Category: Siyasət

  • İlham Əliyev Bağdad Amreyevi qəbul edib

    Azərbaycan Respublikasının prezidenti İlham Əliyev aprelin 16-da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Bağdad Amreyevi qəbul edib.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

  • Azərbaycan və Ermənistan jurnalistlərinin Bakı və Yerevana səfərləri təşkil olunacaq

    Aprelin 15-də Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin Moskva görüşü faydalı və substantiv keçdi.

    AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan jurnalistlərinə müsahibəsində xarici işlər naziri Elmar Məmmədyarov söyləyib.

    Nazir qeyd edib ki, əvvəlcə Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri üçtərəfli görüş keçirdilər. “Çox faydalı görüş oldu. İndiyə qədər danışıqlarda irəliləyişə imkan verməyən məsələləri konkret şəkildə müzakirə etdik. Tam şəkildə irəliləyişin olmasını deyə bilmərəm. Ancaq Ermənistan tərəfi ilə bəzi problem yaradan məqamları ətraflı və daha dərindən başa düşə bildik. Məsələn, Ermənistan tərəfi statusla və təhlükəsizliklə bağlı məsələ qaldırdı. Biz isə qoşunların işğal altında olan torpaqlardan çıxarılması və məcburi köçkünlərin geri qaytarılması məsələsini qaldırdıq. Bu dörd fikir əsasında çox dərin müzakirələr apardıq”, – deyə nazir bildirib.

    Elmar Məmmədyarov vurğulayıb ki, görüşdə bəzi təkliflər səsləndirilib: “İndidən bu təklifləri açıqlamaq istəmirəm. Bu, həm Rusiya, həm digər həmsədrlər, həm də Azərbaycan və Ermənistan tərəfinin təklifləridir. Biz bu istiqamətdə işimizi davam etdirəcəyik”.

    Nazir görüşün yekun bəyanatında qeyd olunduğu kimi, Azərbaycan və Ermənistan jurnalistlərinin Bakıya, Yerevana və Dağlıq Qarabağa səfərlərinin təşkili məsələsinə toxunub: “Bu çox maraqlı fikirdir ki, erməni və azərbaycanlı jurnalistlər Yerevana, Bakıya, Dağlıq Qarabağa səfərlər etsinlər. Bundan əlavə, cəbhə bölgəsində kənd təsərrüfatı ilə məşğul olan əhalinin təhlükəsizliyinin təmin olunması barədə razılığa gəldik. Ümid edirəm ki, Ermənistan tərəfi buna hörmətlə yanaşacaq. Sakinlərə öz torpaqlarında işləməyə imkan yaradacaqlar”.

  • Prezident Dövlət Himnindən istifadə qaydaları haqqında qanunu imzalayıb

    Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə qaydaları haqqında qanun”u imzalayıb.

    Median.Az-ın report-a istinadən məlumatına görə, bu qanun Azərbaycan Respublikası Konstitusiyasının 23-cü maddəsinə və “Azərbaycan Respublikası Dövlət Himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa uyğun olaraq, Azərbaycan Respublikasının Dövlət Himninin ifa edilməsi, oxunması, dinlənilməsi və Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə qaydalarını müəyyən edir.

    Maddə 1. Azərbaycan Respublikasının Dövlət Himni

    1.1. Azərbaycan Respublikası Konstitusiyasının 23-cü maddəsinin I hissəsinə əsasən, Azərbaycan Respublikasının Dövlət Himni Azərbaycan Respublikasının dövlət rəmzidir.

    1.2. Azərbaycan Respublikasının Dövlət Himninin musiqisi və mətni “Azərbaycan Respublikası Dövlət Himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu ilə müəyyən edilir.

    Maddə 2. Azərbaycan Respublikasının Dövlət Himninə hörmət

    2.1. Azərbaycan Respublikası Konstitusiyasının 75-ci maddəsinə əsasən, hər bir vətəndaş Azərbaycan Respublikasının Dövlət Himninə hörmət etməlidir. Azərbaycan Respublikasının Dövlət Himninə hörmətsizliyin nümayiş etdirilməsi qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.

    2.2. Azərbaycan Respublikası Konstitusiyasının 69-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları ilə yanaşı əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də bu Qanunun 2.1-ci maddəsində göstərilən vəzifəni daşıyırlar.

    Maddə 3. Azərbaycan Respublikasının Dövlət Himni haqqında qanunvericilik

    Azərbaycan Respublikasının Dövlət Himni haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, “Azərbaycan Respublikası Dövlət Himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunundan, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, bu Qanundan və bu Qanuna uyğun qəbul edilmiş digər normativ hüquqi aktlardan ibarətdir.

    Maddə 4. Azərbaycan Respublikasının Dövlət Himni ilə bağlı dövlətin vəzifələri

    4.0. Azərbaycan Respublikasının Dövlət Himni ilə bağlı dövlətin vəzifələri aşağıdakılardır:

    4.0.1. Azərbaycan Respublikasının Dövlət Himninin mahiyyətini və əhəmiyyətini əhali arasında geniş təbliğ etmək və onları bu barədə maarifləndirmək;

    4.0.2. gəncləri və təhsilalanları Azərbaycan Respublikasının Dövlət Himninə hörmət ruhunda tərbiyələndirmək;

    4.0.3. Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının Dövlət Himninə qarşı hörmətsizliyin nümayiş etdirilməsinin qarşısının alınması üçün beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun tədbirlər görmək;

    4.0.4. bu Qanuna riayət olunmasına nəzarəti təmin etmək.

    Maddə 5. Azərbaycan Respublikasının Dövlət Himninə müəlliflik hüququ

    5.1. “Müəllif hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, dövlət rəmzləri müəlliflik hüququnun obyekti deyildir.

    5.2. Azərbaycan dövləti Azərbaycan Respublikasının Dövlət Himnini qeyri-qanuni istifadədən və ona zərər vuran digər hərəkətlərdən qoruyur.

    Maddə 6. Azərbaycan Respublikasının Dövlət Himninin mütləq ifa edildiyi hallar və həmin hallarda ifa edilməsinə, oxunmasına və dinlənilməsinə dair tələblər

    6.1. Azərbaycan Respublikasının Dövlət Himni aşağıdakı hallarda mütləq ifa edilir:

    6.1.1. Azərbaycan Respublikasının Prezidenti seçilmiş şəxsin andiçmə mərasimində (and içdikdən sonra);

    6.1.2. Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası Milli Məclisinin iclaslarına gəldiyi zaman;

    6.1.3. Azərbaycan Respublikası Milli Məclisinin növbəti və növbədənkənar sessiyalarının başlanması və qurtarması zamanı;

    6.1.4. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbəti və növbədənkənar sessiyalarının başlanması və qurtarması zamanı;

    6.1.5. Azərbaycan Respublikasının bayramlarına həsr olunmuş təntənəli yığıncaqların və iclasların açılışı və bağlanışı zamanı;

    6.1.6. Azərbaycan dövləti və xalqı üçün mühüm tarixi hadisələr olduqda;

    6.1.7. Azərbaycanın görkəmli dövlət, siyasi, ictimai, elm, ədəbiyyat, incəsənət xadimlərinin və Azərbaycanın Milli Qəhrəmanlarının abidələrinin və ya xatirə lövhələrinin açılışı zamanı;

    6.1.8. dövlət orqanları (qurumları), yerli özünüidarə orqanları, siyasi partiyalar və ya qeyri-hökumət təşkilatları tərəfindən keçirilən mərasimlər və digər təntənəli tədbirlər zamanı (Azərbaycan Respublikasının Dövlət Bayrağı qaldırılarkən və ya asılarkən);

    6.1.9. Azərbaycan Respublikasına rəsmi görüşə gələn xarici ölkələrin dövlət və hökumət başçılarının qarşılanması və yola salınması zamanı (müvafiq ölkənin Dövlət Himni ifa edildikdən sonra).

    6.2. Azərbaycan Respublikasının Dövlət Himni musiqisinə (partiturasına) uyğun orkestr, xor və ya orkestr-xor tərəfindən, yaxud başqa vokal üsulla və ya alətlər vasitəsilə, həmçinin səsyazma vasitəsindən istifadə etməklə bütün hallarda tam ifa edilir.

    6.3. Azərbaycan Respublikasının Dövlət Himni ifa edildikdə Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Dövlət Himnini ayaq üstə, farağat vəziyyətdə sona qədər dinləməli və ya mətninə uyğun olaraq oxumalıdırlar.

    6.4. Azərbaycan Respublikasının Dövlət Himni ifa edildikdə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının Dövlət Himnini ayaq üstə, farağat vəziyyətdə sona qədər dinləməlidirlər.

    Maddə 7. Azərbaycan Respublikasının Dövlət Himnindən istifadənin digər halları və qaydaları

    7.1. Azərbaycan Respublikasının Dövlət Himninin hərbi qulluqçular tərəfindən ifa edilməsi, ifa edilən zaman əsgəri salam verilməsi, dinlənilməsi və oxunması qaydaları bu Qanunun tələbləri əsas götürülməklə Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 887 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsi” ilə, xüsusi rütbəli şəxslərə münasibətdə isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanlar (qurumlar) tərəfindən müəyyən edilir.

    7.2. Dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiramın göstərilməsi nəzərdə tutulmuş şəxslərin dəfn mərasimində Azərbaycan Respublikasının Dövlət Himninin ifa edilməsi qaydası bu Qanunun tələbləri əsas götürülməklə Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi” ilə tənzimlənir.

    7.3. Xarici dövlətin ərazisində Azərbaycan Respublikasının keçirdiyi təntənəli tədbirlər zamanı Azərbaycan Respublikasının Dövlət Himninin ifa edilməsi qaydası bu Qanunun tələbləri əsas götürülməklə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

    7.4. İdman yarışları zamanı Azərbaycan Respublikasının Dövlət Himninin ifa edilməsi qaydası bu Qanunun tələbləri əsas götürülməklə həmin yarışları təşkil edən idman təşkilatı tərəfindən müəyyən edilir.

    7.5. Azərbaycan Respublikasının Dövlət Himni hər səhər Azərbaycan Respublikasının televiziya və radio yayımlarının əvvəlində bu Qanunun 6.2-ci maddəsində müəyyən edilmiş qaydada ifa edilir.

    7.6. Azərbaycan Respublikasının Dövlət Himninin mətni və musiqisi (partiturası) Əlifba kitabının birinci səhifəsində dərc edilir.

    7.7. Azərbaycan Respublikasının bütün təhsil müəssisələrində yeni dərs ilinin birinci dərsi Azərbaycan Respublikasının digər dövlət rəmzləri ilə yanaşı Azərbaycan Respublikasının Dövlət Himninin öyrənilməsinə həsr edilir.

    Maddə 8. Azərbaycan Respublikasının Dövlət Himnindən istifadəyə dair məhdudiyyətlər

    8.1. Azərbaycan Respublikasının Dövlət Himni başqa dildə oxuna bilməz.

    8.2. Azərbaycan Respublikasının Dövlət Himninin təhrifinə yol verilmir.

    Maddə 9. Bu Qanunun pozulmasına görə məsuliyyət

    Bu Qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar.

    Maddə 10. Yekun müddəa

    Bu Qanun qüvvəyə mindiyi gündən “Azərbaycan Respublikasının Dövlət himni haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1993, № 11, maddə 328; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 6, maddə 380; 2004, № 4, maddə 199; 2017, № 5, maddə 687) 1-ci maddəsi ləğv edilir.

  • Elmar Məmmədyarov: “Çox geniş və substantiv danışıqlar keçdi”

    “Azərbaycan, Ermənistan və Rusiyanın xarici işlər nazirləri ilə ATƏT-in Minsk qrupu həmsədrlərinin Moskva görüşündə bir neçə yeni təklif müzakirə olundu və qərarlar qəbul edildi. Ümumiyyətlə çox geniş və substantiv danışıqlar keçdi”.

    Median.Az ONA-ya istinadən xəbər verir ki, bunu Moskvada Azərbaycan mediasına müsahibəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib.

    Moskvada Qarabağ münaqişəsi ilə bağlı görüşün yekunlarını şərh edən Azərbaycan XİN başçısı bunları deyib: “İlk növbədə Sergey Lavrov, mən və Zohran Mnatasakanyan üçtərərfli görüş keçirdik. Çox faydalı görüş oldu. İndiyə qədə danışıqlarda irəliləyişin olmasına imkan verməyən məsələləri konkret şəkildə müzakirə etdik. Tam şəkildə irəliləyişin olduğunu deyə bilmərəm. Ancaq ümumiyyətlə, deyə bilərəm ki, Ermənistan tərəfi və mən bəzi problem yaradan məqamları ətraflı və daha dərindən başa düşə bildik. 2016-cı ildə Rusiya tərəfindən təqdim olunan plan əsasında biz müzakirə apardıq. Əlbəttə bir görüşlə biz bütün məsələləri həll edə bilmərik.

    Bu günki görüşün faydası ondadır ki, biz dərindən başa düşdük ki, hansı problemlər var və hansı problemlər aradan qaldırılmalıdır. Məsələn, statusla və təhlükəsizliklə bağlı Ermənistan tərəfi məsələ qaldırır. Biz isə ilk növbədə işğal altındakı torpaqlardan Ermənistan qoşunlarının çıxarılması və məcburi köçkünlərin geri qaytarılması məsələsini qaldırırıq. Bu dörd fikir əsasında çox dərin bir müzakirələr apardıq. Belə bir razılığa gəldik ki, bunu davam etdirək. Çünki mən öz tərəfimdən cənab prezidentə məlumat verməliyəm. Erməni həmkarım isə öz baş nazirinə məlumat verməlidir. Görüşdə bəzi təkliflər səsləndirilib. İndidən bu təklifləri açıqlamaq istəmirəm. Bu təkliflər həm Rusiya, həm digər həmsədrlər, həm də Azərbaycan və Ermənistan tərəfinin təklifləridir. Biz bu istiqamətdə işimizi davam etdirəcəyik”.

    E. Məmmədyarov görüşün yekununda qəbul edilmiş bəyanatda qeyd olunan KİV nümayəndələrinin səfərlərinin təşkili məsələsinə də toxunub: “Erməni və azərbaycanlı jurnalistlərin Dağlıq Qarabağa səfər etməsi maraqlı fikirdir. Belə bir razılığa gəldik ki, cəbhə bölgəsində kənd təsərrüfatı ilə məşğul olan əhalinin təhlükəsizliyi təmin olunsun. İnanmaq istəyirəm ki, Ermənistan tərəfi buna hörmətlə yanaşacaq. Sakinlərin öz torpaqlarında işləməsinə imkan yaradacaqlar”.

  • Məmməd Cəfər Cəfərovun 110 illiyi qeyd ediləcək – SƏRƏNCAM

    Prezident İlham Əliyev akademik Məmməd Cəfər Cəfərovun 110 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

    Sərəncama əsasən, Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə akademik Məmməd Cəfər Cəfərovun 110 illiyinə dair tədbirlər planını hazırlayıb həyata keçirməlidir.

    Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

    Qeyd edək ki, 2019-cu ilin may ayında görkəmli ədəbiyyatşünas və tənqidçi, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycanın Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Məmməd Cəfər Zeynalabdin oğlu Cəfərovun anadan olmasının 110 illiyi tamam olur.

    Akademik Məmməd Cəfər Cəfərov ömrünün 60 ilə yaxın bir dövrünü ölkədə ədəbi-nəzəri fikrin inkişafına həsr edib, ədəbiyyatın tarixi və nəzəriyyəsi, ədəbi əlaqələr və eləcə də, estetikanın aktual məsələlərinə dair fundamental araşdırmaları ilə Azərbaycan ədəbiyyatşünaslığını əhəmiyyətli dərəcədə zənginləşdirib.

    Onun geniş əhatəli elmi irsində Nizami Gəncəvi, Məhəmməd Füzuli, Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Hüseyn Cavid və Səməd Vurğun kimi qüdrətli söz ustalarının yaradıcılıqlarının fəlsəfi-estetik mahiyyətini dünya ədəbi təcrübəsi ilə vəhdətdə dolğun şərh edən, yüksək elmi-nəzəri ümumiləşdirmə gücünə malik əsərləri xüsusi yer tutur.

    Azərbaycan ədəbiyyatında romantizm cərəyanının təşəkkülü və inkişafının ilk müfəssəl tədqiqi Məmməd Cəfər Cəfərovun adı ilə bağlıdır. Pedaqoji sahədə uzun müddət uğurla çalışan və qiymətli dərsliklər müəllifi olan alim, həmçinin, elmi kadrların hazırlanması istiqamətində təqdirəlayiq fəaliyyət göstərib.

  • Müharibə veteranlarına Prezident təqaüdü veriləcək – FƏRMAN

    Prezident İlham Əliyev “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında fərman imzalayıb.

    Fərmana əsasən, müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 80 manat müəyyən olunub.

    Təqaüd 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir.

    Təqaüd dövlət büdcəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə nəzərdə tutulmuş xərclər hesabına həmin nazirlik tərəfindən ödənilir.

    Bu fərmana əsasən təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünü və müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə, 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə, ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən I qrup əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünü almaq hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin qeyd olunan təqaüdlərindən yalnız biri – ən yüksəyi verilir.

    Fərmanda Nazirlər Kabinetinə və Ədliyyə Nazirliyinə müvafiq tapşırıqlar verilib.

  • Prezidentdən vəkilliklə bağlı – SƏRƏNCAM

    Prezident İlham Əliyev “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” sərəncam imzalayıb.

    Sərəncama əsasən, Nazirlər Kabineti Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli;

    Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli;

    Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamalı və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli;

    Həmin Qanundan irəli gələn digər məsələləri həll etməlidir.

    Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verməlidir.

  • Mehriban Əliyeva Matviyenko ilə görüşdü – FOTO

    Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva ölkəmizdə rəsmi səfərdə olan Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb.

    AZƏRTAC xəbər verir ki, Mehriban Əliyeva Valentina Matviyenkonu Azərbaycanda salamlayaraq, onun ölkəmizdə hər zaman arzuedilən qonaq olduğunu deyib.

    Mehriban Əliyeva rusiyalı qonağı yubileyi və təltif edildiyi mükafatlar münasibətilə təbrik edib, Valentina Matviyenkoya gələcək fəaliyyətində yeni nailiyyətlər arzulayıb.

    Birinci vitse-prezident Rusiya Federal Məclisi Federasiya Şurası sədrinin gördüyü işlərin əhəmiyyətini xüsusi vurğulayıb, bu fəaliyyətin Azərbaycan ilə Rusiya arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsinə mühüm töhfə olduğunu deyib.

    Azərbaycanda yenidən olmaqdan məmnunluğunu ifadə edən Valentina Matviyenko, ölkəmizə həmişə xoş niyyətlə gəldiyini söyləyib. Qonaq Azərbaycanda göstərilən qonaqpərvərliyə və diqqətə görə minnətdarlığını bildirib.

    Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Azərbaycan Respublikasının prezidenti İlham Əliyevlə görüşdüyünü, bu görüşün onun üçün böyük şərəf olduğunu bildirib.

    Qonaq İlham Əliyev ilə Azərbaycan-Rusiya əlaqələrinin gələcək inkişafına dair fikir mübadiləsinin aparıldığını qeyd edib.




  • İlham Əliyev Matviyenkonu qəbul etdi – FOTO

    Azərbaycan Respublikasının prezidenti İlham Əliyev aprelin 12-də Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri xanım Valentina Matviyenkonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

    AZƏRTAC xəbər verir ki, görüşdə prezident İlham Əliyev Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkoya Azərbaycanın “Dostluq” ordenini təqdim edib.

    Valentina Matviyenko Azərbaycan ilə Rusiya arasında əməkdaşlıq və qarşılıqlı əlaqələrin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə dövlət başçısının Sərəncamı ilə bu ordenlə təltif olunub.








  • Deputatlar yenə toplaşacaq

    Milli Məclisin (MM) aprel ayında keçiriləcək daha iki plenar iclasının vaxtı məlum olub.

    Oxu.az-ın MM-dən əldə etdiyi məlumata görə, iclasların aprelin 23-ü və 30-da keçirilməsi nəzərdə tutulur.

    Hələlik iclasların gündəliyi tam dəqiq olmasa da, iclaslardan birində Gənclər Fondunun, digərində isə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun hesabatlarının müzakirəsi gözlənilir.