Category: Siyasət

  • Prezidentdən Bəşirqızının təklifinə cavab: “Teatr işçilərinin maaşı artırılacaq”

    “Burada teatrlarla bağlı bir neçə təklif səsləndi. Aparıcı teatrların adlarını mən çəkdim və giriş sözümdə dedim ki, ilk növbədə, teatrların təmiri ilə biz məşğul olduq – Akademik Dövlət Dram Teatrının, Rus Dram Teatrının, Musiqili Teatrın, Gənc Tamaşaçılar Teatrının, Kukla Teatrının. Ona görə, əlbəttə, mən hesab edirəm ki, burada fərq qoymaq olmaz”.

    Bunu Prezident İlham Əliyev ötən gün mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşündə çıxışı zamanı deyib. Dövlət başçısı bildirib ki, teatr işçilərinin əməkhaqları ilə bağlı təkliflər hazırlansın və əməkhaqları əhəmiyyətli dərəcədə artırılsın.

    “Biz bunu mütləq etməliyik. Əlbəttə ki, dəvətə görə, Hacı müəllim, təşəkkür edirəm. Mən məmnuniyyətlə gələrəm və sizinlə birlikdə gözəl tamaşalara baxmağa məmnun olaram. Vergilərlə bağlı burada bir fikir səsləndi. Bu, gərək araşdırılsın və baxılsın ki, nə etmək olar. Bununla paralel olaraq, hesab edirəm ki, bizim aparıcı teatrlarımıza dövlət tərəfindən maddi dəstək də göstərilməlidir. Göstəriş veriləcək. Düşünürəm ki, özəl sektor da teatrlara sponsorluq etməlidir. Mən bu gün özəl sektora da çağırış edirəm ki, bu məsələ ilə bağlı onlar da öz dəstəyini göstərsinlər. Amma ilk olaraq dövlət bu məsələni öz üzərinə götürəcək”, – deyə Prezident çıxışında qeyd edib.

  • “Prezident dedi ki, heç kim sizə qadağa qoya bilməz” – Tahir İmanov

    “Bu gün çox şərəfli gün idi ki, o qədər incəsənət xadimlərinin içində bizi də seçib görüşə dəvət etdilər. Prezident bu görüşlə sanki “Planet Parni iz Baku” KVN teatrına ikinci nəfəs verdi. Ölkə başçısına buna görə təşəkkür edirəm”
    Sfera.az xəbər verir ki, bunu Azvision.az -a “Planet Parni iz Baku” KVN teatrının bədii rəhbəri, əməkdər artist Tahir İmanov Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimləri ilə görüşündən danışarkən deyib.

    T.İmanov bildirib ki, görüş zamanı o, prezidentə xahiş və təkliflərini çatdırıb: “Cənab prezidentə layihələrimiz haqqında danışanda bildirdim ki, teatrımız bütün qadağalara baxmayaraq, fəaliyyətini davam etdirir və artıq Rusiya kanalları ilə sıx əməkdaşlıq qurmuşuq. Bu məqam ölkə başçısına çox maraqlı gəldi və nə qadağası olması barədə soruşdu. Mən də bildirdim ki, özəl kanallar bizə qadağa qoyub. Prezidenin cavabı bizi sevindirdi. Dedi ki, heç kim sizə dövlət səviyyəsində qadağa qoya bilməz və məsələ həllini tapmalıdır. Özəl kanallara tövsiyyə olunur ki, bu məsələyə baxsınlar. Teatrımızın fəaliyyətinə bundan yüksək qiymət ola bilməzdi. Ölkə başçısı bir daha qeyd etdi ki, bizim çıxışlarımıza baxır. Bu doğurdan da böyük qiymətdir”.

    T. İmanov vurğulayıb ki, “Planet Parni iz Baku” KVN teatrı dövlətə və dövlətçiliyə xidmət edir.

    “Bizə illər ərzində bəzi məmurlar deyirdilər ki, bu qadağalar elə-belə deyil, fəaliyyətinizi tənqidlərinizi dəyişməlisiniz. Biz sadəcə olaraq öz işimizlə məşğuluq. Necə ki, 90-cı illərdə satiramızla, yumoristik səhnələrimizlə həm ölkə rəhbərliyini, həm də adi tamaşaçıları güldürürdüksə, eləcə də indiki zamanda fəaliyyətimizi davam etdiririk. Biz formatımızı dəyişməmişik. Dəyişən bizim yumoristik satirik səhnələrdir. Çünki həyat dəyişdiyi kimi hadisələr də dəyişir. Bütün təzyiqlərə baxmayaraq, fəaliyyətimizi dayandırmadıq, əksinə satiramızı iti etdik, fəaliyyətimizi daha da zənginləşdirdik. KVN necə formatda işləyirdisə, elə də davam edirik. Bizim tearın siyasi mövqeyi ölkə başçının yanında olmaq və dövlətçiliyə, Heydər Əliyev kursuna qulluq etməkdir.

    Həmişə məndən soruşanda ki, niyə belə seçim etmisiniz? Deyirəm ki, bu seçimi bizim babalarımız, valideynlərimiz edib. Babamız bəstəkar Süleyman Ələsgərov Ümummilli lider Heydər Əliyevlə necə sıx əməkdaşlıq qurmuşdusa, bu gün onun nəvələri bu işi davam etdirirlər. Prezident bizim sənətimizi bəyənir, dəstəkləyir. İnanıram ki, ən yaxın zamanda məsələ öz həllini tapacaq”.

    Aktyorun sözlərinə görə, mərhum babasının adına küçə salınması ilə bağlı xahişini prezident müsbət qarşılayıb: “Babamın adına küçə verilməsi ilə bağlı xahiş etdim, məsələ dərhal öz həllini tapdı”

    Qeyd edək ki, bu gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşüblər.

  • “Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı”nda dəyişiklik edilib

    Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 3 mart tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

    Dəyişikliyə əsasən, “Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı”nın 2.3-cü bəndi aşağıdakı redaksiyada verilir:

    “2.3. Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktoru və onun müavini, İcraçı direktorun müşaviri, köməkçisi, İcraçı direktorun ofisinin, Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın Katibliyinin və digər struktur vahidlərinin (müdiriyyət, departament, şöbə) rəhbərləri və onların müavinləri;”.

  • “Səhiyyədə çox ciddi dönüş yaranacaq” – Prezident

    “Səhiyyə sahəsində çox ciddi islahatlar aparılır. Qərar qəbul olunub və ümid edirəm ki, biz gələn ildən icbari tibbi sığorta sisteminə keçəcəyik”.

    Median.Az xəbər verir ki, bu sözləri prezident İlham Əliyev mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşü zamanı deyib:

    “Biz bir neçə şəhərdə pilot layihələri icra etdik və bu layihələr çox müsbət nəticə verir. Həm vətəndaşlar razıdırlar, həm də tibbi xidmət yüksək səviyyədə göstərilir. Deyə bilərəm ki, bu şəhərlərdə səhiyyə sahəsində şəffaflıq tam təmin edilib. Beynəlxalq maliyyə qurumları, ilk növbədə, Dünya Bankı, – bu yaxınlarda onların nümayəndələri ilə mənim görüşüm olubdur, – bunu çox yüksək qiymətləndirirlər. Hesab edirəm ki, hər bir Azərbaycan vətəndaşı bunun faydasını görəcək. Bu, çox ciddi bir islahatdır, sadə məsələ deyil, bəzi ölkələr illər boyu bu islahata doğru gedirdilər, bunu əldə edə bilməyiblər. Ancaq biz nisbətən qısa müddət ərzində bütün lazımi sənədləri hazırladıq və səhiyyə sahəsində çox ciddi dönüş yaranacaq. Çünki keçən dövrdə biz bütün şəhərlərimizdə müasir xəstəxanalar, diaqnostika mərkəzləri tikmişik, yəni, infrastruktur mövcuddur”.

  • Lukaşenko: İlham Əliyevə bir zəng və bütün problemlər həllini tapır

    Mən azərbaycanlıların belaruslara münasibətini bilirəm – daha yaxşısı bizə heç lazım deyil. Onlar bizə qardaş kimi yanaşırlar. Bu müsəlman ölkəsinin xristian dövlətinə olan münasibət nümunəsidir.

    Bu sözləri “Sputnik Belarus” agentliyinə müsahibəsində Belarus prezidenti Aleksandr Lukaşenko deyib.

    “İlham Əliyevin mənə və ya mənim ona bir zəngim və bütün məsələlər öz həllini tapır”, – Belarus prezidenti deyib.

    Lukaşenko həmçinin Belarusun sanksiyalar altına düşdüyü zaman Azərbaycanın göstərdiyi mövqeyə görə ölkə başçısına təşəkkür edib.

    “Aİ və ABŞ-ın sanksiyalar elan etdiyi vaxtda İlham Əliyev susmurdu və bizə dəstək göstərirdi. O Belarus üçün döyüşürdü, hamını inandırırdı ki, siz Belarusu tanımırsız, prezidenti tanımırsız”, – Lukaşenko Azərbaycan-Belarus münasibətlərindən danışarkən deyib.

    Belarus lideri müsahibəsində həmçinin vaxtı ilə Heydər Əliyevin şəxsiyyəti barədə leksiya oxuduğunu xatırlayıb.

  • Rəsmi Bakı Vanesyana cavab verdi

    Azərbaycann Xarici İşlər Nazirliyi Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanesyana cavab verib.

    XİN-nin mətbuat xidmətinin bəyanatında bildirilir ki, Ermənistanın yüksək səviyyəli məmurunun bu kimi fikir söyləməsi ATƏT-in Minsk Qrupunun həmsədrlərinin rəhbərliyi altında aparılan danışıqların mahiyyəti və məntiqi, xüsusilə də Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Parisdə keçirilmiş sonuncu görüşünün nəticələri ilə ziddiyyət təşkil edərək, uzun illərdir ki, aparılan danışıqlar prosesinə qarşı açıq hücum xarakteri daşıyır.

    “Mahiyyət etibarilə bu, danışıqlar prosesini məhv etmək və həmsədrlərin fəaliyyətini heçə endirmək cəhdi deməkdir. Digər tərəfdən, bu bəyanat Ermənistanın Azərbaycanın torpaqlarının işğalında birbaşa iştirak etdiyinin növbəti aşkar göstəricisidir və Ermənistanın 1949-cu il Cenevrə Konvensiyaları və Əlavə Protokollarına zidd olaraq həyata keçirdiyi qeyri-qanuni köçürmələr siyasəti də daxil olmaqla bu ərazilərin ilhaqı planlarına bəraət qazandırmaq cəhdidir.

    Bununla əlaqədar olaraq işğalçı ölkəyə xatırlatmaq istərdik ki, bu kimi təxribat xarakterli çıxışların bütün mümkün mənfi nəticələrinə görə məsuliyyəti, məhz Ermənistan Respublikası daşıyır.

    Azərbaycan, öz tərəfindən, bu məsələni BMT, ATƏT və digər aparıcı beynəlxalq təşkilatlar çərçivəsində qaldıracaq. Eyni zamanda, ATƏT-in Minsk Qrupunun həmsədrlərini Ermənistanın yüksək siyasi rəhbərliyinin nümayəndələrinin bu kimi addımlarını qəti şəkildə pisləyən bəyanatla çıxış etməyə çağırırıq”, – deyə bəyanatda qeyd olunur.

    Qeyd edək ki, Vanesyan Dağlıq Qarabağa səfər edib. Səfər zamanı o Füzuli rayonu ərazisində ermənilərin məskunlaşması üçün qəsəbə salacaqlarını, burada infrastruktur yaradılacağını və kənd təsərrüfarının inkişaf etdiriləcəyini deyib:

    “Qarabağın Azərbaycana veriləcəyi barədə iddialar əsassızdır. Qarabağın bir qarışını da Azərbaycana verməyəcəyik”.

  • Prezident: Bakıda xaotik tikinti prosesi sona çatır

    Şəhərsalma sahəsində islahatlara çox ciddi ehtiyac var və müvafiq göstərişlər verilib. Bakı şəhərində xaotik tikinti prosesi artıq sona çatır.

    Bunu prezident İlham Əliyev martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşdə deyib.

    Dövlət başçısının sözlərinə görə, Şəhərsalma və Arxitektura Komitəsi qarşısında çox ciddi vəzifələr qoyulub ki, buna son qoyulsun.

    “Əlbəttə, biz imkan verə bilmərik ki, inşaat sektorunda durğunluq yaransın. İnşaat iqtisadiyyatın təkanverici sektorlarından biridir, on minlərlə iş yeri yaradan sahədir. Ancaq Bakının bundan sonrakı şəhərsalma qaydaları baş plan əsasında olmalıdır və gözəl şəhərimizin gözəl siması daha da gözəlləşdirilməlidir. Şəhər nəqliyyatı, şəhər təsərrüfatı ilə bağlı islahatlar aparılır. Hesab edirəm ki, biz bu islahatların aparılmasında uğurlar əldə edəcəyik”, – deyə Azərbaycan prezidenti qeyd edib.

  • İlham Əliyev kredit fərmanından danışdı: Dünyada analoqu yoxdur

    Prezident İlham Əliyev problemli kreditlərlə bağlı imzaladığı fərmandan danışıb.

    O, mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşdə bildirib ki, iqtisadi sahədə aparılan islahatlar gözəl nəticələr verir.

    “Dünən imzaladığım Fərman 800 min insanı əhatə edir və deyə bilərəm ki, bu Fərmanın dünyada analoqu yoxdur. Fərmanı oxuyan, onu təhlil edən hər bir vətəndaş bunu görə bilər. Bu, çox ciddi bir sosial təşəbbüsdür. Dövlət bir daha göstərir ki, öz vətəndaşının yanındadır. Bizim iqtisadi imkanlarımız yarandıqca, ilk növbədə, problemli kreditlər məsələsini həll etməyə qərar verdik və bunu bacardıq.

    Onu da bildirməliyəm ki, ciddi devalvasiyadan əziyyət çəkən ölkələrin sayı kifayət qədər çoxdur və bizdən də dərin devalvasiyaya uğramış ölkələr vardır. Ancaq heç bir ölkədə bu dərəcədə sosialyönümlü, vətəndaşın marağını güdən addım olmayıb. Yəni, bütün bu sosial paket təqribən 3 milyona yaxın insanı əhatə edir və bir daha bizim niyyətimizi göstərir”, – deyə ölkə başçısı qeyd edib.

  • Prezident: Səhiyyə sahəsində çox ciddi dönüş yaranacaq

    Səhiyyə sahəsində çox ciddi islahatlar aparılır. Qərar qəbul olunub və ümid edirəm ki, biz gələn ildən icbari tibbi sığorta sisteminə keçəcəyik.

    Bunu prezident İlham Əliyev martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşündə deyib.

    Prezident xatırladıb ki, bir neçə şəhərdə pilot lahiyələr icra edilib:

    “Biz bir neçə şəhərdə pilot layihələri icra etdik və bu layihələr çox müsbət nəticə verir. Həm vətəndaşlar razıdırlar, həm də tibbi xidmət yüksək səviyyədə göstərilir. Deyə bilərəm ki, bu şəhərlərdə səhiyyə sahəsində şəffaflıq tam təmin edilib. Beynəlxalq maliyyə qurumları, ilk növbədə, Dünya Bankı, – bu yaxınlarda onların nümayəndələri ilə mənim görüşüm olubdur, – bunu çox yüksək qiymətləndirirlər”.

    İlham Əliyev əminliyini ifadə edib ki, hər bir Azərbaycan vətəndaşı bunun faydasını görəcək.

    “Bu, çox ciddi bir islahatdır, sadə məsələ deyil, bəzi ölkələr illər boyu bu islahata doğru gedirdilər, bunu əldə edə bilməyiblər. Ancaq biz nisbətən qısa müddət ərzində bütün lazımi sənədləri hazırladıq və səhiyyə sahəsində çox ciddi dönüş yaranacaq. Çünki keçən dövrdə biz bütün şəhərlərimizdə müasir xəstəxanalar, diaqnostika mərkəzləri tikmişik, yəni, infrastruktur mövcuddur”.

  • İlham Əliyev və birinci xanım mədəniyyət xadimləri ilə görüşüblər

    Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşüblər.

    Bu barədə məlumatı AZƏRTAC yayıb.