Category: Siyasət

  • İlham Əliyev dəniz limanının açılışında – FOTO + YENİLƏNİB

    Mayın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev paytaxtın Qaradağ rayonunun Ələt qəsəbəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin açılışında iştirak edib.

    İqtisadiyyat naziri Şahin Mustafayev dövlətimizin başçısına burada görülən işlər barədə məlumat verib.

    Bildirilib ki, bu liman birinci kateqoriya limanlar üçün müəyyən edilmiş texniki tələblərə uyğun layihələndirilib və inşa olunub.

    Prezident İlham Əliyevin nəqliyyat infrastrukturunun müasir dünya standartlarına uyğunlaşdırılması, ölkəmizin tranzit potensialının daha da artırılması ilə bağlı həyata keçirdiyi dövlət siyasəti və qlobal miqyaslı təşəbbüsləri Azərbaycanın sosial-iqtisadi inkişafına mühüm töhfə verir. Son dövrlərdə iqtisadiyyatın, xüsusilə qeyri-neft sektorunun inkişafında mühüm rolu olan nəqliyyat infrastrukturunun inkişafı, tranzit imkanlarının genişləndirilməsi üçün önəmli işlər görülür, müasir nəqliyyat infrastrukturu yaradılır, tranzit potensialı artırılır.

    Bütün bunlar Azərbaycana böyük siyasi və iqtisadi dividendlər gətirir, ölkəmizin dünyada və regionda mövqeyini daha da möhkəmləndirir, dövlətimizin siyasi və strateji əhəmiyyətini artırır. Bu baxımdan, dövlətimizin başçısının Azərbaycanın regionun mühüm nəqliyyat və logistika mərkəzinə çevrilməsi strategiyasının tərkib hissəsi olan, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin qovşağında yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi ölkənin tranzit imkanlarının genişləndirilməsində həlledici rola malikdir.

    Bu limanın inşası üçün ərazi təsadüfi olaraq seçilməyib. Belə ki, Ələt qəsəbəsi respublikanın ərazisindən keçən avtomobil və dəmir yollarının kəsişməsində yerləşir və buraya su yollarının da əlavə olunmasından sonra həmin ərazinin geniş potensial ixrac imkanlarına malik beynəlxalq nəqliyyat qovşağına çevrilməsi üçün zəmin yaranır. Beləliklə, Avrasiya məkanında önəmli geostrateji mövqeyə, çoxşaxəli iqtisadi və ticarət əlaqələrinə malik Azərbaycan bu gün dəniz nəqliyyatının inkişafının yeni, müasir inkişaf mərhələsinə qədəm qoyur.

    Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin tikintisinə Prezident İlham Əliyevin 2007-ci ildə imzaladığı Sərəncamın icrası olaraq başlanılıb. 2010-cu ilin noyabrında dövlətimizin başçısının iştirakı ilə yeni liman kompleksinin təməli qoyulub. 2014-cü ilin sentyabrında liman qurğularından biri – iki körpüdən ibarət bərə terminalı, bu ilin yanvarında isə iki körpüdən ibarət olan Ro-Ro terminalı istifadəyə verilib. Liman 117 hektar ərazini əhatə edir və 12 yanalma körpüsünə malikdir. Limanın yükaşırma imkanı illik 15 milyon ton yük, o cümlədən 100 min konteyner təşkil edir.

    Körpülərin ümumi uzunluğu 2100 metrə yaxındır. Müasir dövrün ən son mühəndislik yeniliklərindən olan dəmir-beton konstruksiyalı istinad divarının uzunluğu isə 1777 metr təşkil edir. Limanda Ro-Ro tipli gəmilər üçün iki körpü, yeddi körpüdən ibarət universal quru yük və konteyner terminalı, iki bərə körpüsü, həmçinin xidməti donanma gəmiləri üçün bir körpü inşa edilib. İkinci Ro-Ro körpüsü və bərə körpüləri hidravlik sistemli asqılı pandusla təchiz edilib ki, bu da suyun səviyyəsinin müəyyən hədlərdə enib-qalxmasından asılı olmayaraq gəmilərin körpüyə təhlükəsiz yan almasını təmin edir.

    Limanda xidməti donanma gəmiləri üçün körpünün uzunluğu 155 metr təşkil edir və bura eyni zamanda 11 gəmi yan ala bilər. Burada ümumi sayı 2502 olmaqla, uzunluğu 45 kilometr, orta dərinliyi 26 metr təşkil edən müxtəlif diametrli svay işləri aparılıb. Limanın yerüstü infrastrukturu bu svaylar üzərində qurulub. Kompleksin qərb istiqamətində olan sahil xəttinin yuyulmasının qarşısının alınması məqsədilə 1077 metr uzunluğunda xüsusi struktura malik müdafiə divarı inşa edilib.

    Liman akvatoriyasında dibdərinləşdirmə işləri aparılıb, uzunluğu 7,5 kilometr, dönmə dairəsinin diametri 450 metr olan giriş kanalı inşa olunub. Bu kanal və dönmə akvatoriyası Xəzər dənizində üzən bütün növ gəmilərin limana təhlükəsiz və sərbəst yanalmasını təmin etmək imkanı verir. Hazırda limana çəkisi 7000-8000 tona qədər olan gəmilər daxil olur ki, mövcud dərinlik bunun üçün kifayət edir. Layihələndirmə zamanı liman akvatoriyasında dərinliyin artırılma imkanı da nəzərə alınıb ki, bu da gələcəkdə daha böyük gəmilərin də sərbəst yanalmasını təmin edəcək.

    Kompleksdə yükləmə-boşaltma əməliyyatlarının səmərəliliyinin yüksəldilməsi məqsədilə Almaniya istehsalı olan 80, 40 və 32 tonluq 6 yeni portal kran quraşdırılıb, 2 mövcud portal kranın isə modernləşdirilərək quraşdırılması işləri davam edir.

    Layihə çərçivəsində limanın əməliyyat binası, yük sahələri və anbarlar, sərhəd və gömrük xidməti məntəqələri, bütövlükdə 72 müxtəlif təyinatlı bina və qurğular inşa olunub, sərnişinlər üçün beynəlxalq terminalın layihələndirilməsi davam etdirilir. Burada qapalı və açıq anbarlar yaradılıb. Konteyner meydançasında eyni zamanda 1040 konteynerin yerləşdirilməsi, 64 soyuduculu konteynerə xidmət göstərilməsi üçün xüsusi infrastruktur yaradılıb.

    Dövlətimizin başçısı Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin açılışını bildirən düyməni basdı.

    Prezident İlham Əliyevin “Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin tikintisinin sürətləndirilməsi sahəsində əlavə tədbirlər barədə” 2017-ci il 13 aprel tarixli Sərəncamına əsasən bu kompleksin tikintisi üzrə layihənin davam etdirilməsi və yekunlaşdırılması üçün görüləcək işlərin sifarişçisi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi təyin edilib. Bu istiqamətdə dövlətimizin başçısının qarşıya qoyduğu vəzifələrin vaxtında və keyfiyyətli icrası üçün işlərin başlanma və tamamlama tarixləri göstərilməklə Tədbirlər Planı hazırlanıb.

    Bu planla müəyyən edilən hədəflərə nail olmaq üçün seqmentlər üzrə inşaat işlərində ikinövbəli iş rejimi tətbiq olunub. Atılan addımların nəticəsində işlərin dinamikasının əvvəlki dövrlərlə müqayisədə 5 dəfə artırılmasına nail olunub. Tikinti prosesinə 1500-ə yaxın işçi qüvvəsi və 300-dək müxtəlif təyinatlı texnika cəlb edilib.

    Yeni liman kompleksinin Baş Planı və ümumi layihəsi beynəlxalq açıq tenderin qalibi, Niderlandın “Royal Haskoning” şirkəti tərəfindən hazırlanıb. İnşaat işləri liman ərazisinin iki hissəsində – quru və dəniz seqmentlərində aparılıb. Kompleksin ərazisində tikinti işləri yerli şirkət olan “Evrascon” ASC tərəfindən yerinə yetirilib.

    Burada əməliyyatların səmərəli idarə olunmasını təmin edəcək Liman İdarəetmə və İnformasiya Sistemi və digər İT komponentləri tətbiq olunub, eləcə də Gəmilərin və Liman Vasitələrinin Mühafizəsi üzrə Beynəlxalq Kodeksin tələblərinə uyğun mühafizə sistemi qurulub, müasir kameralar quraşdırılıb, sərhəd və gömrük nəzarəti zonalarının ayrılması məqsədilə 1 idxal və 2 ixrac sahəsindən ibarət zonalar yaradılıb.

    Yüklərin sürətli və səmərəli yüklənib-boşaldılması üçün Liman Əməliyyat İnformasiya Sistemi vasitəsilə əraziyə daxil olan bütün yüklərin – konteyner, TIR vasitəsilə gətirilən quru yüklərin gəmilərə yüklənmə və boşalma vaxtı müəyyən edilir və proseslər həmin qrafikə uyğun həyata keçirilir. İnternet üzərindən işləyən bu əməliyyat sistemi yük sahibinə yükün Bakı limanına daxil olması və limandan çıxması barədə dərhal məlumat verir. Tətbiq edilən ən son müasir texnoloji və mühəndis həlləri kompleksi regionda beynəlxalq tələblərə cavab verən ən müasir və rahat yükaşırma mərkəzinə çevirir, mühüm nəqliyyat qovşağı kimi onun tranzit və daşıma imkanlarını artırır.

    “Yaşıl liman” konsepsiyasının tələblərinə uyğun olaraq kompleksin inşası zamanı ən yüksək ekoloji tələblər nəzərə alınıb, çirkab suların təmizlənməsi üçün 3 müxtəlif qurğu inşa edilib. Limanın elektrik enerjisi ilə təminatı Ələt elektrik yarımstansiyası və Səngəçal modul elektrik stansiyasından olmaqla iki mənbədən yerinə yetirilir. Layihənin ümumi elektrik gücü 18 meqavat təşkil edir. Bununla yanaşı, limanın fasiləsiz elektrik enerjisi ilə təminatı üçün iki generatordan ibarət dizel generator stansiyası qurulub. İçməli su təchizatının təmin edilməsi məqsədilə ərazidə su rezervuarı inşa edilib.

    Dövlətimizin başçısına ölkəyə daxil olan yük axınlarının həcminin artım dinamikasına uyğun olaraq, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının genişləndirilmə potensialı, bu çərçivədə daxil olan yük axınlarının çeşidlərinə və intensivliyinə uyğun olaraq, Limanının genişləndirilmə seqmentində görülməsi nəzərdə tutulan tədbirlər, yükaşırma həcmlərinin artacağı təqdirdə yaranacaq əlavə imkanlar barədə məlumat verildi.

    Ölkəmizin Şimal-Cənub və Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizləri üzərində yerləşməsi yeni liman üçün zəngin tranzit potensialı yaratmaqla, ölkəyə daxil olan, ölkədən çıxan və tranzit yüklərin aşırılmasında strateji nəqliyyat qovşağı funksiyalarını yerinə yetirməyə imkan verərək, Xəzər dənizindən səmərəli, sürətli və təhlükəsiz bərə keçidini təmin edəcək. Bu kompleks Bakı-Tbilisi-Qars dəmir yolu xətti üçün birbaşa yükcəmləyici məntəqə funksiyasını yerinə yetirəcək.

    Beləliklə, Şimal, Cənub, Şərq və Qərb istiqamətlərindən dəhlizlər üzrə ölkəyə daxil olan yük axınlarının yeni liman kompleksində cəmlənərək, buradan Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə Avropa istiqamətində və ya gəmilər vasitəsilə şərq istiqamətində nəql edilməsini təmin edən səmərəli və dayanıqlı logistik zəncirin formalaşdırılması üçün zəmin yaranacaq. Yeni limanın ərazisi də daxil olmaqla ətraf ərazilərdə azad iqtisadi zonanın yaradılması nəzərdə tutulur ki, bu da mühüm nəqliyyat qovşağı kimi limanı daha geniş tranzit və daşıma imkanları ilə təmin edəcək.

    Komplekslə tanışlıqdan sonra dövlətimizin başçısı limanın əməkdaşları və inşaat şirkətlərinin nümayəndələri ilə görüşüb.

    Sonda xatirə şəkli çəkdirib.

    Son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin tranzit potensialının artırılması, beynəlxalq daşımaları təmin edən müasir infrastrukturun yaradılması və nəqliyyat parkının yeniləşdirilməsi üzrə işlər daha intensiv xarakter alıb. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının inşası kimi mühüm əhəmiyyət kəsb edən layihələrin icrası Azərbaycanın iqtisadi qüdrətini artırmaqla yanaşı, beynəlxalq mövqelərini də möhkəmləndirir.

    10:26

    Mayın 14-də Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin açılış mərasimi olub.

    Oxu.Az xəbər verir ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

    İqtisadiyyat naziri Şahin Mustafayev dövlətimizin başçısına kompleks barədə məlumat verib.

    Prezident İlham Əliyev kompleksi işə salıb və limanın ərazisini gəzib.

    Dövlətimizin başçısı kollektivin üzvləri və inşaatçılarla görüşüb.

    Sonda xatirə şəkli çəkdirilib.















  • Əli Əhmədovdan Paşinyana cavab: “Belə davam etsə…”

    Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov Ermənistanın yeni baş naziri Nikol Paşinyanın fikirlərinə münasibət bildirib.

    APA-nın məlumatına görə, Ə. Əhmədov deyib ki, N. Paşinyanın Azərbaycanla bağlı dedikləri nəinki rəsmi Bakı, dünya birliyi tərəfindən də pislənəcək.

    Ə. Əhmədov bildirib ki, onsuz da Dağlıq Qarabağ münaqişəsinin mövcud olması Cənubi Qafqazda sülh və sabitliyə ciddi maneədir: “Paşinyanın reallığa uyğun olmayan, gərginliyin artmasına səbəb olacaq bəyanatlar verməsi Ermənistanın özünə ziyan vuracaq. Siz görürsünüz, həm Ermənistanda, həm də Azərbaycanda prezident seçkiləri oldu. Azərbaycanda seçkilərdən sonrakı ab-hava ondan ibarətdir ki, insanlar işləyir, fəallıq göstərir, istirahət günündə ağac əkir, iqtidarla birlik və seçkilərin nəticələrinə inam nümayiş etdirirlər. Bu, Azərbaycanın reallığıdır. Bir də var Ermənistan reallığı – narazılıq, nigarançılıq, qarşıdurmalar və sair. Nə qədər ki Ermənistan Azərbacanın işğal altındakı torpaqlarını azad etmək fikrindən uzaq olacaq, sərsəm bəyanatlar səsləndirəcək, bir o qədər də Ermənistanda vəziyyət gərgin olaraq qalacaq. Ermənistan dalana dirənmiş bir vəziyyətdədir, iqtisadi cəhətdən inkişaf etmək potensialı yoxdur. Münaqişənin nizama salınması daha çox Ermənistanın mənafeyinə uyğun gələrdi, onların vəziyyətinin düzəlməsinə səbəb ola bilərdi. Əgər bu gərginlikdən sonra hakimiyyətə gəlmiş qüvvə gərginliyin əsas səbəbi olan münaqişənin ədalətli şəkildə nizamlanmasının zəruriliyini dərk edə bilmirsə, hesab edirəm ki, bu, onun faciəsinin başlanğıcıdır. Əgər belə davam etsə, güman edirəm ki, çox yaxın zamanlarda xalq yenidən küçələrə axışıb hakimiyyətin dəyişdirilməsini tələb edəcək”.

    Qeyd edək ki, N. Paşinyan baş nazir seçildikdən sonra işğal olunmuş Azərbaycan ərazilərinə səfər edib. O, Dağlıq Qarabağ separatçılarının danışıqlarda tərəf kimi iştirakının zəruriliyini vurğulayıb. N. Paşinyan Dağlıq Qarabağın beynəlxalq aləm tərəfindən müstəqil dövlət kimi tanınması üçün səy göstərəcəyini də vurğulayıb.

  • Məhkəmə hakimlərinin maaşları artırıldı

    Azərbaycan prezidenti İlham Əliyev “Konstitusiya Məhkəməsi haqqında” və “Məhkəmələr və hakimlər haqqında” qanunlara dəyişikliyi təsdiqləyib.

    “Konstitusiya Məhkəməsi haqqında” qanunun 71-ci (Konstitusiya Məhkəməsi hakiminin əmək haqqı) maddəsinin 1-ci bəndində edilən dəyişikliyə əsasən, Konstitusiya Məhkəməsi sədrinin aylıq vəzifə maaşı 2 335 manat olacaq. Hazırda bu rəqəm 2 120 manatdır.

    Konstitusiya Məhkəməsi sədrinin müavininin aylıq vəzifə maaşı sədrin aylıq vəzifə maaşının 90 faizinə bərabərdir, yəni 2 101 manata qaldırılacaq.

    Konstitusiya Məhkəməsi hakiminin aylıq vəzifə maaşı sədrin aylıq vəzifə maaşının 85 faizinə bərabərdir, yəni 1 985 manat olacaq.

    “Məhkəmələr və hakimlər haqqında” qanunun 106-cı (Hakimlərin maddi təminatı) maddəsinə edilən dəyişikliyə əsasən isə, Ali Məhkəmənin sədrinə 2280 manat həcmində maaş veriləcək. İndiyədək bu rəqəm 2070 olub.

    Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin və apellyasiya məhkəmələrinin sədrlərinə ali məhkəmə sədrinin vəzifə maaşının 90 faizi həcmində, yəni 2052 manat maaş veriləcək.

    Ağır cinayətlər məhkəmələrinin, Naxçıvan Muxtar Respublikası ağır cinayətlər məhkəməsinin, hərbi məhkəmələrin və inzibati-iqtisadi məhkəmələrin sədrlərinə Ali Məhkəmə sədrinin vəzifə maaşının 80 faizi həcmində, 1 824 manat əmək haqqı veriləcək.

    Digər məhkəmələrin sədrlərinə Ali Məhkəmə sədrinin vəzifə maaşının 70 faizi həcmində, yəni 1 596 manat maaş nəzərdə tutulur.

    Bütün məhkəmələrin sədr müavinləri müvafiq məhkəmə sədrinin vəzifə maaşlarının 90 faizi həcmində, yəni 1436 manat maaş alacaq.

    Ali Məhkəmənin, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin və apellyasiya məhkəmələrinin kollegiya sədrlərinə müvafiq məhkəmə sədrinin vəzifə maaşının 85 faizi həcmində, bütün məhkəmələrin hakimlərinə müvafiq məhkəmə sədrinin vəzifə maaşlarının 80 faizi həcmində müəyyən edilib.

    Dəyişiklik 2018-ci il mayın 1-dən tətbiq edilir..

  • İlham Əliyev Bakıda hotel açılışında – YENİLƏNİB

    Mayın 11-də Bakının Səbail rayonunda “Dinamo” hotelinin açılış mərasimi keçirilib.

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

    Hotelin baş meneceri Alberto Matos və dizayneri Lindo Pinto burada aparılan əsaslı təmir-yenidənqurma işləri barədə Prezident İlham Əliyevə məlumat veriblər.

    Dövlətimizin başçısı və xanımı hotelin rəmzi açılışını bildirən lenti kəsiblər.

    Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva hoteldə yaradılan şəraitlə tanış olublar.

    Nəfis tərtibatla qurulan hotelin interyeri müasirliyi ilə diqqəti cəlb edir. Burada aparılan yenidənqurma işləri nəticəsində qonaqların qalması, yüksək səviyyədə istirahət etməsi, vaxtlarını səmərəli keçirməsi üçün maksimum imkanlar yaradılıb. İdmançıların və atletlərin arenası olan bu məkan öz yeni konsepti ilə dinamik və müasir həyat tərzi axtaranlar üçün ideal bir məkandır. Hotelin restoranlarının nadir bədii konsepti də diqqət çəkir. Restoranlarda hotelin qonaqlarının və müştərilərin zövqünə uyğun xidmət göstərmək üçün hərtərəfli şərait var. Burada qonaqlara milli və dünya mətbəxinin nəfis təamları təqdim ediləcək.

    Mehmanxananın idman zalında müasir qurğular quraşdırılıb, qonaqların və atletlərin idmanla məşğul olmaları üçün geniş imkanlar yaradılıb. Bundan başqa, hoteldə üzgüçülük hovuzu, SPA da qonaqların ixtiyarına veriləcək.

    Ümumi sahəsi 7500 kvadratmetrə yaxın olan hotelin paytaxtın əsas işgüzar və mədəni mərkəzlərinə yaxın olması qonaqlara vaxtlarını daha səmərəli keçirmək üçün hərtərəfli imkanlar yaradır.

    Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində bütün sahələrdə olduğu kimi turizm sektorunun əsas xidmət istiqamətlərindən olan müasir hotel sisteminin yaradılması baxımından son illərdə çox mühüm işlər görülüb. “Dinamo” hotelində müxtəlif kateqoriyalara uyğun 28 otaq var. Otaqların interyeri tərtib edilərkən qonaqların zövqünün oxşaması və rahatlıq əsas meyar kimi seçilib.

    Hotellə tanışlıqdan sonra Azərbaycan Prezidenti kollektivilə görüşüb.

    * * * * *

    Bakıda “Dinamo” hotelinin açılış mərasimi keçirilib.

    Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

    Dövlət başçısı və xanımı hotelin rəmzi açılışını bildirən lenti kəsiblər.

    Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva hoteldə yaradılan şəraitlə tanış olublar.

    Sonra Azərbaycan prezidenti hotelin kollektivi ilə görüşüb.

    Sonda xatirə şəkli çəkdirilib.

  • İlham Əliyev ağacəkmə kampaniyasında iştirak edib

    Mayın 10-da Azərbaycan Respublikasının prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Qala-Türkan yolunun ətrafında salınan yaşıllıq sahəsində ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunmuş ağacəkmə kampaniyasında iştirak ediblər.

    Median.Az xəbər verir ki, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev salınan yaşıllıqlar barədə dövlətimizin başçısına məlumat verib.

    Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri ərazidə ağac əkiblər.

    Dövlətimizin başçısı və birinci xanım ağacəkmə kampaniyasının iştirakçıları ilə xatirə şəkilləri çəkdiriblər.

  • Prezident Heydər Əliyevin məzarını ziyarət edib

    Mayın 10-u müasir müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu və ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü günüdür.

    Xalqımızın xilaskar oğlunun doğum günündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, ailə üzvləri, Ulu Öndərin doğmaları və yaxınları Ümummilli Liderin məzarını ziyarət etmək üçün Fəxri xiyabana gəliblər.

    Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarı önünə əklil qoyub, Ulu Öndərin xatirəsini ehtiramla anıb.

    Azərbaycan Respublikasının dövlət himni səslənib.

    Sonra dövlətimizin başçısı və ailə üzvləri Ulu Öndərin ömür-gün yoldaşı, oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın, görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarlarını ziyarət edərək üzərinə gül dəstələri qoyublar.

    Ümummilli lider Heydər Əliyevin məzarının ziyarət edilməsi mərasimində Baş nazir Novruz Məmmədov, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, nazirlər, komitə və şirkət rəhbərləri, Milli Məclisin deputatları iştirak ediblər.

  • Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümüdür

    Bu gün Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 95 yaşı qeyd olunur. Bu tarixlə bağlı ölkənin bütün bölgələrində və dünyanın bir çox ölkəsində tədbirlər keçirilir.

    Heydər Əlirza oğlu Əliyev 10 may 1923-cü ildə Naxçıvan şəhərində anadan olub.

    O, Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra 1939-41-ci illərdə Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil alıb.

    1941-ci ildən Naxçıvan Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan Xalq Komissarları Sovetində şöbə müdiri işləyib. Heydər Əliyev 1944-cü ilin mayında dövlət təhlükəsizliyi orqanlarına işə göndərilib, Leninqradda xüsusi ali təhsil alıb, general rütbəsinədək yüksəlib. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib. 1964-cü ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini təyin olunub, 1967-ci ildə isə sədri təyin olunub.

    1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi, Mərkəzi Komitənin büro üzvü seçilib. H.Əliyev 1976-cı ilin martında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosu üzvlüyünə namizəd, 1982-ci ilin noyabrında isə Siyasi Büro üzvü seçilib, eyni zamanda SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edilib.

    O, SSRİ Ali Sovetinin (8, 9 və 10-cu çağırışlar) deputatı, 9-cu çağırış SSRİ Ali Soveti İttifaq Sovetinin sədr müavini, Azərbaycan SSR Ali Sovetinin (7, 8, 9 və 10-cu çağırış) deputatı və respublika Ali Soveti Rəyasət Heyətinin üzvü olub, “Lenin” ordeni (4 dəfə), “Qırmızı Ulduz” ordeni və çoxlu medallarla təltif edilib, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adına (1979, 1983) layiq görülüb.

    H.Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi yanlış siyasətə etiraz olaraq tutduğu vəzifələrdən istefa verib və müxalif mövqe tutub.

    O, 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı silah işlədilməsini kəskin pisləyib.

    H.Əliyev Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı mərkəzin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib. 1990-cı ilin iyulunda Azərbaycana qayıdan H.Əliyev Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib.

    1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilib. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublika Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Sovetinin sədr müavini olub.

    Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilib, iyunun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan prezidenti seçilib.

    H.Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yaranıb, müstəqil dövlət quruculuğu prosesi başlanıb, 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin qarşısı alınıb, ölkədə ictimai-siyasi sabitlik bərqərar edilib.

    Dövlətin xarici siyasəti, eləcə də dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri milli maraqlara və uzaqgörən siyasi perspektivlərə əsaslanan xətlə inkişaf etməyə başlayıb. 1994-cü ilin mayında o, cəbhədə atəşkəs elan edilməsinə nail olub.

    1994-cü ilin sentyabrında Bakıda “Əsrin müqaviləsi” adını almış neft müqaviləsi imzalanıb, Azərbaycan neftinin dünya bazarlarına nəqli sahəsində uğurlu addımlar atılıb, Bakı-Supsa boru kəməri tikilib istifadəyə verilib.

    Heydər Əliyevin iradəsi sayəsində Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri haqqında müqavilə imzalanıb, onun həyata keçirilməsinə başlanılıb. Heydər Əliyevin təşəbbüsü ilə Böyük İpək Yolunun bərpasında – ümumdünya kommunikasiya proqramının həyata keçirilməsində Azərbaycan aparıcı rol oynayıb.

    Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanı əhatə edən GUAM birliyinin yaranmasında və beləliklə, böyük bir coğrafi məkanda region qüvvələrinin birləşməsində də H.Əliyevin önəmli xidməti olub. O, demokratik, hüquqi dövlət quruculuğu yönümündə ardıcıl siyasət yeridərək, ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaradıb.

    1995-ci ilin noyabrında referendum yolu ilə Azərbaycanın Konstitusiyası qəbul edilib, 1995-ci və 2000-ci illərdə çoxpartiyalılıq əsasında parlament seçkiləri keçirilib, Konstitusiya Məhkəməsi fəaliyyətə başlayıb, Azərbaycanda ölüm cəzası, mətbuat üzərində senzura ləğv olunub.

    1995-ci ilin mayında əfvetmə institutu bərpa edilib, 1995-2002-ci illərdə əfv fərmanlarına və amnistiya aktlarına əsasən minlərlə məhbus müxtəlif cəzalardan tam və ya qismən azad edilib, Azərbaycan 1996-cı ilin iyunundan Avropa Şurasında “xüsusi qonaq” statusu alıb, 2001-ci il yanvarın 25-də isə qurumun tamhüquqlu üzvü olub.

    H.Əliyev 1998-ci il oktyabrın 11-də yenidən Azərbaycan prezidenti seçilib. 2001-ci ildə Azərbaycanda latın əlifbasına keçilməsi, dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi, Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsdiq edilməsi haqqında fərmanlar imzalayıb.

    H.Əliyev 2003-cü il dekabrın 12-də vəfat edib.

  • Azərbaycan prezidenti incəsənət xadimlərini təltif edib – SİYAHI

    Azərbaycan prezidenti İlham Əliyev incəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında sərəncam imzalayıb.

    Səhnə fəaliyyəti ilə bağlı aşağıdakı aparıcı incəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatları verilib:

    Abbasova-Budaqova Afaq Nurəhməd qızı

    Abdullayev Kazım Ənvər oğlu

    Abdullayeva Xurşid Lütfəli qızı

    Abdurahmanov Yusif Fikrət oğlu

    Adıgözəlov Yalçın Vasif oğlu

    Ağasoy Həsən Vəliqulu oğlu

    Ağaverdiyeva Məsməxanım Aslan qızı

    Allahverdiyeva Naibə Siyavuş qızı

    Aslanova Elmira Ramazanovna

    Atakişiyeva Mətanət Ağazahir qızı

    Babayev İlqar Hüseyn oğlu

    Babayeva İnarə Əhməd qızı

    Bağırov Viktor Cəmiloviç

    Baliyeva Natalya Qennadiyevna

    Bayramov Təyyar Allahverdi oğlu

    Bulax Svetlana Mixaylovna

    Cahangirov Əlif Çingiz oğlu

    Cəbrayılov Elşən Şahin oğlu

    Cəfərov Mircavad Mirqəfər oğlu

    Cəfərov Novruz Adil oğlu

    Cəfərov Samir Qədir oğlu

    Dünyamalıyev Rəhman Musa oğlu

    Eldarova Nəsibə Novruz qızı

    Eyyubov Musa Eyyub oğlu

    Əfəndiyeva-Xəlilova İlahə Əhsan qızı

    Əhmədli Bəhruz Vaqif oğlu

    Əhmədov Çingiz Əli Əşrəf oğlu

    Əhmədov Elnur Oruc oğlu

    Əhmədov İlkin Qənbər oğlu

    Ələkbərzadə Mehriban Zaur qızı

    Əliyev Əyyub Pənah oğlu

    Əliyev Fərid Fərhad oğlu

    Əliyev Novruz Yaqub oğlu

    Əliyev Rahib Seyidağa oğlu

    Əliyev Sərvər Bəhlul oğlu

    Əliyev Vahid Əsgər oğlu

    Əliyev Vaqif Səfər oğlu

    Əliyev Yusif Məmiş oğlu

    Əliyeva Böyükxanım Həsənbala qızı

    Əliyeva Dilarə Asif qızı

    Əliyeva Gülüstan Həsən qızı

    Əlizadə Əkbər Müzəffər oğlu

    Əmirov Cəmil Fikrət oğlu

    Əsədova Məleykə Əlifağa qızı

    Əsədova Səbinə Çingizovna

    Əsədullayev Toğrul Mirnazim oğlu

    Əsgərov Əli Rəhim oğlu

    Əzizov Əzizağa Ağayar oğlu

    Fətəliyev Zakir Məhərrəm oğlu

    Göyçayev Teymur Ənvər oğlu

    Gözəlova İradə Vaqif qızı

    Hacıyev Əli Əli Yusif oğlu

    Hacıyev İlqar Xəlil oğlu

    Hacıyeva Fidan Hacıağa qızı

    Hacıyeva Sevil İnşalla qızı

    Heybətov Anar Mithət oğlu

    Heydərova Çinarə Yaşar qızı

    Həmidov Əjdər Qüdrət oğlu

    Həsənquliyev Kazım Feyruz oğlu

    Həşimov Elçin Ləzgi oğlu

    Həşimova Növrəstə Xanəli qızı

    Həşimzadə Xanlar Allahverdi oğlu

    Hüseynli Anar Vaqif oğlu

    Hüseynov Füzuli İsmət oğlu

    Hüseynov Şövqi Ərəstun oğlu

    Hüseynova Kamilla Fikrət qızı

    Hüseynova Kəmalə Müzəffər qızı

    Hüseynova Laləzar Ramil qızı

    Xanızadə Bəxtiyar Oqtay oğlu

    Xəlilzadə Rüfət Eldar oğlu

    İbayev Səbuhi Tahir oğlu

    İbrahimov Fuad Natiq oğlu

    İbrahimova Nigar Rəfael qızı

    İbrahimova Şəhla İbrahim qızı

    İmanova Gülbacı Əliəkbər qızı

    İmanova Simarə Cəmaləddin qızı

    İslamzadə Akif Qədir oğlu

    İsmayılov Qurban İbrahim oğlu

    İsmayılov Rauf Fəxrəddin oğlu

    Kazımov Nicat Mirəziz oğlu

    Kərimov Fəxrəddin Nuri oğlu

    Kərimov Loğman Seyfulla oğlu

    Kərimova Elmira Nəsir qızı

    Kərimova Qərinə Rəhim qızı

    Kərimova Nərgiz Faiq qızı

    Qasımov Yusif Əli oğlu

    Qasımova Fərqanə Alim qızı

    Qəmbərov Salman Hüseyn oğlu

    Quliyev Elxan Əlibala oğlu

    Quliyev Əyyub Ramiz oğlu

    Quliyev Hafiz Məhərrəm oğlu

    Quliyev Qabil Əzizulla oğlu

    Quliyeva Aynurə Arif qızı

    Quliyeva Səidə Əbülfəz qızı

    Quliyeva Şəlalə Şahvələd qızı

    Qurbanov Oruc İzzət oğlu

    Qurbanova Gülzar Qurban qızı

    Qurbanova Pərvanə Yaqub qızı

    Lobaçov Yuri Nikolayeviç

    Məhərrəmov Firudin Əliməmməd oğlu

    Məmmədəliyev Vamiq Məmmədəli oğlu

    Məmmədxan Ucal İsa oğlu

    Məmmədov Sabir Novruz oğlu

    Məmmədov Sirus Arif oğlu

    Məmmədova Fəridə Kamal qızı

    Məsimov Qurban Abdulla oğlu

    Məstanov Vaqif Teyyuboviç

    Miltıx Aleksey Leonidoviç

    Mirişli Nazim Ramiz oğlu

    Mirqasımova Ayan Oqtay qızı

    Mirzəhəsənov Hüseyn-Səfa Qvaməddin oğlu

    Mirzəyev Gülağası Ağahüseyn oğlu

    Mirzəyev Rafiq İsmayıl oğlu

    Musayeva Səmayə Məmməd qızı

    Musayeva Şükufə İmran qızı

    Mustafayev Arzu Əhməd oğlu

    Mustafayeva Laləzar Bəşir qızı

    Mütəllimova Firəngiz Bəhər qızı

    Nərimanova Zemfira Əli qızı

    Nəzərov İlham İslam oğlu

    Novruzov Əfsər Dilavər oğlu

    Novruzova Nübar Qulu qızı

    Növrəsli Şahin Növrəs oğlu

    Nurzadə Əli Qayıb oğlu

    Orucova Nahidə Mülük qızı

    Osmanov Bəhram Məcid oğlu

    Osmanov Fuad Tacəddin oğlu

    Paşazadə Sahib Ağaverdi oğlu

    Piriyev İvtixar Fəhrat oğlu

    Poladov Əkrəm Nicat oğlu

    Rəhimov Vaqif Çərkəz oğlu

    Rəhmanov Rəhman Tofiq oğlu

    Rüstəmov Elşən Mərdan oğlu

    Rzayev-Sarabski İsfar Aydın oğlu

    Sabayev Andrey Yuryeviç

    Salahov Əbülfət Yusif oğlu

    Salmanov Nicat Fərhad oğlu

    Seyidov İxtiyar Mircəfər oğlu

    Seyidov Uran Seyidmusa oğlu

    Səlimli Mirbala Seyidəsgər oğlu

    Səmədov Şükür Hacıbala oğlu

    Spitsina Yelena Eduardovna

    Şarovskaya Natalya Yuryevna

    Şərifov Munis Məhəmməd İsmayıl oğlu

    Şirinov Aslan Adil oğlu

    Tağızadə İrana Tofiq qızı

    Yaqubov Şıxı Miriş oğlu

    Yaqubova Ella İsmayıl qızı

    Zeynalov Azər Zeynalabdin oğlu

    Zülfüqarov Cahangir Oqtay oğlu.

  • Prezident Qələbə günü ilə bağlı mərasimdə iştirak edib

    İkinci Dünya Müharibəsində faşizm üzərində Qələbənin 73-cü ildönümü münasibətilə mayın 9-da Bakıda təntənəli mərasim keçirilib.

    Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

    Müharibə veteranları ilə görüşən prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva onları Qələbə günü münasibətilə təbrik ediblər.

    Prezident, Ali Baş Komandan İlham Əliyev iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun abidəsi önünə əklil qoyub.

    Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Ali Baş Komandanın qarşısından keçib.

    Azərbaycan prezidenti və birinci xanım iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun ailə üzvləri ilə görüşdülər, onları Qələbə bayramı münasibətilə təbrik ediblər.

    Dövlətimizin başçısı və birinci xanım İkinci Dünya müharibəsi veteranları ilə xatirə şəkli çəkdiriblər.

    Mərasimdə baş nazir Novruz Məmmədov, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər iştirak ediblər.

  • Ermənistan prezidenti: İlham Əliyevi yaxşı tanıyıram

    Ermənistanın yeni prezidenti Armen Sarkisyan Azərbaycan prezidenti İlham Əliyevi yaxşı tanıyır. Sarkisyan Qarabağdakı gərginliyin artacağını istisna etməyib.

    Median.Az xəbər verir ki, Sarkisyan bununla bağlı “Exo Moskva” radiosuna müsahibəsində danışıb.

    Ermənistanda hökumət dəyişikliyinin Bakı ilə dialoqa təsir edə biləcəyi ilə bağlı sualı cavablandıran A.Sarkisyan bunu şərh edə bilməyəcəyini deyib:

    “Çünki İlham Əliyevi şəxsən tanıyıram. Çox yaxşı tanıyıram. Ancaq vəziyyət çox həssasdır və Dağlıq Qarabağda gərginliyin artacağını istisna etmək olmaz”.

    O qeyd edib ki, ilk gündən yeni hökumət ölkə sərhədlərində təhlükəsizliyin təmin olunması ilə ciddi məşğul olmalıdırlar.

    “Rusiya Ermənistanın strateji və hərbi-siyasi tərəfdaşıdır. Hamıya məlumdur ki, Ermənistan ordusu rus həmkarları ilə çox yaxındır. Ermənistan ordusu NATO və ya Çin tərəfindən deyil, Rusiya tərəfindən silahlandırılır”, – Sarkisyan deyib.

    Sarkisyan xatırladıb ki, Ermənistan və Rusiya təhlükəsizliklə bağlı bir təşkilatının üzvüdür, o cümlədən, əmindir ki, Ermənistanda rus hərbi bazaları çox vacibdir.

    “Bu bazalardan bəziləri Ermənistan və Türkiyə sərhədindədir. Buna görə hər zaman Rusiya ilə dostluq və qardaşlıq münasibətləri uğrunda mübarizə aparacağam”, – Sarkisyan əlavə edib./oxu.az