Category: Siyasət

  • Birinci vitse-prezident Mehriban Əliyeva Şamaxıda səfərdə olub

    Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sentyabrın 14-də Şamaxı rayonunda səfərdə olub.

    Median.Az xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva və qızı Leyla Əliyeva ulu öndər Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyublar.

    Sonra Mehriban Əliyeva Şamaxı ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

  • İlham Əliyev ölkəmizə yeni təyin olunmuş səfirlərin etimadnamələrini qəbul etdi – FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Latviya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dainis Qarançsin etimadnaməsini qəbul edib.

    Bundan başqa, dövlət başçısı Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ceyms Layl Şarpın etimadnaməsini qəbul edib.












  • Prezident Bakıda yenidən qurulan Aşıq Molla Cümə küçəsinin və ona bitişik yolların açılışında iştirak edib – YENİLƏNİB – FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 13-də Bakı şəhərinin Nərimanov rayonunda yenidən qurulan Aşıq Molla Cümə küçəsinin və ona bitişik yolların açılışında iştirak edib.

    Median.Az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına yenidənqurma tədbirləri barədə məlumat verib.

    Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 mart tarixli müvafiq Sərəncamına əsasən Bakının Nərimanov rayonu ərazisində şəhər əhəmiyyətli Aşıq Molla Cümə küçəsinin və ona bitişik yolların yenidən qurulması Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə tapşırılıb və bu işlər qısa müddətdə yüksək səviyyədə yerinə yetirilib. Molla Cümə küçəsində, Həsən Əliyev və Yusif Vəzir Çəmənzəmənli küçələrinin bir hissəsində, həmçinin, Molla Cümə və Əhməd Rəcəbli küçələrini birləşdirən yollarda yeni və müasir yol infrastrukturu yaradılıb. Yenidən qurulan yolların ümumi uzunluğu 6 kilometrdir.

    Paytaxtda yeni yolların salınması, yolötürücülərin, yeraltı və yerüstü piyada keçidlərinin, çoxmərtəbəli avtomobil dayanacaqlarının layihələndirilməsi və tikilməsi, mövcud yol qurğularının təmiri və yenidən qurulması sahəsində silsilə tədbirlər reallaşdırılır. İndiyə qədər görülən işlər nəticəsində paytaxtda və ətraf qəsəbələrdə yeni alternativ yol infrastrukturları formalaşdırılıb, şəhərin mərkəzindən bir sıra istiqamətlərə, o cümlədən ətraf qəsəbələrə rahat və sürətli gediş-gəliş təmin edilib, müəyyən qisim yollarda avtomobillərin hərəkətində məhdudiyyətlər və ləngimələr aradan qaldırılıb, bəzi yolların buraxılış qabiliyyəti artırılıb, yoldan istifadə asanlaşıb, paralel yeni yollar açılıb və sair irəliləyişlərə nail olunub. Ümumilikdə, 2003-cü ildən bəri respublikamızda 16 min kilometrdən çox avtomobil yolu yenidən qurulub, bərpa və təmir edilib. Bunun 500 kilometrdən çox hissəsi 2019-cu ilin 8 ayında reallaşdırılıb. Bu ilin sonuna ölkəmizdə yenidən qurulan, bərpa və təmir edilən yolların uzunluğu 17 min kilometrdən çox olacaq. 2003-cü ildən bəri təkcə Bakıda avtomobil yollarının 1500 kilometrdən çox hissəsində yenidənqurma, təmir və bərpa işləri həyata keçirilib. Bunun 200 kilometrdən çoxu 2019-cu ilin 8 ayında reallaşdırılıb.

    Sonda xatirə şəkli çəkdirilib.

    ***

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 13-də Bakı şəhərinin Nərimanov rayonunda yenidən qurulan Aşıq Molla Cümə küçəsinin və ona bitişik yolların açılışında iştirak edib.

    AZƏRTAC xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri Saleh Məmmədov görülən işlər barədə dövlətimizin başçısına məlumat verib.




  • Su ilə bağlı QADAĞA

    Azərbaycanda yanğından mühafizə ehtiyacları üçün götürülən sudan və bu suyun saxlanıldığı obyektlərdən təyinatdankənar istifadə edilməsi qadağan edilib.

    Bununla bağlı Prezident İlham Əliyev Su Məcəlləsinə dəyişikliyi təsdiq edib.

    Belə ki, Məcəllənin 80-ci (Su obyektlərindən yanğından mühafizə ehtiyacları üçün istifadə) maddəsinə edilən əlavədə qeyd olunub ki, yanğından müdafiə ehtiyacları üçün götürülən sudan və bu suyun saxlanıldığı obyektlərdən təyinatdankənar istifadə edilməsi qadağandır.

    Dəyişikliyə əsasən, yanğından mühafizə ehtiyacları üçün bütün su obyektlərindən tələb olunan həcmdə və ödənişsiz su götürülməsinə yol verilir. Hazırda qüvvədə olan hissə isə belədir: “Yanğından mühafizə ehtiyacları üçün bütün su obyektlərindən su götürülməsinə yol verilir”.

    Digər dəyişikliklə su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində dövlətin vəzifələri artırılıb. Sudan istifadəyə görə güzəşt və azadolmalar yalnız təbii su mənbələrindən aşağıdakı məqsədlərlə götürülən suya görə tətbiq edilir:

    1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən orqanın emal edilməmiş su ilə təmin edilməsi,

    2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən içməli su təchizatı,

    3. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən elektrik enerjisinin istehsalı üçün sudan istifadə edilməsi.

    Qeyd edilib ki, bu layihə təbii su mənbələrindən götürülən suya görə güzəşt və azadolma hallarını müəyyən etmək, o cümlədən su obyektlərindən yanğından mühafizə ehtiyacları üçün istifadənin təkmilləşdirilməsi məqsədilə hazırlanıb.

    Sudan istifadəyə görə güzəşt və azadolmaların tətbiqi yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanlar üçün nəzərdə tutulur və emal olunmamış sudan istifadə edən orqanların su mənbələrindən haqq ödəmədən və ya güzəştlə su əldə etməsinə, nəticədə göstərilən xidmətin rentabelliyinin artırılmasına, sudan enerji mənbəyi kimi istifadənin (alternativ enerjinin) stimullaşdırılmasına, eləcə də istilik elektrik stansiyalarının daha səmərəli şərtlərlə su əldə etməsinə yönəlib.

  • Şərur Sənaye Məhəlləsi yaradılır – FƏRMAN

    Prezident İlham Əliyev Şərur Sənaye Məhəlləsinin yaradılması və “Sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında” fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

    Fərmana əsasən, Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda Şərur Sənaye Məhəlləsi yaradılıb.

    Mikro, kiçik və orta sahibkarlığın dəstəklənməsi məqsədi ilə Şərur Sənaye Məhəlləsinin ərazisində qeyri-neft sənaye sahələri üzrə məhsul istehsalı müəssisələri, habelə xidmət müəssisələri təşkil olunacaq. Şərur Sənaye Məhəlləsinin fəaliyyətinin təşkili, tənzimlənməsi, idarə olunması və inkişafı ilə bağlı tədbirləri Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi idarəedici təşkilat həyata keçirəcək.

    Şərur Sənaye Məhəlləsinin fəaliyyətinin təşkilini, həmin ərazinin istifadəyə yararlı vəziyyətə gətirilməsini, xarici və daxili infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) qurulmasını təmin etmək məqsədi ilə ilkin olaraq Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.47.2-ci yarımbəndində göstərilmiş məbləğin 5 milyon manatı Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ayrılıb.

  • Birinci vitse-prezident Mehriban Əliyeva: “Məqsəd ondan ibarətdir ki, ölkəmizin hər bir qəsəbəsində, hər bir regionunda, hər bir kəndində müasirlik, inkişaf, yeniləşmə prosesləri olsun”

    Məqsəd ondan ibarətdir ki, ölkəmizin hər bir qəsəbəsində, hər bir regionunda, hər bir kəndində müasirlik, inkişaf, yeniləşmə prosesləri olsun.

    Median.Az Trend-ə istinadən bildirir ki, bunu Birinci vitse-prezident Mehriban Əliyeva Kürdəxanı qəsəbəsində Hüseynbala Ağaverdiyev adına 113 nömrəli tam orta məktəbdə həyata keçirilən əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olarkən məktəbin kollektivi ilə görüşdə deyib.

    Birinci vitse-prezident Mehriban Əliyeva bildirib: “Mən bu gün burada olmaqdan çox şadam. Yəqin bilirsiniz ki, cari ilin may ayında hörmətli Telman Əliyev məni öz evinə dəvət etmişdi və həmin ay qızımla Kürdəxanı qəsəbəsində oldum. Çay süfrəsi ətrafında qəsəbədə olan problemlər haqqında geniş söhbət etdik. Həmin vaxt bu məktəbə də baxdım və sakinləri narahat edən məsələlərin aradan qaldırılması üçün lazımi tapşırıqlar verildi. Mən çox şadam ki, 113 nömrəli məktəb qısa bir zamanda, yəni, üç ay ərzində, təmir edilib, amma demək olar ki, müasir səviyyədə yenidən qurulub. Əminəm ki, bu məktəb yeni tədris ilində həm şagirdlərə, həm də onların valideynlərinə xoş bir hədiyyə olacaq.

    Məktəb 1971-ci ildə inşa olunub, 2008-ci ildə əlavə korpus tikilib və bu vaxt ərzində bir neçə dəfə təmir də olunub. Amma buna baxmayaraq, çox yararsız vəziyyətdə idi. İndi isə çox gözəl, müasir, bütün lazımi avadanlıqla təmin olunmuş yeni bir məktəbdir. Burada 1200 şagird təhsil ala bilər. Amma mən yenə də sakinlərin xahişini və şagirdlərin 2000-dən çox olduğunu nəzərə alaraq hesab edirəm ki, Kürdəxanı qəsəbəsində yeni bir məktəbin tikintisinə ehtiyac var. Tapşırıqlar verilib və qısa bir zamanda yeni məktəbin tikintisinə başlanılacaq.

    Bundan əvvəl gözəl bir parkın açılışında iştirak etdim. Ümumi sahəsi 2,6 hektar olan park vaxtilə Zeytunluq adlanan ərazidə yerləşir. Sakinlərin belə bir xahişi var idi ki, asudə vaxtı keçirmək üçün bu cür bir yer olsa, çox gözəl olar. Artıq müasir, gözəl, tamamilə yenidən qurulmuş park sakinlərin istifadəsinə verilib. Ən vacibi isə odur ki, bütün ağaclar saxlanılıb, heç bir ağac kəsilməyib. Eyni zamanda, müasir işıqlandırma sistemi, uşaqlar üçün oyun meydançası, müasir kafe qurulub. Mən çox şadam ki, biz belə qısa zamanda bu işlərin nəticəsini görürük.

    Bu, Azərbaycan Respublikasının Prezidenti tərəfindən aparılan siyasətin nəticələridir. Siz bilirsiniz ki, Bakı şəhərinin, Bakıətrafı qəsəbələrin, regionların inkişafı proqramları artıq 15 ildən çoxdur həyata keçirilir. Məqsəd ondan ibarətdir ki, ölkəmizin hər bir qəsəbəsində, hər bir regionunda, hər bir kəndində müasirlik, inkişaf, yeniləşmə prosesləri olsun. Bunun da əsas məqsədi odur ki, insanların yaşayış səviyyəsi qalxsın. Paytaxtımız Bakı da bu gün dünyanın ən gözəl şəhərlərindən biridir.

    Mən çox şadam və sizi təbrik edirəm. Mənim salamlarımı, hörmətimi, təbriklərimi Kürdəxanı qəsəbəsində yaşayan bütün insanlara çatdırın. Çox sağ olun”.

  • Prezident Ağsuda baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması ilə bağlı sərəncam verdi

    Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Ağsuda baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması işlərinin davam etdirilməsi məqsədilə sərəncam verib.

    Sərəncama əsasən, Ağsuda zəlzələ nəticəsində zərər çəkmiş yaşayış evlərinin təmiri üçün Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat ayrılacaq.

  • Mehriban Əliyeva Kürdəxanıda 113 nömrəli məktəbdəki şəraitlə tanış oldu – FOTO

    Sentyabrın 13-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Kürdəxanı qəsəbəsində Hüseynbala Ağaverdiyev adına 113 nömrəli tam orta məktəbdə həyata keçirilən əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.
















  • Mehriban Əliyeva Kürdəxanıda – YENİLƏNİB + FOTO

    Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sentyabrın 13-də Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində yeni salınan istirahət parkında yaradılan şəraitlə tanış olub.

    AZƏRTAC xəbər verir ki, dörd ay əvvəl paytaxtın Sabunçu rayonunun Kürdəxanı qəsəbəsinə gələn Birinci vitse-prezident burada görülməsi vacib olan sosial və infrastruktur işlərinin qısa vaxt ərzində həyata keçirilməsi ilə bağlı göstərişlərini vermişdi. Bunlardan biri qəsəbə sakinləri üçün salınan yeni istirahət parkıdır.

    Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev parkda yaradılan şəraitlə tanış olan Birinci vitse-prezident Mehriban Əliyevaya görülən işlər barədə məlumat verdi. Yeni park Zeytunluq adlanan ərazidə yerləşir. Ərazisi 2,6 hektar olan bu istirahət məkanındakı zeytun ağacları 30-35 il əvvəl əkilib. Həmişəyaşıl, insan sağlamlığı üçün faydası hamıya bəlli olan bu qiymətli bitkilərə xüsusi qulluq göstərilib.

    Onu da deyək ki, bu vaxta qədər Kürdəxanı qəsəbəsində park olmayıb, ərazi baxımsız vəziyyətdə idi. Bu gündən isə əhalinin istirahəti üçün lazımi şəraitlə təmin edilən yeni park sakinlərin istifadəsindədir. Ərazidə abadlıq işləri aparılıb, sahə dekorativ hasara alınıb, işıq dirəkləri, oturacaqlar, uşaqlar üçün oyun meydançası quraşdırılıb, “Zeytun” kafesi inşa edilib.

    Heç şübhəsiz ki, Kürdəxanı qəsəbəsində yaradılan yeni park sakinlərin sevimli istirahət guşələrindən birinə çevriləcək.

    * * * * *

    Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sentyabrın 13-də Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində yeni yaradılan istirahət parkı ilə tanış olub.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.




  • Paşinyanın Azərbaycanla razılaşmaqdan başqa çarəsi yoxdur – Rəsmi Bakıdan bəyanat

    Ermənistan rəhbərliyinin son dövrlərdə səsləndirdiyi anneksionist bəyanatlar, əsasən, daxili auditoriyaya yönəlsə də, bölgədə vəziyyətin kəskinləşməsinə xidmət etdi.

    Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

    Qeyd olunur ki, Ermənistan təcavüzkar siyasətini davam etdirməklə hərbi işğala əsaslanan mövcud status-kvo vəziyyətinin möhkəmlənməsinə yönəlik addımlar atır.

    “Onlar beynəlxalq hüququn açıq şəkildə tapdalanması ilə yanaşı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə beynəlxalq vasitəçilərin uzun illər apardığı səylərini, demək olar ki, şübhə altına alan çox təhlükəli bir gərginlik yaradıblar”, – deyə XİN-in bəyanatında bildirilib.

    Qeyd olunub ki, Azərbaycan hökuməti Ermənistan rəhbərliyinin məsuliyyətsiz ritorikasını münaqişənin həlli üzrə danışıqlar prosesini pozmaq cəhdi kimi dəyərləndirir.

    “Rəsmi Bakı bununla bağlı vaxtında qəti etirazını bildirdi və məsələ beynəlxalq təsisatların diqqətinə çatdırıldı. Xarici İşlər naziri tərəfindən BMT və ATƏT-in Baş katiblərinə, ATƏT-in Minsk Qrupunun həmsədrlərinə, eləcə də, Minsk Qrupu üzv ölkələrinin Xarici İşlər nazirlərinə məktublar ünvanlandı.

    Məktublarda Azərbaycan ərazilərinin işğalı və bu ərazilərdə tarixən yaşayan azərbaycanlıların qanlı etnik təmizlənməsi ilə nəticələnən Ermənistanın dövlət səviyyəsində işğalçılıq siyasətinin bu ölkə rəhbərliyinin son bəyanatlarında açıq şəkildə etiraf edildiyi vurğulandı.

    Hərbi işğalın doğurduğu beynəlxalq hüquqi məsuliyyət məsələlərinə diqqət yönəldilərək, beynəlxalq ictimaiyyətin qəti mövqeyinin işğalçı Ermənistanın özünü cəzasızlıq şəraitində hiss etməsinə imkan verməməli olduğu qeyd edildi.

    Xarici İşlər Nazirliyi tərəfindən, həmçinin Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatının bütün üzv dövlətlərinə bu xüsusda eyni məzmunlu notalar ünvanlandı. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü öz şərhlərində mövcud vəziyyətlə bağlı narahatlığını ifadə edərək, verilən bəyanatların münaqişənin dinc yolla nizamlanmasına yönəldilmiş ümumi səylərin kontekstinə uyğun gəlməli və həssas danışıqlar prosesində tarazlığın pozulmasına gətirməməli olduğunu bəyan etdi.

    ABŞ-ın Azərbaycandakı səfiri Ermənistan Baş nazirinin bəyanatına münasibət bildirərək, şiddəti təbliğ edən və gərginliyi artıran ritorikadan uzaq olmağa və tərəfləri dialoq prosesinə diqqət yetirməyə çağırdı”.

    XİN Ermənistanın, beynəlxalq hüququn öz müqəddəratını müəyyən etmə prinsipinin xeyirxah məqsədlərindən öz işğalçı siyasətini gizlətmək üçün sui-istifadə etməsinin yolverilməz olduğunu vurğulayıb. Bəyanatda Ermənistanın Baş naziri Nikol Paşinyana da mesajlar verilib:

    “Azərbaycan tərəfi hər zaman israrla bəyan edir ki, ölkəmizin Dağlıq Qarabağ bölgəsinin statusu yalnız bu ərazilərdən didərgin salınmış azərbaycanlı icmanın Dağlıq Qarabağdakı doğma evlərinə təhlükəsiz və ləyaqətli geri dönüşü təmin olunduqdan sonra hər iki icmanın iştirakı ilə birgə baxıla bilər.

    Məlumdur ki, Ermənistan tərəfi münaqişənin tənzimlənməsi ilə bağlı beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələr, eləcə də, ATƏT-in Minsk Qrupu həmsədrlərinin mandatı ilə yaxından tanışdır. Həmsədrlərin bəyanatlarında qeyd olunduğu kimi münaqişənin sülh yolu ilə həlli BMT Nizamnaməsi, Helsinki Yekun Aktının müddəaları, BMT Təhlükəsizlik Şurasının və ATƏT-in qərarları üzərində qurulmalıdır.

    Ermənistan rəhbərliyinin məsuliyyətsiz və destruktiv mövqeyi, sözdə hər zaman səsləndirdikləri münaqişənin sülh yolu ilə həllinə xidmət etmir. Əksinə münaqişənin həlli istiqamətində aparılan sonuncu müzakirələrin mahiyyəti ilə ziddiyyət təşkil edir və danışıqlar prosesinin məhv edilməsi cəhdi deməkdir.

    Nikol Paşinyan onu da birmənalı şəkildə dərk etməlidir ki, millətçi-təxribatçı dairələrin təzyiqi altında danışıqlar prosesini tərk edən tərəf mütləq uduzacaq. Buna görə də onun ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə Azərbaycanla razılaşmaqdan başqa çarəsi yoxdur.

    Ermənistan rəhbərliyi bu istiqamətdə ardıcıl və dönməz şəkildə nə qədər sürətlə irəliləməyə başlasa, o qədər də tez erməni xalqı qonşuları ilə sülh şəraitində davamlı inkişaf yoluna qədəm qoya biləcək.

    Bununla belə, növbəti dəfə Ermənistan tərəfinə xatırladırıq ki, BMT Nizamnaməsinin 25-ci maddəsinə uyğun olaraq, bütün üzv ölkələr Təhlükəsizlik Şurasının qərarlarını yerinə yetirməlidirlər.

    Bu müddəaya Ermənistan tərəfindən əməl edilməyəcəyi təqdirdə, BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində suverenliyini bərpa edəcəyindən Ermənistan rəhbərliyi heç bir şübhə etməsin”.
    /oxu.az/