Category: Siyasət

  • F-16 təyyarələri “TurAz Qartalı-2019”a qatılmaq üçün Azərbaycana gəlib – VİDEO

    “TurAz Qartalı – 2019” birgə təlimlərində iştirak etmək üçün Türkiyə Hərbi Hava Qüvvələrinin F-16 təyyarələri Azərbaycana gəlib.

    Müdafiə Nazirliyindən verilən məlumata görə, sentyabrın 2-dən 16-dək keçirilən təlimlərdə MiQ-29, F-16, Su-25, P-235 “Kasa” təyyarələri, Mi-35, Mi-17, “Sikorski” UH-70, CH-47 “Çinok” və ATAK/AH-1W helikopterlərindən ibarət 30-dək aviasiya vasitəsi iştirak edəcək.//report.az

  • Vilayət Eyvazov: “Daxili Qoşunların şəxsi heyəti xüsusi əməliyyatlarda iştirak edib”

    Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Qəbələ rayonu ərazisində yerləşən “N” saylı hərbi hissəsinin zabit və gizirləri üçün əsaslı təmir edilmiş yaşayış binasının istifadəyə verilməsinə həsr olunmuş mərasim keçirilib.

    DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə iştirak edən Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov yeni binada mənzillə təmin olunmuş sakinlər qarşısında çıxış edərək onları təbrik edib, yeni mənzillərində xoşbəxtlik, yüksək rifah, eləcə də xidmətdə uğurlar arzulayıb.

    O, Preident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkənin ictimai-siyasi, iqtisadi həyatında, ordu quruculuğunda böyük uğurlar qazanıldığını, daxili işlər orqanlarının maddi-texniki bazasının daha da möhkəmləndiyini, hərbi qulluqçuların sosial-məişət şəraitinin ilbəil yaxşılaşdığını vurğulayıb.

    Nazir deyib ki, son illər Daxili Qoşunlar üçün də müxtəlif təyinatlı onlarca obyekt, hərbi şəhərciklər, o cümlədən hərbi qulluqçular üçün yeni yaşayış kompleksləri, əsgər kazarmaları, müasir avadanlıqlarla təchiz edilmiş tibb məntəqələri və s. tikilərək istifadəyə verilib. Bildirilib ki, yeni təmir olunmuş 5 mərtəbəli 80 mənzilli bu binanın da istifadəyə verilməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Daxili Qoşunlara göstərdiyi böyük diqqət və qayğının bariz nümunəsidir.

    V.Eyvazov hərbi qulluqçulara verilən mənzillərə baxıb, onlarla həmsöhbət olub. Daxili Qoşunların yeni tikilidə mənzillə təmin olunan zabit və gizirləri, onların ailə üzvləri göstərilən ali diqqət və qayğıya, hərbi qulluqçuların sosial rifah halının, mənzil-məişət şəraitinin daha da yaxşılaşdırılmasına görə ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

    Daha sonra nazir, general-polkovnik Vilayət Eyvazov Daxili Qoşunların Qəbələ, Zaqatala rayonlarında və Şəki şəhərində yerləşən hərbi hissələrində olub. Bu tədbirlərdə nazir müavini-Daxili Qoşunların komandanı, general-leytenant Şahin Məmmədov general-polkovnik Vilayət Eyvazova şəxsi heyət və texnika barədə raportlar verib.

    Hərbi hissələrin sıra meydanında düzülmüş hərbi qulluqçuların və əsgərlərin qarşısında çıxış edən nazir V.Eyvazov ulu öndərin əsasını qoyduğu inkişaf və tərəqqi strategiyasının Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilməsi nəticəsində ölkənin iqtisadi qüdrətinin, müdafiə potensialının artdığını, beynəlxalq mövqelərinin möhkəmləndiyini bildirib, möhtərəm dövlət başçısının ümumən ordu quruculuğuna, o cümlədən Daxili Qoşunların fəaliyyətinin təkmilləşdirilməsinə, maddi-texniki təminatına, iş və məişət şəraitinin daha da yaxşılaşdırılmasına daim xüsusi diqqət göstərdiyini vurğulayıb.

    Daxili Qoşunların ölkədə müstəqilliyin və daxili sabitliyin qorunmasında xüsusi xidmətləri olduğunu diqqətə çatdıran nazir şəxsi heyətin ictimai asayişin qorunmasında və ictimai təhlükəsizliyin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə, xüsusi əməliyyatların keçirilməsində fəal iştirakını, yüksək peşəkarlığa, döyüş və mənəvi-psixoloji hazırlığa malik bir quruma çevrildiyini məmnunluqla bildirib.

    O, ölkəyə qarşı elan olunmamış müharibənin ilk günlərindən Daxili Qoşunların cəbhə xəttində şərəfli döyüş yolu keçdiyini, bu yolda yüzlərlə şəhid verdiyini qeyd edərək, bildirib ki, hələ də torpaqlarımızın 20 faizi işğal altında olduğuna görə hazırda ölkəmiz müharibə şəraitindədir. Ona görə də qüdrətli Azərbaycan ordusu ilə yanaşı Daxili Qoşunların şəxsi heyəti də öz üzərlərinə düşən xidməti vəzifələri ilə bərabər torpaqlarımızın azadlığı və ərazi bütövlüyümüzün bərpası üçün Ali Baş Komandanın verəcəyi əmrin icrasına hər an hazır olmalı, döyüş hazırlığı səviyyələrini daim yüksək saxlamalıdırlar.

    Hərbi hissələrin şəxsi heyətinə konkret tapşırıq və tövsiyələrini verən Daxili İşlər naziri sonda daxili işlər orqanlarının, o cümlədən onun ayrılmaz tərkib hissəsi olan Daxili Qoşunların şəxsi heyətinin fəaliyyətini hər zaman yüksək qiymətləndirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı zati-aliləri cənab İlham Əliyevə dərin minnətdarlığını bildirib və onu əmin edib ki, Daxili Qoşunların hərbi qulluqçuları qarşıya qoyulan bütün vəzifələri bundan sonra da layiqiqncə yerinə yetirəcək, göstərilən ali diqqət və böyük etimadı xalqına, Vətəninə, dövlətinə və Prezidentinə sədaqətli xidməti ilə doğruldacaqdır.

    Daxili İşlər naziri V.Eyvazovun rəhbərliyi ilə hərbi hissələrin qərargahlarında komandir heyətləri ilə əməliyyat müşavirələri keçirilib.

    Sonra o, hərbi hissələrin tədris, silah otaqlarında, avtomobil və zirehli texnika parkında, tibb məntəqələrində, yeməkxanalarında olub, hərbi qulluqçuların sosial-məişət şəraiti ilə maraqlanıb.

    Nazir əsgər yeməkxanalarında şəxsi heyətlə birlikdə nahar edib.//baku.ws

  • Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın yeni tərkibi müəyyənləşib

    Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya haqqında Əsasnamənin təsdiq edilməsi və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyasının tərkibi barədə” fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

    Median.Az xəbər verir ki, fərmanla komissiyanın tərkibi yeni redaksiyada verilib.

    Komissiyanın sədri Azərbaycan Respublikası Baş nazirinin birinci müavinidir. Komissiyanın üzvləri isə Azərbaycan Respublikasının müdafiə naziri, Azərbaycan Respublikasının ədliyyə naziri, Azərbaycan Respublikasının xarici işlər naziri, Azərbaycan Respublikasının iqtisadiyyat nazir, Azərbaycan Respublikasının maliyyə naziri, Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri, Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri, Azərbaycan Respublikasının daxili işlər naziri, Azərbaycan Respublikasının müdafiə sənayesi naziri, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin rəisi, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidentidir.

  • Əfv Komissiyasının tərkibi dəyişdirilib

    Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının tərkibi dəyişdirilib.

    Median.Az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” sərəncamında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

    Fərmana əsasən, komissiyada Ramil Usubovun yerinə Daxili İşlər naziri Vilayət Eyvazov, Mədət Quliyevin yerinə isə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev təyin edilib.

  • İordaniya mətbuatı Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətindən yazdı – FOTO

    İordaniyanın “Petra” dövlət informasiya agentliyində, aparıcı “Əd-Dustur” və “Ər-Ray” qəzetlərində, eləcə də www.orobanews.com, www.nayrouz.com kimi xəbər portallarında Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyəti haqqında məqalə yayılıb.

    Azərbaycanın İordaniyadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, məqalədə Mehriban Əliyevanın həyatı, çoxşaxəli fəaliyyətinə nəzər salınır. Oxuculara məlumat verilir ki, Azərbaycanın birinci xanımı müxtəlif təşəbbüslər vasitəsilə xalqın geniş təbəqəsinin, xüsusilə də qaçqın və məcburi köçkünlərin üzləşdiyi problemlərin həllinə nail olur, onlar üçün firavan yaşayışın təmin olunmasında böyük rol oynayır. Heydər Əliyev Fondunun xətti ilə yeni məktəblər, xəstəxanalar, uşaq bağçaları, eləcə də talassemiya mərkəzi tikilib. Mehriban xanımın diqqət dairəsində uşaqlarla yanaşı, ahıllar və şəhid ailələri də dayanır.

    Heydər Əliyev Fondunun Azərbaycanın musiqi mədəniyyətinin, xüsusilə mənsub olduğu xalqın milli musiqi növü olan muğamın təşviqində əvəzsiz xidmətlər göstərdiyi, paytaxt Bakıda Muğam Mərkəzi inşa etdirdiyi, muğam janrının bir çox ölkələrdə təbliğinə və tanıdılmasına müvəffəq olduğu məqalədə öz əksini tapır. Fondun dünyanın müxtəlif ölkələrindən dəvət olunan tanınmış və perspektivli musiqiçilərin iştirakı ilə musiqi festivalları və gecələri təşkil edərək, Azərbaycan mədəniyyətinin təbliğinə əvəzsiz töhfələr verdiyi, yaradıldığı gündən bəri dünya mədəniyyətinin inkişafında, sivilizasiyalararası dialoqun möhkəmlənməsində böyük rol oynadığı, humanist dəyərlərin, sülh və tolerantlığın yayılmasına, mədəniyyətlərarası dialoqun inkişafına müstəsna töhfələr verdiyi vurğulanır.

    Məqalədə Heydər Əliyev Fondunun dəstəyi ilə Parisdəki Luvr Muzeyində İslam incəsənəti bölməsinin yaradıldığı, Versal sarayında tarixi incəsənət abidələrinin, həmçinin İkinci Dünya müharibəsi nəticəsində dağıdılmış Berlin qəsrinin, Vatikan arxivində saxlanılan nadir əlyazmaların və orada yerləşən qədim heykəllərin bərpa işlərinin həyata keçirildiyi qeyd edilir. Roma şəhərində yerləşən Kapitolini Muzeyində filosoflar zalının bərpası Fondun bu sahədə ən mühüm nailiyyətlərindən biri hesab edildiyi oxucuların diqqətinə çatdırılır. Həmçinin dünyanın müxtəlif ölkələrində baş verən təbii fəlakətlərin qurbanlarının da Mehriban xanım Əliyevanın diqqətindən kənarda qalmadığı önə çəkilir və bu yöndə təqdim edilən humanitar yardımlar yada salınır.

    Azərbaycan şifahi xalq ədəbiyyatının, milli irsinin, mədəniyyət və musiqisinin qorunması və inkişafında göstərdiyi səylərin nəticəsi olaraq birinci xanımın 2004-cü ildə YUNESKO-nun, İslam dünyasının müxtəlif sahələrində xidmətlərinin nəticəsi olaraq 2006-cı ildə İSESKO-nun xoşməramlı səfiri adına layiq görülməsi barədə oxuculara məlumat verilir.

    Məqalədə Mehriban Əliyevanın Azərbaycanın idman ölkəsi kimi tanıdılması istiqamətindəki dəyərli töhfələrinə də geniş yer ayrılır. Xüsusilə qeyd edilir ki, onun yorulmaz əməyi nəticəsində Azərbaycan 2015-ci ildə birinci Avropa Oyunlarına, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına, bədii gimnastika üzrə beynəlxalq kubok yarışına müvəffəqiyyətlə ev sahibliyi edib. Bundan başqa, “Avroviziya” mahnı müsabiqəsinin Bakıda yüksək səviyyədə keçirilməsində də birinci xanımın səyləri məqalədə qeyd olunur.

    Diqqətə çatdırılır ki, Mehriban xanım Əliyeva gördüyü işlərə görə bir çox ölkələrin və beynəlxalq təşkilatların müxtəlif orden və medallarına layiq görülüb.

  • Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Üzüm və Şərab Festivalında təşkil edilən pavilyonlarla tanış olub – FOTO

    Avqustun 31-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Şamaxı rayonunun Meysəri kəndində keçirilən Azərbaycan Üzüm və Şərab Festivalı çərçivəsində təşkil olunan sərgi və pavilyonlarla tanış olub.

    Median.Az Trend-ə istinadən bildirir ki, festival Heydər Əliyev Fondunun dəstəyi, Kənd Təsərrüfatı Nazirliyi, Şamaxı Rayon İcra Hakimiyyəti, “Regional İnkişaf” İctimai Birliyi, Dövlət Turizm Agentliyi və Azərbaycan Milli Xalça Muzeyinin birgə təşkilatçılığı ilə keçirilib. Tədbir “Şirvan şərabları” MMC-nin üzümçülük və şərabçılıq kompleksi ərazisində təşkil olunub.

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva yerli üzüm və şərab istehsalçıları ilə görüşüb, müəssisələrin pavilyonları ilə tanış olub.

    Qeyd edək ki, layihənin məqsədi yerli üzüm və şərab istehsalının təşviqi, şərab məhsullarının ixrac potensialının artırılması, Azərbaycanda şərab istehsalı tarixinin geniş ictimaiyyətə çatdırılmasıdır.

    Avqustun 30-dan başlayan festival çərçivəsində üzüm istehsalı və şərabçılıq, ölkənin turizm potensialı ilə bağlı müxtəlif tədbirlər keçirilib.

    Avqustun 31-də festival tədbirləri başlayanadək yoqa, streçinq və taekvondo məşqləri keçirilib. Festival iştirakçıları, həmçinin İsmayıllı rayonunun Lahıc kəndinə, Qəbələ və Şamaxı rayonları ərazilərinə ekskursiyalara gediblər.

    Festival çərçivəsində Azərbaycan xalçaçılıq sənətində üzüm və şərab motivlərinə həsr olunmuş seminar keçirilib. Beynəlxalq və yerli ekspertlərin iştirakı ilə şərabçı və somalyelərin master klasları olub. Yerli şərab istehsalçıları öz müəssisələri barədə təqdimatlarla çıxış edib, məhsullarının dequstasiyasını keçiriblər.

    Milli zonada Azərbaycanın ayrı-ayrı bölgələrinə məxsus xalq sənəti növlərinə – misgərlik, xalçaçılıq, şəbəkə, dulusçuluq kimi müxtəlif sahələrə aid yaradıcılıq nümunələri, onların hazırlanması prosesi, milli mətbəx mədəniyyəti təqdim edilib.

    Bununla da ikigünlük festival başa çatıb.

  • Türkiyə hərbçilərinin növbəti qrupu Azərbaycana gəldi – FOTO/VİDEO

    “TurAz Qartalı – 2019” birgə taktiki-uçuş təlimlərində iştirak etmək üçün Türkiyə heyətinin növbəti qrupu Azərbaycana gəlib.

    Müdafiə Nazirliyindən verilən xəbərə görə, sentyabrın 2-dən 16-dək keçiriləcək təlimlərdə MiQ-29, F-16, Su-25, P-235 “Kasa” təyyarələri, Mi-35, Mi-17, “Sikorski” UH-70, CH-47 “Çinok” və ATAK/AH-1W helikopterlərindən ibarət 30-dək aviasiya vasitəsi iştirak edəcək.

  • Türkiyə prezidentinin Azərbaycana səfərinin tarixi açıqlanıb

    “Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək”.

    Median.Az report-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

    Onun sözlərinə görə, R.T.Ərdoğan bu ilin oktyabr ayında Bakıda keçiriləcək Türk Şurasının sammitində iştirak etmək üçün Azərbaycana gələcək.

    Onun sözlərinə görə, səfər çərçivəsində bir sıra məsələlər müzakirə olunacaq.

  • Prezident İlham Əliyev Malayziyanın Ali Başçısını təbrik edib

    Prezident İlham Əliyev Malayziyanın XVI Ali Başçısı Abdullah Riayatuddin əl-Mustafa Billah Şah ibni Sultan Hacı Əhməd Şah əl-Mustain Billaha təbrik məktubu göndərib.

    Təbrikdə deyilir:

    “Əlahəzrət, Malayziyanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.

    İnanıram ki, Azərbaycan ilə Malayziya arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcəkdir.

    Bu xoş gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Malayziya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.

  • İsrail dronları İraq və İrana hücum üçün Azərbaycana gətirilib? – RƏSMİ AÇIQLAMA

    İsrail dronlarının İraq və İrana hücum edilməsi məqsədilə Azərbaycana gətirilməsi ilə bağlı yayılan məlumatların heç bir əsası yoxdur.

    Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva KİV-in sualını cavablandırarkən bildirib.

    “Təəssüflə qeyd etmək istərdik ki, bəzi xarici media resurslarında İsrail dronlarının İraq və İrana hücum edilməsi məqsədilə Azərbaycana gətirilməsi ilə bağlı tamamilə əsassız məlumatlar tirajlanmağa davam edir.

    Biz bu məlumatı qətiyyətlə rədd edirik, bu məlumatların heç bir əsası yoxdur və dezinformasiya məqsədi daşıyır”, – deyə o qeyd edib.