Category: Siyasət

  • Yermek Koşerbayev Azərbaycana səfər edəcək

    Qazaxıstanın xarici işlər naziri Yermek Koşerbayev Azərbaycana rəsmi səfər edəcək.

    Bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin (XİN) “Telegram” kanalında bildirilib.

    Səfər ərəfəsində nazirlik ikitərəfli tərəfdaşlığın dinamikasına həsr olunmuş infoqrafik məlumat yayıb.

  • Azərbaycan MDB İcraiyyə Komitəsi haqqında Əsasnaməyə dəyişikliklərə qeyd-şərtlə qoşulub

    Prezident İlham Əliyev “2000-ci il 21 iyun tarixli Protokol ilə təsdiq edilmiş “Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsi haqqında Əsasnamə”yə dəyişikliklər edilməsinə dair Protokol”u təsdiq edib.

    Median.Az President.az-a istinadən xəbər verir ki, qanuna əsasən, 2023-cü il oktyabrın 13-də Bişkek şəhərində imzalanmış “2000-ci il 21 iyun tarixli Protokol ilə təsdiq edilmiş “Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsi haqqında Əsasnamə”yə dəyişikliklər edilməsinə dair Protokol” Azərbaycan Respublikasının müvafiq qeyd-şərti ilə (qeyd-şərtin mətni əlavə olunur) təsdiq edilib.

  • “Yerin təki haqqında” qanunda dəyişikliklər edildi

    “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib.

    Median.Az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.

    Yeni qanunla su anbarlarında və ya sututarlarda toplanan çöküntülərın (qum, qum-çınqıl, gil), habelə tunellərin və ya keçidlərin tikintisi ilə əlaqədar yerin təkindən çıxarılan süxurların istifadəsinin yerin təkindən istifadənin növləri sırasına daxil edilib.

    Belə ki, ölkədəki su ehtiyatlarının artırılması, əhalinin keyfiyyətli içməli su və suvarma suyu ilə təminatının yaxşılaşdırılması çərçivəsində mövcud su anbarlarının və sututarların təmizlənməsi nəzərdə tutulur ki, bu da həmin sututarlarda toplanmış milyonlarla kub metr qum, qum-çınqıl və gil tərkibli materialların çıxarılması və iqtisadi dövriyyəyə cəlb olunması ilə nəticələnəcək.

    Həmçinin ölkədə yol infrastrukturunun yaxşılaşdırılması çərçivəsində yolötürücü tunellərin tikintisi yer təkindən süxurların çıxarılması ilə nəticələnir. Sözügedən çöküntü və süxurların istifadəsinin hüquqi əsasının yaradılması onlardan istifadənin qanuniləşməsinə, hesabatlılığın təmin edilməsinə və rəqabət mühitinin təmin olunmasına xidmət edəcək.

    Növbəti dəyişiklik Yer təkindən istifadə sahəsində bir sıra qaydaların təsdiq edilməsinin hüquqi əsasının yaradılmasıdır. Buraya yerin təkinin istifadəyə birbaşa danışıqlar yolu ilə verilməsi və qeyri-filiz faydalı qazıntı yataqlarının istismarı ilə məşğul olan yer təki istifadəçilərinin fəaliyyətinin sağlamlaşdırılması tədbirlərinə dair qaydalar aiddir.

    Yerin təki istifadəyə icazə əsasında “Yerin təki haqqında” və “Lisenziyalar və icazələr haqqında” qanunla müəyyən olunmuş qaydada hərrac (auksion və ya müsabiqə) və birbaşa danışıqlar əsasında verilir. Eyni zamanda Nazirlər Kabinetinin qərarı ilə yerin təkinin (qiymətli və əlvan metallar, qiymətli daş yataqları və təzahürləri istisna olmaqla) istifadəyə birbaşa danışıqlar yolu ilə verilməsi hallarının siyahısı da təsdiq edilib.

    Dəyişiklik isə yerin təkinin istifadəyə birbaşa danışıqlar yolu ilə verilməsi qaydasının təsdiq edilməsini nəzərdə tutur ki, bu da birbaşa danışıqlar yolu ilə verilən istifadəçilərin müəyyən edilməsi sahəsində şəffaflığın yüksəlməsinə, hüquqi müəyyənliyin artmasına xidmət edəcək.

    Yerin təkindən istifadənin növlərindən biri də dağ-mədən işləri ilə əlaqədar istehsal tullantılarından istifadə hüququnun verilməsidir. Təklif olunan dəyişikliyə əsasən bu hüquq müvafiq qaydaya uyğun olaraq veriləcək.

    Yer təki sahələrinin rekultivasiyasının məqsədi işlərin aparıldığı ərazidə torpağın münbitliyinin və digər faydalı xassələrinin qorunması, bərpa edilməsi və yüksəldilməsi, o cümlədən ətraf mühitin vəziyyətinin yaxşılaşdırılmasıdır və bunun üçün yer təki istifadəçiləri həmin torpaqların rekultivasiya planını tərtib etməli və rekultivasiyanı da həmin plan əsasında təmin etməlidirlər.

    Ölkə üzrə faydalı qazıntı yataqlarının əhəmiyyətli hissəsi kənd təsərrüfatı təyinatlı torpaqlarda yerləşir. Qeyri-neft sektorunun və sənayenin inkişafı, xammal asılılığının azaldılması məqsədilə bu yataqların istismarı zəruridir. Lakin hazırda yer təki istifadəçiləri tərəfindən torpaqların münbitliyinin və digər faydalı xassələrinin qorunması, bərpası və artırılması, eləcə də ətraf mühitin vəziyyətinin yaxşılaşdırılması məqsədilə rekultivasiya işlərinə dair sistemli qaydalar mövcud deyil. Bu çərçivədə rekultivasiya planlarının hazırlanması, dövlət ekoloji ekspertizasından keçirilməsi, münbit torpaq qatının qorunması və bərpası, hidrogeoloji və mühəndis-geoloji şəraitin nəzərə alınması kimi tələblər müəyyən ediləcək və torpaqların əvvəlki və ya alternativ faydalı vəziyyətə qaytarılması təmin ediləcək.

    Dəyişikliklər yerin təkinin istifadəsi sahəsində hüquqi tənzimləmənin təkmilləşdirilməsinə, təbii ehtiyatlardan istifadə olunmasının səmərəliliyinin yüksəldilməsinə, ekoloji təhlükəsizliyə, ekoloji balansın qorunmasına, dağ-mədən fəaliyyəti nəticəsində yaranan tullantıların dövriyyəyə cəlb olunmasına və istismara cəlb olunan yer təki sahələrinin rekultivasiya tədbirlərinin sistemli aparılmasına xidmət edəcək.

    Dövlət başçısı “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 17 mart tarixli 380-VIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə fərman da imzalayıb.

    Fərmana əsasən, “Qeyri-filiz faydalı qazıntı yataqlarının istismarı ilə məşğul olan yer təki istifadəçilərinin fəaliyyətinin sağlamlaşdırılması tədbirlərinə dair Qaydalar” təsdiq edilib.

  • Prezident Azərbaycanın ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətləri olmuş şəxsləri təltif edib – SİYAHI

    Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətləri olmuş şəxslərin təltif edilməsi haqqında Sərəncam imzalayıb.

    Median.Az bununla bağlı President.az-a istinadən xəbər verir.

    Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdikləri igidliyə görə aşağıdakı şəxslər təltif ediliblər:

    3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

    Məmmədov Azər Kərəm oğlu – polkovnik-leytenant

    “Vətən uğrunda” medalı ilə

    Babayev Elmar Elxan oğlu – mayor

    İsmayılov Nicat Əbülfəz oğlu – mayor

    Quliyev Rüfət Qüdrət oğlu – mayor

    Mədətov Fərid Fikrət oğlu – mayor

    Babazadə Vaqif Elçin oğlu – kapitan

    Səmədov Mədət Fərzulla oğlu – kapitan

    İbrahimov Vüsal Cümşüd oğlu – baş leytenant

    Ağabalayev Vazeh Xanbala oğlu – leytenant

    Ağayev Yaşar Təvəkkül oğlu – ehtiyatda olan baş miçman

    Əmranov Rəşad Murtuzəli oğlu – ehtiyatda olan baş miçman

    İmamverdiyev Aqil Əzim oğlu – gizir

    Novruzlu Səbuhi Rövşən oğlu – çavuş

    “İgidliyə görə” medalı ilə

    Quliyev Şəhriyar İlqar oğlu – polkovnik-leytenant

    Quliyev Elnur Əlifağa oğlu – mayor

    Mirzəyev Hikmət Elçin oğlu – mayor

    Əhmədov Emin Seymur oğlu – leytenant

    İbrahimli Tacəddin Əmirullah oğlu – gizir

    İsmayılov Oqtay Şahsuvar oğlu – gizir

    Quliyev Vaqif İbrahim oğlu – gizir

    “Hərbi xidmətlərə görə” medalı ilə

    Daşdəmirov Vilayət Allahyar oğlu – mayor

    Muradov Zaman Muqabil oğlu – mayor

    Alxasov Taleh Aydın oğlu – kapitan

    Salmanov Tərlan Babək oğlu – kapitan

    Abdullayev Rövşən Əhədulla oğlu – gizir

    Ağayev Şəmsəddin Əsədulla oğlu – gizir

    Babayev İlknur Ramiz oğlu – gizir

    Dostalılı Dostalı Şirvan oğlu – gizir

    Əliyev Şahin Məhəmməd oğlu – gizir

    Xəlilzadə Bəşir Məhəmməd oğlu – gizir

    İslamov Emin Bəxtiyar oğlu – gizir

    Qurbanzadə Ülvi Babaquli oğlu – gizir

    Mərdənov Cəmil Omar oğlu – istefada olan gizir

    Muxtarov Kamal Qismət oğlu – gizir

    Nuriyev Toğrul Əhliman oğlu – gizir

    Yolçiyev Bəşir Qoca oğlu – gizir

    Həsənov İsmayıl Bəhlul oğlu – baş çavuş

    Nəhmədov Xəzər Sabir oğlu – çavuş

    Necəfov Üzeyir Hacı oğlu – ehtiyatda olan kiçik çavuş

    Süleymanov Afiq Ziyafət oğlu – kiçik çavuş

    Sadıqov Vüsal İbrahim oğlu – əsgər.

  • Prezident İlham Əliyev Türkiyə Ali Məhkəməsinin baş prokurorunu qəbul edib – FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 7-də Türkiyə Respublikası Ali Məhkəməsinin Baş prokuroru Muhsin Şentürkü qəbul edib.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Türkiyə Respublikası Ali Məhkəməsinin Baş prokuroru qəbula görə minnətdarlığını bildirərək, dövlətimizin başçısı ilə görüşdən şərəf hissi duyduqlarını deyib.

    Muhsin Şentürk Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırıb.

    Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyə dövlətinin başçısına çatdırmağı xahiş edib.

    Söhbət zamanı qardaşlıq və strateji mütəffiqlik prinsiplərinə əsaslanan ikitərəfli münasibətlərimizin bütün sahələrdə uğurlu inkişafı məmnunluqla vurğulandı, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın ölkələrin olmadığı qeyd edilib.

    Görüşdə ölkələrimizin prokurorluq orqanları arasında uğurlu əlaqələrin qurulduğu bildirildi, bu xüsusda Türk Dövlətləri Təşkilatı çərçivəsində həyata keçirilən səmərəli əməkdaşlığa toxunuldu, təcrübə mübadiləsinin genişləndirilməsinin önəmi vurğulanıb.

    Söhbət zamanı əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.







  • Azərbaycan XİN BƏƏ-nin Dəməşqdəki səfirliyinə hücumu pisləydi

    Azərbaycan XİN bir qrup etirazçının Birləşmiş Ərəb Əmirliklərinin Suriyanın paytaxtı Dəməşqdəki səfirliyinə hücumunu pisləyib.

    XİN bu barədə “X” hesabında yazıb.

    “Diplomatik missiyalara qarşı bu cür zorakılıq aktları qəbuledilməzdir, beynəlxalq hüququn, eləcə də diplomatik heyətin, obyektlərin mühafizəsi və təhlükəsizliyinə zəmanət verən Diplomatik Münasibətlər üzrə Vyana Konvensiyasının aydın şəkildə pozulmasıdır”, – məlumatda bildirilir.

    Azərbaycan XİN qeyd edib ki, Suriya hökuməti tərəfindən verilən bəyanatı və təqsirkarların qanuna uyğun olaraq məsuliyyətə cəlb edilməsi üçün bütün zəruri tədbirlərin görülməsi ilə bağlı öhdəliyini alqışlayır.

  • Prezidentin sosial şəbəkə hesablarında Gürcüstana dövlət səfəri ilə bağlı paylaşım olunub – VİDEO

    Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Gürcüstana dövlət səfəri ilə bağlı paylaşım olunub.

    Median.Az paylaşımı təqdim edir:

  • Prezident İlham Əliyevin Gürcüstana dövlət səfəri başa çatıb – FOTO

    Aprelin 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstana dövlət səfəri başa çatıb.

    Median.Az AZƏRTAC-a istinadla xəbər verir ki, Tbilisi şəhərinin Şota Rustaveli Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

    Prezident İlham Əliyevi Gürcüstanın Baş naziri İrakli Kobaxidze yola salıb.



  • Tbilisidə Mehriban Əliyevanın şərəfinə lanç verilib – FOTO

    Aprelin 6-da Tbilisidə Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevanın şərəfinə Gürcüstanın birinci xanımı Tamar Baqrationinin adından lanç verilib.

    Median.Az xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb.








  • Azərbaycan Prezidenti və Gürcüstanın baş naziri mətbuata bəyanatlarla çıxış ediblər – TAM MƏTN

    Aprelin 6-da Tbilisidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış ediblər.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə Gürcüstanın Baş naziri İrakli Kobaxidze bəyanatla çıxış edib.

    Baş nazir İrakli Kobaxidzenin bəyanatı:

    – Salam, Zati-aliləri cənab Prezident.

    Hörmətli nazirlər.

    Xanımlar və cənablar.

    Media nümayəndələri.

    Əvvəlcə Gürcüstanın əziz dostu cənab İlham Əliyevə Gürcüstana səfər etdiyinə görə səmimi təşəkkürümü bildirmək istəyirəm. Onun Gürcüstana gəlişi hamımız üçün xüsusi şərəfdir.

    Cənab Prezident, Sizi Gürcüstanda qəbul etmək və həm ikitərəfli əməkdaşlığa aid məsələləri, həm də regiondakı cari prosesləri müzakirə etmək imkanından məmnunam. Mən bu fürsətdən istifadə edərək, Bütün Gürcüstanın Katolikos Patriarxı, Zati-müqəddəsləri II İlyanın vəfatı ilə əlaqədar Azərbaycanın və şəxsən Sizin verdiyiniz başsağlığına görə dərin təşəkkürümü bildirirəm.

    Əsrlər boyu xalqlarımızı yaxşı qonşuluq və xüsusi tarixi dostluq bağlayıb. Bu, məntiqi olaraq, dövlətlərimiz arasında güclü strateji tərəfdaşlığı əks etdirir. Gürcüstan ilə Azərbaycan arasında münasibətlər müxtəlif istiqamətlər üzrə dinamik qaydada inkişaf edir. Biz bu prosesdə Sizin şəxsi səylərinizi və iştirakınızı xüsusi dəyərləndiririk. Mən, həmçinin həmin münasibətlərin inkişafında xüsusi rol oynayan nümayəndə heyətinin üzvlərinə, hökumət üzvlərinə və səfirlərə təşəkkür edirəm.

    Mən Gürcüstanın suverenliyinə və ərazi bütövlüyünə Azərbaycanın verdiyi qəti dəstəyinə görə təşəkkürümü bildirmək istəyirəm. Gürcüstan öz müstəqilliyini bərpa etdikdən etibarən hər zaman Azərbaycanın milli maraqlarının, suverenliyinin və ərazi bütövlüyünün güclü tərəfdarı olub, hazırda tərəfdarıdır və gələcəkdə də tərəfdar qalacaq. Bu gün keçirilmiş görüş çərçivəsində, biz nəinki ikitərəfli münasibətləri, həmçinin bütövlükdə Cənubi Qafqaz regionunun gələcəyinə dair məsələləri təfərrüatı ilə müzakirə etdik.

    Biz bu xüsusda Azərbaycan ilə Ermənistan arasında cari sülh prosesini alqışlayırıq. Gürcüstan dinc yanaşı yaşamağı, konstruktiv əməkdaşlığı və regionda yeni təşəbbüsü qəti şəkildə dəstəkləyir. Lazım olan təqdirdə biz hər zaman dialoqa və sülh proseslərinə şərait yaratmağa hazırıq. Cənubi Qafqaz ölkələri arasında əməkdaşlıq bütöv region üçün yeni perspektivlər açır. Qlobal geosiyasi dəyişikliklər, ümumiyyətlə, Orta Dəhlizin vacibliyini, o cümlədən Qara Dənizin və Cənubi Qafqazın strateji məkan kimi əhəmiyyətini daha da artırır.

    Asiya ilə Avropanı birləşdirən körpü kimi ölkələrimiz daşımalarda mühüm rol oynayır. Bu baxımdan, biz nəqliyyat və logistika infrastrukturunun inkişafına və müasirləşdirilməsinə xüsusi önəm veririk. Gürcüstan ilə Azərbaycan dəfələrlə sübuta yetiriblər ki, biz beynəlxalq enerji və nəqliyyat layihələrində etibarlı və məsuliyyətli tərəfdaşlarıq.

    Görüş zamanı biz, həmçinin ticarət və iqtisadi əməkdaşlıq perspektivlərini müzakirə etdik. Azərbaycan Gürcüstanın ən iri ticarət tərəfdaşlarından biri kimi qalır və həmçinin iqtisadi münasibətlərin artırılan sərmayələr sayəsində daha da dərinləşəcəyini gözləyirik. Biz yüksək səviyyədə dialoqu davam etdirməyə və müxtəlif sahələrdə əməkdaşlığı daha da dərinləşdirməyə hazır olduğumuzu ifadə etdik.

    Əminəm ki, strateji tərəfdaşlığımız xalqlarımız və ölkələrimizin rifahı naminə uğurla inkişaf etməkdə davam edəcək. Prezidentin səfəri bu baxımdan mühüm rol oynayır.

    Yekun olaraq, cənab Prezident, dövlətlərimiz arasında münasibətlərin gücləndirilməsinə verdiyiniz şəxsi töhfəyə, səfərə gəldiyinizə və məhsuldar əməkdaşlığa görə Sizə bir daha təşəkkürümü bildirmək istəyirəm. Cənab Prezident, ikitərəfli münasibətlərin dərinləşməsi və inkişafına verdiyiniz şəxsi töhfəyə görə xüsusən minnətdaram.

    Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bəyanatla çıxış etdi.

    Prezident İlham Əliyevin bəyanatı:

    – Hörmətli cənab Baş nazir.

    Əziz dostlar.

    Cənab Baş nazir, dəvətə və qonaqpərvərliyə görə Sizə minnətdaram. Yenidən qardaş Gürcüstanda olmaq mənim üçün böyük şərəfdir. Əminəm ki, mənim səfərim iki qardaş ölkə arasındakı əlaqələrə yeni təkan verəcək. Bu gün müzakirə etdiyimiz məsələlər bir daha onu göstərir ki, Gürcüstan və Azərbaycan hər zaman olduğu kimi bir yerdədir. Bizim tarixi əlaqələrimiz dövlətlərarası əlaqələrimiz üçün möhkəm zəmindir. Əsrlər boyu gürcü və Azərbaycan xalqları dostluq, qardaşlıq şəraitində yaşamışlar və bu gün bu ənənələr davam etdirilir. Bu gün iki müstəqil dövlət kimi Gürcüstan və Azərbaycan inamla inkişaf edir. Fürsətdən istifadə edərək, Gürcüstanın əldə etdiyi uğurlar münasibətilə Sizi və hökumətinizi təbrik etmək istəyirəm.

    Gürcüstanın dinamik iqtisadi inkişafı göz önündədir. Gürcüstanda çox müsbət sərmayə iqlimi var və məhz buna görə bir çox investorlar, o cümlədən Azərbaycan investorları Gürcüstana böyük maraq göstərirlər. Təbii ki, bütün uğurların təməlində əsas şərt, əsas amil siyasi sabitlikdir. Bu siyasi sabitlik Gürcüstanda var. Bunun təminatçısı gürcü xalqıdır və Sizin apardığınız siyasətdir. Biz sizin dostlarınız, qonşularınız kimi buna sevinirik və əminik ki, Gürcüstan-Azərbaycan əlaqələri bundan sonra da inamla inkişaf edəcək.

    Biz bütün beynəlxalq təşkilatlarda da hər zaman bir-birimizi dəstəkləyirik. Cənab baş nazir qeyd etdiyi kimi, hər zaman bir-birimizin ərazi bütövlüyünü, suverenliyini, sərhədlərimizin toxunulmazlığını dəstəkləmişik, dəstəkləyirik və dəstəkləyəcəyik.

    Biz iqtisadi sahədə böyük uğurlar əldə etmişik. Mən səfərdən öncə arayışlara baxdıqda gördüm ki, keçən il bizim ticarət dövriyyəmiz 800 milyon dollardan çox olub və bu ilin ilk rübündə yenə də artım kifayət qədər yüksəkdir. Belə gedərsə, biz, bəlkə də, ilin sonuna qədər bir milyard rəqəminə də çatacağıq. Qeyd etdiyim kimi, Gürcüstanda mövcud olan çox müsbət sərmayə iqlimi Azərbaycan investorlarını da həvəsləndirir və bu günə qədər Azərbaycan tərəfindən Gürcüstan iqtisadiyyatına 3.7 milyard dollar sərmayə qoyulub. Biz bu gün həm Azərbaycan, həm də Gürcüstan üçün yeni investisiya layihələri haqqında fikir mübadiləsi aparmışıq və nə vaxtsa üçüncü ölkələrə də birgə sərmayə qoyuluşu nəzərdə tutula bilər.

    Təbii ki, biz hər dəfə görüşəndə bir çox məsələləri müzakirə edirik, o cümlədən regional vəziyyət, regional təhlükəsizlik məsələlərini. Bu gün də istisna deyil. Bu gün Cənubi Qafqazda tamamilə yeni vəziyyət yaranmaqdadır və Cənubi Qafqazda yerləşən ölkələr bu imkanları əldən verməməlidir. Çünki bu gün sülh, təhlükəsizlik, əmin-amanlıq, sabitlik, əfsuslar olsun ki, dünyanın müxtəlif yerlərində pozulur və bunun nəticəsində qanlı toqquşmalar, müharibələr, əzab-əziyyət və itkilər baş verir. Cənubi Qafqazda da vaxtilə buna oxşar mənzərə mövcud idi. Amma bu gün Cənubi Qafqaz artıq sülh, əmin-amanlıq, təhlükəsizlik, əməkdaşlıq məkanına çevrilir və mən burada Gürcüstanın rolunu da xüsusilə qeyd etmək istərdim.

    Cənab baş nazir Azərbaycanla Ermənistan arasındakı sülh prosesinə də toxundu. Deyə bilərəm ki, bu prosesi gücləndirmək üçün, sadəcə olaraq, imzalanmış sənədlər yetərli deyil. Biz hər an, hər addım atıldıqda gərək bu sülhü gücləndirək və bunun ən yaxşı istiqaməti də ticarətdir. Bu gün Azərbaycanla Ermənistan arasında ticarət Gürcüstan vasitəsilə həyata keçirilir. Buna görə Gürcüstan hökumətinə öz təşəkkürümü bildirmək istərdim.

    Azərbaycan energetika sahəsində uzun illər bir çox ölkələrin enerji təhlükəsizliyini gücləndirən addımlar atıb. Bu gün Azərbaycan qazı 16 ölkəyə ixrac edilir. Ancaq bu ixrac yenə də Gürcüstandan başlayır və Gürcüstan burada birinci ölkədir. Həm Azərbaycan nefti, qazı Gürcüstan vasitəsilə dünya bazarlarına çıxarılır, həm də Xəzərin şərq sahillərindən neft resursları Azərbaycan, Gürcüstan üzərindən keçirilir. Biz bu mövcud infrastruktur haqqında kifayət qədər danışmışıq. Bütün bu infrastruktur göz önündədir və artıq 20 ildir ki, Bakı-Tbilisi-Ceyhan neft kəməri uğurla fəaliyyət göstərir. Cənub Qaz Dəhlizi də ondan sonra icra edilib və bu gün bu infrastruktur, əslində, böyük coğrafiya üçün mühüm əhəmiyyət daşıyır. Biz sonra bu dəhlizlər üzərindən nəqliyyat dəhlizlərini də inşa etdik və bu gün nəqliyyat dəhlizlərinin genişləndirilməsi istiqamətində işlər aparılır. Orta Dəhliz Azərbaycan və Gürcüstan üzərindən keçir. Bu bizim üçün əsas nəqliyyat damarıdır və bunu genişləndirmək üçün əlavə səylər də göstərilir və göstəriləcək.

    Bir sözlə, bizim ikitərəfli gündəliyimiz çox genişdir və bu gündəlik getdikcə genişlənir. Yeni layihələr, yeni fikirlər ortaya atılır və birgə səylərlə biz bunları həll edirik. Bunun əsas şərti və amili, əlbəttə ki, bizim ikitərəfli münasibətlərimizdir. Bizim münasibətlər, deyə bilərəm ki, bütün qonşular üçün nümunə ola bilər. Çünki onlar qarşılıqlı hörmət, qarşılıqlı inam, ortaq mənfəət, qarşılıqlı maraqlar, dostluq və qardaşlıq üzərində qurulubdur. Əminəm ki, biz bundan sonra da bu yolla uğurla gedəcəyik.

    Fürsətdən istifadə edərək, qardaş Gürcüstan xalqına sülh, əmin-amanlıq, firavanlıq, xoşbəxtlik arzulayıram. Dəvətə və qonaqpərvərliyə görə bir daha Sizə minnətdaram.