Category: Siyasət

  • Zöhrab Mnatsakanyan: Ermənistan və Azərbaycan Xarici İşlər nazirlərinin görüşü planlaşdırılır

    Yaxın vaxtlarda Ermənistan və Azərbaycan Xarici İşlər nazirlərinin görüşü planlaşdırılır.

    Bu barədə “Sputnik Ermənistan” xəbər yayıb.

    Bildirilib ki, bu barədə Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan özü açıqlama verib.

    O, deyib ki, dəqiq tarix demək mümkün deyil, amma bununla bağlı dialoq davam edir.

    Mnatsakanyanın sözlərinə görə, ümumiyyətlə, bu il Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesi olduqca dinamik olub və tərəflər bu prosesi dondurmaq niyyətində deyillər.

    Lakin dövlət başçıları səviyyəsində görüşlə əlaqədar olaraq Mnatsakanyan hər hansı məlumat verməyib.

    Qeyd edək ki, sonuncu dəfə Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan 20 iyun 2019-cu ildə Vaşinqtonda görüşmüşdülər.

  • Novruz Məmmədov hökuməti topladı: Nazir və komitə sədrləri məruzə etdi

    Avqustun 29-da Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin növbəti iclası keçirilib.

    AZƏRTAC xəbər verir ki, iclası açan Baş Nazir Novruz Məmmədov gündəlik barədə məlumat verib. Bildirib ki, iclasda “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 2019-cu ilin 6 ayı ərzində fəaliyyətinin ümumi nəticələri, gömrük işinin sadələşdirilməsi ilə bağlı görülməli olan tədbirlər haqqında” və “Azərbaycan Respublikasında dövlət mühafizəsi altında olan daşınmaz tarix və mədəniyyət abidələrinin qorunma vəziyyəti, bu istiqamətdə qarşıda duran vəzifələr və görülməli tədbirlər haqqında” məsələlər müzakirə olunacaq.

    Baş Nazir bu gün Azərbaycanda sahibkarlığın inkişafı, əlverişli biznes mühitinin yaradılması, şəffaf vergi sisteminin formalaşması kimi məsələlərin Prezident İlham Əliyev tərəfindən qarşıya vəzifə kimi qoyulduğunu diqqətə çatdırıb. Qeyd edib ki, 2018-2019-cu illərdə gömrük və vergi sistemində aparılan islahatlar nəticəsində məmur-sahibkar təmasları xeyli azalıb, şəffaflıq və büdcəyə daxilolmalar əhəmiyyətli dərəcədə artırılıb. “Cari ilin 6 ayı ərzində Dövlət Gömrük Komitəsi illik büdcə daxilolmaları üzrə proqnoz göstəricilərini tam həcmdə yerinə yetirib və ötən ilin müvafiq dövrü ilə müqayisədə dövlət büdcəsinə 446 milyon manatdan çox əlavə vəsait köçürüb”, – deyən Baş Nazir bildirib ki, müsbət nəticələrlə yanaşı, gömrük işi sahəsində meydana gələn və həlli vacib olan bir sıra məsələlər də qalmaqdadır. Həmin məsələlərin həlli üçün müvafiq tədbirlər görülməli, bu vacib sahənin daha da inkişaf etdirilməsi istiqamətində işlər ardıcıl davam etdirilməli, gömrük prosedurları şəffaf şəraitdə daha da sadələşdirilməli və tranzit keçidi sürətləndirilməlidir. Baş Nazir Novruz Məmmədov, həmçinin əlavə edib ki, elektron xidmətlərin sayının artırılması sahibkar-məmur təmaslarının azalmasına, şəffaf və səmərəli olmasına daha da töhfə verəcək.

    “Azərbaycan Respublikasında dövlət mühafizəsi altında olan daşınmaz tarix və mədəniyyət abidələrinin qorunma vəziyyəti, bu istiqamətdə qarşıda duran vəzifələr və görülməli tədbirlər haqqında” məsələyə toxunan Baş Nazir vurğulayıb ki, Azərbaycan xalqının milli mədəni irsinin qorunub saxlanılması daim dövlətin diqqət mərkəzindədir. Bu qayğının təzahürü Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı fərman və sərəncamlarda öz əksini tapıb. “2007-2019-cu illər üzrə dövlət büdcəsində nəzərdə tutulmuş əsaslı vəsait qoyuluşu hesabına 42 daşınmaz tarix və mədəniyyət abidəsində bərpa, konservasiya və yenidənqurma işləri aparılıb, abidələrin ətrafında geniş abadlıq işləri görülüb. 154 tarixi əhəmiyyətli ərazi və abidədə arxeoloji qazıntı işləri aparılıb, elmi tədqiqatların nəticələri barədə kitab və məqalələr nəşr edilib, arxeoloji materiallar tədqiq olunduqdan sonra xüsusi fond və muzeylərə təhvil verilib”, – deyə Novruz Məmmədov əlavə edib. Baş Nazir mədəni irsin qorunması və gələcək nəsillərə çatdırılması məqsədilə abidələrin bərpasında Heydər Əliyev Fondunun fəaliyyətini də xüsusi qeyd edib.

    Sonra Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin, Vergilər naziri Mikayıl Cabbarovun, Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyevin və Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadənin gündəlikdəki məsələlərlə bağlı məruzələri dinlənilib.

    İclasda mövzularla bağlı çıxışlar olub, müxtəlif təkliflər səsləndirilib.

    İclasa yekun vuran Baş Nazir Novruz Məmmədov müzakirə olunan məsələlərin icrası ilə bağlı müvafiq tapşırıqlar verib.

  • XİN: Azərbaycan Dağlıq Qarabağ bölgəsi üzərində suverenliyini bərpa edəcək

    Ermənistanın Baş naziri N.Paşinyan Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Azərbaycan SSR-dən zor gücü ilə ayrılmasını Azərbaycanın SSRİ-dən çıxması prosesi ilə əsaslandırmağa cəhd göstərib.

    Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva bu məsələyə münasibət bildirib. O deyib ki, bu cəhd Paşinyanın “hüquqi savadsızlığının və ya yalana əl atmasının sübutudur”: “Ermənistanın Baş naziri əgər xalqını barmağına dolamaq istəyirsə, bu onun öz işidir. Lakin o, dünya birliyini aldatmağa müvəffəq olmayacaq, xüsusilə də məsələnin hüquqi tərəfinə gəldikdə.

    Belə ki, ilk olaraq, Dağlıq Qarabağın Azərbaycan SSR-in tərkibində muxtar vilayət statusu 1936 və 1977-ci illər SSRİ Konstitusiyalarında təsbit edilib, üstəgəl müttəfiq respublikanın ərazisi onun razılığı olmadan dəyişdirilə bilməzdi. Erməni millətçilərinin DQMV-nin Azərbaycan SSR-dən ayrılmasına yönəlmiş qanunsuz hərəkətləri ilə əlaqədar olaraq, SSRİ Ali Soveti öz qərarlarında mövcud sərhədlərin dəyişdirilməsinin mümkünsüzlüyünü birmənalı şəkildə təsdiq etdi. Beləliklə, Dağlıq Qarabağın Azərbaycan SSR-dən ayrılması cəhdləri SSRİ Konstitusiyasının açıq şəkildə pozulması ilə müşayiət olunurdu və buna görə də heç bir hüquqi nəticə doğurmadı.

    İkincisi, Ermənistan tərəfinin tez-tez istinad etdiyi 1990-cı il 3 aprel tarixli “Müttəfiq respublikanın SSRİ-dən çıxması ilə əlaqədar məsələlərin həlli qaydası haqqında” SSRİ Qanununun məqsədi, müttəfiq respublikaların SSRİ-dən ayrılması halında, SSRİ daxilindəki qarşılıqlı münasibətləri müəyyən bir prosedur yaratmaqla tənzimləməkdən ibarət idi. Müttəfiq respublikanın SSRİ-dən çıxması yalnız mürəkkəb çoxmərhələli prosedurdan keçdikdən və nəticədə SSRİ Xalq Deputatları Qurultayı tərəfindən müvafiq qərar qəbul edildikdən sonra tamamlanmış hesab edilə bilərdi. Lakin qeyd olunan Qanun heç vaxt tətbiq edilmədi və heç bir müttəfiq respublika, o cümlədən Azərbaycan və Ermənistan bu Qanunda nəzərdə tutulmuş ayrılma qaydasından istifadə etmədi.

    Üçüncüsü, SSRİ dağıldıqdan sonra Azərbaycan BMT-yə, eləcə də digər beynəlxalq təşkilatlara SSRİ dövründəki öz inzibati sərhədləri çərçivəsində daxil olub və həmin hüdudlar bütün dünya ictimaiyyəti tərəfindən Azərbaycanın beynəlxalq sərhədləri qismində tanınır. Ermənistanın iddia etdiklərindən fərqli olaraq, Müstəqil Dövlətlər Birliyinin məqsəd və prinsiplərinə dair 21 dekabr 1991-ci il tarixli Almatı Bəyannaməsini imzalayan dövlətlər, o cümlədən Ermənistan, öz üzərilərinə bir-birinin ərazi bütövlüyünü və mövcud sərhədlərin toxunulmazlığını tanımaq və hörmət etmək öhdəliyini götürüblər.

    Seçicilərinə qızıl dağlar vəd edən Ermənistan Baş nazirinin iddiaları, mövcud vəziyyətdən konkret çıxış yollarının göstərilməməsi səbəbindən daha çox iflasa uğrayır. Çünki, bu vəziyyətin düzəldilməsi qonşu Azərbaycanla münasibətlər normallaşdırılmadan mümkün deyil. Burada, həmçinin iqtisadiyyat, demoqrafiya, hərbi və digər faktorları nəzərə almaq lazımdır.

    Bununla yanaşı, qeyd etmək istərdik ki, Ermənistanın bu və ya digər rəhbərinin mövqeyindən asılı olmayaraq, Azərbaycan özünün beynəlxalq tanınmış və əzəli torpaqları, o cümlədən Dağlıq Qarabağ bölgəsi üzərində suverenliyini bərpa edəcək, çünki ədalət və hüquq Azərbaycan tərəfindədir. Bu vaxt gəlib çatacaq və bölgədə vəziyyətin inkişafını nəzərə alaraq bu vaxt hər an yetişə bilər”.

  • Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı Sərəncam imzaladı

    Prezident İlham Əliyev avqustun 28-də Azərbaycan Respublikası vətəndaşlarının 2019-cu il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb.

    Sərəncama əsasən, 2001-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1984–2000-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2019-cu il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılacaqlar.

    Həmçinin “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2019-cu il oktyabrın 1-dən 30-dək ehtiyata buraxılacaqlar.

  • Rəsmi Bakıdan Mnatsakanyanın çıxışına sərt reaksiya: Vəziyyətin gərginləşməsini istəyirlər?!

    Azərbaycan Xarici İşlər Nazirliyi avqustun 27-də Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyanın XİN-in mərkəzi aparatının, habelə diplomatik və konsulluq nümayəndəliklərinin rəhbərləri qarşısında çıxışına reaksiya verib.

    Nazirliyin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, Mnatsakanyan Azərbaycanın ünvanına tamamilə reallıqdan uzaq və danışıqların mahiyyətinə uyğun olmayan iddialar səsləndirib.

    Nazirlikdən vurğulanıb ki, Dağlıq Qarabağ Azərbaycan Respublikasının ayrılmaz hissəsi olub, hazırda onun ayrılmaz hissəsidir və bu, gələcəkdə də belə olacaq:

    “Bütün dünya birliyi bu həqiqəti tanıyır və birmənalı olaraq Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalını pisləyir. “Dağlıq Qarabağ xalqı” anlayışı yoxdur, Azərbaycanın bu bölgəsinin erməni və azərbaycanlı icmaları vardır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün beynəlxalq səviyyədə qəbul edilmiş model, beynəlxalq hüququn norma və prinsiplərinə, BMT, ATƏT və digər beynəlxalq təşkilatların qərarlarına, ilk növbədə, BMT Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsinə əsaslanır. Dinc nizamlanma çərçivəsində konkret addımlar isə ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən irəli sürülüb və bu ilin 9 mart tarixli son bəyanatları da daxil olmaqla həmsədrlər tərəfindən dəfələrlə səsləndirilib.

    Beynəlxalq miqyasda tanınmış multikultural cəmiyyətə sahib olan, çoxlu sayda müxtəlif etnik qrupların vətəni olan Azərbaycan dövləti, bütün əzəli azərbaycanlı əhalini hazırda bu ölkənin yerləşdiyi ata-baba torpaqlarından qovan və üstəlik Azərbaycanın işğal olunmuş ərazilərində ən ifrat təzahürü Xocalı faciəsi olan dəhşətli etnik təmizləmə həyata keçirən monoetnik Ermənistanla heç bir müqayisəyə gələ bilməz.

    Ermənistan XİN başçısının vətəndaşların öz iradələrini azad ifadə etməsini nəzərdə tutan xalqların öz müqəddəratını təyinetmə hüququna istinad edərək təmsil etdiyi ölkənin təcavüzkar niyyətlərinə hər hansı şəkildə haqq qazandırmaq cəhdləri, nə beynəlxalq hüquqa, nə də sağlam məntiqə uyğun gəlmir. Həqiqətən, hər hansı bir ərazinin əhalisinin bir hissəsinin hüquqlarını bu ərazinin əhalisinin digər hissəsinin hüquqlarını tamamilə pozaraq həyata keçirmək mümkün deyil.

    Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı Azərbaycanın hazırda Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icmasının hüquqları kütləvi şəkildə pozulub. Yalnız Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycan icmasının öz doğma yerlərinə təhlükəsiz qayıdışı və orada ləyaqətli yaşayışı ilə təməl hüquqlarının bərpasından sonra bu bölgənin sakinlərinin özünüidarəetmə hüquqlarının həyata keçirilməsi formaları üzrə konkret müzakirələr aparmaq mümkün olacaq.

    Ermənistan Xarici İşlər nazirinin daxili auditoriyaya yönəlmiş son açıqlaması Z.Mnatsakanyanın hər zaman çox canfəşanlıqla guya istədiyi, münaqişənin sülh yolu ilə həlli əvəzinə, onun kəskinləşməsi kimi çox təhlükəli tendensiyaya gətirib çıxarır.

    Ermənistan artıq müəyyən etməlidir, o, sülh istəyir, yoxsa vəziyyətin gərginləşməsini?! Belə bir təsəvvür formalaşır ki, hazırkı Ermənistan rəhbərliyi münaqişənin həll olunmasına deyil, bilərəkdən vəziyyətin gərginləşməsinə üstünlük verir. Təəssüflə qeyd olunmalıdır ki, bu gün rəsmi Yerevan reallıqlara əsaslanan yanaşmadan deyil, ilhaqçı mövqedən çıxış edir. Lakin istənilən halda aydındır ki, Azərbaycan heç vaxt işğala əsaslanan status-kvo vəziyyəti ilə barışmayacaq. Bizim səbrimiz tükənməz deyil”.

  • Prezident yeni cərimələri təsdiqlədi – 1000 AZN

    Azərbaycan vətəndaşlarının xarici ölkələrdə işə düzəldilməsi qaydalarının pozulmasına görə yeni cərimələr müəyyənləşib.

    Median.Az APA-ya istinadla xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanunu təsdiqləyib.

    Belə ki, İnzibati Xətalar Məcəlləsinə yeni 576.3 və 576.4-cü bəndləri əlavə edilib.

    Sənədin yeni 576.3-cü bəndinə əsasən, Azərbaycan Respublikasında işaxtaran və işsiz şəxslərin işə düzəlməsində, habelə Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəlməsində vasitəçilik fəaliyyətini həyata keçirən hüquqi şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada və formada iş üçün müraciət edən və ya işlə təmin olunan şəxslərin sayı barədə məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (qurum) təqdim edilməməsinə görə, 500 manatadək məbləğdə cərimələnir.

    Məcəlləyə yeni əlavə edilən 576. 4-cü bənddə isə qeyd edilib ki, Azərbaycan Respublikasında işaxtaran və işsiz şəxslərin işə düzəlməsində, habelə Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəlməsində vasitəçilik fəaliyyətini həyata keçirən hüquqi şəxslər tərəfindən toplanmış informasiya ehtiyatlarına dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurum) elektron qaydada qarşılıqlı məlumat mübadiləsinin təmin edilməməsinə görə 500 manatdan 1000 manatadək məbləğdə cərimə edilir.

  • Birinci vitse-prezidenti Mehriban Əliyeva Bilgəhdəki Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində olub – FOTO

    Avqustun 26-da Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və qızı Leyla Əliyeva Bilgəhdəki Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində olublar.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, Birinci vitse-prezident Mehriban Əliyeva əvvəlcə burada sağlamlığı məhdud insanların yaşayışı ilə maraqlandı, onlarla söhbət etdi.

    Müəssisə sakinləri ilə görüşdə ahıl insanlar dövlətin onlara diqqət və qayğısından razılıqlarını bildirdilər, rahat yaşamaları üçün hər cür şəraitin yaradıldığını vurğuladılar. Qeyd olundu ki, müəssisənin sakinləri arasında yaradıcı insanlar, müxtəlif sənət sahibləri var. Burada yaşayan ahıllar müxtəlif səhiyyə ocaqlarında müayinə edilir, onlar üçün mütəmadi olaraq konsertlər, bayram şənlikləri təşkil olunur.

    Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində hazırda 235 nəfər yaşayır.

    Azərbaycan dövləti tərəfindən yaşlı nəslə xüsusi diqqət və qayğı göstərilir. Dövlətimiz onların ən böyük himayəçisidir. Ahılların sosial müdafiəsinin gücləndirilməsi, sağlamlıqlarının qorunması məqsədilə ölkəmizdə davamlı tədbirlər həyata keçirilir.

  • Mehriban Əliyeva: “Qarabağ torpağında Azərbaycanın üçrəngli bayrağının dalğalanması hər bir azərbaycanlının ən müqəddəs arzusudur”

    “Bu gün ad günümdə sizinlə bərabər olmaq, doğma insanların əhatəsində olmaq mənim üçün çox xoşdur. Əminəm ki, sizin hər birinizin qəlbində yaşayan arzu hər bir azərbaycanlının ən müqəddəs arzusudur – torpaqlarımızın işğaldan azad olunması, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi və Qarabağ torpağında Azərbaycanın üçrəngli bayrağının dalğalanması”.

    Median.Az report-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva məcburi köçkünlər qarşısında çıxışı zamanı deyib:

    “Mən sizin hər birinizə dərin hörmətimi, minnətdarlığımı və məhəbbətimi çatdırıram. Bu gün sizə cənab Prezidentin böyük hörmətini və məhəbbətini çatdırıram. Bildiyiniz kimi, uzun illərdir ki, məcburi köçkünlərin və qaçqınların yaşayış şəraitinin yaxşılaşdırılması dövlətimizin ən prioritet məsələlərindən biridir.

    Bu illər ərzində bu sahədə çox işlər görülüb. Məcburi köçkünlərin, bizim əziz soydaşlarımızın yaşayış şəraitinin yaxşılaşdırılması, onların işlə təmin olunması, təhsil, tibb və digər xidmətlərlə təmin edilməsi Azərbaycan dövlətinin borcudur. Azərbaycan dövləti bu yolda çox böyük nailiyyətlər əldə edib”.

    Azərbaycanın Birinci vitse-prezidenti qeyd edib ki, ötən il 5900 qaçqın və məcburi köçkün ailəsi yeni evlərlə təmin edilib:

    “Mən sizin hər birinizə dərin hörmətimi, minnətdarlığımı və məhəbbətimi çatdırıram. Bu gün sizə cənab Prezidentin böyük hörmətini və məhəbbətini çatdırıram. Bildiyiniz kimi, uzun illərdir ki, məcburi köçkünlərin və qaçqınların yaşayış şəraitinin yaxşılaşdırılması dövlətimizin ən prioritet məsələlərindən biridir. Bu illər ərzində bu sahədə çox işlər görülüb. Məcburi köçkünlərin, bizim əziz soydaşlarımızın yaşayış şəraitinin yaxşılaşdırılması, onların işlə təmin olunması, təhsil, tibb və digər xidmətlərlə təmin edilməsi Azərbaycan dövlətinin borcudur. Azərbaycan dövləti bu yolda çox böyük nailiyyətlər əldə edib.

    Altmış minə yaxın soydaşımız yeni mənzillərlə təmin olunub. Ötən il 5900 qaçqın və məcburi köçkün ailəsi yeni evlərlə təmin edilib. Bu il 6 minə yaxın yeni mənzil istifadəyə veriləcək. “Qobu Park-2” yaşayış qəsəbəsində işlər bu yaxınlarda tamamlanacaq və yenə də 1300 məcburi köçkün ailəsinin yaşayış şəraiti yaxşılaşacaq. Amma bu, müvəqqətidir. Çünki bir daha deyirəm, bizim arzumuz başqadır. Bizim vahid arzumuz Qarabağ şikəstəsini Qarabağ torpağında birlikdə eşitməkdir.

    Mən əminəm ki, Prezidentimizin, dövlətimizin qəti siyasəti və mövqeyi, Allahın köməyi ilə biz buna nail olacağıq. Çox sağ olun”.

  • Bibiheybət ziyarətgahında Azərbaycanın Birinci vitse-prezidentinə Qurani-Kərim hədiyyə olunub – FOTO

    Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və qızı Leyla Əliyeva avqustun 26-da Bibiheybət ziyarətgah kompleksini ziyarət ediblər.

    AZƏRTAC xəbər verir ki, VII əsrin yadigarı, müqəddəs qəbirlərin sayına görə İslam dünyasının üçüncü ziyarətgahı sayılan Bibiheybətdə Peyğəmbər nəslinin dörd nümayəndəsi uyuyur. Milli-mənəvi dəyərlərimizə dərindən bağlı olan ulu öndər Heydər Əliyev 1994-cü ilin martında Qurban bayramı günündə bu müqəddəs ocağı ziyarət edib, 1997-ci il iyulun 23-də, Məhəmməd Peyğəmbərin mövludu günündə burada yeni məscid kompleksinin bünövrəsini qoyub. Bir il sonra, yenə də Peyğəmbərin mövludu günündə məscidin əsas korpusunun açılış mərasimində iştirak edib.

    Prezident İlham Əliyevin maddi-mədəniyyət abidələrimizin, müqəddəs ocaqlarımızın bərpası ilə bağlı imzaladığı fərman və sərəncamlar, verdiyi tapşırıqlar sırasında Bibiheybət məscid kompleksinin genişləndirilməsi də əksini tapıb. Dövlətimizin başçısı 2005-ci və 2007-ci illərdə buranı ziyarət edib. 2008-ci ildə Bibiheybət ziyarətgah kompleksinin əsaslı yenidənqurmadan sonra açılışında Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri iştirak ediblər.

    Ulu Öndərin adını daşıyan Heydər Əliyev Fondu milli-mənəvi dəyərlərimizin qorunması, onların təbliği, dünyaya çatdırılması istiqamətində çox mühüm işlər görür. Qədim məscidlərimizin bərpası, yeni müasir məscid komplekslərinin inşası bu baxımdan mühüm əhəmiyyət kəsb edir.

    Birinci vitse-prezident Mehriban Əliyevaya məsciddə müqəddəs Qurani-Kərim hədiyyə olundu.

  • Mehriban Əliyeva balacaların şənliyində iştirak edib (FOTO)

    Avqustun 26-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və qızı Leyla Əliyeva paytaxtın Sabunçu rayonunda 260 saylı, Binəqədi rayonunda 141 saylı körpələr evi-uşaq bağçalarının açılışlarında, həmçinin valideyn himayəsindən məhrum və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Heydər Əliyev Fondunun “Dalğa Beach” istirahət mərkəzində təşkil etdiyi növbəti əyləncə və istirahət proqramında iştirak ediblər.

    Median.Az xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və qızı Leyla Əliyeva əvvəlcə paytaxtın Sabunçu rayonunda 260 saylı körpələr evi-uşaq bağçasının açılışında iştirak etdilər.

    Bu körpələr evi-uşaq bağçası 1937-ci ildən fəaliyyət göstərir. Bağçanın köhnə binası ötən ilin noyabrında sökülüb, yerində Heydər Əliyev Fondu tərəfindən yeni bina inşa olunub. Yeni bina 140 yerlik olmaqla, 7 qrupdan, musiqi-idman zalından, mətbəx, tibb otağı, camaşırxana və digər köməkçi otaqlardan ibarətdir. Bağça zəruri inventarla, mebel dəstləri ilə təchiz edilib. Ümumi sahəsi 2000 kvadratmetrdən çox olan bina havalandırma və yanğından mühafizə sistemləri ilə təchiz edilib.

    Gələcəyimiz olan uşaqların xoşbəxt böyümələri, onların həm fiziki, həm də mənəvi cəhətdən sağlam olmaları işinə Azərbaycan dövləti xüsusi diqqət göstərir. Dövlət səviyyəsində bu istiqamətdə icra olunan layihələrə Heydər Əliyev Fondunun töhfələri də xüsusi əhəmiyyətə malikdir. Fondun təşəbbüsü və dəstəyi ilə indiyədək paytaxtla yanaşı, bölgələrimizdə də çoxsaylı körpələr evi-uşaq bağçası inşa edilib, təmirə ehtiyacı olanlar isə müasir səviyyədə yenidən qurulub.

    260 saylı körpələr evi-uşaq bağçasının ərazisində geniş abadlıq-quruculuq işləri aparılıb, uşaqların asudə vaxtının səmərəli təşkili üçün müvafiq şərait yaradılıb.

    X X X

    Sonra Birinci vitse-prezident Mehriban Əliyeva və qızı Leyla Əliyeva paytaxtın Binəqədi rayonundakı 141 saylı körpələr evi-uşaq bağçasının açılışında iştirak etdilər.

    Körpələr evi-uşaq bağçası üçün bina Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir edilib. Bina bağça kimi 1980-ci ildə ilk dəfə fəaliyyətə başlayıb və indiyədək təmir edilməmişdi. Beş min kvadratmetrdən çox ərazisi olan 3 korpusdan ibarət körpələr evi-uşaq bağçası təmirdən əvvəl 8 qrupda 150 uşağa xidmət göstərirdi. Yeni binada isə 210 yerlik körpələr evi-uşaq bağçası fəaliyyət göstərir. Burada komplektləşdirilmiş qrup otaqları, mətbəx və yeməkxana, idman və musiqi zalları və digər otaqlar var.

    İkimərtəbəli məktəbəqədər təhsil müəssisəsinin otaqları və dəhlizləri uşaqların sevimli nağıl qəhrəmanlarının şəkilləri ilə bəzədilib, qrup otaqları zəruri inventarlarla, mebel dəstləri ilə təchiz edilib. Məktəbəqədər təhsil müəssisəsində yeddisı Azərbaycan, dördü isə rusdilli bölmə olmaqla, ümumilikdə, 11 qrup fəaliyyət göstərəcək. Körpələr evi-uşaq bağçasında 2 yaşdan 6 yaşadək uşaqların təlim-tərbiyəsi ilə 42 nəfərdən ibarət peşəkar heyət məşğul olacaq. Bağçanın ərazisində abadlıq işləri görülüb, yaşıllıqlar salınıb, işıqlandırma sistemi quraşdırılıb. Burada balacaların istirahəti üçün oyun və idman avadanlıqları da var. Bir sözlə, bu müəssisədə uşaqların rahatlığını, istirahətini və ilkin biliklərə yiyələnmələrini təmin etmək, həmçinin onların bacarıq və istedadlarını aşkara çıxarmaq üçün hərtərəfli lazımi şərait yaradılıb.

    X X X

    “Dalğa Beach” istirahət mərkəzində Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan tədbirə xüsusi avtobuslarla gətirilən uşaqları nağıl qəhrəmanları qarşıladılar. Nizami, Suraxanı, Xətai rayonlarının uşaq evlərinin, Daun Sindromlu Uşaqların Reabilitasiya Mərkəzinin və 11 saylı inteqrasiya təlimli internat məktəbinin sakinləri bu məkanda unudulmaz anlar yaşadılar.

    Şənliyə Birinci vitse-prezident Mehriban Əliyeva və qızı Leyla Əliyeva da qoşuldular.

    Balacalara xas olan hədsiz səmimiyyət və sevinclə əylənən uşaq evlərinin sakinləri və xüsusi qayğıya ehtiyacı olan uşaqlar müxtəlif oyunlarda, attraksionlarda iştirak etdilər, isti yay günündə hovuzda üzdülər, onlar üçün hazırlanmış müxtəlif əyləncəli proqramlarla maraqlı vaxt keçirdilər, ətrafdakılarla sevinclərini bölüşdülər.

    Xeyriyyəçiliyi, böyüməkdə olan nəslin hərtərəfli qayğı ilə əhatə olunmasını fəaliyyətinin prioritet istiqamətləri kimi müəyyən edən Heydər Əliyev Fondu növbəti dəfə balacalara unudulmaz anlar yaşatdı. Hər bir uşağa Fondun hədiyyələri təqdim olundu. Şənlikdə, ümumilikdə, 200-dən çox uşaq iştirak etdi.