Category: Siyasət

  • Nazir müdiri işdən çıxardı

    Təhsil naziri Ceyhun Bayramov şöbə müdirini vəzifəsindən azad edib.

    Nazirlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu ilin fevralın 8-də Neftçala rayonunda Təhsil naziri Ceyhun Bayramov tərəfindən vətəndaşların qəbulu zamanı Biləsuvar rayon ümumi təhsil müəssisələrində baş vermiş qanunsuzluqlarla bağlı vətəndaş müraciətləri araşdırılıb.

    Müraciətlərdəki faktlar təsdiqini tapıb.

    Bununla əlaqədar Təhsil naziri tərəfindən Biləsuvar Rayon Təhsil Şöbəsinin müdiri Kazımov Balaqardaş İman oğlunun işdən azad edilməsi barədə Biləsuvar Rayon İcra Hakimiyyəti qarşısında vəsatət qaldırılıb və o, tutduğu vəzifədən azad edilib.

    Biləsuvar Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə Bağırov Aqşin Xudaməli oğlu təyin edilib.

    Qeyd edək ki, son vaxtlar Ceyhun Bayramov bir neçə məktəb direktorunu da işində yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edib.

  • Elman Babayevə Gömrük Komitəsində vəzifə verildi

    Əməkdar jurnalist Elman Babayev yeni işə təyin olunub

    Median.Az-ın Baku.ws-ə istinadən məlumatına görə, E.Babayev bu gündən Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsində işə başlayıb.

    E.Babayev 30 sentyabr 1977-ci ildə Quba rayonun Yerfi kəndində ziyalı ailəsində anadan olub. 2001-2008-ci illərdə “Kaspi” qəzetində və “Trend” İnformasiya Agentliyində jurnalist vəzifəsində çalışıb, həmin dövrdə bir sıra tanınmış KİV-lərlə əməkdaşlıq edib.

    2008-2012-ci illərdə Dövlət Sosial Müdafiə Fondunun Aparatının Sığorta-pensiya siyasəti və strateji araşdırmalar şöbəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri¸ 2012-2013-cü illərdə Fondun Aparatının Beynəlxalq münasibətlər və ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini vəzifələrində işləyib.

    2014-2018-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışıb.

    Azərbaycan Prezidentinin 15 iyul 2015-ci il tarixli sərəncamı ilə “Əməkdar jurnalist” fəxri adına layiq görülüb.

  • Deputatlara əlavə xərclər üçün verilən vəsait iki dəfə artırılıb

    Milli Məclisin deputatlarına əlavə xərclər üçün verilən vəsait iki dəfə artırılıb.

    Median.Az ONA-ya istinadən xəbər verir ki, deputatlara əlavə xərclər üçün verilən vəsaitin həcmi aprel ayından etibarən 730 manat məbləğində müəyyən edilib.

    Qeyd edək ki, bundan əvvəl deputatlara əlavə xərclər üçün 360 manat verilib.

    “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanunun 21-ci (Deputatın maddi təminatı) maddəsinə əsasən, parlamentin sədri 3 min 712 manat 50 qəpik, sədrin I müavini 3 min 340 manat 50 qəpik, Milli Məclis sədrinin müavini 3 min 154 manat 50 qəpik, Milli Məclisin komitə sədri 2 min 970 manat, komitə sədrinin müavini 2 min 784 manat, sıravi deputat isə 2 min 598 manat maaş alır.

  • Azərbaycanın Rusiyadakı səfirliyi ermənilərin təxribatının qarşısını alıb

    Son günlər sosial şəbəkələrdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) erməni tələbə təşkilatı tərəfindən mayın 7-də “Qarabağ müharibəsinin fədailəri” ilə “Şuşanın azad edilməsi günü”nə həsr olunmuş görüş keçirilməsi barədə informasiya yayılıb.

    Azərbaycanın Rusiyadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, məlumatlarda MDU həmin tədbirin tərəfdaşı kimi təqdim olunub.

    Bununla əlaqədar olaraq, Azərbaycanın Rusiyadakı səfirliyi MDU rəhbərliyinə müraciət edib və bu mötəbər ali məktəbin həmin hadisəyə aidiyyəti olmaması, habelə bütövlükdə ali məktəbdə buna bənzər tədbirlərin keçirilməsinin yolverilməzlıiyi barədə birmənalı cavab alınıb.

    Eyni zamanda, bu məsələdə səfirliyin narahatlığını nəzərə alan universitetin rəhbərliyi tədbirin təşkilatçıları ilə söhbət aparıb. Nəticədə tədbir barədə informasiya sosial şəbəkələrdən silinib.

    Fürsətdən istifadə edərək, səfirlik öz vətəndaşlıq mövqeyini nümayiş etdirdiyinə görə Rusiyadakı Azərbaycan ictimaiyyətinin nümayəndələrinin hamısına təşəkkür edir.

  • Heydər Əliyev babasının məzarını ziyarət etdi (FOTOLAR)

    Mayın 7-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) şəxsi heyəti Fəxri xiyabana gələrək ulu öndər Heydər Əliyevin xatirəsini yad edib.

    Median.Az xəbər verir ki, DTX rəisi Mədət Quliyev, Xidmətin əməkdaşları, DTX-nin N saylı hərbi hissəsinin zabit və əsgərləri Ulu Öndərin məzarı önünə əklil qoyublar, xatirəsinə ehtiramlarını bildiriblər.

    Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi yad olunub.

    Mərhum prezidentin məzarını ziyarət edən əsgərlər arasında prezident İlham Əliyevin oğlu, əsgər Heydər Əliyev də olub.

  • Abid Şərifovun səhhəti ağırlaşdı

    Baş nazirin sabiq müavini Abid Şərifovun səhhəti yenidən pisləşib.

    Median.Az Unikal.org-a istinadən xəbər verir ki, səhhətində problem yaranan A.Şərifov paytaxta yerləşən xəstəxanalardan birinə müraciət edib.

    Məsələ ilə bağlı açıqlama verən sabiq baş nazirin müavini hansı xəstəxanada olduğu barədə məlumat verməsə də, həkimdə olduğunu təsdiqləyib. O, bildirib ki, müayinə olunduğu üçün çox danışa bilmir.

    Qeyd edək ki, 79 yaşlı Abid Şərifov ürəyində problem yaranması səbəbindən İsraildə müalicə olunub. Onun İsrailin Hayfa şəhərindəki xəstəxanaya yerləşdirilmişdi. Sabiq baş nazir müavini orada əməliyyat keçirmişdi.

  • Ramil Usubov Mədət Quliyevin qardaşı oğluna yüksək vəzifə verdi

    Daxili işlər orqanlarında yeni təyinat olub.

    Median.Az ONA-ya istinadən xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubov bununla bağlı müvafiq əmr imzalayıb.

    Əmrə əsasən, Mətin Qulubəyli Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin rəis müavini vəzifəsinə təyinat alıb.

    M.Qulubəyli buna qədər Nizami RPİ-də çalışıb.

    Qeyd edək ki, M.Qulubəyli Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyevin qardaşı oğludur.

  • Azərbaycan Yəmənə humanitar yardım göstərib

    Yəməndə baş verən humanitar böhranla əlaqədar BMT Baş katibi Antonio Quterreşin üzv dövlətlərə ünvanladığı müraciəti ilə bağlı Azərbaycan Respublikası Prezidentinin göstərişi ilə bu ölkəyə humanitar yardım göstərilib.

    Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

    Sözügedən yardımın BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi (OCHA) vasitəsilə Yəməndə humanitar böhrandan əziyyət çəkən əhaliyə təcili humanitar yardım şəklində çatdırılması nəzərdə tutulub.

    Qeyd edək ki, BMT-nin hesablamalarına görə dünyanın ən acınacaqlı humanitar fəlakətin yaşandığı Yəməndə 24 milyon insanın (əhalinin 80 faizi) humanitar yardıma ehtiyacı var, 250 min şəxs isə kəskin aclıqdan əziyyət çəkir. Ölkədə 3,3 milyon məcburi köçkün olmaqla əhali arasında müxtəlif növ təhlükəli xəstəliklər yayılmaqdadır.

  • Prezident veteranlara 300 min manat ayırdı

    Prezident İlham Əliyev Azərbaycan Respublikasında müharibə veteranlarına dövlət qayğısının artırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

    Sərəncama əsasən, Azərbaycan Respublikasında müharibə veteranlarına dövlət qayğısını artırmaq məqsədilə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının maddi-texniki bazasının gücləndirilməsi, habelə Təşkilatın fəaliyyəti ilə əlaqədar cari məsələlərin həlli və nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinin təmin olunması üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına 300 min manat ayrılıb.

    Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

  • İlham Əliyev və birinci xanım Qobustanda

    Mayın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qobustan rayonuna səfərə gediblər.

    Dövlətimizin başçısı və birinci xanım ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.

    Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov rayonda görülən işlər barədə dövlətimizin başçısına və birinci xanıma məlumat verib.

    Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verib.