Category: Siyasət

  • Overçuk: “Ermənistana yüklərin Azərbaycan və Gürcüstan ərazisindən göndərilməsi hər kəs üçün faydalıdır”

    “Rusiya, Qazaxıstan yüklərinin Azərbaycan və Gürcüstan ərazisindən dəmir yolu ilə Ermənistana göndərilməsi hər kəs üçün faydalıdır. Bu, daşımaların sayının artması ilə də sübut olunur”.

    Median.Az xəbər verir ki, Rusiya baş nazirinin müavini Aleksey Overçuk bunu TASS-a verdiyi müsahibədə bildirib:

    “Rusiya Dəmir Yollarının mütəxəssisləri cəmi bir neçə gün ərzində Rusiya və Qazaxıstan yüklərinin Azərbaycan və Gürcüstan ərazisindən Ermənistana daşınması barədə razılığa gəliblər. Otuz il ərzində ilk dəfə Ermənistana dəmir yolu ilə daxil olan ilk taxıl yükü də məhz Rusiyadan göndərilib. Hazırda gübrələrin daşınmasına başlanılıb və yük çeşidləri getdikcə artır. Bu, hər kəs üçün faydalıdır: Rusiya, Azərbaycan, Ermənistan və Gürcüstana”.

    Overçuk qeyd edib ki, Rusiya hökuməti ölkələr arasında ticarətin inkişafında və yük axınının artırılmasında maraqlıdır:

    “Biz Azərbaycan və Gürcüstana çox konstruktiv və effektiv əməkdaşlığa görə minnətdarıq. Rusiyanın Ermənistanın qonşuları – İran və Türkiyə ilə normal münasibətləri var və bu dörd ölkədən başqa orada başqa qonşu yoxdur”.

    Baş nazirin müavini deyib ki, yüklərin daşınması gözlənilən ölkələrə gəldikdə, söhbət Mərkəzi Asiya ölkələri və Çindən gedir:

    “Həmçinin bütün bu ölkələrlə normal münasibətlərimiz var”.
    //oxu.az

  • Əli Əsədov Türkiyə və Özbəkistanı dünya çempionatına vəsiqə qazanmaları münasibəti ilə təbrik edib

    “Martın 31-də Türkiyə milli komandası Kosovo üzərində qazandığı qələbə nəticəsində 24 il sonra yenidən futbol üzrə dünya çempionatına vəsiqə qazandı. Bu möhtəşəm qələbə hər birimiz üçün xüsusi sevinc mənbəyinə çevrildi. Bu tarixi hadisə münasibətilə qardaş Türkiyəni ürəkdən təbrik edirik”.

    Bu sözləri Azərbaycan Baş nazir Əli Əsədov Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin baş nazirlərinin Gülüstan sarayında keçirilən ikinci görüşündə deyib.

    “Eyni zamanda, Özbəkistanın da tarixində ilk dəfə olaraq dünya çempionatına yüksəlməsi xüsusi qürur və sevinc doğurur. Bu tarixi nailiyyətə qardaş Özbəkistan hələ ötən ilin iyun ayında imza atıb. Hər iki uğur bütövlükdə türk dünyasının zəfəri kimi qiymətləndirilə bilər. Bu qələbələr türk xalqlarının bütün sahələrdə yüksəlişini aydın şəkildə əks etdirir”, – deyə hökumət başçısı əlavə edib.

    Baş nazir həmçinin Türkiyənin vitse-prezidenti Cevdet Yılmazı doğum günü münasibəti ilə təbrik edib, ona fəaliyyətində davamlı uğurlar arzulayıb.
    //oxu.az

  • Zaxarova Azərbaycana təşəkkür etdi

    Rusiya tərəfi İrana humanitar yardımın çatdırılmasına göstərilən dəstəyə görə Azərbaycan hakimiyyətinə minnətdardır.

    Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.

    O xatırladıb ki, dərman vasitələrinin ikinci iri partiyasının təhvil verilməsi martın 27-də İran–Azərbaycan sərhədində yerləşən Astarada baş tutub.

    “Astaraya dəmir yolu ilə 300 tondan çox dərman preparatı çatdırılıb. Elə həmin gün həmçinin Dağıstan Respublikasının topladığı təxminən 150 tona yaxın humanitar yardım yük maşınları karvanı ilə Astaraya gətirilib.

    Göstərilən dəstəyə görə Azərbaycan hakimiyyətinə minnətdarıq”, – deyə Zaxarova qeyd edib.

  • Paşinyan: “Azərbaycan üzərindən dəmiryolu əlaqələri həyati əhəmiyyət daşıyır”

    Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar zamanı Azərbaycan ərazisindən keçən dəmiryolu daşımalarının Rusiya-Ermənistan münasibətləri üçün əhəmiyyətindən danışıb.

    Bu barədə Median.Az TASS-a istinadən xəbər verir.

    Paşinyan bildirib ki, Azərbaycan ərazisindən həyata keçirilən dəmiryolu daşımaları Ermənistan-Rusiya iqtisadi əlaqələrinin inkişafına mühüm töhfə verir.

  • Portuqaliya Azərbaycanda səfirlik açacaq

    1 aprel tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla Portuqaliyanın dövlət və xarici işlər naziri Paulo Rangel arasında telefon danışığı aparılıb.

    Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

    Nazirlər telefon danışığı zamanı Azərbaycanla Portuqaliya arasında əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərini, eləcə də regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər.

    Portuqaliya naziri ölkəsinin Azərbaycandakı diplomatik təmsilçiliyinin səviyyəsinin qaldırılması və ölkəmizdə səfirlik açmaq barədə qərar verildiyini diqqətə çatdırıb. Nazir Ceyhun Bayramov bu qərara görə təşəkkür edib.

    Nazirlər ikitərəfli münasibətlərin inkişafı istiqamətində siyasi məsləhətləşmələr mexanizminin və qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıblar. İkitərəfli əməkdaşlığın iqtisadiyyat, enerji, ticarət, nəqliyyat və turizm sahələrində genişləndirilməsi üçün mövcud imkanlar nəzərdən keçirilib.

    Tərəflər həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə toxunaraq qarşılıqlı dəstəyin davam etdirilməsinin vacibliyini qeyd ediblər.

    Nazirlər Yaxın Şərqdə artan hərbi eskalasiyadan narahatlıqlarını ifadə edib, münaqişənin diplomatik həllinin zəruri olduğunu diqqətə çatdırıblar.

    Nazirlər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

  • Putin Azərbaycanla Ermənistan münasibətləri barədə: “Nöqtə qoymaq lazımdır”

    Rusiya Prezidenti Vladimir Putin Ermənistan və Azərbaycan arasında münasibətlərin gedişatından danışıb.

    Bu barədə Median.Az TASS-a istinadən xəbər verir.

    Məlumata görə, Putin Ermənistan və Azərbaycan arasında sabitləşməni qeyd edərək bildirib ki, münasibətləri gücləndirməyin yollarını tapmaq və buna nöqtə qoymaq lazımdır.

  • Baş nazir Əli Əsədov Türk Dövlətləri Təşkilatının baş katibi ilə görüşüb

    Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov aprelin 1-də Türk Dövlətləri Təşkilatının baş katibi Kubanıçbek Ömüralıyev ilə görüşüb.

    Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

    Görüşdə Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın cari vəziyyəti və perspektivləri müzakirə olunub, təşkilatın çoxtərəfli platforma qismində artan rolu vurğulanıb.

    Təşkilata üzv dövlətlər arasında siyasi, iqtisadi, nəqliyyat, enerji və humanitar sahələrdə əməkdaşlığın son illər ərzində əhəmiyyətli dərəcədə genişləndiyi qeyd edilib.

    Görüşdə Azərbaycanın TDT-yə sədrliyi dövründə əməkdaşlığın daha da inkişaf etdirilməsi, təşkilatın beynəlxalq nüfuzunun artırılması istiqamətində səylərin davam etdiriləcəyi bildirilib.

  • Özbəkistanın baş naziri Azərbaycanda səfərdədir

    Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripov aprelin 1-də Azərbaycan Respublikasına səfərə gəlib.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıblar.

  • XİN-də “Konsul leqallaşdırılması” informasiya sistemi yaradılacaq

    Azərbaycanda rəsmi sənədlərin leqallaşdırılması prosesinin rəqəmsallaşdırılması nəzərdə tutulur.

    Median.Az “Report”a istinadən xəbər verir ki, Xarici İşlər Nazirliyinin (XİN) Konsulluq İdarəsi və xarici ölkələrdəki konsulluqlar tərəfindən rəsmi sənədlərin leqallaşdırılmasının həyata keçirilməsi məqsədilə XİN-in “Konsul leqallaşdırılması” informasiya sisteminin təsis edilməsi planlaşdırılır.

    Eyni zamanda, leqallaşdırılmış sənədlərin tərcüməsinin “Elektron notariat” informasiya sistemi üzərindən notarius tərəfindən distant qaydada rəsmiləşdirilməsi və sənədlərin ünvana çatdırılması xidmətinin təşkili üzrə proseslər xəritəsi hazırlanacaq.

    Sənədə əsasən, bu məqsədlərlə proqram təminatlarının yaradılması da nəzərdə tutulur.

    Layihənin icrasına Xarici İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Maliyyə Nazirliyi məsuldur.

  • Qırğızıstanın Baş naziri Azərbaycana gəldi

    Qırğız Respublikasının Baş naziri Adılbek Kasıməliyev aprelin 1-də Azərbaycan Respublikasına səfərə gəlib.

    Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıblar.