Category: Siyasət

  • Zurabişvili azərbaycanlılarla görüşdü – FOTO

    Gürcüstan Prezidenti Salome Zurabişvili Kvemo Kartli bölgəsinin Marneuli rayonunda kənd təsərrüfatının inkişaf perspektivləri ilə tanış olub.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, martın 19-da Salome Zurabişvili Marneuli rayonunun azərbaycanlılar yaşayan Dəmyə-Görarx kəndindəki istixana təsərrüfatına baxıb, bölgə rəhbərliyi və kənd əhalisi ilə görüşüb.

    Bildirilib ki, 2014-cü ildə yaradılmış istixana 2 hektar ərazini əhatə edir. Burada illik məhsuldarlıq 300-400 ton təşkil edir.

    Dövlət başçısı regionda kənd təsərrüfatının inkişafının vacibliyini vurğulayıb, bu sahənin inkişafında kiçik və orta sahibkarlığın, fermer təsərrüfatlarının rolunu qeyd edib.

    Sonra S.Zurabişvili Əzizkənd kəndində olub və buradakı “Hazır şitil” istixanasının fəaliyyəti ilə maraqlanıb.

    İstehsal olunan məhsulun daxili bazarda satıldığı və xaricdə də bu məhsullara ehtiyac olduğu diqqətə çatdırılıb.

    Gürcüstan Prezidenti bölgədə kənd təsərrüfatının inkişafı üçün böyük potensialın olduğunu vurğulayıb və bunun üçün sərmayələrin cəlb olunmasının vacibliyini vurğulayıb.

  • Sevil Əliyevadan bayram təbriki

    Prezident İlham Əliyevin bacısı Sevil Əliyeva Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib.

    Median.Az Kult.az-a istinadən xəbər verir ki, o, bu barədə şəxsi İnstaqram səhifəsində yazıb.

    “Əziz bacılar və qardaşlar, sizi həyatımıza baharın gəlişini bildirən ən əziz gün olan Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm. Sizə möhkəm can sağlığı, ailə xoşbəxtliyi və işlərinizdə uğurlar arzulayıram. Qoy, ulularımızdan bizə yadigar qalan müqəddəs Novruz bayramının tonqalları həyatımızı işıqlandırsın, hər evə, hər ailəyə bol ruzi-bərəkət və səadət gətirsin”, – S.Əliyeva qeyd edib.

  • ABŞ əfv sərəncamını alqışlayır

    “Amerika Birləşmiş Ştatları 16 mart tarixli əfv sərəncamını və 400-dən çox insanın, o cümlədən siyasi müxalifət, vətəndaş cəmiyyəti və dini qrupların nümayəndəsi hesab edilən 51 siyasi məhbusun azad edilməsini alqışlayır”.

    Median.Az-ın ONA-ya istinadən məlumatına görə, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin açıqlamasında bildirilir.

    “Biz Azərbaycanı öz vətəndaşlarının əsas azadlıqlarını qorumaq üçün gələn aylarda beynəlxalq öhdəliklərinə uyğun olaraq əlavə müsbət addımlar atmağa təşviq edirik”,- deyə açıqlamada qeyd edilir.

  • Prezident Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə bağlı fərman imzaladı

    Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında fərman imzalayıb.

    Median.Az-ın məlumatına görə, “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi haqqında Əsasnamə” təsdiq edilib.

    2. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (bundan sonra – Komitə) yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin tabeliyində olan Xüsusi Layihə-Smeta Bürosunun və Şəhər Ərazisinin Tikinti-Planlaşdırma İdarəsinin əsasında Komitənin tabeliyində publik hüquqi şəxs statuslu Ərazi Tikinti-Planlaşdırma Mərkəzi (bundan sonra – Mərkəz) yaradılsın.

    3. “Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).

    4. “Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin göstərdiyi ödənişli xidmətlərin siyahısı” təsdiq edilsin (əlavə olunur).

    5. Mərkəzdə təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

    5.1. Azərbaycan Respublikasının Prezidentinə:

    5.1.1. Mərkəzin nizamnaməsinin təsdiq edilməsi və nizamnamə fondunun miqdarının müəyyən edilməsi;

    5.1.2. Mərkəzin yenidən təşkili və ləğv edilməsi;

    5.2. Komitəyə:

    5.2.1. bu Fərmanın 5.1-ci bəndində qeyd edilənlər istisna olmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

    5.3. Mərkəzin ilkin nizamnamə fondu 1 000 000 (bir milyon) manat təşkil edir və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır.

    6. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası yaşayış sahələrinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq müvafiq torpaq sahəsinə bağlılığının təsbit edildiyi qüvvədə olan qanunlarda dəyişikliyi nəzərdə tutan qanun layihəsini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

    7. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

    7.1. Mərkəz “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində Komitənin Memarlıq və Şəhərsalma Baş İdarəsinin tabeliyində olan Xüsusi Layihə-Smeta Bürosunun və Şəhər Ərazisinin Tikinti-Planlaşdırma İdarəsinin balansındakı əmlakın Mərkəzin balansına verilməsini təmin etsin;

    7.2. bu Fərmanın 2-ci hissəsinə və 7.1-ci bəndinə uyğun olaraq Mərkəzin balansına verilən dövlət əmlakının qiymətləndirilərək Mərkəzin nizamnamə fondunda nəzərə alınması üçün müvafiq təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

    7.3. bu Fərmanın 4-cü hissəsi ilə təsdiq edilən siyahıda göstərilmiş xidmətlərə görə ödənilən xidmət haqqı məbləğlərini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla bir ay müddətində təsdiq etsin;

    7.4. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

    7.5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

    7.6. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

    7.7. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

    8. Müəyyən edilsin ki:

    8.1. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq tikintisinə icazə tələb olunan, lakin həmin Məcəllənin 89.1-ci maddəsində nəzərdə tutulan ekspertizasının keçirilməsi tələb olunmayan tikinti obyektlərinə münasibətdə, habelə Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi digər hallarda bu Fərmanın 4-cü hissəsində nəzərdə tutulan xidmətlərin göstərilməsinə görə xidmət haqqı ödənilmir;

    8.2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmanın 7.3-cü bəndinə uyğun olaraq xidmət haqqı müəyyən edənədək həmin xidmət haqqını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Komitə müəyyən edir.

    9. “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında Əsasnamənin, komitənin strukturunun təsdiq edilməsi, aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 9 noyabr tarixli 647 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 11, maddə 1095; 2009, № 12, maddə 983; 2011, № 2, maddə 85; 2016, № 11, maddə 1831; 2017, № 1, maddə 39) aşağıdakı dəyişikliklər edilsin:

    9.1. 3-cü hissədən “aparatının” sözü çıxarılsın və həmin hissədə “135” rəqəmləri “cəmi 220 ştat vahidi olmaqla, Komitənin aparatı üzrə 170 ştat vahidi, onun yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi üzrə 50” sözləri ilə əvəz edilsin.

    9.2. Həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

    9.2.1. 1-ci hissə aşağıdakı redaksiyada verilsin:

    “1. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (bundan sonra – Komitə) şəhərsalma, ərazi planlaşdırılması, arxitektura və bununla bağlı layihələndirmə sahələrində (bundan sonra – müvafiq sahədə) dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.”;

    9.2.2. aşağıdakı məzmunda 7.1-1-ci və 7.2-1-ci bəndlər əlavə edilsin:

    “7.1-1. ərazi planlaşdırılması sənədlərinin hazırlanmasına və həmin sənədlərin tələblərinə əməl edilməsinə dövlət nəzarətini həyata keçirir;”;

    “7.2-1. müvafiq sahədə normayaratma fəaliyyətini həyata keçirir;”;

    9.2.3. 7.4-cü bənddən “dövlət şəhərsalma kadastrının aparılması üçün normativ-metodoloji təminatın yaradılmasını və bütövlükdə” sözləri çıxarılsın və həmin bəndə “respublika üzrə” sözlərindən sonra “qanunvericiliklə” sözü əlavə edilsin;

    9.2.4. 7.5-ci bənd aşağıdakı redaksiyada verilsin:

    “7.5. bina, qurğu və komplekslərin memarlıq planlaşdırma həllərinin səviyyəsinin yüksəldilməsini təmin edir, onların şəhərsalma və tikinti normalarına uyğun işlənilməsinə nəzarəti həyata keçirir;”;

    9.2.5. 8.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

    “8.1. müvafiq sahədə normayaratma fəaliyyətindən irəli gələn vəzifələri həyata keçirmək;”;

    9.2.6. 8.9-cu və 8.10-cu bəndlər çıxarılsın;

    9.2.7. aşağıdakı məzmunda 8.13-1-ci bənd əlavə edilsin:

    “8.13-1. tikintisinə icazə verilən binaların memarlıq planlaşdırma bölmələrində qanunvericiliklə müəyyənləşdirilmiş qaydada müvafiq əraziyə uyğun memarlıq üslubuna riayət edilməsinin təmin olunması üçün tədbirlər görmək;”;

    9.2.8. 8.16-cı bənddən “dövlət şəhərsalma kadastrı xidmətinin təşkili üzrə müvafiq normativ-metodiki baza yaratmaq,” sözləri çıxarılsın;

    9.2.9. aşağıdakı redaksiyada 8.20-1 – 8.20-6-cı bəndlər əlavə edilsin:

    “8.20-1. müəyyən edilmiş qaydada müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi üçün tikinti layihəsinin onun həyata keçiriləcəyi ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi ilə bağlı sənədi təsdiq etmək;

    8.20-2. yaşayış məntəqələri ərazilərinin və ya onların ərazi hissələrinin müfəssəl planlarını təsdiq etmək;

    8.20-3. Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallarda tikinti obyektlərinin tikintisinə və istismarına icazə vermək;

    8.20-4. strukturuna daxil olan qurum vasitəsilə və ya bilavasitə tikintisinə icazə tələb olunan tikinti layihələrinin şəhərsalmaya dair normativ sənədlərin tələblərinə uyğunluğuna dair rəy vermək;

    8.20-5. tabeliyində olan qurum vasitəsilə yerli icra hakimiyyəti orqanları və bələdiyyələr tikinti məqsədləri üçün torpaq sahəsi ayırarkən (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) həmin torpaq sahəsində həyata keçirilməsi nəzərdə tutulan tikinti niyyətinin müvafiq ərazinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğunluğuna dair rəy vermək;
    8.20-6. müəyyən edilmiş ərazilərdə səyyar və əsaslı tikinti olmayan obyektlərin, o cümlədən əsaslı tikinti olmayan xırda pərakəndə ticarət obyektləri və komplekslərinin yerləşdirilməsi və quraşdırılmasının müvafiq ərazinin memarlıq üslubuna uyğunluğunun yoxlanılmasını təşkil etmək;”;

    9.2.10. 8.27-ci bənd aşağıdakı redaksiyada verilsin:

    “8.27. dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirlər, habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirləri görmək;”;

    9.2.11. 9.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

    “9.1. müvafiq sahədə normayaratma fəaliyyətindən irəli gələn hüquqları həyata keçirmək;”;

    9.2.12. 9.3-cü bəndə “baş memarların” sözlərindən sonra “, habelə digər memarların” sözləri əlavə edilsin;

    9.2.13. 9.10-cu bənd aşağıdakı redaksiyada verilsin:

    “9.10. zəruri məlumatların əldə edilməsi üçün müvafiq sahə üzrə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə sorğu vermək və sorğuda qeyd olunan məlumatları (sənədləri) almaq;”;

    9.2.14. 13-cü bənd aşağıdakı redaksiyada verilsin:

    “13. Komitə sədrinin birinci müavini və üç müavini vardır. Komitə sədrinin müavinlərini Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir. Komitə sədrinin müavinləri sədrin onlara həvalə etdiyi vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyırlar.”;

    9.2.15. 14.2-ci bənd aşağıdakı redaksiyada verilsin:

    “14.2. Komitənin aparatının struktur bölmələrinin, strukturuna daxil olan qurumların (əsasnamələri Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən qurumları istisna olmaqla) və Şəhərsalma Şurasının əsasnamələrinin təsdiqi barədə, həmçinin bu Əsasnamənin 17-1-ci bəndində Komitənin kollegiyasının səlahiyyətlərinə aid edilməmiş məsələlər barədə normativ hüquqi aktları qərarlar formasında qəbul edir;”;

    9.2.16. aşağıdakı redaksiyada 14.2-1-ci bənd əlavə edilsin:

    “14.2-1. Komitənin strukturuna daxil olmayan tabeliyindəki digər qurumların (hüquqi şəxslərin, təşkilatların və sair) nizamnamələrini təsdiq edilmək üçün qanunvericiliklə müəyyən olunmuş qaydada təqdim edir;”;

    9.2.17. 14.5-ci bənd aşağıdakı redaksiyada verilsin:

    “14.5. əmr və sərəncamlar formasında qeyri-normativ hüquqi aktlar qəbul edir və onların, habelə Komitədə qəbul edilmiş normativ hüquqi aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;”;

    9.2.18. aşağıdakı redaksiyada 17-1-ci bənd əlavə edilsin;

    “17-1. Komitənin kollegiyası qərarlar formasında aşağıdakı normativ hüquqi aktları qəbul edir:

    17-1.1. Komitə ilə digər şəxslər (qurumlar) arasında münasibətləri tənzimləyən normativ hüquqi aktlar;

    17-1.2. qəbul edilməsini Azərbaycan Respublikası Prezidentinin və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin Komitəyə tapşırdığı konkret normativ hüquqi aktlar;

    17-1.3. bir neçə dövlət orqanının fəaliyyətini tənzimləyən vahid (birgə) normativ hüquqi aktlar;

    17-1.4. qanunvericiliklə müəyyən edilmiş hallarda müvafiq dövlət orqanları ilə razılaşdırılmalı olan normativ hüquqi aktlar;

    17-1.5. Komitə sədrinin təşəbbüsü ilə Komitənin kollegiyasının müzakirəsinə çıxarılan bu Əsasnamənin 14.2-ci yarımbəndində nəzərdə tutulmuş normativ hüquqi aktlar;

    17-1.6. bu Əsasnamənin 17-1.1 – 17-1.5-ci yarımbəndlərinə uyğun olaraq Komitənin kollegiyasının qəbul etdiyi normativ hüquqi aktların ləğvi və ya onlarda dəyişiklik edilməsi.”;

    9.2.19. 19-cu bənd çıxarılsın;

    9.2.20. 20-ci bənddə “çatdıra bilərlər” sözləri “çatdırmaq hüquqları vardır” sözləri ilə əvəz edilsin;

    9.2.21. 21-ci bənddən “rəhbərləri” sözü çıxarılsın və həmin bənddə “edilə bilərlər” sözləri “edilirlər” sözü ilə əvəz edilsin;

    9.2.22. 22-ci bəndin ikinci cümləsində “Şura haqqında Əsasnamə və onun” sözləri “Şuranın” sözü ilə əvəz edilsin;

    9.2.23. 8.2-ci, 8.3-cü, 8.15-ci, 8.19-cu, 8.20-ci, 8.24-cü, 8.29-cu, 9.8-ci və 9.15-ci bəndlərdən ismin müvafiq hallarında “öz səlahiyyəti daxilində” sözləri çıxarılsın.

    10. Həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Strukturu”nun mətni 1-ci hissə hesab edilsin və aşağıdakı məzmunda 2-ci hissə əlavə edilsin:

    “2. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi.”.

    11. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

  • Pensiyaçılara bayram müjdəsi

    Pensiyaçıların maraqlarına uyğun olaraq onların mart ayı üzrə pensiyalarının qrafikdən əvvəl, Novruz bayramına qədər ödənişini tam təmin edib.

    Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, bu istiqamətdə nazirlik yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən maliyyələşdirmə işləri artıq yekunlaşıb.

    Eyni zamanda, dövlət başçısının humanist təşəbbüsü əsasında qəbul olunan qanunla əmək pensiyasının minimum məbləği 38,5 faiz artırılaraq mart ayının 1-dən 160 manata çatdırılıb.

    Bu artım 233 min pensiyaçını (o cümlədən, 140 min nəfər əlilliyə görə pensiya alan vətəndaşı) əhatə edir ki, həmin insanların da pensiyalarının məbləği yeni artımla birgə onların hesablarına köçürülüb.

  • YAP rəsmisi: Yataqxanalarda yanğınların qəsdən törədilmə ehtimalı araşdırılır

    Bakının Nərimanov rayonunda məcburi köçkünlərin yaşadığı yataqxanada baş vermiş yanğından sonra, məcburi köçkünlərə onların istədiyi formada dəstək göstərilib.

    Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası İcra katibi-sədr müavini Əli Əhmədov bildirib.

    Baş nazirin müavinin sözlərinə görə, həmin şəxslərə müvəqqəti yaşamaq üçün kompensasiya verilib:

    “Binanın təmiri ilə əlaqədar işlər görülür. Eyni zamanda, binada baş verən yanğının səbəbləri ciddi şəkildə araşdırılır. Son bir neçə ayda bir neçə belə yanğının baş verməsi bizi iki mənada narahat edir.

    Birincisi, bu yanğının nəticəsindən insanlar əziyyət çəkirlər. Axırıncı yanğında iki nəfər həlak oldu. Əlbəttə bu bizi üzür. Bizim bir narahatlığımız budur.

    İkincisi, dörd dəfə yanğının baş verməsi bizi eyni zamanda başqa mənada düşünməyə vadar edir. Araşdırmaq lazımdır ki, burada hər hansı yanğın törətmə əməli olub, yoxsa yox”.

    “Qısa bir zamanda bir neçə yanğının olması bizdə belə fikirlərin yaranmasına səbəb olur. Ona görə də hüquq-mühafizə orqanları bunun üzərində ciddi işləyir ki, hər hansı kənar müdaxilə və ya kiminsə tərəfindən bu işin törədilməsi halları olmasın”, – deyə baş nazirin müavini bildirib.

  • Prezident Xalq artistinə mənzil bağışladı

    Prezident İlham Əliyev Akademik Milli Dram Teatrının aktyoru, Xalq artisti Sabir Məmmədova mənzil hədiyyə edib.

    Bu haqda Xalq artisti oxu.az-a açıqlamasında deyib.

    “Cənab prezident İlham Əliyevə təşəkkür edirəm. Bu, sənətimə verilən ən böyük qiymət və dəyərdir. Mənzil üç otaqdan ibarətdir. Bakının Xətai rayonunda yerləşir. Şəxsən özüm bir neçə dəfə evə gedib baxmışam”.

    Qeyd edək ki, Sabir Məmmədov 24 yanvar 1961-ci ildə Qazax rayonunun Poylu kəndində dünyaya gəlib. 1983-cü ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib.

    Aktyor 1983-cü ildə təyinatla Sumqayıt Dövlət Dram teatrına göndərilib. 1989-cu ildən isə S. Məmmədov fəaliyyətini Akademik Milli Dram Teatrında davam etdirir.

  • Ильхам Алиев и Первая леди на празднестве по случаю Новруза – ВИДЕО

    Martın 19-da Bakıda Azərbaycan xalqının milli bayramı – Novruz münasibətilə ümumxalq şənliyi keçirilir.

    Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Novruz şənliyində iştirak edirlər.

    Dövlətimizin başçısı və xanımı Bakının Fəvvarələr meydana gəliblər.

    Bayram şənliyinin iştirakçıları dövlətimizin başçısını və xanımını hərarətlə qarşılayıblar.

    Prezident İlham Əliyev sakinlərlə söhbət edib.

    Novruz şənliyinin iştirakçıları ilə xatirə şəkilləri çəkdirilib.

    Sonra Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva burada “Novruz” yarmarkası ilə tanış olublar.

    Daha sonra dövlətimizin başçısı və xanımı İçərişəhərə gələrək burada “Bahar qalası” festivalı ilə tanış olublar.

    Bahar qız dövlətimizin başçısına bayram xonçası təqdim edib.

    Ulu Dədə Qorqud xeyir-dua verərək Novruz bayramının xalqımıza ruzi-bərəkət gətirməsini arzulayıb.

    Novruz bayramının əsas personajları olan Kosa və Keçəl Prezidenti və xanımını bayram münasibətilə təbrik ediblər, dövlətimizin başçısı ilə yumurta döyüşdürüblər.

    Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Bahar qalası” festivalı çərçivəsində yarmarka ilə tanış olublar.

    Azərbaycan Dövlət Akademik Musiqili Teatrının əməkdaşları göstərdiyi diqqət və qayğıya görə Prezidentə təşəkkür ediblər.

    Azərbaycan Prezidenti və xanımı Müasir İncəsənət Mərkəzində olublar.

    Dövlət başçısı və xanımı Karvansarayda İçərişəhər sənətkarlarının əl işlərindən ibarət sərgiyə baxıblar.

    Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İçərişəhərdə sakinlərlə çay süfrəsi arxasında söhbət ediblər.

    “Səma” uşaq rəqs ansamblının çıxışını izləyən dövlət başçısı və xanımı ansamblın üzvləri ilə xatırə şəkli çəkdiriblər.

    Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev Qız qalasının qarşısındakı meydanda Novruz tonqalını alovlandırıb.

  • Prezident İlham Əliyev Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib

    Prezident İlham Əliyev Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:

    “Hörmətli həmvətənlər! Sizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, bu əziz bayram günlərində hamınıza bahar əhval-ruhiyyəsi, cansağlığı və səadət arzulayıram.

    Qədim dövrlərdən bəri mənəvi həyatımızın ən dərin qatlarına nüfuz etmiş və milli-mədəni dəyərlərimizin təşəkkülündə müstəsna yer tutmuş Novruz bayramı əcdadımızın indiki nəsillərə misilsiz yadigarıdır. Təbiətlə insanın vəhdətinə dair təsəvvürləri yaşadan rəngarəng Novruz mərasimlərində xalqımızın dolğun həyat fəlsəfəsi və zəngin düşüncə dünyası parlaq təcəssümünü tapmışdır.

    Azərbaycan torpağında Novruz bayramı daim yad təsirlərdən uzaq tutulmuş və heç bir qüvvəyə onu insanlarımızın qəlbindən çıxarmaq imkanı verilməmişdir. Biz onun böyük mənəvi gücü sayəsində keçmişimizin mürəkkəb dövrlərində belə nikbinliyimizi və gələcəyə inamımızı qoruyub saxlamağı bacarmışıq. Yaz bayramının bu gün əsl ümumxalq bayramı mahiyyəti qazanması dövlət müstəqilliyimizin nailiyyətlərindəndir.

    Baharın yurdumuza hər gəlişi əsrlərin yaddaşında iz qoymuş mərasimlərimizə uyğun, yüksək təntənə ilə qeyd olunur. Qloballaşma dalğasının geniş vüsət aldığı və ənənəvi dəyərlərin sürəkli dəyişikliklərə məruz qaldığı bir zamanda Novruz bayramı tarixi-mədəni irsə bağlılığımızın ifadəsinə çevrilmişdir. Özündə insanlığa xas ali dəyərləri cəmləşdirmiş bu bayramın UNESCO tərəfindən ümumbəşəri irsin şah əsərləri sırasına daxil edilməsi hər birimiz üçün iftixar mənbəyidir.

    Dayanıqlı inkişaf yolunda ciddi uğurlara nail olmuş Azərbaycanın islahatların növbəti mərhələsinə qədəm qoyması yaz fəslinin yeniləşdirici ovqatı ilə həmahəng səsləşərək qurub-yaratmaq əzmimizi artırır. Həyatımızın ayrı-ayrı sahələrindəki davamlı müasirləşmə meyilləri ilə vahid axarda gerçəkləşdirilən müxtəlif layihələr ölkə vətəndaşlarının rifahının daha da yaxşılaşdırılmasına yönəlmişdir. Qoy bu bayram hər evə xoş ovqat gətirsin və hər ocağa bol sevinc, ruzi-bərəkət bəxş eləsin.

    Novruz bayramınız mübarək olsun!”

  • Bu şəxslərə avtomobil veriləcək – Prezident sərəncam imzaladı

    Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar, habelə Çernobıl AES-də qəza nəticələrinin aradan qaldırması ilə əlaqədar əlilliyi olan şəxslərin, İkinci Dünya müharibəsi əlillərinin və onlara bərabər tutulan şəxslərin xüsusi nəqliyyat almaq üçün tibbi göstərişlər üzrə avtomobillə təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

    Müvafiq sənədi AZƏRTAC dərc edib.

    Sərəncamla Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar, habelə Çernobıl AES-də qəza nəticələrinin aradan qaldırılması ilə əlaqədar əlilliyi olan şəxslərin, İkinci Dünya müharibəsi əlillərinin və onlara bərabər tutulan şəxslərin xüsusi nəqliyyat almaq üçün tibbi göstərişlər üzrə avtomobillə təminatının yaxşılaşdırılması məqsədi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 5 milyon manat ayrılıb.