Category: Siyasət

  • İƏT Xocalı soyqırımı və Qarabağla bağlı qətnamə qəbul etdi

    Mərakeş Krallığının paytaxtı Rabatda İslam Əməkdaşlığı Təşkilatı Parlament İttifaqı (İƏT Pİ) Konfransının 14-cü sessiyasında Azərbaycanla bağlı iki qətnamə qəbul olunub.

    Bu haqda oxu.az-a açıqlamasında Azərbaycanın İƏT Pİ-dəki nümayəndə heyətinin rəhbəri Gövhər Baxşəliyeva məlumat verib.

    O, qeyd edib ki, sessiyada “Xocalı qırğını qurbanlarının xatirəsinin yad edilməsinə dair” və “Ermənistan Respublikasının Azərbaycan Respublikasına təcavüz etməsinə dair” qətnamə qəbul edilib.

    G. Baxşəliyeva sonra sessiyada məruzə ilə çıxış etdiyini, Ermənistan-Azərbaycan münaqişəsi və onun bu günədək həllini tapmaması haqqında ətraflı məlumat verdiyini bildirib.

  • Parlamentin növbəti iclasının vaxtı məlum oldu

    Milli Məclisin (MM) yaz sessiyasının növbəti iclasının vaxtı məlum olub.

    Oxu.az-ın MM-dən əldə etdiyi məlumata görə, növbəti plenar iclas martın 29-da keçiriləcək.

    Qeyd olunub ki, hələlik iclasın gündəliyi tam təsdiqlənməyib.

    Bununla belə, növbəti iclasda 30-dan artıq məsələnin müzakirəsi gözlənilir.

    Müzakirəsi gözlənilən məsələlər arasında “Ümumi təhsil haqqında” yeni qanun layihəsi (üçüncü oxunuş), həmçinin, “Ekoloji təhlükəsizlik haqqında”, “Su təchizatı və tullantı suları haqqında”, “Avtomobil yolları haqqında”, “Ətraf mühitə dair informasiya almaq haqqında”, “Aviasiya haqqında”, “İnformasiya əldə etmək haqqında”, “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında”, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Azərbaycan Respublikasında dövlət dili haqqında”, “Təhsil haqqında”, “Kommersiya sirri haqqında”, “Banklar haqqında”, “Mühasibat uçotu haqqında”, “İctimai televiziya və radio yayımı haqqında”, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqıda”, “Qiymətli metallar və qiymətli daşlar haqqında”, “İnformasiya əldə etmək haqqında”, “Daxili audit haqqında”, “Auditorun peşə məsuliyyətinin icbari sığortası haqqında” qanuna və digər qanunlara dəyişiklikləri nəzərdə tutan qanun layihələri var.

    Qeyd edək ki, növbəti iclasın aprelin 2-də keçirilməsi gözlənilsə də, o, martın 29-na keçirilib.

  • Milli Məclis hökumətin hesabatını qəbul edib

    Milli Məclisin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin ötənilki fəaliyyəti ilə bağlı hesabatının müzakirəsi başa çatıb.

    Median.Az xəbər verir ki, müzakirədən sonra hesabat səsverməyə çıxarılaraq qəbul edilib.

    Qeyd edək ki, hesabatı parlamentə baş nazir Novruz Məmmədov təqdim edib.

  • Novruz Məmmədov parlamentdə ilk hesabatını verir

    Bu gün hökumətin (Nazirlər Kabinetinin) parlamentdə növbəti hesabatı dinləniləcək.

    Növbəti illik hesabatla hökumət adından baş nazir Novruz Məmmədov çıxış edəcək.

    Qeyd edək ki, bu, baş nazir kimi N.Məmmədovun parlament qarşısında ilk hesabatıdır.

    Belə ki, 11 aprel 2018-ci il tarixli prezident seçkilərindən cəmi 10 gün sonra – aprel ayının 21-də parlamentin xüsusi iclasında prezident İlham Əliyevin təqdimatı ilə N.Məmmədovun baş nazir vəzifəsinə namizədliyinin təsdiqlənməsi məsələsinə baxılmış və onun namizədliyi millət vəkilləri tərəfindən razılıqla qarşılanaraq təsdiqlənmişdi.

    Ölkə prezidentinin həmin gün və 23 aprel tarixli sərəncamları ilə N.Məmmədovun rəhbərliyi altında hökumətin yeni tərkibi formalaşdırılaraq başa çatdırılmışdı.

    Qeyd edək ki, yeni hökumət üzvləri arasında bir neçə sabiq millət vəkili də var.

    Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Oxu.Az-a qısa açıqlamasında hökumətin hesabatını və baş nazirin fəaliyyətini müsbət qiymətləndirdiyini bildirib.

    O qeyd edib ki, xüsusilə, sosial müdafiə sistemində ötən ilin yekunları ilə bağlı büdcənin bütöv təsnifatını – oradakı bütün məqamları müsbət qiymətləndirir.

    Onun sözlərinə görə, eyni zamanda, 2019-cu il üçün büdcə müzakirəsi aparılanda həm komitə, həm də plenar iclasda deputatlar hökumətin bir sıra məsələlərə diqqətini cəlb edib.

    “Həmin məsələlərin bəziləri ölkə prezidenti tərəfindən həll olundu. O da sosial müdafiə sahəsi ilə bağlı atılan addımlardır. Bəli, baş nazir Novruz Məmmədov ilk dəfə Milli Məclisdə hesabat verəcək. Novruz Məmmədov baş nazir statusu çərçivəsində addımlar atır, cənab prezidentimizin sosial müdafiə sistemi istiqamətində etdiyi islahatların icrası ilə məşğuldur.

    O, icraçı olaraq, ölkə prezidentinin tapşırıqlarını yerinə yetirir. Eyni zamanda, bəzi problemlər də mövcuddur. Hökumət, iş olan yerdə problemlər də var. O problemlərin də aradan qaldırılması üçün vaxtaşırı işlər görülür”, – deyə, H.Rəcəbli sözlərinə əlavə edib.
    //oxu.az

  • Yeddinci Qlobal Bakı Forumunun iştirakçılarının şərəfinə ziyafət verildi – FOTO

    Martın 14-də VII Qlobal Bakı Forumunun iştirakçılarının şərəfinə ziyafət verilib.

    Median.Az Azərtac-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ziyafətdə iştirak edib.


  • Ramil Usubov üç rayona yeni polis rəisi təyin etdi

    Daxili işlər orqanlarında yeni təyinat olub.

    Daxili işlər naziri, general-polkovnik Ramil Usubov bununla bağlı müvafiq əmr imzalayıb. Əmrə əsasən, Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin rəis müavini, polis mayoru Azər Əfəndiyev tutduğu vəzifədən azad edilərək Zərdab rayon Polis Şöbəsinin rəisi təyin olunub.

    Nazirin digər əmri ilə Gədəbəy rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Məhərrəm Quliyev təqaüdə göndərilib. Mingəçevir şəhər Polis Şöbəsinin rəis müavini Mehman Həşimov isə Gədəbəy rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.

    Bundan başqa, Xocavənd rayon Polis Şöbəsinin rəisi Yadigar Hüseynov tutduğu vəzifədən azad edilib. Onun yerinə Füzuli rayon Polis Şöbəsinin rəis müavini Xəyyam Mirhüseynov təyin edilib.
    //ona.az

  • Azərbaycan Prezidenti Bolqarıstanın Baş naziri ilə görüşüb – YENİLƏNİB

    Martın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bolqarıstan Respublikasının Baş naziri Boyko Borisov ilə görüşüb.

    Median.Az xəbər verir ki, Prezident İlham Əliyev Bolqarıstan Prezidenti Boyko Borisovun VII Qlobal Bakı Forumunun işində iştirakını yüksək qiymətləndirib. Dövlət başçısı Boyko Borisovun ötən il Azərbaycana səfərlərini xatırlayaraq, bu səfərlərin ölkələrimiz arasındakı münasibətlərə yaxşı töhfə verdiyini, bu gün əlaqələrimizin dinamik inkişaf etdiyini vurğulayıb. Bildirib ki, bu gün bizim yaxşı siyasi əməkdaşlıq potensialımız mövcuddur. Prezident İlham Əliyev Bolqarıstanın və Azərbaycanın hər zaman bir-birini dəstəklədiyini deyib. Azərbaycan dövlətinin başçısı Cənub Qaz Dəhlizinin Məşvərət Şurasında Bolqarıstanın da iştirak etdiyini və ümumi işə töhfəsini qeyd edib. Prezident İlham Əliyev hər iki tərəfin yüksək səviyyəli nümayəndələrinin qarşılıqlı səfərlər həyata keçirdiyini və bu səfərlərin əlaqələrin inkişafına təkan olduğunu vurğulayıb. İqtisadi sahədə də Azərbaycanla Bolqarıstan arasında yaxşı potensialın olduğunu deyən dövlət başçısı Bolqarıstanın Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinə dəstəyini yüksək qiymətləndirib.

    Bolqarıstanın Baş naziri Boyko Borisov ölkələrimiz arasında dostluq münasibətlərindən danışaraq dünyada sülhə, anlaşmaya istiqamətlənən VII Qlobal Bakı Forumunun əhəmiyyətini vurğulayıb və tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib.

    Görüşdə Azərbaycan ilə Bolqarıstan arasında bütün sahələrdə əlaqələrin yüksək səviyyədə olduğu qeyd edilib, SOCAR-ın Bolqarıstandakı fəaliyyəti barədə də məlumat verilib.

  • İlham Əliyev Albaniya prezidenti ilə görüşüb

    Martın 14-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyev VII Qlobal Bakı Forumunda iştirak edən Albaniya prezidenti İlir Meta ilə görüşüb.

    AZƏRTAC xəbər verir ki, görüşdə prezident İlham Əliyev Albaniya prezidenti İlir Metaya Azərbaycana səfərinə və VII Qlobal Bakı Forumunda iştirakına görə minnətdarlığını bildirib.

    Forumun beynəlxalq miqyasda iştirakçılarının sayının artdığını bu tədbirin nüfuzunun yüksəlməsinin göstəricisi kimi dəyərləndirib. Bu Forumun beynəlxalq məsələlərlə yanaşı, ikitərəfli münasibətlərin müzakirəsi üçün geniş imkanlar yaratdığını deyib.

    Dövlətimizin başçısı TAP layihəsinə toxunaraq qeyd etdi ki, tikinti işləri uğurla gedir və son mərhələdədir. Prezident İlham Əliyev vurğulayıb ki, bu layihə həm də ölkələrimizi və xalqlarımızı birləşdirir. Prezident İlham Əliyev Azərbaycanın Albaniya ilə ikitərəfli münasibətlərə önəm verdiyini deyib.

    VII Qlobal Bakı Forumunun əhəmiyyətinə toxunan Albaniya Prezidenti İlir Meta bu tədbirin beynəlxalq əməkdaşlığa töhfə verdiyini bildirib. İkitərəfli münasibətlərin inkişafına verdiyi dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edib. O, ölkəmizdə böyük dəyişikliklərin şahidi olduğunu deyib.

    TAP layihəsinə toxunan Albaniya Prezidenti də işlərin uğurla getdiyini təsdiq edib. Prezident İlir Meta Azərbaycanla müxtəlif sahələrdə, xüsusilə turizm sahəsində əlaqələrin genişləndirilməsində, həmçinin, Azərbaycanın Albaniyada daxili qazlaşdırma sisteminin yaradılmasında ölkəsinin maraqlı olduğunu bildirib.

    Görüşdə ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq etdikləri, bir-birini dəstəklədikləri vurğulanıb. Qarşılıqlı ticarətin genişləndirilməsi, ixrac-idxal imkanlarının araşdırılması, biznes qurumları arasında əməkdaşlığın qurulması və digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

  • Prezident əlil gənci Türkiyəyə müalicəyə göndərdi – Nənəsi xahiş etmişdi

    Prezident İlham Əliyevin göstərişi ilə Ağsu şəhər sakini, 1990-cı il təvəllüdlü Murad Zamanov gözlərindən əməliyyat olunmaq üçün Türkiyəyə yola salınıb.

    Bu barədə “Report”a açıqlamasında M.Zamanov özü məlumat verib.

    O bildirib ki, əməliyyat İstanbul şəhərindəki xəstəxanalardan birində olacaq.

    Onu səfərdə Heydər Əliyev Fondunun əməkdaşları müşayiət edir.

    “Ümid edirəm ki, hər şey yaxşı olacaq”, – deyə Z.Muradov əlavə edib.

    M.Zamanov deyib ki, prezident İlham Əliyevin onun gözlərindən əməliyyat olunması üçün verdiyi göstərişi televiziya vasitəsi ilə eşidib:

    “Prezident bizim rayona səfərə gələn zaman nənəm dövlət başçısından xahiş etmişdi ki, müalicə üçün kömək göstərsin. Mənim bundan xəbərim olmayıb. Mən bunu televiziyada gördüm. Həmin an nə hiss keçirdiyimi ifadə edə bilmirəm.

    Prezident də elə həmin gün tapşırıq vermişdi və elə həmin gün də Heydər Əliyev Fondundan mənə zəng etdilər. Fondun əməkdaşları əvvəlcə məni müayinə üçün Bakıdakı xəstəxanalara apardılar. Sonda qərar verildi ki, İstanbulda əməliyyat olunum. Mən valideynlərimi itirmişəm, ailəliyəm və bir övladım var”.

    Xatırladaq ki, Prezident İlham Əliyev Ağsuya səfəri zamanı şəhərin Firdovsi küçəsind Həcər Zamanovanın ailəsi üçün inşa edilən yeni üçotaqlı evdə görülən işlərlə tanış olub. Həmin vaxt H.Zamanova nəvəsi Murad Zamanovun gözlərinin əməliyyata ehtiyac olduğunu bildirib. Dövlət başçısı isə bununla bağlı Heydər Əliyev Fonduna göstəriş verəcəyini demişdi:

    “Siz narahat olmayın. Lazım olarsa, biz onu xaricə də göndərərik”.

  • Qırğızıstan prezidenti Azərbaycana gələcək

    Qırğızıstan prezidenti Sooronbay Jeenbekov Azərbaycana səfərə gələcək.

    Akipress.org-un məlumatına görə, bununla bağlı Jeenbekov Bişkekdə səfirlərlə görüşündə özü məlumat verib.

    “Azərbaycan, Almaniya, İsveçrə, Fransa və Macarıstana rəsmi səfərlərimə hazırlıqlar gedir”, – o bildirib.

    Dövlət başçısı əminliklə qeyd edib ki, səfərlər həmin ölkələrlə ticarət-iqtisadi, mədəni-humanitar və digər sahələrdə qarşılıqlı əməkdaşlığın möhkəmlənməsinə səbəb olacaq.