Category: Siyasət

  • Leyla Abdullayeva: “İşğal olunan torpaqlarımız Azərbaycanın nəzarəti altına qayıdacaq”

    “Ermənistan dərk etməlidir ki, hazırda işğal altında olan Azərbaycan torpaqları Azərbaycanın nəzarəti altına qayıdacaq və regionun iki icmasının sülh içində birgə yaşayışı təmin olunacaqdır”.

    Median.Az-ın Baku.ws-ə istinadən xəbərinə görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva “Twitter” səhifəsində qeyd edib.

    XİN sözçüsü əlavə edib ki, münaqişənin başqa həll yolu yoxdur, vasitəçilər və dünya ictimaiyyəti bunu yaxşı bilir.

  • Azərbaycan QH sədrliyini Venesueladan təhvil almağa hazırlaşır

    Ötən gün Azərbaycan Respublikasının Xarici İşlər nazirinin müavini Ramiz Həsənov və Venesuela Bolivar Respublikasının Xarici İşlər üzrə Xalq Hakimiyyəti nazirinin müavini Ruben Dario Molinanın rəhbərliyi ilə iki ölkənin nümayəndə heyətləri arasında görüş keçirilib.
    Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüşdə müzakirə edilən əsas mövzu Azərbaycanın 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına (QH) sədrliyi və 2019-cu ilin 25-26 oktyabr tarixlərində Bakıda keçiriləcək QH-nin Zirvə Toplantısı çərçivəsində Azərbaycanın bu təşkilata sədrliyin Venesueladan təhvil alması məsələsi olub.

    Həmçinin 2016-cı ildə imzalanmış “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Venesuela Bolivar Respublikasının Xarici İşlər üzrə Xalq Hakimiyyəti Nazirliyi arasında siyasi məsləhətləşmələr mexanizminin yaradılması haqqında Anlaşma Memorandumu”nun müddəalarına uyğun olaraq məsləhətləşmələr çərçivəsində siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə əlaqələr, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı əməkdaşlıq, eləcə də digər qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

  • Prezident AzTV-yə sədr təyin etdi – SƏRƏNCAM

    Prezident İlham Əliyev “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-yə sədr təyin edib.

    Dövlət başçısının imzaladığı müvafiq sərəncama əsasən, Rövşən Raqif oğlu Məmmədov “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilsin.

    Prezident İlham Əliyevin digər sərəncamı ilə R.Məmmədov “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC sədrinin müavini vəzifəsindən azad edilib.

    Xatırladaq ki, Prezident İlham Əliyevin yanvar ayının 15-də imzaladığı sərəncamla Arif Nizam oğlu Alışanov “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib.

    AzTV sədri vəzifəsinin icrası jurnalist Rövşən Məmmədova tapşırılmışdı.

  • Fransanın Azərbaycandakı səfirinin diplomatik missiyası başa çatıb

    Xarici işlər naziri Elmar Məmmədyarov Fransa Respublikasının Azərbaycan Respublikasındakı səfiri xanım Aurelia Buşezi diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

    Nazirlikdən  verilən məlumata görə, səfir Aurelia Buşez diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirdi, bölgənin aparıcı ölkəsi olan Azərbaycanın Fransanın regiondakı əsas tərəfdaş ölkəsi olduğunu vurğuladı. Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən enerji və bağlılıq layihələrinin əhəmiyyəti qeyd olundu.

    Səfir Aurelia Buşez Azərbaycan Respublikasının Prezidentinin ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində aparılan məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın ənənəvi neft sənayesi ölkəsindən artıq qeyri-neft sektorunun inkişaf etdiyi ölkəyə çevrildiyini bildirdi.

    Nazir Elmar Məmmədyarov ikitərəfli əlaqələrin inkişafının uğurla davam etdiyini qeyd etdi və son zamanlar baş tutan qarşılıqlı səfərlər mübadiləsinin münasibətlərin daha da dərinləşməsinə təkan verdiyini bildirdi.Nazir, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı son vəziyyətə toxunaraq, Ermənistanın siyasi rəhbərliyinin səsləndirdiyi tamamilə əsassız bəyanatların bölgədə gərginliyin artmasına xidmət etdiyini vurğuladı.

    Görüş zamanı tərəflər Azərbaycan və Fransa arasında siyasət, iqtisadiyyat, mədəniyyət, elm-təhsil, enerji, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın inkişafından məmnunluq ifadə etdi.

    Nazir Elmar Məmmədyarov səfir xanım Aurelia Buşezə gələcək fəaliyyətində uğurlar arzu etdi.//report.az

  • Prezident İlham Əliyev Rusiya Təhlükəsizlik Şurasının katibinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib – FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 3-də Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Prezident Vladimir Putinin salamlarını dövlətimizin başçısına çatdırdı.

    Görüşdə Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, təhlükəsizlik və bütün digər sahələrdə uğurla inkişaf etdiyi qeyd edildi, iki ölkənin dövlət başçıları arasında səmimi münasibətlərin əlaqələrimizin inkişafındakı rolu vurğulandı, Nikolay Patruşevin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri zamanı ekstremizmə, terrorçuluğa qarşı mübarizə ilə bağlı qanunvericilik və əməkdaşlıq məsələlərinin müzakirə ediləcəyi bildirildi və bu səfərin münasibətlərimizin daha da inkişaf etdirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə olundu.

    Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Rusiya Prezidentinə çatdırmağı xahiş etdi.

  • “TurAz Qartalı – 2019” təlimlərinin açılış mərasimi olub – VİDEO

    Azərbaycan Respublikası Müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov və Türkiyə Respublikasının Azərbaycandakı hərbi attaşesi, briqada generalı İsmail Hakkı Köseali “TurAz Qartalı – 2019” birgə taktiki-uçuş təlimlərinin açılış mərasimində iştirak ediblər.

    General-leytenant R.Tahirov təlimlərdə iştirak edən şəxsi heyəti salamlayaraq Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Azərbaycan Ordusuna göstərdiyi diqqət və qayğını xüsusi qeyd edib, keçirilən təlimlərin əhəmiyyətini vurğulayıb. Komandan bunun hərbi gücümüzün daha bir nümunəsi olduğunu diqətə çatdıraraq bu təlimlərin hər iki ölkənin ordularının təcrübə mübadiləsində mühüm rol oynadığını bildirib.

    Təlimlərin Azərbaycanda keçirilməsinin vacibliyini vurğulayan briqada generalı İ.Köseali qürur hissi keçirdiyini bildirərək son illərdə bunun artıq ənənə halını almasını xüsusi qeyd edib. Hərbi attaşe təlimlərin başlanması ilə əlaqədar iştirakçıları təbrik edib və döyüş aviasiyasının uçuşlarının yüksək səviyyədə keçirilməsində onlara uğurlar arzulayıb.

    Sonra təlimlərin məqsədi, şəxsi heyətin hazırlığı, yerləşməsi, cəlb edilən qüvvələr, icra edilən tapşırıqlar, aviasiya vasitələrinin uçuşu və istifadəsi barədə məlumat verilib.

  • Vüqar Səfərli: “Jurnalistlərə birbaşa ev verilməyib”

    Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli Yenicag.az-a müsahibəsində jurnalistlər üçün inşa olunmuş 2-ci binadakı mənzillərə “kupça” verilməməsinin səbəblərini açıqlayıb.

    – Şəhərsalma və Arxitektura Komitəsi jurnalistlər üçün inşa edilmiş ikinci binanın istismarına icazə versə də, Əmlak Komitəsindən bildirilib ki, mənzillərə çıxarış verilməsi üçün KİV-ə Dövlət Dəstəyi Fondundan onlara əlavə sənədlər təqdim olunmalıdır. Söhbət hansı sənədlərdən gedir?

    – Bilirsiz, məsələ necədir? Bu, dövlət aktıdır, verilib ki, bina istismara hazırdır. O bina dövlətin əmlakıdır. Bina Əmlak Komitəsi tərəfindən bizim balansımıza verilməlidir, “kupça” təqdim olunmalıdır. Bu məsələni birinci olaraq, Fond sənədləşdirməlidir. Bundan sonra baxaq görək, o mənzillər hansı formada jurnalistlərə veriləcək. Jurnalistlərə birbaşa ev verilməyib axı…

    – Bu məsələni Əmlak Komitəsindən yuxarıda qeyd olunduğu kimi izah etdilər…

    – Komitədən zəng etmişdilər, mən də dedim ki, buyurun, “kupça”ları verin də, görək, necə verirsiniz…

    – Yəni indiki mərhələdə Komitənin sizə təqdim etməli olduğu sənədlər var?

    – Əvvəla, o sənədlər hazırlanmalı və binaya ümumi “kupça” verilməlidir. Bundan sonra görək, o mənzillər jurnalistlərə hansı formada veriləcək… Bu, xidməti ev kimi bir şeydir… Dövlətin əmlakıdır. Bunu elə-belə götürüb vermək olmaz, başa düşürsünüz? O məsələni bu gün Qulu müəllimlə (Dövlət Əmlak Komitəsi mətbuat xidmətinin rəhbəri – red.) danışdım ki, öz rəhbərlikləri ilə müzakirə edib aydınlaşdırsınlar, bu işi necə etmək olar? Keçən dəfə (jurnalistlərin 1-ci binası – red.) bu işlər başqa formada oldu. İndi qaydalarda dəyişikliklər var. O mənzillərin jurnalistlərə verilməsi haqqında hansısa bir sənəd yoxdur. Siyahı tutulub, Aparatla, Prezidentlə razılaşdırılıb və Fondun İdarə Heyətinin qərarı ilə verilib. Ancaq biz o mənzillərə əlavə bir sənəd verə bilmirik axı…

    – Yaxşı, bu məsələnin çətinliyi nədədir?

    – Bu məsələlər Əmlak Komitəsi ilə həll olunmalıdır. O mənzillər jurnalistlərə birbaşa verilə bilməz. Dövlət əmlakıdır, keçən dəfə biz onu özəlləşdirdik, ondan sonra danışıldı, Əmlak Komitəsi ilə razılaşdırıldı ki, onlar qəbul etsinlər… Mənzillər elə bil, hədiyyə kimi verildi. Bu prosesdə sənədlər hazırlanmalıdır. Onu birbaşa vermək olmaz. Onlara da dedim ki, edə bilirlərsə, etsinlər, etirazım yoxdur.

    – Jurnalistlərin 1-ci binasında “kupça”ların verilməsi prosesdurunu indi təkrarlamaq mümkün deyil?

    – Yenə deyirəm ki, orada müəyyən məqamlar var, qanunlara dəyişiklik edilib. Mən də ona görə Qulu müəllimə dedim ki, öz rəhbərliyi ilə danışsın, hansı formada və necə edək. Bu işi onlar etməlidir. Bizə bunun yolunu göstərsinlər, edək. Bir də ki mən başa düşə bilmirəm, axı binanın istismarına icazə verilib, istənilən mənzil sahibi müraciət edə bilər, gəlsinlər, hansı mənzilin onlara aid olmasına dair arayış verək. Onlar o arayışla mənzilə qeydiyyata düşə bilər. Yəni bina istismara qəbul edildikdən sonra, artıq o problem yoxdur. “Kupça” isə ikinci məsələdir. Dövlət verən evlərə baxmayın, bunlar xidməti ev kimidir. Birinci ora özəlləşdirilməlidir, “kupça”sı alınmalıdır, sonra bağışlanmalıdır. Biz dövlət əmlakını necə bağışlaya bilərik?

  • Azərbaycanda bir gündə 650 min ağac əkiləcək – Mehriban Əliyevanın təşəbbüsüdür

    Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə respublikamızda 650 min ağac əkiləcək.

    Heydər Əliyev Fondundan və Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, böyük şairin dünya əhəmiyyətli poeziyasının beynəlxalq aləmdə təbliği, xatirəsinin əbədiləşdirilməsi, Azərbaycanın ədəbi və mədəni irsinin tanıdılması məqsədi daşıyan bu təşəbbüsə respublikamızın bütün bölgələrində geniş ictimaiyyət nümayəndələri, həmçinin dövlət və hökumət qurumlarının, diplomatik korpusun, icra hakimiyyətləri orqanlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri və könüllü gənclər qoşulacaqlar.

    Tədbirə söz ustadının doğulduğu Şamaxı rayonunda start veriləcək.

    Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar 2019-cu il “Nəsimi ili” elan olunub.

  • XİN: Ermənistan rəhbərliyi münaqişənin sülh yolu ilə həllinə ciddi zərbə vurur”

    “Ermənistanın baş naziri və prezidentinin Azərbaycanın hazırda Ermənistan silahlı qüvvələrinin işğalı altında olan ərazilərində işğalçı ölkənin yaratdığı oyuncaq, separatçı rejimin qondarma “müstəqillik gününü” təbrik edərək, bu ölkənin təcavüzkar siyasətini açıq şəkildə etiraf etməsi, eləcə də işğalçı Ermənistanın siyasi rəhbərliyi ilə yanaşı, diplomatik nümayəndəlikləri rəhbərlərinin işğal olunmuş Dağlıq Qarabağ və ətraf bölgələrinə səfər etməsi onu göstərir ki, işğalçı ölkə beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması ilə müşayiət olunan təcavüzkar siyasətin nəticələrinə söykənən status-kvo vəziyyətinin möhkəmləndirilməsinə yönəlik cəhdlər edir və beləliklə, münaqişənin sülh yolu ilə həllinə ciddi zərbə vurur”.

    Median.Az xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin Ermənistanın baş naziri və prezidentinin işğalı altında olan ərazilərində separatçı rejimin qondarma “müstəqillik gününü” təbrik etmələri ilə bağlı şərhində yer alıb.

    “Ermənistan rəhbərliyinin son zamanlar verdiyi tamamilə əsassız bəyanatları və atdığı addımları bu ölkənin öz qanunsuz əməllərinə özünü və öz əhalisini inandırmaq məqsədi güdür. Əks təqdirdə, dünyanın heç bir dövləti tərəfindən tanınmayan, işğalı çoxsaylı sənəd və qətnamələrdə pislənilən və Azərbaycanın beynəlxalq tanınmış ərazilərinin bir hissəsi olan ərazilərdə “mütəqillik bayramını” qeyd etmək başqa nə cür adlandırıla bilər.

    Azərbaycanın beynəlxalq tanınmış ərazilərinin hərbi işğalı və yerli azərbaycanlı əhalinin qanlı etnik təmizlənməsi, eləcə də digər insanlıq əleyhinə cinayətlərə görə məsuliyyət daşıyan Ermənistan dərk etməlidir ki, bu torpaqlar yenidən Azərbaycanın nəzarətinə qayıdacaq və bölgənin hər iki icması yenidən birgə sülh və təhlükəsizlik şəraitində yaşayışını təmin edəcək. Münaqişənin digər həll yolu mövcud deyil və ATƏT-in Minsk Qrupunun həmsədrləri qismində beynəlxalq vasitəçilər, habelə bütün dünya ictimaiyyəti bunu gözəl dərk edir”, – deyə şərhdə əlavə edilib.

  • Əlahiddə Ümumqoşun Orduda praktiki məşğələlər keçirilib – VİDEO

    Naxçıvanda ordu və motoatıcı birləşmələrin artilleriya hissə və bölmələri ilə atış və atəşin idarə edilməsi mövzusunda praktiki məşğələlər keçirilib.

    Median.Az-ın Baku.ws-ə istinadən məlumatına görə, “Həyəcan” siqnalı ilə müdafiə zolağı dərinliyindəki döyüş təyinatlı rayonlarına çıxarılan artilleriya hissə və bölmələri taktiki və manevr fəaliyyətləri yerinə yetiriblər.

    Şərti düşmənin fəaliyyəti təkcə yerüstü kəşfiyyat vasitələri ilə deyil, həm də pilotsuz uçuş aparatları ilə izlənilib.

    Qərargahların və komandirlərin döyüş zamanı bölmələri idarəetmə bacarıqlarının təkmilləşdirildiyi məşğələlərdə qarşıya qoyulmuş məqsədlərə nail olunub.