoloq, tibb elmləri namizədi Zöhrə Pavlova hansı qidaların mədəaltı vəzi hüceyrələrinin ölümünə səbəb olduğunu izah edib.

    Median.Az publika.az-a istinadən xəbər verir ki, həkim şirin və ya yüksək kalorili yeməklərin yağ toxumasını meydana gətirdiyini bildirib:”Yağ toxumasında oksidləşdirici iltihab meydana gəlir, bunun fonunda insulin müqaviməti inkişaf edir və insulin ifraz edən mədəaltı vəzin hüceyrələri ölür”.

    Bundan əlavə, yeməklər arasındakı fasilələr 3-5 saat arasında olmalıdır.

    Endokrinoloqun fikrincə, bu, mədədə olan qidaların həzmi üçün təxmini vaxtdır. Bu vəziyyətdə şam yeməyi və səhər yeməyi arasındakı vaxt intervalı təxminən 10-12 saat olmalıdır. Pavlova onu da əlavə edib ki, yalnız mədə boş olduqda yemək lazımdır. Eyni zamanda, beş saatdan çox ac qalmamalısınız, çünki ac qaldıqda qida maddələrinin səviyyəsini izləyən lipoprotein lipaz (LPL) kimi vacib bir biokimyəvi aktiv maddə aktivləşməyə başlayır”.

    “Əgər onlar müntəzəm və uzun müddət daxil olmurlarsa, LPL yağ toxumasında aktivliyini artırır və yağ ehtiyatlarının əmələ gəlməsi başlayır. Əgər qida eyni vaxtda və müəyyən müddətlərdə qəbul olunursa, bədən ideal saat mexanizmi kimi işləyir və sahibini vacib məsələlərdən yayındırmır”, – tibb elmləri namizədi izah edib.

  • “Ona görə də, dişlər zədələnir və ləkələnir…”

    Stomatoloji narahatlıq olan dişləm problemini aradan qaldırmağın bir sıra metodları var. Son dövrlər ən çox istifadə edilən metodlardan biri də breketlə müalicədir. Breketlər vasitəsilə üst və alt çənəni düzgün formada otuzdurmaq mümkündür. Ümumiyyətlə, dişləm üst və alt çənənin düzgün düzülüşünə deyilir. Bəzən üst və alt çənənin ölçü anomaliyalarında fərqlər olur. Normalda üst dişlər daha geniş sırada düzülməli və alt dişləri tam örtməlidir. Yəni, üst və alt dişlər kilid kimi bir-birinə oturmalıdır. Belə olmadıqda, distal və yaxud da medial dişləm əmələ gəlir. Bu, üst çənənin lazımından çox inkişaf etməsindən ya da alt çənənin inkişafsız qalmasından yarana bilər.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə həkim-stomatoloq Aynur Xəlilova məlumat verib.

    Bildirib ki, breket yerləşdirildikdən sonra xüsusi tellər vasitəsilə güc tətbiq edərək dişləri düzgün formaya salmaq mümkündür. Nəzərə almaq lazımdır ki, dişləmində problem olan pasiyentlərdə təkcə estetik görüntü pozulmur, ağız boşluğunda funksional narahatlıqlar da baş verir. Müalicə nəticəsində pasiyentin dişlərinin həm estetik gözəlliyi, həm də çeynəməsi funksional olaraq bərpa edilir.

    Həkim-stomatoloq vurğulayıb ki, breketlərdən istifadə əvvəlki illərlə müqayisədə daha rahatdır: “Müasir dövr estetik gözəlliyi çox tələb etdiyi üçün daha estetik görünüşlü breketlər icad edilib. Əvvəllər yalnız klassik formalı metallik breketlərdən istifadə edilirdisə, indi müxtəlif materiallı daha şəffaf vasitələr var. Bunlar safir, keramik və kompozit materiallı breketlərdir. Belə breketlər uzaq məsafədən çox da görünmədiyi üçün kompleksli pasiyentlərə daha çox təklif edilir. Hətta elə növ breketlər var ki, dişin üst səthindən deyil, arxa səthindən düzülür. Belə breketlərin həm müsbət, həm də mənfi cəhətləri var. Mənfi tərəfi odur ki, pasiyentin breketə öyrəşmə dövrü çətin keçir. Danışıq prosesi bir müddət çətinləşir”.

    A.Xəlilova, həmçinin breketli dişlərə xüsusi qulluq qaydası barədə də məlumat verib: “Breketlər dişlərdə heç bir ləkə əmələ gətirmir. Ləkəni əmələ gətirən breket taxıldıqda diş ətrafında toplanan ərpdir. Pasiyenlər dişlərin ya gigiyenasına əməl etmir, ya da fırçalamaq üçün yanlış texnikadan istifadə edirlər. Nəticədə, tərkibində çoxlu bakteriyalar olan ərplər əmələ gəlir və bakteriyaların ifrazatı turş mühit yaradır. Ona görə də, dişlər zədələnir və ləkələnir. Ümumiyyətlə, breketli dişlərin xüsusi qulluq qaydası var. Müalicəyə başlayan pasiyentlər mütləq qaydada təlimatlandırılırlar. Gigiyenaya riayət etmək müalicənin önəmli hissələrindən biridir. Çünki breket ətrafı toplaşmış ərplər və daşlar pasiyentə diskonfort yaratmaqla bərabər, sağalma prosesini də ləngidir. Təlimatlara fırçalama texnikası, düzgün vasitələrin seçilməsi daxildir.

    Breket müalicəsinə başlamazdan öncə ağız boşluğunda olan bütün problemlər həll olunmalıdır. Xüsusi diaqnostika aparılmalıdır. Diaqnostikaya rentgenoloji müayinə və ümumi baxış daxildir. Nəticədə, kariyesləri və çəkiləsi dişləri müəyyən etmək lazımdır. Yəni, breket müalicəsinə ağız boşluğundakı problemləri aradan qaldırdıqdan sonra başlamaq məsləhətlidir. Çünki breket müalicəsi uzunmüddətlidir. Əks halda, müalicə müddətində dişlərdə baş verən problemi aradan qaldırmaq bir az çətin olur”.

  • Pediatr: D vitamini qaraciyər və böyrək xəstəliyi olan uşaqların orqanizminə inyeksiya şəklində yeridilməlidir

    Uşaqlarda sağlamlıq göstəricilərindən biri də boyun artımıdır. Boy inkişafına əngəl yaradan səbəblər fizioloji və patoloji ola bilər. Fizioloji problemlər, xüsusilə genetika, patolojilər isə orqanizmdə baş verən xəstəliklərlə əlaqədardır.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu həkim-pediatr Afət İbrahimli uşaqlarda boy qısalığı barədə danışarkən söyləyib.

    Pediatr bildirib ki, uşaqlarda boyun inkişafının ləngiməsi dövrün aktual problemlərindəndir: “Uşaqların boyu genetik səbəblərdən valideynlərinin boyuna uyğun olur. Genetik meyillər nəzərə alınmaqla, uşaqların boyunu xüsusi düstur ilə hesablamaq mümkündür. Düstura əsasən, ananın boy göstəricisi ilə atanın göstəricisi toplanaraq 2-yə bölünür. Müəyyən edilir ki, uşağın boyu alınan ədəddən 6 vahid çox və ya az ola bilər. Oğlanların 19-20, qızların isə 17-18 yaşlarında bu düstur ilə hesablama aparıb boyun maksimum nə qədər ola biləcəyi barədə məlumat əldə etmək mümkündür.

    Patoloji boy geriliyinin bir çox səbəbləri var. Boy artımının ləngiməsi şikayəti ilə müraciət edənlərin təxminən 80 faizində patoloji boy geriliyinə rast gəlinir. Buna səbəb boy geriliyindən şikayət edən xəstənin yanaşı xəstəlikləridir. Diaqnostika zamanı, ilk növbədə, sol əl-biləyin rentgenoqrafiyası edilir və boyun artma ehtimalı falanqalar arasındakı müəyyən böyümə zonalarına əsasən müəyyən olunur. Nəzərə almaq lazımdır ki, uşağın kəmik yaşı ilə, bioloji yaşı fərqlidir. Kəmik yaşı uşağın bioloji yaşından az ola bilər. Yəni, bu da boy artımının əsas göstəricilərindəndir. Orqanizmi idarə edən bir sıra endokrin vəzilər var. Boy artımını təmin edən endokrin vəzilərdən biri də hipofizdir. Valideynlər bilməlidir ki, endokrin vəzilərində problemi olan uşaqların boy artımı ləngiyə bilər”.

    A.İbrahimli deyib ki, körpələrdə boyun inkişafı ana bətnində olarkən başlayır: “Gələcəkdə övladının boyunun uzun olmasının istəyən analar hamiləlik dövründə sağlam qidalanmalı, zərərli vərdişlərdən uzaq durmalıdırlar. Uşağın ən sürətli böyümə dövrü bir yaşa qədərdir. Yəni bir il ərzində uşaqlarda təxminən 25 santimetr boy artımı baş verir. Bu müddət ərzində uşaqlarda, hətta hansısa patologiya olsa da, boy uzanır. Körpənin birinci ilinin ilk aylarında boy daha çox uzansa da, sonra proses tədricən zəifləyir”.

    Boy artımını ləngidən əsas səbəblərdən birinin D vitamini əskikliyi olduğunu bildirən həkim-pediatr protokollara əsasən, körpəyə iki həftəliyindən iki yaşına qədər bu vitamini qəbul etdirməyin vacibliyini vurğulayıb: “D vitamini uşağın iki yaşından sonra onun gündəlik tələbatına uyğun olaraq müəyyən edilir. Bu yaşlarda uşağa D vitamini verən valideynlərə məsləhət görərdim ki, ildə ən azı bir dəfə analiz verərək vitamininin qandakı miqdarını yoxlatdırsınlar. Əgər qanda D vitamininin miqdarı normadan aşağı olarsa, dozalanma müalicəvi olaraq həyata keçirilməlidir. Apteklərdə satılan D vitamini preparatlarının qablaşdırmalarının üzərində qeyd edilən profilaktik dozadır. Həmin doza ilə uşağın D vitamininə olan tələbatını ödəmək mümkün deyil. Nəticədə, uşağın boyunda geriləmə müşahidə edilə bilər”.

    Pediatrın dediyinə görə, qaraciyər və yaxud da böyrəklərlə əlaqədar autoimmun xəstəlikləri olan uşaqlarda da boy geriliyinə rast gəlinir. Çünki qəbul edilən D vitamini yalnız müəyyən mərhələlərdən keçdikdən sonra orqanizm tərəfindən mənimsənilir. Qaraciyər və ya böyrək xəstəliyi olan uşaqların orqanizmi isə oral yolla və yaxud da günəşdən alınan D vitaminini mənimsəyə bilmir. Belə uşaqlarda D vitamini orqanizmə inyeksiya şəklində yeridilir. Yalnız bundan sonra boyda artım baş verir.

  • Şokoladın səbəb ola biləcəyi xəstəliklər açıqlanıb

    Tez-tez şokolad yemək ürək-damar sistemi xəstəliklərinin, bəzi onkoloji xəstəliklərin və diabetin yaranması risklərini artırır.

    Median.Az Trend-ə istinadən bildirir ki, bu barədə Britaniya Ürək Fondunun açıqlamasında deyilir.

    Mütəxəssislərin fikrincə, bu qida növünün əsas təhlükələri yüksək şəkər və zənginləşdirilmiş yağ səviyyəsidir. Hesab olunur ki, bu məhsullar böyük həcmdə istehlak olunduğu təqdirdə orqanizm üçün həddən artıq təhlükəli ola bilər.

    Həkimlər hər hansı bir mənfi fəsaddan qaçmaq üçün gündə 56 qramdan çox olmayaraq şokolad yeməyi və şokolad seçimində yüksək kakao tərkibli məhsullara üstünlük verməyi tövsiyə edir.

  • Zəhərlənmisinizsə qatıq içməyin! – Ziyanları

    Azərbaycanda qida zəhərlənməsi zamanı “ilk yardım” məqsədi ilə bir çox hallarda xəstəyə qatıq verilir.

    Bu isə çox böyük səhvdir və xəstənin vəziyyətini yüngülləşdirmir, əksinə ağırlaşdırır. Zəhərlənmədən sonra ilk 2 gün ərzində qatıq vermək qadağandır.

    Median.Az saglamolun.az-a istinadən bunun səbəblərin izah edir.

    Zəhərlənmə adətən qusma və ishalla muşayiət olunur. Belə vəziyyətdə bağırsaqların peristaltikasını (hərəkətlilik) artıran qatıq ishalı daha da gücləndirəcək. Bu isə susuzlaşmanın riskini artırır. Zəhərlənmə zamanı məhz susuzlaşma ən təhlükəli fəsaddır ki, ağır hallarda hətta insanın ölümünə səbəb ola bilər.

    Digər səbəb. Zəhərlənmə zamanı bağırsaqların selikli qişaları zədələnir və qıcıqlanır. Qatıq isə turş məhsuldur və onun tərkibində olan turşular selikli qişanı daha da qıcıqlandıracaq.

    Zəhərlənmə zamanı düzgün ilk yardım necə olmalıdır?

    – Qida zəhərlənməsinə şübhə yarandıqda dərhal təcili yardım çağırın.

    – Xəstənin mədəsini yuyun. Bunun üçün adi ilıq sudan istifadə edin. Xəstə 2 stəkan ilıq su içməli və sonra dilin kökünə basmalıdır ki, qussun. Mədə təmiz su çıxana qədər yuyulmalıdır.

    – Daha sonra xəstəyə smekta, enterosgel kimi preparatlardan birini verin. Bu preparatlar bağırsaqlarda olan toksinləri özünə hopdurur və çölə çıxardır. Kömürdən istifadə etməyin. Onun effektivliyi aşağıdır.

    – Çoxsaylı qusma və ishal nəticəsində yaranan susuzlaşmanın qarşısını almaq üçün xəstəyə regidron və ya oralit verilir. Preparat təyinata uyğun olaraq suda həll olunur və hər qusma və ishaldan sonra bir neçə qurtum olmaqla içilir. Bu preparatlar orqanizmin su-duz balansını bərpa edir.

    – Xəstəyə həkimin təyini olmadan heç bir digər dərman (qusma və ishal əleyhinə preparatlar, antibiotiklər, lineks, ot dəmləmələri və s.) vermək olmaz (!).

    – Zəhərlənmənin 1-ci günü xəstəyə hər hansı qida vermək tövsiyə edilmir. Bu həzm sisteminin daha tez bərpasına kömək edəcək. Növbəti günlərdə xəstəyə xüsusi pəhriz təyin olunur.

  • Kimlərə yemiş yemək olmaz?

    Dietoloq Olqa Korableva qovunun fəsadlarından danışıb.

    Median.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, mütəxəssis qovunun az kalorili olmasına baxmayaraq, həzmi çətin bir məhsul olduğunu bildirib.

    “100 qram məhsul təxminən 35 kilokaloridir. Qovun acqarına və ya meyvələr də daxil olmaqla digər qidalarla yeyilməməlidir, çünki bu qaz və ya ishala səbəb ola bilər. Ən yaxşısı yeməkdən sonra bir saat gözləyin və sonra yeyin”, – o, qeyd edib.

    Dietoloqun sözlərinə görə, qastrit, kəskin pankreatit (mədəaltı vəzin iltihabı), xolesistit (öd kisəsinin iltihabı), qastritin kəskinləşməsi olanların bu bostan bitkisindən uzaq durmasında fayda var. (publika.az)

  • Protein qəbulu müəyyən olunmuş miqdarı aşanda qida zəhərlənmələri kimi təhlükə yarada bilər

    Protein əzələ kütləsinin inkişafı və böyüməsi üçün vacib qida əlavəsidir. Onun tərkibində karbon, hidrogen, oksigen və kükürd kimi təbii birləşmələr var. Həmin qida vasitəsi orqanizmdəki enerjini təmin edir, hüceyrələrə və bədəndəki əzələlərə təsir göstərir.

    Median.Az bildirir ki, həkim-diyetoloq Ləman Süleymanovanın AZƏRTAC-a verdiyi məlumata görə, proteinin miqdarı hər orqanizmə görə fərqlidir. Protein normada qəbul edilməlidir ki, əks təsirləri olmasın: “Ümumi standartlara uyğun götürsək, hər kiloqram bədən çəkisinə görə 1-1,5 qram zülal qəbul etmək lazımdır. Ancaq bəzən idmançılar, fiziki işlə məşğul olanlar, ağır işdə çalışanlar hər kiloqram bədən çəkisinə görə 2 qram zülal qəbul edə bilərlər. Bu halda onlar artıq orqanizmin faydalı zülal miqdarını təmin etmiş olurlar”.

    Bəzi idmançılar təbii deyil, süni, yəni toz halında olan proteinlərdən istifadə edirlər. Mütəxəssislər belə qidaların mənfi təsiri olmadığını deyirlər. Hətta mədə əməliyyatı olanlara və yaxşı qidalanmayanlara protein tozunu məsləhət görürlər. Ancaq söhbət tam keyfiyyətli və sertifikatlı qida əlavələrindən gedir. Mütəxəssis deyib: “Bu zaman çox diqqətli olmaq lazımdır, çünki onların əksər hissəsinin tərkibində soya tərkibli geni dəyişdirilmiş zülallardan istifadə olunur və onlar orqanizmdə demək olar ki, mənimsənilmir. Müəyyən olunmuş miqdarı aşanda qida zəhərlənmələri kimi təhlükələrə səbəb ola bilər. Eyni zamanda, qidalarla da zülal miqdarının çox qəbul olunması sağlamlıq üçün zərərli ola bilər”.

    Doğrudur, qəbul edilən proteinlə lazımi maddələri əldə etmək mümkündür, lakin unutmaq olmaz ki, arzu edilən bədən quruluşuna sahib olmaq düzgün qidalanmadan və məşqin keyfiyyətindən də asılıdır.

  • Öd kisəsinin işləmədiyini göstərən əlamətlər

    Öd kisəsi bəzən zəhər torbası da adlandırılır. Qaraciyərin altında, az qala bitişik yerləşib, öd turşusu anbarı rolunu oynayır, bütün həzm prosesində iştirak edir.

    Orqan qaraciyərdən gələn öd şirəsini yığır və öz axacaqları vasitəsilə bağırsağa ötürür və orda həzm baş verir.

    Öd kisəsi və yollarının xəstəlikləri, problemi bütünlükdə orqanizm üçün fəsadlar yaradır. Öd ağrı verən orqandır. Ona görə onun çətində olduğunu bilmək asandır.

    Median.Az öd kisənizin artıq tükəndiyini və təhlükədə olduğunu göstərən 6 siqnalı təqdim edir.

    1. Sağ qabırğa altından qarına yayılan sancı, ağrı

    Əsasən səhərlər, insan ac olanda və qida qəbulundan sonra bu ağrı başlayır. Ağrı kifayət qədər intensivdir və çiyinə, qola, belə yayıla bilər.

    Ağrı əsasən öd kisəsi iltihabında, daşması zamanı, eləcə də daş olanda hiss olunur. Daş hərəkət etdikcə ağrı artır. Öd yolu çox nazir, ensizdir. Ora daşın düşməsi isə olduqca təhlükəli və tutma şəkilli ağrı verir.

    2. Mütəmadi ürəkbulanma, ağır yeməkdən sonra qusma

    Öd daşları öd yollarını tutduqda, xolesistit adlı iltihabi proses yaradır. Bu zaman öd bağırsağa keçə bilmir, həzm pozulur. Ödün divarları şişir, ağrı verir və bu mədəyə də təsir edərək, ürəkbulanma, qusma verir. Əgər yeməkdən sonra qusmalar artırsa, ödünüzü yoxladın.

    3. Mədədə yanğı, qıcqırma – İZJOQA

    Hər yeməkdən sonra mədədə yanma, gəyirmə, hıçqırma, ağıza acı öd dadı gəlməsi əlaməti varsa, bu öd daşı problemidir.

    4. Dərinizin rənginin dəyişməsi

    Əgər dəriniz, göz içi, ovuclar sanki gündə qaralmış, yanmış kimi rəng alırsa, saralırsa, bu öd yollarının tam tutulmasının əlamətidir. Öd daşı və ya hər hansı səbəb öd kisəsinin çıxacağını tutursa, istifadə olunmamış bilirubin yığılır və bu dəriyə sarı piqment verir. Bu zaman qanda bilirubinin də miqdarı yoxlanmalıdır. /medicina.az