Category: Siyasət

  • İlham Əliyev Matviyenkoya orden verdi

    Valentina İvanovna Matviyenko “Dostluq” ordeni ilə təltif edilib. Bununla bağlı Azərbaycan prezidenti İlham Əliyev sərəncam imzalayıb.

    Sənədin mətnini AZƏRTAC dərc edib.

    Sərəncama əsasən, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında əməkdaşlıq və qarşılıqlı əlaqələrin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə Valentina İvanovna Matviyenko “Dostluq” ordeni ilə təltif edilib.

  • Türkiyə XİN Makronun soyqırımı qərarına sərt münasibət bildirdi

    Fransa prezidenti Emmanuel Makron 24 apreli qondarma “erməni soyqırımı qurbanlarının” xatirə günü elan edib.

    O, bununla da prezident seçkilərindən öncə, həmçinin bu ilin fevralında Fransa Erməni Təşkilatları Şurasının tədbirində verdiyi söz tutub.

    Türkiyənin Xarici İşlər Nazirliyi Fransa prezidenti Emmanuel Makronun 24 apreli “qondarma erməni soyqırımının” qurbanlarının xatirə günü elan etməsi qərarını tənqid edib.

    Türkiyə XİN-in bəyanatında deyilir:

    “Fransanın Türkiyəyə qarşı dostluq prinsiplərindən uzaq mövqeyi Türkiyə-Fransa əlaqələrinə mənfi təsir göstərəcək. Emmanuel Makronun qərarı Fransada yaşayan 700 mindən çox etnik türkün hüquqlarını pozur ”, – deyə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında qeyd edilir.

  • Azərbaycan XİN Nikol Paşinyana cavab verib

    Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın baş naziri Nikol Paşinyanın Strasburqda jurnalistlərə açıqlamasında “təklifimiz Azərbaycanın Qarabağ məsələsində istifadə etdiyi gücdən istifadə, gücdən istifadə ilə hədələmə və hərbi ritorikadan imtina etməsidir” fikrinə münasibət bildirib.

    XİN-dən verilən məlumatda gücdən istifadə etməmək və gücdən istifadə ilə hədələməmək ifadələrini səsləndirən Ermənistan baş nazirinə beynəlxalq hüququn bu prinsipləri barədə maariflənmək məqsədilə ATƏT-in 1975-ci il Helsinki Yekun Aktı ilə tanış olmaq israrla tövsiyə edilib: “Helsinki Yekun Aktının məlum 10 prinsipi arasında ikinci yerdə sadalanan “gücdən istifadə etməmək və gücdən istifadə ilə hədələməmək” prinsipi ilə bağlı qeyd olunur: “Dövlətlər qarşılıqlı münasibətlərində, eləcə də, ümumiyyətlə, beynəlxalq münasibətlərində hər hansı ölkənin ərazi bütövlüyü və siyasi müstəqilliyinə qarşı və ya BMT və hazırkı bəyanatın məqsədlərinə uyğun olmayaraq güc tətbiqindən və gücdən istifadə ilə hədələmədən çəkinəcəklər”.

    “Bütün beynəlxalq ictimaiyyət Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü tanıyır və BMT TŞ-nin 1993-cü il tarixli 4 qətnaməsində Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu vurğulanaraq işğalçı erməni qüvvələrinin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxması tələb olunur. Gücdən istifadə olunmamasını təklif edən erməni baş nazirini bölgədə davamlı sülh, təhlükəsizlik və rifahın təmin olunması naminə öz ölkəsinin silahlı qüvvələrini Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması istiqamətində beynəlxalq ictimaiyyətin tələblərinə uyğun olaraq təxirəsalınmaz addımlar atmağa çağırırıq”, – XİN-dən vurğulanıb.//report.az

  • Ali Baş Komandanın bayrağı təsdiqləndi

    Prezident İlham Əliyev “Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanının bayrağı haqqında Əsasnamə”nin və “Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanının bayrağının təsviri”nin təsdiq edilməsi barədə fərman imzalayıb.

    Əsasnaməyə görə, Ali Baş Komandanının bayrağı Azərbaycan Respublikası Prezidentinin rəsmi hərbi simvoludur.

    Sözügedən bayraq üç növdə hazırlanır:

    Etalon (bayrağın orijinalı) – Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasının Prezident Sarayında yerləşən xidməti otağında saxlanılır;

    Dublikat (bayrağın surəti) – Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı kimi iştirak etdiyi rəsmi tədbirlərin və digər mərasimlərin keçirilməsi zamanı və o, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin struktur qurumlarına gəldikdə həmin tədbirin keçirildiyi binanın üzərində, olduğu gəmidə və ya həmin tədbir üçün nəzərdə tutulan salonda (otaqda) qaldırılır (asılır) və ya yerləşdirilir;

    Kiçildilmiş ölçülü dublikat (nəqliyyat üçün) – Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı kimi səfərləri zamanı nəqliyyat vasitəsində quraşdırıla bilər.

    Ölçülərindən asılı olmayaraq, bayrağın bütün dublikatları onun etalonunun (orijinalının) təsviri, rəng çalarları və ölçüləri nisbəti ilə eyni olmalıdır.

    Azərbaycan Respublikasının Dövlət Bayrağı ilə birgə qaldırılırsa (asılırsa) və ya yerləşdirilirsə, qarşıdan baxıldıqda Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanının bayrağı Dövlət Bayrağından sağda yerləşdirilir.

    Ali Baş Komandanının bayrağının təsvirinə gəldikdə isə, Dövlət Bayrağının təsvirinə tam uyğun şəkildə, ikiüzlü qumaşdan hazırlanır və eninin uzunluğuna nisbəti 1:2-dir.

    Bayrağın hər iki üzünün ortasında Ali Baş Komandanının emblemi təsvir edilib. Qumaşın üst kənarı boyu mavi zolaqda qızılı rəngli həriflərlə “AZƏRBAYCAN RESPUBLİKASI”, aşağı kənarı boyu yaşıl zolaqda isə “SİLAHLI QÜVVƏLƏRİNİN ALİ BAŞ KOMANDANI” sözləri yazılıb.

    Ali Baş Komandanının emblemi tiyələri yuxarı yönəlmiş çarpazlaşdırılmış qılıncların iti ucları arasında yerləşən Azərbaycan Respublikası Dövlət Gerbinin təsvirindən ibarətdir. Qılıncların tiyələrinin aşağı əsaslarından uclarına doğru hər iki tərəfə dəfnə budaqları yönəlmişdir. Dəfnə budaqları və qılıncların dəstəkləri qızılı, tiyələri isə gümüşü rəngdədir.

    Ali Baş Komandanının bayrağının dirəyi girdə taxtadandır. Dirək tünd qəhvəyi boya ilə rənglənir, laklanır və yuxarı ucu aypara ilə səkkizguşəli ulduz formalı nikellənmiş metal başlıqla örtülür.

  • İlham Əliyevdən intihar edən Elinanın işi ilə bağlı – XÜSUSİ TAPŞIRIQ

    Bakı şəhəri 162 nömrəli tam orta məktəbin şagirdi Elina Hacıyevanın intiharı ilə bağlı məsələ prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevanın nəzarətindədir.

    Bunu jurnalistlərə açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

    Onun sözlərinə görə, bütün dövlət qurumlarına, Təhsil Nazirliyinə, Dövlət Komitəsinə və Daxili İşlər Nazirliyinə xüsusi tapşırıqlar verilib:

    “Bu məsələ ciddi formada araşdırılmalıdır. Mən təəccüblənirəm ki, sosial şəbəkələrdə işi dərk etməyən insanlar iradlar tuturlar. Hazırda istintaq işi gedir. Bu işdə kim günahkardırsa, cəzasını alacaq”.

  • Tale Heydərov istefasından danışdı: “Vaxtı çatmışdır”

    “Qəbələ” klubu növbəti bəyanatını yayıb.

    Median.Az milli.az-a  istinadən xəbər verir ki, bəyanatda prezident Tale Heydərovun istefası barədə yazılıb.

    Həmçinin Heydərovun açıqlamasına da yer verilib:

    “Dünən Tale Heydərov “Qəbələ” İdman Klubu prezidentliyindən istefa vermişdir.

    Onun 13 il bu vəzifəni icra etdikdən sonra vəzifəsindən istefa qərarını indi verməsi kluba 2019-2020-ci il mövsümü üçün rəhbərlik dəyişikliyini rahat reallaşdırmaq imkanı verir.

    Tale Heydərovun rəhbərliyi altında “Qəbələ” İK möhtəşəm nəticələr qazanmış, kiçik təməldən başlayaraq Azərbaycan Premyer Liqasına yüksəlməklə ölkənin ən uğurlu komandalarından birinə çevrilmişdir. “Qəbələ”, Azərbaycan üçün rekorda imza ataraq iki il ardıcıl ilk mərhələdən başlayaraq UEFA Avropa Liqası qrup mərhələlərinə yüksəlmişdir.

    İstefası ilə bağlı açıqlama verən Tale Heydərov klubun daha da irəli gedəcəyinə inandığını demişdir: “Klubun 13 il boyunca inkişaf etməsini görmək möhtəşəm idi və mən nailiyyətlərimizlə qürur duyuram. Artıq mənim üçün bu vəzifədən getməyin və başqasına bu böyük klubu yeni qələbələrə daşımaq fürsəti verməyin vaxtı çatmışdır. Mən klubun əməkdaşlarına, oyunçularına və ən əsası azarkeşlərinə klubu indiki səviyyəyə çatdırdıqları üçün təşəkkür edirəm və bilirəm ki, onlar daha böyük uğurlar qazanacaqlar”.

    Klubun son illərdəki ən böyük uğurlarından biri “Qəbələ” Futbol Akademiyasının açılışı olub. 2009-cu ildə fəaliyyətə başlayan akademiya hazırda Azərbaycanın U-21 millisinin oyunçu təlabatının 40 faizini təşkil edir və digər yaş qrupları üzrə Azərbaycan milli komandalarının əsas gənc oyunçu təminatçısıdır.

    Klubumuzun vitse-prezidenti Fariz Nəcəfov Tale Heydərovun “Qəbələ” üçün böyük işlər gördüyünü vurğulamışdır: ” Biz Tale Heydərova kluba göstərdiyi xidmətlərə görə minnətdarlığımızı bildiririk. Onun rəhbərliyi altında qazanılan uğurlar “Qəbələ”nin ölkənin öndə gələn idman institutu kimi formalaşmasını təmin etmişdir. Tale Heydərovun infrastukturun yaradılmasına verdiyi önəm “Qəbələ”ni ölkənin əsas futbol mərkəzlərindən birinə çevrilmişdir. Heydərovun başçılığı altında klubumuz təkcə futbolda deyil, digər idman növlərində də ciddi uğurlar qazanmışdır. Artıq “Qəbələ” üçün yeni səhifə açılır və biz yeni uğurlara köklənmişik. Tale Heydərova gələcək işlərində müvəffəqiyyətlər arzu edirik.”

    Tale Heydərovun klubdan ayrılması bu il Bakıda açılması planlaşdırılan Ronaldinyo Futbol Akademiyasının açılışına təsir etməyəcəkdir. Ronaldinyo akademiyası T. Heydərovun Azərbaycan futboluna bağlılığının parçasıdır və “Qəbələ” İK, eləcə də bütün ölkə üçün futbol istedadlarının yeni nəsillərini yetişdirəcəkdir”.

  • Valentina Matvienko Bakıya gəlir

    Sabah Rusiya Dövlət Dumasının Federasiya Şurasının sədri Valentina Matvienko Bakıya ikigünlük səfərə gələcək.

    Səfər çərçivəsində Milli Məclisin spikeri Oqtay Əsədovla və Azərbaycan-Rusiya parlamentlərarası işçi qrupunun üzvləri ilə görüş olacaq.

    Görüşlərdə Azərbaycan-Rusiya münasibətləri, iki ölkə arasında parlamentlər səviyyəsində əlaqələrin inkişafı müzakirə olunacaq

  • Prezident “Azərsu”ya 25 milyon manat ayırdı

    Prezident İlham Əliyev “Şəki şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.

    Bu barədə müvafiq sənədi AZƏRTAC dərc edib.

    Sərəncamla Şəki şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.7.7-ci yarımbəndində göstərilmiş məbləğin 25 milyon manatı “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

    Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

  • İlham Əliyev argentinalı səfiri qəbul edib – FOTO

    Azərbaycan Respublikasının prezidenti İlham Əliyev aprelin 10-da Argentina Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Serxio Osvaldo Peres Qunellanın etimadnaməsini qəbul edib.

    Bununla bağlı məlumatı AZƏRTAC dərc edib.





  • Gürcüstan səfiri: “9 Aprel və 20 Yanvar böyük faciələrdir, acılarımız birdir”

    “9 Aprel və 20 Yanvar böyük faciələrdir, acılarımız birdir”.

    Median.Az report-a istinadən xəbər verir ki, bunu 9 Aprel Tbilisi hadisələrinə həsr olunan fotosərgidə Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze bildirib.

    “Gürcülərin böyük faciəsindən 30 il ötür. Ölkəmizin gələcəyi naminə, müstəqilliyi naminə günahsız insanlar həlak olublar. Bu faciə həm də qürur yerimizdir. Baş verən hadisədən iki il keçəndən sonra Gürcüstan müstəqilliyini elan etdi”, – deyə qeyd edən diplomat Azərbaycanla Gürcüstanı eyni ağrı-acı birləşdirdiyini dilə gətirib.

    “1990-cı ilin 20 yanvar günü Sovet İttifaqının totalitar rejimi azadsevər Azərbaycan xalqına divan tutub. Tbilisiyə nisbətən Bakıda qurbanların sayı daha çox olub. İndi biz onların unudulmaması, xatirəsinin daim yaşaması üçün hər şey etməliyik. Övladlarımız millətin qəhrəmanlarını tanımalı və yad etməlidirlər”, – səfir vurğulayıb.

    Qeyd edək ki, 9 aprel 1989-cu il tarixində Tbilisi şəhərinin mərkəzində Sovet ordusunun Gürcüstanın müstəqilliyinin tərəfdarlarının kütləvi mitinqinə amansızlıqla hücum etməsi nəticəsində aralarında 16 qadın olmaqla 21 nəfər həlak olmuş, 290 nəfər xəsarət alaraq əlil olmuş, 300-ə yaxın insan isə xüsusi tərkibli qazla zəhərlənmişdir.