Category: Siyasət

  • İlham Əliyev Bakıda peşə məktəbinin açılışında – FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 13-də Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib.

    AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Mərkəzin rəmzi açılışını bildirən lenti kəsib.

    Təhsil naziri Ceyhun Bayramov Mərkəzdə yaradılan şəraitlə bağlı Prezident İlham Əliyevə məlumat verib.












  • Elmar Məmmədyarov AŞPA prezidenti ilə görüşüb

    Xarici İşlər naziri Elmar Məmmədyarov Azərbaycana rəsmi səfəri çərçivəsində Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Lilian Mori Paskye ilə görüşüb.

    XİN-dən verilən məlumata görə, görüşdə L.Paskye dövlət başçısı tərəfindən qəbul edilməsini yüksək dəyərləndirdiyini bildirib və təşkilat çərçivəsində Azərbaycan ilə mövcud münasibətlərin hazırkı durumu, əməkdaşlığın cari inkişaf səviyyəsi və perspektivləri barəsində Azərbaycan Respublikasının Prezidenti və Milli Məclisin Sədri ilə məhsuldar fikir mübadiləsi apardığını qeyd edib.

    E.Məmmədyarov Azərbaycan ilə AŞPA arasında mövcud olan qarşılıqlı faydalı əməkdaşlığın əhəmiyyətini vurğulayıb və Azərbaycan tərəfinin Avropa Şurası və onun institutları ilə əməkdaşlığı davam etdirməkdə maraqlı olduğunu diqqətə çatdırıb.

    Daha sonra L.Paskye Avropa Şurasında aparılan islahatlar, o cümlədən təşkilatda ortaya çıxan problemlərin aradan qaldırılması üçün yaradılan yeni mexanizmlər haqında danışıb. Avropa Şurasının 70 illiyindən söz açan L.Paskye bu münasibətlə səfəri çərçivəsində Azərbaycanda da belə bir tədbirin keçirilməsinə göstərilən dəstəyə görə təşəkkürünü ifadə edib.

    Söhbət əsnasında E.Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqların son vəziyyəti ilə bağlı L.Peskyeni geniş məlumatlandırıb.

    Sonra tərəflər arasında qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.//report.az

  • Azərbaycan Fransaya nota verdi: Bu şəxslərin ölkəyə girişi qadağan olunacaq!

    Fransa parlamentarilərinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfərini qəti şəkildə pisləyirik.

    Median.Az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər.

    “Yerli azərbaycanlı əhalinin qanlı etnik təmizləməsini həyata keçirən və münaqişənin həlli çərçivəsində məcburi köçkünlərin əzəli yaşayış yerlərinə qayıtmalarının qarşısını almaq üçün əlindən gələni edən Ermənistan tərəfindən ölkəmizin işğal olunmuş ərazilərinə bu qanunsuz səfərin həyata keçirilməsi Fransa Parlamenti üzvlərinin rəhbər tutmalı olduqları “azadlıq, bərabərlik, qardaşlıq” kimi yüksək ideallara və fundamental insan hüquqlarına tamamilə ziddir”, – deyə XİN-in yayımladığı açıqlamada bildirilib.

    XİN Mətbuat idarəsindən həmçinin qeyd olunub ki, bu addım qərəzli, Fransanın erməni lobbisinin təsiri altında olan və əvvəlki qanunsuz səfərləri səbəbindən adı artıq Azərbaycana girişi arzuolunmaz şəxslər siyahısında yer alan Gi Tesye (Guy Teissier) kimi deputatlar tərəfindən atılıb. Ona qoşulan qanunsuz səfərin digər iştirakçılarının, millət vəkilləri Valeri Buaye (Valérie Boyer), Jan-Pyer Cübertafon (Jean-Pierre Cubertafon), Məhəmməd Laqhila (Mohamad Laqhila), Daniel Kazaryan (Danièle Cazarian), Giyom Kasparyan (Guillaume Casbarian) və senator Pyer Uzuliasın (Pierre Ouzoulias) da adları müvafiq olaraq həmin siyahıya salınacaq.

    “Bununla əlaqədar Fransanın ölkəmizdəki müvəqqəti işlər vəkili Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb və ona Fransa tərəfinə ünvanlanan etiraz notası təqdim edilib. Sənəddə bu cür qanunsuz səfərlərin həyata keçirilməsinin ATƏT-in Minsk Qrupu həmsədrlərinin, o cümlədən Fransanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həll olunması məqsədini güdən səylərini ciddi şəkildə sarsıtdığına, eyni zamanda bu prosesdə vasitəçi qismində Fransanın nüfuzuna xələl gətirdiyinə xüsusi diqqət çəkilir”, – deyə açıqlamada bildirilib.

    XİN son olaraq, Fransa hökumətini bir daha bu ölkənin parlamentarilərinin Azərbaycan ərazilərinin işğalı nəticəsində yaranmış status-quonun möhkəmləndirilməsinə yönəlmiş qanunsuz səfərlərinin qarşısını almaq üçün qətiyyətli tədbirlər görməyə və bununla da, öz beynəlxalq öhdəliklərinin düzgün yerinə yetirilməsi maraqlarını rəhbər tutaraq, nizamlamada vasitəçi kimi qərəzsiz yanaşmasının ardıcıllığını təsdiq etməyə çağırdığını qeyd edib.

  • Sabah Milli Məclisdə iclasdır – Hansı məsələlər müzakirə olunacaq?

    Sentyabrın 13-də Milli Məclisin İnsan hüquqları komitəsinin iclası keçiriləcək.

    Median.Az-ın oxu.az-a istinadən məlumatına görə, iclasda Milli Məclisin yaz və növbədənkənar sessiyaları ərzində komitədə görülən işlər barədə məlumat veriləcək.

    Eyni zamanda, İnsan hüquqları komitəsinin 2019-cu il payız sessiyası dövrünə dair işlər planı müzakirəyə çıxarılacaq.

    İclasın gündəliyində “Məişət zorakılığının qarşısının alınması haqqında”, “Sosial xidmət haqqında”, “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında”, “Peşə təhsili haqqında” qanunlarda dəyişiklik layihələri ikinci oxunuşda müzakirəyə təqdim olunacaq.

    Komitə 2019-cu ilin payız sessiyası dövründə Prezidentin, deputatların, Ali Məhkəmənin Baş prokurorun, Naxçıvan Ali Məclisinin qanunvericilik təşəbbüsləri qaydasında təqdim etdiyi qanun layihələrinə baxacaq.

    Eyni zamanda, sessiya müddətində beynəlxalq təşkilatların Azərbaycanda fəaliyyət göstərən nümayəndəlikləri ilə əməkdaşlığın qurulması və inkişaf etdirilməsi, İnsan hüquqları üzrə Birgə İşçi Qrupu ilə əməkdaşlığın həyata keçirilməsi və digər məsələlər diqqətdə olacaq.

  • Prezident Şamaxıya iki milyon manat ayırdı

    Prezident İlham Əliyev sentyabrın 12-də “Şamaxı rayonunda baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.

    AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən, baş vermiş zəlzələ nəticəsində Şamaxı rayonunda yaşayış evlərinə dəymiş ziyanın aradan qaldırılması işlərinin davam etdirilməsi məqsədilə həmin evlərin təmiri üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Şamaxı Rayon İcra Hakimiyyətinə 2 milyon manat ayrılıb.

  • Bakıda Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının illik toplantısı keçirilir

    Sentyabrın 12-də Bakıda Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının illik toplantısı öz işinə başlayıb.

    AZƏRTAC xəbər verir ki, iki gün davam edəcək tədbirdə Asiya, Avropa və Afrikanın 20-yə yaxın ölkəsindən nümayəndələr, BMT, Avropa Şurası kimi beynəlxalq təşkilatların, o cümlədən yerli media qurumlarının rəhbərləri və ekspertlər iştirak edirlər.

    Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, Ümumdünya Mətbuat Şuraları Assosiasiyası 1992-ci ildə yaradılıb. ABŞ-ın bir sıra ştatlarının, Türkiyə, Hindistan, Pakistan, Banqladeş, Nepal, Zimbabve, Keniya və digər ölkələrin jurnalistləri belə bir qurum yaradıblar.

    O vaxtdan indiyədək quruma üzv ölkələrdə tədbirlər keçirilir və jurnalistlərin qarşılaşdığı problemlər, informasiya əldə etmələri ilə bağlı yaranmış çətinliklərin aradan qaldırılması ilə bağlı təkliflər səsləndirilir. Ümumilikdə toplantıda dünyada medianın inkişaf meyilləri müzakirə olunur.

    Mətbuat Şurasının sədri Azərbaycanda media sahəsində əldə edilən uğurlar barədə danışıb. Bildirib ki, 1998-ci ildə ölkəmizdə senzura ləğv edilib, kütləvi informasiya vasitələri ilə bağlı qanunvericilik bazası təkmilləşdirilib, media tam müstəqildir.

    Azərbaycanda internet media da fəaliyyətini uğurla davam etdirir. Ölkəmizdə 3 milyona yaxın insan sosial şəbəkədən istifadə edir. Azərbaycanda etnik qruplar sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Media da bu istiqamətdə dövlət siyasətini dəstəkləyir.

    Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov tədbirdə çıxış edib. Dünya Mətbuat Şuraları Assosiasiyasının Bakı toplantısının iştirakçılarını Prezident İlham Əliyev və hökumətimiz adından salamlayan Əli Həsənov deyib ki, Azərbaycan milli mətbuatı və digər kütləvi informasiya vasitələri yüz ildən artıq bir tarix çərçivəsində müxtəlif inkişaf mərhələlərini keçərək ictimai həyatımızın ayrılmaz tərkib hissəsinə və vətəndaş cəmiyyətinin hərəkətverici qüvvələrindən birinə çevrilib.

    1991-ci ildə müstəqilliyini yenidən bərpa etdikdən sonra – 1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikasının Yeni Konstitusiyasında fikir və söz azadlığının əsas insan hüquqları sırasında öz əksini tapması KİV-in inkişafında yeni tarixi mərhələnin bünövrəsini qoyub.

    Prezident Heydər Əliyevin 1998-ci il avqustun 6-da imzaladığı Fərmanla KİV üzərində senzuranın ləğv edilməsi, kənar təsir olmadan özünütənzimləyən azad medianın yaradılması üçün ölkəmizdə geniş perspektivlər açılıb.

    Sonrakı dövrdə kütləvi informasiya vasitələri, informasiyanın əldə olunması, milli teleradio yayımı, ictimai televiziya, informasiya azadlığı və digər sahələrlə bağlı yeni qanunların qəbul olunması KİV-in inkişafını təmin edən zəruri qanunvericilik bazası kimi çıxış edib.

    Ötən 25 ildə ölkəmizdə kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan mühüm addımları xatırladan Əli Həsənov qeyd edib ki, Azərbaycan Prezidentinin sərəncamları ilə 1998-ci ilin sonunda yerli KİV-lər əlavə dəyər vergisindən azad edilib, ölkəyə gətirilən çap məmulatlarına tətbiq edilən gömrük rüsumları ləğv olunub, media vasitələrinin dövlətə olan borcları silinib və əlavə olaraq onlara uzunmüddətli və güzəştli kreditlərin verilməsi işi təmin edilib.

    Əli Həsənov bildirib ki, ölkəmizdə KİV-lərin, xüsusən də yazılı medianın inkişafına mühüm təsir göstərən əsas addımlardan biri də 2008-ci il iyulun 30-da Azərbaycan Prezidentinin Sərəncamı ilə “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nın qəbul edilməsi və həmin sənədin tələblərinə uyğun olaraq 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) yaradılması olub.

    2009-cu ildən başlayaraq KİV layihələrinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən mediaya və jurnalistlərin ehtiyacı üçün on milyonlarla manat vəsait ayrılıb. Bundan başqa, Azərbaycan Prezidentinin sərəncamları ilə jurnalistlər üçün çoxmənzilli iki yaşayış binası tikilib istifadəyə verilib, üçüncünün tikintisi isə hazırda davam edir.

    2000-ci ildən Azərbaycan milli mətbuatının yubileyləri mütəmadi olaraq dövlət səviyyəsində qeyd olunur. 2005-ci, 2010-cu, 2015-ci və 2016-cı illərdə yüzlərlə jurnalist fəxri ad və dövlət mükafatları ilə təltif olunub. Bütün bunlar ölkənin informasiya tələbatının tam ödənilməsi üçün KİV-in fəaliyyətinə böyük stimul verib. Hazırda Azərbaycanda rəsmi qeydiyyatdan keçmiş KİV-lərin ümumi sayı 5000-dən çoxdur. KİV-lərin kəmiyyət göstəricilərinə görə Azərbaycan MDB və Şərqi Avropa ölkələri arasında birincilər sırasındadır.

    Ölkədə 40-dək gündəlik, 200-dən çox həftəlik və aylıq qəzet-jurnal və digər media nümunələri nəşr olunur. 300-ə yaxın xəbər və analitik internet saytı, 20-yə yaxın informasiya agentliyi, rayonlarda və bölgələrdə isə 100-ə yaxın KİV fəaliyyət göstərir. Ölkəmizdə 11 ümumrespublika, 4 peyk, 17 kabel, 25 internet televiziyası və 13 regional televiziya, 14 radio fəaliyyətdədir. 2005-ci ildə Azərbaycanda İctimai Televiziya və Radio Yayımları Şirkəti təsis edilib və hazırda uğurla fəaliyyət göstərir.

    Bu gün Azərbaycanda 50-dən artıq jurnalist təşkilatı qeydə alınıb, 30-dək təşkilat söz və məlumat azadlığının, mətbuatın iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin hüquqlarının müdafiəsi, cəmiyyətlə media arasında münasibətlərin tənzimlənməsi və digər məsələlərlə fəal məşğul olur. Mətbuat yayımını həyata keçirən müstəqil kommersiya şirkətlərinin sayı 23-ə çatıb.

    Azərbaycanda internet və sosial şəbəkələrin fəaliyyəti haqqında məlumat verən Əli Həsənov diqqətə çatdırıb ki, hazırda ölkəmizdə internet istifadəçilərinin sayı ümumi əhalinin 80 faizindən çoxdur və bu göstəricilərə görə Azərbaycan dünya ölkələri arasında birinci sıralarda bərqərar olub. Az. domenində qeydiyyatdan keçən internet saytlarının sayı 20 mini ötüb.

    Bununla yanaşı, Azərbaycanda azad sözə və fikrə dövlət səviyyəsində yüksək əhəmiyyət verilməsinin nəticəsidir ki, transmilli media qurumlarının ölkə ərazisində verilişlərinin yayılmasında heç bir məhdudiyyət yoxdur, eyni zamanda, vətəndaşların “Facebook”, “Twitter”, “Youtube”, “İnstaqram” kimi sosial şəbəkələrə sərbəst çıxışı təmin edilib. Ölkədə sosial şəbəkə istifadəçilərinin sayı 3 milyon nəfərdən artıqdır ki, bu da cəmi 10 milyon əhalisi olan Azərbaycan üçün çox böyük göstəricidir.

    Sosial şəbəkələrə dövlət səviyyəsində verilən əhəmiyyətin göstəricilərindən biri də odur ki, Azərbaycan Prezidenti İlham Əliyevin və əksər dövlət qurumlarının, ayrı-ayrı vəzifəli şəxslərin rəsmi sosial profilləri fəaliyyət göstərir. Hakimiyyət sosial şəbəkələrdə qaldırılan məsələlərə mütəmadi olaraq öz münasibətini bildirir, internetə məlumat mənbələrindən biri kimi yanaşır və ondan istifadə edir.

    Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi deyib ki, son illərdə sosial şəbəkələr ictimai rəyin formalaşmasına təsir imkanlarını artırmağa çalışır. Lakin burada bir məqamı qeyd etməliyik ki, sosial şəbəkələrin rolunu müsbət xarakterizə edən cəhətlərlə yanaşı, mənfi meyillər də özünü göstərir. Sosial şəbəkələrin meydana gəlməsi bir tərəfdən söz və öz fikrini ifadə etmək azadlığının təmin olunmasında yeni perspektivlər açır.

    Digər tərəfdən, sosial şəbəkələrlə insan hüquqları arasındakı qarşılıqlı təsir bəzən xoşagəlməz vəziyyət yaradır. Məsələn, sosial şəbəkələrdə insanların şərəf və ləyaqətinin alçaldılması halları baş verir ki, bu da insan hüquqlarının pozulması deməkdir. Təəssüf ki, bu cür mənfi hallar bəzən transmilli medianın fəaliyyətində də özünü göstərir.

    Transmilli media qurumlarının verilişlərinin ölkədə yayılmasının müsbət cəhəti bundan ibarətdir ki, əhali dünyada baş verən proseslərlə bağlı operativ məlumatlar əldə etmək imkanı qazanır.

    Burada özünü göstərən mənfi xüsusiyyət isə ondadır ki, bəzən müxtəlif siyasi dairələrin və yaxud lobbi qruplarının təsiri ilə transmilli media qurumları ictimai rəyi manipulyasiyaya məruz qoymağa çalışır, obyektivlik və bitərəflik kimi prinsiplərə zidd olaraq qərəzli, subyektiv informasiyalar yayır.

    Əli Həsənov çıxışını aşağıdakı fikirlərlə tamamlayıb: “Azərbaycan hakimiyyəti hazırda söz və mətbuat azadlığının, KİV-in inkişafının təmin edilməsini dövlət siyasətinin əsas istiqamətlərindən biri hesab edir.

    Azərbaycan dünyanın və bölgəmizin azsaylı ölkələrindəndir ki, hələ 1998-ci ildə mətbuat və informasiya nazirliyini ləğv edib və mətbuatın dövlət tənzimlənməsindən birmənalı şəkildə imtina edib. Azərbaycan dövləti bu işi hazırda ölkə jurnalistlərinin öhdəsinə buraxıb ki, onlar da öz ümumi toplantılarında jurnalistlərin vahid ictimai təşkilatı olan Mətbuat Şurasını yaradıblar.

    KİV-lərin fəaliyyətinin dəstəklənməsi və siyasi plüralizmin genişləndirilməsi siyasətini də biz məhz yaratdığımız KİVDF fondu, o cümlədən Mətbuat Şurası vasitəsilə həyata keçirməyə çalışırıq.

    Mətbuat Şurası bu istiqamətdə dövlətin əsas tərəfdaşıdır. Ölkə jurnalistlərinin ictimai maraqlarının yeganə təminatçısı kimi çıxış edən bu qurum uğurlu fəaliyyət göstərir və bugünkü möhtəşəm toplantı da bunun əyani sübutudur. Dünya ölkələrini təmsil edən əksər Mətbuat Şuralarını Bakıya toplamaq və milli-transmilli jurnalistikanın, azad medianın problem və uğurlarını müzakirə etmək bacarığı bunun göstəricisidir.

    Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib ki, qardaş ölkələr olan Türkiyə və Azərbaycan mədəniyyət, tarix baxımından bir millət, iki dövlətdir. Türkiyə və Azərbaycanın həyata keçirdiyi beynəlxalq layihələrlə qürur duyuruq və bu prosesi davam etdirməkdə israrlıyıq.

    Səfir qeyd edib ki, Türkiyə Azərbaycanın ən böyük problemi olan Dağlıq Qarabağ məsələsinin tez bir zamanda həllini vacib sayır. Xocalıda yüzlərlə insanı qətlə yetirən ermənilər Türkiyəni soyqırımı törətməkdə ittiham edirlər. Bütün bu qarayaxmalara qarşı gerçəkləri dünyaya göstərmək Türkiyə və Azərbaycan mediasının üzərinə düşən ən böyük vəzifələrdən biridir.

    BMT-nin Qlobal Kommunikasiyalar Departamentinin Azərbaycan üzrə təmsilçisi Rəşad Hüseynov, Avropa Şurasının Bakı ofisinin nümayəndəsi Pərvanə Bayramova və digər çıxış edənlər Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının yaranma tarixindən və fəaliyyətindən, eləcə də müasir medianın üzləşdiyi problemlərdən və qarşısında duran vəzifələrdən bəhs ediblər. Toplantı sentyabrın 13-də işini plenar sessiyalarla davam etdirəcək.

  • İlham Əliyev AŞPA Prezidentini qəbul etdi

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 12-də Avropa Şurası Parlament Assambleyasının Prezidenti xanım Lilian Mori Paskenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

  • Prezident Bakıda 101 nömrəli məktəbdəki vəziyyətlə tanış oldu – FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 12-də Bakının Suraxanı rayonundakı Əmi Məmmədov adına 101 nömrəli tam orta məktəbin əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.













  • İlham Əliyev “Xətai” metrostansiyasının açılışında – FOTO

    Bakı Metropoliteninin “Xətai” stansiyası əsaslı təmir və yenidənqurmadan sonra sentyabrın 12-də istifadəyə verilib.

    AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev stansiyada görülən işlərlə tanış olub.










  • İlham Əliyev rusiyalı qubernatoru qəbul edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 11-də Rusiya Federasiyasının Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

    Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.