Category: Siyasət

  • Ceyhun Bayramov Səudiyyə Ərəbistanına işgüzar səfərə yola düşüb

    Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərinə işgüzar səfərə yola düşüb.

    Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

    Səfər çərçivəsində Ceyhun Bayramovun bir sıra ölkələrin xarici işlər nazirlərinin regional təhlükəsizlik və sabitlik üzrə məşvərətçi iclasında iştirakı, habelə bəzi ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.

  • İlham Əliyev İrakli Kobaxidzeyə başsağlığı verdi

    Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidzeyə başsağlığı məktubu ünvanlayıb.

    Median.Az AZƏRTAC-a istinadən həmin məkutubun mətnini təqdim edir:

    “Bütün Gürcüstanın Katalikos-Patriarxı, zəmanəmizin görkəmli din xadimi II İlya həzrətlərinin vəfatı xəbərini dərin kədər hissi ilə qarşıladıq.

    II İlya həzrətləri bütün həyat və fəaliyyətini xalqına və bəşəriyyət naminə nəcib amallara həsr etmişdir. Qafqazda sülhün, əmin-amanlığın, insanlar arasında həmrəyliyin, dinlərarası anlaşma və dialoqun bərqərar olması yolunda fəaliyyəti ilə II İlya həzrətləri milli və dini mənsubiyyətindən asılı olmayaraq milyonlarla insanın qəlbində yer tapmış, dərin ehtiram və rəğbət qazanmışdır.

    Azərbaycan ilə Gürcüstan arasında ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin inkişafında və möhkəmlənməsində II İlya həzrətlərinin böyük xidmətləri olmuşdur.

    Bu ağır itkinin kədərini bölüşür, Sizə, bütün Gürcüstan xalqına, Gürcüstan Pravoslav Kilsəsinə şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.

  • İlham Əliyev Almaniya kansleri ilə Yaxın Şərqi müzakirə etdi

    Martın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Almaniya Federativ Respublikasının Kansleri Fridrix Merts arasında telefon danışığı olub.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

    Telefon söhbəti zamanı Yaxın Şərqdə davam edən gərginlikdən narahatlıq ifadə olunub, onun Cənubi Qafqaz regionuna mümkün təsirləri barədə fikir mübadiləsi aparılıb.

    Fridrix Merts Azərbaycan ilə Ermənistan arasında davam edən sülh prosesini alqışlayıb, bunun regional sabitlik üçün əhəmiyyətini qeyd edib.

    Azərbaycan Prezidenti və Almaniya kansleri ikitərəfli münasibətlərin perspektivlərini, həmçinin ölkəmizlə Avropa İttifaqı arasında əlaqələrin genişləndirilməsi ilə bağlı məsələləri müzakirə ediblər.

  • Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavinlərinin sayı ARTIRILDI

    “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilib.

    Median.Az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

    Fərmana əsasən, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavinlərinin sayı 5-dən 6-ya çatdırılıb.

  • Azərbaycan vətəndaşı və Norveç diplomatları İrandan təxliyə edildilər

    Martın 17-si saat 00:00-10:00 aralığında bir Azərbaycan vətəndaşı və üç Norveç diplomatı təxliyə olunublar.

    Median.Az “Report”a istinadla xəbər verir ki, onların keçidi Astara dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə baş tutub.

  • İlham Əliyev Kasım-Jomart Tokayevi təbrik edib

    Prezident İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb.

    Median.Az President.az-a istinadən xəbər verir ki, məktubda deyilir:

    “Hörmətli Kasım-Jomart Kemeleviç,

    Qazaxıstan Respublikasının yeni Konstitusiyası üzrə referendumun müvəffəqiyyətlə başa çatması münasibətilə Sizi və Sizin simanızda qardaş Qazaxıstan xalqını səmimi-qəlbdən təbrik edirəm.

    Referendumun nəticəsi – yeni Konstitusiyanın qəbulu xalqınızın birliyinin və milli iradəsinin bariz ifadəsi, Sizə olan böyük inam və etimadının təzahürü, Qazaxıstanın rifahı naminə yürütdüyünüz qətiyyətli siyasətə dəstəyinin göstəricisidir. Heç şübhə yoxdur ki, siyasi sistemin modernləşdirilməsini və idarəetmə modelinin təkmilləşdirilməsini nəzərdə tutan bu mühüm hadisə Qazaxıstanın tarixində yeni mərhələnin başlanğıcını qoyaraq qardaş ölkənizin hərtərəfli inkişafına töhfə verəcək, onun beynəlxalq müstəvidə rolunu və mövqeyini daha da gücləndirəcəkdir.

    Əminəm ki, xalqlarımızın ortaq tarixindən, zəngin mənəvi dəyərlərindən güc alan, dostluğa, qardaşlığa, qarşılıqlı etimad və dəstəyə əsaslanan

    Azərbaycan-Qazaxıstan əlaqələri, strateji tərəfdaşlığı və müttəfiqliyi bundan sonra da birgə səylərimizlə yüksələn xətt üzrə inkişaf etməyə və daha da möhkəmlənməyə davam edəcəkdir.

    Hörmətli Kasım-Jomart Kemeleviç, bu böyük zəfər münasibətilə Sizə bir daha təbriklərimi çatdırır, ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar, qardaş Qazaxıstan xalqına isə daim əmin-amanlıq və firavanlıq arzulayıram”.

  • Yeni cərimələr TƏSDİQLƏNDİ: 550 manatdan 2500 manatadək

    Gömrük Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib.

    Median.Az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev yeni qanunu imzalayıb.

    Dəyişikliyə əsasən, emal edilməmiş almazların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi olmadan idxalı və ixracına görə fiziki şəxslər 550 manatdan 750 manatadək məbləğdə, vəzifəli şəxslər 1000 manatdan 2000 manatadək məbləğdə, hüquqi şəxslər 1500 manatdan 2500 manatadək məbləğdə cərimə ediləcəklər.

    Bundan başqa, emal edilməmiş almazların idxalı, ixracı, istifadəsi, dövriyyəsi, uçotu saxlanılması, o cümlədən izlənməsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsi və “Emal edilməmiş almazların ixracı ilə əlaqədar “Kimberli Sertifikatlaşdırma Prosesinin Sxemi”nin tələblərinə uyğun sertifikatın forması və verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək. Bundan başqa, ölkədə emal edilməmiş almazların idxalı və ixracı yalnız “Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi”nə üzv dövlətlərdən həyata keçirilə biləcək.

    Dövlət başçısı “Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 358-VIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə fərman da imzalayıb.

  • İlham Əliyev Naxçıvan Nazirlər Kabinetinə 9,5 milyon manat ayırdı

    Prezident İlham Əliyev Naxçıvan şəhərində yerləşən Möminə xatun türbəsinin bərpası və konservasiyası işlərinə vəsait ayrılması haqqında Sərəncam imzalayıb.

    Median.Az bununla bağlı President.az-a istinadən xəbər verir.

    Sərəncama əsasən, Naxçıvan şəhərində yerləşən Möminə xatun türbəsində bərpa və konservasiya işlərinin davam etdirilməsi üçün Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 9 milyon 566 min manat vəsait ayrılıb.

  • Prezident dövlət agentliyinin bəzi əməkdaşlarını TƏLTİF ETDİ – SİYAHI

    Prezident İlham Əliyev Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb.

    Median.Az bununla bağlı President.az-a istinadən xəbər verir.

    Sərəncama əsasən, xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin aşağıdakı hərbi qulluqçuları təltif ediliblər:

    “Vətən uğrunda” medalı ilə

    Hüseynov Ramil Arif oğlu – mayor

    “Hərbi xidmətlərə görə” medalı ilə

    Mövlayev Samir Yaqub oğlu – mayor

    Abbasov Elsevər Məhəmməd oğlu – kapitan

    Eldarov Zaur Səvzixan oğlu – kapitan

    Hüseynov Elçin Allahverdi oğlu – kapitan

    Fərzəliyev İlkin Mirzə oğlu – leytenant

    Vahabzadə Şahin İdayət oğlu – leytenant

    Adamov Xəyal Fikrət oğlu – baş çavuş

    Hacızadə Səbuhi Elşən oğlu – baş çavuş

    Qəhrəmanzadə Elman Qəhrəman oğlu – baş çavuş.

  • Aİ-nin xüsusi nümayəndəsi: “Mərkəzi Asiya Azərbaycanla əməkdaşlığı genişləndirməlidir”

    “Mərkəzi Asiya müxtəlif məsələlərdə Azərbaycanla əməkdaşlığı gücləndirməlidir”.

    Bunu Avropa İttifaqının Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Eduards Stiprais XIII Qlobal Bakı Forumu çərçivəsində baş tutan xüsusi sessiyada deyib.

    O bildirib ki, regionda ölkələrin sıx əməkdaşlığı bölgəyə fayda gətirə bilər:

    “Mərkəzi Asiya Avrasiya qitəsinin ortasında yerləşir və qonşuluğunda müəyyən ölkələr var. Hansı ki o dövlətlərin də özünə görə çağırışları var. Bunun üçün də Mərkəzi Asiya ölkələri bir-birinə dəstək olmalıdırlar. İqlim, su mövzusu sözügedən coğrafiya üçün olduqca ciddi məsələlərdir. Ölkələr təcrübə mübadiləsi etməlidirlər. Azərbaycan da bu bölgə üçün önəmlidir. Təhlükəsizlik, idarəçilik, sabitlik, iqtisadi məsələr və s. sahələr üzrə Mərkəzi Asiya Azərbaycanla əməkdaşlığı genişləndirməlidir”.
    //oxu.az