Category: Siyasət

  • Dövlət başçısı: “Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır”

    Daimi diskussiyaların mövzularından biri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsidir. Rusiya ATƏT-in Minsk qrupunun həmsədridir. Onun vasitəçilik üçün mandatı var. Qeyd etməliyəm ki, Dağlıq Qarabağ və Azərbaycanın digər 7 rayonu 25 ildən çoxdur erməni işğalı altındadır. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır.

    Median.Az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 3-də Rusiya Federasiyasının Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasındakı çıxışında deyib.

    Dövlət başçısı qeyd edib ki, sovet dövründə Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmışdı: “Qeyd etməliyəm ki, bu münaqişə ilə əlaqədar çox vaxt reallığı əks etdirməyən geniş fikir müxtəlifliyi var. Bu məsələyə aydınlıq gətirmək üçün deməliyəm ki, 1921-ci ildə Qafqaz bürosunun qərarında Dağlıq Qarabağın çox vaxt erməni tərəfinin interpretasiya etdiyi kimi, Azərbaycana verilməsi deyil, onun Azərbaycanın tərkibində qalması göstərilmişdir. Münaqişə başlayana qədər Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətində yaşayan azərbaycanlı və erməni əhalinin say nisbəti 25:75 faiz kimi olub. Münaqişə nəticəsində Dağlıq Qarabağdan, həmçinin digər 7 rayondan bütün azərbaycanlı əhali qovulub, başqa sözlə desək, orada etnik təmizləmə aparılıb.

    Bu gün də işğal olunmuş ərazilərdə azərbaycanlı əhali yoxdur və işğal olunmuş ərazilər, onların böyük bir hissəsi yandırılmış, dağıdılmış torpaqlar, viran qoyulmuş evlər, məktəblər, ictimai binalardır. Münaqişə nəticəsində Azərbaycan humanitar fəlakətlə üzləşib. Dağlıq Qarabağdan və Azərbaycanın işğal olunmuş digər ərazilərindən olan 700 mindən çox məcburi köçkün, üstəgəl müasir Ermənistanın ərazisindəki öz tarixi torpaqlarından qovulmuş 250 min azərbaycanlı. BMT Təhlükəsizlik Şurası erməni silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. İyirmi beş ildən çoxdur ki, bu qətnamələr yerinə yetirilmir. Burada biz mühüm məsələyə – qəbul olunmuş qərarların yerinə yetirilməsinə gəlirik. BMT Təhlükəsizlik Şurası ali beynəlxalq orqandır. Əgər 25 ildən çox müddətdə Təhlükəsizlik Şurasının qəbul etdiyi qərarlar yerinə yetirilmirsə, onda bu, həmin təşkilatın səmərəliliyi ilə bağlı bir çox suallar doğurur. Azərbaycanda bizi qətnamələrin yerinə yetirilməsinin reallaşdırılmasının seçmə xarakteri narahat edir. Bəzən onlar bir neçə gün ərzində yerinə yetirilir, bəzən isə müəyyən hərbi əməliyyatların həyata keçirilməsində onlara, ümumiyyətlə, ehtiyac qalmır. Bizimlə bağlı məsələdə isə qətnamələr kağız üzərində qalır. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, BMT-nin bütün dünya tərəfindən qəbul edilmiş Nizamnaməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələri və Helsinki Yekun Aktı çərçivəsində həll olunmalıdır. Ermənistanın baş naziri son vaxtlar tez-tez təkrarlayır ki, münaqişənin həlli Azərbaycan xalqı, Ermənistan xalqı və Dağlıq Qarabağ xalqı üçün məqbul olmalıdır. İndi deməliyəm ki, “Dağlıq Qarabağ xalqı” məfhumu mövcud deyil. Dağlıq Qarabağın əhalisi var, münaqişə başlayana qədər bu, bərabər hüquqlara malik olan Azərbaycan və erməni əhalisindən ibarət idi. Azərbaycan üçün hansı həll variantının məqbul olmasına gəldikdə isə, o, Azərbaycanın bütün dünya tərəfindən tanınmış ərazi bütövlüyünün bərpa olunması, qaçqınların və məcburi köçkünlərin öz doğma torpaqlarına, o cümlədən Dağlıq Qarabağa qayıtmasından ibarətdir. Bu, Təhlükəsizlik Şurasının qətnamələrinə və Helsinki Yekun Aktına uyğundur.

    Deməliyəm ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü bu gün də davam edir. Dünən erməni snayperi tərəfindən dinc sakin, münaqişə zonasından uzaqda, Ermənistanın Azərbaycanla sərhədində yerləşən Qazax rayonunun sakini qətlə yetirilib. Həmçinin deməliyəm ki, 2016-cı ilin aprelində hərbi təxribat zamanı altı dinc sakin, o cümlədən balaca qız qətlə yetirilib.

    Həmçinin Ermənistan baş nazirinin təəccüb doğuran bəyanatına toxunmaq istərdim. Bu bəyanat təkcə Azərbaycanda təəccüblə qarşılanmayıb, ona Rusiya Federasiyası tərəfindən də “Valday” forumu çərçivəsində müvafiq cavab verilib. Beləliklə, bəyanat sözbəsöz belədir: “Qarabağ Ermənistanın bir hissəsidir və nöqtə”. Birincisi, yumşaq desək, bu, yalandır. Dünya tərəfindən həm Aran, həm də Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi tanınıb. Ermənistan özü də bu qanunsuz qurumu tanımır. Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi.

    İşğala, 1990-cı illərin əvvəlində ölkəmizdə hər səkkiz nəfərdən birinin qaçqın olduğu humanitar fəlakətə baxmayaraq, Azərbaycan böyük inkişaf və quruculuq yolu qət edib. Ölkədə oyuncaq, xalqazidd, satqın Xalq Cəbhəsi rejiminin hakimiyyətdə olduğu müstəqilliyin ilk illəri istisna olmaqla, 26 ildir Azərbaycan sabitlik şəraitində yaşayır və burada əsas xidmət vətəndaş müharibəsinin qarşısını almış, işğalı dayandırmış, xaosun, dağıntının öhdəsindən gəlmiş və Azərbaycanı quruculuq yoluna çıxarmış Prezident Heydər Əliyevə məxsusdur. Beləliklə, 26 ildir ki, Azərbaycan xalqı sabitlik və inkişaf şəraitində yaşayır. Ölkəmizin beynəlxalq mövqeləri möhkəmlənir. Bunun göstəricilərindən biri bir neçə il əvvəl ölkəmizin 155 dövlətin səsi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsidir. Bu, o qədər də asan deyildi, bizim üçün 3 gün və 16 tur tələb olundu, lakin ədalət zəfər çaldı. Həmçinin qeyd etmək istərdim ki, Rusiya Federasiyası və digər 154 ölkə bizə böyük dəstək verdi.

    Bizi sevindirir ki, Bakı artıq bir neçə ildir Rusiya və NATO-nun ali hərbi komandanlıqlarının görüş yeri seçilir. Bunu bizə göstərilən etimadın ifadəsi kimi qiymətləndiririk. Bu ayın sonunda Bakıda Qoşulmama Hərəkatının sammiti keçiriləcək. Azərbaycan 3 il müddətinə bu təşkilatın sədri olacaq.

    Qarşımızda duran beynəlxalq gündəliklə yanaşı, əlbəttə, biz diqqətimizi iqtisadi inkişafla bağlı daxili problemlərə yönəldirik. Bu istiqamətdə böyük nəticələr əldə olunub. Azərbaycan xarici borcu az olan dövlətdir. Bu göstəriciyə görə biz 9-cu yerdəyik, xarici borc Ümumi Daxili Məhsulun 17 faizini təşkil edir. Məlumat üçün deyim ki, Rusiya 6-cı yerdədir. Biz rəqib deyilik, lakin həmişə ən yaxşı nəticələrə istiqamətlənirik. Yoxsulluğun azaldılması üzrə böyük işlər görülür və bu göstərici 2003-cü ildəki 49 faizdən 5 faizə endirilib. İqtisadi artım sosial problemlərin həllinə də imkan verir. Bu il minimum əməkhaqqı təxminən 2 dəfə, minimum pensiya 70 faiz artıb. Biz müasir texnologiyalara sərmayə qoyuruq, əhalimizin 80 faizi internet istifadəçisidir. Azərbaycan 3 peyki olan ölkədir. Bunlardan ikisi telekommunikasiya, biri isə Yer səthini müşahidə edən peykdir.

    Son olaraq Vladimir Vladimiroviçin nəqliyyat layihələrinin təkcə ticarətin inkişafına kömək etməməsi, həmçinin xalqlar arasında körpü olması barədə tezisinə dəstək olaraq demək istəyirəm ki, bu istiqamətdə bizim ölkəmizdən keçən Şimal-Cənub və Şərq-Qərb dəhlizləri məhz beynəlxalq əməkdaşlığın genişləndirilməsi və risklərin azaldılması istiqamətində addımlardır, layihələrdir”.

  • Dövlət başçılarının “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının iştirakçıları ilə qeyri-formal görüşü olub

    Oktyabrın 3-də Soçidə dövlət başçılarının “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının iştirakçıları ilə qeyri-formal görüşü olub.

    Median.Az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Azərbaycan Prezidenti İlham Əliyev görüşdə çıxış etdilər.

    Prezident Vladimir PUTİN dedi:

    -Hörmətli dostlar, xanımlar və cənablar, həmkarlar.

    İcazə verin, sizin hamınızı qeyri-rəsmi şəraitdə bir daha salamlayım. Bu məkanda işə uzun illər boyu maraq göstərdiyinizə görə sizə təşəkkür etmək istəyirəm. Mənim fikrimcə bu məkan yaxşı, davamlı format kəsb edib və mütəxəssislərin, özü də təkcə mütəxəssislərin yox, həm də demək olar ki, geniş ictimaiyyətin layiqli hörmətini qazanmışdır.

    Mənə belə gəlir ki, bu illər ərzində hətta müəyyən komanda yaranıb. Bu komanda çoxmillətli və sözün yaxşı mənasında bizim xalqın dediyi kimi, müxtəliftərkibli, amma hər halda komandadır.

    Mən həmkarlarıma – artıq burada olmayan, lakin o bilir, təşəkkür sözlərimi eşidib, İordaniya Kralına, Prezident Duterteyə, həmçinin burada iştirak edən Qazaxıstan və Azərbaycan prezidentlərinə ayrıca təşəkkürümü bildirmək istəyirəm. Sizin hamınızı salamlamaq üçün məmnuniyyətlə onlara söz verirəm.

    Sonra Qazaxıstan Prezidenti Kasım-Jomart TOKAYEV çıxış etdi:

    -Hörmətli xanımlar və cənablar.

    Bu gün podiumda əyləşərkən mənə tanış olan çoxlu simaları gördüm və fürsətdən istifadə edib sizə möhkəm cansağlığı, uğurlar, firavanlıq arzu etmək istərdim. Valday forumuna dəvətə görə Rusiya Federasiyasının Prezidenti Vladimir Vladimiroviç Putinə bir daha təşəkkür edirəm, ona böyük və səmimi hörmət bəslədiyimi bildirirəm.

    Bu forum Rusiyanın hüdudlarından kənarda da məşhurdur. Bu, nüfuzlu diskussiya məkanıdır. Bugünkü iclas mənim fikrimcə uğurlu oldu və əlbəttə, diskussiyanın gedişini Vladimir Vladimiroviç idarə edirdi, sizin suallarınız əsasən ona ünvanlanmışdı. Lakin biz də imkan daxilində öz töhfəmizi verdik. Zənnimcə bu cür diskussiyalar davam etməlidir, çünki onlar müasir dünyada baş verənləri anlamaq üçün çox faydalıdır. Sağ olun!

    Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi:

    -Valday forumuna dəvətə görə mən də Vladimir Vladimiroviçə təşəkkür etmək istərdim. Bu forumun işində iştirak etmək böyük şərəfdir.

    Mən artıq demişəm ki, forum aktual məsələlərin müzakirəsi üçün ən mühüm beynəlxalq məkanlardan biridir. Bugünkü mövzu Şərqə həsr edilmişdi. Lakin təbii ki, biz bu mövzunun çərçivəsindən kənara çıxdıq. Mənə belə gəlir ki, bu gün həqiqətən çox maraqlı, səmimi diskussiya keçdi, panelin hər bir iştirakçısı öz fikrini sərbəst ifadə edə bildi. Siz də qeyd etdiyiniz kimi, bizim fikrilərimiz çox cəhətdən üst-üstə düşürdü.

    Zənnimcə bugünkü panel tərəfdaşların, dostların, həmfikirlərin paneli idi. Bugünkü panelə verdiyi töhfəyə görə Vladimir Vladimiroviçə xüsusi təşəkkür edirəm, işin əsas ağırlığı onun üzərinə düşürdü. Biz də bacardığımız qədər kömək edirdik. Bir daha sağ olun. Hamınıza firavanlıq diləyirəm.

    Yeri gəlmişkən, demək istərdim ki, zalda da çoxlu köhnə dostlarımı, o cümlədən Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun məzunlarını gördüm. Vladimir Vladimiroviç, ürəyinizdə arzu tuta bilərsiniz – Siz Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun iki məzunu arasında əyləşmisiniz.

    Prezident Vladimir PUTİN: Mənim arzum budur ki, bizim işimizin nəticələri real siyasətdə əməli fayda versin, bizim diskussiyalar dünyanın ən mühüm problemlərinin həllinə müxtəlif ölkələrin yanaşmalarında onların mövqelərini daha yaxşı anlamağa kömək etsin, bu problemlərin həllində isə biz hamımız maraqlıyıq.

    İcazə verin bu yolda bizə uğurlar arzulayım. Diqqətinizə görə təşəkkür edirəm.

    Oktyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına səfəri başa çatıb.

  • Prezident İlham Əliyev Teymur Rəcəbovu təbrik edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qrossmeyster Teymur Rəcəbovu Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilən Dünya Kuboku uğrunda yarışlarda qələbə qazanmağın münasibətilə təbrik edib.

    Median.Az xəbər verir ki, təbrikdə deyilir:

    Əziz Teymur,

    Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilən Dünya Kuboku uğrunda yarışlarda qələbə qazanmağın münasibətilə səni ürəkdən təbrik edirəm.

    Sən yüksək ustalıq, əzmkarlıq və iradə nümayiş etdirərək qazandığın bu qələbə ilə Dünya Kubokunun sahibi olan ilk şahmatçımız kimi Azərbaycan idmanının tarixində şanlı səhifə açdın.

    Sənə ən xoş arzularımı yetirir, yeni-yeni qələbələr diləyirəm.

  • İlham Əliyev deputatı təltif etdi

    Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Sabir Kamal oğlu Hacıyevə “Əməkdar hüquqşünas” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

    Sərəncama əsasən, fəxri ad qanunvericiliyin inkişafı sahəsində xidmətlərinə görə təltif edilib.

    S.Hacıyev 2010-cu ildən bəri Milli Məclisin deputatıdır.

  • İlham Əliyev: Erməni əsgərlər Azərbaycanın dinc sakinlərini öldürməkdə davam edir

    Azərbaycan Prezidenti İlham Əliyev bir daha dünya ictimaiyyətinin diqqətini Ermənistan tərəfindən atəşkəs rejimindən istifadə qaydalarının pozulmasına yönəldərək, Soçidə keçirilən “Valday” forumunda bəyan edib ki, erməni əsgərlər Azərbaycanın günahsız dinc sakinlərini güllələməkdə davam edir.

    “Ermənistanın Azərbaycana qarşı hərbi aqressiyası bu gün də davam edir. Dünən münaqişə zonasından uzaq, Azərbaycan Ermənistan sərhədində yerləşən Qazax rayonunun dinc sakini erməni snayperləri tərəfindən öldürülüb. Həmçinin, deməliyəm ki, 2016-cı ilin aprelində hərbi təxribat zamanı aralarında uşağın – qızın da olduğu Azərbaycanın altı dinc sakini öldürülüb”, – Azərbaycan dövlətinin başçısı “Valday” Beynəlxalq Diskussiya Klubunun iclasında vurğulayıb.

    İ.Əliyev qeyd edib ki, hazırda Ermənistanın işğal olunmuş torpaqlarında azərbaycanlılar yoxdur, “işğal altındakı ərazilərin böyük hissəsində torpaqlar, evlər, məktəblər, ictimai binalar dağıdılıb”.

    “Ermənistan baş nazirinin təəccüblü açıqlamasına toxunmaq istərdim. Təəccüb təkcə Azərbaycandan deyildi, “Valday” forumu çərçivəsində Rusiya Federasiyası tərəfindən də oxşar reaksiya verilib. Beləliklə, bəyanat sözbəsöz belədir: Qarabağ Ermənistanın bir hissəsidir və nöqtə. Birincisi, yüngül desək, bu, yalandır. Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi”, – prezident bəyan edib.

    Xatırladaq ki, Ermənistan Baş naziri Nikol Paşinyan avqustun əvvəlində Xankəndində çıxışı zamanı deyib ki, Dağlıq Qarabağ Ermənistandır. Beləliklə, o, Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllinə dair ATƏT-in Minsk Qrupunun iştirakı ilə 25 ildən bəri davam edən danışıqları kənara qoymağa çalışıb. Bu danışıqlar Ermənistan qoşunlarının bütün işğal olunmuş ərazilərdən çıxarılması və azərbaycanlıların öz yurdlarına qayıtması şərti ilə Azərbaycan Respublikası daxilində Dağlıq Qarabağa yüksək muxtariyyət statusu verilməsini nəzərdə tutur.

    Beləliklə, N.Paşinyan 30 il sonra Xankəndində Dağlıq Qarabağı Ermənistana birləşdirməklə bağlı çağırışı təkrarlayıb. Həmin çağırış XX əsrin sonlarında Azərbaycana qarşı müharibə başlanmasına, Azərbaycan ərazilərinin işğalı və bir milyona yaxın azərbaycanlının evlərindən qovulmasına səbəb olub.

    Azərbaycan dövlət başçısının “Valyday” klubunun iclasında çıxışı diqqətəlayiqdir ki, İlham Əliyev aralarında Rusiya, Qazaxıstan, Filippin prezidentləri və İordaniya kralı olan intellektual və idarəedici elita olan auditoriya qarşısında çıxış edib. Bəyanat “Şərqin şəfəqi və dünya siyasi sistemi” mövzulu forumda səsləndirilib. Və demək, Soçidə danışan prezidentlər dünya idarəetmə elitasının bir hissəsidir, fikirləri çox vacib olan güclü dövlətlərin rəhbərləridir.

    Yəni, əgər erməni baş nazir daxili auditoriyaya hesablanan populist bəyanatını “yüksək səslə” kənd icması qarşısında edibsə, Azərbaycan prezidentinin buna cavabı elit beynəlxalq forumun səhnəsindən gəlib və bütün beynəlxalq ictimaiyyət tərəfindən dinlənilib.

    N.Paşinyanın ünvanına sərt tənqidlər bundan əvvəl rəsmi Moskva tərəfindən də səsləndirilib. Belə ki, Rusiya Xarici İşlər naziri Sergey Lavrov Soçidə bildirib ki, hazırda Qarabağ münaqişəsi tərəfləri arasında heç bir dialoq yoxdur. O, bu vəziyyətə görə Ermənistanın hazırkı rəhbərliyini günahlandırıb.

    “Tərəflər ciddi bəyanatlarla çıxış edir, “Qarabağ Ermənistandır” (N.Paşinyanın sitatı – red.) fikri də səsləndirilib. Bu siyasi prosesin yenidən başlaması üçün şəraitin yaradılmasına kömək etmir. Siyasi proses dayanıb və bu prosesi yerindən tərpətmək alınmır. Əlaqələr var, amma nizamlama ilə bağlı dialoq hələlik bərpa olunmayıb”, – S.Lavrov “Valday” Beynəlxalq Diskussiya Klubunun iclasında çıxışı zamanı deyib və əlavə edib ki, Moskva Qarabağ münaqişəsi zonasında “hər hansı genişmiqyaslı fəaliyyətin” bərpasına imkan verməmək üçün bacardığı hər şeyi edəcək.

    Yəni rəsmi Moskva erməni baş nazirin hərəkətindən çaşqınlığını açıq şəkildə bildirir. Heç kimə sirr deyil ki, N.Paşinyana bu gün nə Kremldə, nə də Ağ Evdə üstünlük verilmir. Və erməni baş nazirin “Valday” forumuna çağırılmaması da təsadüfi deyil.

    Həftənin əvvəlində V.Putin Avrasiya İqtisadi Birliyinin iclasında iştirak etmək üçün Yerevana gedib. Bir çox media qurumu Rusiya dövlət başçısının N.Paşinyana qarşı soyuq münasibətinin çılpaq gözlə göründüyünü qeyd edib.

    /oxu.az/

  • Vilayət Eyvazovdan yeni – TƏYİNAT

    Bərdə Rayon Polis Şöbəsinə yeni bölmə rəisi təyin edilib.

    Median.Az-ın oxu.az-a istinadən verdiyi məlumata görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə Rauf Heydərov Bərdə Rayon Polis Şöbəsinin cinayət-axtarış bölməsinə rəis təyin olunub.

    R.Heydərov bu vəzifəyə qədər Lənkəran Rayon Polis Şöbəsinin cinayət-axtarış bölməsində əməliyyat müvəkkili işləyib.

  • Azərbaycan və Rusiya hərbi-texniki əməkdaşlıqla bağlı razılığa gəliblər

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə görüşdən sonra bildirib ki, Rusiya və Azərbaycan hərbi-texniki əməkdaşlıq sahəsində işlərini davam etdirəcəklər.

    Prezident “Valday” klubunun sessiyasında çıxış edərkən diqqətə çatdırıb:

    “Hərbi-texniki əməkdaşlıq aktiv inkişaf edir. Bu gün biz razılığa gəldik ki, bu istiqamətdə işimizi davam etdirəcəyik. Baxmayaraq ki, Rusiya texnikasını əldə etmək üçün hazırda imzaladığımız müqavilələr 5 milyard dollar təşkil edir, onlardan artıq 3 milyardı reallaşıb. Dediyim kimi, biz bu istiqamətdə işimizi davam etdirmək niyyətindəyik”.

  • Azərbaycan Prezidenti Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında iştirak edir

    Oktyabrın 3-də Rusiya Federasiyasının Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyası keçirilir.

    Median.Az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sessiyada iştirak edir.

  • XİN-in mətbuat xidməti: Ermənistanın siyasəti bölgədə sülh və təhlükəsizliyə başlıca maneədir

    Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva dünən Azərbaycanın Qazax rayonunda Ermənistan silahlı qüvvələrinin məqsədyönlü şəkildə açdığı atəş nəticəsində azərbaycanlı mülki şəxsin öldürülməsi faktını şərh edib:
    “Bu ilin 2 oktyabr tarixində Ermənistan silahlı qüvvələri növbəti təxribata əl ataraq, Azərbaycan-Ermənistan sərhədi yaxınlığında Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətində təminat yollarının salınması ilə məşğul olan ekskavatorumuzu atəşə tutublar. İnsident nəticəsində ekskavatorun sürücüsü, mülki şəxs Səfərəli Abışov həlak olub. Ümumiyyətlə, xatırlatmaq istərdik ki, münaqişə ərzində azərbaycanlı mülki şəxslərin məqsədyönlü şəkildə qətlə yetirilməsi Ermənistan silahlı qüvvələrinin fəaliyyətinin əsas mahiyyətini təşkil edib. 1992-ci ildə Xocalıda baş vermiş qanlı qətliam, eləcə də Azərbaycan və Ermənistan dövlət sərhədi və cəbhə xəttinə yaxın ərazilərdə yaşayan azyaşlı uşaqların öldürülməsi halları bunun bariz sübutudur”.

    L.Abdullayeva bildirib ki, son zamanlar tendensiya halını almış və Ermənistan rəhbərliyinin məsuliyyətsiz bəyanatları ilə müşayiət olunan atəşkəsin pozulması halları onu təsdiq edir ki, işğalçı ölkənin bəyanat və əməlləri münaqişənin sülh yolu ilə həlli maraqlarına kökündən ziddir:

    “Bu hərəkətlər heç bir halda, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin gərginliyin azaldılması və münaqişənin sülh yolu ilə həlli prosesinin irəli aparılması və substantiv danışıqlar üçün müvafiq şəraitin yaradılmasına dair birmənalı çağırışının əks olunduğu 25 sentyabr 2019-cu il tarixli bəyanatının ruhu və mahiyyətinə uyğun gəlmir. Biz Ermənistan tərəfinin növbəti mənfur hərəkətini qətiyyətlə pisləyirik və bir daha xatırladırıq ki, məhz Ermənistan tərəfinin gərginliyin artırılmasına yönəlmiş siyasəti sülh prosesində irəliləyişin əldə olunmasına və bölgədə sülh və təhlükəsizliyə başlıca maneə təşkil edir”.

  • Mehriban Əliyeva qızları ilə Lahıcda – FOTO

    Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva qızları Leyla Əliyeva və Arzu Əliyeva ilə birlikdə İsmayıllı rayonuna gedib.

    Birinci vitse-prezident Lahıc qəsəbəsini gəzərək, sakinlərlə söhbət edib, fotolar çəkdirib.

    Fotoları Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Instagram” səhifəsində yayımlayıb.