Category: Siyasət

  • İlham Əliyev idmançılara pul mükafatı verdi

    Prezident İlham Əliyev İtaliyanın Neapol şəhərində keçirilən Tələbələrin XXX Ümumdünya Yay Universiadasında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçilərinin mükafatlandırılması barədə sərəncam imzalayıb.

    Müvafiq sənədi AZƏRTAC dərc edib.

    Sərəncama əsasən, birinci yeri tutan hər bir idmançı 50 min manat, onun şəxsi məşqçisi 25 min manat, ikinci yeri tutan hər bir idmançı 30 min manat, onun şəxsi məşqçisi 15 min manat, üçüncü yeri tutan hər bir idmançı 20 min manat, onun şəxsi məşqçisi 10 min manat, komandanın baş məşqçisi idman növü üzrə ən yüksək nəticə göstərmiş idmançıya görə şəxsi məşqçinin aldığı məbləğ qədər (bir dəfə) mükafatlanacaq.

  • İlham Əliyev Avropa Olimpiya Komitələrinin prezidentini qəbul etdi – FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 20-də Avropa Olimpiya Komitələrinin prezidenti Yanes Kosyançiçi qəbul edib.

    AZƏRTAC xəbər verir ki, Avropa Olimpiya Komitələrinin prezidenti Yanes Kosyançiç Azərbaycana səfərindən böyük məmnunluq hissi keçirdiyini bildirib.

    Yanes Kosyançiç XV Avropa Gənclər Yay Olimpiya Festivalının yüksək səviyyədə təşkil olunduğunu qeyd edərək bu tədbirin böyük önəm daşıdığını və gələcək Olimpiya medallarının qazanılması üçün çox yaxşı hazırlıq prosesi olduğunu deyib. Yanes Kosyançiç Azərbaycanın beynəlxalq idman aləmində güclü mövqelərə malik olduğunu deyərək bu işlərdə Prezident İlham Əliyevin rolunu xüsusi vurğulayıb.

    Xoş sözlərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev Bakıda XV Avropa Gənclər Yay Olimpiya Festivalının keçirilməsi ilə bağlı hazırlıq işlərinin tamamlandığını qeyd edib və bu tədbirin önəmini vurğulayıb. Dövlət başçısı idmanın Azərbaycanda prioritet sahələrdən biri olduğunu bildirərək idmançılarımızın beynəlxalq yarışlarda böyük nailiyyətlər qazandığını və Azərbaycanda mühüm beynəlxalq idman tədbirlərinin uğurla keçirildiyini qeyd edib.

    Sonra Avropa Olimpiya Komitələrinin prezidenti Yanes Kosyançiç dövlət başçısına xatirə hədiyyəsi təqdim edib.

  • Polad Bülbüloğlu Tanzaniyanın Rusiyadakı yeni səfiri ilə görüşüb

    Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Tanzaniya Birləşmiş Respublikasının Rusiya Federasiyasına yeni təyin olunmuş Səfiri Simon Mumvinlə görüşüb. Səfirlikdən APA-nın Moskva müxbirinə verilən məlumata görə, görüş zamanı Azərbaycan ilə Tanzaniya arasında ikitərəfli münasibətlərin səviyyəsi və onun inkişaf etdirilməsi perspektivləri müzakirə olunub .

    Səfir P.Bülbüloğlu 7 fevral 2019-cu il tarixində iki ölkə arasında imzalanmış diplomatik əlaqələrin qurulması haqqında Birgə Kommünikenin Azərbaycan ilə Tanzaniya arasında müqavilə-hüquq bazasının genişləndirilməsinə təkan verəcəyinə əminliyini ifadə edib.

    Həmçinin görüş zamanı ölkələrimizin üzv olduğu beynəlxalq və regional təşkilatlar çərçivəsində əlaqələndirmənin gücləndirilməsi, qarşılıqlı yüksək səviyyəli səfərlərin təşkil edilməsi, iqtisadi-ticari əməkdaşlığın perspektivlərinin nəzərdən keçirilməsi kimi mövzular müzakirə olunub.

    P.Bülbüloğlu Azərbaycanın yerləşdiyi regionda cərəyan edən proseslər, ölkəmizin üzləşdiyi təhdidlər barədə həmsöhbətinə ətraflı məlumat verərək, Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri qarşı tərəfin diqqətinə çatdırıb.

    Görüş əsnasında qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

  • Leyla Abdullayeva: Ölkəmizin hazırda Ermənistan silahlı qüvvələrinin hərbi işğalı altında olan Dağlıq Qarabağ bölgəsi dünyanın heç bir suveren dövləti tərəfindən tanınmır

    Ölkəmizin hazırda Ermənistan silahlı qüvvələrinin hərbi işğalı altında olan Dağlıq Qarabağ bölgəsi dünyanın heç bir suveren dövləti tərəfindən tanınmır.

    Median.Az bildirir ki, bunu Azərbaycan XİN mətbuat katibi Leyla Abdullayeva deyib.

    L.Abdullayeva qeyd edib: “Hər şeydən öncə onu qeyd etmək istərdim ki, ölkəmizin hazırda Ermənistan silahlı qüvvələrinin hərbi işğalı altında olan Dağlıq Qarabağ bölgəsi və burada yaradılmış qondarma separatçı rejim dünyanın heç bir suveren dövləti, hətta işğalçı Ermənistan tərəfindən belə tanınmır.

    O ki, qaldı Avstraliyanın rəsmi mövqeyinə vurğulamaq istərdim ki, Avstraliya Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü birmənalı şəkildə tanıyır və bu barədə ölkə rəsmiləri dəfələrlə bəyanatlarında, eləcə də Azərbaycana ünvanlanmış rəsmi məktub və notalarında qeyd ediblər. Avstraliyanın sabiq Xarici İşlər naziri 2015-ci ildə Avstraliyanın Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstklədiyini və Dağlıq Qarabağın işğalına son verilməsinin tərəfdarı olduğunu bəyan etmişdir. 2017-ci ildə Avstraliyanın Beynəlxalq İnkişaf və Sakit okean üzrə naziri ölkəmizə səfəri çərçivəsində Avstraliyanın məlum mövqeyini birmənalı şəkildə ifadə etmişdir. Ən son bu yaxınlarda, cari ilin 29 may tarixində Avstraliya İttifaqının General-Qubernatoru Piter Kosqovun Azərbaycan Respublikasının Prezidentinə ünvanladığı məktubunda ölkənin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə münasibətdə nümayiş etdirdiyi qəti dəstək mövqeyi öz əksini tapmışdır.

    Avstraliyanın Yeni Cənubi Uels ştatının erməni əsilli baş nazirinin söylədiklərinə gəldikdə isə, onun fikirlərinin Avstraliya Federal Hökumətinin rəyini əks etdirmədiyini vurğulamaq və ümumiyyətlə, federal hökumətin xarici siyasətinin formlaşdırılmasında ştat rəsmilərinin nə dərəcədə iştirak etdiklərini sual altına almaq istərdim. Yeni Cənubi Uelsin baş nazirinin Ermənistanda etdiyi bəyanatlar açıq şəkildə federal hökumətin rəsmi mövqeyi ilə ziddiyyət təşkil edir və fikrimizcə, bu xüsusda ştat rəsmisinə təmsil etdiyi dövlətin xarici siyasət kursuna uyğun davranması ilə bağlı xəbərdarlıq edilməlidir.

    Xatırlatmaq istərdim ki, erməni əsilli ştat rəsmisi hələ 2013-cü ildə bu ölkənin nəqliyyat naziri qismində ölkəmizin işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə icazəsiz səfər etdiyi üçün Azərbaycana girişi arzu olunmayan şəxslər siyahısına daxil edilib.

    Ümumiyyətlə, Avstraliyadakı erməni lobbi qrupları son zamanlar Azərbaycanla Avstraliya arasında inkişaf etməkdə olan ikitərəfli münasibətlərdən narahatdırlar və bu münasibətlərin korlanmasına yönəlik addımlar atmağa cəhd edirlər. Lakin vurğulamaq istərdim ki, bu qrupların əsassız fəaliyyəti Azərbaycanla Avstraliya arasında inkişaf etməkdə olan münasibətlərə xələl gətirə bilməyəcək”.

  • Azərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olub

    İyulun 19-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

    Median.Az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

    Telefon söhbəti zamanı dövlət başçıları ikitərəfli münasibətləri və qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.

  • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə övladlığa götürmə ilə bağlı yeni səlahiyyətlər verilib

    Azərbaycanda övladlığa götürmə ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yeni səlahiyyətlər verilib.

    Median.Az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”sində dəyişiklik edib.

    Nazirlik övladlığagötürmə sahəsində dövlət siyasətini və dövlət tənzimləməsini həyata keçirəcək.

    Nazirliyə valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların və onları övladlığa götürməyi arzu edən şəxslərin (Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin) vahid uçotunu elektron qaydada aparmaq, övladlığagötürmənin əsaslandırılmasını və övladlığa götürülən uşağın mənafeyinə uyğunluğu haqqında rəy verilməsini təmin etmək, Azərbaycanın vətəndaşı olan uşaqları əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin övladlığa götürməsinə razılıq verilməsini təmin etmək, övladlığagötürmə sahəsində vahid nəzarəti, eləcə də əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin övladlığa götürdükləri Azərbaycan Respublikası vətəndaşı olan uşaqların həyat şəraiti ilə bağlı nəzarət tədbirlərinin həyata keçirilməsini təmin etmək övladlığagötürmənin ləğvi ilə bağlı tədbirlər görülməsini təmin etmək, Azərbaycan vətəndaşı olan uşaqların övladlığa götürülməsi ilə bağlı əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə hüquqi yardım göstərən akkreditə edilmiş orqanı müəyyənləşdirmək səlahiyyəti verilib.

    Fərmana müvafiq olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin səlahiyyətləri ləğv edilib.

  • Prezident İlham Əliyev “Yol hərəkəti haqqında” qanuna dəyişiklik etdi

    Prezident İlham Əliyev “Yol hərəkəti haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

    Median.Az AZERTAC-a istinadən xəbər verir ki, dəyişiklik qanunun 12-ci (Yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və ya qadağan edilməsi) maddəsinə edilir.

    Maddəyə edilən əlavəyə əsasən, nəqliyyat vasitələrinin hərəkəti tarix və mədəniyyət abidələrinin qorunması üçün təhlükə yaratdıqda onların hərəkəti məhdudlaşdırıla və ya qadağan edilə bilər.

    Digər əlavəyə görə, sənət abidələrinin xaricə müvəqqəti aparılması “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə uyğun olaraq həyata keçirilir.

  • Məmmədağa Şirəliyevin 110 illiyi qeyd ediləcək – SƏRƏNCAM

    Prezident İlham Əliyev akademik Məmmədağa Şirəliyevin 110 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

    Sərəncama əsasən, Azərbaycan Milli Elmlər Akademiyası Təhsil Nazirliyi ilə birlikdə akademik Məmmədağa Şirəliyevin 110 illiyinə dair tədbirlər planını hazırlayıb həyata keçirməlidir.

    Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

    Qeyd edək ki, 2019-cu ilin sentyabr ayında görkəmli dilçi alim, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Məmmədağa Şirəli oğlu Şirəliyevin anadan olmasının 110 illiyi tamam olur.

    Akademik Məmmədağa Şirəliyev mühüm elmi əhəmiyyətə malik sanballı tədqiqatları ilə Azərbaycan dilçiliyini zənginləşdirib, onun bir çox istiqamətlərinin müəyyənləşməsi və formalaşmasında təqdirəlayiq xidmətlər göstərib.

    Alimin dilçiliyin aktual problemlərinin öyrənilməsində, xüsusən Azərbaycan dialektologiyasının əsaslarının yaradılmasında və türkoloji dilçilik sahəsində ardıcıl nailiyyətlər qazanılmasında müstəsna rolu vardır.

    Azərbaycan dilinin ilk dialektoloji atlası və lüğətlərinin tərtibi Məmmədağa Şirəliyevin adı ilə bağlıdır. SSRİ Elmlər Akademiyasının Bakıda iyirmi ilə yaxın bir dövr ərzində Məmmədağa Şirəliyevin rəhbərliyi altında işıq üzü görən “Sovetskaya tyurkoloqiya” jurnalı bu səpkidə yeganə nüfuzlu nəşr olub, beynəlxalq elm məkanında dünya türkoloqlarının mötəbər tribunasına çevrilib.

    Alim respublikada və onun hüdudlarından kənarda filoloqların yeni nəslinin müasir elmi-nəzəri biliklərə dərindən yiyələnməsi üçün var qüvvəsini əsirgəməyərək uzun illər ali təhsil ocaqlarında dilçilik kursu üzrə mühazirələr oxuyub, həmçinin, yüksəkixtisaslı dilçi kadrların hazırlanması işinə böyük əmək sərf edib.

    Məmmədağa Şirəliyev, eyni zamanda, mövcud elmi potensialdan daim ölkənin və xalqın mənafelərinə uyğun səmərəli istifadə olunmasına çalışan bacarıqlı elm təşkilatçısı kimi tanınırdı.

  • İlham Əliyev səudiyyəli naziri qəbul edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 19-da Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə naziri Valid bin Mohammad Al-Samaanini qəbul edib.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

  • Qazaxıstanın Azərbaycandakı səfiri geri çağırıldı

    Qazaxıstanın Azərbaycandakı səfiri geri çağırılıb.

    Bu barədə oxu.az-a Qazaxıstanın Azərbaycandakı səfirliyindən məlumat daxil olub.

    Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayevi geri çağırıb. Onun imzaladığı sərəncamla İsabayev Qazaxıstan Prezidentinin parlamentdəki nümayəndəsi vəzifəsinə təyin olunub.

    Qeyd edək ki, Beybit İsabayev Azərbaycanda 2015-2019-cu illərdə səfir vəzifəsində çalışıb. Bundan öncə o, Qazaxıstanın Qırğızıstandakı, Pakistandakı və Türkiyədəki səfiri olub.