Category: Siyasət

  • Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Şahdağ. Dağların şahı” sənədli filminin təqdimat mərasimində iştirak edib – FOTO

    Aprelin 17-də Bakı Konqres Mərkəzində IDEA İctimai Birliyinin milli parklar haqqında sənədli filmlər silsiləsindən ibarət xüsusi layihəsi çərçivəsində çəkilmiş “Şahdağ. Dağların şahı” sənədli filminin təqdimat mərasimi keçirilib.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva tədbirdə iştirak edib.

    Ekran əsərinin təqdimatından əvvəl qonaqlar “Şahdağ. Dağların şahı” filminin rejissoru İqor Bışnyovun çəkilişlər zamanı lentə aldığı fotolardan ibarət sərgi ilə tanış olublar.

    Sonra yeni yaradılmış Qızılağac Milli Parkından bəhs edən və hazırda çəkilişləri davam edən yeni filmdən kadrlar göstərilib.

    Mərasimdə çıxış edən İqor Bışnyov “Şahdağ. Dağların şahı” layihəsinin təşəbbüskarı Leyla Əliyevaya təşəkkürünü bildirib, filmin altı il müddətdə davam edən çəkiliş prosesi ilə bağlı təəssüratlarını bölüşüb.

    İqor Bışnyov Azərbaycanda ekoturizmin inkişafı üçün əlverişli imkanların olduğunu vurğulayıb.

    Filmdə Cənubi Qafqazın ən böyük milli parkı olan Şahdağ Milli Parkının yaradılmasının məqsədi, burada məskunlaşan və 108-i Azərbaycan Respublikasının “Qırmızı Kitab”ına daxil edilmiş fauna növləri, endemik və nəsli kəsilməkdə olan digər növlər və transsərhəd köçəri heyvanlar, ərazi üçün xarakterik olan müxtəlif flora növləri, böyük və əzəmətli qalaya bənzərliyi ilə insanı heyrətə gətirən Şahdağın landşaftı, ərazidə mövcud olan qlobal əhəmiyyətli dağ meşələri haqqında bəhs edilir.

    IDEA-nın sözügedən layihəsi çərçivəsində 2014-cü ildə “Şirvan Milli Parkı”, 2015-ci ildə “Quşlar cənnəti – Ağgöl Milli Parkı” və “Göygöl Milli Parkı”, 2017-ci ildə “Azərbaycan. Ceyranların xilası”, ötən il isə “Abşeron Milli Parkı” sənədli filmləri geniş ictimaiyyətə təqdim olunub. Layihə çərçivəsində ölkəmizin bütün milli parkları haqqında sənədli filmin hazırlanması nəzərdə tutulur.

    IDEA İctimai Birliyinin təşəbbüsü ilə “Şahdağ. Dağların şahı” filmi ölkəmizin ali təhsil müəssisələrində, həmçinin İctimai Birliyin Bakı və Gəncə şəhərlərindəki Resurs mərkəzlərində nümayiş etdiriləcək. Bununla yanaşı, “Şahdağ. Dağların şahı” filminin digər ölkələrdə və müxtəlif beynəlxalq tədbirlər çərçivəsində də nümayişi nəzərdə tutulur.

    IDEA-nın milli parklarla bağlı sənədli filmlər silsiləsi yaratmağında əsas məqsədi Azərbaycanın əsrarəngiz təbiət gözəlliklərini ölkə daxilində və xaricdə təbliğ etmək, eləcə də ətraf mühitin mühafizəsinin vacibliyini diqqətə çatdırmaqdır.

  • Dövlət Təhlükəsizliyi Xidmətinə yeni səlahiyyət verilib – FƏRMAN

    Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1537-VQD nömrəli qanununun qüvvəyə minməsi ilə əlaqədar fərman imzalayıb.

    Median.Az-ın məlumatına görə, həmin qanunla Cinayət Məcəlləsinə “Telekommunikasiya şəbəkəsinə qoşulmaqla qanunsuz beynəlxalq telekommunikasiya xidmətlərinin təşkili”nə (maddə 233-4) görə cinayət məsuliyyəti nəzərdə tutan maddə əlavə edilib.

    Belə ki, telekommunikasiya operatorunun və ya provayderinin telekommunikasiya şəbəkəsinə müvafiq qurğu vasitəsilə qoşulmaqla qanunsuz beynəlxalq telekommunikasiya xidmətlərinin təşkil edilməsi əhəmiyyətli zərər vurulmasına səbəb olduqda cinayət nəticəsində vurulmuş ziyanın iki mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

    Prezidentin fərmanına əsasən, telekommunikasiya sahəsində qeyd olunan cinayət əməllərinin istintaqı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) səlahiyyətlərinə daxil edilib.

    Məlum olduğu kimi, günümüzdə ümumi cinayətlərin sırasında informasiya texnologiyalarından istifadə edilməklə törədilən cinayətlərin payı artmaqdadır. Son illər Azərbaycan banklarına qarşı kibercinayətlər törədən çoxsaylı xarici vətəndaşlar DTX tərəfindən müəyyən edilərək Azərbaycana ekstradisiya olunub. Hazırkı dəyişikliklər isə telekommunikasiya sahəsində artan cinayətlərin qarşısının alınmasına yönəlib.

  • Azərbaycan Prezidenti İlham Əliyev Çinin Sinxua agentliyinə müsahibə verib

    Aprelin 17-də Çinin Sinxua agentliyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müsahibəsini dərc edib. Median.Az həmin müsahibəni təqdim edir.

    – Ötən il Azərbaycan ilə Çin arasında diplomatik münasibətlərin qurulmasının 26-cı ildönümü qeyd edilib. Cənab Prezident, Siz Azərbaycan-Çin münasibətlərinin hazırkı vəziyyətinə dair nə deyə bilərsiniz? Azərbaycanın xarici siyasətində Çinlə bağlı mövqeyi necədir?

    – 1994-cü ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Çinə səfər etdi və həmin səfər ölkələrimiz arasında ikitərəfli münasibətlərin təməlini qoydu. Həmin vaxtdan bizim əlaqələrimiz çox uğurla inkişaf edir. Azərbaycan və Çin dost ölkələrdir. Mənim Çinə 2005-ci ildəki rəsmi və 2015-ci ildəki dövlət səfərlərim ikitərəfli münasibətlərimizi inkişaf etdirmək və dərinləşdirməklə yanaşı, birgə iradəmizi bir daha təsdiq etdi.

    Fəal siyasi təmaslarımız mövcuddur. Eyni zamanda, iqtisadiyyat sahəsində də fəal əməkdaşlığımız var. Azərbaycan Çinin təşəbbüsünə qoşularaq, Asiya İnfrastruktur İnvestisiya Bankının həmtəsisçisi olub. Bir sıra Çin şirkətləri Azərbaycanda uğurla fəaliyyət göstərir və biz daha çox Çin şirkətlərini ölkəmizdə investor, ticarətçi və podratçı qismində görmək istəyirik. Azərbaycanda çox münbit sərmayə mühiti olduğundan biz sənaye istehsalı, informasiya texnologiyaları, kənd təsərrüfatı və bir sıra digər sahələrdə daha çox Çin şirkətlərini görməyə ümid edirik.

    Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsində müsbət dinamika mövcuddur. Bizim ticarət dövriyyəmiz 1,3 milyard dollar təşkil edir. Çindən idxal 40 faiz artıb. Azərbaycan Çinin Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşıdır. Ölkəmizin Çində ticarət nümayəndəliyi fəaliyyət göstərir. Bununla yanaşı, Urumçi, Luco və Şanxayda Azərbaycanın Ticarət evləri açılmışdır. Azərbaycan Çinin müxtəlif bölgələrinə ticarət missiyaları təşkil edir. Çin şirkətləri Azərbaycanda sənaye layihələrinin reallaşdırılmasında iştirak edirlər. Çinin İKT şirkətləri də ölkəmizdə uğurla fəaliyyət göstərirlər.

    Humanitar sahədə əməkdaşlığımızın yaxşılaşdırılması münasibətlərimizin inkişafında vacib rol oynaya bilər. Düşünürəm ki, təhsil sahəsində daha fəal əməkdaşlığa ehtiyac var.

    Azərbaycan özünün turizm sənayesinin inkişafına böyük diqqət ayırır və biz son illər bu istiqamətdə mühüm uğurlar əldə etmişik. Azərbaycana səfər edən Çin turistlərinin sayında 53 faiz artım var. Azərbaycan Çin vətəndaşları üçün sadələşdirilmiş viza proseduru tətbiq edir. Vizanı Azərbaycanın beynəlxalq hava limanlarında əldə etmək olar. Azərbaycan və Çin arasında müntəzəm birbaşa uçuşlar həyata keçirilir.

    Çinlə əlaqələr bizim xarici siyasətimizin prioritetlərindəndir. Əminəm ki, qarşıdan gələn illərdə Azərbaycan ilə Çin arasında mövcud olan dostluq əlaqələri xalqlarımızın tərəqqisi və rifahı naminə uğurla inkişaf edəcək və güclənəcəkdir.

    – Sizin 2015-ci ildə Çinə səfəriniz zamanı Azərbaycan və Çin arasında “İpək Yolu İqtisadi Kəməri”nin reallaşdırılmasına dair Anlaşma Memorandumu imzalandı. Son illər ərzində “Bir kəmər, bir yol” layihəsi çərçivəsində iki ölkə tərəfindən əldə edilən irəliləyişi necə qiymətləndirirsiniz? “Bir kəmər, bir yol” layihəsi çərçivəsində Azərbaycan-Çin əməkdaşlığı üçün hansı sahələr prioritet təşkil edəcəkdir?

    – Mənim 2015-ci ildə Çinə səfərim zamanı bir çox mühüm sənədlər imzalanmışdır. Bunların sırasında iki ölkə arasında imzalanmış “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu da var idi. Azərbaycan Çinin “Bir kəmər, bir yol” təşəbbüsünü tam dəstəkləyir. Azərbaycan və Çin arasında nəqliyyat sahəsində əməkdaşlıq üçün çox yaxşı perspektivlər var.

    Biz dəmir yolu infrastrukturumuzun müasirləşdirilməsinə sərmayə yatırırıq. Ötən ilin may ayında biz Xəzər dənizində 15 milyon ton yükaşırma qabiliyyətinə malik yeni beynəlxalq liman istifadəyə verdik. Ehtiyac olduğu təqdirdə, onun imkanları 25 milyon tona qədər artırıla bilər. Asiya və Avropanı birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu xətti Çindən Avropaya və geriyə yük daşımaları üçün ən qısa nəqliyyat marşrutudur. 2018-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə 19 qatar yük daşınmışdır.

    Coğrafi yerləşməmizdən istifadə edərək, biz ölkəmizin infrastruktur və nəqliyyat sektoruna sərmayə yatırdıq və bununla da Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzlərinin birinə çevirdik. Bizim ölkə tarixi İpək Yolu üzərində yerləşir. Müasir infrastrukturun yaradılması bizim əsas hədəflərimizdəndir. Biz əsas sərmayəni yolların, avtomagistralların və hava limanlarının inşasına yönəldirik. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri ölkəmizin ərazisindən keçir. Azərbaycan hər iki layihədə fəal iştirak edir və bu istiqamətdə bir sıra təşəbbüs irəli sürüb.

    – Bildiyiniz kimi, bu ay Pekində “Bir kəmər, bir yol” üzrə ikinci Beynəlxalq Əməkdaşlıq Forumu keçiriləcəkdir. Əməkdaşlığın dərinləşdirilməsi və bəşəriyyət üçün birgə gələcəyin qurulması baxımından bu layihə ilə bağlı gözləntiniz nədən ibarətdir?

    – Əminəm ki, müxtəlif ölkələri birləşdirən nəqliyyat layihəsinin təməlində geosiyasət dayanır. Bu layihələr geosiyasi vəziyyətə təsir edir, sabitliyə və proqnozlaşdırıla bilməyə töhfə verir və qarşılıqlı asılılıq yaradır. Qonşularsız biz tranzit ölkəyə çevrilə bilmərik. Yəni, bu, dövlətlərdən ibarət zəncirdir və biz Şərqdən Qərbə və Şimaldan Cənuba uzanan yolun üzərindəyik. Bununla da biz qitələri və ölkələri birləşdirir və daha da proqnozlaşdırıla bilən gələcək qururuq.

    “Bir kəmər, bir yol” təşəbbüsü ölkələr və regionlar arasında iqtisadi əməkdaşlığı inkişaf etdirə, sabitlik və təhlükəsizliyin bərqərar olmasına mühüm töhfə verə bilər. Bu layihə mədəniyyətlərarası və sivilizasiyalararası münasibətlərin, iqtisadi inkişafın gücləndirilməsi, ölkələrin çiçəklənməsi və xalqlararası təmasların təşviqi kimi nəcib ideyalara xidmət edir. Ümid edirəm ki, “Bir kəmər, bir yol” üzrə ikinci Beynəlxalq Əməkdaşlıq Forumu bu istiqamətdə növbəti addım olacaq və məhsuldar müzakirələrin aparılması üçün yaxşı imkan yaradacaq.

    – Bu il Çin Xalq Respublikasının yaradılmasının 70-ci ildönümü qeyd olunur. Son illər ərzində Çinin inkişafını necə qiymətləndirirsiniz?

    – Əsrlər boyu Çin xalqı özünün qədim tarixi ənənələri və zəngin mədəniyyəti ilə bəşər sivilizasiyasının inkişafına töhfəsini verib. Çin Xalq Respublikası yarandığı tarixdən böyük inkişaf yolu keçib. Çin rəhbərliyinin uzaqgörən və müdrik siyasəti nəticəsində ölkə misilsiz nailiyyətlər əldə edib. Güclü iqtisadi inkişaf, ölkədaxili sabitlik və təhlükəsizlik, əhalinin yüksələn rifahı bunun aydın göstəricisidir. Biz Azərbaycanda Çinin müxtəlif sahələrdə əldə etdiyi böyük nailiyyətləri maraqla izləyirik.

    Əminəm ki, Çin inkişaf, firavanlıq və tərəqqi yolu ilə getməkdə davam edəcəkdir. Bu işdə Çin xalqına və onun rəhbərliyinə yeni uğurlar diləyir, Çin Xalq Respublikasının yaranmasının qarşıdan gələn 70-ci ildönümü münasibətilə səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

  • DTX-yə yeni səlahiyyətlər verildi

    Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1537-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar fərman imzalayıb.

    Həmin qanunla Cinayət Məcəlləsinə “Telekommunikasiya şəbəkəsinə qoşulmaqla qanunsuz beynəlxalq telekommunikasiya xidmətlərinin təşkili”nə (maddə 233-4) görə cinayət məsuliyyəti nəzərdə tutan maddə əlavə edilib.

    Belə ki, telekommunikasiya operatorunun və ya provayderinin telekommunikasiya şəbəkəsinə müvafiq qurğu vasitəsilə qoşulmaqla qanunsuz beynəlxalq telekommunikasiya xidmətlərinin təşkil edilməsi əhəmiyyətli zərər vurulmasına səbəb olduqda cinayət nəticəsində vurulmuş ziyanın iki mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

    Prezidentin fərmanına əsasən, telekommunikasiya sahəsində qeyd olunan cinayət əməllərinin istintaqı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) səlahiyyətlərinə daxil edilib.

    Məlum olduğu kimi, günümüzdə ümumi cinayətlərin sırasında informasiya texnologiyalarından istifadə edilməklə törədilən cinayətlərin payı artmaqdadır. Son illər Azərbaycan banklarına qarşı kibercinayətlər törədən çoxsaylı xarici vətəndaşlar DTX tərəfindən müəyyən edilərək Azərbaycana ekstradisiya olunub. Hazırkı dəyişikliklər isə telekommunikasiya sahəsində artan cinayətlərin qarşısının alınmasına yönəlib.

  • “ASAN xidmət”in işçilərinin sayı artırıldı

    Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) işçilərinin sayı artırılıb.

    Bu barədə prezident İlham Əliyev fərman imzalayıb.

    Fərmana əsasən, “ASAN xidmət”in işçilərinin sayı 715-dən 895-ə qaldırılıb.

  • İlham Əliyev hakimi işdən çıxardı – Qanunu dəfələrlə pozub

    Prezident İlham Əliyev Sumqayıt Şəhər Məhkəməsinin hakimi İlyas Mahmudovun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında sərəncam imzalayıb.

    Müvafiq sənədi AZƏRTAC dərc edib.

    Sərəncama əsasən, qanunvericiliyin tələblərini dəfələrlə kobudcasına pozduğuna görə Sumqayıt Şəhər Məhkəməsinin hakimi İlyas Musa oğlu Mahmudovun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib.

    İlyas Mahmudov 2008-ci ildən vəzifəsinə xitam verilənədək Sumqayıt Şəhər Məhkəməsinin hakimi olaraq çalışıb.

  • Prezident 12 teatra vəsait ayırıb – SİYAHI

    Prezident İlham Əliyev Azərbaycan teatrlarının inkişafı ilə bağlı tədbirlərin davam etdirilməsi haqqında sərəncam imzalayıb.

    Müvafiq sənədi AZƏRTAC dərc edib.

    Sərəncama əsasən, Azərbaycan teatr ənənələrinin qorunub saxlanılması və dövrün tələblərinə uyğun inkişafı ilə bağlı tədbirlərin davam etdirilməsi üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə 1,2 milyon (bir milyon iki yüz min) manat, o cümlədən Azərbaycan Dövlət “Yuğ” Teatrı, Azərbaycan Dövlət Pantomima Teatrı, Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı, Şəki Dövlət Dram Teatrı, Ağdam Dövlət Dram Teatrı, Füzuli Dövlət Dram Teatrı, Qazax Dövlət Dram Teatrı, Qusar Dövlət Ləzgi Dram Teatrı, Qax rayonu Gürcü Dövlət Dram Teatrı, Gəncə Dövlət Kukla Teatrı, Qax Dövlət Kukla Teatrı və Salyan Dövlət Kukla Teatrının hər birinə 100,0 (bir yüz) min manat ayrılıb.

    Maliyyə Nazirliyinə sənəddə göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

  • Ermənilərin qanunsuz əməllərini əks etdirən hesab yaradıldı

    Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü və suverenliyini şübhə altına alan istənilən fəaliyyət Xarici İşlər Nazirliyinin və ölkəmizin diplomatik nümayəndəliklərinin daima diqqət mərkəzindədir. Bu kimi fəaliyyətlər tərəfimizdən daim izlənilir və sözügedən fəaliyyətin qarşısının alınması istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

    Bununla bağlı XİN-in mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, bu xüsusda, XİN tərəfindən “Twitter” sosial şəbəkəsində Azərbaycanın işğal edilmiş ərazilərində aparılan qeyri-qanuni iqtisadi və digər fəaliyyətlərə dair məlumatı əks etdirən “Armenian Occupation Watch” adlı hesab yaradılıb.

    Sözügedən “Twitter” hesabında bir sıra xarici dövlətlərdə qeydiyyatdan keçmiş hüquqi və fiziki şəxslərin ölkəmizin işğal edilmiş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyətə cəlb olunması ilə bağlı məlumatlar, faktlar və foto şəkillər yerləşdirilir.

    Paylaşılan məlumatlarda xarici fiziki və hüquqi şəxslər tərəfindən ölkəmizin suverenliyi və ərazi bütövlüyünün pozulması halları, xüsusilə işğal olunmuş ərazilərdə birbaşa və ya dolayısı ilə qeyri-qanuni fəaliyyətin həyata keçirilməsi diqqətə çatdırılır və bu fəaliyyətə son qoyulmasına çağırış əks olunur.

  • Kanada Azərbaycanın notasına cavab verdi

    Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Kanada parlamentində Dağlıq Qarabağdakı erməni separatçı rejimi ilə dostluq qrupunun yaradılması barədə məlumata münasibət bildirib.

    Nazirliyin mətbuat katibi Leyla Abdullayeva “Report”un sorğusuna cavab olaraq deyib ki, dostluq qrupunun yaradılması ilə bağlı informasiya həqiqəti əks etdirmir.

    “Bu yaxınlarda Kanadada fəaliyyət göstərən Milli Erməni Komitəsinin sosial şəbəkələrdəki hesablarında Kanada parlamentində “Artsax xalqının parlament dostları” adlı dostluq qrupunun yaradılması ilə bağlı məlumat paylaşılıb. Belə bir qrupun yaradılması barədə məlumat nə dərəcədə doğrudur? XİN tərəfindən bu xüsusda hansı tədbirlər görülüb” sualına Azərbaycan XİN-in rəsmisi belə cavab verib: “Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü və suverenliyini şübhə altına alan istənilən fəaliyyət Xarici İşlər Nazirliyinin və ölkəmizin diplomatik nümayəndəliklərinin daima diqqət mərkəzindədir. Bu kimi fəaliyyətlər tərəfimizdən daim izlənilir və sözügedən fəaliyyətin qarşısının alınması istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

    Sorğu etdiyiniz “dostluq qrupu”nun yaradılması erməni tərəfinin yaydığı növbəti həqiqətə uyğun olmayan məlumatdır. Məsələ ölkəmizin Kanadadakı səfirliyi, həmçinin Kanadanın ölkəmizdə məsul səfirliyi ilə Ankaradakı diplomatik nümayəndəliyimiz vasitəsilə araşdırılıb.

    Kanadanın Xarici İşlər, Ticarət və İnkişaf Departamentindən daxil olan notada sözügedən parlament qrupunun dostluq qrupları siyahısında mövcud olmadığı qeyd olunub. Kanada tərəfi, ümumiyyətlə, dostluq qruplarına ölkə parlamentinin heç bir inzibati və ya maliyyə dəstəyi vermədiyi, bu qrupların bəyanat və fəaliyyətlərinin Kanada hökumətini təmsil etmədiyini bildirilib.

    Vurğulamaq istərdik ki, Kanadanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair mövqeyi dəyişilməzdir və bu barədə Kanada tərəfinin XİN-ə ünvanlandığı notada açıq şəkildə qeyd olunur. Belə ki, Kanada beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində Azərbaycanın ərazi bütövlüyünü tanıdığını, qondarma “Dağlıq Qarabağ Respublikası” və ya onun rəsmilərini tanımadığını, habelə münaqişənin həlli üzrə ATƏT-in Minsk qrupunun səylərinə dəstək verdiyini notasında növbəti dəfə bəyan edib.

    Bu hal bir daha onu göstərir ki, erməni tərəfinin, ilk növbədə, öz əhalisini aldatmağa yönəlmiş saxta xəbərlər kampaniyasından beynəlxalq ictimaiyyət artıq təngə gəlib”.

  • İlham Əliyev: Paris Notr-Dam kilsəsində baş verən yanğınla bağlı dərindən kədərləndim

    Fransanın və dünyanın mədəni irs incilərindən biri olan Paris Notr-Dam kilsəsində baş verən yanğınla bağlı dərindən kədərləndim.

    Bu barədə Prezident İlham Əliyev rəsmi “Twitter” səhifəsində yazıb.

    “Ümid edirəm ki, abidə qısa müddət ərzində bərpa olunaraq yenidən bəşəriyyətə qaytarılacaq”, – dövlət başçısı bildirib.

    Qeyd edək ki, Paris Notr-Dam kiləsində yanğın ötən gün yerli vaxtla 18:50 radələrində başlayıb. Yanğın kilsənin üçdə iki hissəsini külə döndərib, binanın qədimi saatları belə məhv olub. Yanğının binada aparılan restavrasiya işləri zamanı meydana gəldiyi güman edilir.