Category: Siyasət

  • Azərbaycan və Türkiyə prezidentlərinin görüşü olacaq

    Ankarada rəsmi səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

    Məlumatı Türkiyə prezidentinin rəsmi saytı yayıb.

    Bildirilib ki, R.T.Ərdoğan 11:30-da Azərbaycan prezidenti İlham Əliyevi öz iqamətgahında qarşılayacaq. Bundan sonra iki ölkə liderlərinin təkbətək görüşü olacaq.

    Görüşün ardınca iki ölkə prezidentləri Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yeddinci iclasına qatılacaqlar. Şuranın toplantısından sonra Azərbaycanla Türkiyə arasında sənədlər imzalanacaq. Sonra prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan birgə mətbuat konfransı keçirəcəklər.

    Görüş rəsmi nahar yeməyi ilə başa çatacaq.

    Qeyd edək ki, aprelin 24-də Azərbaycan prezidenti İlham Əliyevin Türkiyəyə iki günlük rəsmi səfəri başlayıb.

    Bu, aprelin 11-də keçirilən prezident seçkilərində qalib gələn dövlət başçısı İlham Əliyevin xarici ölkəyə ilk rəsmi səfəridir.

  • Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb

    Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə iki günlük səfəri başlayıb.

    Bu, aprelin 11-də keçirilən prezident seçkilərində qalib gələn dövlət başçısı İlham Əliyevin xarici ölkəyə ilk səfəridir.

    Aprelin 24-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidentinin şərəfinə şam yeməyi verəcək.

    Prezident İlham Əliyev səfər çərçivəsində R.T.Ərdoğanla təkbətək və geniş tərkibdə görüş keçirəcək. Dövlət başçıları ikitərəfli əlaqələrin hazırki vəziyyəti və daha da genişləndirilməsini, bölgədə və beynəlxalq aləmdəki əsas mövzuları müzakirə edəcəklər.

    Bundan başqa Ankarada Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yeddinci iclası keçiriləcək. Azərbaycan və Türkiyə prezidentləri toplantıda iştirak edəcəklər.

    Prezident İlham Əliyevin səfəri aprelin 25-də başa çatacaq.

  • Azərbaycan XİN Sarkisyanın istefasını şərh etdi

    Serj Sarkisyanın rəhbərlik etdiyi hərbi diktatura rejiminin hakimiyyətdən getməsindən sonra Ermənistanda hakimiyyətə sağlam siyasi qüvvələrin gələcəyinə ümidvarıq.

    Bu sözləri oxu.az-a açıqlamasında Ermənistanda baş vermiş hakimiyyət dəyişikliyinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə necə təsir edə biləcəyini şərh edən XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

    O bildirib ki, Ermənistan xalqını əsarətdə və müharibə xofu altında saxlayan Sarkisyan rejiminin yürütdüyü siyasət nəticəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində indiyə qədər irəliləyiş əldə etmək mümkün olmayıb:

    “Qoşunların təmas xəttində Azərbaycan tərəfindən guya hərbi texnika və canlı qüvvənin cəmləşdirilməsi barədə keçmiş Sarkisyan rejiminin ünsürlərinin isterik açıqlamaları həqiqəti əks etdirmir və keçən ilə aid məlumatlara əsaslanır. Burada məqsəd yalnız ictimai fikri çaşdırmaq idi.

    Amma fakt ondan ibarətdir ki, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu regional sülh və təhlükəsizlik üçün başlıca təhdid olmaqda davam edir. Gərginlik riskini aradan qaldırmaq üçün Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılımalıdır.

    Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələbləri əsasında sülh yolu ilə tezliklə həlli üçün Ermənistandakı sağlam siyasi qüvvələrlə danışıqları davam etdirməyə hazırıq.

    Münaqişənin tezliklə sülh yolu ilə həll edilməsi regionda davamlı sülh və sabitliyin bərqərar olmasını və hərtərəfli regional əməkdaşlıq imkanlarının yaranmasını təmin etmiş olar. Azərbaycan Respublikası beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini təmin edəcək”.

  • Vasif Talıbov nazirliyi iki yerə böldü

    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov aprelin 23-də mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

    Sərəncamla Naxçıvan Mədəniyyət və Turizm Nazirliyinin əsasında Naxçıvan Mədəniyyət Nazirliyi və Naxçıvan Turizm Departamenti yaradılıb.

    Sərəncamda Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə Naxçıvan Mədəniyyət Nazirliyinin və Naxçıvan Turizm Departamentinin əsasnamələrinin layihələrini, strukturları və işçilərinin say həddi barədə təkliflərini hazırlayıb Naxçıvan Ali Məclisinin sədrinə təqdim etmək tapşırılıb.

    Naxçıvan Muxtar Respublikasının 2018-ci il dövlət büdcəsində Naxçıvan Mədəniyyət və Turizm Nazirliyi üçün nəzərdə tutulmuş vəsait çərçivəsində Naxçıvan Mədəniyyət Nazirliyinin və Naxçıvan Turizm Departamentinin 2018-ci ildə fəaliyyətinin maliyyələşməsi təmin ediləcək.

  • Ramiz Mehdiyev: “Bu gün yeni təyinatlar olacaq” – VİDEO

    “Cənab prezident gənc kadrları irəli çəkir”

    Median.Az xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev ATV Xəbər-ə ekskuliziv açıqlamasında daha bir mühim məqama da toxunub.

    O, bundan sonra da yeni təyinatlar zamanı Dövlət Başçısının gənc kadrlara üstünlük verəcəyini deyib: “Bu günləri də təyinatlar olacaq. Bu təyinatlara baxıb görəcəksiniz ki, cənab prezident gənc kadrları irəli çəkir”.

  • Prezident daha bir deputata vəzifə verdi – General-mayor postunu tərk etdi

    Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəisi vəzifəsinə deputat Vüsal Hüseynov təyin olunub.

    Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri General-mayor Firudin Nəbiyev vəzifəsindən azad olunub.

    Qeyd edək ki, Vüsal Hüseynov Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının katibi, Avropa Şurasının Korrupsiyaya Qarşı Mübarizə Aparan Dövlətlər Qrupu (GRECO) təşkilatında Azərbaycan nümayəndə heyətinin rəhbəri vəzifəsində çalışıb./unikal.org

  • Prezident təhsil nazirini təyin etdi

    Prezident İlham Əliyev yeni təhsil nazirinin təyin olunması haqda sərəncam imzalayıb.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, dövlət başçısı bu vəzifəyə hazırda nazir səlahiyyətlərini icra edən təhsil nazirinin müavini Ceyhun Bayramovu təyin edib. 

    Hələlik təyinatla bağlı rəsmi olaraq prezidentin sərəncamı açıqlanmayıb.

  • Yeni baş nazir vəzifəsinin icrasına başlayıb

    Azərbaycanın yeni baş naziri Novruz Məmmədov vəzifəsinin icrasına başlayıb.

    Nazirlər Kabinetinin Aparatı həmişəki qaydada hökumətin funksiyalarını icra etməkdə davam edir.

    Bundan başqa, baş nazirin müavini Hacıbala Abutalıbov da vəzifəsinin icrasına başlayıb.

    Xatırladaq ki, aprelin 21-də keçirilən Milli Məclisin plenar iclasında prezident İlham Əliyevin təqdimatına əsasən, Novruz Məmmədovun baş nazir vəzifəsinə təyinatı məsələsi müzakirə olunub.

    Müzakirələrdən sonra parlament səsvermə ilə N.Məmmədovun baş nazir vəzifəsinə təyinatına razılıq verib. Daha sonra isə prezident İlham Əliyev sərəncam imzalayaraq N.Məmmədovu baş nazir təyin edib.

  • Yeni nazirlər kollektivə təqdim olunur – FOTO + YENİLƏNİB

    Azərbaycanın yeni əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivinə təqdim olunub.

    Nazir Sahil Babayevi kollektivə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev təqdim edib.

    Qeyd edək ki, aprelin 21-də prezident İlham Əliyev Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncam imzalayıb.

    Sərəncama əsasən, Sahil Babayev əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsinə təyin edilib.

    * * * *

    Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev yeni təyin olunmuş kənd təsərrüfatı naziri İnam Kərimovu nazirliyin kollektivinə təqdim edib.

    R.Mehdiyev İ.Kərimovun keçdiyi həyat yolu barədə ətraflı məlumat verərək qeyri-neft sektorunun, xüsusilə də kənd təsərrüfatının ölkə iqtisadiyyatında əhəmiyyətli rol oynadığını, bu sahənin inkişafı ilə bağlı büyük potensial imkanların olduğunu diqqətə çatdırıb.

    Ölkə rəhbərliyi tərəfindən qarşıya qoyulan əsas hədəflərə nail olmaq üçün nazirliyin kollektivinə müvafiq məsləhət və tövsiyələrini verib.

    Nazir ölkə başçısının ona göstərdiyi yüksək etimada görə təşəkkürünü bildirib, qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirəcəyini qeyd edib.

    İnam Kərimov prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızda bütün sahələrdə olduğu kimi, qeyri-neft sektorunun, xüsusilə kənd təsərrüfatının uğurla inkişaf etdirildiyini bildirib.

    Qeyd edək ki, İnam İmdad oğlu Kərimov kənd təsərrüfatı naziri vəzifəsinə Azərbaycan Respublikası prezidentinin 2018-ci il 21 aprel tarixli sərəncamı ilə təyin edilib.

  • Komitə ləğv olundu, qanun layihəsi təxirə salındı

    Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasının gündəliyinə doqquz məsələ salınsa da, sonda qanun layihələrindən biri müzakirələrdən çıxarılıb.

    Gündəlikdən çıxarılan sənəd “Standartlaşdırma haqqında” yeni – ikinci oxunuşda olan qanun layihəsidir.

    Buna səbəb isə Standartlaşdırma, Metrologiya və Patent Üzrə Dövlət Komitəsinin ləğvidir.

    Komitənin ləğv olunması yeni qanunun müzakirəsini təxirə salıb.