Category: Siyasət

  • Bəzi qurumlar ləğv edildi və yeniləri yaradıldı

    “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları”nda dəyişiklik edilib.

    Bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

    Qərara əsasən, regional ekologiya və təbii sərvətlər idarələri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olacaq.

    Belə ki, Ətraf mühitin mühafizəsi departamentinin əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidməti, Meşələrin inkişafı departamentinin və Elmi Tədqiqat Meşəçilik İnstitutunun əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti, Ətraf mühit üzrə milli monitorinq departamentinin, Milli hidrometeorologiya departamentinin, Hidrometeorologiya Elmi Tədqiqat İnstitutunun, Metrologiya və Standartlaşdırma Mərkəzinin və Ətraf Mühit üzrə Laboratoriya Mərkəzinin əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti, Bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı departamentinin, Su hövzələrinin bioloji resurslarının artırılması və mühafizəsi departamentinin, Ovçuluq Təsərrüfatlarının İdarə Edilməsi və Ovçuluq Fəaliyyətinə Dövlət Nəzarəti Xidmətinin və Elmi Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutunun əsasında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidməti yaradılıb.

    Eyni zamanda, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Geodeziya və Kartoqrafiya üzrə Dövlət Agentliyi ləğv edilib və onun funksiyaları Nazirliyin Aparatı vasitəsilə həyata keçiriləcək. Həmin Agentliyin tabeliyindəki Dövlət Aerogeodeziya Müəssisəsi və Bakı Kartoqrafiya Fabriki Nazirliyin tabeliyinə verilib.

    Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamenti ləğv edilib və onun işçilərinin say həddi daxilində Nazirliyin yerli orqanlarının işçilərinin say həddi artırılıb.

    Dövlət Ekspertiza İdarəsinin əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu Dövlət Ekoloji Ekspertiza Agentliyi yaradılıb.

  • Azərbaycanın Rusiyadakı səfirliyinin binasında yanğınla bağlı yayılan məlumatlara RƏSMİ CAVAB

    Rəsmi Bakı Azərbaycanın Rusiyadakı səfirliyinin binasında yanğınla bağlı bəzi kütləvi informasiya vasitələrində yayılan məlumatlara aydınlıq gətirib.

    Median.Az xəbər verir ki, Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Trend-ə bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.

    L. Abdullayeva deyib ki, səfirliyimizin binasında hər hansı bir yanğın hadisəsi qeydə alınmayıb.

  • Leyla Əliyeva Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılmasının 5 illiyində – FOTO

    Bu gün Beynəlxalq Muğam Mərkəzində Azərbaycan multikulturalizminin banisi ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) yaradılmasının 5 illiyinə həsr edilmiş tədbir keçirilib.

    Median.Az “Report”a istinadən xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının üzvü Leyla Əliyeva iştirak edib.

    Əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib.

    Sonra BBMM-in icraçı direktoru Rəvan Həsənov çıxış edərək deyib ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 15 may tarixli Fərmanı ilə yaradılıb. Azərbaycanın multikulturalizm modelinin siyasi banisi məhz ulu öndər Heydər Əliyevdir. Əgər ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti olmasaydı, bu gün Azərbaycanda xalqlararası dostluqdan, mədəniyyətlərarası, dinlərarası dialoqdan, din-dövlət münasibətlərindən danışmaq mümkün olmazdı. Bu gün bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və qlobal müstəvidə həyata keçirilir. Azərbaycanın multikulturalizm modeli dünyada hər kəs tərəfindən etiraf olunur. Birinci vitse-prezident Mehriban Əliyevanın, Heydər Əliyev Fondunun vitse-prezidenti, BBMM-in Himayəçilik Şurasının üzvü Leyla Əliyevanın təşəbbüsü ilə xarici ölkələrdə həyata keçirilən tədbirlər ölkəmizin multikulturalizm modelinin, Azərbaycandakı tolerantlıq mühitinin təbliğ olunmasında müstəsna rol oynayır. Mərkəzin yaradılmasında əsas məqsəd ondan ibarət idi ki, Azərbaycanın sahib olduğu multikulturalizm dəyərləri, mədəniyyətlərarası və xalqlararası dostluq təbliğ olunsun. Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan dünyada multikulturalizm ünvanlarından biri kimi tanınır. Bu, dövlətimizin başçısının siyasətidir. BBMM də bu siyasətə öz töhfəsini verir.

    Sonra BBMM-in 5 illik fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

    Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullayev ötən 5 il ərzində görülən işlərdən danışıb. Bildirib ki, multikulturalizmin mənəvi, qürurverici istiqamətini Prezident İlham Əliyev müəyyən edib. Dövlətimizin başçısı 5 il bundan əvvəl deyib ki, Azərbaycan xalqının qanındakı multikulturalizm əhval-ruhiyyəsini bütün dünya daha yaxşı bilməlidir.

    Kamal Abdullayev deyib ki, Azərbaycanda müxtəlif dini konfessiyaların, etnik qrupların nümayəndələri qardaşlıq şəraitində yaşayırlar. Azərbaycan Prezidenti İlham Əliyev sübut etdi ki, multikulturalizmin şərəfli və nikbin bir qütbü də var. BBMM yarananda dövlətimizin başçısı qarşıya vəzifə qoymuşdu ki, Azərbaycan multikulturalizmi hərəkatı bütün dünyanın nəzərinə çatdırılsın. Hesab edirəm ki, BBMM bu vəzifənin öhdəsindən gəldi. Dünyanın 20-yə yaxın universitetində Azərbaycan multikulturalizmi fənni tədris olunur, dərsliklər çap edilir. Bu fənni keçən gənclər qış və yay məktəblərində iştirak edirlər.

    Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov deyib ki, BBMM müasir dövrdə Azərbaycanın ictimai-siyasi, mədəni həyatında mühüm rol oynayır. Multikulturalizm Azərbaycanın dövlət siyasətidir. Bu siyasətin əsasında ölkənin etnik, dini, dil, mədəni müxtəlifliyinin qorunması durur. Bu siyasət ölkədəki inteqrasiya siyasətini möhkəmləndirir. Mərkəz Azərbaycanın multikulturalizm siyasətinin həyata keçirilməsində mühüm rol oynayır. Multikulturalizm siyasəti həm daxili, həm xarici siyasətdə özünü açıq büruzə verir. BBMM ölkəmizin əhalisinə Azərbaycan multikulturalizmi siyasətinin əsaslarını çatdırır. Bu istiqamətdə mərkəzin layihələrindən biri də ali məktəblərdə tədris olunan “Multikulturalizmə giriş” və “Azərbaycan multikulturalizmi” fənləridir. Bu layihə 2015-ci ildən həyata keçirilir. Bu fənn seçmə fənn idi. Ötən 4 il ərzində onun əhəmiyyəti özünü büruzə verdi və qərara alındı ki, bu fənn məcburi fənn kimi tədris olunsun. Bu fənn gənclərdə Azərbaycanın multikulturalizm siyasəti, ölkəmizdə etnik-mədəni müxtəlifliyin qorunması istiqamətində aparılan işlər haqqında bilikləri artırır.

    Təhsil nazirinin müavini Firudin Qurbanov deyib ki, Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti var. Bu mədəniyyət qorunub saxlanılır və nəsildən-nəslə ötürülür. Azərbaycan xalqı digər mədəniyyətlərə, dinlərə hörmətlə yanaşıb. Bu, bizim qanımızdadır. Ölkəmizdə bu gün bir çox mədəniyyət nümunələri qorunub saxlanılır və onlara hörmətlə yanaşılır. Bu, Azərbaycan xalqının böyüklüyünü göstərir. Əcdadlarımız bu ənənəni qoruyub saxlayırlar.

    Nazir müavini qeyd edib ki, Azərbaycanda multikulturalizm siyasəti dövlət siyasəti səviyyəsinə qaldırılıb. BBMM-in 8 ölkədə filialı fəaliyyət göstərir. Ölkəmizdə multikulturalizm fənninə böyük diqqət göstərilir. “Multikulturalizmə giriş” fənni bakalavr, “Azərbaycan multikulturalizmi” fənni isə magistr pilləsində bu ilin sentyabrından əsas fənn kimi tədris olunacaq.

    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib ki, Dövlət Komitəsi ötən 5 ildə BBMM-lə yaxından əməkdaşlıq edib. Multikulturalizm Azərbaycan xalqının yüzilliklər ərzində yığdığı böyük mənəvi sərmayədir. Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində BBMM Azərbaycan həqiqətlərini, ölkəmizin imicinin daha da yaxşılaşdırılması baxımından önəmli bazaya çevrilib. Dövlətimizin başçısının uzaqgörən siyasəti nəticəsində mənəvi sərmayə cəmiyyətimizin, dövlətimizin milli təhlükəsizliyi baxımından da önəmli amilə çevrilib. BBMM-in fəaliyyəti, həmçinin Azərbaycan xalqının mənəvi zənginliyinin, Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasına kömək edir.

    BBMM-in Himayəçilik Şurasının üzvü Aleksandr Şarovski, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev, Bakı Dağ Yəhudiləri dini icmasının sədri Melih Yevdayev, Roma Katolik Kilsəsinin ordinarisi Vladimir Fekete Azərbaycandakı multikultural, tolerant mühitin üstünlüklərindən danışıblar. Onlar Azərbaycanın multikulturalizm siyasəti sahəsində əldə etdiyi uğurların dünya dövlətləri, ölkəmizə gələn qonaqlar tərəfindən də etiraf edildiyini və yüksək qiymətləndirildiyini bildiriblər. Azərbaycanda multikulturalizmin həyat tərzi olduğu, ölkəmizdə multikultural dəyərlərin, tolerantlıq ənənələrinin əsrlərə söykəndiyi qeyd edilib. Azərbaycanın multikultural dəyərlərinin dünyada tanıdılması baxımından BBMM-in fəaliyyəti yüksək qiymətləndirilib.

    BBMM-in ABŞ nümayəndəliyinin rəhbəri Janna Skot multikulturalizmin etnik mənsubiyyətindən, dilindən, dinindən asılı olmayaraq Azərbaycanın hər bir vətəndaşının gündəlik həyat tərzinə çevrildiyini və bunun təqdirəlayiq olduğunu deyib. J.Skot BBMM-in fəaliyyətindən danışaraq bildirib ki, Mərkəzin sayəsində Azərbaycanda baş verən hadisələr, buradakı multikultural mühit barədə məlumat almaq mümkündür.

    BBMM-in Moldova nümayəndəliyinin rəhbəri Aurelia Qriqoriu multikulturalizmin Azərbaycanda həyat tərzi olduğunu qeyd edib. O deyib ki, indi dünya təhlükə ilə üzləşib, ekstremizm yaşanır. Bu siyasətin sonu yoxdur. Bu siyasətə alternativi Azərbaycan Prezidenti İlham Əliyev özünün uzaqgörən, müdrik siyasəti ilə göstərdi. Azərbaycan Prezidenti İlham Əliyev göstərdi ki, çıxış yolu multikulturalizm siyasətidir. Multikulturalizm Azərbaycanda dövlət siyasətidir. Bu, bir fenomendir. Azərbaycanın 20 faiz torpaqları işğal altındadır, 1 milyondan çox qaçqın və məcburi köçkün var. Buna baxmayaraq Azərbaycan sülh, hörmət insansevərlik ab-havasını təmin edir. Azərbaycan dünyanın 5 ən tolerant ölkəsi siyahısındadır və dini tolerantlığın nümunəsi sayılır.

    BBMM-in Almaniya nümayəndəliyinin rəhbəri Birgit Vaysgerber deyib ki, o, Azərbaycana olan sevgisini Almaniya xalqına aşılamaq istəyir. O, Azərbaycanın tarixi, mədəniyyəti, adət-ənənələri ilə yaxından tanış olmaq imkanını əldə etdiyi üçün BBMM-ə təşəkkürünü bildirib.

    Yubiley tədbiri bədii hissə ilə davam edib.

    Tədbir çərçivəsində, həmçinin gənc rəssamların multikulturalizm mövzusuna həsr edilən rəsm əsərlərindən ibarət sərgi təşkil olunub.

  • İlham Əliyev Heydər Əliyev Fondu əməkdaşlarını təltif etdi – SİYAHI

    Prezident İlham Əliyev Heydər Əliyev Fondu əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.

    Sərəncama əsasən, Heydər Əliyev Fondunun 15 illiyi münasibətilə və Azərbaycanın ictimai-mədəni həyatında səmərəli fəaliyyətlərinə görə Heydər Əliyev Fondunun aşağıdakı əməkdaşları təltif ediliblər:

    “Şöhrət” ordeni ilə

    Ələkbərov Anar Sahib oğlu

    “Tərəqqi” medalı ilə

    Ağayeva Şəmirə Vahid qızı

    Bayramov Azər Novruz oğlu

    Əliyeva Gülşən Şəfa qızı

    Məmmədov Emin Səlhab oğlu

    Məmmədov Soltan Teymur oğlu.

  • Prezident fərman verdi

    Prezident İlham Əliyev “Dövlətə məxsus olan hüquqi şəxslərdə apellyasiya şuralarının yaradılması haqqında fərman” imzalayıb.

    Fərmanda qeyd olunur ki, sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılmada şəffaflığın, obyektivliyin və operativliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi məqsədi ilə qərara alınır:

    1. Dövlətə məxsus olan hüquqi şəxslərdə apellyasiya şuraları yaradılsın.

    2. “Dövlətə məxsus olan hüquqi şəxsin Apellyasiya Şurası haqqında Nümunəvi Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

    3. Müəyyən edilsin ki:

    3.1. “dövlətə məxsus olan hüquqi şəxs” dedikdə:

    3.1.1. paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan səhmdar cəmiyyəti, məhdud məsuliyyətli cəmiyyət və digər təşkilati-hüquqi formada fəaliyyət göstərən kommersiya hüquqi şəxsi;

    3.1.2. dövlətin yaratdığı qeyri-kommersiya hüquqi şəxsi və publik hüquqi şəxs nəzərdə tutulur;

    3.2. bu Fərmanın 1-ci hissəsi dövlətə məxsus olan hüquqi şəxslərin özlərinin, həmçinin mərkəzi və yerli icra hakimiyyəti orqanlarının tabeliyindəki hüquqi şəxslərə şamil edilmir.

    4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

    4.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

    4.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

    4.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

    4.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

    5. Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurası bu Fərmandan irəli gələn məsələləri həll etsin.

    6. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

  • İlham Əliyev Vladimir Putinə başsağlığı verdi

    Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə başsağlığı verib.

    Başsağlığında deyilir:

    “Hörmətli Vladimir Vladimiroviç.

    Şeremetyevo aeroportunda təyyarənin qəza enişi nəticəsində çoxsaylı insan tələfatı barədə xəbər məni dərindən kədərləndirdi.

    Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına dərin hüznlə başsağlığı verirəm. Xəsarət alanların tezliklə sağalmasını arzu edirəm”.

    Qeyd edək ki, dünən baş verən hadisə zamanı 41 nəfər ölüb. Ölənlərdən biri ekipaj üzvüdür. Qəzadan yalnız 33 sərnişin və dörd ekipaj üzvü sağ çıxıb.

  • Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi

    Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan xalqını Ramazan ayının başlanması münasibətilə təbrik edib.

    Təbrikdə deyilir:

    “Əziz həmvətənlər. Sizi Ramazan ayının – orucluq və mənəvi yenilənmə, düşünmək və dua etmək, bağışlamaq və mərhəmət ayının başlanması münasibətilə təbrik edirəm. Bu müqəddəs ay bütün dünyada milyonlarla müsəlman üçün mənəvi kamilləşmə, nəcib və xeyirxah işlər dövrüdür.

    Azərbaycanda çoxəsrlik tarixi olan mənəvi ənənələrə hörmətlə yanaşılır. Bu ənənələrin əxlaqi və etik əsasları dəyişməz qalır. Çünki yaxınlarına qayğı, xeyirxahlıq və mərhəmət bütün dövrlərdə yüksək qiymətləndirilib.

    Əminəm ki, Ramazan ayı birlik və həmrəylik, hörmət və qarşılıqlı anlaşma dövrü olacaq. Qoy Ulu Tanrı bu müqəddəs günlərdə sizin bütün dualarınızı eşitsin və qəbul etsin. Sizə sülh, xoş günlər, səadət və rifah arzulayıram”.

  • Deputatlarımız İtaliyaya gedir

    Bu gün Milli Məclisin (MM) sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti İtaliyanın paytaxtı Roma şəhərinə səfər edəcək.

    Oxu.az-ın MM-dən əldə etdiyi məlumata görə, nümayəndə heyətinin tərkibinə İtaliya ilə parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun rəhbəri Azər Kərimli, deputatlardan Ülviyyə Ağayeva, Vahid Əhmədov, Elşad Həsənov, Parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.

    Səfər zamanı nümayəndə heyətinin üzvləri İtaliya Senatının və Deputatlar Palatasının rəhbərliyi, Azərbaycanla dostluq qrupunun təmsilçiləri ilə görüşlər keçirəcək, qanunvericilik orqanları arasında əlaqələrimizin bu günü və gələcək inkişaf perspektivləri barədə fikir mübadiləsi aparacaqlar.

    Burada deputatlarımız İtaliya parlamentinin qanunvericilik fəaliyyəti ilə yaxından tanış olacaqlar.

  • Oqtay Əsədov Avropa ölkəsinə səfər edəcək

    Mayın 6-da Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti İtaliyanın paytaxtı Roma şəhərinə səfər edəcək.

    Bu barədə Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

    Nümayəndə heyətinin tərkibinə İtaliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Azər Kərimli, deputatlardan Ülviyyə Ağayeva, Vahid Əhmədov, Elşad Həsənov, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.

    Səfər zamanı nümayəndə heyətinin üzvləri İtaliya Senatının və Deputatlar Palatasının rəhbərliyi, Azərbaycanla dostluq qrupunun təmsilçiləri ilə görüşlər keçirəcək, qanunvericilik orqanları arasında əlaqələrimizin bu günü və perspektivləri barədə fikir mübadiləsi aparacaqlar. Burada deputatlarımız İtaliya parlamentinin qanunvericilik fəaliyyəti ilə yaxından tanış olacaqlar.

    Mayın 8-də nümayəndə heyəti Vətənə qayıdacaq.//sputnik.az

  • Prezident Xələf Xələfovu əvvəlki vəzifəsinə qaytardı

    Prezident İlham Əliyevin sərəncamı ilə Xələf Xələfov xarici işlər nazirinin müavini vəzifəsinə təyin olunub.

    Trend-in məlumatına görə, dövlət başçısının digər sərəncamı ilə X.Xələfova Prezidentin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi vəzifəsi həvalə olunub.

    Qeyd edək ki, bundan əvvəl X.Xələfov Nazirlər Kabineti Aparatının rəhbəri vəzifəsində çalışıb.