Category: Siyasət

  • Həmsədrlər Dağlıq Qarabağ danışıqları ilə bağlı bəyanat yaydılar

    ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistanın xarici siyasət idarələri rəhbərlərinin Parisdə keçirilən görüşü barədə bəyanat yayıb.

    Bəyanata görə, həmsədrlər İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şofer (ABŞ) yanvarın 16-da Parisdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan XİN rəhbəri vəzifələrinin icraçısı Zöhrab Mnatsakanyan ilə görüşüblər.

    Bildirilir ki, həmsədrlər XİN rəbərləri ilə əvvəlcə ayrıca, sonra isə birgə görüş keçiriblər. Görüşlərdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andjey Kasprşik də iştirak edib. Bu, iki nazirin dördüncü görüşü olub.

    “Fransanın xarici işlər və Avropa üzrə dövlət katibi Jan-Batist Lemuan iştirakçılarla danışıqlara yekun vurub. Həmsədrlər Yelisey sarayında qəbul ediliblər, orada prezident Emmanuel Makronun aparıcı diplomatik müşavirlərini məlumatlandırıblar.

    İştirakçılar nəticəyə hesablanmış intensiv danışıqlara imkan verən şəraitin dəstəklənməsi üzrə tərəflərin daimi səylərinə görə nazirlərə təşəkkürlərini bildiriblər.

    Nazirlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı geniş məsələlər dairəsini müzakirə ediblər və əhalinin sülhə hazırlanması üzrə konkret addımların atılması zəruriliyi barədə razılığa gəliblər.

    Görüşlər zamanı həmsədrlər nazirlərlə danışıqlar prosesinin hazırkı mərhələsi üçün əsas prinsip və ölçüləri nəzərdən keçiriblər”, – deyə bəyanatda bildirilir.

    Qeyd olunur ki, nazirlər və həmsədrlər danışıqlar prosesinə güclü müsbət dinamika vermək üçün Azərbaycan və Ermənistan liderləri arasında mümkün sammitin keçirilməsi istiqamətində növbəti addımların atılması məsələsini nəzərdən keçiriblər.

    Həmsədrlər regionun iqtisadi potensialının reallaşdırılması istiqamətində mümkün qarşılıqlı faydalı təşəbbüslərin mühüm olduğunu qeyd ediblər.

    Həmsədrlər yaxın vaxtlarda iki ölkə lideri ilə görüşməyi planlaşdırırlar.

  • Prezident sərəncam imzalayıb

    Azərbaycan prezidenti İlham Əliyev “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 7 dekabr tarixli 1383-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.

    Median.az xəbər verir ki, Nazirlər Kabinetinə Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək;

    Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək;

    mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılıb.

    Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verməlidir.

    “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 30.3-cü maddəsində “bütün sənədlər” sözləri “sənədlər, bu Qanunun 32.2-1-ci maddəsinin tələblərinə əməl edilməklə,” sözləri ilə əvəz edilib, 32.2-ci maddəsində “inzibati orqan” sözlərindən sonra “, bu Qanunun 32.2-1-ci maddəsinin tələblərini nəzərə alaraq,” sözləri əlavə edilib.

    Aşağıdakı məzmunda 32.2-1-ci maddə əlavə edilib:

    “32.2-1. İnzibati orqan inzibati icraat üçün zəruri olan və digər inzibati orqanın sərəncamında olan sənədlərin və ya məlumatların ərizəçi tərəfindən əldə olunmasını tələb edə bilməz. İnzibati icraat üçün zəruri olan və digər inzibati orqanın sərəncamında olan sənədləri və ya məlumatları inzibati orqan özü əldə edir. İnzibati orqanın həmin sənədlərin və ya məlumatların əldə olunmasını ərizəçidən tələb etməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati məsuliyyətə səbəb olur.”.

  • Daha bir dövlət qurumu ləğv edildi – FƏRMAN

    Azərbaycan prezidenti İlham Əliyev Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb.

    Median.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyətini optimallaşdırmaq, strukturunu və idarə edilməsini daha da təkmilləşdirmək məqsədilə Ətraf mühitin mühafizəsi departamentinin əsasında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidməti, Meşələrin inkişafı departamentinin və Elmi Tədqiqat Meşəçilik İnstitutunun əsasında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti yaradılıb.

    Ətraf mühit üzrə milli monitorinq departamentinin, Milli hidrometeorologiya departamentinin, Hidrometeorologiya Elmi Tədqiqat İnstitutunun, Metrologiya və Standartlaşdırma Mərkəzinin və Ətraf Mühit üzrə Laboratoriya Mərkəzinin əsasında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti yaradılıb.

    Bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı departamentinin, Su hövzələrinin bioloji resurslarının artırılması və mühafizəsi departamentinin, Ovçuluq Təsərrüfatlarının İdarə Edilməsi və Ovçuluq Fəaliyyətinə Dövlət Nəzarəti Xidmətinin və Elmi Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutunun əsasında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidməti yaradılıb.

    Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Geodeziya və Kartoqrafiya üzrə Dövlət Agentliyi ləğv edilsin və onun funksiyaları Nazirliyin Aparatı vasitəsilə həyata keçirilsin, habelə həmin Agentliyin tabeliyindəki Dövlət Aerogeodeziya Müəssisəsi və Bakı Kartoqrafiya Fabriki Nazirliyin tabeliyinə verilib.

    Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamenti ləğv edilib və onun işçilərinin say həddi daxilində Nazirliyin yerli orqanlarının işçilərinin say həddi artırılıb.

    Dövlət Ekspertiza İdarəsinin əsasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu Dövlət Ekoloji Ekspertiza Agentliyi yaradılıb.

    Müəyyən edilib ki, Ekoloji Ekspertiza Agentliyi “Ətraf mühitin mühafizəsi haqqında”, “Ekoloji təhlükəsizlik haqqında” və “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarına müvafiq olaraq təsərrüfat və digər fəaliyyətlərin dövlət ekoloji ekspertizasından keçirilməsi də daxil olmaqla, ekoloji təhlükəsizliyin tələblərinə uyğunluğunu müəyyən edən, habelə bu sahədə xidmətlər göstərən publik hüquqi şəxsdir.

    Agentliyin nizamnamə fondu Ətraf Mühitin Mühafizəsi üzrə Dövlət Fondunun vəsaiti, habelə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balansından Agentliyə verilən aktivlər, habelə qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılır.

  • Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb – FOTO

    Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyeva yanvarın 16-da Fransa Respublikasının sabiq prezidenti Nikola Sarkozi ilə görüşüb.

    Median.Az xəbər verir ki, görüşdə Nikola Sarkozinin prezidentlik fəaliyyəti dövründə Fransa-Azərbaycan əlaqələrinin uğurlu inkişafında xanım Mehriban Əliyevanın rolu vurğulanıb.

    Qeyd edilib ki, xanım Mehriban Əliyevanın Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun rəhbəri kimi fəaliyyəti və eləcə də Heydər Əliyev Fondu tərəfindən Fransada mühüm humanitar layihələrin həyata keçirilməsi əməkdaşlığımızın daha da möhkəmlənməsi işinə böyük töhfə verib.

    Görüşdə, eyni zamanda, bildirilib ki, Nikola Sarkozinin prezidentliyi dövründə Azərbaycan və Fransa dövlət başçılarının ikitərəfli münasibətlərin inkişaf etdirilməsi istiqamətində göstərdikləri fəaliyyət nəticəsində ölkələrimiz arasında əlaqələr bir çox sahələrdə genişlənib.




  • İlham Əliyev “SOCAR karbamid” zavodunun açılışında – YENİLƏNİB + FOTO

    Yanvarın 16-da Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunmuş “SOCAR karbamid” zavodu istifadəyə verilib.

    Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

    SOCAR-ın prezidenti Rövnəq Abdullayev və zavodun direktoru Xəyal Cəfərov görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat veriblər.

    Qeyd edək ki, karbamid zavodunun layihəsi prezident İlham Əliyevin 2008-ci ilin avqustunda imzaladığı Sərəncamla təsdiq edilmiş “2008-2015-ci illərdə əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”na və 2014-cü ilin dekabrında imzaladığı Sərəncamla təsdiq edilmiş “Sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”na əsasən icra edilib.

    Təməli 2011-ci ildə dövlətimizin başçısı tərəfindən qoyulan zavodun tikintisi ilə əlaqədar elan olunan beynəlxalq açıq tenderin nəticələrinə əsasən 2012-ci ildə Koreya Respublikasının “Samsung Engineering” şirkəti mühəndislik, satınalma və tikinti üzrə podratçı seçilib. Layihənin ammonyak və karbamid istehsalı üzrə lisenziyaları qismində müvafiq olaraq Danimarka və Niderland şirkətləri çıxış edib.

    Həmçinin, layihənin idarə edilməsi və müstəqil təftiş xidmətlərinin həyata keçirilməsi məqsədilə 2015-ci ildə Finlandiya şirkəti ilə müvafiq müqavilə imzalanıb. Tikintinin pik vaxtında zavodun inşasına, ümumilikdə, 3600 nəfərdən artıq işçi cəlb olunub. İnşaat zamanı təhlükəsizlik tələblərinə maksimum dərəcədə riayət edilib, iş həcmi qəzasız şəraitdə yerinə yetirilib.

    Məlumat verilib ki, “SOCAR karbamid” zavodunun istehsala başlaması azot gübrəsi idxalına ehtiyacı aradan qaldıracaq, bununla da ölkənin xarici valyuta xərcləri azalacaq. Zavod ildə 435 milyon kubmetr təbii qaz həcmindən xammal kimi istifadə etməklə 650-660 min ton karbamid məhsulu istehsal etmək gücündədir. İstehsal həcminin 70 faizi ixrac üçün nəzərdə tutulur ki, bu da ölkəyə hər il 160 milyon dollara qədər əlavə gəlirin daxil olmasına imkan verəcək.

    Bu zavodun işə düşməsi Azərbaycanda kənd təsərrüfatının inkişafında mühüm rol oynayacaq. Belə ki, karbamid gübrəsi ən yüksək azot tutumuna malikdir və buna görə də ən keyfiyyətli azot gübrəsi hesab olunur. Suda tez həllolma qabiliyyətinə görə seçilən bu gübrə növü ammonyak və karbon dioksidin sintezi nəticəsində əldə edilir.

    Karbamidə tələbat onun aşağı maya dəyəri, qənaətcil daşınması, rahat tətbiqi və kənd təsərrüfatında yüksək məhsuldarlığı ilə əlaqədardır. Bu məhsuldan digər kimyəvi maddələrin istehsalında və əczaçılıqda da geniş istifadə olunur.

    İndiyədək azot gübrələri Azərbaycana idxal edildiyi halda, yeni zavod həm daxili bazarın tələbatını tam ödəyəcək, həm də istehsal etdiyi məhsulun təxminən 70 faizini ixrac edəcək. Nəticədə, daha əvvəl idxal üçün sərf edilən illik 90 milyon dollara qədər valyuta vəsaitləri ölkədə qalacaq, eyni zamanda, zavod respublikamız üçün əlavə gəlir mənbəyinə çevriləcək.

    “SOCAR karbamid” zavodu hazırda ölkədə qeyri-neft sektorunda həyata keçirimiş ən böyük layihədir və ümumi dəyəri təxminən 800 milyon avro təşkil edir. Layihənin maliyyələşdirilməsi ilkin dövrdə dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına həyata keçirilib.

    Zavodun inşası zamanı bir sıra beynəlxalq banklardan dövlət zəmanəti əsasında 500 milyon avro məbləğində vəsait cəlb edilib. Zavodda təxminən 500 nəfər daimi işlə təmin ediləcək. Bunun üçün SOCAR təhsil və təqaüd proqramları vasitəsilə ixtisaslı mütəxəssisləri əvvəlcədən hazırlayıb.

    Prezident İlham Əliyev zavodu işə salıb. Sonra prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkının əsas rezidentlərindən olan “SOCAR karbamid” zavodunun fəaliyyətindən bəhs edən filmə baxıb.

    Daha sonra dövlətimizin başçısı müəssisənin kollektivi ilə görüşüb.

    Prezident İlham Əliyev zavodda istehsal olunacaq məhsullara da baxıb. Zavodda gün ərzində 2000 ton karbamid istehsal ediləcək.

    Sonda xatirə şəkli çəkdirilib.

    * * * * *

    Yanvarın 16-da Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunmuş “SOCAR karbamid” zavodu istifadəyə verilib.

    Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

    SOCAR-ın prezidenti Rövnəq Abdullayev müəssisədə görülən işlərlə bağlı dövlət başçısına məlumat verib.

    Prezident İlham Əliyev zavodu işə salıb.

    Dövlət başçısı müəssisənin kollektivi ilə görüşüb.

    Sonda xatirə şəkli çəkdirilib.




















  • Bu gün Azərbaycan və Ermənistan XİN başçılarının görüşü olacaq

    Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Zöhrab Mnatsakanyan arasında növbəti görüş bu gün Fransanın paytaxtı Parisdə keçiriləcək.

    Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, danışıqlar ATƏT-in Minsk qrupunun həmsədrlərinin (İqor Popov – Rusiya Federasiyası, Stefan Viskonti – Fransa və Əndrü Sxofer – ABŞ) vasitəçiliyi ilə baş tutacaq.

    Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andjey Kasprşik də iştirak edəcək.

    Görüş zamanı Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunacaq.

  • Deputat: Azərbaycan 2018-ci ildə mühüm nailiyyətlər əldə edib

    Yanvarın 11-də Azərbaycan Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev 2018-ci ili hərtərəfli dinamik inkişaf, dərin islahatlar və sabitlik ili kimi xarakterizə etdi.

    Median.az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

    H.Babaoğlu qeyd edib ki, bu qiymətləndirmə əslində 2015-2017-ci illərdə həyata keçirilən islahatlardan sonra ölkə iqtisadiyyatının yeni dinamizmə və inkişafa qədəm qoyması kimi səciyyələndirilməlidir:

    “Çünki iqtisadiyyat ümummilli inkişafın əsas hərəkətverici qüvvəsi olmaqla digər bütün sektorların inkişafını da şərtləndirir. Lakin bu da məsələnin hamısı deyil. Müstəqil iqtisadi münasibətlər sisteminə malik ölkə həm də müstəqil xarici siyasət həyata keçirmək gücünə malik olur ki, bu da hazırkı mürəkkəb beynəlxalq münasibətlər sistemində milli maraqları qorumaq baxımından olduqca əhəmiyyətlidir. Ona görə də Prezident İlham Əliyev çıxışının əvvəlində diqqəti bu məsələyə çəkərək qeyd etdi ki, dünyada və bölgədə gedən mənfi proseslərə baxmayaraq, Azərbaycan hərtərəfli və dinamik inkişaf etməyə nail olub. Bu fikirlər həm dünyada və regionda baş verən prosesləri düzgün qiymətləndirməyimiz baxımından, həm də ölkəmizin bu şərtlər içərisində nailiyyətləri necə əldə etməsi baxımından olduqca qiymətlidir”.

    Millət vəkilinin sözlərinə görə, heç şübhəsiz ki, belə ağır şərtlər içərisində inkişafımızı və siyasi maraqlarımızı təmin etmək üçün olduqca ciddi iqtisadi konsepsiyaya və xarici siyasətdə dərin siyasi strategiyaya malik olmaq lazımdır:

    “Qısaca deməyə çalışsaq, Azərbaycan 2018-ci ildə öz milli maraqlarını tərəfdaş ölkələrin maraqları ilə uzlaşdırmağı bacararaq mühüm nailiyyətlər əldə edə bilib. Bu kontekstdə Prezident İlham Əliyev ilk növbədə regionların inkişafı ilə bağlı həyata keçirdiyi dövlət proqramlarına toxunaraq, növbəti ildə də belə bir proqramın qəbul ediləcəyini söylədi. Çünki bu, iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin təmin olunması və iqtiadiyyatın coğrafi diferensiallaşdırılması baxımından olduqca vacib komponentdir. Regionlarımızda ötən illər ərzində həyata keçirilən yol-nəqliyyat və digər kommunikasiya layihələrinin də rayonlarımızda münbit sərmayə mühiti yaratması yatırımçıların diqqətini cəlb edib. Ona görə də qeyri-neft sektorunun inkişafında regionlarımızda formalaşan aqrar sənaye və yüngül sənaye xüsusi iqtisadi çəkiyə sahib mühüm komponent kimi çıxış edir”.

  • İlham Əliyev Nikola Sarkozini qəbul edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 15-də Fransa Respublikasının sabiq Prezidenti Nikola Sarkozini qəbul edib.

    Median.az xəbər verir ki, bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

  • Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilir

    Azərbaycan prezidenti İlham Əliyev Mədəniyyət Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb.

    Median.az xəbər verir ki, fərmana əsasən, Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilir.

    Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində yeni, mütərəqqi və ölkənin bütün ərazisini əhatə edəcək kitabxana sisteminin yaradılması, habelə mədəniyyət və təhsil xidmətləri göstərən qurumların (mədəniyyət mərkəzləri, klublar, musiqi məktəbləri, rəsm qalereyaları və s.) fəaliyyətində səmərəliliyin artırılması məqsədilə təkliflər hazırlanması üçün aşağıdakı tərkibdə Komissiya yaradılıb:

    Komissiyanın sədri

    Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri

    Komissiya sədrinin müavini

    Azərbaycan Respublikasının mədəniyyət naziri

    Komissiyanın üzvləri

    Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsi müdirinin müavini

    Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsi müdirinin müavini

    Azərbaycan Respublikası maliyyə nazirinin müavini

    Azərbaycan Respublikası təhsil nazirinin müavini

    Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndəsi.

    Komissiya beynəlxalq təcrübəni nəzərə almaqla, aşağıdakılarla bağlı təkliflərini altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir:

    informasiya-kommunikasiya texnologiyalarının imkanları, habelə mövcud tələbat nəzərə alınmaqla, ölkədə kitabxana sisteminin yenidən qurulması;

    dövlət mülkiyyətində olan muzeylərin inventarizasiyasını apararaq, onların fəaliyyətinin optimallaşdırılması və daha təkmil muzey fəaliyyətinin təşkili;

    Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyindəki musiqi məktəblərinin inventarizasiyasını aparmaqla, onların fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə inzibati-ərazi vahidləri üzrə daha kompakt təşkili;

    mədəniyyət mərkəzlərinin, mədəniyyət evlərinin və klubların, rəsm qalereyalarının inventarizasiyasını aparmaqla, onların fəaliyyətinin təkmilləşdirilməsi, mövcud tələbat nəzərə alınmaqla, ölkənin inzibati ərazi vahidləri üzrə daha kompakt təşkili və xidmət səviyyəsinin yüksəldilməsi.

    Bu fərmanın 3.1-ci bəndinə əsasən təqdim olunacaq təkliflər əsasında ölkədə yeni kitabxana sistemi formalaşanadək Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyindəki mövcud kitabxanalar öz fəaliyyətini davam etdirsinlər.

    Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti Komissiyada təmsil olunacaq nümayəndələri barədə təkliflərini on gün müddətində hazırlayıb Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etsinlər.

  • Prezident “ASAN xidmət”ə yeni səlahiyyətlər verdi

    Prezident İlham Əliyev konsulluq xidmətlərinin göstərilməsində şəffaflığın artırılması məqsədilə “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

    Sənədə əsasən, Agentliyə konsulluq xidmətləri ilə bağlı xidməti və diplomatik pasportların verilməsi və dəyişdirilməsi, sənədə apostil verilməsi və sənədin leqallaşdırılması, həmçinin viza rəsmiləşdirilməsi üçün xarici ölkələrin səfirliklərinə və konsulluqlarına notanın verilməsi hüququ verilib.

    Sənədlə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə xarici ölkələrdə müvəqqəti və ya daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarına, habelə xarici ölkələrdə olan Azərbaycanda daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə konsulluq xidmətlərinin “Elektron hökumət” portalı vasitəsilə elektron qaydada göstərilməsini təmin etmək məqsədilə zəruri tədbirlər görmək tapşırılıb.

    Fərman 2019-cu il martın 1-dən qüvvəyə minir.