Category: Siyasət

  • İlham Əliyev Almaniya nümayəndə heyətini qəbul edib – YENİLƏNİB + FOTO

    Azərbaycan Respublikasının prezidenti İlham Əliyev yanvarın 31-də Almaniya Federativ Respublikasının Federal İqtisadiyyat və Energetika Nazirliyində dövlət katibi Tomas Baraysın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

    Dövlətimizin başçısı belə geniş tərkibdə nümayəndə heyətinin ölkəmizə səfərini Azərbaycanla Almaniya arasında əməkdaşlığın və tərəfdaşlığın yaxşı göstəricisi kimi dəyərləndirərək ölkələrimizin və biznes dairələrinin əlaqələrimizin genişləndirilməsi üçün qarşılıqlı maraq göstərməsindən məmnunluğunu ifadə edib.

    Prezident İlham Əliyev Almaniya Federativ Respublikasının Federal Kansleri xanım Angela Merkelin Azərbaycana səfərini məmnunluqla xatırlayaraq, həmin səfər çərçivəsində biznes nümayəndələri arasında çox səmərəli görüşlərin keçirildiyini vurğulayıb.

    Dövlətimizin başçısı Tomas Baraysın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin əməkdaşlıq prosesinin davam etdirilməsi işinə töhfə verəcəyinə əminliyini bildirib. Almaniya şirkətlərinin uzun illərdir Azərbaycanda uğurlu fəaliyyət göstərdiklərini vurğulayan Prezident İlham Əliyev ölkələrimiz arasında tərəfdaşlıq və əməkdaşlıq əlaqələrinin bundan sonra da genişlənəcəyinə və möhkəmlənəcəyinə əmin olduğunu söyləyib.

    Almaniya Federativ Respublikasının Federal İqtisadiyyat və Energetika Nazirliyində dövlət katibi Tomas Barays qəbula görə nümayəndə heyətinin adından dövlətimizin başçısına minnətdarlığını bildirib və Almaniyanın Federal Kansleri xanım Angela Merkelin salamlarını dövlətimizin başçısına çatdıraraq bu səfəri Federal Kanslerin Azərbaycana səfərinin davamı kimi dəyərləndirib.

    Tomas Barays səfərdən öncə Angela Merkellə görüşdüyünü qeyd edərək bildirib ki, xanım Kansler Azərbaycanla ikitərəfli iqtisadi əlaqələrin davam etdirilməsindən çox məmnundur. Ölkələrimizin ortaq tarixə malik olduğunu deyən Tomas Barays Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyinin qeyd edildiyini vurğulayaraq Prezident İlham Əliyevin bu mühüm tədbirə böyük töhfə verdiyini bildirib.

    O, rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibinə müxtəlif sahələri təmsil edən nümayəndələrin daxil olduğunu qeyd edərək onların Azərbaycanın əsl dostları olduğunu deyib və bu səfərin əməkdaşlığımızın daha da genişləndirilməsi işinə töhfə verəcəyinə əminliyini ifadə edib.

    Görüşdə ölkələrimiz arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən, energetika, neft-kimya, qeyri-neft sektoru, təhsil, peşə təhsili və digər sahələrdə inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb, alman şirkətlərinin Azərbaycandakı sənaye zonalarına maraq göstərdikləri qeyd olunub, onların Sumqayıt Kimya Sənaye Parkında iştirakına dair məsələlər müzakirə edilib.

    Prezident İlham Əliyev Almaniya Federativ Respublikasının Federal Kansleri xanım Angela Merkelin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Almaniyanın Federal Kanslerinə çatdırmağı xahiş edib.

    * * * * *

    Prezident İlham Əliyev yanvarın 31-də Almaniya Federativ Respublikasının federal iqtisadiyyat və energetika nazirinin müavini Tomas Baraysın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

    Median.Az-ın xəbərinə görə, bu barədə AZƏRTAC məlumat yayıb.


  • Qazaxıstan parlamenti Xəzərin statusu haqqında konvensiyanı təsdiqlədi

    Qazaxıstan parlamentinin deputatları plenar iclas zamanı Xəzərin hüquqi statusu haqqında konvensiyanı ratifikasiya edib.

    Median.Az xəbər verir ki, bununla bağlı “RİA Novosti” agentliyi məlumat yayıb.

    Xəzər dənizinin hüquqi statusunu müəyyən edən sənəd ötən il avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı ölkələrin dövlət başçılarının V Zirvə toplantısında təsdiq edilib. Bu məsələ ilə bağlı 22 il ərzində beş sammit keçirilib. Nəhayət, avqustun 12-də keçirilən beşinci Zirvə toplantısında Xəzərin dibinin “dəniz prinsipi”, suyunun isə “göl prinsipi” əsasında bölünməsi razılaşdırılıb.

    Konvensiyaya əsasən, Xəzər xüsusi hüquqi statusa malik olacaq. Xəzər dənizinə nə BMT-nin dəniz hüququna dair 1982-ci il Konvensiyası, nə də transsərhəd qonşuların münasibətləri zamanı istifadə edilən prinsiplər şamil oluna bilər.

    Sənədə görə, Xəzərin su səthinin əsas hissəsi tərəflərin ümumi istifadəsində qalır, dibi və faydalı qazıntılar isə qonşu dövlətlər arasında beynəlxalq hüquq normalarına uyğun bölünür.

    Beləliklə də, bütün Xəzəryanı ölkələr gəmi nəqliyyatı, sualtı boruların çəkilməsi və digər əsas məsələlərdə ümumi razılığa gəliblər.

  • XİN-in yeni idarə rəisləri kollektivə təqdim olunub

    Bu gün Azərbaycan Respublikasının Xarici İşlər Naziriyində (XİN) nazir Elmar Məmmədyarovun rəhbərliyi ilə geniş tərkibli kollegiya iclası keçirilib.

    XİN-in mətbuat xidmətindən verilən məlumata görə, iclasda cari il Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 ilinin qeyd olunması ilə bağlı tədbirlər planı, həmçinin bir sıra digər təşkilati və kadr məsələləri müzakirə edilib.

    İclas zamanı həmçinin XİN-in yeni təyin olunmuş idarə rəisləri kollektivə təqdim olunub.//oxu.az

  • Politoloq: “Azərbaycan-Rusiya münasibətləri əsrlərdən gəlir və uzaq perspektivləri var”

    Azərbaycan-Rusiya münasibətləri əsrlərdən gəlir və uzaq perspektivləri var, bu gün söhbət bu münasibətlərin hazırki reallıqlar fonunda optimallaşdırılması və yeni məzmunlarla zənginləşdirilməsindən gedir.

    Median.az Trend-ə istinadən bildirir ki, bunu Trend İnformasiya Agentliyinin mətbuat mərkəzində keçirilmiş “Rusiya-Azərbaycan: 2019-cu il üçün gündəlik” Moskva-Bakı telekörpüsü zamanı azərbaycanlı politoloq İlqar Vəlizadə deyib.

    Ekspert qeyd edib ki, ötən il ərzində Azərbaycanla Rusiya arasında regionlararası əməkdaşlıq fəal inkişaf edib:

    “Xüsusilə də, Azərbaycana Həştərxan vilayətinin və Şimali Qafqaz regionlarının nümayəndə heyətləri səfər edib. Azərbaycanlı rəsmi şəxslər də Rusiyanın bir sıra vacib şəhərlərində olub”.

    Politoloq əlavə edib ki, təkcə 2018-ci il ərzində regionlararası əməkdaşlığın intensivləşməsi bir sıra yeni birgə layihələrin yaranmasına gətirib çıxardı:

    “Azərbaycanlı investorlar Şimali Qafqaz, Aşağı Volqayanı regionlarının infrastrukturuna investisiya yatırmağa maraq göstərməyə başladılar. Rusiya tərəfi, öz növbəsində Azərbaycanın nəqliyyat infrastrukturunun istifadə olunmasına maraq göstərdi”.

    Ekspert bildirib ki, bu müddət ərzində həmçinin Osetiyada Azərbaycan Prezidentinin şəxsi təşəbbüsü ilə məscidin restavrasiyası prosesi həyata keçirilib:

    “Azərbaycan və Rusiya yüksək texnologiya sahələrini inkişaf etdirməlidir. Bizdə neftlə bağlı elm kifayət qədər inkişaf edib. “Rosneft” və SOCAR üçüncü ölkələrin bazarlarında əməkdaşlıq barədə saziş imzalayıb və hazırda marketinq işləri aparılır”.

    İ.Vəlizadə əlavə edib ki, bütün bunlar ikitərəfli əməkdaşlığı konkret nümunələrlə zənginləşdirir: “Fikrimcə, bütün bu trendlər yaxın zamanlarda təkmilləşəcək”.

  • Şəhid ailələri üçün prezident təqaüdü artırılıb

    Prezident İlham Əliyev şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında sərəncam imzalayıb.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncama əsasən, şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği artırılaraq 2019-cu il fevralın 1-dən 300 manat müəyyən edilib.

    Nazirlər Kabinetinə bu fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

    Xatırladaq ki, bu məbləğ əvvəl 242 manat təşkil edib.

  • Azərbaycan postsovet məkanının ən nəhəng silah ixracatçısıdır

    “Howmuch” saytı dünya problemlərini araşdıran Stokholm Beynəlxalq İnstitutunun (SIPRI) və Beynəlxalq Bankın 2016-2017-ci ildəki məlumatları əsasında dünyanın silah bazarının ixracatçı və idxalçı ölkələrinin xəritəsini hazırlayıb.

    Araşdırmaçılar qeyd edib ki, hesablamalar zamanı bütün növ silahlar, hərbi texnikalar nəzərə alınıb.

    2017-ci ilin məlumatlarına əsasən, postsovet məkanının ən nəhəng silah ixrac edən ölkəsi Azərbaycandır.

    Belə ki, Bakı əvvəlki illərlə müqayisədə silah ixracına 7 milyon dollar çox, yəni 279 milyon dollar sərf edib. İlk üçlüyü Qazaxıstan (209 milyon dollar) və Belarus (145 milyon dollar) qapayır.

    Ümumilikdə, postsovet məkanında silah ixracı ilə vəziyyət belədir: Azərbaycan (279 mln. dollar), Qazaxıstan (209 mln. dollar), Belarus (145 mln. dollar), Türkmənistan (75 mln. dollar), Latviya (39 mln. dollar), Rusiya (34 mln. dollar), Estoniya (30 mln. dollar), Litva (29 mln. dollar), Ermənistan (14 mln. dollar), Qırğızıstan (13 mln. dollar) və Gürcüstan (7 mln. dollar).

    Ukrayna, Moldova, Tacikistan və Özbəkistanın həmin dövr üçün məlumatları açıqlanmayıb. Bununla yanaşı, qeyd edilib ki, bir il öncə Özbəkistan silah ixracına 63 mln. dollar, Tacikistan isə 8 mln. dollar xərcləyib.

    Reytinqə əsasən, dünyanın ən nəhəng silah ixracatçıları Səudiyyə Ərəbistanı (4,11 milyard dollar) və Hindistan (3,36 milyard dollar) olub.

  • Trampın müşaviri İlham Əliyevə zəng etdi

    Yanvarın 29-da ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib.

    Bu barədə dövlət başçısının mətbuat xidmətindən məlumat verilib.

    Bildirilir ki, söhbət zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər, o cümlədən enerji təhlükəsizliyi, təhlükəsizlik sahəsində əməkdaşlıq və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesi müzakirə edilib.

  • Prezidentdən məmurlara xəbərdarlıq

    “Yerli icra orqanları vətəndaşlara daim diqqət və qayğı göstərməlidirlər. Yaddan çıxarmamalıdırlar ki, onlar vətəndaşlar üçün çalışırlar, yaddan çıxarmamalıdırlar ki, onlar vətəndaşlara xidmət edirlər”.

    Median.az xəbər verir ki, bunu prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda yekun nitqində deyib.

    Dövlət başçısı bildirib: “Bütün dövlət məmurları – prezidentdən başlayaraq lap aşağı səviyyəli məmura qədər hər kəs bilməlidir ki, bizim əsas vəzifəmiz xalqa xidmət etməkdir. Yerli icra orqanları diqqətli olmalıdırlar, problemləri həll etməlidirlər. Hansı problemləri özləri həll edə bilmirlərsə, mərkəzi icra orqanlarına, Prezident Administrasiyasına məlumat verməlidirlər ki, biz problemləri operativ qaydada həll edək. Biz problemləri həll edə bilərik və əlbəttə ki, buraxılan nöqsanlar tamamilə aradan qaldırılmalıdır”.

  • Prezidentdən MÜHÜM TAPŞIRIQ – Vətəndaşlarla bağlı

    Yerli icra orqanları vətəndaşlara daim diqqət və qayğı göstərməlidirlər. Yaddan çıxarmamalıdırlar ki, onlar vətəndaşlar üçün çalışırlar, yaddan çıxarmamalıdırlar ki, onlar vətəndaşlara xidmət edirlər. Bütün dövlət məmurları – Prezidentdən başlayaraq lap aşağı səviyyəli məmura qədər hər kəs bilməlidir ki, bizim əsas vəzifəmiz xalqa xidmət etməkdir.

    Median.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının yekunlarına həsr olunan konfransda qeyd edib.

    Prezident vurğulayıb ki, yerli icra orqanları diqqətli olmalıdırlar, problemləri həll etməlidirlər. Hansı problemləri özləri həll edə bilmirlərsə, mərkəzi icra orqanlarına, Prezident Administrasiyasına məlumat verməlidirlər ki, biz problemləri operativ qaydada həll edək. Biz problemləri həll edə bilərik və əlbəttə ki, buraxılan nöqsanlar tamamilə aradan qaldırılmalıdır.

    “Regionların sosial-iqtisadi inkişafına dair dördüncü Dövlət Proqramının tərkibi, əsasən, yerlərdən gələn xahişlər nəticəsində formalaşıb. Mənim bölgələrə çoxsaylı səfərlərim və vətəndaşlarla söhbətlərim bu sahədə çox gözəl bir ünsiyyət yaradıb. Çünki vətəndaşların təklifləri mütləq nəzərə alınır və bölgələrdə bir çox layihələr məhz vətəndaşların təklifləri əsasında reallaşır. Ona görə daim bu təmas olmalıdır və var ki, insanları narahat edən, bu gün hələ həllini tapmayan məsələlər həll olunsun. Bizim buna imkanımız da, iradəmiz də var”, – deyə dövlətimizin başçısı bildirib.

  • Bəzi xidmətlərə görə yeni dövlət rüsumları müəyyən edilir

    Azərbaycanda bir sıra yeni hüquqi hərəkətlərə görə dövlət rüsumları müəyyən edilir, bəzi rüsumların isə məbləğləri artırılır.

    Median.az xəbər verir ki, bununla bağlı “Dövlət rüsumu haqqında” qanuna dəyişikliklərin edilməsi nəzərdə tutulur.

    Yeni müəyyən edilən dövlət rüsumları ixtira və patenlə bağlıdır.

    Təklif edilən dəyişikliklərə əsasən, patentin dublikatının və hüquqların qismən başqa şəxsə keçməsinə dair patentin verilməsi üçün 10 manat, verilmiş patentlərə dəyişiklik edilməsi üçün 7 manat, ixtira, faydalı model, sənaye nümunəsi ilə bağlı hüquqların verilməsi barədə müqavilələrin qeydiyyata alınması üçüb 10-25 manat, reyestrdə və şəhadətnamədə qeydiyyatla bağlı məlumatlarda dəyişiklik edilməsi üçün 25 manat, patent müvəkkillərinə şəhadətnamə verilməsi üçüb 10 manat müəyyən edilib.

    Yeni layihədə ixtira və patentlə bağlı mövcud rüsümların artırılması da təklif edilir.