
Mayın 22-də Bakının Suraxanı rayonunda “ATEF Şirkətlər Qrupu”nun yüksəkgərginlikli avadanlıqlar zavodunun açılışı olub.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev açılışda iştirak edib.














Mayın 22-də Bakının Suraxanı rayonunda “ATEF Şirkətlər Qrupu”nun yüksəkgərginlikli avadanlıqlar zavodunun açılışı olub.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev açılışda iştirak edib.














Serbiya Respublikasının prezidenti Aleksandr Vuçiç mayın 21-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Aleksandr Vuçiçi hava limanında baş nazirin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Nadir Hüseynov və digər rəsmi şəxslər qarşılayıblar.


Azərbaycan Respublikasının prezidenti İlham Əliyev mayın 21-də Beynəlxalq Əmək Təşkilatının baş direktoru Qay Rayderin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Beynəlxalq Əmək Təşkilatının baş direktorunun Azərbaycana ilk dəfədir səfər etdiyini deyən Qay Rayder bu səfərindən dərin məmnunluq hissi duyduğunu vurğulayıb.
Dövlətimizin başçısını yenidən prezident seçilməsi münasibətilə təbrik edən Qay Rayder prezident İlham Əliyevin inauqurasiya mərasimindəki çıxışını diqqətlə izlədiyini qeyd edərək, orada əmək və sosial məsələlərlə bağlı söylənilən fikirlərin çox böyük maraq doğurduğunu bildirib.
O qeyd edib ki, prezident İlham Əliyevin əhalinin rifah halının daha da yaxşılaşdırılması, sosial müdafiəsinin təmin edilməsi, iş yerlərinin yaradılması ilə bağlı söylədiyi fikirlər mühüm əhəmiyyət daşıyır.
Qay Rayder rəhbərlik etdiyi təşkilatın Azərbaycanla uğurlu əməkdaşlıq həyata keçirdiyini vurğulayaraq, bu səfərin əlaqələrimizin möhkəmlənməsi işinə öz töhfəsini verəcəyinə ümidvar olduğunu bildirib.
Təbrikə və xoş sözlərə görə minnətdarlığını bildirən prezident İlham Əliyev Bakıda keçirilən “Dayanıqlı İnkişaf Məqsədlərinə doğru davamlı inkişafın və layiqli əməyin təbliği” mövzusunda beynəlxalq konfransın əhəmiyyətini qeyd edib.
Dövlətimizin başçısı son illər ərzində Azərbaycan iqtisadiyyatının inkişafı, o cümlədən əhalinin əmək və sosial təminatı istiqamətində mühüm işlər görüldüyünü, xüsusilə işsizliyin sürətlə azaldılması ilə bağlı böyük uğurların əldə edildiyini deyib.
Prezident İlham Əliyev Azərbaycanda ənənəvi olan və sürətli iqtisadi inkişaf nəticəsində baş verən demoqrafik artımla əlaqədar ölkə qarşısında gələcəkdə yeni iş yerlərinin yaradılması kimi mühüm vəzifənin durduğunu bildirib və bu istiqamətdə müvafiq tədbirlərin həyata keçirildiyini vurğulayıb.
Dövlətimizin başçısı Beynəlxalq Əmək Təşkilatı ilə Azərbaycan arasında əməkdaşlığın önəminə toxunaraq bu əməkdaşlığın uğurla davam etdiriləcəyinə əminliyini ifadə edib.
* * * *
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev mayın 21-də Beynəlxalq Əmək Təşkilatının baş direktoru Qay Rayderin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Bu barədə Median.Az prezidentin mətbuat xidmətinə istinadən xəbər verir.

Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın hazırlanması üzrə Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində Xüsusi İşçi Qrupunun növbəti iclası 21-24 may 2018-ci il tarixlərində Qazaxıstanın Astana şəhərində keçiriləcək.
Bu barədə XİN-nin mətbuat xidmətinindən məlumat verilib.
Bununla əlaqədar, Xüsusi İşçi Qrupunun Azərbaycan tərəfindən rəhbəri, xarici işlər nazirinin müavini Xələf Xələfovun başçılıq etdiyi nümayəndə heyəti Astana şəhərində səfərdədir.
İclas zamanı Konvensiya layihəsi ilə bərabər Xəzəryanı dövlətlərin Dövlət Başçılarının Beşinci Zirvə Toplantısına aid digər sənədlərin də müzakirəsi nəzərdə tutulur.
Səfər çərçivəsində Azərbaycan və Qazaxıstan xarici işlər nazirlikləri arasında ikitərəfli siyasi məsləhətləşmələrin keçirilməsi planlaşdırılır.

Azərbaycan Prezidenti İlham Əliyev Kuba Respublikası Dövlət Şurasının və Nazirlər Şurasının Sədri Migel Dias-Kanel Bermudesə başsağlığı verib.
Azərbaycan prezidenti Kubada baş vermiş təyyarə qəzası nəticəsində çoxsaylı insan tələfatı xəbərindən kədərləndiyini vurğulayıb.
“Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Kuba xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm”, – deyə dövlət başçısı məktubunda bildirib.

ABŞ-ın Cənubi Karolina ştatının qubernatoru Henri MakMaster Azərbaycan Demokratik Respublikasının yaranmasının 100 illiyi ilə əlaqədar olaraq bəyannamə imzalayıb.
Azərbaycanın ABŞ-dakı səfirliyindən verilən məlumata görə, bəyannamədə 1918-ci il 28 may tarixində Müsəlman Şərqində ilk dünyəvi parlamentli respublika olan Azərbaycan Demokratik Respublikasının qurulması və dünyanın digər demokratik dövlətləri, o cümlədən ABŞ tərəfindən tanınması qeyd olunub.
Sənəddə bildirilib ki, Azərbaycan Demokratik Respublikası müstəqilliyinin qısa müddət ərzində irqi, cinsi, etnik və ya dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara bərabər seçki hüququnu tanımaqla yanaşı müsəlman dünyasında ilk dəfə olaraq qadınlara seçki hüququnun verilməsini təmin edib.
Sənəddə Azərbaycan Demokratik Respublikasının 1920-ci ildə öz müstəqilliyi uğrunda mübarizə aparmasına rəğmən onun Sovetlər Birliyinin tərkibinə daxil edildiyi və 1991-ci ildə yenidən öz müstəqilliyini bərpa etməyə nail olduğu vurğulanıb.
Qeyd edilib ki, Azərbaycan son 25 il ərzində öz suverenlik və müstəqilliyini möhkəmləndirib və hazırda Xəzər regionunda ABŞ-ın müttəfiqi və strateji tərəfdaşıdır.
Bəyannamədə, Azərbaycan Demokratik Respublikasının yaranmasının 100-cü il yubileyində dünyada yaşayan milyonlarla və ABŞ-da yaşayan on minlərlə Azərbaycanlı tərəfindən 28 May tarixinin Milli Gün olaraq qeyd edildiyini və öz əcdadlarının Qafqaz, Mərkəzi Asiya və Orta Şərqdə demokratiyanın yayılması üçün töhfələrinin xatırlandığı bildirilib.
H. MakMaster Azərbaycanın Demokratik Respublikasının 100-cü il yubileyini elan edib və Cənubi Karolinalıları bu təbrikə və ən xoş arzulara qoşularaq bu xüsusi bayramı ölkədə və dünyada yaşayan azərbaycanlılarla birlikdə qeyd etməyə çağırıb.

Prezident İlham Əliyev Rövşən İbrahimovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamla Rövşən Hüseyn oğlu İbrahimov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.
Prezidentin digər sərəncamı ilə Natiq Musa oğlu Aslanov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Mayın 18-də Bakıda Yeni Azərbaycan Partiyasının yeni inzibati binasının açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.
Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov dövlətimizin başçısına görülən işlər barədə məlumat verib. Qeyd edilib ki, binanın inşasına 2016-cı ilin iyununda başlanıb, bu ilin mayında isə başa çatdırılıb. Tikinti işləri yüksək səviyyədə həyata keçirilib. Burada ən müasir avadanlıq quraşdırılıb. Yeni binanın ümumi sahəsi 11 min kvadratmetrdir. Partiyanın yeni binası indi paytaxtımızın müasir və memarlıq baxımından göz oxşayan ən yaraşıqlı binalarından biridir.
Dövlətimizin başçısı yeni inzibati binanın rəmzi açılışını bildirən lenti kəsib.
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin binanın foyesindəki abidəsinin önünə gül dəstəsi qoyub.
Yeni Azərbaycan Partiyasının yeni binasında Heydər Əliyev muzeyi yaradılıb. Muzeydəki müxtəlif fotostendlər, əyani vəsaitlər ulu öndər Heydər Əliyevin siyasi irsinin və zəngin dövlətçilik fəaliyyətinin öyrənilməsi və gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Burada ümummilli lider Heydər Əliyevin Yeni Azərbaycan Partiyasının fəaliyyəti ilə bağlı gördüyü işləri əks etdirən fotoguşələr var.
Prezident İlham Əliyev binada yaradılan şəraitlə yaxından tanış olub.
Məlumat verilib ki, ümumilikdə inzibati bina 50 otaq, müşavirə, konfrans və akt zallarından ibarətdir. Hər mərtəbədə iş otaqları ilə yanaşı, kiçik müşavirə zalları da var. Konfrans zalı 100 yerlikdir. Buradakı 268 yerlik böyük akt zalında respublika əhəmiyyətli və partiyanın fəaliyyəti ilə bağlı müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulub. Binadakı bütün otaqlarda səmərəli fəaliyyət üçün hər cür şərait yaradılıb. İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi də diqqətdə saxlanıb.
Belə ki, binada Azərbaycanda informasiya-kommunikasiya və proqram təminatı sahəsində 15 ildən artıq fəaliyyət göstərən yerli “CASPEL” şirkəti tərəfindən müasir, beynəlxalq tələblərə cavab verən infrastruktur qurulub, intellektual kamera-mühafizə sistemi təşkil edilib. Şirkət tərəfindən partiyanın bütün iş proseslərini, üzvlərin qeydiyyatını idarə edən proqram təminatı yazılıb və inzibati binanın bütün otaqları müasir kompüter, pereferiya avadanlığı ilə təchiz olunub. Eyni zamanda, Yeni Azərbaycan Partiyasının bütün rayon təşkilatları vahid kommunikasiya məkanında birləşdirilib.
Qeyd edək ki, Azərbaycanın aparıcı siyasi qüvvəsi olan, milli maraqların müdafiəsi və təmin edilməsi istiqamətində uğurla fəaliyyət göstərən Yeni Azərbaycan Partiyasının yaranmasından artıq 26 il ötür. Partiya bu gün ölkə həyatının bütün sahələrində yaxından iştirak edir, respublikamızın tərəqqisinə mühüm töhfələr verir. Partiya Azərbaycanın müasir və dinamik inkişaf edən ölkə kimi nüfuzunun daim artmasında mühüm rol oynayır, ümummilli lider Heydər Əliyevin ideya və arzularını yüksək səviyyədə həyata keçirir.
Son illərdə keçirilən prezident və parlament seçkilərində böyük səs çoxluğu ilə qalib gələn Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsi kimi Azərbaycan cəmiyyətində yüksək etimad, hörmət və nüfuz qazanıb. Hazırda Yeni Azərbaycan Partiyası öz sıralarında 700 mindən çox üzvü birləşdirir. Onların 38 faizini gənclər, 47 faizini isə qadınlar təşkil edir. Partiyanın Gənclər Birliyi və Qadınlar Şurası da təşkilatın aparıcı qüvvəsi kimi ölkənin ictimai-siyasi həyatında fəal iştirak edirlər.
* * * * *
Mayın 18-də Yeni Azərbaycan Partiyasının yeni inzibati binasının açılışı olub.
Prezident İlham Əliyev açılışda iştirak edib.
Dövlət başçısı yeni inzibati binanın rəmzi açılışını bildirən lenti kəsib, burada yaradılan şəraitlə tanış olub.
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin binanın foyesində ucaldılmış abidəsi önünə gül dəstəsi qoyub.
Yeni Azərbaycan Partiyası sədrinin müavini–icra katibi Əli Əhmədov binada yaradılan şərait barədə dövlətimizin başçısına məlumat verib.








Binəqədi rayonu İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov vəzifəsindən azad edilib.
X.İsgəndərov bu gün kollektivlə vidalaşıb.
Başçının səlahiyyətləri birinci müavini İlqar Süleymanova həvalə olunub.
Yaxın saatlarda prezident İlham Əliyevin bununla bağlı sərəncam verəcəyi gözlənilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 16-da Naxçıvan Müəllimlər İnstitutunun yeni binasının açılışında iştirak edib.
Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsib.
Azərbaycanda ali təhsilin inkişafı da diqqətdə saxlanılır. Prezident İlham Əliyev ali təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə ciddi tədbirlər həyata keçirir. Ölkədə mövcud olan ali məktəblərin sırası genişləndirilir. Bu sırada Naxçıvan Müəllimlər İnstitutu da mühüm yer tutur. Belə ki, 2003-cü il avqustun 26-da Naxçıvan Müəllimlər İnstitutu kimi fəaliyyətə başlayan bu təhsil ocağı ötən dövrdə öz fəaliyyətini genişləndirib, ali təhsilli kadrların hazırlanması sahəsində bir sıra nailiyyətlər əldə edib.
Ötən dövrdə institut ixtisaslı müəllim kadrları ilə də təmin olunub, lazımi tədris şəraiti yaradılıb, maddi-texniki baza gücləndirilib, yeni ixtisaslar açılıb. Bütün bunlar Azərbaycan ali təhsilinin yeni inkişaf mərhələsinin göstəriciləridir. Dövlətimizin başçısının Azərbaycanın ali təhsil müəssisələrinin dünyanın inkişaf etmiş ali təhsil məkanına inteqrasiyasının təmin olunması ilə bağlı tədbirləri bu sahədə yeni keyfiyyət dəyişikliyinin əldə olunmasına şərait yaradıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dövlətimizin başçısına məlumat verdi ki, altı mərtəbədən ibarət olan bu ali təhsil ocağında ümumilikdə 23 auditoriya var. Binada 4 kompüter otağı, 16 elektron lövhəli auditoriya, kitabxana və oxu, eləcə də elektron oxu zalları, rəngkarlıq və heykəltəraşlıq emalatxanaları var. Təsviri incəsənət, coğrafiya, musiqi, hərbi, tibb, Azərbaycan dili, ali riyaziyyat və informatika otaqları tələbələrin biliklərinin artırılması üçün bütün zəruri inventarla təchiz edilib. Binada psixologiya laboratoriyası, müəllim və tələbələr üçün bufet də yaradılıb. Tələbələrin ixtiyarına verilən idman zalında müasir qurğular quraşdırılıb. Binada 132 və 20 yerlik iclas zalları da var. Bu zallarda təhsil müəssisəsinin həyatında baş verən əlamətdar hadisələrlə bağlı müxtəlif tədbirlər keçirmək mümkündür.
Naxçıvan Müəllimlər İnstitutunun yeni binasında yaradılan şərait bir daha sübut edir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə təhsil sahəsinin inkişafı istiqamətində atılan addımların nəticəsində muxtar respublikada da böyük işlər görülüb. Bütün bunlar Azərbaycanda insan kapitalının inkişafı istiqamətində dövlətimizin həyata keçirdiyi siyasətin məntiqi nəticəsidir.
Bina ilə tanışlıqdan sonra Prezident İlham Əliyev ali təhsil ocağının kollektivi və şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Sonda xatirə şəkli çəkdirilib.
* * * * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 16-da Naxçıvan şəhər Qaraxanbəyli inzibati ərazi dairəsində 480 şagird yerlik 6 saylı tam orta məktəbin açılışında iştirak edib.
Dövlətimizin başçısı məktəbin binasının rəmzi açılışını bildirən lenti kəsib.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin “Neft Azərbaycanın milli sərvətidir” deyimi yeni yüzillikdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin tarixində başqa bir modeldə həqiqətə çevrildi. Azərbaycan Prezidentinin dünya ictimaiyyətinə ünvanladığı “Qara qızılı insan kapitalına çevirmək” mesajı 2003-cü ildən başlayaraq dövlət siyasətinin mühüm tərkib hissəsi oldu. Çünki müasir dünyada hər bir ölkənin gələcəyi təhsilin səviyyəsi ilə ölçülür.
Azərbaycanın hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da təhsildəki nailiyyətlər göz qabağındadır. Bu nailiyyətlər istər bu sahənin maddi-texniki bazasının möhkəmləndirilməsində, istərsə də yeni təhsil müəssisələrinin inşasında özünü daha aydın göstərir. Təhsil sahəsi hər bir ölkədə inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir. Azərbaycan da bu ölkələr sırasındadır. Ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər deməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək istəyir. Bundan başqa, zəngin təbii sərvətləri ilə dünyanın diqqətində olan Azərbaycan bu sərvətlərdən səmərəli istifadə ilə insan kapitalının daha da inkişaf etdirilməsini başlıca amil seçib.
Prezident İlham Əliyev məktəbdə yaradılan şəraitlə tanış olub.
Məktəbin binası üçmərtəbəlidir. Binada iki kompüter sinfi, 3 elektron lövhəli sinif, fizika, kimya və biologiya laboratoriyaları, 2 şahmat sinfi, hərbi kabinet, 24 ümumi sinif otağı, müəllimlər otağı və idman zalı var. Məktəbin həyətində qazanxana və bufet binası tikilib. Bir sözlə, burada şagirdlərin təlim-tərbiyəsi ilə məşğul olmaq üçün hərtərəfli imkanlar mövcuddur.
Son illərdə Azərbaycanın hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da yeni-yeni təhsil ocaqlarının yaradılması, mövcudlarının əsaslı şəkildə müasir səviyyədə yenidən qurulması dövlət səviyyəsində təhsil sahəsinə olan diqqətin təzahürüdür. Bütün bunlar gələcək nəslin bilikli, savadlı və intellektual səviyyəyə malik bir vətəndaş kimi yetişməsində mühüm rol oynayır. Ümumilikdə, son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda təhsilin, elmin inkişafına istiqamətlənən çox mühüm layihələr icra olunub.
Təsadüfi deyil ki, son illərdə ölkə ərazisində 3 mindən çox məktəb tikilib, bir çox məktəb binaları üçün yeni korpuslar inşa olunub. Bununla da təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində əhəmiyyətli addımlar atılıb. Bütün bunlar isə Azərbaycanın hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da təhsilin keyfiyyətinə müsbət təsir göstərib.
Prezident İlham Əliyev məktəbin kollektivi və ictimaiyyətin nümayəndələri ilə görüşüb.
Sonda xatirə şəkli çəkdirilib.
* * * * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 16-da Naxçıvan şəhər Təmizləyici Qurğular Kompleksinin açılışında iştirak edib.
Son illərdə ölkəmizin ərazisində yeni kollektor və xətlərin, tullantı sutəmizləyici qurğuların tikintisi, mövcud xətlərin yenidən qurulması, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində əhəmiyyətli addımlar atılıb.
Prezident İlham Əliyevin imzaladığı regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurlu icrası sayəsində bu sahədə də əhəmiyyətli nəticələr əldə olunub. Naxçıvan Muxtar Respublikasında da həyata keçirilən sosial siyasətin mərkəzində insan amili dayanır. Hər hansı sahə üzrə infrastruktur yaradılarkən, ilk növbədə, əhalinin rahat yaşayışının təminatı ön planda saxlanılır.
Son illərdə Naxçıvan şəhər Təmizləyici Qurğular Kompleksinin yaradılması istiqamətində görülən işlər bunu deməyə əsas verir. Bu layihə bir tərəfdən ekoloji sahədə görülən tədbirləri əks etdirir, digər tərəfdən də yeni infrastruktur layihələrinin səmərəli istifadəsi üçün geniş imkanlar açır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dövlətimizin başçısına kompleks barədə məlumat verib.
Bildirildi ki, kompleks giriş nasos stansiyasından, hovuzlardan, inzibati, transformator, kompressor binalarından, suvarma üçün nəzərdə tutulan su hovuzundan ibarətdir. Burada, həmçinin iri tullantı tutucu, qum və yağ tutma, membran tipli təmizləyici, palçıqqurutma, havatəmizləyici qurğular quraşdırılıb.
Ümumilikdə, bu qurğunun fəaliyyəti 121 min istifadəçini əhatə edir. İcrasına 2014-cü ildə başlanılan layihə ötən ilin oktyabrında tamamlanıb. Qurğunun xidmət sahəsi Naxçıvan şəhəri, Qaraxanbəyli, Qaraçuq, Bulqan, Hacıniyyət, Tumbul, Babək rayonunun Şıxmahmud və Xəlilli kəndlərini əhatə edir. Bu qurğunun gücü gündə 32 min kubmetr və ya saniyədə 370 litrə bərabərdir. Kompleksdə bioloji fosfor təmizləmə hovuzu, oksigensiz hovuz, havalandırma hovuzu, suvarma su hovuzu inşa edilib.
Buradakı hovuzların tutumu 25 min 650 kubmetrdir. Təmizləyici Qurğular Kompleksinin yerləşdiyi sahə 2,62 hektardır ki, bunun da 2 hektarı tullantıların saxlanması və qurudulması sahəsinə aiddir. Burada bioreaktor və membran tipli təmizləyici qurğu quraşdırılıb. Çirkab sutəmizləyici qurğu 3 mərhələli təmizləmə sistemindən ibarətdir. Kompeksdə təmizləmə prosesi fiziki, bioloji və membran təmizləmə üsulları ilə aparılır. Təmizlənmiş su isə ozonla dezinfeksiya olunaraq suvarma hovuzuna verilir. Layihənin icrası nəticəsində 500 hektar torpağın suvarılması mümkün olacaq.
Prezident İlham Əliyev kompleksi işə salıb.
Sonda xatirə şəkli çəkdirilib.
* * * * *
Mayın 16-da Azərbaycan Respublikasının prezidenti İlham Əliyev xalqımızın ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov dövlətimizin başçısına abidənin ətrafında aparılan abadlıq və yenidənqurma tədbirləri barədə məlumat verib.
* * * * *
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev mayın 16-da Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində “Şərur şəhər və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin birinci mərhələsinin açılışında iştirak edib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov dövlətimizin başçısına layihə ilə bağlı görülən işlər barədə məlumat verib.
Bildirilib ki, layihə üzrə tikinti işlərinin icrasına 2012-ci ildən başlanılıb. Layihəyə əsasən, Şərur şəhərinə, Mahmudkənd kəndinə və Zeyvə kəndinin bir hissəsinə su şəbəkəsi, Şərur şəhərinə kanalizasiya şəbəkəsi çəkilib və ev birləşmələri aparılıb.
Layihənin birinci mərhələsi ötən ilin dekabrında başa çatıb. Layihəyə əsasən, Arpaçay subölücüsündə gölün dibindən altı metr dərinlikdə eni 1,3 metr, hündürlüyü 2 metr, uzunluğu 134 metr olan qalereya tikilib. Qalereyanın su sərfi saniyədə 1150 litr təşkil edir.
Buradan su anbarlarına qədər diametri 900 millimetr olan plastik boru ilə 1500 metr xətt çəkilib. Xətt üzərində bir ədəd suboşaldıcı inşa olunub. Qalereyadan gələn su dezinfeksiya olunaraq su anbarlarına yığılır və öz axını ilə əhaliyə fasiləsiz ötürülür.
Layihə çərçivəsində hər birinin tutumu 10 min kubmetr olan iki ədəd və tutumu 7 min 500 kubmetr olan bir ədəd, cəmi tutumu 27 min 500 kubmetr olan su anbarları tikilib. Su anbarlarından Şərur şəhərinədək diametri 900 millimetrdən 630 millimetrə qədər olan borularla 9,5 kilometr uzunluğunda xəttin tikintisi aparılıb.
Layihə ərazisində diametri 560 millimetrdən 63 millimetrə qədər plastik borularla 59,4 kilometr içməli su xətti çəkilib, 2500 ev su şəbəkəsinə qoşularaq sayğac quraşdırılıb. Su şəbəkəsi üzərində yeddi yanğın hidrantı tikilib.
Yerin relyefindən asılı olaraq, mənzillərə su 2-5 bar arasında təzyiqlə verilir. Şərur şəhərində diametri 400 millimetrdən 200 millimetrə qədər olan borularla 19 kilometrdən çox daxili kanalizasiya şəbəkəsi çəkilib və 1500 ədəd ev kanalizasiya xəttinə qoşulub.
Kanalizasiya sularının kənarlaşdırılması üçün diametri 400 millimetdən 600 millimetrə qədər plastik borularla 7,3 kilometr uzunluğunda ana xəttin inşası aparılıb.
Bununla da Şərur şəhərində, Mahmudkənd kəndində və Zeyvə kəndinin bir hissəsində 13 min 500 nəfər Dünya Səhiyyə Təşkilatının standartlarına cavab verən içməli su ilə davamlı olaraq 24 saat təmin ediləcək.
Sonra dövlətimizin başçısı “Şərur şəhər və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidənqurulması” layihəsinin birinci mərhələsinin açılışını bildirən düyməni basıb.
Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Sonda xatirə şəkli çəkdirilib.
* * * * *
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev mayın 16-da Naxçıvan Muxtar Respublikasına səfərə gedib.
Naxçıvan Beynəlxalq Hava Limanında dövlətimizin başçısını Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov qarşılayıb.
Hava limanında prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Dövlətimizin başçısı Naxçıvan Muxtar Respublikası hökumətinin üzvləri ilə görüşüb.



