Category: Siyasət

  • Prezidentliyə namizədlərin sayı 7 nəfərə çatıb

    Azərbaycanda aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar daha 3 prezidentliyə namizəd qeydə alınıb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, bu barədə qərar bu gün Mərkəzi Seçki Komissiyasının iclasında qəbul edilib.

    Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Fərəc Quliyev, Müasir Müsavat Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Hafiz Hacıyev və “Cəbhəçilərin təşəbbüs qrupu” adlı təşəbbüs qrupu tərəfindən namizədliyi irəli sürülmüş Razi Nurullayevin prezidentliyə namizədliyi qeydə alınıb.

    Qeyd edək ki, MSK bundan əvvəl Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Əliyev, öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc, Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Araz Əlizadə və Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Qüdrət Həsənquliyevin namizədliyini qeydə alıb.

    Xatırladaq ki, aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə bağlı 15 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiq edilib.

  • İlham Əliyev: KİV milli maraqlarımızı hər şeydən uca tutmalıdır

    Ötən əsrin 90-cı illərində dövlət müstəqilliyi əldə edildikdən sonra ölkəmizdə azad, demokratik mətbuatın təşəkkülü üçün geniş imkanlar açılıb.

    Bunu Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan jurnalistlərinin VII qurultayının iştirakçılarına müraciətində bildirib.

    “Azərbaycan xalqının ümummili lideri Heydər Əliyevin səyləri nəticəsində söz və mətbuat azadlığını məhdudlaşdıran süni maneələr aradan qaldırılmış, kütləvi informasiya vasitələrinin fəaliyyətini nizamlayan mükəmməl qanunvericilik bazası formalaşdırılmış, redaksiyaların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilmiş, mətbuat-hakimiyyət münasibətlərində mütərəqqi ənənələrin əsası qoyulub” – deyə, qeyd edən ölkə prezidenti müraciətində vurğulayıb ki, Azərbaycanda demokratikləşmə prosesinin təzahürü olaraq 2003-cü ildə jurnalistlərin birinci qurultayında mətbuatın özünü tənzimlənmə funksiyasını yerinə yetirən Mətbuat Şurasının yaradılması media ilə dövlət və cəmiyyət arasında münasibətlərdə keçid dövrünün başa çatması və yeni keyfiyyət mərhələsinin başlanması kimi qiymətləndirilə bilər.

    Müraciətdə qeyd olunur ki, ötən 15 ildə Mətbuat Şurası ölkədə söz və məlumat azadlığının inkişafı, kütləvi informasiya vasitələrinin fəaliyyətinin təkmilləşdirilməsi və müstəqilliyinin gücləndirilməsi ilə bağlı səmərəli təklifləri ilə çıxış etmiş, dövlət orqanları və vətəndaşlarla mətbuat arasında münasibətlərin tənzimlənməsi, jurnalistərin hüquqlarının müdafiəsi, peşəkarlığının artırılması, mediada neqativ halların aradan qaldırılması sahəsində ciddi səylər göstərib:

    “Bu gün ardıcıl və məqsədyönlü fəaliyyəti ilə seçilən Mətbuat Şurası Azərbaycanın aparıcı ictimai təşkilatları sırasında özünə layiqli yer tutmuş və cəmiyyətdə böyük nüfuz qazanmışdır. Jurnalistlərin mütləq əksəriyyətinin Mətbuat Şurasının fəaliyyətini yüksək qiymətləndirməsi bunun əyani sübutudur”.

    Prezident müraciətində oun da qeyd edib ki, hazırda güclü iqtisadi və maliyyə potensialına malik Azərbaycanda hər bir sahənin, o cümlədən kütləvi informasiya vasitələrinin inkişafına hərtərəfli dövlət dəstəyi həyata keçirilir:

    “Təsadüfi deyil ki, dünya miqyasında milli informasiya resurslarımızın çəkisi getdikcə artır, rəqabət qabiliyyəti yüksəlir.

    Düşünürəm ki, qlobal şəbəkənin genişləndiyi və transmilli medianın ayrı-ayrı ölkələrin daxili həyatına, beynəlxalq nüfuzuna ciddi təsir göstərdiyi müasir dövrdə Azərbaycanın kütləvi informasiya vasitələri daha fəal və prinsipial olmalı, yüksək peşəkarlıq nümayiş etdirərək milli maraqlarımızı hər şeydən uca tutmalı, cəmiyyətimizin tərəqqisi naminə öz qüvvə və bacarıqlarını əsirgəməməlidir.

    İnanıram ki, VII qurultay Azərbaycan mətbuatının hazırkı vəziyyəti və perspektivi ilə bağlı səmərəli müzakirələrin keçirildiyi mühüm platformaya çevriləcək və milli jurnalistikamızın gələcək inkişafına dair əhəmiyyətli qərarlar qəbul edəcək.

    Bu yolda hər birinizə, bütün Azərbaycan jurnalistlərinə möhkəm cansağlığı və qurultayın işinə uğurlar arzulayıram”.

  • İlham Əliyev general rütbəsi verdi

    Tofiq Vaqif oğlu Hüseynova general-mayor ali hərbi rütbəsi verilib.

    Azərbaycan prezidenti İlham Əliyev müvafiq sərəncam imzalayıb.

  • Mehriban Əliyeva Yaponiya baş nazirinin müşaviri ilə görüşüb – FOTO

    Azərbaycanın I vitse-prezidenti Mehriban Əliyeva Yaponiya baş nazirinin xarici siyasət məsələləri üzrə müşaviri Tomohiko Taniguçi ilə görüşüb.

    Median.Az xəbər verir ki, bu barədə “Azərtac” məlumat yayıb.




  • İlham Əliyev Gürcüstanın müdafiə nazirini qəbul edib

    Azərbaycan Respublikasının prezidenti İlham Əliyev martın 9-da Gürcüstanın müdafiə naziri Levan İzorianı qəbul edib.

    Bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb.

  • Yaponiya nümayəndə heyəti İlham Əliyevlə danışıqlarda – YENİLƏNİB

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 8-də Yaponiya baş nazirinin xarici siyasət məsələləri üzrə müşaviri Tomohiko Taniguçini qəbul edib.

    Tomohiko Taniguçi Yaponiyanın baş naziri Şinzo Abenin salamlarını dövlət başçısına çatdırıb.

    Tomohiko Taniguçi Bakıda Respublika Narkoloji Mərkəzində baş vermiş yanğın nəticəsində insanların həlak olması ilə bağlı başsağlığı verib və Yaponiyada insanların bu hadisədən dərin kədər hissi keçirdiklərini qeyd edib. O bildirib ki, Yaponiya Azərbaycanın İslam aləmində sabitlik, təhlükəsizlik və qarşılıqlı anlaşmada roluna xüsusi əhəmiyyət verir. Sonra Tomohiko Taniguçi Yaponiya hökuməti tərəfindən Azərbaycana təcrübəli səfirin göndərilməsini əlaqələrimizin inkişafına verilən önəm kimi dəyərləndirib.

    Prezident İlham Əliyev başsağlığına görə minnətdarlığını bildirib. Daha sonra Azərbaycan-Yaponiya ikitərəfli münasibətlərinə toxunan dövlət başçısı Yaponiya hökumətinin Azərbaycanın müstəqilliyini bərpa etdiyi ilk vaxtlardan başlayaraq və bu gün də davam edən dəstəyini yüksək qiymətləndirib. Prezident İlham Əliyev, həmçinin Yaponiya bank sektorunun ölkəmizdə infrastrukturun müasirləşdirilməsi işinə göstərdiyi köməyin önəmini qeyd edib və bildirib ki, bu gün ölkələrimiz arasında qarşılıqlı anlaşma və tərəfdaşlıq prinsiplərinə söykənən çox yüksək səviyyədə ikitərəfli münasibətlər mövcuddur.

    Dövlət başçısı Yaponiyanın Azərbaycanda təyin olunmuş səfirinin Azərbaycanın dostu olduğunu və Yaponiya hökumətinin dəstəyi ilə ölkəmizdə həyata keçirilən layihələrin reallaşmasında fəal rol oynadığını bildirib.

    Görüşdə ölkəmizdə infrastruktur layihələrinin həyata keçirilməsi, bank sektoru, iqtisadiyyatın şaxələndirilməsi, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

    Dövlət başçısı baş nazir Şinzo Abenin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarının Yaponiyanın baş nazirinə çatdırmağı xahiş edib.

    * * * * *

    Bu gün Azərbaycan prezidenti İlham Əliyev Yaponiya baş nazirinin xarici siyasət məsələləri üzrə müşaviri Tomohiko Taniguçini qəbul edib.

    Bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb.

  • Prezident Bakı Statistika İdarəsinin yeni binasının açılışında – FOTO

    Martın 7-də Dövlət Statistika Komitəsi Bakı Şəhər Statistika İdarəsinin inzibati binasının açılışı olub.

    Prezident İlham Əliyev açılışda iştirak edib.

    Dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi, burada yaradılan şəraitlə tanış olub.

    Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov görülən işlər və binada yaradılan şərait barədə prezidentə məlumat verib.











  • İlham Əliyev Putinə başsağlığı verib

    Prezident İlham Əliyev Rusiya Federasiyasının prezidenti Vladimir Putinə başsağlığı məktubu göndərib.

    Məktubda deyilir:

    “Hörmətli Vladimir Vladimiroviç.

    Rusiyanın “An-26” hərbi-nəqliyyat təyyarəsinin Suriyada qəzaya uğraması nəticəsində insan tələfatı barədə xəbəri dərin kədər hissi ilə qarşıladım.

    Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına Azərbaycan xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verirəm”.

    Qeyd edək ki, qəza nəticəsində 32 nəfər həlak olub.

  • İlham Əliyev ailəsi ilə birgə tonqal ətrafında – FOTO

    Azərbaycan prezidenti İlham Əliyev ailəsi ilə birlikdə üçüncü çərşənbə – “Od çərşənbəsi”sini qeyd edib.

    Вövlət başçısı ailəsi ilə birgə tonqal qalayaraq bayram keçirib.

    Tonqal ətrafında çəkilən fotoları Leyla Əliyeva sosial şəbəkələrdə paylaşıb.

    Həmin görüntüləri təqdim edirik:




  • İlham Əliyev Məmmədəli Ağayevə “Dostluq” ordeni verdi – FOTO

    Azərbaycan prezidenti İlham Əliyev Moskva Akademik Satira Teatrının direktoru Məmmədəli Ağayevə “Dostluq” ordenini təqdim edib.

    Bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.