Category: Siyasət

  • İlham Əliyev yeni salınan yolda belə maşın sürdü – VİDEO

    Mayın 7-də Bakı Olimpiya Stadionundan Heydər Əliyev prospektinə keçid və müxtəlif səviyyəli yol qovşağının açılışı olub.

    Median.Az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

    Dövlət başçısı xidməti avtomobili ilə yeni yolu sınaqdan keçirib. (baku.ws)

  • İlham Əliyev Putinə zəng edib

    Mayın 7-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Rusiya Federasiyasının prezidenti Vladimir Putinə telefonla zəng edib.

    Dövlətimizin başçısı Vladimir Putini Rusiya Federasiyasının prezidenti vəzifəsinin icrasına başlaması münasibətilə təbrik edib, ona Rusiya xalqının firavanlığı naminə fəaliyyətində yeni uğurlar arzulayıb.

    Dövlətimizin başçısı, eyni zamanda, Rusiya prezidentinə qarşıdan gələn 9 May – Qələbə günü münasibətilə də təbriklərini çatdırıb.

    Prezident Vladimir Putin təbrikə və göstərilən diqqətə görə prezident İlham Əliyevə minnətdarlığını bildirib və öz növbəsində dövlətimizin başçısını qarşıdan gələn 9 May – Qələbə günü münasibətilə təbrik edib.

    Prezident İlham Əliyev təbrikə görə təşəkkür edib.

    Söhbət zamanı dövlət başçıları Azərbaycan-Rusiya strateji tərəfdaşlıq əlaqələrinin uğurlu inkişafını qeyd edib, ikitərəfli münasibətlərimizin perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.

  • Bakıda Aİ-Azərbaycan iclası keçirilir

    Avropa İttifaqı (Aİ)-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin növbəti tədbiri – 15-ci iclası Bakıda, Milli Məclisdə (MM) öz işinə başlayıb.

    Ikigünlük təbdirdə adıçəkilən komitənin üzvləri ilə yanaşı, nazirlər, Prezident Administrasiyasının (PA) məsul şəxsləri iştirak edəcəklər.

    Nazirlərdən Elmar Məmmədyarov, Pərviz Şahbazov, Şahin Mustafayev, PA-dan şöbə müdiri, Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçi Əli Həsənov iştirak və məruz edəcəklər.

  • Azərbaycanın Milli Günü ABŞ-ın Nebraska ştatında qeyd olunacaq

    ABŞ-ın Nebraska ştatının qubernatoru Pit Rikets Azərbaycan Demokratik Respublikasının 100-cü ildönümü ilə əlaqədar bəyannamə imzalayaraq, 2018-ci ilin 28 may tarixini rəsmi olaraq, Azərbaycan Milli Günü elan edib və ştat sakinlərini bu əlamətdar günü qeyd etməyə çağırıb.

    Azərbaycanın ABŞ-dakı səfirliyindən verilən xəbərə görə, sənəddə 1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman dünyasında ilk demokratik respublika kimi tarixə düşdüyü və bütün vətəndaşlarına bərabər hüquqlar vermiş ilk dövlətlərdən biri olduğu diqqətə çatdırılır.

    Eləcə də, bu respublikanın həmin dövrdə dünyanın bir çox demokratik dövlətləri, o cümlədən ABŞ tərəfindən tanındığı vurğulanır.

    Eyni zamanda, sənəddə Azərbaycan Demokratik Respublikasının 1920-ci ildə öz müstəqilliyi uğrunda mübarizə aparmasına rəğmən, onun Sovetlər Birliyinin tərkibinə daxil edildiyi və 1991-ci ildə yenidən öz müstəqilliyini bərpa etməyə nail olduğu vurğulanır.

    Qeyd edilir ki, Azərbaycan son 25 il ərzində öz suverenlik və müstəqilliyini möhkəmləndirib və hazırda Xəzər regionunda ABŞ-ın müttəfiqi və strateji tərəfdaşıdır.

    Bəyannamədə bu il 28 May tarixində ABŞ və dünyanın digər yerlərində yaşayan Azərbaycanlılar tərəfindən Milli Gün olaraq, Azərbaycan Demokratik Respublikasının 100 illik yubileyinin qeyd ediləcəyi və öz əcdadlarının Qafqaz, Mərkəzi Asiya və Orta Şərqdə demokratiyanın yayılması üçün töhfələrinin xatırlanacağı bildirilir.

    Bəyannamə Nebraska ştatının dövlət katibi Con Qeyl tərəfindən də imzalanıb.

  • İlham Əliyev Bakıda yeni yol qovşağının açılışında – FOTO + YENİLƏNİB

    Mayın 7-də Bakı Olimpiya Stadionundan Heydər Əliyev prospektinə keçid və müxtəlif səviyyəli yol qovşağının açılışı olub.

    Azərbaycan Respublikasının prezidenti İlham Əliyev açılışda iştirak edib.

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Saleh Məmmədov dövlət başçısına layihənin texniki göstəriciləri barədə məlumat verib. Burada inşa edilən tunelin qapalı hissəsinin uzunluğu 130, açıq hissəsinin uzunluğu 366 metr olmaqla ümumi uzunluğu 496 metrə bərabərdir.

    Tunelin hərəkət hissəsinin eni 10 metrdir. Layihə çərçivəsində 193 metr yanaşma yolları inşa olunub, həmçinin Sabunçu yol qovşağınadək uzunluğu 702, eni isə 12 metr olan yeni yol hissəsi salınıb. Layihə zamanı inşa olunan biraşırımlı körpünün uzunluğu 27 metr, eni isə 12 metrdir.

    Bu yol qovşağının inşası zamanı genişmiqyaslı tikinti-quraşdırma işləri görülüb, tunel və yan yollarda sutkanın qaranlıq saatlarında təhlükəsiz hərəkət etmək üçün işıq dirəkləri qoyulub, iki nasosxana quraşdırılıb, tikinti sahəsinə düşən kanalizasiya və rabitə xətləri köçürülüb.

    Layihənin icrası yüksək səviyyədə və keyfiyyətlə yerinə yetirilib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi qovşağın inşasını texnoloji ardıcıllığa riayət olunmaqla aparıb.

    Avtonəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətini təmin etmək, paytaxt yollarında sıxlığın azaldılması istiqamətinə dövlətimizin başçısının tövsiyə və tapşırıqlarına əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən tunelin inşasında məqsəd günün pik saatlarında metronun “Koroğlu” stansiyasının qarşısında yaranan tıxacı aradan qaldırmaqdır.

    Bu layihənin icrası burada yarana biləcək tıxacların qarşısının alınmasında mühüm rol oynayır. Belə ki, Ziya Bünyadov prospekti istiqamətindən gələn avtonəqliyyat vasitələri Böyük Şor yol qovşağına daxil olmadan, həmçinin metronun “Koroğlu” stansiyasının qarşısından keçmədən yeni avtomobil tuneli ilə Ziya Bünyadov prospektindən Olimpiya kəndi istiqamətinə və oradan da Bakı Olimpiya Stadionunun arxa hissəsində salınan yoldan və tuneldən istifadə etməklə hava limanı istiqamətinə hərəkət edəcək.

    Dövlətimizin başçısına məlumat verildi ki, yollarda tıxacların azaldılması məqsədilə layihə çərçivəsində Heydər Əliyev prospektində – Sabunçu yol qovşağından Böyük Şor yol qovşağınadək olan hissədə təmir-tikinti işləri aparılıb. Əsaslı şəkildə yenidən qurulan yolun bu hissəsinin uzunluğu 2,1 kilometr, eni isə ərazilərdən asılı olaraq 26-36 metr təşkil edir. Bu hissədə intensiv hərəkət nəticəsində asfalt-beton örtüyünün üst qatında aşınmalar yaranıb.

    Bu səbəbdən də asfalt-beton örtüyünün aşınma qatının yenilənməsinə ehtiyac yaranıb. Təmir işləri çərçivəsində yolboyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, yola ikiqat olmaqla yeni asfalt-beton örtüyü döşənib.

    Ümumilikdə, bu işlər Sabunçu yol qovşağından şəhər mərkəzinə doğru olan istiqamətdə üç hərəkət zolağında aparılıb. Görülən təmir-tikinti işləri zamanı yol ayrıcında quraşdırılmış əyrixətli dəmir tirlər və köhnə səki daşları sökülərək kənarlaşdırılıb, buraya yeni səki daşları düzülüb.

    Yeni-yeni yol qovşaqlarının yaradılması, müasir yolların salınması, mövcudlarının isə ən yüksək səviyyədə yenidən qurulması prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosial siyasətin mühüm tərkib hissəsini təşkil edir. Bu layihələrin icrası, ilk növbədə, nəqliyyat vasitələrinin, eyni zamanda, sərnişinlərin rahat və təhlükəsiz hərəkətinə mühüm töhfələr verir.

    Bunlarla yanaşı, belə layihələrin paytaxtımızın giriş qapısı sayılan Heydər Əliyev Beynəlxalq Hava Limanından şəhər istiqamətinə olan yolları əhatə etməsi Azərbaycana gələn qonaqlarda ölkəmizin ümumi sosial-iqtisadi inkişafı barədə xoş təəssürat yaradır.

    Bu gün ölkəmiz müasir yol qovşaqları, yeni yol-nəqliyyat infrastrukturu ilə nəinki regionun, ümumilikdə, dünyanın aparıcı ölkələri sırasındadır. Azərbaycanda icra olunan yol layihələri istər miqyası, istər əhəmiyyəti, istərsə də keyfiyyəti ilə seçilir. Bütün bu işlər bir daha sübut edir ki, ölkədə həyata keçirilən dövlət siyasətinin mərkəzində vətəndaşlarımızın maraqları və sosial vəziyyəti dayanır.

    * * * * *

    Azərbaycan Respublikasının prezidenti İlham Əliyev mayın 7-də Bakı Olimpiya Stadionundan Heydər Əliyev prospektinə keçid və müxtəlif səviyyəli yol qovşağının açılışında iştirak edib.

    Bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.















  • Perunun Azərbaycana yeni səfiri təyin edildi

    Peru hökuməti Mariya Kastanyon Seoanı Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri elan edib.

    Bununla bağlı müvafiq sənədi Peru prezidenti Martin Alberto Viskarra Kornexo və xarici işlər naziri Nestor Popolisio imzalayıb.

    Qeyd edək ki, Perunun Azərbaycandakı səfirliyi 2017-cu ilin iyunundan fəaliyyətə başlayıb.

    İki ölkə arasında diplomatik münasibətlər 1996-cı ildə qurulub.

  • Prezidentdən borclarla bağlı VACİB QƏRAR – Hökumətə 3 ay vaxt verdi

    Prezident İlham Əliyev “Azərbaycan Respublikasında ipoteka kreditləşməsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

    Dəyişikliklərə əsasən fərmanda 5-7-ci hissələr ləğv edilir. Həmin fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası” üzrə:

    – 1-ci hissədə “habelə” sözündən sonra “ipoteka kreditinin restrukturizasiyası və” sözləri əlavə edilir;
    – 3.1.4-cü yarımbənd aşağıdakı redaksiyada verilir:

    “3.1.4. kredit, üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına və ya qabaqcadan qeydiyyata alınmış yaşayış sahəsinin, o cümlədən Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barəsində təminat qeydi aparılmış tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində tərkib hissələrin bağlı olduğu payın alınmasına verilməlidir. Fondun İdarə Heyəti ipoteka kreditləri üzrə risklərin idarə edilməsi, ipoteka ilə yüklü edilən yaşayış sahələrinin likvidliyinin təmin olunması məqsədilə yaşayış sahəsinin ilkin və ya təkrar bazarda alınmasından asılı olaraq yaşayış sahəsinə dair (tikildiyi il, layihəsi, istismar vəziyyəti, yerləşmə yeri və s.) əlavə tələbləri və bu Qaydanın 3.1.6-cı və 3.1.7-ci yarımbəndləri nəzərə alınmaqla, kreditin məbləği və kredit üzrə illik faiz dərəcələrinə dair şərtləri müəyyən edir;”;

    – 3.1.7-ci yarımbənddə “faiz dərəcələri” sözləri “faiz dərəcələrinin yuxarı həddi” sözləri ilə əvəz edilir;

    – 3.1.10-cu yarımbəndin sonunda nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz edilir və həmin yarımbəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilir:

    “Bu tələb ipoteka kreditinin məbləğinin kreditin verildiyi tarixə ipoteka ilə yüklü edilən ilkin bazardakı yaşayış sahəsinin qiymətinin 60 faizindən az olduğu hallara şamil edilmir;”;

    4.8-ci bəndin ikinci cümləsi üçüncü cümlə hesab edilir və bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilir:

    “Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 may tarixli 29 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən ipoteka kreditləri üzrə təminat verilməsi Qaydası”na müvafiq olaraq ipoteka krediti almaq istəyən şəxs ipoteka krediti üzrə təminat alınması üçün müraciət etdikdə, kreditin verilməsinə dair qərar təminatla bağlı Fondun qərarının müvəkkil banka bildirilməsindən sonra qəbul edilir.”;

    Bundan başqa, fərmana aşağıdakı məzmunda 6-1-ci hissə əlavə edilir:

    “6-1. İpoteka kreditinin restrukturizasiyası

    6-1.1. İqtisadi və (və ya) hüquqi şəraitin dəyişməsi, habelə borcalanın maliyyə çətinliyinin yaranması səbəbindən borc öhdəliyinin icrasını təmin etmək məqsədilə yenidən maliyyələşdirilmiş ipoteka krediti üzrə borcalan kredit müqaviləsinin şərtlərinin dəyişdirilməsi (kreditin restrukturizasiyası) üçün müvəkkil banka elektron sistem vasitəsilə müraciət edə bilər.

    6-1.2. Müvəkkil bank 3 iş günü müddətində borcalanın ipoteka krediti üzrə öhdəliyinin restrukturizasiyası haqqında müraciətini elektron sistem vasitəsilə əldə olunan, elektron sistem vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda isə borcalanın təqdim etdiyi sənədlər əsasında yoxlayır və müraciətin bu Qaydanın 6-1-ci hissəsinə uyğun olduğunu müəyyənləşdirdikdə ipoteka kreditinin restrukturizasiya edilməsi barədə Fonda müraciət edir.

    6-1.3. Fond müraciət daxil olduğu tarixdən 10 iş günü müddətində borcalanın müraciəti ilə bağlı ipoteka kreditinin restrukturizasiyası barədə razılıq və ya əsaslandırılmış imtina haqqında qərar qəbul edir. Həmin qərar qəbul edildiyi gün, borcalana və müvəkkil banka bildirilməklə, elektron sistemdə yerləşdirilir.

    6-1.4. Fond tərəfindən ipoteka kreditinin restrukturizasiyasına razılıq barədə qərar elektron sistemdə yerləşdirildiyi tarixdən 5 iş günü müddətində kreditin restrukturizasiyasının rəsmiləşdirilməsi həyata keçirilir.

    6-1.5. İpoteka kreditinin restrukturizasiyası aşağıdakı formalarda həyata keçirilə bilər:

    6-1.5.1. kredit məbləğindən çox olmamaq şərtilə kredit üzrə hesablanmış faizlərin kapitallaşdırılaraq əsas borcun məbləğinə əlavə olunması;

    6-1.5.2. bu Qaydanın kreditin maksimum müddətinə dair tələbi nəzərə alınmaqla kreditin müddətinin uzadılması;

    6-1.5.3. müvəkkil bankın razılığı ilə kredit üzrə faiz dərəcəsinin bankın xidmət haqqısı hesabına azaldılması;

    6-1.5.4. ipoteka krediti üzrə ödənişlərə 1 ildən çox olmayan müddətə fasilə verilməsi.

    6-1.6. Restrukturizasiya formaları birlikdə və ya ayrılıqda tətbiq edilə bilər. Restrukturizasiya kreditin qüvvədə olduğu müddət ərzində ən çoxu 3 dəfə həyata keçirilə bilər və bu restrukturizasiyalar arasındakı dövr minimum 1 il olmalıdır.

    6-1.7. Aşağıdakı hallarda Fond tərəfindən ipoteka kreditinin restrukturizasiyasından imtina edilir:

    6-1.7.1. borcalanın maliyyə vəziyyətinin pisləşməsi və digər maliyyə çətinliyi yaradan hallarla üzləşməsini təsdiq edən sənədlər təqdim edilmədikdə və ya təqdim edilmiş sənədlərdə göstərilən məlumatlar öz təsdiqini tapmadıqda;

    6-1.7.2. restrukturizasiya üçün müraciət olunan kredit bu Qaydanın 6-1.8-ci yarımbəndinə əsasən Fond tərəfindən müəyyən olunan tələblərə cavab vermədikdə.

    6-1.8. İpoteka kreditinin restrukturizasiyasına dair sənədlərin siyahısı və digər tələblər Fondun İdarə Heyəti tərəfindən müəyyən olunur.”.

    Müəyyən edilir ki, barəsində təminat qeydi aparılmış tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində tərkib hissələrin bağlı olduğu payın alınmasına görə kreditin verilməsi 2018-ci il iyulun 1-dən tətbiq edilir.

    Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat vermək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat vermək tapşırılıb.

    Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verəcək.

    İpoteka və Kredit Zəmanət Fondu bu fərmandan irəli gələn məsələləri həll edəcək.

  • İlham Əliyevi görmək üçün ağlayan uşaq arzusuna çatdı – FOTO + VİDEO

    Ölkə başçısı İlham Əliyev onunla görüşmək istəyən uşağın arzusunu reallaşdırıb.

    Sosial şəbəkələrdə yayılan videosunda ən böyük arzusunun İlham Əliyevlə görüşmək olduğunu deyən azyaşlı prezidentlə görüşməyi bacarıb.

    Belə ki, onlar “Formula-1” yarışları zamanı bir araya gəliblər.

    İlham Əliyev uşaqla selfi çəkdirib. Onların fotosu sosial şəbəkədə ən çox paylaşılanlar sırasında yer alıb.





  • İlham Əliyev generalı sədr təyin etdi – SƏRƏNCAM

    Azərbaycan Prezidenti İlham Əliyev “İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının yaradılması haqqında” sərəncam imzalayıb.

    Komissiya Azərbaycanın informasiya təhlükəsizliyinə təhdidlərin qiymətləndirilməsini, o cümlədən belə təhdidlərin əsas mənbələri, istiqamətləri, formaları, vura biləcəyi zərər və təsirləri ilə bağlı mütəmadi təhlillərin aparılmasını və təkliflərin hazırlanmasını, mümkün təhdidlərin qarşısının alınması və qabaqlanması sahəsində müvafiq dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsini, birgə tədbirlərin planlaşdırılması və həyata keçirilməsini təmin edəcək.

    Bundan başqa, Komissiya ictimai əhəmiyyətli infrastruktur obyektlərinin informasiya sistemlərinə və ehtiyatlarına kiberhücumlar və fövqəladə kibertəhlükə hallarında əlaqələndirilmiş işin təşkili və birgə əks tədbirlərin həyata keçirilməsini, internet informasiya ehtiyatlarında Azərbaycan Respublikasının milli maraqları əleyhinə məqsədyönlü şəkildə yayılan saxta məlumatların mənbəyinin təxirə salınmadan müəyyən edilməsi və bu barədə müvafiq orqanların dərhal məlumatlandırılmasını, aidiyyəti dövlət orqanlarının kibertəhlükəsizliyin təmin edilməsi, o cümlədən kibercinayətlərlə mübarizə sahəsində kadr və texniki potensialının gücləndirilməsi məqsədilə təkliflərin hazırlanmasını və zəruri tədbirlərin görülməsini təşkil edəcək.

    Qurum dövlət qurumlarının istifadə etdiyi proqram təminatının (o cümlədən antivirus proqramlarının) təhlükəsizlik tələblərinə uyğunluğunu təhlil edəcək və müvafiq təkliflər hazırlayaraq mütəmadi olaraq Azərbaycan Prezidentinə təqdim edəcək.

    Komissiyanın sədri Azərbaycan Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin müavini – Xüsusi Rabitə və informasiya Təhlükəsizliyi Dövlət Agentliyinin rəisi general-leytenant Mürsəl Vəliyevdir.

    Komissiyanın üzvləri isə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini, daxili işlər nazirinin müavini, müdafiə nazirinin müavini, Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini, Xarici Kəşfiyyat Xidməti rəisinin müavini, Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavinidir.

    Qurumun cari fəaliyyətinin təşkili məqsədilə Komissiyanın Katibliyi yaradılıb və Katibliyin funksiyasının həyata keçirilməsi Azərbaycan Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinə həvalə edilib.

    Nazirlər Kabinetinə Azərbaycan Prezidentinin aktlarının bu sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim; Ədliyyə Nazirliyinə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu sərəncama uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb./report

  • Mehriban Əliyeva Fransa senatorunu qəbul edib – FOTO + YENİLƏNİB

    Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyeva aprelin 27-də Fransa Senatının Fransa-Qafqaz dostluq qrupunun sədri, senator Alen Uperlə görüşüb.

    Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva Alen Uperin Fransa Senatının Fransa-Qafqaz dostluq qrupunun sədri kimi ölkəmizə səfər etdiyini vurğulayaraq, ölkələrimiz arasında münasibətlərə toxunub, Azərbaycan-Fransa əlaqələrinin bütün sahələrdə çox uğurla inkişaf etdiyindən məmnunluğunu bildirib.

    Ölkələrimiz arasında həm siyasi, həm iqtisadi, həm də digər sahələrdə uğurlu əməkdaşlığın qurulduğunu bildirən Mehriban Əliyeva bu münasibətlərin möhkəmlənməsində Azərbaycan-Fransa parlamentlərarası əlaqələrinin mühüm rol oynadığını diqqət çatdırıb. Bildirib ki, son illər ərzində bu istiqamətdə bir çox tədbirlər keçirilib.

    Birinci vitse-prezident iqtisadi əlaqələrə toxunaraq enerji sektorunda mövcud olan çox uğurlu əməkdaşlığı qeyd edib, bununla yanaşı, nəqliyyat, kənd təsərrüfatı, ekologiya və digər sahələrdə qurulan əməkdaşlıqdan danışıb, Azərbaycanda bir çox Fransa şirkətlərinin uğurlu fəaliyyətini vurğulayıb.

    Humanitar əlaqələrin əhəmiyyətinə toxunan Mehriban Əliyeva bu sahədə uğurlu əməkdaşlığın formalaşdığını bildirib, humanitar əlaqələrin ölkələri, insanları bir araya gətirdiyini diqqətə çatdırıb.

    Birinci vitse-prezident Azərbaycan mədəniyyət günlərinin təkcə Fransanın paytaxtı Parisdə deyil, bu ölkənin digər şəhərlərində də uğurla keçirildiyini və böyük maraqla qarşılandığını xatırladaraq, eyni zamanda, Azərbaycanda da bu istiqamətdə görülən tədbirləri qeyd edib. Mehriban Əliyeva Azərbaycanda Fransız liseyinin, Azərbaycan-Fransız Universitetinin uğurla fəaliyyət göstərdiyini diqqətə çatdırıb.

    “Bu sahədə çox işlər görülüb, amma yenə də potensial var”, – deyən birinci vitse-prezident ölkələrimiz arasında əlaqələrin daha da inkişaf edəcəyinə əminliyini ifadə edib.

    Fransalı senator, Fransa-Qafqaz dostluq qrupunun sədri Alen Uper birinci vitse-prezident Mehriban Əliyeva ilə görüşdən şərəf hissi duyduğunu söyləyib. O, Fransa ilə Azərbaycan arasında mövcud olan münasibətlərin inkişafının məmnunluq doğurduğunu deyib.

    Qonaq Mehriban Əliyevanın ölkəmizin Fransada təbliği üçün gördüyü işləri yüksək qiymətləndirib, bu istiqamətdə tədbirlərin davam etdirilməsinin əhəmiyyətinə toxunub.

    Alen Uper son illər Azərbaycan ilə Fransa arasında mövcud əməkdaşlıqdan məmnunluğunu ifadə edərək, bu əlaqələrin münasibətlərin daha da inkişafına xidmət edəcəyini vurğulayıb. Senator Azərbaycanın dünya üçün vacib ölkə olduğunu bildirib.

    * * * * *

    Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyeva aprelin 27-də Fransa Senatının Fransa-Qafqaz dostluq qrupunun sədri, senator Alen Uperlə görüşüb.

    Median.Az-ın məlumatına görə, bu barədə AZƏRTAC xəbər yayıb.