Category: Siyasət

  • İlham Əliyev Gürcüstana dövlət səfərinə gedib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 6-da Gürcüstana dövlət səfərinə gedib.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Tbilisi şəhərinin Şota Rustaveli Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

    Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili və digər rəsmi şəxslər qarşılayıblar.

  • Azərbaycan Prezidenti seneqallı həmkarını təbrik edib

    Prezident İlham Əliyev Seneqal Respublikasının Prezidenti Bassiru Diomaye Fayeyə təbrik məktubu ünvanlayıb.

    Median.Az President.az-a istinadən xəbər verir ki, məktubda deyilir:

    “Hörmətli cənab prezident, Seneqal Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

    İnanıram ki, Azərbaycan ilə Seneqal arasındakı dostluq münasibətlərinin və əməkdaşlığın həm ikitərəfli, həm də çoxtərəfli qaydada uğurla davam etdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

    Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Seneqal xalqına daim əmin-amanlıq və rifah diləyirəm”.

  • Pezeşkian İlham Əliyevə təşəkkür etdi

    İran Prezidenti Məsud Pezeşkian Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

    Bu barədə İran prezidenti “X” sosial şəbəkə hesabında paylaşım edib.

    “Qardaşım İlham Əliyevlə söhbətimdə Azərbaycan hökumətinin və xalqının həmrəylik və dəstəyinə görə minnətdarlığımı bildirdim. Dost və qardaş xalqlar çətin anlarda bir-birini tanıyır və sivilizasiya kökləri nə qədər dərindirsə, bu bağ bir o qədər möhkəm olur” , – deyə o paylaşımında yazıb.

  • İsveç mediası Avropanın enerji təminatında Azərbaycanın rolundan yazıb

    İsveçin “Agenda Nexus” analitik portalı Avropanın enerji təminatında Azərbaycanın artan rolu ilə bağlı məqalə dərc edib.

    Bu barədə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

    Məqalədə qlobal enerji bazarlarında qeyri-sabitliyin artmasının və əsas təchizat marşrutlarında risklərin çoxalmasının Avropanı alternativ enerji mənbələri və yeni nəqliyyat yolları axtarmağa vadar etdiyi vurğulanıb. Bu şəraitdə Azərbaycanın həm etibarlı enerji təchizatçısı, həm də mühüm tranzit qovşağı kimi mühüm rolu diqqətə çatdırılıb.

    Yazıda vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan balanslı xarici siyasət yürüdür. Ölkə İsraillə strateji münasibətlərini gücləndirir, eyni zamanda Avropa və ABŞ ilə əməkdaşlığını ardıcıl şəkildə genişləndirir.

    Məqalədə Azərbaycanın Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya qaz ixracından əlavə, elektrik enerjisi, yaşıl enerji və hidrogen sahələrində infrastrukturunu inkişaf etdirdiyi də önə çəkilib. Bildirilib ki, Azərbaycanın əlverişli coğrafi mövqeyi və Xəzər dənizindəki zəngin enerji ehtiyatları onun uzun müddət etibarlı tərəfdaş olmasına imkan verəcək.

    Portalda həmçinin regional ticarətin genişlənməsi baxımından Zəngəzur dəhlizinin əhəmiyyətinə toxunulub. Layihənin nəqliyyat və enerji sahələrində əlaqələri gücləndirəcəyi və qeyri-sabit marşrutlardan asılılığı azaldacağı xüsusi qeyd olunub.

  • DTX rəisi: “Beynəlxalq hüququn ciddi deformasiyaya uğraması dövlətləri öz təhlükəsizlik sistemlərini daha da gücləndirməyə sövq edib”

    “Bu gün Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Azərbaycana qarşı yönəlmiş təhdid və təhlükələrin vaxtında aşkarlanması və qabaqlanması, dövlət müstəqilliyinin və ərazi bütövlüyünün, konstitusiya quruluşunun möhkəmləndirilməsi, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq əməllərinin qarşısının alınması, terrorçuluğa qarşı mübarizə və dövlət sirrinin mühafizəsi istiqamətində səmərəli fəaliyyət göstərir. Biz Vətən sevgisini, dövlətçilik prinsiplərini ulu öndərin əbədiyaşar irsindən öyrənirik”.

    Bu sözləri DTX-nin rəisi general-polkovnik Əli Nağıyev 28 Mart – Azərbaycan təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü və bu orqanların yaradılmasının 107-ci ildönümü münasibətilə keçirilmiş tədbirdə deyib.

    O bildirib ki, bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti Heydər Əliyev kimi dahi şəxsiyyətin yaratdığı və milli ənənələrə söykənən möhtəşəm peşəkarlıq məktəbinin yetirməsi olmaqdan qürur duyur.

    “Artıq qlobal miqyasda beynəlxalq hüququn ciddi deformasiyaya uğraması dövlətləri öz təhlükəsizlik sistemlərini daha da gücləndirməyə sövq edib. Yeni iqtisadi reallıqlar beynəlxalq təhlükəsizlik və mövcud dünya sisteminə, o cümlədən regionda əməliyyat şəraitinə ciddi təsir göstərib. Ötən 2025-ci il və bu ilin ilk üç ayı ərzində baş verən qlobal və regional gərginliklərə baxmayaraq, ölkəmizdə siyasi sabitlik qorunub-saxlanılır, Azərbaycan xalqı təhlükəsiz şəraitdə yaşayır. Ölkə Prezidentinin milli maraqların və dövlətçilik mənafelərinin etibarlı qorunmasında qətiyyətli və prinsipial mövqeyi xalqımızın gələcəyə olan inamını daha da artırır”, – Ə.Nağıyev vurğulayıb.

  • Mina axtararkən həlak olan ANAMA əməkdaşı təltif edildi

    Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə, ərazilərin minalardan təmizlənməsi sahəsində fərqlənən şəxslər “Minatəmizləmə sahəsində xidmətlərə görə” medalı ilə təltif ediliblər.

    Təltif olunanlar arasında ANAMA-nın həlak olan əməkdaşı İsayev Raqif Deputat oğlu da var.

    Xatırladaq ki, 2024-cü il 21 iyun tarixində işğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisində sursat partlayışı hadisəsi baş verib. Ərazidə icra edilən minatəmizləmə prosesi zamanı baş verən partlayış nəticəsində Agentliyin əməkdaşı 1980-ci il təvəllüdlü İsayev Raqif Deputat oğlu həyatını itirib.

  • Prezident dörd əsasnaməni təsdiq etdi

    “Azərbaycan Respublikasının Səfirliyi haqqında Əsasnamə”, “Azərbaycan Respublikasının Daimi Nümayəndəliyi haqqında Əsasnamə”, “Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamə” və “Azərbaycan Respublikasının fəxri konsulu haqqında Əsasnamə” təsdiq edilib.

    Median.Az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

    Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.

  • İlham Əliyev bir qrup şəxsi təltif etdi – SİYAHI

    Prezident İlham Əliyev ərazilərin minalardan təmizlənməsi sahəsində fərqlənən şəxslərin “Minatəmizləmə sahəsində xidmətlərə görə” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

    Median.Az bununla bağlı President.az-a istinadən xəbər verir.

    Sərəncama əsasən, Azərbaycan Respublikasında minatəmizləmə fəaliyyətində fərqlənən aşağıdakı şəxslər “Minatəmizləmə sahəsində xidmətlərə görə” medalı ilə təltif ediliblər:

    Bağırov Ceyhun Əkbər oğlu – polkovnik

    Daşdəmirov Mehman Qəhrəman oğlu – istefada olan polkovnik

    Məmmədov Süleyman Abdulla oğlu – mayor

    Abdulov Səyahət Namik oğlu – kapitan

    Salahov Nurlan Bilal oğlu – kapitan

    Ağayev Hüseyn Osman oğlu

    Cəfərov Vüsal Nurəddin oğlu

    Cəlilov Şahin Səhlədar oğlu

    Əliyev Rəşad Radin oğlu

    Əliyev Fədai Azər oğlu

    Hüseynov Azər Fehruz oğlu

    Hüseynov Xaliq Araz oğlu

    Hüseynov Namiq Əbdülrəhim oğlu

    Hüseynov Nizami Rasim oğlu

    İsayev Raqif Deputat oğlu (ölümündən sonra)

    Qasımov Ruslan Teymur oğlu

    Qasım-zadə Orxan Əhməd oğlu

    Məmmədov İldırım Məhərrəm oğlu

    Məmmədov Kamran Nadir oğlu

    Mirzəyev Babək Vəkil oğlu

    Namazov Füzuli Hidayət oğlu

    Rəhimov Rəhim Naib oğlu

    Səfiyev Bəhruz Tofiq oğlu

    Süleymanov Həşim Ramiz oğlu

    Zülfüqarov Namiq Tofiq oğlu.

  • Məsud Pezeşkian Prezident İlham Əliyevə zəng edib

    Aprelin 2-də İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

    Median.Az AZƏRTAC-a istinadla xəbər verir ki, Məsud Pezeşkian Azərbaycanın İrana göstərdiyi humanitar yardıma görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

    Prezident İlham Əliyev ölkəmizin İrana göstərdiyi humanitar yardımın davam edəcəyini deyib, yaxın zamanlarda növbəti humanitar yardımın göndəriləcəyini vurğulayıb.

    İranda vəziyyətin gərginləşməsindən narahatlığını ifadə edən dövlətimizin başçısı həlak olan İran vətəndaşlarına Allahdan rəhmət diləyib.

    Prezident İlham Əliyev qarşıdurmanın tez bir zamanda sona çatmasını arzuladığını bildirib.

    Telefon söhbəti zamanı regionda sülhün tezliklə əldə olunmasının zəruriliyi vurğulanıb.

  • Baş nazir Əli Əsədov Türkiyənin vitse-prezidenti Cevdet Yılmazla görüşüb

    Azərbaycanın Baş naziri Əli Əsədov aprelin 2-də ölkəmizdə səfərdə olan Türkiyə vitse-prezidenti Cevdet Yılmazla görüşüb.

    Bu barədə Nazirlər Kabineti məlumat yayıb.

    Bildirilib ki, görüş zamanı Azərbaycanla Türkiyə arasında qardaşlıq və müttəfiqlik münasibətlərinin bütün sahələr üzrə uğurla inkişaf etdiyi məmnunluqla qeyd olunub. Azərbaycan və Türkiyə prezidentləri tərəfindən həyata keçirilən ardıcıl və məqsədyönlü siyasətin bu münasibətlərin daha da möhkəmlənməsində əsas amil olduğu vurğulanıb.

    Tərəflər ötən ilin dekabrında Bakı şəhərində keçirilmiş iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclasının nəticələrini müsbət qiymətləndirərək, iqtisadiyyat, investisiya, enerji, nəqliyyat və digər sahələrdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər, bir sıra istiqamətlərdə birgə layihələrin icra vəziyyətini nəzərdən keçiriblər.

    Görüşdə, həmçinin Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq məsələlərinə toxunulub, təşkilatın üzv dövlətləri arasında həmrəyliyin və qarşılıqlı dəstəyin əhəmiyyəti vurğulanıb. Bu baxımdan Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarının/vitse-prezidentinin önəmi xüsusi qeyd edilib.