Category: Sağlamlıq

  • Ürəyin dayanmasının gözlənilməz səbəbi açıqlandı

    Yüksək hava çirklənməsi ürəyin qəfil dayanma ehtimalını artırır.

    Qaynarinfo xəbər verir ki, bu nəticəyə Milan Politexnik Universitetinin tədqiqatçıları gəliblər. Nəticələr “Global Challenges” (GC) jurnalında dərc olunub.

    Tədqiqatçılar 2016–2019-cu illər arasında Lombardiyada qeydə alınan 37 613 xəstəxana xaricində ürəyin dayanma hadisəsini analiz ediblər. Hər bir hadisə üçün Avropa “Copernicus” proqramının peyk məlumatlarından istifadə edərək gündəlik çirklənmə konsentrasiyaları müəyyən edilib.

    Araşdırmada PM2.5 və PM10 – diametri müvafiq olaraq 2,5 və 10 mikrometrdən kiçik olan hava hissəciklərinin səviyyələri nəzərə alınıb. Bu hissəciklər dərin tənəffüs yollarına daxil olub iltihabi reaksiyalar yarada bilər. Həmçinin azot dioksidi, ozon və karbon monoksid səviyyələri də izlənilib. Məkan-zaman statistik modelləri hava çirklənməsinin gələcək günlərdə ürəyin dayanması ehtimalı ilə əlaqəsini müəyyən etməyə imkan verib.

    Ən diqqətçəkən əlaqə azot dioksidi ilə müşahidə olunub. Konsentrasiyanın kub metrə 10 mikroqram artması növbəti 96 saat ərzində qəfil ürəyin dayanması riskini 7% artırıb. Sərt hissəciklər də təsir göstərib: PM2.5 üçün riskin artımı 3%, PM10 üçün isə 2,5% təşkil edib.

    Müəlliflər bildirirlər ki, təsir şəhər ərazilərində daha güclü olsa da, tapılan əlaqələr böyük şəhərlərdən kənarda da saxlanılır. Risk əsasən isti dövrlərdə artır, bu da yüksək temperatur ilə çirklənmiş hava maddələri arasında qarşılıqlı təsirin olduğunu göstərə bilər.

    Hətta rəsmi normativləri aşmayan çirklənmə səviyyələrində belə əhəmiyyətli korrelyasiyalar müşahidə olunub ki, bu da mövcud “təhlükəsiz” təsir həddinin mövcudluğunu şübhə altına qoyur.

  • “Bu qidaları yeyənlərin dərman atmağa ehtiyacı olmur”

    Həkim qaraciyər xəstələri üçün ideal səhər yeməyi və nahar menyusunu açıqlayıb.

    Median.Az xəbər verir ki, rusiyalı dietoloq-hepatoloq Nuriya Dianova qaraciyər xəstəliklərindən əziyyət çəkən şəxslərə düzgün qidalanma ilə bağlı tövsiyələr verib.

    Həkimin sözlərinə görə, qaraciyər xəstələri üçün yüngül, zülal və tərəvəzlərlə zəngin səhər yeməyi vacibdir.
    “Səhər yeməyinə yaşıl lobyalı omlet hazırlamaq olar. Lobyaları bir qədər bişirib yumurta və süd qarışığı ilə sobaya qoymaq kifayətdir. Beləcə yemək həm dadlı, həm də lif baxımından faydalı olur. Omletin yanında buğda çörəyi vermək olar. Bu, ənənəvi çörək-yağ səhər yeməyinin sağlam variantıdır”, – deyə Dianova bildirib.

    Mütəxəssis vurğulayıb ki, bitki mənşəli yağlar qaraciyərin vəziyyətini yaxşılaşdırır, öd axınının normallaşmasına kömək edir və piylənmənin qarşısını alır. “Gündə ən azı bir çay qaşığı bitki yağı qəbul etmək lazımdır. Yağı sıyığa, salata və ya qarnira əlavə etmək olar” – deyə həkim qeyd edib.
    Dianova həmçinin naharda bitki əsaslı yeməklərə üstünlük verməyi tövsiyə edib. “Məsələn, bitki mənşəli “ət”dən hazırlanmış kotletləri arpa və balqabaqla birlikdə yemək olar. Axşam yeməyinə isə toyuq və ya hinduşka ciyəri bişirib, bol yaşıl göyərti ilə birlikdə təqdim etmək məqsədəuyğundur”, – deyə o əlavə edib.

    Həkim bildirib ki, qırmızı ətin azaldılması və bitki əsaslı məhsullara keçid qaraciyərin yüklənməsini azaldır. “Pasiyentlərimə izah edirəm ki, belə qidalanma onlara bahalı qaraciyər dərmanlarına daha az ehtiyac duymağa kömək edir. Müasir bitki mənşəli məhsullar zülal, lif və vitaminlərlə zəngindir. Məhz zülal çatışmazlığı qaraciyər xəstələrində ən çox rast gəlinən problemdir” – deyə Dianova vurğulayıb.

  • Tibbdə yeni kəşf: Sızanaq dərmanı beyin xəstəliklərinə qarşı qoruyucu ola bilər

    İnfeksiyalar və sızanaqların müalicəsində istifadə edilən adi antibiotik doksisiklin şizofreniya riskini azalda bilər.

    Median.Az xarici mətbuata istinadən xəbər verir ki, bu nəticəyə Edinburq Universitetinin alimləri Finlandiya və İrlandiyadan olan həmkarları ilə birgə apardıqları araşdırma zamanı gəliblər.
     
    Tədqiqat zamanı Finlandiya psixiatriya xidmətlərində müalicə alan 56 minə yaxın yeniyetmənin məlumatları təhlil edilib.
     
    Alimlər müəyyən ediblər ki, doksisiklin qəbul edən şəxslərdə yetkinlik dövründə şizofreniya inkişaf riski digər antibiotiklər qəbul edənlərə nisbətən 30–35 faiz daha azdır.

  • Alimlər idmanla bağlı məşhur mifi aradan qaldırıblar

    Viktor Çanq adına Kardiologiya İnstitutunun (Avstraliya) tədqiqatçıları müəyyən ediblər ki, müntəzəm fiziki məşqlər ürəyi aşındırmır, əksinə, onun fəaliyyətini gücləndirir.

    Median.Az xəbər verir ki, tədqiqatın nəticələri “JACC: Advances” jurnalında dərc olunub.

    Alimlərin sözlərinə görə, məşq zamanı ürək döyüntülərinin tez artmasının ürəyə zərər verdiyi barədə geniş yayılmış fikir doğru deyil. Əksinə, aktiv həyat tərzi keçirən insanların sakit vəziyyətdə ürək döyüntüsünün tezliyi idmanla məşğul olmayanlara nisbətən orta hesabla 10 faiz aşağı olur.

    Tədqiqat nəticəsində müəyyən edilib ki, idmanla məşğul olan insanların ürək döyüntüsü dəqiqədə təxminən 68, azhərəkətli şəxslərdə isə təxminən 76-ya bərabərdir. Beləliklə, məşq edən insanların ürəyi gün ərzində təxminən 11.5 min dəfə az vurur.

    Qeyd olunur ki, sağlam yetkin şəxslərdə sakit vəziyyətdə normal nəbz tezliyi dəqiqədə 60-100 arasında dəyişir. Sakit vəziyyətdə nəbzin aşağı olması yaxşı fiziki forma və uzunmüddətli sağlamlığın göstəricisidir.

  • Mikrodalğalı sobadakı yeməkdə nə baş verir? – Alimlər izah edir

    Mikrodalğalı soba yeməyi bişirməyin və ya qızdırmağın ən rahat yollarından biridir, lakin onun ətrafında çoxlu miflər mövcuddur. Üstəlik, bir çox insan belə hesab edir ki, bu cihaz qidanı “şüalandırır” və ya faydalı maddələri məhv edir. Alimlər isə bunun əksini sübut edib.

    Bu barədə Median.Az xarici mediaya istinadla xəbər verir.

    Mikrodalğalı soba içərisindəki maqnetron elektrik enerjisini elektromaqnit dalğalarına çevirir. Bu dalğalar əsasən su molekullarına təsir göstərir və onları vibrasiyaya məcbur edərək istilik əmələ gətirir. Beləliklə, yemək isinir və ya bişir.

    Mütəxəssislər bildirir ki, mikrodalğalı dalğalar qidanı radioaktiv etmir, qidanın tərkibindəki vitaminlərin böyük hissəsi qorunub qalır — hətta bəzi hallarda daha yaxşı saxlanılır.

    Yüksək rütubətli qidalar (məsələn, şorba, tərəvəz) daha tez qızır. Quru yeməklər uzun müddət saxlanılarsa quruyub sərtləşə bilər. Su buxara çevrildiyi üçün tərəvəzlər yumşalır, böyük ət parçaları isə bərabər isinməyə bilər. Ona görə qarışdırmaq tövsiyə olunur.

    Tədqiqatlar göstərir ki, mikrodalğada bişirmə C vitamini və su­da həll olan digər vitaminləri qaynatma və ya qızartmaya nisbətən daha yaxşı qoruyur. Bunun səbəbi aşağı temperatur və qısa bişmə vaxtıdır. Bəzi hallarda isə antioksidantlar və həzmə müsbət təsir edən rezistent nişasta kimi faydalı maddələrin miqdarı artır.

    Alimlərin yekunu sadədir: mikrodalğalı soba nə təhlükəlidir, nə də qidanı zərərli edir, düzgün istifadə edildiyi halda, o, qidaları daha sağlam şəkildə hazırlamağın yollarından biridir.

  • Donuz əti xərçəng yaradır — Britaniyada bekon və vetçinaya qadağa tələbi

    Böyük Britaniyada bekon (donuz pastırması) və vetçinanın qadağan olunması tələb edilib. Buna səbəb bu məhsulların xərçəng riskini artırmasıdır.

    Median.Az-ın məlumatına görə, bu tələblə bağlı məktub həmin Avropa ölkəsinin səhiyyə nazirinə Kvinz Universitetinin Qlobal Qida Təhlükəsizliyi İnstitutu tərəfindən göndərilib.

    Təşkilatın qurucusu, mikrobiologiya və qida təhlükəsizliyi üzrə professor Kris Elliott bildirib ki, pastırma və vetçinanın kanserogen (xərçəng yaradan) təsiri on il əvvəl sübut edilib, lakin bu illər ərzində onların istehlakını azaltmaq üçün ciddi addımlar atılmayıb.

    “Gecikən hər il qarşısı alına biləcək daha çox xərçəng hadisəsi, daha çox zərər çəkmiş ailə və Milli Səhiyyə Xidmətinə daha böyük yük deməkdir”, – deyə professor Elliott qeyd edib.

    O vurğulayıb ki, sağlamlığa ən çox zərəri ətə onun çəhrayı rəngini və satış görünüşünü qorumaq üçün əlavə olunan nitritlər vurur. Onun sözlərinə görə, bu maddələr nitrozaminlərin yaranmasına səbəb olur və bunlar da kanserogen hesab olunur.

    Ekspert əlavə edib ki, hələ 2015-ci ildə sübut olunub: gündə 50 qram emal olunmuş ət istehlakı yoğun bağırsaq xərçəngi riskini 18 faiz artırır.

  • Çobanyastığı çayının 5 yan təsiri – Diyetoloqlar açıqladı

    Çox miqdarda çobanyastığı çayı içilməsi bir sıra sağlamlıq problemlərinə səbəb ola bilər və bəzi dərmanlarla birgə qəbul edildikdə təhlükəli hesab olunur.

    Qaynarinfo xəbər verir ki, “Verywellhealth” nəşrinin məlumatına görə, bu çayın yan təsirləri arasında həzm pozğunluqları və allergik reaksiyalar da var.

    1. Ürəkbulanma və qusma

    Çobanyastığı bəzi insanlarda ürəkbulanmanı azalda bilər, lakin həddindən artıq istifadə əks təsir göstərə bilər.

    Diyetoloq Keri Hans bildirib: “Çobanyastığı çayı ümumilikdə təhlükəsizdir, lakin onun çox miqdarda içilməsi bəzən ürəkbulanma və qusma ilə nəticələnə bilər”.

    Tibbi elmlər doktoru, diyetoloq Samanta Dieras isə qeyd edib ki, bu hallar nadir baş verir: “Belə miqdarda və bu qədər uzun müddət çobanyastığı çayının içilməsi çox az ehtimal olunur”.

    2. Allergik reaksiyalar

    Hansın sözlərinə görə, ambroziya kimi bitkilərə allergiyası olan insanlarda çobanyastığı çayı dəridə qıcıqlanma və ya şişkinlik yarada bilər. Bu cür reaksiyalar xrizantema, aşıqotu və ya margaritkalara qarşı allergiyası olanlarda da müşahidə edilə bilər. Çobanyastığına qarşı allergiya ağır hipersensitivlik reaksiyalarına və anafilaksiyaya səbəb ola bilər.

    3. Yuxululuq

    Yuxunu tənzimləyən dərmanlar qəbul edən şəxslər çobanyastığı çayını ehtiyatla içməlidirlər. Dieras qeyd edib: “Bu çayın sakitləşdirici təsir göstərən preparatlarla qarşılıqlı təsiri ilə bağlı narahatlıqlar var”.

    O əlavə edib ki, bu halda yuxululuq daha da arta bilər.

    4. Qanaxma riskinin artması

    Çobanyastığı çayı qan durulaşdırıcı dərmanlar qəbul edən insanlar üçün təhlükəli ola bilər. Hans bildirib ki, çobanyastığı təbii kumarin birləşmələri ehtiva edir və bu maddələr ‘varfarin’ kimi dərmanların təsirini gücləndirərək qanaxma riskini artıra bilər.

    5. Qadınlar üçün risk: doğuşa nəzarət vasitələrinə təsir

    Dierasın sözlərinə görə, çox miqdarda çobanyastığı çayının içilməsi bəzi doğuşa nəzarət preparatlarının effektivliyini azalda bilər. Araşdırmalar göstərir ki, çobanyastığı bu tabletlərin təsirini zəiflədə və estrogenə həssaslığı artıra bilər.

    Həmçinin qeyd olunur ki, hamiləlik və ya körpə əmizdirmə dövründə çobanyastığı çayının təhlükəsizliyi barədə elmə hələ kifayət qədər məlumat məlum deyil.

    Nə qədər çobanyastığı çayı içmək təhlükəsizdir?

    Keri Hans bildirib: “Rəsmi limit olmasa da, əksər mütəxəssislər gündə bir-üç fincan çay içilməsini sağlam böyüklər üçün təhlükəsiz hesab edirlər. Dərman qəbul edən və ya sağlamlıq problemi olan insanlar miqdarı azaltmalı və vəziyyətlərini izləməlidirlər”.

    Digər çayların faydaları

    * Çayda olan antioksidantlar ürək-damar sistemini gücləndirir, yaddaşı və diqqəti yaxşılaşdırır, həmçinin həzmi asanlaşdırır.

    * Yaşıl və qara çaylar xroniki xəstəliklərin riskini azaldan antioksidantlarla zəngindir. Çobanyastığı, nanə və qızılgül (hibiskus) kimi bitki çayları isə həzmi yaxşılaşdırır və yuxunu tənzimləyir.

  • “Hazır suplar xərçəng yaradır

    Rusiyalı dietoloq və endokrinoloq Elvina Binatova geniş yayılmış 5 dəqiqədə hazırlanan əriştələrin ziyanı barədə danışıb.

    Həkimin sözlərinə görə, belə məhsulların tərkibindəki dad gücləndiricilər, konservantlar və süni rəngləndiricilər insan sağlamlığı üçün ən böyük zərəri yaradır. Bundan əlavə, hazır əriştələr çoxlu miqdarda duz ehtiva etdiyindən, onların tez-tez qəbulu ürək-damar və böyrək xəstəliklərinin yaranma riskini artırır.

    Binatova bildirib ki, bu məhsullar həmçinin trans yağlar və turşuluq tənzimləyiciləri ilə zəngindir – bunlar kanserogen hesab olunur və həzm sistemində müxtəlif problemlər yarada bilər. Əriştənin əsasını isə yüngül karbohidratlar təşkil edir, tərkibində lif, zülal və B qrup vitaminləri isə demək olar ki, yoxdur.

    “Hazır əriştə qısa müddətlik toxluq və enerji hissi yaradır, lakin aclıq tez bir zamanda geri qayıdır. Buna görə də onu yalnız fövqəladə hallarda – yemək hazırlamağa vaxt olmadıqda və ya əlinizin altında meyvə olmadıqda istifadə etmək məsləhətdir”, – deyə dietoloq vurğulayıb.

    Sonda həkim hazır əriştəni öz qablaşdırmasında bişirməməyi tövsiyə edib. Onun sözlərinə görə, bu qablar polistirol materialdan hazırlanır və qaynar su ilə təmasda olduqda endokrin sistemi pozan toksik maddələr ifraz edir.

  • Ürək tutması barədə xəbərdarlıq: Soyuq havalara diqqət!

    Fəsil keçidləri, temperatur fərqlərinin artması və hava şəraitindəki dəyişikliklər insan orqanizminin tarazlığına ciddi təsir göstərir. Bu dövrlərdə xüsusilə ürək və damar xəstəliklərinin sayında artım müşahidə olunur.

    Qaynarinfo xəbər verir ki, kardioloq İsmayıl Erdoğu fəsil keçidlərinin ürək xəstələri üçün təhlükəli olduğunu bildirərək deyib: “Soyuq havalar ürək tutmalarını tətikləyə bilər. Bu dövrdə bədən istiliyini qorumaq və qidalanmaya diqqət yetirmək böyük əhəmiyyət daşıyır”.

    Ani istilik dəyişiklikləri damarların daralmasına, bununla da ürəyin yükünün artmasına səbəb olur. Soyuq havalarda ürək daha çox efor sərf etdiyindən, xroniki ürək xəstələrinin bu dövrdə daha diqqətli davranmaları tövsiyə olunur. Həkim xəbərdarlıq edib ki, açıq havada edilən qəfil və ağır idman hərəkətləri də ürək tutmasına səbəb ola bilər.

    İsmayıl Erdoğu bildirib ki, fəsil keçidləri zamanı insanların həyat tərzi və qidalanma vərdişləri dəyişir:

    “Yayda insanlar daha çox tərəvəz və meyvə yeyirlər, lakin qışda yağlı və daha ağır qidalar üstünlük təşkil edir. Bu da ürək-damar sisteminə əlavə yük yaradır. 40–45 yaşdan yuxarı, idmanla mütəmadi məşğul olmayan şəxslər ağır məşqlərdən çəkinməlidirlər. Soyuq havada, xüsusilə halı sahələrdə futbol oynamaq kimi fəaliyyətlər ani yorulma və soyuqla birlikdə ürək tutmasını tətikləyə bilər. Hazırda biz ürək tutmalarının artacağı bir dövrə daxil olmuşuq”.

    Həkim Erdoğu qeyd edib ki, ürək tutmalarından ölüm hallarının əsas səbəbi xəstələrin xəstəxanaya gec müraciət etməsidir:

    “Bəzi insanlar şikayətlərini ürək problemi ilə əlaqələndirmir və xəstəxanaya getmirlər. Halbuki risk faktorları olan şəxslərin vaxtında müraciəti həyati əhəmiyyət daşıyır. Tərəvəzlərdəki C və E vitaminləri damar sağlamlığı üçün çox önəmlidir. Qışda da gündəlik menyuda tərəvəz və salat mütləq yer almalıdır. Həftədə ən az iki dəfə balıq yemək soyuq havalarda qəfil ürək tutmalarının qarşısını ala bilər”.

  • Duzun təzyiqə təsiri: Əsas TƏHLÜKƏLƏR

    Ürək sağlamlığını qorumaq üçün qan təzyiqini mütəmadi izləmək vacibdir. Duz həm dadlandırıcı, həm də risk amilidir.

    Lent.az xarici mediaya istinadla bildirir ki, duz yalnız yeməklərin dadını artırmır, həm də konservant kimi çıxış edir. Buna görə də uzunmüddətli saxlanma müddəti olan məhsullarda və hazır yeməklərdə yüksək miqdarda olur.

    Kardioloq Xorxe Roxas Zamalloa izah edir:

    “Duz pis reputasiyaya malik olsa da, tərkibindəki natrium vacib qida maddəsidir. O, orqanizmdə maye balansını qoruyur, sinir impulslarını ötürür və əzələlərin, o cümlədən ürəyin yığılma-boşalma funksiyasına təsir edir”.

    Təzyiqə təsiri

    Yeni araşdırmalar duzun maddələr mübadiləsi və enerji balansında da rol oynadığını göstərir.

    Dietoloq Veronika Raus bildirir:

    “Həddindən artıq duz bədənin suyu saxlamağına səbəb olur. Bu da damarlardakı qan həcmini artırır, ürəyə və damar divarlarına əlavə yük yaradır və hipertoniya, ürək-damar xəstəlikləri, insult riskini yüksəldir”.

    Uzunmüddətli yüksək təzyiq (hipertoniya) “səssiz, amma güclü” risk faktoru sayılır və ürək çatışmazlığı, infarkt, insult və böyrək xəstəliklərinə gətirib çıxara bilər.

    Aşırı az duzun da ziyanı var

    Çox az miqdarda duz qəbul etmək də təhlükəlidir aşağı qan təzyiqi, başgicəllənmə, huş itirmə və nadir hallarda natrium çatışmazlığı ilə bağlı ağırlaşmalar yarada bilər.

    Nə qədər duz qəbul edilməlidir?

    ABŞ qidalanma tövsiyələrinə görə:

    Sağlam böyüklər üçün natrium norması gündə maksimum 2300 mq-dır (təxminən 1 çay qaşığı duz).

    Hipertoniya, böyrək xəstəliyi və 2-ci tip diabeti olanlar üçün bu hədd daha da aşağı olmalıdır.

    Veronika Raus qeyd edir ki:”

    “Gündəlik natrium miqdarının təxminən 1500 milliqrama endirilməsi qan təzyiqini əhəmiyyətli dərəcədə azaldır və ürək-damar xəstəliklərinin qarşısını alır”.