Category: Siyasət

  • “Ermənistan rəhbərliyinin son bəyanatları danışıqlar prosesinə ciddi xələl gətirir” – Elmar Məmmədyarov – FOTO

    Xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər və Avropa naziri Miroslav Layçakın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

    Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, E.Məmmədyarovla nazir Miroslav Layçak arasında keçirilən təkbətək görüşdən sonra tərəflər geniş tərkibli nümayəndə heyətlərinin iştirakı ilə görüşü davam etdiriblər.

    Qonağı salamlayan E.Məmmədyarov Avropanın təhlükəsizlik arxitekturasında ATƏT-in mühüm rol oynadığını qeyd edərək, bu xüsusda üzv ölkələrin ərazisində mövcud olan və həlli uzadılmış münaqişələrin bu təhlükəsizliyə ciddi hədə olduğunu vurğulayıb. Nazir fəaliyyətdə olan sədrə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinin son vəziyyəti haqqında məlumat verib. O, Ermənistan rəhbərliyinin son bəyanatlarına toxunaraq bu kimi bəyanatların danışıqlar prosesinə ciddi xələl gətirdiyini vurğulayıb. Azərbaycanın danışıqlar prosesində mövqeyinin dəyişilməz olduğunu söyləyən nazir işğal edilmiş torpaqlarımızdan Ermənistan silahlı qüvvələrinin çıxarılması və azərbaycanlı köçkünlərin öz torpaqlarına geri qayıtmasının danışıqların təməl daşı olduğunu və bu tələbin BMT Təhlükəsizlik Şurasının qətnamələrində əks olunduğunu söyləyib.

    Öz növbəsində Miroslav Layçak Slovakiyanın ATƏT-ə sədrliyi dövründə müəyyən etdiyi prioritetlərə toxunaraq münaqişələr və onların humanitar nəticələrinin qarşısının alınması, vasitəçilik edilməsi və yumşaldılması məsələsinin bu sırada olduğunu qeyd edib. Bu xüsusda, fəaliyyətdə olan sədr səfərinin münaqişə ilə bağlı vəziyyətə dair fikir mübadiləsi aparmaq üçün yaxşı fürsət yaratdığını bildirib.

    Tərəflər daha sonra Azərbaycan-ATƏT əməkdaşlığı gündəliyində duran bir sıra məsələləri müzakirə ediblər. ATƏT-in iqtisadi və ətraf mühit məsələlərindən ibarət ikinci ölçüsü üzrə əməkdaşlığın canlandırılması məsələsinə toxunan nazir Məmmədyarov bağlılıq məsələlərinə xüsusi diqqət ayrılmasını qeyd edib. O, slovakiyalı həmkarına “Xəzər dənizi – Qara dəniz beynəlxalq nəqliyyat marşrutu” üzrə keçirilən xarici işlər nazirlərinin dördtərəfli görüşü barəsində məlumat verib.

    ATƏT-in ikinci ölçüsü üzrə əmkdaşlığın inkişaf etdirilməsi fikrini dəstəkləyən fəaliyyətdə olan sədr bu xüsusda, ATƏT-in İqtisadi və Ətraf Mühit Əlaqələndiricisi Ofisi ilə birlikdə hazırlanmış “Xəzər dənizi regionunda bağlılığın və yaşıl limanların təşviqi” adlı ATƏT-in büdcədənkənar layihəsini qeyd edib.

    Azərbaycan-Slovakiya münasibətlərinə toxunan nazirlər Slovakiyanın Baş nazirinin ölkəmizə həyata keçirdiyi son səfərinin nəticələrini yüksək qiymətləndiriblər. Bu xüsusda, slovakiyalı diplomat tezliklə ölkəsinin Azərbaycanda diplomatik nümayəndəliyinin açılması ilə bağlı siyasi qərarını vurğulayaraq, bu qərarın ikitətəfli münasibətlərin daha da inkişaf etdirilməsinə töhfə verəcəyini bildirib.

    Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

  • İlham Əliyev və Mehriban Əliyeva Od çərşənbəsini belə qeyd etdi – FOTO

    Bu gün Azərbaycanda Od çərşənbəsi qeyd olunur.

    Median.Az xəbər verir ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva da Od çərşənbəsini tonqal ətrafında qeyd edib.

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bu barədə İnstaqramda şəkil paylaşıb və bu sözləri yazıb: “Çərşənbəniz Mübarək olsun!”

  • “Formula-1” zamanı Azərbaycana gələcək əcnəbilərlə bağlı SƏRƏNCAM

    Prezident İlham Əliyev 2019 Formula 1 Azərbaycan Qran Pri yarışının təşkili və keçirilməsi ilə bağlı Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında sərəncam imzalayıb.

    Median.Az-ın xəbərinə görə, sərəncamla müəyyən edilib ki, Azərbaycan Respublikasında keçiriləcək 2019 Formula 1 Azərbaycan Qran Pri yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn və bu Sərəncamın 2-ci hissəsində göstərilən sənədlərdən hər hansı birini təqdim edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2019-cu il martın 15-dən mayın 15-dək Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza ala bilərlər.

    Aşağıdakı sənədlərdən biri viza verilməsi üçün əsas hesab edilir:

    – Formula 1 yarışlarının beynəlxalq təşkilatçıları olan “Formula One Management Limited” şirkətinin və Beynəlxalq Avtomobil Federasiyasının müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən akkreditasiya kartı;

    – Bakı Şəhər Halqası Əməliyyat Şirkətində akkreditasiyadan keçməni təsdiq edən akkreditasiya kartı;

    – 2019 Formula 1 Azərbaycan Qran Pri yarışına bilet və ya biletin əldə olunmasını təsdiq edən sənəd.

    Xarici İşlər Nazirliyi 2019 Formula 1 Azərbaycan Qran Pri yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi, habelə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 1 iyun tarixli 923 nömrəli Fərmanının 4.2-ci bəndinə əsasən təsdiq edilmiş ölkələrin siyahısı üzrə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin “ASAN Viza” sistemi vasitəsilə elektron viza almaq imkanı barədə “Formula One Management Limited” şirkətinə, Beynəlxalq Avtomobil Federasiyasına və xarici ölkələrin müvafiq orqanlarına məlumat verməlidir.

    2019 Formula 1 Azərbaycan Qran Pri yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin “ASAN Viza” sistemi vasitəsilə elektron viza almaq imkanı barədə məlumatın Nazirliyin, eləcə də Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərinin və konsulluqlarının internet informasiya ehtiyatlarında yerləşdirilməsini təmin etməlidir.

    Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti Azərbaycan Respublikasına uçuşlar həyata keçirən aviasiya şirkətlərinə 2019 Formula 1 Azərbaycan Qran Pri yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə məlumat verməlidir.

  • İnam Kərimov: “Azərbaycan – Bolqarıstan münasibətləri strateji xarakter daşıyır”

    Azərbaycanla Bolqarıstan arasındakı münasibətlər strateji xarakter daşıyır.

    Median.Az report-a istinadən xəbər verir ki, bunu Bolqarıstanın Milli Gününə həsr olunmuş tədbirdə kənd təsərrüfatı naziri İnam Kərimov bildirib.

    “Ölkələrimiz arasında diplomatik münasibətlər qurulduğu 27 il ərzində əməkdaşlığımız artan sürətlə inkişaf edib. Bu münasibətlərin gücləndirilməsinə böyük əhəmiyyət verən Azərbaycan əməkdaşlığı daha da genişləndirmək üçün böyük potensial görür. Hər iki ölkənin prezidentlərinin məqsədyönlü siyasəti nəticəsində münasibətlərimiz daha da inkişaf edir”, – deyən nazir bu günədək iki ölkə arasında 55 sənədin imzalandığını da diqqətə çatdırıb.

    Həmin sənədlər arasında 2015-ci ildə imzalanan strateji tərəfdaşlıq sazişinin əməkdaşlıq üçün yeni imkanlar açdığını qeyd edən İ.Kərimov sazişin icrasına mühüm əhəmiyyət verildiyini vurğulayıb.

    1999-cu ildə yaradılan birgə əməkdaşlığa dair hökumətlərarası komissiya çərçivəsində də əməkdaşlığın inkişaf etdiyini deyən nazir həmçinin enerji sahəsindəki əməkdaşlığın genişlənməsi baxımdan Cənub Qaz Dəhlizi layihəsinin əhəmiyyətini dilə gətirib.

  • Azərbaycan və İsveçrə arasında siyasi məsləhətləşmələr aparılıb

    Bakıda Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) və İsveçrə Xarici İşlər Federal Departamenti arasında siyasi məsləhətləşmələrin növbəti mərhələsi keçirilib.

    XİN-dən verilən məlumata görə, tərəflər Azərbaycan və İsveçrə arasında əlaqələrin inkişafından, Bretton Vudz təsisatlarında əməkdaşlıqdan məmnunluq ifadə edib və əlaqələrin müxtəlif sahələrdə daha da genişləndirilməsində maraqlı olduqlarını vurğulayıblar.

    İki ölkə arasında iqtisadi əlaqələr və qarşılıqlı sərmayələr, o cümlədən “Holcim”, “Stadler Rail Group” və digər İsveçrə şirkətlərinin Azərbaycanda, SOCAR-ın isə İsveçrədəki fəaliyyəti yüksək dəyərləndirilərək əməkdaşlığın, xüsusilə də iqtisadi sahədə daha da gücləndirilməsi üçün geniş imkanların mövcudluğu qeyd edilib.

    Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi mövzusunda fikir mübadiləsi aparılaraq Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyət müzakirə edilib.

    Münaqişənin sülh yolu ilə həllinin vacibliyi vurğulanaraq, İsveçrənin münaqişə tərəfləri arasında sülh danışıqları üçün platforma təqdim etməyə hazır olması yüksək dəyərləndirilib.

    Bundan əlavə, tərəflər ölkəmizdə aparılan iqtisadi islahatlar, Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşdırılan regional enerji və nəqliyyat layihələrində, o cümlədən “Cənub Qaz Dəhlizi” layihəsində İsveçrə şirkətlərinin iştirakı, Azərbaycan və İsveçrə arasında hökumətlərarası iqtisadi komissiyanın fəaliyyəti, kənd təsərrüfatı, elm və təhsil sahələrində, habelə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri, eləcə də qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

  • Polad Bülbüloğlu “İlin səfiri” seçildi – FOTO

    Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu “İlin səfiri” seçilib.

    Median.Az Azərtac-a istinadən xəbər verir ki, sorğu “Utro.az” saytı tərəfindən aparılıb.

    Ölkəmizin Moskvadakı səfirliyində keçirilən mükafatlandırma mərasimində Polad Bülbüloğlu deyib: “Mənə səs verən hər bir oxucuya təşəkkürümü bildirirəm və mükafatı məmnuniyyətlə qəbul edirəm. Bir azərbaycanlı kimi, ömrümün sonunadək Azərbaycan üçün, Qarabağ probleminin həlli üçün əlimdən gələni əsirgəməyəcəyəm”. O, ən böyük arzusunun Xarı Bülbül Festivalının yenidən Şuşada keçirilməsi olduğunu qeyd edib.

    “Utro.az” saytının baş redaktoru Habil Ağazadə bildirib ki, “İlin səfiri” sorğusu ötən ilin noyabrında saytın oxucuları arasında keçirilib. Sorğuda 10 min 500-dən çox oxucu iştirak edib. Polad Bülbüloğlu 41 faiz (4315 nəfər) səslə “İlin səfiri” seçilib.

  • Prezident Ədalət Vəliyevi ordenlə təltif edib

    Ədalət Məqsəd oğlu Vəliyev 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib.

    Bu barədə müvafiq sərəncamı martın 5-də prezident İlham Əliyev imzalayıb.

    Ə.Vəliyev mədəniyyət sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə mükafatlandırılıb.

    Qeyd edək ki, bu il Ə.Vəliyevin 60 yaşı tamam olur. O, 1993-2006-cı illərdə mədəniyyət nazirinin müavini, 2006-2018-ci illərdə Azərbaycan Respublikasının mədəniyyət və turizm nazirinin müavini vəzifəsində çalışıb.

  • İlham Əliyev Rasim Balayevə zəng vurdu

    Prezident İlham Əliyev Xalq artisti Rasim Balayevlə telefonla danışıb.

    Bu barədə Ölkə.Az-a Rasim Balayev özü məlumat verib.

    “Bir neçə dəqiqə əvvəl cənab prezident mənimlə telefonla danışdı. Bildirdi ki, bu, bizim sənə münasibətimiz deyil, siyahını hazırlayanların günahıdır. Mən də təşəkkürümü bildirdim. Bildirdi ki, bu il kino sahəsinə beş milyon ayrıldı.

    Növbəti ildən kinoya vəsait ayrılması büdcəyə salınacaq. Məndən soruşdu ki, görüşdə iştirak etsəydin, nə təklifin olacaqdı? Bildirdim ki, mənim təkliflərim Mehriban Zəkinin fikirləri ilə üst-üstə düşür”.

    Qeyd edək ki, martın 1-də prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşüb. R.Balayev görüşə dəvət olunmayıb.

    Məlumat üçün bildirək ki, Xalq artisti Mehriban Zəki çıxışında kinoya diqqətin artırılmasını xahiş etmişdi:

    “Mən daha çox diqqətinizi kinoya yönəltmək istəyirəm. Mənim gəncliyimdə kinostudiyanın həyətində, onun divarları arasında çox fəal yaradıcı proseslər baş verirdi. Son illərə qədər bu proses davam edirdi.

    Müasir dövrdə, müstəqillik dövrümüzdə artıq çəkilmiş filmlər, mənim də çəkildiyim “Nabat”, “Yarımçıq xatirələr”, “Dolu”, “Axınla aşağı” filmləri və adlarını unutduğum bir çox filmlər var. Bir çox filmlər A kateqoriyalı festivallarda iştirak edib, müəyyən nailiyyətlər qazanıb. Amma təəssüf edirəm ki, son iki ildə dövlət sektorunda filmlərimizin inkişafı, çəkilməsi nədənsə avazıyıb.

    Kinostudiyamızın divarları soyuyub. Ona görə, cənab Prezident, mənim o uşaqlıq arzum olan kinostudiyada coşqun həyat, sənət eşqi davam etsin, diqqətinizi bir daha oraya yönəltmək istərdim”.

  • Bu azərbaycanlı hakimlərə diplomatik pasport veriləcək

    Avropa Məhkəməsinə Azərbaycandan seçilən hakimə də diplomatik pasport veriləcək.

    Parlamentin martın 5-də keçirilən plenar iclasında “Pasportlar haqqında” qanuna dəyişiklik edilməsi məsələsinə baxılıb.

    Layihə barədə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

    Onun sözlərinə görə, dəyişiklik qanunun 6-cı (Diplomatik pasport) maddəsinə olunub.

    “Yəni dəyişikliyə əsasən, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə Azərbaycandan seçilən hakimə də diplomatik pasport veriləcək”, – deyə komitə sədri əlavə edib.

    Qanun layihəsi səsverməyə çıxarılaraq qəbul olunub.
    //oxu.az

  • İki teatra “akademik” statusu verildi

    Prezident İlham Əliyev Azərbaycan Dövlət Musiqili Teatrına və Azərbaycan Dövlət Rus Dram Teatrına “akademik” statusu verilməsi haqqında sərəncam imzalayıb.

    Müvafiq sənədi martın 5-də AZƏRTAC dərc edib.

    Sənədə əsasən, Nazirlər Kabinetinə tapşırılıb ki, Azərbaycan Dövlət Musiqili Teatrına və Azərbaycan Dövlət Rus Dram Teatrına “akademik” statusu verilməsini on beş gün müddətində təmin etsin.

    Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Sərəncama uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verməlidir.