Category: Siyasət

  • İlham Əliyev VII Qlobal Bakı Forumunda – FOTO

    Martın 14-də Azərbaycanın paytaxtında “Dünyanın yeni xarici siyasəti” mövzusunda VII Qlobal Bakı Forumu işə başlayıb.

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun açılış mərasimində iştirak edir.

    Əvvəlcə birgə foto çəkdirilib.

    Forumu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin açıb.

    Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə nitq söyləyib.

    Üç gün davam edəcək bu mötəbər tədbirə 50 ölkədən 500-dən artıq nümayəndə qatılıb. Forum çərçivəsində keçiriləcək 10 sessiyada qlobal və regional əhəmiyyət daşıyan məsələlər müzakirə ediləcək.


  • Prezident yaradıcı qurumların hamısına pul ayırdı

    Prezident İlham Əliyev “Yaradıcılıq ittifaqları və birliklərinin fəaliyyəti ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.

    Median.Az xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Yazıçılar Birliyinə 800 min manat, Azərbaycan Bəstəkarlar İttifaqına 650 min manat, Azərbaycan Rəssamlar İttifaqına 350 min manat, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqına 300 min manat, Azərbaycan Memarlar İttifaqına 250 min manat, Azərbaycan Teatr Xadimləri İttifaqına 250 min manat və Azərbaycan Aşıqlar Birliyinə 250 min manat ayrılıb.

    Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

  • Prezidentdən səlahiyyətli orqanların müəyyən edilməsi ilə bağlı – SƏRƏNCAM

    Prezident İlham Əliyev “Cinayət işləri üzrə maddi sübutlar olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, odlu silahın, onun əsas hissələrinin, hərbi sursatların, partlayıcı maddələrin və partlayıcı qurğuların verilməsi qaydası haqqında Protokol”un icrası ilə bağlı səlahiyyətli orqanların müəyyən edilməsi barədə sərəncam imzalayıb.

    Sərəncama əsasən Müstəqil Dövlətlər Birliyi Hökumət Başçıları Şurasının Soçi şəhərində keçirilmiş 2017-ci il 11 oktyabr tarixli iclasında imzalanmış “Cinayət işləri üzrə maddi sübutlar olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, odlu silahın, onun əsas hissələrinin, hərbi sursatların, partlayıcı maddələrin və partlayıcı qurğuların verilməsi qaydası haqqında Protokol”u Azərbaycan Respublikası tərəfinin həyata keçirməsi ilə bağlı səlahiyyətli orqanlar qismində Azərbaycan Respublikasının Baş Prokurorluğu və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi müəyyən edilirlər.

    Xarici İşlər Nazirliyinə bu sərəncamda göstərilən Protokolun Azərbaycan Respublikası tərəfindən həyata keçirilməsi üzrə səlahiyyətli orqanların müəyyən edildiyi barədə Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsinə bildiriş göndərmək tapşırılıb.

  • Mehriban Əliyeva Roma Papasına məktub ünvanlayıb

    Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Roma Papası Fransisk Həzrətlərinə Tacqoyma Gününün ildönümü münasibətilə təbrik məktubu göndərib.

    Bu barədə AZƏRTAC məlumat yayıb.

    Məktubda Müqəddəs Taxt-Tac ilə Azərbaycan arasında əlaqələrin yüksək səviyyədə olması vurğulanır, ikitərəfli əməkdaşlığın dinlərarası və mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsinə, ümumdünya mədəni irsinin qorunmasına gələcəkdə də böyük töhfələr verəcəyinə ümid ifadə edilir.

  • İlham Əliyev bir sıra görüşlər keçirib – YENİLƏNİB + FOTO

    Azərbaycan Respublikasının prezidenti İlham Əliyev martın 13-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin bir qrup üzvünü qəbul edib.

    Bu barədə AZƏRTAC məlumat yayıb.




    * * * * *

    Azərbaycan Respublikasının prezidenti İlham Əliyev martın 13-də BMT İnkişaf Proqramının rəhbərinin müavini, Avropa və MDB üzrə Regional Bürosunun direktoru xanım Miryana Eqqeni qəbul edib.

    Bu barədə AZƏRTAC məlumat yayıb.


  • Çili Azərbaycanla geniş iqtisadi əlaqələr yaratmaq istəyir

    Xarici işlər naziri Elmar Məmmədyarov Çili Respublikasının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili Qabriel Xaranı qəbul edib.

    Xarici İşlər Nazirliyindən (XİN) verilən məlumata əsasən, görüşdə Nazir Elmar Məmmədyarov Azərbaycanla Çili arasında münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə edərək, ölkələr arasında mövcud olan münasibətlərin daha da inkişaf edəcəyinə əminliyini bildirdi. Həmçinin yüksək səviyyəli qarşılıqlı səfərlərin əməkdaşlığın genişləndirilməsi baxımından önəmli rol oynadığı vurğulandı.

    Nazir Elmar Məmmədyarov bu ilin oktyabr ayında keçiriləcək Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının 18-ci sammitində Çili tərəfinin yüksək səviyyədə təmsil olunacağına ümidvar oduğunu qeyd etdi.

    Qabriel Xara ölkəsinin bütün sahələrdə Azərbaycan ilə əməkdaşlıq əlaqələrinin inkişaf etdirməkdə maraqlı olduğunu qeyd etdi. Bu xüsusda tərəflər arasında iqtisadi, ticarət, eləcə də sərmayə qoyuluşu kimi sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün biznes forumunun keçirilməsinin vacibliyi vurğulandı.

    Görüş zamanı tərəflər arasında beynəlxalq təşkilatlar, o cümlədən Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq və digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə edildi.

    Nazir Elmar Məmmədyarov Qabriel Xaraya diplomatik fəaliyyətində uğurlar arzu etdi.

  • Prezident Ailə Məcəlləsində dəyişikliklə bağlı SƏRƏNCAM İMZALADI

    Azərbaycan Respublikasının Prezidentin İlham Əliyev “Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 1 fevral tarixli 1469-VQD nömrəli Qanununun tətbiqi barədə sərəncam imzalayıb.

    Median.Az xəbər verir ki, sərəncamda deyilir:

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 1 fevral tarixli 1469-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

    1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

    1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

    1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

    1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

    1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

    2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

  • “Ermənistan Təhlükəsizlik Şurasının iclasını Xankəndində keçirirsə…” – XİN şərh etdi

    Görünür hər bir məsələ öz yerini tapır. Ermənistan Baş naziri ölkəsinin Təhlükəsizlik Şurasının növbədənkənar iclasını ölkəmizin işğal olunmuş Xankəndi şəhərində keçirirsə, demək ölkəmizin Dağlıq Qarabağ bölgəsinin ermənilərinin danışıqlara cəlb edilməsi cəhdlərinə də ehtiyac qalmır. “Qarabağ erməniliyi” fikrini səsləndirən Baş nazir söz oyununa son qoyaraq, Dağlıq Qarabağda yaşayan ermənilərin “xalq” yox, erməni icması olduğunu dilə gətirir.

    Median.Az bildirir ki, bunu Trend-ə Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva Ermənistanın Baş naziri Nikol Paşinyanın bu ölkənin Təhlükəsizlik Şurasının Xankəndidə keçirilən iclasında iştirak etmək məqsədilə Azərbaycanın işğal olunmuş ərazilərinə səfərini şərh edərkən deyib.

    L.Abdullayeva bildirib: “Bir daha təkrar edirik ki, münaqişənin həlli üzrə uzun illərdir ki, davam edən danışıqlar prosesinin formatı aydındır və ATƏT-in konsensus qərarı ilə bu məsələ müəyyən edilib; 1992-ci il ATƏT-in Helsinki qərarı ilə ölkəmizin Dağlıq Qarabağ bölgəsinin hər iki icması maraqlı tərəf qismində müəyyən olunub.

    Münaqişənin həlli üzrə prinsiplərə gəldikdə isə, Minsk Qrupu həmsədrlərinin də son bəyanatında istinad etdikləri ATƏT-in Helsinki Yekun Aktında aydın şəkildə əks olunmuş prinsiplərin hər hansı bir şəkildə yanlış təfsir olunması mümkün deyil. Xatırlatmaq istərdik ki, ATƏT-in 1996-cı il Lissabon zirvə görüşü zamanı ATƏT Minsk Qrupu həmsədrləri tərəfindən irəli sürülən və Ermənistan istisna olmaqla bütün digər ATƏT üzv ölkələri tərəfindən birmənalı şəkildə qəbul olunan Fəaliyyətdə olan Sədrin bəyanatında münaqişənin həlli prinsiplərinə aydınlıq gətirilmişdir. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü hər hansı bir şəkildə müzakirə obyekti ola bilməz”.

    XİN rəsmisi qeyd edib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxardılması və bu ərazilərə azərbaycanlı məcburi köçkünlərin geri qayıtması istiqamətində konkret addımların atılmasının vaxtı çoxdan yetişib:

    “Özünün də bəyan etdiyi kimi, Ermənistan xalqının etimadını qazanan və beləliklə də tam mandata sahib olan Baş nazir siyasi iradəsini nümayiş etdirərək bölgəyə sülh, tərəqqi və dayanıqlı inkişafın gətirilməsində nə dərəcədə maraqlı olduğunu aydın şəkildə göstərməlidir. Belə ki, sülhün və əmin-amanlığın təmin olunmasında maraqlı olan tərəf digər dövlətin ərazilərini işğal altında saxlamaz”.

  • Avropa Parlamenti qətnamə qəbul etdi: “Şimal axını 2” dayandırılacaq

    Avropa Parlamenti Strasburqda plenar sessiya zamanı Avropa İttifaqı və Rusiya arasında siyasi münasibətlər barədə qətnaməni qəbul edib.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, qətnaməyə əsasən, “Şimal axını 2” layihəsinin icrası dayandırılır.

    Bundan başqa, Moskva Avropa İttifaqının strateji tərəfdaşı hesab olunmur.

    Qətnamənin lehinə 402 deputat, əleyhinə 163 deputat səs verib.

    Sənəddə vurğulanır ki, “Şimal axını 2” layihəsi Avropa İttifaqının Rusiya qazının tədarükündən asılılığını gücləndirir və Aİ-nin enerji siyasətinə cavab vermir.

    Qeyd edək ki, “Şimal axını – 2” qaz boru kəməri Baltik dənizindən keçməklə Rusiya qazının Almaniyaya tədarükünü nəzərdə tutur.

  • İlham Əliyev Roma Papasına məktub göndərdi

    Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb.

    Məktubun mətni AZƏRTAC-da dərc olunub.

    “Tacqoyma Gününüzün ildönümü münasibətilə Sizə və Sizin simanızda bütün həmməzhəblərinizə öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

    Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasındakı münasibətlər eyni zamanda dinlər və mədəniyyətlər arasında dialoq və tolerantlıq mühitinin təşviqi üçün bariz nümunədir. İnanıram ki, əməkdaşlıq zəminində addımlarımız bundan sonra da dünyada sülhün və əmin-amanlığın, qarşılıqlı anlaşma və həmrəyliyin bərqərar olmasına xidmət edəcəkdir.

    Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, ali missiyanızda uğurlar diləyirəm”, – deyə məktubda bildirilir.