Category: Siyasət

  • Şimali Kipr parlamentinin sədri Azərbaycana təşəkkür etdi

    “Şimali Kipr Türk Respublikasının Türk Dövlətləri Təşkilatına tamhüquqlu üzv olması üçün Azərbaycan və Türkiyənin böyük dəstəyi var. Bu mühüm dəstək bizə güc verir, mübarizə əzmimizi gücləndirir”.

    Bunu Şimali Kipr Türk Respublikası Məclisinin sədri Ziya Öztürklər Milli Məclisdə iki ölkənin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun 13-cü iclasında deyib.

    “Bizim gücümüz eyni dili, dini və soyu paylaşdığımız türk dünyası ilə aramızda əsrilik tarixi və mədəni bağların olmasından qaynaqlanır. Bu baxımdan, görüşə ev sahibliyi edən Azərbaycana ürəkdən təşəkkür edirəm”, – deyə məclis sədri vurğulayıb.
    //oxu.az

  • Leyla Əliyeva qızı Əminəni təbrik etdi – FOTO

    Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyeva rəsmi “Instagram” hesabında qızı Əminəni doğum günü münasibətilə təbrik edib.

    L.Əliyeva paylaşımında yazıb:

    “Əminə, ad günün mübarək! Allah bütün uşaqları qorusun”.

  • İlham Əliyev Türkiyənin daxili işlər nazirini qəbul edib – FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da Türkiyə Respublikasının daxili işlər naziri Mustafa Çiftçini qəbul edib.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, qəbula görə dövlətimizin başçısına minnətdarlığını bildirən Mustafa Çiftçi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını Azərbaycan Prezidentinə çatdırıb.

    Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Prezident Rəcəb Tayyib Ərdoğana çatdırmağı xahiş edib.

    Söhbət zamanı Azərbaycanla Türkiyə arasında ikitərəfli münasibətlərin qardaşlıq və strateji müttəfiqlik prinsiplərinə əsaslandığı vurğulanıb, bütün istiqamətlər üzrə əlaqələrin genişləndiyi bildirilib.

    Ölkələrimizin müvafiq qurumları arasında səmərəli tərəfdaşlığın qurulduğu qeyd edilib, bu xüsusda Azərbaycanın və Türkiyənin Daxili İşlər nazirliklərinin də uğurlu əməkdaşlıq həyata keçirdikləri vurğulanıb.




  • Azərbaycan Prezidenti Litvanın baş nazirini qəbul edib – FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da Litva Respublikasının Baş naziri İnqa Ruqinieneni qəbul edib.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı Litvanın baş nazirinin ölkəmizə səfərinin səmərəli olacağına və ikitərəfli əlaqələrimizin inkişafına töhfə verəcəyinə ümidvarlığını bildirib.

    Qəbula görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edən İnqa Ruqiniene Azərbaycanla Litva arasında uzun illərdir yaxşı münasibətlərin olduğunu məmnunluqla vurğulayıb.

    Söhbət zamanı ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğu bildirildi, enerji, investisiyalar, təhsil, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlıqla bağlı müzakirələr aparıldı, münasibətlərimizin genişləndirilməsi işində nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin təşkil olunmasının vacibliyi qeyd edilib.

    Litvanın baş naziri Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olması münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırıb.

    Azad olunmuş ərazilərimizdə genişmiqyaslı bərpa və quruculuq işlərinin aparıldığını deyən Litvanın baş naziri keçmiş məcburi köçkünlərin geri qaytarılması istiqamətində Azərbaycan dövləti tərəfindən genişmiqyaslı işlərin həyata keçirildiyini qeyd edib.

    Təbriklərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev regionda sülhün və Azərbaycanla Ermənistan arasında ticarət münasibətlərinin qurulmasının təşəbbüskarının məhz ölkəmiz olduğunu vurğulayıb.

    Dövlətimizin başçısı bildirib ki, artıq 30 minə yaxın keçmiş məcburi köçkünün öz dədə-baba yurdlarına qaytarılması təmin olunub. Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizdə Azərbaycan tərəfindən şəhərlərin, kəndlərin salındığını, nəqliyyat və digər sosial infrastruktur layihələrinin icra olunduğunu deyib. Ancaq bununla belə dövlətimizin başçısı qeyd edib ki, həmin ərazilərdə minalar problemi mövcuddur ki, bu da bərpa və quruculuq işlərinin aparılmasını ləngidir. Prezident İlham Əliyev Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərimizdə indiyədək 400-dən çox insanın mina partlayışlarında həlak olduğunu və ya yaralandığını bildirib.

    Görüşdə Azərbaycan-Litva əlaqələrinin ikitərəfli gündəliyi ilə yanaşı, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə toxunulub. Bu xüsusda Litvanın Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinin inkişafına həmişə dəstək verdiyi vurğulanıb.

    Söhbət zamanı regional məsələlərə də dair fikir mübadiləsi aparılıb.






  • Azərbaycan və Ukrayna XİN rəhbərləri əməkdaşlıq məsələlərini müzakirə ediblər

    Aprelin 8-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ukraynanın xarici işlər naziri Andrey Sibiqa arasında telefon danışığı keçirilib.

    Bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

    Telefon danışığı zamanı Azərbaycan və Ukrayna arasında tərəfdaşlıq münasibətlərinin aktual məsələləri, o cümlədən siyasi, iqtisadi, enerji, nəqliyyat və humanitar sahələrdə əməkdaşlıq müzakirə olunub.

    Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

  • Azərbaycan və İran XİN rəhbərləri arasında telefon danışığı: Pakistanın vasitəçiliyi təqdir olundu

    Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçı arasında telefon danışığı baş tutub.

    Bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

    Telefon danışığı zamanı tərəflər regionda mövcud təhlükəsizlik vəziyyəti və əldə olunmuş atəşkəs barədə fikir mübadiləsi aparıblar.

    Nazir Ceyhun Bayramov elan olunmuş atəşkəsi alqışlayıb. Atəşkəsin təmin olunmasının gərginliyin azaldılması, danışıqların uğurla nəticələnməsi və sabitliyin bərqərar olunması baxımından əhəmiyyəti vurğulanıb.

    Atəşkəsin əldə olunmasında vasitəçi ölkələrin, xüsusilə də dost və qardaş Pakistanın rolu təqdir olunub.

    Nazir Ceyhun Bayramov atəşkəs rejiminə riayət olunmasının vacibliyini qeyd edərək, vəziyyətin diplomatik yollarla həllinin önəmini diqqətə çatdırıb, İslamabadda aparılacaq danışıqların nəticəyönümlü və məhsuldar olacağına ümidvar olduğunu bildirib.

    Azərbaycanın hər zaman regionda davamlı sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş təşəbbüsləri dəstəkləməyə hazır olduğu Ceyhun Bayramov tərəfindən vurğulanıb.

    Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

  • Litvanın baş naziri Azərbaycana gəlib

    Litva Respublikasının Baş naziri İnqa Ruqiniene aprelin 8-də Azərbaycana rəsmi səfərə gəlib.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

    Litvanın Baş naziri İnqa Ruqinieneni hava limanında Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşılayıblar.

  • Prezident Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 8-də Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak ediblər.

    Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev, Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Samir Rzayev dövlətimizin başçısına və birinci xanıma mərkəzin fəaliyyəti barədə məlumat verdilər.

    Bildirildi ki, Beynəlxalq Təlim Mərkəzi “Azərbaycan Hava Yolları” QSC-nin təşəbbüsü ilə Milli Aviasiya Akademiyasının ərazisində yaradılıb. Mərkəz uçuş heyətinin fövqəladə vəziyyətlər üzrə hazırlığı, həmçinin hava hərəkətini idarəetmə dispetçerlərinin nəzəri və praktiki təlimi üçün nəzərdə tutulub.

    Yeni kompleksdə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) və Avropa İttifaqı Aviasiya Təhlükəsizliyi Agentliyinin (EASA) tələblərinə uyğun olaraq “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin dispetçerləri hazırlanacaq. Bunun üçün bu sahədə dünyanın qabaqcıl aeronaviqasiya təhsil mərkəzlərindən olan Alman Aeronaviqasiya Akademiyasının (DFS) təhsil proqramı əsasında Aeronaviqasiya Təlim Mərkəzi fəaliyyət göstərəcək.

    Burada Heydər Əliyev Beynəlxalq Hava Limanının 360 dərəcə panoramını əks etdirən TWR qüllə simulyatoru, həmçinin hava məkanının idarə edilməsi üzrə radar simulyator kompleksi quraşdırılıb. Bu sistemlər dispetçerlərin real əməliyyat şəraitində hazırlanması üçün imkan yaradır.

    Mərkəzdə, həmçinin hava limanlarında real iş şəraitinə uyğun müxtəlif xüsusi avtonəqliyyat vasitələri sürücülərinin bacarıqlarının təkmilləşdirilməsinə imkan verən müasir təlim trenajoru kompleksi quraşdırılıb.

    Beynəlxalq Təlim Mərkəzində hər il hava hərəkətini idarəetmə üzrə təxminən 30 dispetçerin və 3 min hava gəmisi heyətinin hazırlanması planlaşdırılır.

    Bundan başqa, Mərkəz fövqəladə vəziyyətlərdə və müxtəlif qəza hallarında hava gəmisi kabininin daxilində təhlükəsizlik tədbirlərinin səmərəli icrası üçün Türkiyənin bu sahədə ixtisaslaşmış və beynəlxalq səviyyədə tanınmış şirkəti olan “SkyArt” tərəfindən “A320/A321 NEO CEET” tipli yeni nəsil hava gəmisi simulyatoru ilə təchiz edilib. Simulyatora “Boeing 787” təyyarəsi üzrə Qapı Təlim Qurğuları (Door Trainers), həmçinin real yanğın şəraitini simulyasiya edən yeni nəsil Yanğınsöndürmə Təlim Qurğuları (RFFT) daxildir.

    Yeni təlim infrastrukturu regionda aviasiya sahəsində kadr hazırlığının, həmçinin beynəlxalq standartlara uyğun tədris imkanlarının gücləndirilməsinə, bu sahədə rəqabətqabiliyyətli milli kadr potensialının formalaşmasına mühüm töhfə verəcək.

    Mərkəz müasir aviasiya sahəsinin tələblərinə uyğun olaraq kadr hazırlığını həyata keçirən ixtisaslaşmış tədris strukturu kimi aviasiya mütəxəssislərinin nəzəri biliklərlə yanaşı, praktiki bacarıqlarının formalaşdırılmasında mühüm rol oynayacaq.

    Mərkəzin müasir texnologiyalarla təchiz olunması, burada son model uçuş simulyatorlarının quraşdırılması real uçuş şəraitinə yaxın mühitdə təcrübə qazanmağa imkan yaradır ki, bu da ümumilikdə uçuşların təhlükəsizliyinin təmin edilməsində müstəsna əhəmiyyət daşıyır.

  • İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

    Aprelin 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib.

    Median.Az President.az-a istinadən xəbər verir ki, dövlətimizin başçısı İran İslam Respublikası və Amerika Birləşmiş Ştatları arasında elan edilmiş atəşkəslə bağlı təbriklərini çatdırıb.

    Məsud Pezeşkian bu təbriklərə və ölkəmizin İrana göstərdiyi humanitar yardıma görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

    Telefon söhbəti zamanı ikitərəfli əməkdaşlığa dair məsələlər barədə fikir mübadiləsi aparılıb.

  • Azərbaycan Prezidenti Qazaxıstanın xarici işlər və nəqliyyat nazirlərini qəbul edib – FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 8-də Qazaxıstan Respublikasının xarici işlər naziri Yermek Koşerbayevi və nəqliyyat naziri Nurlan Sauranbayevi qəbul edib.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycan-Qazaxıstan ikitərəfli əlaqələrinin əməkdaşlıq və qardaşlıq ruhunda inkişaf etdiyini məmnunluqla vurğulayaraq, dövlət başçılarının qarşılıqlı səfərlərinin, bu səfərlər zamanı aparılmış müzakirələrin, qəbul olunmuş qərarların, həmçinin Azərbaycandan Qazaxıstana, Qazaxıstandan isə ölkəmizə müxtəlif səviyyələrdə nümayəndə heyətlərinin səfərlərinin xalqlarımızı və ölkələrimizi daha da yaxınlaşdırdığını, qarşılıqlı fəaliyyətin potensialını möhkəmləndirdiyini deyib.

    Dövlətimizin başçısı birgə investisiya fondunun imkanlarından tam istifadə ediləcəyinə ümidvarlığını bildirdi, bir neçə layihənin artıq işlənmə mərhələsində olduğunu vurğuladı və Azərbaycanla Qazaxıstanın üçüncü ölkələrə birgə investisiya yatırmaq potensialına toxunub.

    Prezident İlham Əliyev Qazaxıstanın xarici işlər və nəqliyyat nazirlərinin Azərbaycana səfərinin uğurlu olacağına ümidvarlığını ifadə edib.

    Qəbula görə minnətdarlığını bildirən Qazaxıstanın xarici işlər naziri dövlətimizin başçısı ilə görüşdən şərəf hissi duyduqlarını deyib.

    Yermek Koşerbayev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin salamlarını dövlətimizin başçısına çatdırıb.

    Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Kasım-Jomart Tokayevə çatdırmağı xahiş edib.

    Qonaq Qazaxıstanda Azərbaycan Prezidentinə çox böyük hörmətlə yanaşıldığını vurğulayıb.

    Görüşdə Azərbaycanla Qazaxıstan arasında münasibətlərin bir çox sahədə, o cümlədən siyasi, iqtisadi, nəqliyyat, logistika, investisiyalar, enerji, həmçinin yaşıl enerji və digər istiqamətlər üzrə uğurla inkişaf etdiyi məmnunluqla qeyd edilərək, əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirilib.

    Söhbət zamanı Orta Dəhliz, Trans-Xəzər Yaşıl Enerji Dəhlizi və fiber-optik xətti layihələrinə toxunuldu, bu çərçivədə Azərbaycanla Qazaxıstanın uğurlu əməkdaşlıq həyata keçirdikləri vurğulanıb.

    Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşma prosesinin və Ermənistan ərazisindən keçəcək TRIPP layihəsinin regional əməkdaşlıq və nəqliyyat bağlantıları baxımından rolu qeyd edilib.

    Görüşdə ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində uğurlu tərəfdaşlığı vurğulandı və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.