Category: Siyasət

  • Leyla Abdullayeva: “Yalnız işğal olunmuş ərazilərin azad olunması hər iki icmanın hüquqları məsələsinin həllinə əlverişli şərait yarada bilər”

    Ermənistan xarici işlər naziri Z.Mnatsakanyan ATƏT-in Slovakiyada keçirilmiş qeyri-formal Nazirlər görüşündə çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsinin insanlara aid olduğunu və orada yaşayanların insan hüquqlarının müdafiə olunması məsələsini qeyd edib.

    Bununla bağlı Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva Trend-ə açıqlama verib.

    L.Abdullayeva bildirib ki, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində insan hüquqlarından bəhs edən Ermənistan naziri əgər ATƏT məkanında insan hüquqları və demokratik dəyərlərin qorunması ilə bağlı söylədiklərinə həqiqətən inanırsa və bu xüsusda real işlər görmək istəyirsə, o zaman hələ də Ermənistanın silahlı qüvvələrinin hərbi işğalı altında saxlanılan Dağlıq Qarabağ və yeddi ətraf rayonumuzda etnik təmizləməyə məruz qalaraq əzəli torpaqlarından, mülklərindən didərgin salınmış yüz minlərlə azərbaycanlı məcburi köçkünün fundamental insan hüquqlarının kobudcasına pozulması məsələsini gündəmə gətirməlidir:

    “İnsan hüquqları universal xarakter daşıyır, bölünməzdir və bu məsələdə hər hansı şəkildə ayrı-seçkiliyə yol verilməməlidir. Dağlıq Qarabağın erməni icmasının insan hüquqları məsələsini qaldıran erməni naziri, bu bölgənin azərbaycanlı icmasının öz evlərində yaşamaq hüququnun kobudcasına pozulduğunu niyə dilə gətirmir? Əlbəttə, bu sualın cavabı bizə və bütün beynəlxalq ictimaiyyətə bəllidir. Bir qrup insanın hüquqi digər bir qrupun hüquqlarının pozulması hesabına təmin oluna bilməz.

    Yalnız Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunması və azərbaycanlı məcburi köçkünlərin öz evlərinə geri qayıtması, münaqişənin həlli ilə əlaqədar bir sıra substantiv məsələlərin, eləcə də Dağlıq Qarabağın hər iki, azərbaycanlı və erməni icmasının sülh şəraitində birgə yaşayışı və hüquqları məsələsinin həllinə əlverişli şərait yarada bilər”.

  • Almaniyada Azərbaycan Mədəniyyət Mərkəzi yaradılıb – SƏRƏNCAM

    Prezident İlham Əliyev Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyinin tabeliyində Mədəniyyət Mərkəzinin yaradılması haqqında sərəncam imzalayıb.

    Median.Az xəbər verir ki, Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyinin tabeliyində Mədəniyyət Mərkəzi yaradılıb.

    Nazirlər Kabineti bu Sərəncamın 1-ci hissəsi ilə yaradılan Mədəniyyət Mərkəzinin fəaliyyətinin təmin edilməsi ilə bağlı zəruri tədbirləri həyata keçirməlidir.

  • XİN-dən Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı – AÇIQLAMA

    Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Dilqəm Əsgərov və Şahbaz Quliyevin Ermənistan tərəfindən girov götürülməsinin beşinçi ildönümü ilə bağlı açıqlama yayıb.

    Açıqlamada deyilir:

    “Bu gün azərbaycanlı mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevin Ermənistan tərəfindən girovluqda saxlanılmasının beş ili tamam olur.

    D.Əsgərov və Ş.Quliyev ölkəmizin Ermənistan tərəfindən işğal edilmiş Kəlbəcər rayonunda valideynlərinin məzarlarını ziyarət edərkən Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülüb, onların yanında olan Həsən Həsənov isə qətlə yetirilib. Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış oyuncaq separatçı rejim tərəfindən uydurma iddialar əsasında mülki şəxslərimiz üzərində qurma “məhkəmə” təşkil edilərək, D.Əsgərov “ömürlük”, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

    Bu iki azərbaycanlı mülki şəxsin Ermənistan girovluğunda keçən hər bir günü işgəncə altında keçən növbəti bir gündür. D.Əsgərov və Ş.Quliyevin girov götürülməsindən əvvəlki və sonrakı görüntüləri onların girovluqda saxlandıqları müddətdə qeyri-insani rəftara, fiziki və mənəvi işgəncələrə məruz qaldığını açıq şəkildə sübut edir.

    Ermənistan tərəfindən qeyri-insani davranış nümayiş etdirilərək beş il ərzində ağır şərtlər altında D.Əsgərov və Ş.Quliyevin girovluqda saxlanılması və digər bu xüsusda olan əməlləri münaqişənin danışıqlar yolu ilə həllinə ciddi zərbə vurur və gərginliyin daha da artmasına xidmət edir.

    Əgər Ermənistan tərəfi dəfələrlə bəyan etdiyi kimi, “münaqişənin yalnız sülh yolu ilə həlli üçün müvafiq şəraitin yaradılmasına” nail olmaq istəyirsə, o zaman qanunsuz şəkildə girovluqda saxladığı Azərbaycanın mülki şəxslərinin azad olunması istiqamətində addımlar atmalıdır.

    Girovluqda olan soydaşlarımızın tezliklə azad edilməsi və ailə üzvlərinə qovuşması üçün ali humanizm prisiplərini rəhbər tutaraq bütün beynəlxalq ictimaiyyəti, xüsusilə ATƏT-in Minsk qrupunun həmsədr ölkələrini, aidiyyəti beynəlxalq təşkilatları və qeyri-hökumət təşkilatlarını Ermənistana ciddi təsir və təzyiq göstərməyə çağırırıq.

    Azərbaycan D.Əsgərov və Ş.Quliyevin azad edilməsi məsələsini hər zaman diqqət mərkəzində saxlaylır və mülki şəxslərimizin azad olunması üçün zəruri tədbirlər bundan sonra da davam etdiriləcək”.

  • Bakıda tarixi görüş — FOTO

    Bakı tarixi görüşə ev sahibliyi edib.

    Median.Az bildirir ki, bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri Ayaz Mirzəyev məlumat yayıb.

    Heydər Əliyev Mərkəzində Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov ilə NATO-nun Avropada Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı Tod Uoltersin başçılıq etdikləri nümayəndə heyətləri arasında danışıqlar baş tutub.
    Bu danışıqlardan əvvəl isə hər iki nümayəndə heyəti Azərbaycan Respublikasının Prezidentinin qəbulunda olub.

    Bu görüşün məhz Bakıda baş tutması qitələri birləşdirən Azərbaycanın geostrateji önəmini və artıq beynəlxalq dialoq məkanına çevrildiyini göstərir.

  • Prezident tanınmış rejissoru təltif etdi

    Prezident İlham Əliyev Mərahim Fərzəli oğlu Fərzəlibəyovun “Şöhrət” ordeni ilə təltif edilməsi ilə bağlı sərəncam imzalayıb.

    AZƏRTAC-ın xəbərinə görə, tanınmış rejissor Azərbaycan teatr sənətinin inkişafında xidmətlərinə görə təltif edilib.

    Qeyd edək ki, M.Fərzəlibəyov 26 iyun 1949-cu ildə Bakıda anadan olub. 56 saylı orta məktəbi bitirib. Səhnəyə orta məktəbdən maraq göstərib, əsasən rejissor sənətinə maraq göstərib. Leninqradda (indiki Sankt-Peterburq şəhəri) Dövlət Teatr, Musiqi Kinematoqrafıya İnstitutunun rejissorluq fakültəsinə daxil olub. İxtisas müəllimi dünya şöhrətli rejissor, SSRİ xalq artisti, professor Georgi Tovstonoqovdan beş il (1970-1975) seçdiyi ixtisasın incəliklərini öyrənib.

    İnstitutda təhsilini başa vurandan sonra təyinatı Çeçenistan Muxtar Respublikasının paytaxtı Qroznı şəhərindəki Mixail Lermontov adına Dövlət Rus Dram Teatrına verilib. iki il bu teatrda quruluşçu rejissor işləyib (16 noyabr 1975 – 18 avqust 1977).

    Sonra Sumqayıt Dövlət Dram Teatrında baş rejissor (1 noyabr 1977 – 9 mart 1981) işləyib. Azərbaycan Mədəniyyət Nazirliyinin əmri ilə Akademik Milli Dram Teatrına rejissor təyin olunub (9 mart 1981). Burada əsasən çağdaş Azərbaycan dramaturqlarının, həmçinin dünya klassiklərinin əsərlərinə müxtəlif janrlarda səhnə quruluşları verib.

    Teatr sənətinin inkişafında göstərdiyi xidmətlərə, rejissorluqda qazandığı nailiyyətlərə görə 1 dekabr 1982-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 28 oktyabr 2000-ci ildə isə Xalq artisti fəxri adları ilə təltif olunub.

    12 yanvar 2006-cı ildə Mədəniyyət Nazirliyinin əmri ilə Akademik Milli Dram Teatrına baş rejissor təyin olunub. 12 may 2010-cu ildə öz xahişi ilə teatrın baş rejissoru vəzifəsindən azad edilib.

  • Prezident büdcənin gəlir və xərclərini təsdiqlədi

    Prezident İlham Əliyev “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə fərman imzalayıb.

    Qanunla funksional təsnifatın bölmə və köməkçi bölmələri səviyyəsində istifadə olunan vəsaitin inzibati təsnifata uyğun olaraq dövlət büdcəsindən maliyyələşən, maliyyə yardımı alan təşkilatlar və tədbirlər üzrə icrasının məbləğləri təsdiq edilir.

    Azərbaycanın 2018-ci il dövlət büdcəsinin icrası gəlirlər 22 508 869,7 min manat, xərclər isə 22 731 644,5 min manat məbləğində olmaqla təsdiq edilir.

  • İlham Əliyev NATO generalını qəbul etdi

    Azərbaycan Prezidenti İlham Əliyev iyulun 10-da NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanı ilə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi – Rusiya Müdafiə nazirinin birinci müavini arasında keçirilən görüşdə iştirak etmək üçün Bakıya gələn NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanı Tod Voltersin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

    AZƏRTAC xəbər verir ki, söhbət zamanı Bakıda beynəlxalq əhəmiyyətli mühüm görüşlərin keçirilməsindən məmnunluq ifadə olunub.

    Görüşdə Azərbaycan ilə NATO arasında əməkdaşlıq, ölkəmizin Əfqanıstanda “Qətiyyətli dəstək” missiyasına töhfəsi məsələləri müzakirə edilib.

  • İlham Əliyev: İqtisadiyyatı şaxələndirmək üçün əlimizdən gələni etməyə çalışırıq

    İqtisadiyyatı şaxələndirmək üçün əlimizdən gələni etməyə çalışırıq.

    AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Fransa Sahibkarlar Təşkilatına – MEDEF-ə üzv olan şirkətlərin nümayəndələri ilə görüşdə deyib.

    Dövlət başçısı qeyd edib ki, Azərbaycanın iqtisadi inkişafı sürətlə gedir:

    “Hazırda biz əsasən iqtisadiyyatımızın şaxələndirilməsi üzərində işləyirik. Çünki, bu, əsas prioritetdir. Bu gün neft-qaz sektorundan asılılığın azaldılması bizim əsas vəzifəmizdir. Biz iqtisadiyyatımızın şaxələndirilməsi üçün əlimizdən gələni etməyə çalışırıq. Bu, asan deyil, lakin düşünürəm ki, biz yaxşı irəliləyişə nail olmuşuq”.

    Prezident İlham Əliyev bu ilin iqtisadi göstəricilərinə nəzər salaraq bildirib ki, qeyri-enerji sektoru 3 faizdən çox artıb və kənd təsərrüfatında bu il rekord həcmdə, təxminən 13 faiz artım olub. Qeyri-enerji sənayesində isə artım təxminən 15 faiz təşkil edir.

    “Bu, onu göstərir ki, şaxələndirmə yaxşı nəticələr verir”, – deyən dövlətimizin başçısı əmin olduğunu bildirib ki, yerli və xarici şirkətlərin fəal iştirakı ilə Azərbaycan öz məqsədlərinə çatacaq.

  • Mehriban Əliyeva MEDEF Biznes Şurasının prezidenti ilə görüşüb – YENİLƏNİB + FOTO

    Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva iyulun 10-da Fransa Sahibkarlar Təşkilatı-MEDEF Biznes Şurasının prezidenti Jofrua Ru de Beziö ilə görüşüb.

    AZƏRTAC xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Fransa Sahibkarlar Təşkilatı-MEDEF Biznes Şurasının prezidenti Jofrua Ru de Beziönü Azərbaycanda görməkdən şad olduğunu bildirib.

    Mehriban Əliyeva Azərbaycan ilə Fransa arasında uğurlu əməkdaşlığın qurulduğunu qeyd edib, bu əməkdaşlığın bir çox sahələri əhatə etdiyini diqqətə çatdırıb. Birinci vitse-prezident siyasi, iqtisadi, humanitar əlaqələrin əhəmiyyətindən danışaraq, bu münasibətlərin iki ölkə arasında əməkdaşlığın daha da inkişafına xidmət etdiyini bildirib.

    Birinci vitse-prezident enerji sahəsindəki əməkdaşlığın uğurla davam etdirildiyini deyib, Fransa şirkətlərinin Azərbaycanda qeyri-neft sektorunda fəaliyyətlərinin genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb.

    MEDEF-in Biznes Şurasının prezidenti Jofrua Ru de Beziö Fransa müəssisələrinin 170-ə yaxın nümayəndəsinin ölkəmizə səfər etdiyini bildirib, Azərbaycanda keçirdikləri görüşləri yüksək dəyərləndirib, ölkələrimiz arasında mövcud əməkdaşlığın yüksək səviyyədə olduğunu deyib.

    Enerji sektorunda əldə edilən nailiyyətlərdən danışan qonaq Fransa şirkətlərinin qeyri-neft sahəsində – informasiya texnologiyaları, innovasiyalar, kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi, turizm kimi istiqamətlərdə əlaqələrin qurulmasında maraqlı olduqlarını diqqətə çatdırıb.

    Jofrua Ru de Beziö Fransa şirkətlərinin Azərbaycanda daha da fəal çalışmaları üçün ölkəmizdə bütün şəraitin mövcud olduğunu diqqətə çatdırıb.

    Görüşdə bu ilin martında Mehriban Əliyevanın Fransaya səfərinin ikitərəfli əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb.

    * * * * *

    Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva iyulun 10-da Fransa Sahibkarlar Təşkilatı-MEDEF Biznes Şurasının prezidenti Jofrua Ru de Beziö ilə görüşüb.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.



  • Polşa Azərbaycana yeni səfir göndərir

    Polşa Respublikasının Prezidenti Andjey Duda Azərbaycana yeni səfir təyin edib.

    AZƏRTAC xəbər verir ki, Rafal Poborski Polşanın Azərbaycandakı səfiri təyin olunub. O, bu vəzifədə Marek Tsalkanı əvəz edəcək.

    Rafal Poborski 1976-cı ildə doğulub. Varşava Universitetinin şərqşünaslıq fakültəsini bitirən diplomat 2005-2006-cı illərdə Polşa XİN-in Avropa departamentində attaşe, 2006-2016-cı illərdə isə Şərq Siyasəti Departamentində çalışıb. O, 2016-cı ildə “EXPO-2012” Beynəlxalq Sərgi Təşkilatının diplomatik dəstək üzrə işçi qrupunun üzvü olub.