Category: Siyasət

  • İlham Əliyev Heydər Əliyevə həsr edilmiş videoçarx paylaşdı

    Prezident İlham Əliyev özünün “Facebook” səhifəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş videoçarx yayımlayıb.

    Videoçarx “10 May” başlığı ilə paylaşılıb.

    Xatırladaq ki, bu gün Azərbaycanın ümummilli lideri Heydər Əliyevin doğum günüdür.

  • İlham Əliyev xanımı ilə ağacəkmə aksiyasında

    Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Zığ dairəsi-Heydər Əliyev Beynəlxalq Aeroportu avtomobil yolunun 28-ci kilometrliyində salınan yaşıllıq sahəsində ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunan ağacəkmə kampaniyasında iştirak ediblər.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

  • Heydər Əliyevin anadan olmasının 96-cı ildönümüdür

    Bu gün Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 96 yaşı qeyd olunur. Bu tarixlə bağlı ölkənin bütün bölgələrində və dünyanın bir çox ölkəsində tədbirlər keçirilir.

    Heydər Əlirza oğlu Əliyev 10 may 1923-cü ildə Naxçıvan şəhərində anadan olub.

    O, Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra 1939-41-ci illərdə Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil alıb.

    1941-ci ildən Naxçıvan Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan Xalq Komissarları Sovetində şöbə müdiri işləyib. Heydər Əliyev 1944-cü ilin mayında dövlət təhlükəsizliyi orqanlarına işə göndərilib, Leninqradda xüsusi ali təhsil alıb, general rütbəsinədək yüksəlib. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib. 1964-cü ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini təyin olunub, 1967-ci ildə isə sədri təyin olunub.

    1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi, Mərkəzi Komitənin büro üzvü seçilib. H.Əliyev 1976-cı ilin martında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosu üzvlüyünə namizəd, 1982-ci ilin noyabrında isə Siyasi Büro üzvü seçilib, eyni zamanda SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edilib.

    O, SSRİ Ali Sovetinin (8, 9 və 10-cu çağırışlar) deputatı, 9-cu çağırış SSRİ Ali Soveti İttifaq Sovetinin sədr müavini, Azərbaycan SSR Ali Sovetinin (7, 8, 9 və 10-cu çağırış) deputatı və respublika Ali Soveti Rəyasət Heyətinin üzvü olub, “Lenin” ordeni (4 dəfə), “Qırmızı Ulduz” ordeni və çoxlu medallarla təltif edilib, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adına (1979, 1983) layiq görülüb.

    H.Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi yanlış siyasətə etiraz olaraq tutduğu vəzifələrdən istefa verib və müxalif mövqe tutub.

    O, 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı silah işlədilməsini kəskin pisləyib.

    H.Əliyev Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı mərkəzin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib. 1990-cı ilin iyulunda Azərbaycana qayıdan H.Əliyev Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib.

    1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilib. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublika Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Sovetinin sədr müavini olub.

    Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilib, iyunun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan prezidenti seçilib.

    H.Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yaranıb, müstəqil dövlət quruculuğu prosesi başlanıb, 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin qarşısı alınıb, ölkədə ictimai-siyasi sabitlik bərqərar edilib.

    Dövlətin xarici siyasəti, eləcə də dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri milli maraqlara və uzaqgörən siyasi perspektivlərə əsaslanan xətlə inkişaf etməyə başlayıb. 1994-cü ilin mayında o, cəbhədə atəşkəs elan edilməsinə nail olub.

    1994-cü ilin sentyabrında Bakıda “Əsrin müqaviləsi” adını almış neft müqaviləsi imzalanıb, Azərbaycan neftinin dünya bazarlarına nəqli sahəsində uğurlu addımlar atılıb, Bakı-Supsa boru kəməri tikilib istifadəyə verilib.

    Heydər Əliyevin iradəsi sayəsində Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri haqqında müqavilə imzalanıb, onun həyata keçirilməsinə başlanılıb. Heydər Əliyevin təşəbbüsü ilə Böyük İpək Yolunun bərpasında – ümumdünya kommunikasiya proqramının həyata keçirilməsində Azərbaycan aparıcı rol oynayıb.

    Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanı əhatə edən GUAM birliyinin yaranmasında və beləliklə, böyük bir coğrafi məkanda region qüvvələrinin birləşməsində də H.Əliyevin önəmli xidməti olub. O, demokratik, hüquqi dövlət quruculuğu yönümündə ardıcıl siyasət yeridərək, ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaradıb.

    1995-ci ilin noyabrında referendum yolu ilə Azərbaycanın Konstitusiyası qəbul edilib, 1995-ci və 2000-ci illərdə çoxpartiyalılıq əsasında parlament seçkiləri keçirilib, Konstitusiya Məhkəməsi fəaliyyətə başlayıb, Azərbaycanda ölüm cəzası, mətbuat üzərində senzura ləğv olunub.

    1995-ci ilin mayında əfvetmə institutu bərpa edilib, 1995-2002-ci illərdə əfv fərmanlarına və amnistiya aktlarına əsasən minlərlə məhbus müxtəlif cəzalardan tam və ya qismən azad edilib, Azərbaycan 1996-cı ilin iyunundan Avropa Şurasında “xüsusi qonaq” statusu alıb, 2001-ci il yanvarın 25-də isə qurumun tamhüquqlu üzvü olub.

    H.Əliyev 1998-ci il oktyabrın 11-də yenidən Azərbaycan prezidenti seçilib. 2001-ci ildə Azərbaycanda latın əlifbasına keçilməsi, dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi, Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsdiq edilməsi haqqında fərmanlar imzalayıb.

    H.Əliyev 2003-cü il dekabrın 12-də vəfat edib.

  • Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakının Buzovna qəsəbəsindəki 1 saylı psixonevroloji sosial xidmət müəssisəsini ziyarət edib – FOTO

    Mayın 9-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva paytaxtın Buzovna qəsəbəsindəki 1 saylı psixonevroloji sosial xidmət müəssisəsinin sakinlərini ziyarət edib.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, 1974-cü ildə yaradılan 1 saylı psixonevroloji sosial xidmət müəssisəsi Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir olunaraq bu ilin fevral ayında istifadəyə verilib. Yenidənqurma işlərindən sonra burada yaşayanların sağlamlığı və rahatlığı üçün müasir standartlara uyğun şərait yaradılıb.

    Heydər Əliyev Fondu növbəti dəfə burada xüsusi qayğıya ehtiyacı olan insanlar üçün şənlik təşkil etdi.

    Fondun vitse-prezidenti Leyla Əliyeva tədbirə gələrək müəssisənin sakinləri ilə görüşdü, onlarla söhbət etdi, burada yaradılan şərait, bu kateqoriyadan olan insanların müalicəsi ilə maraqlandı.

    Xüsusi qayğıya ehtiyacı olanlar 1 saylı psixonevroloji sosial xidmət müəssisəsində gün ərzində gördükləri işlərdən danışdılar, necə əyləndiklərini söylədilər, təəssüratlarını bölüşdülər.

    Müəssisəyə sosial xidmətə ehtiyacı olan psixotik simptomatika mərhələsinə çatmayan şəxslər qəbul edilir.

    Ölkəmizdə sağlamlıq imkanları məhdud olan, xüsusi qayğıya ehtiyac duyan şəxslərin tibbi və sosial reabilitasiyasının gücləndirilməsi istiqamətində mühüm addımlar atılır. Dövlət bu qəbildən olan şəxslərin çoxsaylı sosial proqramlara, o cümlədən reabilitasiya, pulsuz istirahət və texniki-bərpa təminat proqramlarına cəlb olunmasını həyata keçirir. Dövlət səviyyəsində bu istiqamətdə reallaşan tədbirlərə Heydər Əliyev Fondunun da xüsusi töhfəsi var. Bu cür layihələrin icrası həm də onu göstərir ki, nəcib təşəbbüsləri və layihələri ilə seçilən Heydər Əliyev Fondunun xüsusi qayğıya ehtiyacı olanların sosial məsələlərinin həlli, onların müalicə və reabilitasiya işinin yüksək səviyyədə təşkil edilməsi istiqamətində həyata keçirdiyi tədbirlər davamlı xarakter alıb.

    1 saylı psixonevroloji sosial xidmət müəssisəsinə Heydər Əliyev Fondunun hədiyyələri təqdim edildi.

  • Paşinyanın Şuşa səfərinə – XİN-dən reaksiya

    Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın işğal altındakı torpaqlarına səfərini şərh edib.

    XİN-dən daxil olan məlumatda bildirilir ki, Ermənistan siyasi rəhbərliyinin hərbi işğal altında saxladığı Şuşa şəhərinə səfəri, bu xüsusda səsləndirilmiş bəyanatlar, eləcə də xarici işlər naziri də daxil olmaqla rəsmi Yerevanın səsləndirdiyi “Artsaxın azadlığının müdafiəsi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli öhdəliyimizin əsasını təşkil edir” kimi fikirlər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar üçün çox yalnış ismarış olmaqla yanaşı, son görüşlərdə qəbul edilmiş birgə bəyanatlarda əks olunmuş əhalilərin sülhə hazırlanması çağırışı ilə kəskin ziddiyyət təşkil edir:

    “Hadisələrin bundan sonrakı mümkün inkişafı ilə bağlı bütün məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür.

    Bütün beynəlxalq ictimaiyyət və beynəlxalq təşkilatlar Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü tanıyır. Ermənistan rəhbərliyi nə qədər tez bu reallığı dərk edərsə və ilk növbədə öz əhalisini aldatmağa son qoyarsa, bir o qədər də tez bölgədə sülh, sabitlik və dayanıqlı inkişaf təmin olunar”.//report.az

  • Pensiya və əmək haqqları barədə şad XƏBƏR

    Minimum əməkhaqqının, minimum pensiyanın artırılması gündəlikdə duran məsələlərdir.

    Median.Az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyeva ilə birgə mayın 9-da Bakının Yasamal rayonunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin və ilk DOST mərkəzinin inzibati binasının açılış mərasimində DOST Agentliyinin bir qrup işçisi və “Gənc DOST” könüllüləri ilə görüşü zamanı deyib.

    Dövlətimizin başçısı bildirib: “Sosial sahə hər bir ölkə üçün böyük önəm daşıyır. Azərbaycanda da bu sahəyə böyük diqqət göstərilir. Bizim siyasətimiz sosialyönümlü siyasətdir. Çalışırıq bütün əlavə gəlirlərimizi sosial sahəyə yönəldək ki, vətəndaşların rifah halı daha da yaxşılaşsın, işsizliklə bağlı problemlər daha da yüksək səviyyədə həll olunsun və ölkəmizin dinamik inkişafı təmin edilsin. Əlbəttə buna nail olmaq üçün, ilk növbədə, iqtisadi inkişaf olmalıdır və biz bu məsələ ilə bağlı ciddi məşğuluq. Qeyri-neft sektorunun, sahibkarlığın inkişafı bir-biri ilə bağlı olan məsələlərdir. Hesab edirəm ki, Azərbaycanda bu istiqamətdə işlər uğurla gedir. İqtisadiyyatımız çoxşaxəli iqtisadiyyata çevrilir. Bildiyiniz kimi, özəl sektor ümumi daxili məhsulumuzda təqribən 80 faiz təşkil edir. Beləliklə, iqtisadi artım, iqtisadi sahədə aparılan islahatlar, büdcə daxilolmalarının artımı, əlbəttə ki, sosial sahəyə böyük diqqət göstərmək üçün imkan yaradır.

    Deyə bilərəm ki, bu ilin dörd ayında vergi və gömrük orqanları təqribən 400 milyon manata yaxın əlavə vəsait toplayıblar – 270 milyon manat vergi orqanları, 100 milyon manatdan bir qədər çox gömrük orqanları. Yenə də şəffaflıq, yenə də islahatlar hesabına. Bu əlavə maliyyə resursu imkan verir ki, biz pensiyaları, maaşları, sosial müavinətləri artıraq və bunu edirik. Bildiyiniz kimi, bu yaxınlarda çox ciddi sosial paket hazırlanıb təsdiqləndi və 3 milyona yaxın insan bu imkanlardan bəhrələnib. Bundan sonra da bu istiqamətdə işlər aparılacaq, minimum əməkhaqqının, minimum pensiyanın artırılması gündəlikdə duran məsələlərdir. Məşğulluğun inkişafı – yəni, qeyri-qanuni məşğulluqla mübarizə nəticə verir və beləliklə, ölkəmizin iqtisadi və sosial siyasəti bir-biri ilə uzlaşır. Bu, belə də olmalıdır. Ancaq biz bunu tam şəkildə icra etsək, ölkəmizin dayanıqlı uğurlu inkişafı təmin olunacaqdır”.

  • Daxili İşlər Nazirliyində Ulu Öndərin əziz xatirəsi yad edildi – FOTO

    Mayın 9-da Daxili İşlər Nazirliyində xalqımızın ümummilli lideri, müasir Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasətçi Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

    Nazirlikdən bildiriblər ki, daxili işlər nazirinin müavini, polis general-leytenantı İsmət Əliyev toplantıda çıxış edərək Ulu Öndərin bütövlükdə yeni Azərbaycanın qurulmasında, onun müstəqilliyinin, iqtisadi-siyasi əsaslarının, dövlətçilik ənənələrinin möhkəmləndirilməsində və inkişafında, hüquqi, demokratik və dünyəvi dövlət kimi imicinin yüksəldilməsində əvəzsiz rolundan danışıb. O, eyni zamanda, Ümummilli Liderin respublika daxili işlər orqanlarının formalaşmasında, təkmilləşdirilməsində, ölkədə cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmini işinin yüksək səviyyədə təşkilində göstərdiyi müstəsna xidmətlər barədə gənc zabitlərə ətraflı məlumat verib.

    Nazir müavini dahi şəxsiyyət Heydər Əliyevin zəngin həyat və fəaliyyətinin müasirlərimiz və gələcək nəsillər tərəfindən dönə-dönə öyrəniləcəyini, onun hər anının, hər səhifəsinin örnək olduğunu bildirib. İsmət Əliyev Ulu Öndərin əsasını qoyduğu Azərbaycançılıq ideologiyasının əbədiyaşar olacağını qeyd edib, Ümummilli Liderin siyasi irsinin, idarəçilik fəaliyyətinin və dövlətçilik fəlsəfəsinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini xüsusi vurğulayıb.

    Təntənəli mərasimin sonunda tədbir iştirakçıları Ulu Öndərin mənalı ömür yolundan və möhtəşəm fəaliyyətindən bəhs edən, Azərbaycan Dövlət Televiziyasının istehsalı olan “Vətənə, xalqa həsr edilən ömür” adlı sənədli filmə baxıblar.

  • İlham Əliyev bəstəkar Arif Məlikov ilə vida mərasimində iştirak edib

    Mayın 9-da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında görkəmli bəstəkar, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, SSRİ və Azərbaycan Respublikasının xalq artisti, Dövlət və Heydər Əliyev mükafatları laureatı Arif Məlikov ilə vida mərasimi keçirilib.

    AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

    Mədəniyyət naziri Əbülfəs Qarayev vida mərasimində çıxış edərək Arif Məlikovun ömür yolu və bənzərsiz yaradıcılığı barədə danışıb. Nazir vurğulayıb ki, Arif Məlikovun Nazim Hikmətin librettosuna yazılmış “Məhəbbət əfsanəsi” baleti görkəmli bəstəkara dünya şöhrəti qazandırıb. Bu balet ilk dəfə 1961-ci ildə Sankt-Peterburq Akademik Mariinski Teatrında tamaşaya qoyulub. Arif Məlikov səkkiz simfoniya, “Nağıl”, “Vətən”, “Metamorfozlar”, “Axırıncı aşırım” simfonik poemalarının, süitaların, “Bu torpaqda iki nəfər”, “İki qəlbin dastanı” baletlərinin, “Torpağın səsi” kantatasının, “Dalğalar” operettasının, Nazim Hikmətin sözlərinə üç romans silsiləsinin, fortepiano və orkestr üçün konsertin, kamera-instrumental əsərlərin, kinofilmlərə, dram tamaşalarına musiqilərin, bir çox mahnıların müəllifidir. Bəstəkarın musiqiləri bu gün dünyanın bir çox ölkələrinin möhtəşəm teatr və konsert salonlarında, dövlət tədbirlərində, mədəniyyət günlərində, beynəlxalq musiqi festivallarında uğurla səslənir.

    Arif Məlikovun musiqisində fikir dərinliyi, gözəllik, qeyri-adilik, coşqunluq, müasirlik və bunların vəhdətində orkestri ustalıqla cazibəyə salaraq təbii ahəngdə idarə etmək qabiliyyəti çox güclüdür. Məhz Arif Məlikovun taleyinə yazılmış bir ömrün əfsanəsi yarım əsrdən çoxdur ki, dünyanın sənətsevərlərini öz cazibəsində saxlamaqdadır.

    Əbülfəs Qarayev deyib ki, Arif Məlikovun ümummilli lider Heydər Əliyevə ithaf etdiyi 8-ci “Əbədiyyət” simfoniyası Azərbaycan musiqi mədəniyyətinin növbəti sənət zirvəsindədir.

    Vidam mərasimində Bakı Musiqi Akademiyasan rektoru, Xalq artisti Fərhad Bədəlbəyli, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, professor Zemfira Qafarova və Arif Məlikovun tələbəsi bəstəkar Ceyhun Allahverdiyev çıxış edərək Arif Məlikovun bənzərsiz sənət dünyasından söhbət açıblar.

    Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərhumun ailə üzvlərinə dərin hüznlə başsağlığı veriblər.

    Vida mərasimindən sonra görkəmli bəstəkarın cənazəsi son mənzilə yola salınıb.

    Mərhum I Fəxri xiyabanda torpağa tapşırılıb.

  • İlham Əliyev görkəmli bəstəkarın vəfatı ilə əlaqədar nekroloq imzaladı

    Prezident İlham Əliyev görkəmli bəstəkar Arif Məlikovun vəfatı ilə bağlı nekroloq imzalayıb.

    Nekroloqda deyilir:

    “Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Görkəmli bəstəkar, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, SSRİ və Azərbaycan Respublikasının xalq artisti, Dövlət və Heydər Əliyev mükafatları laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, əməkdar incəsənət xadimi, Bakı Musiqi Akademiyasının kafedra müdiri, professor Arif Cahangir oğlu Məlikov 2019-cu il may ayının 9-da ömrünün 86-cı ilində vəfat etmişdir.

    Arif Məlikov 1933-cü il sentyabrın 13-də Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1948–1951-ci illərdə Bakı musiqi texnikumunda oxumuş, 1953–1958-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq ixtisası üzrə ali təhsil almışdır.

    Əmək fəaliyyətinə 1951–1952-ci illərdə Şuşa şəhər musiqi məktəbində müəllim kimi başlayan Arif Məlikov 1960-cı illərdən taleyini Azərbaycan Dövlət Konservatoriyası ilə bağlayaraq burada 1966–1968-ci illərdə baş müəllim, 1968–1978-ci illərdə dosent, 1979–1986-cı illərdə professor və 1986-cı ildən ömrünün sonunadək bəstəkarlıq kafedrasının müdiri vəzifələrində çalışmışdır.

    Arif Məlikov Azərbaycan mədəniyyəti tarixinin yetirdiyi sənətkarlar nəslinin parlaq yaradıcılıq ənənələrini ləyaqətlə davam etdirmiş və milli musiqi salnaməsinə yeni səhifələr yazmışdır. Zəmanəmizin böyük bəstəkarı Qara Qarayevin bəstəkarlıq məktəbinin istedadlı yetirməsi və davamçısı olmaqla, onun hələ tələbəlik illərindən etibarən müxtəlif janrlarda bəstələdiyi əsərlər diqqəti cəlb etmiş və musiqisevərlər tərəfindən dərin rəğbətlə qarşılanmışdır.

    Bəstəkarın musiqi mədəniyyətimizin çoxəsrlik tarixə malik bünövrəsi zəminində və müasir kompozisiya texnikasını mükəmməl mənimsəyib yüksək professionallıqla yaratdığı simfoniya, balet, operetta, kantata, vokal, kamera və instrumental əsərlər misilsiz sənət nümunələri olaraq Azərbaycan musiqi xəzinəsinin qiymətli inciləri sırasında özünə həmişəlik yer tutmuşdur. Onun kino və dram tamaşalarına yazdığı musiqi, eləcə də romans və mahnıları məşhur sənətkarların ifasında səslənərək geniş populyarlıq qazanmışdır. Arif Məlikovun bəşəri idealları özündə dolğun əks etdirən əsərləri ölkəmizin hüdudlarından kənarda bu gün də uğurla səsləndirilməkdədir. “Məhəbbət əfsanəsi” baletinin isə dünyanın tanınmış teatr səhnələrində yarım əsrdən artıq bir dövrdə tamaşaya qoyulması musiqi mədəniyyətimizin möhtəşəm nailiyyətlərindəndir.

    Bəstəkarlıq fəaliyyəti ilə yanaşı, Arif Məlikov uzun illər ərzində görkəmli pedaqoq kimi öz zəngin təcrübəsindən bəhrələnməklə gənc musiqiçilər nəslinin yetişdirilməsi və peşəkar musiqiçi kadrların hazırlanması işində müstəsna xidmətlər göstərmişdir. Onun ictimai fəaliyyəti də zəngin və çoxşaxəli olmuşdur. Arif Məlikov SSRİ xalq deputatı olaraq respublikamızın ictimai-siyasi həyatında ötən əsrin son onilliklərində cərəyan edən taleyüklü hadisələrə münasibətdə daim vətənpərvər ziyalı mövqeyi nümayiş etdirmişdir.

    Akademik Arif Məlikovun Azərbaycan musiqi mədəniyyətinin inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyəti dövlət tərəfindən layiqincə və yüksək qiymətləndirilmişdir. O, bir sıra fəxri adlara layiq görülmüş, Azərbaycan Respublikasının ali mükafatlarından “Heydər Əliyev”, “İstiqlal” və “Şöhrət” ordenləri ilə təltif olunmuşdur.

    Böyük bəstəkar, görkəmli pedaqoq, əsl ziyalı və gözəl insan Arif Cahangir oğlu Məlikovun əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

    Allah rəhmət eləsin!”.

    İlham Əliyev

    Mehriban Əliyeva

    Novruz Məmmədov

    Oqtay Əsədov

    Ramiz Mehdiyev

    Əli Əhmədov

    Eldar Əzizov

    Fərəh Əliyeva

    Əbülfəs Qarayev

    Ceyhun Bayramov

    Akif Əlizadə

    Tahir Salahov

    Firəngiz Əlizadə

    Fərhad Bədəlbəyli

    Siyavuş Kərimi

    Fidan Qasımova

    Xuraman Qasımova

    Tofiq Bakıxanov

    Rauf Abdullayev.

  • İlham Əliyev Qələbə Günü münasibətilə keçirilən mərasimdə iştirak edib

    İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 74-cü ildönümü münasibətilə mayın 9-da Bakıda təntənəli mərasim keçirilib.

    Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

    Prezident, Ali Baş Komandan İlham Əliyev iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun abidəsi önünə əklil qoyub, İkinci Dünya müharibəsində misilsiz qəhrəmanlıqlar göstərən cəsur sərkərdənin xatirəsini ehtiramla yad edib.

    Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Böyük Vətən müharibəsi veteranları ilə xatirə şəkli çəkdiriblər.

    Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Prezident İlham Əliyevin qarşısından keçib.

    Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İkinci Dünya müharibəsinin iştirakçısı, partizan, Hollandiya Müqavimət Hərəkatının görkəmli nümayəndələrindən biri, Niderlandın azərbaycanlı Milli Qəhrəmanı Məmməd Məmmədovun ailə üzvləri və Oistervijk şəhərinin meri Hans Janssen ilə görüşüblər.

    Sonra dövlətimizin başçısı və xanımı iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun ailə üzvləri, yaxın qohumları ilə görüşüblər, Qələbə günü münasibətilə onları təbrik ediblər.

    Mərasimdə Baş nazir Novruz Məmmədov, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər iştirak ediblər.