Category: Siyasət

  • Azərbaycan Prezidentinə mətbuat katibi təyin edildi

    Orxan Rəcəb oğlu Səttarov Azərbaycan Respublikası Prezidentinin məbuat katibi təyin edilib.

    Median.Az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

  • Hikmət Hacıyev Qəbələdə Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələri ilə görüşüb

    Qəbələ şəhərində “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə keçirilən ikitərəfli dəyirmi masa çərçivəsində Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüş baş tutub.

    Median.Az AZƏRTAC-a istinadla xəbər verir ki, görüş zamanı Hikmət Hacıyev iştirakçılarla fikir mübadiləsi aparıb, həmçinin erməni nümayəndə heyətinin suallarını cavablandırıb.

    Görüşdə Azərbaycan hökumətinin sülh gündəliyinə sadiqliyi vurğulanıb.

    Ölkəmizin Vaşinqtonda Ermənistanla Azərbaycan arasında razılaşdırılmış sülh gündəliyinə və Vaşinqton Sammitinin ruhuna sadiqliyi bir daha diqqətə çatdırılıb.

    Həmçinin iki ölkə arasında ticarət münasibətlərinin yaranması və Azərbaycan ərazisindən Ermənistana məhsulların tranzit keçidinin təmin olunduğu qeyd edilib, TRIPP layihəsinin həyata keçirilməsi və bunun bölgədə ab-havanın, bütün bir regionun nəqliyyat mənzərəsinin dəyişəcəyinə xidmət göstərəcəyi bildirilib.

    H.Hacıyev qeyd edib ki, Azərbaycan və Ermənistan arasında sülh gündəliyi üzrə danışıqlar ikitərəfli xarakter daşıdığı kimi, vətəndaş cəmiyyətləri arasındakı bu mübadilələrin və etimad quruculuğu tədbirlərinin də ikitərəfli xarakter daşıması vacibdir.

    Prezidentin köməkçisi vurğulayıb ki, dünyada baş verən yeni təlatümlərin və müharibələrin fonunda Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin edilməsi olduqca vacibdir.

  • Prezident İlham Əliyev Ayazın arzusunu gerçəkləşdirdi: Ailəsinə “KamAZ” hədiyyə etdi – VİDEO

    Xocavənd rayonunun Xanoba kəndində yaşayan balaca Ayazın arzusu reallığa çevrilib.

    Median.Az “Teleqraf”a istinadla xəbər verir ki, Prezident İlham Əliyev martın 17-də kənd sakinləri ilə görüş zamanı Ayazla da söhbət edib. Səmimi dialoq zamanı Ayaz ölkə başçısından “KamAZ” markalı yük avtomobili istədiyini bildirib.

    Qısa müddət sonra Prezident Ayazın arzusunu yetirinə yetirib. Ayazın yaşadığı ünvana “KamAZ” markalı yük avtomobili göndərib.

  • İlham Əliyev bir sıra şəxslərə medal verdi – SİYAHI

    Prezident İlham Əliyev Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

    Median.Az bununla bağlı President.az-a istinadən xəbər verir.

    Sərəncama əsasən, vətəndaşların mənzil təminatının yaxşılaşdırılması sahəsində xidmətlərinə görə Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyinin aşağıdakı əməkdaşları “Tərəqqi” medalı ilə təltif ediliblər:

    Qədimov Çingiz Sahib oğlu

    Məmmədov Elşad Pənah oğlu

    Salmanov Azər Ağababa oğlu

    Şərifov Rizvan Həmid oğlu

    Şiriyeva Kəmalə Məzahir qızı.

  • Numan Kurtulmuş: “Azərbaycan-Ermənistan yaxınlaşması müsbət və önəmlidir”

    Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Cənubi Qafqazda baş verən prosesləri müsbət qiymətləndirib.

    Məlumatı “Anadolu Ajansı” yayıb.

    N.Kurtulmuş Azərbaycan və Ermənistan parlament sədrlərinin İstanbulda keçiriləcək PAB Baş Assambleyası çərçivəsində mümkün üçtərəfli görüşü ilə bağlı sualı cavablandırıb.

    O bildirib ki, Cənubi Qafqazda bütün ölkələrin əməkdaşlıq edə biləcəyi bir nizamın qurulması mümkündür və son dövrlərdə Azərbaycan ilə Ermənistan arasında yaxınlaşma olduqca müsbət və əhəmiyyətlidir.

    Onun sözlərinə görə, Qarabağın işğaldan azad olunaraq Azərbaycanın nəzarətinə qayıtmasından sonra regionda yeni balans formalaşıb.

    N.Kurtulmuş əlavə edib ki, Türkiyə-Azərbaycan-Ermənistan arasında həm parlament, həm də siyasi səviyyədə üçtərəfli münasibətlər qurula və bu format digər Qafqaz ölkələrini də əhatə edə bilər. O, regionun yaxın zamanda tam şəkildə sülh mühitinə çevriləcəyinə ümid etdiyini bildirib.

  • Litvanın Baş naziri Milli Xalça Muzeyini ziyarət edib

    Litvanın Baş naziri İnqa Ruqiniene Azərbaycan Milli Xalça Muzeyi ilə tanış olub.

    Qonağa Azərbaycan xalçaçılıq sənəti haqqında məlumat verilib.

    Bildirilib ki, Azərbaycan bu sahədə dünyanın aparıcı ölkələrindən biridir. 2010-cu ildə Azərbaycanın ənənəvi xalçaçılıq sənəti UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.

    Qeyd olunub ki, Azərbaycan xalçaçılıq sənətinin əsas bədii istiqamətlərini əks etdirən Muzeyin kolleksiyası nadir gözəlliyin, istifadə olunan materialların, toxuma texnikasının, xalçalara məxsus zərif və dərin bədii xüsusiyyətlərin harmoniyasını nümayiş etdirir.

    Diqqətə çatdırılıb ki, tətbiqi sənətin nadir nümunələrinin toplandığı Azərbaycan Xalça Muzeyi ayrı-ayrı dövrlərdə müxtəlif ünvanlarda yerləşib. Ölkəmizin nadir incilərindən olan xalçaların daha geniş və səmərəli nümayişi məqsədilə Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən muzey üçün xüsusi bina tikilməsi qərara alınıb və 2008-ci il mayın 15-də Dənizkənarı Milli Parkın ərazisində binanın təməlqoyma mərasimi keçirilib.

    Vurğulanıb ki, orijinal üslubda inşa olunan bina bükülmüş xalçanı xatırladır. Burada xalça və xalça məmulatları, metal, parça, geyim və tikmə, keramika, şüşə, ağac, kağız, zərgərlik əşyaları, kitablar, fotoşəkillərdən ibarət nadir kolleksiya mühafizə olunur və bu kolleksiyanın tamaşaçılara təqdimatı üçün ideal şərait yaradılıb.

    Muzeyin “qızıl fondu”nu xovlu xalçalar təşkil edir. Onlar bütün kompozisiyaları ilə Azərbaycanın 7 əsas məktəbini – Quba, Bakı, Şirvan, Gəncə, Qazax, Qarabağ və Təbriz xalça məktəblərini təmsil edir.

    Qeyd olunub ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük zəhməti sayəsində milli xalçaçılıq sənəti 2010-cu il noyabrın 16-da UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib.

    Qonaq həmçinin muzeydə xalçatoxuma prosesi ilə yaxından tanış olub.

    Litvanın Baş naziri İnqa Ruqinieneyə, həmçinin Azərbaycanın milli geyimləri və qədim kəlağayı sənəti haqqında məlumat verilib. Litvalı Baş nazir kəlağayının hazırlanma üsulu, onun üzərindəki ənənəvi naxışların daşıdığı mənalar barədə ətraflı məlumatlandırılıb.

    Qonağa burada nümayiş olunan “Zəfər” xalçası haqqında ətraflı məlumat verilib. Bildirilib ki, bu xalça 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbəyə həsr olunub.

    Daha sonra qonaq muzeyin Qarabağ interyeri ilə tanış olub.

    Sonda Litvanın Baş naziri muzeyin xatirə kitabına ürək sözlərini yazıb.

  • Azərbaycan və Pakistan XİN rəhbərləri regional təhlükəsizliklə bağlı müzakirə apardılar

    8 aprel tarixində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Pakistan İslam Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar arasında telefon danışığı aparılıb.

    Bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

    Danışıq zamanı tərəflər regionda mövcud təhlükəsizlik vəziyyətini müzakirə ediblər.

    Nazir Ceyhun Bayramov ABŞ ilə İran arasında əldə olunmuş atəşkəsi alqışlayaraq, bunun gərginliyin azaldılması, sabitliyin möhkəmləndirilməsi və humanitar vəziyyətin yaxşılaşdırılması baxımından mühüm addım olduğunu vurğulayıb.

    Dost və qardaş Pakistan tərəfinin atəşkəsin əldə olunması istiqamətində oynadığı mühüm rol xüsusilə təqdir olunub. Pakistana bölgədə sülh və sabitliyin təşviqi, tərəflər arasında dialoqun qurulması və etimadın möhkəmləndirilməsi istiqamətində göstərdiyi səylərdə, habelə qarşıdan gələn İslamabad danışıqlarında uğurlar arzulanıb. İslamabad danışıqlarının müsbət nəticələnəcəyinə ümid ifadə olunub.

    Nazir Ceyhun Bayramov Pakistanın ardıcıl və prinsipial mövqeyini, habelə konstruktiv təşəbbüslərini yüksək qiymətləndirib.

    Nazirlər həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıb və Azərbaycan-Pakistan tərəfdaşlığının inkişaf perspektivlərini müzakirə ediblər.

  • Azərbaycanda bəzi şəxslərin hərbi xidmət müddəti altı dəfə AZALDILDI

    “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilib.

    Median.Az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.

    Dəyişikliyə əsasən, qadın hərbçilərlə bağlanan ilkin müqavilənin müddəti 3 ildən 6 ayadək azaldılıb.

  • Prezident Azərbaycanın pravoslav xristian icmasını təbrik edib

    Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasına təbrik ünvanlayıb.

    Median.Az President.az-a istinadən xəbər verir ki, məktubda deyilir:

    “Hörmətli həmvətənlər!

    Sizi – Azərbaycanın bütün xristian icmasını müqəddəs Pasxa bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza xoşbəxtlik və əmin-amanlıq arzularımı yetirirəm.

    Azərbaycanda yüzillərdir hökm sürən tolerantlıq mühiti burada məskunlaşmış ayrı-ayrı xalqların, etiqad və inancların mənsubları arasında nümunəvi və harmonik ictimai münasibətlərin bərqərar olmasında müstəsna rol oynamışdır. Biz cəmiyyətimizdə tarixən formalaşmış etnik-mədəni müxtəlifliyi, milli-mənəvi dəyərləri və multikultural ənənələri müasir dövlətçiliyimizin unikal sərvəti kimi qiymətləndiririk.

    Hazırda ölkəmizdə demokratik-hüquqi prinsiplərin təmin edilməsi, dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, hər kəsə, o cümlədən xristian icmasına özünəməxsus adət-ənənələrini, dil və mədəniyyətini yaşatmaq üçün geniş imkanlar yaradır. Məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, xristian həmvətənlərimiz ictimai-siyasi, sosial-mədəni həyatımızda fəal iştirak edir, müstəqil dövlətimizin hərtərəfli inkişafına layiqli töhfələr verirlər.

    Əziz dostlar!

    Dirçəlişin, yeniliyin, mərhəmət və şəfqət duyğularının rəmzi olan Pasxa bayramı hər il Azərbaycanda təntənə ilə qeyd olunur. Bir daha hər birinizə səmimi bayram təbriklərimi çatdırır, ailələrinizə firavanlıq, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram.

    Bayramınız mübarək olsun!”.

  • Vilayət Eyvazov türkiyəli həmkarı ilə görüşüb

    Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun dəvəti ilə Türkiyə Respublikasının daxili işlər naziri Mustafa Çiftçi və onun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə rəsmi səfərə gəlib.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, aprelin 9-da nazir Mustafa Çiftçi və onu müşayiət edən şəxslər Fəxri xiyabana gedərək xalqımızın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsini ehtiramla anıblar. Sonra qardaş ölkənin təmsilçiləri Şəhidlər xiyabanındakı “Əbədi məşəl” kompleksini və Türk Şəhidliyini ziyarət ediblər.

    Həmin gün Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov türkiyəli həmkarı və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

    Qonaqları salamlayan V.Eyvazov daxili işlər naziri vəzifəsinə təyin olunması münasibətilə M.Çiftçini təbrik edib, dəvətini qəbul edərək rəsmi səfərə gəldiyinə görə təşəkkürünü bildirib.

    O, iki ölkənin Daxili İşlər nazirlikləri arasındakı əməkdaşlığın yüksək səviyyədə olduğunu məmnunluqla vurğulayaraq rəhbərlik etdiyi Daxili İşlər Nazirliyinin qardaş ölkənin hüquq-mühafizə orqanları ilə əlaqələrin, o cümlədən beynəlxalq əməkdaşlığın intensiv inkişafına daim önəm verdiyini qeyd edib. Bu əlaqələrin ilk növbədə qarşılıqlı hüquqi yardım, təcrübə mübadiləsi, dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə dövlətlərarası müqavilələr əsasında reallaşdığı nəzərə çatdırılıb.

    Nazir Azərbaycan polisinin və DİN-in Daxili Qoşunlarının respublikada ictimai asayişin qorunmasında, cinayətkarlıqla mübarizədə əldə etdiyi müsbət nəticələri də diqqətə çatdıraraq fəaliyyətin təkmilləşdirilməsində Türkiyə Daxili İşlər Nazirliyinin, o cümlədən Jandarm Qüvvələrinin xüsusi rolunu və xidmətlərini məmnunluqla vurğulayıb, Mustafa Çiftçinin şəxsində Türkiyə Daxili İşlər Nazirliyinin, o cümlədən Jandarm Qüvvələrinin rəhbərliyinə təşəkkür edib.

    V.Eyvazov Mustafa Çiftçinin Azərbaycana ilk rəsmi səfərinin əlaqələrimizin inkişafına və dərinləşməsinə müsbət təsir göstərəcəyinə əmin olduğunu bildirib.

    Səmimi qəbula, ətraflı məlumata və qonaqpərvərliyə görə minnətdarlığını bildirən Türkiyənin daxili işlər naziri respublikamıza səfərindən, dost və qardaş ölkələrimizin bölgədə əmin-amanlığa və sabitliyin yaradılmasına ciddi əngəl olan qlobal problemlərə, o cümlədən mütəşəkkil cinayətkarlığın bütün təzahürlərinə qarşı hər zaman vahid mövqedən və birgə səylərlə çıxış etmələrindən, Azərbaycanın sürətli inkişafından, ölkəmizdə yaradılmış sabitlikdən, Bakının dünyanın ən gözəl paytaxtlarından və təhlükəsiz şəhərlərindən biri olmasından məmnunluğunu ifadə edib.

    O, iki ölkənin müvafiq orqanları arasındakı faydalı işbirliyini yüksək qiymətləndirib, əlaqələrin inkişafı üçün bundan sonra da səylərini əsirgəməyəcəklərini, belə əməkdaşlığın, təcrübə mübadiləsinin xalqlarımızın və ölkələrimizin mənafelərinə xidmət etdiyini vurğulayıb.

    Dostluq və mehribanlıq şəraitində keçən görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunub.

    Görüşdə Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Birol Akgün iştirak edib.