Category: Siyasət

  • Efiopiyanın baş nazirinin Azərbaycana səfəri başa çatıb

    Efiopiya Federativ Demokratik Respublikasının Baş naziri Abiy Əhməd Əlinin Azərbaycan Respublikasına rəsmi səfəri fevralın 28-də başa çatıb.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

    Efiopiyanın Baş naziri Abiy Əhməd Əlini Azərbaycanın baş nazirinin müavini Samir Şərifov, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və digər rəsmi şəxslər yola salıblar.

  • Efiopiyanın baş naziri Prezident İlham Əliyevə Azərbaycan dilində təşəkkür edib (Video)

    Efiopiyanın Baş naziri Abiy Əhməd Əli Azərbaycan dilində müraciət yayımlayaraq, səmimi qəbula görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib.

    Efiopiya lideri bu barədə “X” sosial şəbəkəsindəki səhifəsində paylaşım edib.

    Efiopiya hökumətinin rəhbəri paylaşımda rəsmi səfər çərçivəsində baş tutmuş əsas danışıqların videokadrlarını yerləşdirib və Azərbaycan dilində bu sözləri yazıb: “Səmimi və səxavətli qonaqpərvərliyinizə görə təşəkkür edirəm”.

    Paylaşımda, həmçinin Azərbaycan Prezidenti də qeyd olunub.

  • Emi Karlon: “ABŞ Azərbaycanla münasibətləri yeni səviyyəyə çatdırmağı hədəfləyir”

    “ABŞ siyasi və iqtisadi qarşılıqlı əlaqələri gücləndirərək, Azərbaycanla ikitərəfli münasibətləri yeni səviyyəyə çatdırmağa çalışır”.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə ABŞ-nin Bakıdakı səfirliyinin müvəqqəti işlər vəkili Emi Karlon bildirib.

    Onun sözlərinə görə, ötən il avqustun 8-də ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə təşkil edilmiş tarixi Vaşinqton sammitindən sonra Bakıdakı səfirliyin komandası ABŞ-Azərbaycan tərəfdaşlığının möhkəmləndirilməsi üzərində fəal işləyir.

    “Bu ay biz mühüm bir mərhələni – ABŞ vitse-prezidentinin təxminən son 20 ildə Azərbaycana ilk səfərini qeyd etdik. Regional qarşılıqlı əlaqələrin, ikitərəfli ticarət və investisiyaların inkişafına, eləcə də müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığa yönəlmiş Strateji Tərəfdaşlıq Xartiyası imzalandı. Vitse-prezident Cey. Di. Vensin səfəri ilə eyni vaxtda ölkəyə ABŞ Ticarət Palatasının geniş nümayəndə heyəti gəldi. Əvvəlcə 10 şirkətin iştirakı planlaşdırılsa da, nəticədə 30 şirkət və 60 nümayəndə gəlmiş oldu. Bu, böyük uğur olub”, – E.Karlon deyib.

  • Efiopiyanın Baş naziri Abiy Əhməd Əli Səngəçal neft terminalında olub

    Azərbaycanda rəsmi səfərdə olan Efiopiya Federativ Demokratik Respublikasının Baş naziri Abiy Əhməd Əli Səngəçal neft terminalında olub.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, terminalla tanışlıq Xəzər regionunda bənzərsizliyi ilə seçilən Xəzər Enerji Mərkəzindən başlanıb.

    Məlumat verilib ki, Azərbaycanın neft-qaz sənayesinin tarixini dolğun əks etdirən bu mərkəz ölkəmizin dünya neft və qaz sənayesindəki rolunu geniş təbliğ edir.

    Mərkəz 2005-ci ildə yüksəksəviyyəli rəsmi qonaqların iştirakı ilə Prezident İlham Əliyev tərəfindən açılıb. Mərkəzin istifadəyə verilməsi Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin Azərbaycan hissəsinin açılışı ilə eyni vaxta təsadüf edib. Burada qonaqlar rəmzi nişan kimi öz əl izlərini qoyub və bu nişan Xəzər Enerji Mərkəzinin rəmzinə çevrilib. Mərkəzin əsas məqsədlərindən biri Azərbaycanın neft və qaz sənayesinin 150 ildən çox olan tarixini nümayiş etdirməkdir.

    Ali qonağa respublikamızın neft tarixinin xronologiyası barədə ətraflı məlumat verilib. Bildirilib ki, neft və qaz sənayesi Azərbaycan üçün yalnız iqtisadi dəyər daşımır, o, eyni zamanda, milli qürur mənbəyidir. Dünyada ilk dəfə mexaniki üsulla neft quyusu 1847-ci ildə Bibiheybət ərazisində qazılıb. XIX əsrə qədər dünyada hasil edilən neftin yarısı ölkəmizin payına düşüb. XIX əsrin ikinci yarısında xarici ölkələrin iş adamları Azərbaycanda biznes fəaliyyətinə başlayıblar. Bunlara bütün dünyada tanınan Rotşildlər və Nobel qardaşlarını misal göstərmək olar. Dünyada məşhur olan Nobel mükafatı həm də Alfred Nobelin Bakıdakı neft yataqları üzrə səhmlərinin satışından əldə olunmuş vəsaitlərin toplanması hesabına yaradılıb.

    İkinci Dünya müharibəsi illərində Sovet İttifaqında neftin 75 faizini hasil edən Azərbaycan ordunu yanacaqla təchiz edərək Qələbənin əldə olunmasında əhəmiyyətli rol oynayıb. Ötən əsrin 70-80-ci illəri isə Xəzər dənizinin dərinsulu sektorlarındakı yataqların işlənməsi və neft-kimya sənayesinin inkişafı ilə səciyyəvidir.

    Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə nəhəng “Azəri-Çıraq-Günəşli” yatağının işlənilməsi məqsədilə “Əsrin müqaviləsi” kimi tanınan hasilatın pay bölgüsü haqqında müqavilə imzalanıb. Bu müqavilə ölkənin sürətli inkişafına təkan verərək, onu regional enerji mərkəzinə çevirib.

    Efiopiyanın baş naziri və onu müşayiət edən şəxslər müxtəlif yataqlardan hasil edilən neft nümunələrinə də baxıblar. Sonra Azərbaycanın neft tarixi və “Cənub Qaz Dəhlizi” layihəsindən bəhs edən videoçarx nümayiş etdirilib.

    Bildirilib ki, ümummilli lider Heydər Əliyevin neft strategiyası çərçivəsində ölkəmizdə irimiqyaslı enerji layihələri həyata keçirilib. Bu layihələrin təməlini qoyan ulu öndər Azərbaycana milyardlarla dollar xarici sərmayənin cəlb edilməsi üçün mühüm addımlar atıb. İlkin olaraq Xəzərin neft və qaz yataqlarının işlənilməsi və neft kəmərlərinin tikintisinə yönəldilmiş vəsaitlər sonradan digər sahələrin, xüsusilə qeyri-neft sektorunun inkişafına, iri infrastruktur layihələrinin həyata keçirilməsinə, yeni iş yerlərinin açılmasına şərait yaradan gəlir gətirib.

    Bu gün Azərbaycanın dünyanın sürətlə inkişaf edən ölkələrindən birinə çevrilməsində və artıq özünün xarici sərmayələr yatırmaq iqtidarında olmasında bunun böyük rolu var. Vurğulanıb ki, tikintisinə 2001-ci ildə başlanmış terminalda xam neft üçün ümumi həcmi 880 min barel olan üç çən, baş nasos stansiyası, separatorlar, emal qurğuları və idarəetmə məntəqəsi var. Buraya fiber-optik rabitə kabelləri, sahildən 187 kilometr məsafədə yerləşən dəniz yataqlarından neft və qaz kəmərləri çəkilib.

    Ali qonağa xatirə hədiyyələri təqdim olunub. Sonra Abiy Əhməd Əli avtobusla Səngəçal terminalının ərazisini gəzib. Ona terminaldakı texnoloji proseslər barədə ətraflı məlumat verilib. Bildirilib ki, Səngəçal terminalı Azərbaycanın neft və qaz sənayesinin döyünən ürəyi hesab edilir. Terminal Azərbaycanın Xəzər dənizindəki yataqlarından hasil edilən xam neftin və qazın qəbul edildiyi, emal olunduğu, saxlandığı və ixrac edildiyi məkandır.

    “Azəri-Çıraq-Günəşli” yatağından ötürülən neft və “Şahdəniz”dən nəql edilən qaz terminala daxil olur, əsasən Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz Boru Kəməri ilə ixrac edilir. Dünyanın ən böyük və səmərəli neft və qaz terminallarından sayılan Səngəçal terminalının sahəsi 550 hektardan çoxdur. Terminalda gündə 1.2 milyon bareldən çox xam neft və 40 milyon kubmetrdən artıq qaz emal edilir. Onun xam neft saxlama həcmi 3.2 milyon barel təşkil edir. Terminalın sahəsi mürəkkəb boru kəmərləri və avadanlıq şəbəkəsi ilə əhatə olunub. Dənizdəki qurğulardan terminala daxil olan boru kəmərləri müxtəlif marşrutlara istiqamətlənməklə, Azərbaycanın yüksəkkeyfiyyətli xam neftini və qazını dünya bazarlarına nəql edir. Bundan əlavə, terminal Qazaxıstan və Türkmənistan neftini də qəbul edir. “İlkin Neft Layihəsi” və “Səngəçal Terminalının Genişləndirilməsi Proqramı” çərçivəsində terminalın ötürmə və emal imkanları daha da artırılıb.

  • Prezident İlham Əliyevdən sosial şəbəkələrlə bağlı SƏRƏNCAM

    Prezident İlham Əliyev Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

    Median.Az President.az-a istinadən xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Respublikasında informasiya-kommunikasiya texnologiyalarının inkişafı və rəqəmsal texnologiyaların geniş tətbiqi sosial şəbəkələrin ictimai münasibətlər sistemində əhəmiyyətli yer tutmasına səbəb olmuşdur. Sosial münasibətlərin sürətlə rəqəmsallaşması və sosial şəbəkələrin uşaqların gündəlik həyatına getdikcə daha erkən yaşda daxil olması, həmin şəbəkələr vasitəsilə informasiyanın istehsalı, yayılması və istehlakının miqyasının artması bu sahədə hüquqi tənzimləmənin mövcud vəziyyətinin müasir texnoloji, sosial və təhlükəsizlik çağırışları baxımından təhlilini və təkmilləşdirilməsini zəruri edir.

    Beynəlxalq təşkilatların və elmi tədqiqat qurumlarının araşdırmaları, digər ölkələrin təcrübəsi göstərir ki, uşaqların rəqəmsal mühitdə qorunmasına diqqət yetirilməsi, onların psixoloji rifahı və təhlükəsizliyi, sağlam inkişafı üçün xüsusi hüquqi müdafiə və texnoloji mühafizə mexanizmlərinin tətbiqi tələb olunur. Bu yanaşmada rəqəmsal mühitdə uşaqların şəxsi həyatının, ləyaqətinin və təhlükəsizliyinin bilavasitə dövlətlər tərəfindən qorunması tövsiyə edilir. Beynəlxalq təcrübədə, ilk növbədə, sosial şəbəkələrin fəaliyyətinin tənzimlənməsi, onlara uşaqlar üçün risklərin azaldılması, məlumatların daha ciddi mühafizəsi və təhlükəsizliyi ilə bağlı öhdəliklər müəyyən edən tələblərin tətbiqinin geniş vüsət alması müşahidə olunur.

    Bu yeni tələblər sosial şəbəkələrin fəaliyyətinin sistemli hüquqi çərçivədə tənzimlənməsi, valideyn nəzarəti, platformadaxili təhlükəsizlik mexanizmləri və yaşa uyğun məzmun filtrləri vasitəsilə uşaqların və yeniyetmələrin rəqəmsal mühitdə təhlükəsizliyini təmin edir, həmçinin onların kritik informasiyanı təhliletmə, davranış və bilgi mədəniyyətinin inkişafına şərait yaradır.

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, uşaqların rəqəmsal mühitdə müdafiəsi sahəsində balanslaşdırılmış, sübuta əsaslanan və sistemli yanaşmanın, sosial şəbəkələrdən istifadə sahəsində rəqəmsal bacarıqların təşviqi, onlayn davranış mədəniyyətinin formalaşdırılması və yaradıcı rəqəmsal potensialın inkişaf etdirilməsi məqsədilə qərara alıram:

    1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

    1.1. aidiyyəti dövlət orqanlarını (qurumlarını), elmi müəssisə və təşkilatları, mütəxəssisləri və vətəndaş cəmiyyəti institutlarını cəlb etməklə və beynəlxalq təcrübə nəzərə alınmaqla, ölkə ərazisində uşaqların sosial şəbəkələrdəki zərərli məzmun və təsirlərindən qorunmasını, o cümlədən sosial şəbəkələrdə qeydiyyat zamanı yaş məhdudiyyətinin tətbiqini əhatə edən normativ hüquqi aktların layihələrini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

    1.2. məktəbəhazırlıq qruplarında və ümumi təhsil müəssisələrində mobil və elektron cihazlardan istifadəyə dair qaydaların müəyyən edilməsi və tətbiqi ilə bağlı tədbirlər görülməsini təmin etsin;

    1.3. məktəbəhazırlıq və ümumi təhsil fənləri üzrə təhsil proqramlarına (kurikulumlara), o cümlədən məzmun standartlarına rəqəmsal savadlılıq, kibertəhlükəsizlik və məsuliyyətli onlayn davranış mövzularının daxil edilməsi, eyni zamanda mediada valideynlər, müəllimlər və uşaqlara yönələn maarifləndirmə proqramlarının hazırlanıb həyata keçirilməsi ilə bağlı tədbirlər görsün;

    1.4. sosial şəbəkələrdən qanunauyğun istifadənin, belə istifadə zamanı uşaq hüquqlarının müdafiəsinin təmin edilməsi ilə bağlı mütəmadi maarifləndirmə işinin həyata keçirilməsi, o cümlədən uşaqların rəqəmsal rifahına dair elmi tədqiqatlar aparılmasının təşviq edilməsi məqsədilə tədbirlər görsün;

    1.5. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

  • Azərbaycanın BƏƏ-nin Dubay şəhərindəki baş konsulu geri çağırıldı: Yeni təyinat

    Cavidan Rizvan oğlu Hüseynov Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılıb.

    Median.Az President.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

    Prezidentin digər Sərəncamı ilə Kamran Vahid oğlu Məmmədzadə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilib.

  • Azərbaycanın sabiq baş konsulu Bəhreynə səfiri təyin olundu

    Cavidan Rizvan oğlu Hüseynov Azərbaycan Respublikasının Bəhreyn Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

    Median.Az President.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

    Qeyd edək ki, Prezidentin bu gün imzaladığı digər sərəncamla Cavidan Rizvan oğlu Hüseynov Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılıb.

  • Prezident FHN-ə yeni səlahiyyət verdi

    Fövqəladə Hallar Nazirliyinin vəzifələri sırasına aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə minatəmizləmə fəaliyyətinin həyata keçirilməsində iştirak etmək daxil edilib.

    Median.Az President.az-a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin Fərmanı ilə “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamə”yə edilən dəyişiklikdə əksini tapıb.

    “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunları haqqında Əsasnamə”yə də müvafiq dəyişiklik edilib.

  • Mehriban Əliyeva Rəqəmsal İnkişaf Şurasının sədri təyin olundu – FƏRMAN

    Prezident İlham Əliyev Azərbaycan Respublikasında rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya sahələrində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Fərman imzalayıb.

    Median.Az bununla bağlı President.az-a istinadən xəbər verir.

    Fərmanla Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurası yaradılıb.

    Bundan başqa, şuranın aşağıdakı tərkibi təsdiq edilir:

    Şuranın sədri

    Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva

    Şuranın üzvləri

    Azərbaycan Respublikası Prezidentinin köməkçisi – İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri;

    Azərbaycan Respublikası Prezidentinin köməkçisi – İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri;

    Azərbaycan Respublikası Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi;

    Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri;

    Azərbaycan Respublikasının elm və təhsil naziri;

    Azərbaycan Respublikasının ədliyyə naziri;

    Azərbaycan Respublikasının maliyyə naziri;

    Azərbaycan Respublikasının iqtisadiyyat naziri;

    Azərbaycan Respublikası Mərkəzi Bankının sədri;

    Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru.

    Şuranın fəaliyyətinin təşkili məqsədilə Şuranın Katibliyi yaradılsın və Katiblik funksiyasının həyata keçirilməsi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə həvalə edilir.

    Müəyyən edilir ki, Şura bu Fərmanın 5-ci hissəsində nəzərdə tutulmuş vəzifələrin icrası məqsədilə yerli və xarici ekspertləri, mütəxəssisləri, beynəlxalq təşkilatları, elmi müəssisə və təşkilatları cəlb edə, habelə aidiyyəti dövlət orqanlarının (qurumlarının) və digər maraqlı tərəflərin nümayəndələrindən ibarət ayrı-ayrı istiqamətlər üzrə işçi qruplar yarada bilər.

    Şura rəqəmsal inkişaf sahəsi üzrə:

    1. dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin icrasına nəzarəti və dövlət orqanları (qurumları) arasında siyasətin əlaqələndirilməsini təmin etməli;

    2. dövlət orqanları (qurumları) tərəfindən icra olunan layihələrin bu sahədə mövcud strateji məqsədlərə uyğunluğunun təmin edilməsinə nəzarəti həyata keçirməli;

    3. dövlət orqanlarının (qurumlarının) təklifləri və beynəlxalq təşkilatların tövsiyələri nəzərə alınmaqla, normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı tədbirlər görməlidir.

    Şura fəaliyyəti barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat verəcək.

  • Azərbaycanın və Efiopiyanın birinci xanımlarının görüşü olub – Video

    Fevralın 27-də Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Efiopiyanın birinci xanımı Zinaş Tayaçev ilə görüşü olub.

    Median.Az bununla bağlı AZƏRTAC-a istinadən xəbər verir.