Category: Siyasət

  • Ramil Usubovdan yeni rəis müavini təyinatı

    Binəqədi Rayon Polis İdarəsinə yeni rəis müavini təyin edilib.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə müvafiq əmri daxili işlər naziri, general-polkovnik Ramil Usubov imzalayıb.

    Binəqədi Rayon Polis İdarəsinin əməliyyat işi üzrə rəis müavini vəzifəsinə polis polkovnik-leytenantı Vəfalı Həsənəliyev təyinat alıb.

    O, yeni təyinatadək Nəsimi rayon Polis İdarəsində Təhqiqat şöbəsinin rəisi vəzifəsində çalışıb.

    Vəfalı Həsənəliyev cinayətkarlığa qarşı mübarizədə və ictimai asayişin qorunması sahəsində fərqləndiyinə görə 2015-ci ildə prezident İlham Əliyevin müvafiq sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilib.

    Qeyd edək ki, bundan əvvəl bu vəzifəni Emin Həsənov yerinə yetirib. O, Baş Narkotiklərlə Mübarizə İdarəsinə şöbə rəisi təyin edilib.

  • İlham Əliyev əsgərlərlə süfrə arxasında yemək yeyib, söhbət etdi – FOTOLAR

    Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev fevralın 13-də Müdafiə Nazirliyinin Beyləqan rayonu ərazisində yeni inşa edilmiş “N” saylı hərbi hissəsində yaradılan şəraitlə tanış olub.

    AZƏRTAC xəbər verir ki, müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verdilər.

    Azərbaycanın iqtisadi inkişafı Silahlı Qüvvələrin də müasir standartlara cavab verən peşəkar orduya çevrilməsində mühüm rol oynayıb. Təbii ki, güclü ordunun yaradılması həm də güclü hərbi-sənaye kompleksinin mövcudluğu ilə şərtlənir. Bu məsələyə vaxtında lazımi diqqət göstərən Prezident İlham Əliyevin rəhbərliyi ilə 2005-ci ildə ölkədə müdafiə sənayesinin əsasının qoyulması və bu sahədə istehsal yönümlü müəssisələrin fəaliyyətə başlaması Azərbaycan Ordusunun maddi-texniki bazasını daha da gücləndirib. 2019-cu ildə Prezident İlham Əliyevin Müdafiə Sənayesi Nazirliyinin əsasında “Azərsilah” ASC-nin yaradılması ilə bağlı imzaladığı Fərman da Silahlı Qüvvələrin müasir tələblərə cavab verən müdafiə təyinatlı məhsullarla təmin olunmasında əhəmiyyətli rol oynayacaq. Ölkədə hərbi xərclərin artırılması hərbçilərin sosial vəziyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına səbəb olub. Son illərdə hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi sahəsində sistemli tədbirlər görülüb. Hərbi qulluqçuların rütbə və vəzifə maaşları artırılıb, onlar üçün paytaxtda və bölgələrdə xidməti yaşayış evləri tikilib. İndi Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü 50 ordusu sırasındadır. Bunu beynəlxalq hərbi tədqiqat mərkəzlərinin hesabatları da təsdiqləyir. Bu nəticəyə isə hərbi potensialın gücləndirilməsi, qoşun birləşmələrinin döyüş hazırlığının müasir standartlar səviyyəsində qurulması sayəsində nail olunub. İndiyə qədər ordunun döyüş qabiliyyətinin daha da artırılması, əməliyyat işləri üzrə hazırlığın gücləndirilməsi, idarəetmənin təkmilləşdirilməsi ilə bağlı birlik və birləşmələrin xeyli sayda komanda-qərargah təlimi keçirilib. Bu təlimlərə Silahlı Qüvvələrin müxtəlif qoşun birləşmələri cəlb olunub. Ordumuzun gücünü son illərdə keçirilən hərbi paradlarda nümayiş etdirilən canlı qüvvə və hərbi texnikadan da görmək olur.

    Dövlətimizin başçısına məlumat verildi ki, 13 hektar ərazidə yerləşən hərbi hissənin inşasına 2017-ci ildən başlanılıb. Artıq tikintinin birinci mərhələsi başa çatdırılıb. Hazırda ikinci mərhələ üzrə işlər davam etdirilir. Hərbi şəhərcikdə inzibati, xidməti, yaşayış, texniki binalar inşa olunub, qurğular yerləşdirilib. Ərazidə şəxsi heyətin uzunmüddətli yerləşdirilməsi məqsədilə yataq, məişət və xidməti sahələrdən ibarət əsgər yataqxanaları tikilib. Ailəli hərbi qulluqçuların yerləşdirilməsi üçün birmərtəbəli dörd xidməti yaşayış binasında 32-si üçotaqlı, 16-sı ikiotaqlı olmaqla 48 mənzilin tikintisi davam etdirilir.

    Təntənəli mərasimlər, qoşunların sıra təlimləri, düzülüşlər, şəxsi heyətin sıra baxışı, döyüş və fiziki hazırlıq, eləcə də digər tədbirlərin keçirilməsi üçün sıra meydanı da salınıb. Şəxsi heyətə ixtisaslı tibbi yardımın göstərilməsi məqsədilə ərazidə xüsusi tibbi avadanlıqla təchiz edilmiş tibb məntəqəsi, qarovul məntəqəsi, yemək zalından, yeməkbişirmə, ərzaq və təsərrüfat otaqlarından, ərzaq və soyuducu anbarlarından ibarət yeməkxana binası inşa olunub. Ərazidə gündəlik 720 kiloqram paltar yumaq, qurutmaq və ütüləmək imkanına malik hamamxana-camaşırxana-qazanxana kompleksi yaradılıb. Hərbi hissədə avtomobil və xüsusi texnikanın yerləşdirilməsi üçün park da salınıb.

    Prezident İlham Əliyev daha sonra yeməkxanada yaradılan şəraitlə maraqlandı, hərbi hissənin şəxsi heyəti ilə birlikdə nahar etdi.

    Bütün bunlar göstərir ki, orduda aparılan islahatlar bəhrə verir. Döyüş hazırlığının yüksək tələblərə cavab verən səviyyəyə çatdırılmasını prioritet vəzifə kimi müəyyənləşdirən Prezident İlham Əliyev təmas xəttində yerləşən bölgələrimizə mütəmadi səfərlər edir. Ali Baş Komandanın əsgərlərimizlə keçirdiyi görüşlər onları Vətəni qorumağa, işğal altındakı torpaqlarımız uğrunda hər an savaşa qalxmağa ruhlandırır. Bununla da güclü ordu potensialımız bizi əsas məqsədimizə, işğal edilən torpaqlarımızın azad olunmasına daha da yaxınlaşdırır. Bunun nəticəsidir ki, qəhrəman hərbçilərimizin uğurlu əks-hücum əməliyyatı nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2 min hektardan çox hissəsi 2016-cı ildə azad olunub. Füzuli rayonu istiqamətində yerləşən və geniş ərazini nəzarətdə saxlamağa imkan verən strateji əhəmiyyətli Lələtəpə yüksəkliyi ələ keçirilib. Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Ermənistan silahlı birləşmələrinin işğalı altında olan Günnüt kəndinin 26 ildən sonra ordumuzun nəzarəti altına keçməsi nəticəsində Xunut dağı və Ağbulaq yüksəkliyi, Qızılqaya dağı və Mehridağ işğaldan azad edilib, ümumilikdə 11 min hektara yaxın ərazi nəzarət altına alınıb. Bu da göstərir ki, peşəkar ordusu olan xalqın müstəqilliyi əbədidir və bu ordunun gücünün əsasında xalqına, dövlətinə sədaqət və Vətən sevgisi durur.


  • İlham Əliyev Beyləqandadır – YENİLƏNİB

    Fevralın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beyləqan rayonuna səfəri çərçivəsində Mingəçevir-Stansiya Mingəçevir-Bəhrəmtəpə-Beyləqan avtomobil yolunun açılışında iştirak edib.

    Bu barədə AZƏRTAC məlumat yayıb.

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına yolun göstəriciləri barədə məlumat verib.

    Regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarına uyğun olaraq son illərdə yol infrastrukturunun müasirləşdirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Avtomobil yollarının tikintisi və yenidən qurulması işlərinin həcmi ildən-ilə artır.

    Hazırda respublikanın nəqliyyat-yol infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi ilə bağlı beynəlxalq maliyyə qurumlarının əsaslı vəsait qoyuluşları ilə yanaşı, dövlət büdcəsi vəsaiti hesabına da irimiqyaslı layihələr uğurla icra olunur.

    Prezident İlham Əliyevin sərəncam və göstərişlərinə əsasən, indi əsas diqqət regionlarda kənd və qəsəbələri birləşdirən, həmçinin yaşayış məntəqələrinin daxili yollarının təmirinə və yenidən qurulmasına yönəldilib.

    Bu tədbirlər, ilk növbədə, Azərbaycan iqtisadiyyatının gücünü göstərməklə yanaşı, vətəndaşların rifahının yaxşılaşdırılmasına yönələn layihələrin davamlı olduğunu nümayiş etdirir. Belə layihələrdən biri də Mingəçevir-Stansiya Mingəçevir-Bəhrəmtəpə-Beyləqan avtomobil yolunun tikintisidir.

    Məlumat verildi ki, bu yol 26 min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirir. Mingəçevir-Stansiya Mingəçevir-Bəhrəmtəpə-Beyləqan avtomobil yolunun tikintisinə dövlət büdcəsinin investisiya xərclərindən 14,6 milyon manat ayrılıb. Uzunluğu 20,5 kilometr olan yolun hərəkət hissəsinin eni 6-14 metrdir.

    İki və dörd hərəkət zolaqlı yol yüksək keyfiyyətlə tikilib. Yol boyunca üç avtobus dayanacağı, suötürücü borular, 78 yol nişanı və göstərici lövhələr quraşdırılıb. Uzunluğu 73 min metr olan yol cizgi xətləri çəkilib, dörd körpü əsaslı təmir edilib.

    Prezident İlham Əliyevə Beyləqan rayonunun Kəbirli-Eyvazalılar-Birinci Aşıqlı-Əlinəzərli avtomobil yolunun yenidən qurulması layihəsi barədə də məlumat verildi. Bildirildi ki, dördüncü texniki dərəcəli yolun ümumi uzunluğu 39,4 kilometrdir. İki hərəkət zolaqlı yolun hərəkət hissəsinin eni altı metrdir.

    İyirmi iki min nəfər əhalinin yaşadığı səkkiz yaşayış məntəqəsini birləşdirən yolun təmiri yük və sərnişin daşınmasının daha da yaxşılaşdırılmasına imkan verəcək.

    Dövlətimizin başçısı Mingəçevir-Stansiya Mingəçevir-Bəhrəmtəpə-Beyləqan avtomobil yolunun rəmzi açılışını bildirən lenti kəsib.

    Ölkəmizdə yol infrastrukturunun yenilənməsi və müasirləşdirilməsi istiqamətində aparılan işlərin ardıcıl və keyfiyyətlə davam etdirilməsi Azərbaycanın iqtisadi inkişafının göstəricilərindən biridir. Bu işlər, eyni zamanda, davamlı tərəqqinin əsas amillərindəndir.

    Son illər Prezident İlham Əliyevin birbaşa tapşırıq və sərəncamlarına əsasən yolların müasir səviyyədə yenilənməsi işinə xüsusi diqqət göstərilir. Mühüm məqamlardan biri də odur ki, bu layihələr qısa müddətdə və yüksək keyfiyyətlə icra olunur.

    * * * * *

    Fevralın 13-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Beyləqan rayonuna səfərə gedib.

    Bu barədə AZƏRTAC məlumat yayıb.

    Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Beyləqan şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

    Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev rayonda görülən işlər haqqında dövlətimizin başçısına məlumat verib.

  • İlham Əliyev: Dünya dəyişir və biz bu dəyişikliyə hazır olmalıyıq

    Bildiyiniz kimi, Ermənistanın yeni hökuməti birinci mərhələdə çox ziddiyyətli bəyanatlar verirdi ki, Azərbaycan Ermənistanla yox, qondarma “Dağlıq Qarabağ respublikası” ilə danışıqlar aparmalıdır. Biz əlbəttə ki, bu ziddiyyətli və anlaşılmaz bəyanatları dərhal rədd etdik. O cümlədən vasitəçilər də əlbəttə ki, belə bir mövqe ilə razılaşa bilməzdilər. Öz prinsipial mövqeyimizdə qalaraq biz danışıqlar prosesinə sadiqik.

    AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Real televiziyasına müsahibəsində deyib.

    O qeyd edib ki, bu gün danışıqlar Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında aparılır:

    “Artıq bir neçə raund danışıqlar aparılıb. Biz ümid edirik ki, bu danışıqların nəticəsi olacaqdır. Ona görə danışıqların aparılması əlbəttə ki, müsbət hal kimi qiymətləndirilə bilər. Bu, bir daha onu göstərir ki, Ermənistanın yeni rəhbərliyinin ilk mərhələdə bəyan etdiyi prinsiplər tamamilə qəbuledilməzdir.

    Digər tərəfdən, mən həmişə demişəm ki, bu gün dünyada güc amili ön plana çıxır. Baxın, dünyanın müxtəlif yerlərində beynəlxalq hüquq kobudcasına pozulur. Əgər əvvəlki dövrlərdə bunu müəyyən formada gizlətmək istəyirdilərsə, bu gün heç buna ehtiyac da görmürlər”.

    Dövlət başçısı vurğulayıb ki, bu gün dünyada “kim güclüdür, o da haqlıdır” prinsipi hökm sürür:

    “Bu, yeni reallıqdır. Biz bu reallığa hazır olmalıyıq. Dünya dəyişir və biz bu dəyişikliyə hazır olmalıyıq. Xoşbəxtlikdən biz öz iqtisadi və hərbi gücümüzü uzun illərdir ki, artırırıq. Sanki özümüzü bugünkü vəziyyətə hazırlayırdıq və bu gün biz hazırıq. Ona görə güc amili həmişə gündəlikdə olub və olacaq. Biz bunu nəinki bizim münaqişə, bir çox başqa münaqişələrlə bağlı da görürük. Ona görə biz müxtəlif imkanlardan istifadə edəcəyik və Azərbaycanın ərazi bütövlüyünün bərpası bizim əsas vəzifəmizdir. Azərbaycan vətəndaşları bunu bilməlidirlər ki, bu, hər bir vətəndaşın əsas vəzifəsidir, dövlətin əsas vəzifəsidir. Biz bu istiqamət üzrə öz siyasətimizi bundan sonra da aparacağıq”.

  • Prezident: Biz balans axtarmırıq

    Bəzi xarici mətbu orqanlarda, ekspert cəmiyyətlərində belə bir fikir söylənilir ki, Azərbaycan balanslaşdırılmış, tarazlaşdırılmış siyasət aparır və elə bil ki, bu regionda balans axtarır. Bu, belə deyil. Biz balans axtarmırıq. Biz, sadəcə olaraq, xarici siyasətimizlə öz milli maraqlarımızı qoruyuruq və mümkün olan riskləri azaldırıq.

    Bu sözləri Prezident İlham Əliyev Real televiziyasına müsahibəsində deyib.

    “Bizim xarici siyasətimiz məhz milli maraqlar üzərində qurulub. Milli maraqlar nəyi diktə edirsə, biz xarici siyasətdə onu da etməliyik və edirik. Deyə bilərəm ki, buna müvəffəq olmuşuq, – deyə dövlət başçısı qeyd edib.

    Bu gün Azərbaycanın dünyada çox etibarlı tərəfdaş kimi tanındığını vurğulayan Prezident İlham Əliyev deyib:

    “Tərəfdaşlar bilirlər ki, bizim sözümüzün imzamız qədər qüvvəsi, dəyəri var. Ona görə hesab edirəm ki, xarici siyasətlə bağlı aparılan işlər təqdirəlayiqdir. Xarici siyasət daxili siyasətin məntiqi davamıdır. Ümid edirəm ki, bundan sonra da biz bu istiqamətdə uğurlar yolu ilə gedəcəyik”.

  • TƏKLİF: Azərbaycanda kitablardan ƏDV götürülsün

    Bu gün Milli Məclisin növbəti plenar iclası keçirilib. Millət vəkilləri ölkədə kitab satışının əlavə dəyər vergisindən azad edilməsi, eyni zamanda suni qiymət artımı ilə mübarizənin gücləndirilməsini təklif ediblər. İclasda bələdiyyələrin fəaliyyəti də tənqid edilib.

    ”Azərbaycanda kitab və mətbəə məhsulları üzərindən əlavə dəyər vergisi tamamilə ortadan qaldırılmalıdır”. Belə bir təkliflə millət vəkili Fazil Mustafa Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edib. O, qonşu ölkələrlə müqayisə apararaq ölkəmizdə kitab üçün alınan ƏDV-nin yüksək olduğunu bildirib. Millət vəkili bu amilin kitab oxumaq vərdişinə də təsir etdiyini bildirib.

    Median.Az xezerxeber.az-a istinadən bildirir ki, iclasda çıxış edən millət vəkili Əli Məsimli isə minumum əmək haqqının 130 manatdan 180 manata çatdırılmasının böyük müsbət addım olduğunu bildirərək ,bəzi monopolistlərin bundan istifadə edərək qiymətləri suni şəkildə artırdığını bildirib.O, bu artımların qarşısının alınmasının vacib olduğunu bildirib.

    Parlamentdə bələdiyyələrlə bağlı illik məruzədə qəbul edilib və bəzi millət vəkillər bu qurumun fəaliyyətini tənqid ediblər.

    Ümumilikdə plenar iclasda 32 məsələyə baxılıb və qəbul edilib.

  • Prezident İlham Əliyevin REAL TV-yə müsahibəsinin TAM VİDEOSU

    Azərbaycan respublikasının prezidenti İlham Əliyev REAL televiziyasına geniş müsahibə verib.

    Müsahibədə dövlət başçısı Azərbaycanda aparılan islahatların əhatə dairəsi, əsas hədəfi, növbəti addımları barədə suallara cavab verib.

    Bununla yanaşı, prezident Dağlıq Qarabağ problemi ətrafında gedən danışıqlar və Azərbaycan Ordusunun gücü mövzusuna da toxunaraq münaqişənin həlli istiqamətində aparılan son müzakirələr barədə ətraflı məlumat verib.

  • Dövlət başçısı: “Bu il 5 yeni “ASAN xidmət” mərkəzi açılacaq”

    “Bugünkü Azərbaycan əvvəlki Azərbaycandan çox fərqlənir. Bugünkü Azərbaycan müasir dövlət kimi özünü artıq təsdiqləyib. Ölkədə aparılan islahatlar bizim niyyətimizi, siyasətimizi əks etdirir”.

    Median.Az AZƏRTAC-a istindən xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev REAL televiziyasının rəhbərinə geniş müsahibəsində deyib.

    Dövlət başçısı bildirib ki, ASAN xidmət əslində ictimai xidmətlər sahəsində böyük bir inqilabdır: “ASAN xidmət”in əhəmiyyətini bəlkə də bu gün biz tam dərk etmirik. Yəni, bu, sadəcə olaraq, vətəndaşlara gözəl, rahat xidmət mərkəzi deyil. Bu, insanlarda böyük dərəcədə dəyişikliklərə gətirib çıxardı.

    “ASAN xidmət” mənim təşəbbüsümlə yaradıldı. Ancaq onu da bildirməliyəm ki, orada çalışan gənclər “ASAN xidmət”i çox böyük dərəcədə inkişaf etdirdilər, zənginləşdirdilər, yeni, kreativ ideyaları ilə “ASAN xidmət”i doğrudan da nadir bir ictimai xidmət mərkəzinə çevirdilər. Hər bir yeni mərkəzə gedəndə, – mən 15 mərkəzin açılışının hər birində olmuşam, – görmüşəm ki, edilən təqdimatlarda hansısa bir yenilik var. Yəni, bu, onu göstərir ki, orada çalışan insanlar, – onların mütləq əksəriyyəti gənclərdir, – çox böyük həvəslə, böyük sevgi ilə bunu edirlər. Onlarda böyük ruh yüksəkliyi var. Onlar istəyirlər ki, ölkəmizdə işlər daha yaxşı getsin, istəyirlər ki, bu işlərə öz töhfələrini versinlər. Yəni, “ASAN xidmət” çox geniş və müsbət bir təşəbbüsün təzahürüdür. Orada işləyən gənclər bizim gələcəyimizdir. “ASAN xidmət”də korrupsiya, rüşvətxorluq, kobudluq, bürokratiya sıfırdır. Yəni, mənfi halların qarşısını almaq mümkündür. Bunu biz özümüz etmişik. Hansısa heç bir xarici təşkilat bunu bizə tövsiyə etməmişdir. Qərar da bizimdir, icraçılar da Azərbaycan vətəndaşlarıdır, gənclərdir və nəticəni də Azərbaycan vətəndaşları görürlər. Ona görə bu, ictimai davranış sahəsində, ictimai xidmətlər sahəsində, məmur-vətəndaş münasibətlərində inqilabdır. Sirr deyildir ki, “ASAN xidmət”ə qədər bizim vətəndaşlar hər hansı bir arayışı almaq üçün nə qədər böyük əziyyət çəkirdilər. Günlərlə, bəlkə həftələrlə vaxt itirirdilər, digər xoşagəlməz hallarla üzləşirdilər. İndi biz bunu bacardıq, bu, artıq keçmişdə qaldı. “ASAN xidmət”də təlim keçmiş 17 min könüllü tam yeni təfəkkürlü insanlardır. Onların amalı vətəndaşlara xidmət etməkdir, özü də təmənnasız. Gələcəkdə bu könüllülər, – artıq onların bir çoxu indi müxtəlif təşkilatlarda işləyirlər, – vətəndaşlarla təmasda tam yeni bir mövqe, tam yeni bir yanaşma nümayiş etdirəcəklər.

    Mən demişəm ki, hər bir dövlət məmuru vətəndaşların xidmətçisidir – Prezidentdən tutmuş aşağı səviyyəli məmura qədər. “ASAN Könüllüləri” bax, bu prinsiplərlə yaşayırlar. Ona görə bu, böyük bir hərəkatdır. Məhz buna görə bu il 5 yeni “ASAN xidmət” mərkəzi açılacaq. “ASAN xidmət” mərkəzlərində xidmətlərin sayı da gündən-günə artır, 200-dən çox xidmət göstərilir. Əlbəttə ki, bu, çox qürurverici bir məsələdir.

    O ki qaldı, “hədəfimiz nədir” sualınıza, deməliyəm ki, hədəfimiz qüdrətli, müasir dövlət qurmaqdır. Hədəfimiz xoşagəlməz hallara qarşı siyasətimizi bundan sonra da aparmaqdır. Burada mübarizənin bir neçə istiqaməti var, həm inzibati yollar, həm də institusional. Yəni, sistem xarakterli islahatlar. İndi “ASAN xidmət” elə qurulub ki, artıq bu sistem müstəqil formada yaşayır. Gələcəkdə orada çalışacaq vətəndaşlar bu prinsiplərə əməl edəcəklər. Əsas məsələ, əsas hədəf güclü, müasir dövlət qurmaqdır ki, vətəndaşlar özlərini rahat hiss etsinlər, dövlət məmurları vətəndaşlara təmənnasız və sədaqətlə xidmət göstərsinlər.

  • Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

    Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

    “Hörmətli cənab Prezident, Əziz Qardaşım, İstanbulda yaşayış binasının çökməsi və helikopter qəzası nəticəsində insan tələfatı barədə xəbər məni son dərəcə kədərləndirdi.

    Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm”.

  • Prezident sərəncam verdi: Kənd təsərrüfatının inkişafı üçün 21 milyon manat ayrıldı

    Prezident İlham Əliyev əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

    Respublikamızda son illər həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində Azərbaycan iqtisadiyyatının sürətli inkişafı, digər sahələrdə olduğu kimi, qeyri-neft sektorunda da köklü dəyişikliklərə səbəb olmuşdur. Regionlarda suvarılan torpaq sahələrinin genişləndirilməsi, mütərəqqi texnologiyalara əsaslanan aqroparkların, müasir heyvandarlıq komplekslərinin, iri fermer təsərrüfatlarının yaradılması nailiyyətlərin əldə olunmasında xüsusi rol oynamışdır və hazırda da bu işlər uğurla davam etdirilir.

    Bu məqsədlə ölkəmizdə kənd təsərrüfatı məhsulları istehsalının daha artıq inkişaf etdirilməsi üçün strateji əhəmiyyəti olan bir sıra iri su təsərrüfatı obyektləri tikilib istifadəyə verilmiş, on minlərlə hektar yeni suvarılan sahə əkin dövriyyəsinə daxil edilmiş, mövcud suvarılan torpaqların su təminatı yaxşılaşdırılmış, eyni zamanda, rayon mərkəzləri və onlara bitişik yaşayış məntəqələri içməli su ilə təmin edilmişdir.

    Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılmış vəsait hesabına 2013–2017-ci illərdə ölkənin 40 şəhər və rayonu üzrə əhalisi 1,4 milyon nəfərə yaxın olan 611 yaşayış məntəqəsində əkin sahələrinin, əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təmin olunması və əhalinin içməli suya tələbatının ödənilməsi üçün 1107 subartezian quyusu qazılmışdır. 2018-ci ildə isə ölkənin əhalisi 597 min nəfərə yaxın olan 38 şəhər və rayonunun 248 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 300 subartezian quyusu qazılmışdır və suvarma su mənbəyi işğal zonasında qalmış Ağdam rayonunda hazırda əlavə olaraq 35 subartezian quyusunda qazma işləri aparılmaqdadır.

    Sərəncamda qeyd edilir ki, əhalisi 736 min nəfərə yaxın olan 41 şəhər və rayonun 254 yaşayış məntəqəsində (siyahı əlavə olunur) əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, yeni suvarılacaq torpaqların suvarma suyuna, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 2019-cu ildə 300 subartezian quyusunun layihələndirilməsini və qazılmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.27-ci yarımbəndində göstərilmiş məbləğin 21 milyon manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.

    Maliyyə Nazirliyinə Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılır.