Category: Siyasət

  • İlham Əliyev Goranboyda – YENİLƏNİB

    Azərbaycan Respublikasının prezidenti İlham Əliyev iyunun 5-də Goranboyda Bayraq Muzeyinin açılışında iştirak edib.

    Dövlət başçısı muzeyin rəmzi açılışını bildirən lenti kəsib.

    Goranboy Bayraq Muzeyi Bayraq meydanının ərazisində yerləşir. Meydanda hündürlüyü 72 metr olan dövlət bayrağının postament hissəsi abadlaşdırılıb, ərazidə yaşıllaşdırma işləri aparılıb, işıq dirəkləri quraşdırılıb, fəvvarələr əsaslı təmir edilib. Bayraq Muzeyində sərgi zalı ilə yanaşı, inzibati və yardımçı otaqlar yaradılıb. Muzeyin sərgi zalında ümumilikdə 3 bölmə var.

    Burada Azərbaycan xanlıqlar dövrünün xəritəsi, orta əsrlərə aid döyüşçüləri əks etdirən manekenlər, orta əsr xanlıqlarının bayraqları, XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, qədim metal sikkələr, kağız pullar nümayiş olunur. Bundan başqa, muzeyin eksponatları arasında Azərbaycan Xalq Cümhuriyyəti dövrünə aid rəsmi sənədlər, Azərbaycan SSR dövründə və müstəqillik illərində qəbul olunmuş konstitusiyalar, habelə gerblər, bayraqlar, poçt markaları, orden və medallar sərgilənir.

    * * * * * *

    İyunun 5-də Şəmkir-Samux-Goranboy magistral suvarma kanalının ikinci növbəsinin İpək yolu ilə kəsişmə qurğusunun və ondan sonrakı 4,95 kilometrlik hissəsinin açılışı olub.

    Azərbaycan Respublikasının prezidenti İlham Əliyev açılışda iştirak edib.

    “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə dövlət başçısına Şəmkirçay su anbarı və Şəmkir-Samux-Goranboy magistral suvarma kanalı kompleks layihəsi barədə məlumat verib.

    Bildirilib ki, ötən əsrin 80-ci illərində inşa edilmiş bu suvarma kanalının birinci növbəsinin davamı olaraq uzunluğu 27,95 kilometr olan ikinci növbəsinin tikintisinə 2015-ci ildə başlanılıb. Bu kanalın tikintisi ilə su mənbəyi işğal zonasında qalmış Goranboy rayonunun 8293 hektarı yeni suvarılacaq torpaq olmaqla, ümumilikdə 26584 hektar torpaq sahəsi suvarma suyu ilə təmin ediləcək.

    Qeyd edək ki, Şəmkir-Samux-Goranboy magistral suvarma kanalının ikinci növbəsinin İpək yoluna qədər 8,55 kilometrlik birinci mərhələsinin tikintisi 2017-ci ildə başa çatdırılıb, prezident İlham Əliyev Samux və Goranboy rayonlarının 941 hektarı yeni suvarılacaq torpaqlar olmaqla, 8938 hektar torpaq sahəsinə suvarma suyunun verilməsi mərasimində iştirak edib.

    Dövlət başçısının həmin mərasimdə verdiyi tapşırıqların icrasına uyğun olaraq 2017-ci ildə Şəmkir-Samux-Goranboy magistral suvarma kanalının ikinci növbəsinin İpək yolu və ikinci dərəcəli avtomobil yolu ilə kəsişməsində keçid qurğularının, eləcə də kanalın tikintisi işləri davam etdirilib. Bu hissədə nəqliyyatın hərəkətinə maneçilik yaradılmaması üçün 450 metr uzunluğunda düzbucaqlı dəmir-beton suötürən qurğu, eləcə də uzunluğu 4,95 kilometr olan açıq dəmir-beton üzlüklü kanal inşa olunub. Bununla da, Goranboy rayonunda daha 8 min hektar sahəyə suvarma suyunun verilməsi təmin edilib.

    * * * * * *

    Azərbaycan Respublikasının prezidenti İlham Əliyev iyunun 5-də Goranboy rayonunda hər biri 40 meqavolt amper gücündə olan iki transformatorun quraşdırıldığı 110/35/10 kilovoltluq 2×40 MVA gücündə “Dəliməmmədli” yarımstansiyasının açılışında iştirak edib.

    “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Baba Rzayev dövlət başçısına yarımstansiya barədə məlumat verib.

    Bildirilib ki, bu yarımstansiyanın genişləndirilərək əsaslı şəkildə yenidən qurulması rayonun keyfiyyətli, dayanıqlı və fasiləsiz elektrik təchizatını tam formalaşdırmağa imkan verir. “Dəliməmmədli” yarımstansiyası vasitəsilə Dəliməmmədli şəhərinin və ətraf 21 yaşayış məntəqəsinin, o cümlədən 35 kilovoltluq “Azad” hava xətti üzərində olan 35/10 kilovoltluq “Azad” və 35/10 kilovoltluq “Alıuşağı” yarımstansiyalarının elektrik enerjisi ilə təchizatı həyata keçirilir.

    Yarımstansiyadakı 110 kilovoltluq açıq paylayıcı qurğu müasir tipli 7 eleqaz açarla təchiz edilib. Bununla yanaşı, yarımstansiyada 8 çıxış fideri olan 35 kilovoltluq müasir tipli qapalı paylayıcı qurğu, 33 çıxış fideri olan 4 giriş, 2 bölmədən ibarət 10 kilovoltluq müasir tipli qapalı paylayıcı qurğu quraşdırılıb. Yarımstansiya müasir standartlara cavab verən elektron tipli rele mühafizəsi və avtomatıka sistemləri ilə təchiz edilib və SCADA dispetçer sisteminə qoşulub.

    “Dəliməmmədli” yarımstansiyasında qısa qapanmaları məhdudlaşdırmaq üçün hər iki 40 MVA transformatorun 10 kilovoltluq tərəfində hər biri 2500 amperlik 6 reaktor qurğusu əlavə olunub. Yarımstansiya 110 kilovoltluq ikidövrəli “Gəncə-1” və 110 kilovoltluq “Gəncə-2” hava xətlərindən ikidövrəli budaqlanma yolu ilə qidalanaraq 35 kilovoltluq 2 hava xəttini enerji ilə təmin edir.

    Bundan başqa, 35 kilovoltluq “Kürəkçay” və “Azad”, 10 kilovoltluq “Ağamalıoğlu”, “Nizami”, “Faxralı”, “Göynüyən”, “Ferma”, “Səmədabad”, “Xoylu”, “Baxçakürd”, “Pambıq zavod”, “IV Subartezian” və “Qazaxlar” hava xətləri də məhz “Dəliməmmədli” yarımstansiyasından çıxır. Bu yarımstansiyadan çıxan 10 kilovoltluq hava xətləri vasitəsilə 8 min abonentin elektrik enerjisi təchizatı təmin olunur.

    Prezident İlham Əliyevə 40 meqavolt amper gücündə olan iki transformatorun quraşdırıldığı 110/35/10 kilovoltluq “Kürəkçay” yarımstansiyası barədə də məlumat verilib. Bildirilib ki, 1947-ci ildən istismarda olan bu yarımstansiya tamamilə yenidən qurulub. Goranboy şəhərindəki mühüm sosial və istehsalat obyektlərinin enerji ilə təminatını həyata keçirən “Kürəkçay” yarımstansiyasında 40 MVA gücündə iki transformator, 110 kilovoltluq 5 dəst müasir tipli eleqaz açar, müasir tipli İdarəetmə mərkəzi, 35 və 10 kilovoltluq qapalı paylayıcı qurğular və 34 yuva quraşdırılıb. Ümumilikdə “Kürəkçay” yarımstansiyası vasitəsilə 20 min abonent – 100 mindən artıq əhali elektrik enerjisi ilə təchiz edilir.

    * * * * * *

    Azərbaycan prezidenti İlham Əliyev iyunun 5-də Goranboy şəhərində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib.

    Dövlət başçısı ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyub.

    Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev son vaxtlar rayonda görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verib.

    Bildirilib ki, ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda rayon sakinləri və qonaqların istirahəti üçün hərtərəfli şərait yaradılıb.

    * * * * * *

    Azərbaycan Respublikasının prezidenti İlham Əliyev iyunun 5-də Goranboy rayonunda Dəliməmmədli-Muzdurlar-Qırıqlı avtomobil yolunun yenidənqurma və bərpadan sonra açılışını edib.

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlət başçısına yolun texniki göstəriciləri barədə məlumat verib.

    Bildirilib ki, uzunluğu 20 kilometr olan yolun hərəkət hissəsinin eni 6 metr təşkil edir. Dördüncü texniki dərəcəli yol iki hərəkət zolağından ibarətdir. Hərəkət zolağının eni isə 3 metrə bərabərdir.

    Dəliməmmədli-Muzdurlar-Qırıqlı avtomobil yolunun inşası prezident İlham Əliyevin 2017-ci ildə imzaladığı Sərəncama əsasən aparılıb. Yolun yenidən qurulması işləri 2018-ci ilin may ayında yekunlaşıb. İnşaat işləri zamanı bütün texniki tələblərə tam riayət olunub. Layihə çərçivəsində 300 poqonmetr müxtəlif diametrli dəmir-beton suötürücü borular, zəruri yerlərdə minə yaxın yol nişanı və göstərici lövhə quraşdırılıb, 50 kilometr uzunluğunda yol cizgi xətləri çəkilib.

    Bu yol 15 min nəfər əhalinin yaşadığı 15 məntəqəni birləşdirir. Avtomobil yolunun tikintisi əhatə etdiyi yaşayış məntəqələrinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında mühüm rol oynayacaq. Bundan başqa, bu yolun inşası bölgədə iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında mühüm rol oynayacaq.

    Dövlət başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib.

    Sonda xatirə şəkli çəkdirilib.

    * * * * * *

    Azərbaycan Respublikasının prezidenti İlham Əliyev iyunun 5-də Goranboy rayonunda “Region Agro” Məhdud Məsuliyyətli Cəmiyyətinin açılışında iştirak edib.

    İqtisadiyyat naziri Şahin Mustafayev dövlət başçısına müəssisə barədə məlumat verib.

    Azərbaycan prezidenti müəssisənin kollektivi ilə görüşüb.

    Sonda xatirə şəkli çəkdirilib.

    * * * * * *

    Prezident İlham Əliyev Goranboy rayonuna səfər edib.

    Səfər çərçivəsində dövlət başçısı bu gün Dəliməmmədli-Quşçular-Fəxralı-Qurbanzadə-Alpout avtomobil yolunun açılışında iştirak edib.

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov prezidentə yolun texniki göstəriciləri barədə məlumat verib.

    Bildirilib ki, 12 min nəfər əhalinin yaşadığı 5 məntəqəni birləşdirən Dəliməmmədli-Quşçular-Fəxralı-Qurbanzadə-Alpout avtomobil yolunun ümumi uzunluğu 14 kilometr, hərəkət hissəsinin eni isə 6 metrdir. Dördüncü texniki dərəcəli yol iki hərəkət zolaqlıdır.

    Layihə çərçivəsində 212 poqonmetr müxtəlif diametrli dəmir-beton suötürücü borular, yol nişanları və göstərici lövhələr quraşdırılıb, yol cizgi xətləri çəkilib. Yolun inşası yüksək səviyyədə, qısa müddətə və bütün texniki göstəricilərə riayət olunmaqla aparılıb.

    Bu yol sakinlərin rahat gediş-gəlişini təmin edəcək, həmçinin Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolu vasitəsilə respublikamızın istənilən istiqamətinə hərəkət etməyə imkan verəcək.

    Avtomobil yolunun tikintisi əhatə etdiyi 5 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılması ilə yanaşı, bu bölgədə iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında da mühüm rol oynayacaq.

    Dövlət başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib.

  • Vaşinqtonda 28 May Azərbaycan Milli Günü elan edilib

    ABŞ-ın paytaxtı Vaşinqton şəhərinin meri Myuriel Bouzer Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə əlaqədar bəyannamə imzalayıb.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bəyannamədə 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dünyəvi parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulması və dünyanın digər demokratik dövlətləri, o cümlədən ABŞ tərəfindən tanınması qeyd olunur.

    Bildirilir ki, yenidən azadlığını qazanan Azərbaycan 25 il ərzində öz suverenliyini və müstəqilliyini möhkəmləndirib, hazırda regionda ABŞ-ın müttəfiqi və strateji tərəfdaşıdır.

    Azərbaycanın ABŞ-dakı səfirliyinin Vaşinqton şəhəri ilə tərəfdaşlıq etdiyini və şəhərin təhsil və mədəniyyətin müxtəlifliyinə öz töhfələrini verdiyi vurğulanır.

    Mer Bouzer imzaladığı bəyannamədə dünyada yaşayan milyonlarla və ABŞ-da yaşayan on minlərlə azərbaycanlı tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı 28 May tarixinin Milli Gün olaraq qeyd edildiyini və Vaşinqton şəhərində Azərbaycan Milli Günü elan etdiyini bildirir.

  • Paşinyandan Qarabağla bağlı taktiki gediş – ŞƏRH

    Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağda separatçıların lideri Bako Saakyanı dəyişmək istəyir.

    Bu sözləri oxu.az-a açıqlamasında azərbaycanlı politoloq Elxan Şahinoğlu deyib.

    O bildirib ki, Bako Saakyan keçmiş prezident və baş nazir Serj Sərkisyanın adamıdır.

    “Bu isə Paşinyan üçün hər an təhlükə yarada bilər. Ermənistanda siyasi ab-havanı həm də Dağlıq Qarabağdakı vəziyyət müəyyənləşdirir. Yaxın tarix də bundan xəbər verir. Zamanında Levon Ter-Petrosyan prezident olanda da onun əsas opponentləri məhz Qarabağdakı separatçılar idi və elə onu devirənlər də Qarabağdan gələnlər oldu”, – ekspert qeyd edib.

    Şahinoğlu əmindir ki, əgər Paşinyan keçmiş şefinin bu səhfindən gərəkli nəticə çıxarıbsa, Dağlıq Qarabağda Bako Saakyanı sakitcə öz tərəfdarı ilə dəyişməyə çalışacaq.

    “Əks halda Serj Sərkisyan – Bako Saakyan cütlüyü gələcəkdə Paşinyanın hakimiyyətini laxlada bilər”, – politoloq əlavə edib.

  • Prezident Mahmud Vaezini qəbul edib – YENİLƏNİB

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 4-də İran İslam Respublikası Prezidenti Aparatının rəhbəri Mahmud Vaezini qəbul edib.

    Dövlət başçısı Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edərək, Prezident Həsən Ruhaninin Azərbaycana son səfərini məmnunluqla xatırladı və səfərin çox uğurlu olduğunu, əldə edilmiş razılaşmalar və imzalanmış sənədlərin böyük önəm daşıdığını deyib.

    Bu səfərdən keçən dövr ərzində əlaqələrimizin yeni dinamika aldığını qeyd edən prezident İlham Əliyev uzun illər həll olunmamış məsələlərin birgə səylərlə öz həllini tapdığını bildirib. Bu, onu göstərir ki, hər iki ölkədə əlaqələrimizin sürətli inkişafı üçün güclü siyasi iradə var. Dövlət başçısı Mahmud Vaezinin Azərbaycana səfərinin əməkdaşlığımızın perspektivləri, əlaqələrimizin daha da möhkəmləndirilməsi ilə bağlı qarşıda duran vəzifələrin həllinin müzakirəsi üçün yaxşı imkan yaradacağına əminliyini ifadə edib.

    Mahmud Vaezi İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin salamlarını prezident İlham Əliyevə çatdırıb. O, İran prezidenti Həsən Ruhaninin adından və öz adından dövlətimizin başçısına böyük səs çoxluğu ilə yenidən prezident seçilməsi münasibətilə təbriklərini çatdırıb. Mahmud Vaezi qeyd edib ki, İran-Azərbaycan ikitərəfli münasibətləri müxtəlif sahələrdə uğurla inkişaf edir.

    Həsən Ruhaninin Azərbaycana səfərinin və səfər zamanı əldə edilmiş razılaşmaların səmərəli nəticələri göz qabağındadır və yüksək səviyyədə icra olunur, Azərbaycan ilə İran arasında keçid məntəqəsi 24 saatlıq iş rejimində çalışır, Azərbaycanda avtomobil istehsalı zavodu fəaliyyətə başlayıb, Azərbaycandan İrana enerji ixracı həyata keçirilir. Nəqliyyat sahəsində əməkdaşlıq durmadan genişlənir, Astara-Astara dəmir yolunun tikintisi uğurla başa çatıb, yük terminallarının inşası davam edir.

    Söhbət zamanı humanitar-mədəni əlaqələrin və turizm sahəsində uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd olunub.

    Dövlətimizin başçısı İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını İran Prezidentinə çatdırmağı xahiş edib.

    * * * * *

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 4-də İran İslam Respublikasının Prezidenti Aparatının rəhbəri Mahmud Vaezini qəbul edib.

  • Daha bir icra başçısı vəzifədən azad olundu

    Gədəbəy rayon icra hakimiyyətinin başçısı Ramiz Yediyarov vəzifəsindən azad olunub.

    Median.Az xəbər verir ki, bu barədə Tia.az-a məlumat daxil olub.

    Məlumatda bildirilir ki, bununla bağlı yaxın saatlarda prezidentin müvafiq sərəncamı rəsmi mətbuat orqanlarında dərc olunacaq.

    Ramiz Yediyarovun səlahiyyətləri müvəqqəti olaraq icra başçısının birinci müavini Qüdrət Paşayeva həvalə olunub.

  • İlham Əliyev yeni rektor təyin etdi

    Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan İlahiyyat İnstitutuna rektor təyin olunub.

    Sərəncama əsasən, Ceyhun Valeh oğlu Məmmədov Azərbaycan İlahiyyat İnstitutunun rektoru təyin edilib.

  • Dünya liderləri İlham Əliyevi təbrik edir – YENİLƏNİB

    Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

    Təbrik mətnində deyilir:

    “Zati-aliləri.

    Azərbaycanın milli bayramı – Respublika Günü və Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü münasibətilə ən səmimi təbriklərimi, Azərbaycana və onun xalqına firavanlıq arzularımı qəbul edin.

    2017-ci ilin oktyabr ayında ölkənizə səfərim zamanı qurulmuş dostluq əlaqələrini çox yüksək qiymətləndirirəm.

    Mən əminəm ki, Bolqarıstan Respublikası ilə Azərbaycan Respublikası arasındakı sıx əlaqələr gələcəkdə də xalqlarımızın mənafeyi naminə dostluq və xoş niyyət ruhunda inkişaf edəcəkdir.

    Sizə Azərbaycan Respublikasının tərəqqi və inkişafı yolunda ali dövləti fəaliyyətinizdə möhkəm cansağlığı və uğurlar arzu edirəm.

    Hörmətli cənab Prezident, ən dərin ehtiramımı qəbul edin”.

    * * * * *

    Latviya Respublikasının prezidenti Raymonds Veyonis Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

    Təbrik mətnində deyilir:

    “Zati-aliləri,

    Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsinin 100 illiyi münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırır, ölkənizə və xalqınıza rifah və sülh diləyirəm.

    Mən Latviya ilə Azərbaycan arasında konstruktiv əməkdaşlığı görməkdən çox məmnunam. Fürsətdən istifadə edərək, bizim siyasi, iqtisadi və mədəni əlaqələrin vətəndaşlarımızın qarşılıqlı faydası naminə daha da inkişaf edəcəyinə əminliyimi ifadə etmək istərdim.

    Zati-aliləri, Sizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

  • Mehriban Əliyeva: AXC-də qadına hörmət, tolerantlıq dəyərləri öz əksini tapdı

    Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva Bakıda keçirilən Azərbaycan Qadınına Seçki Hüququnun verilməsinin 100 illiyinə həsr edilən Qadınların V Forumunun iştirakçılarına təbrik məktubu ünvanlayıb.

    Məktubu Azərbaycan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova oxuyub.

    Mehriban Əliyevə təbrik məktubunda vurğulayıb ki, Azərbaycan Xalq Cümhuriyyətində dövlətçiliyin bütün atributları təsis edilib:

    “Azərbaycan Xalq Cümhuriyyətində qadına hörmət, tolerantlıq və başqa bir çox dəyərlər öz əksini tapdı. O vaxt öz dövrünü qabaqlayan olduqca mütərəqqi qərarlar verildi. Qadınlar kişilərlə birgə seçmək və seçilmək hüququ əldə etdilər.

    Təəssüf ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmadı. Buna baxmayaraq, cümhuriyyətin süqutundan sonra da Azərbaycanda qadınların vəziyyətində mütərəqqi dəyişikliklər davam edirdi.

    Azərbaycan qadınları özləri üçün yeni peşələr və fəaliyyət sahələri öyrəndilər. Ölkədə ana və uşağın sosial müdafiəsi üzrə tədbirlər gücləndirildi. Sovet İttifaqının dağılmasından sonra isə Azərbaycan öz müstəqilliyini yenidən bərpa etdi.

    Müasir Azərbaycan özünü təsdiq edən və dinamik inkişaf edən ölkədir. Bu gün Azərbaycanda qadınların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində çox böyük işlər görülür”.

  • Jirinovski: İranlı qaçqınlar Azərbaycana doluşacaq – VİDEO

    ABŞ-ın İranın nüvə sazişindən çıxması islam respublikasında sosial partlayışa səbəb ola bilər. Bu baş versə nəticədə Qafqaz iranlı qaçqınlarla dolacaq.

    Median.Az “News.ru”ya istinadən xəbər verir ki, belə bir bəyanatla Rusiyanın Liberal-demokratlar partiyasının lideri Vladimir Jirinovski çıxış edib.

    Onun sözlərinə görə, ABŞ öz sanksiyaları ilə İranın iqtisadiyyatını sarsıtmağı bacarmayacaq, belə ki, İranın xarici təsirlərə davamlı iqtisadiyyatı var. Ancaq dini qruplar arasında ixtilafın təhriki nəticəsində, ölkədə sosial qeyri-sabitlik meydana gələ bilər.

    Jirinovski İranda sünilərlə şiyələr arasında uzun illərdən bəri dini ixtilafların yaşandığını diqqətə çatdırıb.

    “Bəs iranlılar hara qaçsınlar? Ancaq şimala: onlar Gürcüstan, Ermənistan və Azərbaycana doluşacaq. Onlarla hətta Rostov-na-Donuda da qarşılaşa biləcəksiz. Biz onları özümüzdən divarla ayıra bilmərik axı”.

    Liberal-demokratların lideri eyni zamanda dünyada vahid siyasi düzən qurmaq cəhdlərinə görə ABŞ-ı tənqid atəşinə tutub./oxu.az

  • Prezident və xanımı sərgidə

    Bakıda sayca 25-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi keçirilir.

    Azərbaycan prezidenti İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva Bakı Ekspo Mərkəzində təşkil olunan 25-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinə baş çəkiblər.

    Dövlət başçısı müxtəlif şirkətlərinə məxsus stendlərlə tanış olub.

    Qeyd edək ki, sayca 25-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisində yataqların mənimsənilməsi və işlənməsi ilə məşğul olan, eləcə də, servis xidmətləri təklif edən 38 ölkədən 312 neft-qaz şirkəti iştirak edir.

    Sərgi sahəsinin 40% -ni 25-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin daimi iştirakçıları olan tanınmış dünya şirkətləri tutur.