Category: Siyasət

  • Leyla Abdullayeva: “Belə olduğu halda, Ermənistan rəhbərinin sülh və münaqişənin həlli ilə bağlı dediklərinə necə inanmaq olar?!”

    Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini pozaraq, Qazax rayonunun II Şıxlı kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsinin mövqelərini iri çaplı silahlardan atəşə tutmuş və hadisə zamanı Dövlət Sərhəd Xidmətinin əsgəri Ceyhun Bayramov yaralanıb. Xüsusilə vurğulamaq istərdik ki, bu hadisə Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində deyil, məhz Ermənistan-Azərbaycan sərhədində baş verib.

    Median.Az bildirir ki, bunu Trend-ə XİN-in Mətbuat Xidməti idarəsinin rəhbəri Leyla Abdullayeva bildirib.

    L.Abdullayevanın sözlərinə görə, Ermənistanın Baş naziri dünən müsahibəsində münaqişənin həlli üzrə aparılan danışıqların konkret nəticə verməsi üçün erməni və azərbaycanlı xalqların maraqlarına cavab verən həllin əldə olunmasının vacibliyindən bəhs edib:

    “Bu bəyanatın verilməsindən bir neçə saat sonra Ermənistan-Azərbaycan sərhədində sözügedən insident baş vermişdir. Belə olduğu halda, Ermənistan rəhbərinin sülh və münaqişənin həlli ilə bağlı dediklərinə necə inanmaq olar?! Baş vermiş bu hadisə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin xalqların sülhə hazırlanması ilə bağlı məlum çağırışına tam şəkildə ziddir.

    Ermənistan rəhbərliyi sonunda anlamalıdır ki, həm erməni, həm də azərbaycanlı xalqlarının marağında olan əsas məsələ bölgədə davamlı sülh və rifahın təmin olunmasıdır. Buna nail olmağın yeganə yolu isə hərbi işğal faktorunun aradan qaldırılması, Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunması və bu ərazilərdən didərgin salınmış məcburi köçkünlərin öz evlərinə geri qayıtmasının təmin olunmasıdır. Yalnız bundan sonra bölgədə hər iki xalqın marağına cavab verən dayanıqlı sülh, inkişaf və tərəqqi təmin olunacaqdır”.

  • İlham Əliyev Aİ Şurası və Avropa Komissiyasının yeni prezidentlərini təbrik edib

    Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının yeni seçilmiş Prezidenti Şarl Mişelə təbrik məktubu ünvanlayıb.

    AZƏRTAC-ın məlumatına əsasən, təbrikdə deyilir:

    “Hörmətli cənab Mişel, Avropa İttifaqı Şurasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

    Ümidvaram ki, Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin daha da genişlənməsi, əməkdaşlığımızın hərtərəfli inkişafı və dərinləşməsi istiqamətində birgə səylər göstərəcəyik.

    Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qarşıdakı məsul fəaliyyətinizdə uğurlar diləyirəm”.

    Dövlət başçısı Avropa Komissiyasının yeni seçilmiş Prezidenti Ursula Fon der Lyayeni də təbrik edib.

    Məktubda bildirilir: “Hörmətli xanım Fon der Lyayen, Avropa Komissiyasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

    İnanıram ki, Azərbaycan ilə Avropa İttifaqı arasındakı əməkdaşlıq qarşılıqlı maraqlarımıza uyğun olaraq bundan sonra da müvəffəqiyyətlə inkişaf edəcəkdir.

    Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qarşıdakı məsul işinizdə uğurlar diləyirəm”.

  • “Biz mehriban qonşu olmuşuq və belə də qalacağıq” — Gürcü politoloq

    “Keşikçidağ qədim monastr kompleksi ətrafında baş verən vəziyyət elə də sadə deyil. Bu hər iki tərəf üçün kifayət qədər həyəcanlı məsələdir. Bu səbəbdən, rəsmi nümayəndələr arasında danışıqlar və müzakirələr davam edəcək”.
    Median.Az
    xəbər verir ki, bunu Media.Az-a gürcü politoloq, beynəlxalq məsələlər üzrə tanınmış ekspert Arçil Sixarulidze deyib.

    Onun sözlərinə əsasən, artıq tərəflər hamının bu əraziyə heç bir maneə olmadan səfər etmək imkanına sahib olması barədə razılığa gəliblər.
    “Sonuncu məsələ göstərir ki, Bakı da, Tbilisi də dövlətlər arası münasibətlərin vacibliyini anlayır. Biz Cənubi Qafqazda strateji partnyoruq və münasibətlərin korlanması heç kəsə sərf etmir. Xalqlar arasındakı münasibətlərə gəldikdə isə, münasibətlərin pisləşməsi gözlənilmir. Biz əvvəllər də xoş qonşuluq münasibətlərində olmuşuq, gələcəkdə də belə olacayıq”, – deyə gürcü politoloq əminliklə deyib.

    Qeyd edək ki, son dövrlər Azərbaycan və Gürcüstanın delimitasiya edilməmiş sərhəd ərazisində yerləşən Keşikçidağ məbəd kompleksi insidentlərə səbəb olub. Bu il isə sərhədlərin delimitasiyası məsələsi ilk dəfə Gürcüstan prezidenti Salome Zurabişvilinin fevral ayında Azərbaycana səfəri zamanı qaldırılıb. 2019-cu ilin may ayında Bakıda Azərbaycanın XİN rəhbərinin müavini Xələf Xələfovun gürcü həmkarı Laşa Darsaliya ilə görüşü keçirilib. Tərəflər iki ölkə arasında sərhədlərin delimitasiyası barədə fikir mübadiləsi aparıblar. Prosesin qısa müddət ərzində başa çatmasına dair razılıq əldə edilib.

  • Gürcüstandan “Keşikçidağ” qadağası – Hərbçilərə əmr verildi

    “Keşikçidağ” monastır kompleksinə giriş iyulun 15-dən Gürcüstan tərəfdən məhdudlaşdırılıb.

    Turistlərdən ibarət qrupları Azərbaycan-Gürcüstan sərhədindəki “Keşikçidağ” kompleksinə aparan bələdçilər məbədin bəzi obyektlərinə girişlə bağlı problemin yarandığını bildiriblər.

    Bələdçilərdən biri İrakli Marukşavili deyib ki, turistlər iyulun 15-də Voskreseniya məbədinə və Çiçxituri qülləsinə qalxa bilməyiblər:
    “Həmişəki kimi, yamacı keçmək istəsək də, təəssüf ki, indi buna icazə verilmir. İlk metal çəpərin başlandığı yerədək qalxmaq olur. Gürcüstanlı hərbçilər orada dayanıblar. Onlar bizə dedilər ki, uzaq məsafəyə buraxa bilməzlər. Onlara belə əmr verilib”.

    Bələdçi Rusudan Caparidze isə deyib ki, bu gün keçirilmiş yığıncaqda Bələdçilər Assosiasiyasının üzvləri və turizm şirkətlərinin əməkdaşları eskalasiyadan qaçmaq üçün məbəd kompleksinə səfərləri dayandırmaq barədə razılığa gəliblər:

    “Biz vəziyyətin gərginləşməsində maraqlı deyilik, problem diplomatik yolla həll edilməlidir”.

    Xatırladaq ki, iyulun 14-də Gürcüstandan olan bir qrup şəxs Azərbaycan istiqamətində dövlət sərhədini pozaraq, ölkə ərazisində yerləşən “Keşikçidağ” mağaralar kompleksi yaxınlığında xidmət aparan sərhəd naryadına hücum edib və onları nalayiq ifadələrlə təhqir edib.

  • XİN Polşa MOK-un vitse-prezidentini “qara siyahı”dan çıxardı

    Polşa vətəndaşı, hazırda həmin ölkənin Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Tomaş Paremba arzuolunmaz şəxslərin siyahısından çıxarılıb.

    Bun barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, T.Paremba Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının siyahısı”ndan çıxarılmasını xahiş edib.

    MOK-un vitse-prezidenti məktubunda Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyi, eləcə də ölkəmizin qanunlarına hörmət etdiyini bəyan edib və işğal edilmiş ərazilərə sözügedən səfəri ilə heç bir halda ölkəmizin ərazi bütövlüyü və suverenliyini şübhə altına almaq niyyətində olmadığını bildirib.

    Onun müraciəti müvafiq qaydada nəzərdən keçirilib və adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib.

  • Gürcüstan XİN-dən “Keşikçidağ”dakı insidentə – REAKSİYA

    Gürcüstanın Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanla sərhəddə yerləşən “Keşikçidağ” Məbəd-Kompleksində baş verən insidentdən təəssüfləndiyini bəyan edib.

    XİN-in məlumatında qeyd olunur ki, müvafiq qurumların təxirəsalınmaz reaksiyasından sonra insident tezliklə aradan qaldırılıb və faktla bağlı araşdırmalara başlanıb:

    “Bu cür insidentlər Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinə uyğun deyil.

    Buna görə də hesab edirik ki, ekspert qrupları və delimitasiya üzrə komissiyanın iclasları vaxtında davam etdirilməlidir. Gürcüstan tərəfi bu görüşlərə tam hazırlığını ifadə edir”.

    XİN ictimaiyyəti təxribatlardan çəkinməyə çağırıb.

  • Prezidentdən Rasim Əliyevlə bağlı SƏRƏNCAM

    Prezident İlham Əliyev Rasim Əliyevin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb

    Azərbaycanda memarlıq sənətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Rasim Həsən oğlu Əliyev “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsin.

  • Bakı Baş Gömrük İdarəsində YENİ XİDMƏT

    Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) “Kiçik və Orta Biznesin Dostu” – “KOB Dostu” fəaliyyətə başlayıb.

    KOBİA-dan BAKU.WS-ə verilən məlumata görə, iyulun 12-də Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Bakı Baş Gömrük İdarəsinin inzibati binasında “KOB Dostu”nun iş prosesi ilə tanış olub, KOB-ların idxal-ixrac əməliyyatları ilə bağlı fikir mübadiləsi aparıblar.

    Qeyd olunub ki, gömrük xidmətlərindən istifadə edən mikro, kiçik və orta sahibkarlar Bakı Baş Gömrük İdarəsində fəaliyyət göstərən “KOB Dostu”na müraciət etməklə idxal-ixrac əməliyyatları, gömrük rəsmiləşdirilməsi və prosedurları, o cümlədən investisiya və ixrac təşviqindən istifadə zamanı gömrük güzətləri ilə bağlı informasiya, məsləhət, hüquqi yardım, əlaqələndirmə kimi xidmətlərdən istifadə edə biləcəklər. “KOB Dostu”nun Bakı Baş Gömrük İdarəsində fəaliyyəti həmçinin, KOB-ların müvafiq sahə ilə bağlı müraciətlərinin KOBİA-nın və Dövlət Gömrük Komitəsinin iştirakı ilə dövlət-özəl əməkdaşlığı çərçivəsində operativ həll olunmasına imkan verəcək. “KOB Dostu” ilə birgə burada “KOB könüllüləri” də fəaliyyət göstərəcək.

    Məlumat üçün bildirək ki, “KOB Dostu” mexanizmi KOBİA-nın mikro, kiçik və orta sahibkarlara mühüm dəstək mexanizmlərindəndir. Artıq ölkənin 14 şəhər və rayonunda KOB dostları fəaliyyət göstərir. KOB dostları mikro, kiçik və orta sahibkarlara mövcud dövlət dəstəyi mexanizmləri, eləcə də Agentliyin müxtəlif xidmətləri vasitəsilə dəstək göstərirlər.

  • Prezident İlham Əliyev monteneqrolu həmkarını təbrik edib

    Prezident İlham Əliyev Monteneqronun Prezidenti Milo Cukanoviçə təbrik məktubu göndərib.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:

    “Hörmətli cənab Prezident, Monteneqronun milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

    Ümidvaram ki, Azərbaycan ilə Monteneqro arasındakı dostluq və əməkdaşlıq münasibətləri ardıcıl şəkildə inkişaf edərək xalqlarımızın rifahına bundan sonra da töhfələr verəcəkdir.

    Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza daim əmin-amanlıq və firavanlıq arzulayıram”.

  • Mehriban Əliyevadan Yalçın Rzazadə ilə bağlı – TAPŞIRIQ

    Heydər Əliyev Fondu Xalq artisti Yalçın Rzazadənin səhhəti bağlı məsələni nəzarətə götürüb. Bununla bağlı Fondun Prezidenti, Birinci vitse-prezident Mehriban Əliyeva xüsusi tapşırıq verib.

    Median.Az xəbər verir ki, səhhətində son zamanlar yaranmış narahatlıqlarla əlaqədar müğənni Heydər Əliyev Fondunun dəstəyi ilə tam müayinə və müalicə kursu keçəcək.

    Qeyd edək ki, bu gün Y.Rzazadənin Mərkəzi Dənizçilər Xəstəxanasına yerləşdirilməsi ilə bağlı xəbər yayılmışdı. Müğənninin oğlu Yusif Rzazadə atasının üç gündür səhhətinin yaxşı olmadığını, qanında zəhərlənmə aşkarlandığını və ürəyində problemlər olduğunu bildirmişdi.

    Günorta saatlarında Y.Rzazadə xəstəxanadan evə buraxılmışdı.